Месяц: Август 2023

Qərb Gürcüstandan niyə narazıdır?

Mixail Saakaşvilinin Gürcüstanda prezident olduğu illərdə Tbilisi ilə ABŞ və Avropa İttifaqı ilə strateji münasibətlər qurulmuşdu. Rusiyanın 2008-ci ildə Gürcüstana qarşı təcavüzü Qərbin Tbilisiyə dəstəyini artırdı. ABŞ prezidentləri içərisində ilk dəfə Corc Buşun Gürcüstana səfəri Vaşinqtonun Tbilisyə dəstəyini tərənnüm etdirirdi. Bunlar keçmişdə qaldı.

Bidzina İvanişvili və onun tərəfdarları Gürcüstanda hakimiyyətə yiyələndikdən sonra Tbilisi fərqli siyasət yürütməyə başladı. Gürcüstanın hazırki hakimiyyəti Rusiya ilə diplomatik münasibətləri bərpa etməsə də, bu ölkə ilə iqtisadi və ticarət əlaqələrini genişləndirməkdə davam edir. Bu Vaşinqtonda və Brüsseldə suallar yaradıb. Gürcüstan hakimiyyətinin keçmiş prezident və ağır xəstə olan Mixail Saakaşvilini azadlığa buraxmaması Qərb ölkələrinin Tbilisi ilə münasibətlərində əlavə gərginlik yaradıb.

Qərbin rəsmi Tbilisinin siyasətindən naraza qaldığı daha bir mövzu var: Gürcüstan-Çin strateji tərəfdaşlığı. Gürcüstan hakimiyyəti bir tərəfdən NATO və Avropa İttifaqı üzvlüyünə namizədliyini bəyan edib, digər tərəfdən Çini rəsmən strateji tərəfdaşı elan edib. Bu ikisinin bir arada olması çətindir. Gürcüstanın baş naziri İrakli Qaribaşvili iyul ayının sonunda Çinə səfər etmişdi. Qaribaşvili Pekində strateji tərəfdaşlıq sazişi imzalamışdı.

Gürcüstan hökuməti Çin şirkətləri üçün yeni imkanlar yaradacaqlar. Buna qədər də Çin Gürcüstanın üçüncü ticarət tərəfdaşına çevrilib. Baş nazir İrakli Qaribaşvili Çinin Gürcüstan üçün 1 nömrəli tərəfdaşa çevriləcəyinə əminliyini söyləyib. Bu mümkündür. Çinin Gürcüstanda yatırımlarının miqyası ilbəil artır. Bundan başqa Çin Gürcüstanın Qara dəniz limanlarında paya malikdir. Çin Gürcüstan üzərindən Qara dənizə çıxış imkanı əldə edib. Pekin bununla kifayətlənmək istəmir. İki ölkə arasında imzalanan yeni sənəddə tərəflərin beynəlxalq problemlərin həllində koordinasiyasının gücləndirilməsi, ikitərəfli dövlətlərarası münasibətləri dərinləşdirməsi, bölgədə, eləcə də bütün dünyada sülhü, sabitliyi və inkişafı birgə təşviq edəcəkləri nəzərdə tutulub.

Beləliklə, Çin Mərkəzi Asiyadan sonra Cənubi Qafqazda da möhkəmlənməyə çalışır. Pekin Cənubi Qafqazda Gürcüstanı özü üçün əsas hədəf seçib. Çünki Çin Gürcüstan vasitəsilə Qaradənizə və Aralıq dənizinə çıxış imkanı əldə edir. Digər tərəfdən Pekin Gürcüstanı öz tərəfinə çəkməklə Qərbin Cənubi Qafqazda möhkəmlənməsini əngəllər yaratmağa çalışır ki, bu, taktiki baxımdan Rusiyanın da maraqlarına cavab verir.

Исследовательский центр "Атлас"

Yeraltı zənginliklər uğrunda mübarizə şiddətlənib

Böyük ölkələr enerji, su və yeraltı qaynaqlar uğrunda mübarizəni gücləndiriblər. ABŞ, Çin, Fransa, Almaniya və Yaponiya kimi ölkələr artan istehsal qarşlığında dünyanın müxtəlif qitələrində və ölkələrində qaynaqlara çıxış imkanı əldə etməlidirlər. Bu baxımdan Afrika ölkələrindəki son çevrilişlər və qiyamlar böyük dövlətləri qorxudub. Çünki qara qitədə hələ çox istifadə edilməyən və ya az istifadə edilən resurslar mövcuddur.

Ən çox qaynağa ehtiyacı olan ölkələrin başında Çin gəlir. Çin öz istehsalını artırmaq üçün yeraltı sərvətlərə çıxış imkanı əldə etməlidir. Çinin bu ilin birinci yarısında xarici ölkələrdə mədənçıxarma və metal istehsalına 10 milyard dollardan çox yatırım qoyduğu açıqlanıb. Bu rəqəm 2022-ci ilin tamamındakı rəqəmdən çoxdur. Çin rekorda göstəriciyə 2018-ci ildə nail olub. Çin həmin il xarici ölkələrdə mədənçıxarma və metal istehsalına 17 milyard dollar yatırım qoyub. Mütəxəssislərin fikrincə, builki rəqəm 17 milyard dolları keçəcək.

“Financial Times” dərgisində yayımlanan məqalədə Çinin xarici ölkələrdə nikel, litium, mis, uran və dəmir filizi yataqlarına maraq göstərdiyi bildirilib. Çin məhz bunlar vasitəsilə maşınqayırma sənayesini və elektromobillər üçün batareya istehsalını artıra bilər. Çinin yealtı zənginliklərə tələbatı son illərdə iki dəfə artıb. Yeraltı zənginliklərdən əldə edilənlər Çinə yüksək texnologiyaların inkişafında və “təmiz enerji” sahəsində də istifadə üçün lazımdır.

Çin yealtı zənginliklərə əsasən Afrika, Asiya və Cənubi Amerika qitələrində əldə etməyə çalışır. Çin üçün “bir kəmər, bir yol” layihəsi məhz bu məqsədlə lazımdır ki, xarici ölkələri mövcud layihəyə cəlb etməklə həmin dövlətlərin resurslarına çıxış imkanı əldə edə bilsin. Ancaq Pekinin yeni layihəsi bəzi ölkələrdə fikir ixtilafına səbəb olub.

Çinə asan deyil, digər böyük dövlətlər də eyni resurslara ehtiyac duyurlar. Rəqabət artıb. Misal üçün dünyada nikelə olan tələbat 40 faiz artıb. ABŞ-ın “Goldman Sachs” investisiya bankının son hesabatına görə böyük ölkələrin Çindən geri qalmaması üçün Qərb ölkələti yearltı zənginliklərin istehsalına hər il ən azı 25 milyard dollar yatırım qoymalıdırlar.

Исследовательский центр "Атлас"

 

Türk dünyası Mərkəzi Asiyaya yeni imkanlar yaradır

Mərkəzi Asiya ölkələrinin liderləri 14-15 sentyabr tarixlərində bir araya gələcəklər. Qazaxıstan, Özbəkistan, Tacikistan, Qırğızıstan və Türkmənistan dövlət başçıları regional inteqrasiya məsələrini və ötən ilin nəticələrini müzakirə edəcəklər. Toplantıda müxtəlif əməkdaşlıq sazişlərinin imzalanacağı gözlənilir.

Mərkəzi Asiya ölkələri öz aralarında əməkdaşlığı və inteqrasiyanı həm də ona görə gücləndirirlər ki, böyük ölkələrin bu bölgəyə marağı getdikcə artıb. Böyük ölkələr Mərkəzi Asiyanın bütün sahələrdə potensialını yüksək qiymətləndirirlər. Buna misal olaraq son bir ildə Mərkəzi Asiya ölkələrinin iştirakı ilə 5 sammitin keçirildiyini göstərmək olar: ABŞ-Mərkəzi Asiya, Çin-Mərkəzi Asiya, Avropa İttifaqı-Mərkəzi Asiya, Körfəz ölkələri-Mərkəzi Asiya və Mərkəzi Asiya ölkələrinin öz aralarında keçirdikləri toplantı.

Pekin öndə olmağa çalışır. ABŞ və Avropa İttifaqının Mərkəzi Asiya ilə bağlı maraqları oxşardır. Çin və Rusiya isə uzaq ölkələrin Mərkəzi Asiyada  maraqlarına şübhəylə yanaşır. Pekin və Moskva ABŞ və Avropa İttifaqının Mərkəzi Asiyada fəallıqlarını Rusiya və Çinin bölgədən sıxışdırılması kimi qəbul edirlər. Halbuki, Vaşinqton və Brüssel Mərkəzi Asiya ilə əməkdaşlığı genişləndirməklə bu ölkələrin Rusiya və Çindən asılılıqlarını azaltmaq istəyir. Mərkəzi Asiya ölkələrinin özləri də Rusiya və Çinlə sıx əlaqələrə malik olsalar da, Vaşinqton və Brüsselin təşəbbüslərinə “yox” demirlər. Bunun ciddi əsasları var. Pekin və Moskva zaman-zaman Mərkəzi Asiya ölkələrini cəzalandırmağa çalışırlar. Misal üçün Çin ötən il Qazaxıstanla sərhədi qapatmış, idxal-ixrac əməliyyatlarını aşağı səviyyəyə endirmişdi. Bunun nəticəsində Qazaxıstan iqtisadiyyatında problemlər yarandı. Rusiya isə “boru xəttinin təmiri” bəhanəsiylə Qazaxıstan neftinin öz ərazisindən nəqlini minimuma endirmişdi. Türkmənistan da öz qazının əsas hissəsini Rusiya və Çinə nəql edə bilir. Halbuki, Türkmənistan öz qazını Avropaya çatdırmaqda da maraqlıdır. Rusiya və Çin bəzən Mərkəzi Asiya ölkələrini bir-birlərindən incik salmağa da çalışırlar. Misal üçün Rusiya Mərkəzi Asiyada Qazaxıstandan yan keçən nəqliyyat layihəsini dəstəkləyir.

Mərkəzi Asiyanın Azərbaycan və Türkiyə ilə inteqrasiyaya da marağı artıb. Mərkəzi Asiya ölkələri Azərbaycan və Türkiyə üzərindən Avropa bazarlarına çıxış əldə etməyə çalışırlar. Bu həm Mərkəzi Asiya ölkələri üçün faydalıdır, həm də bölgədə türk dünyasının güclənməsinə xidmət edir. Rusiya və Çin Mərkəzi Asiyada ABŞ və Avropa İttifaqı ilə rəqabət halında olsalar da, heç biri bu bölgənin türk dünyası çərçivəsində inteqrasiyasına mane olacaq gücdə deyil.

Исследовательский центр "Атлас"

BRİCS adını dəyişəcək

BRİCS (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikası) təşkilatının Cənubi Afrika Respublikasının Yohannesburq şəhərində başa çatan toplantısında əsas qərarlardan biri təşkilata yeni üzvlərin qəbulu məsələsi idi. Yeni üzvlərin qəbulu qapalı toplantıda müzakirə edilib.

30 dövlət təşkilata üzv olmaq istəyir. Bunlardan 22 dövlət (Əlcəzair, Argentina, Banqladeş, Bəhreyn, Belarus, Boliviya, Venesuella, Vyetnam, Honduras, Misir, İndoneziya, İran, Qazaxıstan, Kuba, Küveyt, Nigeriya, Birləşmiş Ərəb Əmirlikləri, Fələstin, Səudiyyə Ərəbistanı, Seneqal, Tayland və Efiopiya) üzvlüklə bağlı təşkilata rəsmi müraciət göndəriblər. Hansı dövlətlərin birinci növbədə təşkilata üzv olacağı müəyyənləşdirilməlidir.

Rusiya və Çin təşklata yeni üzvlərinə qəbulunu dəstəkləyirlər. Rusiya gələn il təşkilata sədrlik edəcək. Rusiya prezidenti Vladimir Putin həmin toplantıda yeni üzvlərin qəbulunu rəsmiləşdirmək istəyir. Çin lideri Tsi Cinpin də eyni mövqedədir. Hindistan bir qədər fərqli mövqedədir. Dehli şübhələnir ki, Çin təşkilata yeni üzvlər qəbul etməklə tərəfdaşlarının sayını artırmağa çalışır. Dehli üzvlüyə qəbulun kriteriyalarının müəyyənləşdirilməsinin tərəfdarıdır. Braziliya da bu məsələdə Hindistanla eyni mövqedən çıxış edir. Çin təşkilata ilk növbədə İndoneziya ilə Səudiyyə Ərəbistanının qəbuluna çalışır. Hər iki dövlət son illərdə Çinlə sıx əməkdaşlıq edir.

“Financial Times” qəzetində yayımlanan məqalədə Pekinin yeni üzvlər vasitəsilə Qərbin Çinə qarşı siyasətini zəiflətmək məqsədi güddüyü yazılıb. Moskva və Pekin BRİCS “böyük yeddilərə” alternativ təşkilata çevirmək istəyirlər. Aydındır ki, yaxın bir ildə BRİCS təşkilatının üzvlərinin sayı artacaq. Nəticədə BRİCS təşkilatının adı da dəyişəcək.

Исследовательский центр "Атлас"   

BRİCS anti-NATO blokuna çevriləcəkmi?

Cənubi Afrika Respublikasının (CAR) Yohannesburq şəhərində BRİCS (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikası) təşkilatının 15-ci zirvə toplantısı işə başlayıb. BRCİS-in pandemiya səbəbindən 3 sammiti təxirə salınmışdı. Buna görə də bu sammitə maraq böyük idi.

Gözlənildiyi kimi, Rusiya prezidenti Vladimir Putin toplantıya qatılmayıb. Səbəbi bəllidir. CAR Beynəlxalq Cinayət Məhkəməsinin anlaşmasına imza atıb. Məhkəmə isə Ukrayna müharibəsinin dəhşətlərinə görə, Rusiya prezidentinin həbsinə qərar verib. Yəni Vladimir Putin CAR-a getsəydi, bu ölkə Rusiya prezidentini həbs edib Beynəlxalq Cinayət Məhkəməsinə təhvil verməliydi. Bu baş verməsin deyə, CAR prezidenti rusiyalı həmkarına məsləhət görüb ki, toplantıya internet üzərindən qatılsın. Putin toplantıya öz əvəzinə xarici işlər naziri Sergey Lavrovu göndərib. Vladimir Putin video müraciətində təşkilatın artan gücündən danışıb. Putin həmişəki kimi Qərbi ittiham edən fikirlər səsləndirib, ticarət münasibətlərində dollardan imtina mövzusuna toxunub.

BRİCS-ə maraq getdikcə artır. Təşkilata üzv ölkələrin ümumi əhalisi 3 milyard 240 milyon civarındadır. Bundan başqa üzv ölkələrin iqtisadiyyatlarının ümumi həcmi 26 trilyon dollara yaxındır. Bu, dünya iqtisadiyyatının 26 faizini təşkil edir. Bu səbəbdən təşkilata üzv olmaq istəyən ölkələrin sayı çoxdur. Misal üçün 40 ölkə toplantıya müşahidəçi qismində internet üzərindən qatılıb.

Cin lideri Tsi Cinpin CAR-da daha əvvəl gəlib. Cinpin Cin-CAR diplomatik münasibətlərinin qurulmasının 25 illik tədbirlərinə qatılıb. İki ölkə enerji sahəsində sıx əməkdaşlıq edir. CAR iqtisadi gücünə görə Afrika qitəsinin lider ölkəsidir. Pekin buna görə bu ölkə ilə əməkdaşlığa daha çox əhəmiyyət verir. Afrikada fəallaşan Çin bu qitədə Qərb şirkətlərini sıxışdırmağa çalışır. Çinin CAR-da 200 şirkəti mövcuddur. İki ölkə arasında ticarət mübadiləsinin həcmi 32 milyard dollardır. Tsi Cinpin BRİCS toplantısı çərçivəsində Çin-Afrika sammitində də iştirak edəcək.

Böyük Britaniyanın “Financial Times” qəzetinin yazdığına görə, Pekin BRİCS-i “böyük yeddilərə” alternativ təşkilata çevirmək istəyir. Bundan başqa Pekin təşkilata daha çox ölkənin üzvlüyünə müsbət yanaşır. Pekinin və Moskvanın məqsədi BRİCS-i anti-Qərb blokuna çevirməkdir. Ancaq bu alınmayacaq. Rusiya və Çinin xaricində BRİCS-in digər 3 üzvü – Braziliya, Hindistan və CAR Qərblə qarşıdurmada maraqlı deyillər. Bu 3 ölkə Rusiya və Çinlə yanaşı ABŞ və Avropa İttifaqı ilə də sıx əməkdaşlığın tərəfdarıdırlar.

“Hinrich Foundation” Mərkəzinin araşdırmasına görə, Çin Afrikada Qərbi qabaqlamaqla Qara qitə ölkələrində qəbul olunan siyasi qərarlara da təsir gücünü artırır. Mövcud vəziyyət Vaşinqtonu və Brüsseli ciddi narahat edir. Avropa İttifaqı Çindən geri qalmamaq üçün Afrika qitəsi üçün strateji “Global Gateway” dəstək proqramını qəbul edib. Bu proqram çərçivəsində 2021-2027-ci illər arasında Afrika ölkələrinə təxminən 300 milyard avro yatırım cəlb olunmalıdır. “Böyük yeddilər” isə Afrika qitəsinə 600 milyard dollar yatırım qoymağı planlaşdırırlar.

Çinin Afrika qitəsinə artan marağına baxmayaraq, Pekin son vaxtlar çətinliklərlə üzləşib. Birincisi, Çin iqtisadiyyatı keçmiş illərdəki artım gücünü itirməyə başlayıb. Bu Çinin xarici ölkələrdə investisiya siyasətinə də mənfi təsir edir. İkincisi, “Gavekal Dragonomics” Araşdırma Mərkəzinin son hesabatına görə, Pekinin son illərdə təhlükəsizlik məsələlərinə diqqəti və bölgədə hərbi gücünü artırması onun iqtisadi təşəbbüslərini arxa plana atıb.

Исследовательский центр "Атлас"

Generallar niyə yoxa çıxıblar?

ABŞ Ukraynanı Rusiyadan, Tayvanı isə Çindən qorumaq missiyasını həyata keçirməyə çalışır. “Financial Times” qəzetində yayımlanan məqalədə Vaşinqtonun Ukrayna üçün əlavə büdcə ayırdığı və bunun bir hissəsinin Tayvanın silahlanmasına ayrıla biləcəyi yazılıb. ABŞ Konqresində bununla bağlı qərar verilməlidir. Vaşinqton Çinin artan hərbi gücü qarşılığında Tayvana silah tədarükünü artırmağı planlaşdırıb. Əgər Konqres müvafiq qərar qəbul edərsə Tayvan ilk dəfə olaraq xarici dövlətlərə hərbi yardım sistemi vasitəsilə silah alacaq. Tayvana ilkin mərhələdə 345 milyon dollara yaxın hərbi yardım edilməlidir. Bundan başqa Pentaqon Tayvana insan daşına bilən hava hücumundan müdafiə sistemləri, raketlər, kəşfiyyat avadanlıqları verəcək.

Pekin Vaşinqtonun hərbi planları qarşılığında Çin ordusunu gücləndirməyə qərar verib. Çin ordusunda güclənmə tədbirləri ilə yanaşı zabitlərin yoxlanılması da həyata keçirilir. Bu sırada Çinin raket qoşunları birliklərində yoxlamaların miqyası artıb. Görünür, hakim Çin Kommunist Partiyasının ordunun hakimiyyətə tam loyal olmasıyla bağlı ciddi şübhələri var. Qərb mətbuatının yazdığına görə, Çin lideri Tsi Cinpin orduya nəzarəti şəxsən rəhbərlik edir. Tsi Cinin nədən ehtiyat edir?

Çin elitasının və ordusunin təhqiqatlarında ixtisaslaşan Kanadanın “Cercius” təşkilatının son hesabatına görə, Çinin raket qoşunlarına komandanlıq edən ən azı 10 general barədə məlumat yoxdur. “Financial Times” qəzeti həmin generalların son aylarda keçirilən toplantılarda iştirak etməmələrinə dair məqalə yayımlayıb. Bəzi məlumatlara görə, həmin generalların bir qismi korrupsiya ittihamı ilə həbs olunub. Bu şübhələri Hinkonqda nəşr olunan “The South China Morning Post” dərgisindəki son məqalə də artırıb. Məqalədə Çinin raket qoşunlarında təhqiqat aparıldığı yazılıb. Təhqitatın bu ilin mart ayından başlanıldığı bildirilib.

 si Cinpin hakimiyyətə gəldiyi 2012-ci ildən bu yana orduda korrupsiya ilə mübarizəni gücləndirib. Cinpinin hakimiyyəti dövründə 100-dən çox general həbs olunub. Çin Xalq Respublikasının yarandığı 1949-cu ildən bu yana bu qədər çinli general heç hərb meydanlarında ölməyib.

Исследовательский центр "Атлас"

Nazirlər nə danışdılar?

Fransanın xarici işlər naziri Ketrin Kolonnayın çinli həmkarı Vanq Yi arasında telefon danışığı zamanı Ukrayna və Nigerdəki vəziyyətlə yanaşı Qarabağı da müzakirə etdiyi xəbəri yayılıb. Nazirlər Qarabağla bağlı nəyi müzakirə edə bilərdilər? Böyük ehtimalla Fransa xarici işlər naziri “Laçın dəhlizinin açılması” məsələsini qaldırıb. Fransa BMT Təhlükəsizlik Şurasında Azərbaycana qarşı həmlə həyata keçirə bilmədi, indi də keçib başqaları vasitəsilə bizə təzyiq etməyə.
Çini “Laçın yolu” mövzusu çoxmu maraqlandırır? Əlbəttə, Pekin son illərdə Cənubi Qafqazda fəallaşıb, Gürcüstanda böyük yatırımları var, Azərbaycanla dialoqu mövcuddur, Ermənistanla hərbi əməkdaşlığa maraq göstərir. Bütün hallarda Pekin Qarabağ məsələsindən uzaq durmalıdır, çünki ərazi bütövlüyü məsələsi Çin üçün də həssas mövzudur. Paris Pekini öz tərəfinə çəkməyə çalışsa da, Çin Azərbaycanın daxili məsələsinə qarışmamalıdır.
Все реакции:

Agil Godjaev və başqa 5 nəfər

Çin Ermənistana hərbi əməkdaşlığa niyə maraq göstərir?

Çinin Ermənistandakı hərbi attaşesi An Tyan avqustun 17-də İrəvanda jurnalistlərin suallarına cavab verərkən iki ölkə arasındakı hərbi əməkdaşlıq üçün potensialın olduğunu vurğulayıb. Hərbi attaşe eyni zamanda hərbi texnologiyalar sahəsində əməkdaşlıq imkanlarının da mövcud olduğunu bildirib. Hərbi attaşe bu haqda danışarkən maraqlı cümlə də işlədib: “Birgə əməkdaşlıq sayəsində sülhə nail olacağıq”.

Görəsən hərbi attaşe hansı sülhü nəzərdə tutub? Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyan sənədə imza atmayana qədər İrəvanın hansı böyük dövlətlə  əməkdaşlıq etməsinə baxmayaraq, sülhə nail olmaq mümkün deyil.

Çinli hərbi attaşe Ermənistanın ünvana başqa təriflər də söyləyib: “Ermənistan və Çin mədəniyyət və tarix sahəsində ortaq nöqtələrə malikdirlər, hər iki dövlət müxtəlif çətinliklərdən keçiblər. İki ölkə arasında əməkdaşlığı gücləndirməyə ehtiyac var”. Maraqlıdır ki, Çin Müdafiə Nazirliyi tərkibində fəaliyyət göstərən Beynəlxalq Araşdırmalar Mərkəzinin rəhbəri bugünlərdə Ermənistana səfər etmiş, İrəvanda hərbi əməkdaşlığın inkişafı yolları müzakirə etmişdi. Pekin erməni hərbçilərin Çində təhsil almalarına da maraq göstərir.

Çini Ermənistanla hərbi əməkdaşlığa iki amil sövq edə bilər.

Во-первых, Çin Rusiyanın hərbi müttəfiqləriylə sıx əlaqələrə malik olmaq istəyir. Misal üçün Çinin müdafiə naziri bugünlərdə Rusiyanın iki əsas müttəfiqi sayılan – İrana və Belarusa səfər edib. O, əməkdaşlığın inkişafı haqda fikir mübadiləsi aparıb. Pekin eyni məntiqlə Rusiyanın Cənubi Qafqazdakı forpostu olan Ermənistanla da hərbi sahədə əməkdaşlığı genişləndirmək istəyir. Pekin bu yolla Ermənistanı həm də Qərbdən uzaq tutmağa çalışır.

Второй, Pekin Ermənistan-Hindistan yaxınlaşmasından və hərbi əməkdaşlığından narahatdır. Pekin Hindistanın bölgədə istənilən fəallığını diqqətlə izləyir və bunun qarşısını almaq yollarını araşdırır.

Pekin bu iki amildən çıxış edərək Ermənistanla hərbi əməkdaşlığı genişləndirmək istəyirsə, bunun Azərbaycanda mənfi qarşılacağını da anlamalıdır. İyulun 24-də Bakıda Çin ordusunun yaradılmasına 96-cı ildönümünə həsr olunmuş tədbir keçirildi. Həmin tədbirdə çıxış edən Çinin Azərbaycandakı hərbi attaşesi Van Ley daim dəyişən dünyada iki ölkənin silahlı qüvvələri arasında dostluq və əməkdaşlıq münasibətlərinin dərinləşməsinin köklü maraqlara cavab verdiyini söyləmişdi. Ancaq dəyişən Cənubi Qafqazda Ermənistanla hərbi əməkdaşlığı genişləndirməyə maraq göstərən dövlətin Azərbaycanla dərin əlaqələr qurması problematikdir.

Modinin səfərləri Dehlinin seçiminə işarədir

Rusiya-Ukrayna müharibəsi böyük və kiçik dövlətləri seçim qarşısında qoyub. Əsas sual budur: Sən kiminləsən və hansı dəyərləri bölüşürsən? Rusiyanın yanında olmaq Ukrayna torpaqlarının işğalına və təcavüzə haqq qazandırmaqdır. Rusiyanın işğalçı müharibəsini yalnız Şimali Koreya və ya Suriya  kimi dövlətlər dəstəkləyə bilər, qalanları Rusiya ilə münasibətləri pozmamaq üçün sadəcə Kremllə dialoqu davam etdirirlər.

Hindistan Kremllə dialoqu davam etdirən ölkələrdəndir. Ancaq Dehli son illərdə Qərblə daha çox yaxınlaşıb. Bunu Hindistanın baş naziri Narendra Modinin son səfərləri də sübut edir. Modi iyun ayında ABŞ və Fransaya səfərlər edib, bu iki ölkə ilə siyasi, iqtisadi və hərbi əməkdaşlığın genişləndirilməsi yollarını müzakirə edib. Modi baş nazir olduğu 2014-cü ildən bu yana Parisə 7 dəfə səfər edib. Fransa Rusiyadan sonra Hindistanın ikinci ən böyük silah və hərbi texnika tədarükçüsüdür. Hindistan ilbəil Rusiyadan aldığı hərbi texnikanın sayını və çeşidini azaldır.

Modi ABŞ-da yüksək səviyyədə qəbul olundu. ABŞ prezidenti Cozef Bayden texnolgoiya və müdafiə sahəsində ölkəsinin Hindistanla əməkdaşlığını genişləndirəcəyini açıqlayıb. Vaşinqton Çini durdurmağın yollarından birinin Hindistanla sıx əməkdaşlıqdan keçdiyini görür. Digər tərəfdən Vaşinqton Dehlinin Pekinlə texnologiyalar sahəsində dərin əməkdaşlığının əleyhinədir.

Vaşinqton Hindistanın iqtisadi potensialını yüksək qiymətləndirərək gələcəkdə bu ölkənin Çinə alternativ ola biləcəyi qənaətindədir. Bunu indidən söyləmək çətindir. Doğrudur, Hindistan iqtuisadiyyatı dinamik inkişaf edir, ancaq Çinə alternativ olmaq üçün uzun yol qət edilməlidir. Hindistanın Çinə alternativ olması üçün Dehlinin qonşu ölkələrin iqtisadiyyatlarına yatırımlarını artırması da lazımdır.

Dehlinin ərəb və Afrika ölkələrinə də marağı artıb. Narendra Modi iyun ayında Misirə də səfər edib bu ölkənin prezidenti Sisi ilə görüşmüşdü. Dehli Misirin BRİKS (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikası) üzvlüyünü dəstəkləyir.

Narendra Modi 2024-cü il parlament seçkilərində mövqeyini daha da gücləndirmək üçün Hindistanın bölgədə hərbi gücünü artırmağa qərar verib. Modi məhz bu məqsədlə Qərb ölkələri ilə hərbi sahədə əlaqələrini gücləndirməyə qərar verib. Ancaq Modi balans siyasətindən də imtina etməyib. Misal üçün NATO-nun son Vilnyus zirvə toplantısına Asiya ölkələrindən Yaponiya, Cənubi Koreya, Yeni Zellandiya və Avstraliyanın baş nazirləri dəvətli idilər. Modi bu toplantıda iştirak etməmişdi.

Исследовательский центр "Атлас"

Nüvə silahı ilə hədələnmə qorxuludur, yoxsa onun yayılması?

Rusiya və Çin Qərbə qarşı birləşiblər. Qərb mətbuatında Pekinin Rusiyaya siyasi və hərbi dəstəyini artmasıyla bağlı məqalələrin sayı çoxalıb. Rusiya və Çin “nüvə silahlarının yayılmaması haqqında müqavilənin” son Vyana toplantısında AUKUS birliyinə (Avstraliya, Böyük Britaniya və ABŞ) qarşı ortaq hesabat yayımlayıblar. Hesabat müəlliflərinin qənaətinə görə, AUKUS birliyi nüvə silahlarının yayılmaması müqaviləsinə ziddir. Hesabatı Rusiya və Çinin ekspertləri birgə hazırlayıblar.

Pekin və Moskvanın iddia etdiyi “zərərin” nədən ibarət olduğu aydınlaşmayıb. Ona qalsa Qəb ölkələri də Rusiya və Çinin iştirakçısı olduğu müxtəlif birlikləri nüvə silahının yayılmaması müqaviləsinə zidd olduğunu vurğulaya bilərlər. AUKUS biliyi 2021-ci ilin sentyabr ayında formalaşıb. AUKUS birliyi 3 ölkə – Avstraliya, Böyük Britaniya və ABŞ arasında hərbi əməkdaşlığın genişlənməsini hədəfləyib. Bu birlik Çini narahat edir. Çünki birliyin əsas məqsədi Çinin bölgədə artan hərbi gücünə qarşı adekvat addımlar atmaqdır. Rusiya sadəcə, strateji tərəfdaşı Çini dəstəkləmək məqsədilə birliyə qarşı hesabata imza atıb.

Böyük Britaniya və ABŞ Avstraliyaya sualtı atom gəmilərinin inşasında dəstək verirlər. Pekini qorxudan da budur. Çindən fərqli olaraq Avstraliyanın nüvə silahı yoxdur. Ancaq Avstaliya qonşu Çinin okenlarda artan hərbi faəllığından narahatdır. Ona görə də Avstraliya Böyük Britaniya və ABŞ-la birgə hərbi dəniz donanmasını gücləndirməyə qərar verib. Avtrsliyanın 2027-ci ildən başlayaraq bir neçə atom sualtı gəmisi olacaq. Bu məqsədlə Avstraliya sahillərində hərbi məqsədlər üçün limanlar da tikiləcək.

Rusiya və Çin hesab edirlər ki, nüvə dövlətləri olan Böyük Britaniya və ABŞ bu texnologiyaları Avstraliya ilə bölüşməklə “nüvə silahlarının yayılmaması barədə müqaviləyə” zidd hərəkət edirlər. Pekin və Moskvanın qənaətinə görə, Vaşinqton və Londonun Avstraliya üçün inşa etdirəcəkləri atom sualtı gəmiləri gələcəkdə fərqli məqsədlər üçün istifadə olunacaq. Yəni Rusiya və Çin iddia edirlər ki, Avstraliya əldə etdiyi texnologiyalar vasitəsilə nüvə silahının istehsalına başlayacaq. Eyni məntiqlə Rusiyanın müxtəlif ölkələrdə inşa etdiyi atom elektrik stansiyalarından da sonrakı mərhələdə nüvə silahı əldə etmək mümkündür. Digər tərəfdən Rusiya rəsmilərinin “Ukraynaya qarşı nüvə silahından istifadə edə bilərik” açıqlamaları nüvə silahının yayılmasından daha qorxuludur.

Исследовательский центр "Атлас"

О нас

Исследовательский центр «Атлас» был основан в Баку в 2003 году группой политологов. Возглавляет центр политолог Эльхан Сахиноглу.

Прилавок

Авторизоваться
Сегодня
Umumi 265574
ru_RURU