Месяц: Сентябрь 2023

“Nüvə klubu”nun üzvləri poliqonlarını niyə gücləndirirlər?

“CNN” televiziya kanalının yaydığı xəbərə görə, ABŞ, Rusiya və Çin nüvə poliqonlarında yeni mərkəzlər inşa ediblər. Həmin mərkəzlərin şəkilləri peyk vasitəsilə çəkilib. Maraqlıdır ki, ABŞ, Rusiya və Çin yeni nüvə sınaqları barədə məlumat yaymayıblar. Belə olan halda yeni nüvə mərkəzlərinin tikintisi nə ilə bağlıdır?

Peyk vasitəsilə yeni 3 nüvə mərkəzinin şəkilləri yayımlanıb. Bu Rusiya ərazisində “Novaya Zemlya”, Çində Sincan-Uyğur bölgəsi, ABŞ-da isə Nevada ştatıdır. Bu mərkəzlərin hər birinə yeni yollar və tunellər çəkilib. Peyk şəkillərində həmin mərkəzə daxil olanların sayının artdığı təsvir olunub.

Bu o deməkdir ki, bu 3 ölkə bir-birlərinə inanmırlar və nüvə arsenallarını artırır, yeni poliqonlar tikirlər. Halbuki, keçmiş SSRİ-də sonuncu dəfə nüvə sınağı 1990-cı ildə keçirilib. Rusiyada nüvə sınağı olmayıb. ABŞ sonuncu nüvə sınağını 1992-ci ildə, Çin isə 1996-cı ildə həyata keçirib. Rusiya nüvə sınaqlarının keçirilməsini qadağan edən sənədə imza atıb. ABŞ və Çin bu sənədi imzalasalar da, ratifikasiya etməyiblər.

Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsi beynəlxalq aləmi qorxudub. Çünki Rusiya nüvə dövlətidir, müharibədə istədiklərini əldə etmədikdə nüvə silahından istifadə edə bilər. Rusiya rəsmiləri, o cümlədən prezident Vladimir Putin və Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Qərb ölkələrini tez-tez nüvə silahı ilə hədələyirlər. Təsadüfi deyil ki, Rusiyanın müdafiə naziri Sergey Şoyqu avqust ayında “Novaya Zemlya” ərazisindəki nüvə poliqonuna səfər edib. Şoyqu nüvə arsenalının mövcud vəziyyətini öyrənmək və Qərbə mesaj göndərmək üçün poliqona gedib. Həmin poliqon 1954-cü ildə inşa olunub. Bu ərazidə 1990-cı ilə qədər 100-dən çox nüvə sınağı həyata keçirilib. Çin isə Tayvan adasını ələ keçirməyə çalışır və ABŞ-la müharibə başlayarsa nüvə silahından istifadə barədə düşünəcək.

Dünyada nüvə dövlətlərinin sayı getdikcə artır. Hindistan və Pakistan nüvə silahına malik olduqlarını eyni gündə elan ediblər. Yaxın Şərq bölgəsində İsrailin nüvə silahı var. İran nüvə silahı əldə etməyə çalışır. İranın nüvə silahı olarsa, qonşuları Türkiyə və Səudiyyə Ərəbistanı da nüvə silahı əldə edəcəklər. Bu vəziyyətdə ABŞ, Rusiya və Çin nüvə potensiallarını gücləndirməyə qərar alıblar. Halbuki, bu dövlətlər daima nüvə silahından birinci istifadə etməyəcəklərini açıqlayırlar. Ancaq buna inanan azdır.

Исследовательский центр "Атлас"

Bu iki ölkə kollektiv Qərbə qarşı güclərini birləşdirir

Rusiya Ukrayna müharibəsi fonunda Qərb ölkələri ilə münasibətlərini gərginləşdirməkdə davam edir. Moskva bu mübarizədə strateji tərəfdaşı Pekinə arxayındır. Çinin xarici işlər naziri Van Yi bir müddət əvvəl Rusiyaya dörd günlük səfər edərək rusiyalı həmkarı Sergey Lavrovla müxtəlif mövzuları müzakirə edib. Van Yi eyni zamanda Moskvada iki ölkə arasında 18-ci strateji təhlükəsizlik məsləhətləşmələrində iştirak edib.

Van Yi Sergey Lavrovla yanaşı Rusiya Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevlə də görüşüb. Patruşev deyib ki, Tayvan, Sincan, Tibet və Honq Konq məsələlərində Moskva Pekini dəstəkləyir. Patruşevin sözlərinə görə, Rusiya və Çini cilovlamaq üçün kollektiv Qərbin başlatdığı kampaniya kontekstində beynəlxalq arenada Moskva-Pekin koordinasiyasının və əməkdaşlığın daha da dərinləşməsi xüsusi əhəmiyyət kəsb edir.

Rusiya və Çin BMT, BRİCS, “böyük iyirmilər” və Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində birgə əməkdaşlıq mövzularını müzakirə edirlər. Pekin və Moskva eyni zamanda Rusiya-Ukrayna müharibəsinin gedişatı barədə də fikir mübadiləsi aparırlar. Qərbin Rusiya və Çinə münasibəti oxşardır, Moskva və Pekinin siyasətlərini beynəlxalq aləm üçün təhlükə kimi qiymətləndirir. Belə olan halda  Moskva və Pekin Qərblə mübarizədə koordinasiyanın gücləndirirlər.

Buna baxmayaraq, Çinin Rusiyadan fərqi var. Qərb Kremllə münasibətlərini dondurub, Pekinlə isə müxtəlif səviyyələrdə təmaslar davam edir. Misal üçün Qərb diplomatları Pekinə səfər edir və çinli rəsmiləri ölkələrinə dəvət edirlər. Qərblə Rusiya arasındakı münasibətlərdə görüş və müzakirələr yoxdur. Qərb diplomatları BMT-də Sergey Lavrovla görüşmədilər. Qərb diplomatları işğalçı dövlətin rəsmiləri ilə görüşmək istəmirlər.

ABŞ prezidenti Cozef Bayden Çin lideri Tsi Cinpinlə görüşməyi planlaşdırıb. Bu məqsədlə amerikalı və çinli rəsmilər liderlərinin görüşünü hazırlamaq üçün tez-tez təmas qururular. ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan Van Yi ilə Malta adasında 12 saatlıq müzakirələr aparıblar. Vaşinton və Pekin arasında təmaslar bundan sonra da davam edəcək.

Bu görüşlərə və müzakirələrə baxmayaraq, Vaşinqton Pekinə təzyiq siyasətindən itmina etmək istəmir. Vaşinqton Çin-Rusiya strateji tərəfdaşlığını, Çinin dənizlərdə hərbi gücünü artırmasını və Tayvan ətrafındakı vəziyyəti ABŞ üçün təhlükə kimi qiymətləndirir. Vaşinqton bu səbəbdən bölgədə Çinə qarşı müxtəlif siyasi və hərbi ittifaqlar formalaşdırıb. Bunlardan biri yeni təsis edilib. Avqustun 18-də ABŞ, Cənubi Koreya və Yaponiya liderləri bir araya gəliblər. Bu sıraya, ABŞ, Yaponiya, Hindistan və Avstraliya (QUAD), o cümlədən ABŞ, Böyük Britaniya və Avstraliyadan formalaşan AUKUS təşkilatını da aid etmək olar. Bu ittifaqların hər biri Çinə qarşıdır.

Исследовательский центр "Атлас"

Adalar uğrunda mübarizə yeni mərhələyə daxil olub

Amerika Birləşmiş Ştatları bütün tərəfdaşlarına silah satmır. Türkiyə NATO çərçivəsində Amerikanın strateji tərəfdaşı sayılsa da, Vaşinqton Ankaranın hərbi təyyarələr almaq istəyini illərdir uzadır. ABŞ hətta Rusiya ilə müharibə aparan Ukraynaya belə hərbi təyyarə satışını son ana qədər uzadıb. Müharibə başlayan kimi Ukraynanın Amerika istehsalı F-16 hərbi təyyarələri olsaydı, Rusiya Ukraynanın hava məkanında mütləq üstünlüyə malik olmazdı.

Bu arada, ABŞ prezidenti Cozef Bayden Vyetnama hərbi texnika satmağı planlaşdırır. Halbuki, Vyetnam soyuq müharibə illərində keçmiş SSRİ-nin tərəfdaşı idi. ABŞ 1960-1970-ci illər ərzində Vyetmanda müharibədə iştirak edib, bu ölkəyə tonlarla bomba atıb, nəticədə yüz minlərlə insan həlak olub. SSRİ həmin illərdə Vyetnam kommunistlərinə silah və hərbi texnika göndərirdi. Kommunist rejiminin hakim olduğu Vyetnam SSRİ-nin varisi Rusiya ilə sıx münasibətlərə malikdir. Buna baxmayaraq, Vaşinqton keçmiş düşməni Vyetnamla hərbi sahədə əməkdaşlığıa üstünlük verib.

Vaşinqtonun məqsədi Vyetnamı Çin və Rusiyadan uzaqlaşdırmaqdır. “Reuters” agentliyinin məlumatına görə, Vaşinqton Vyetnama F-16 qırıcı təyyarələr satacaq. Halbuki, Amerika bu təyyarələri heç yaxın tərəfdaşlarına satmır. Vyetnamın bu təyyarələrə ehtiyacı var. Çünki Vyetnamın Çinlə müxtəlif sahələrdə münasibətlərinin olmasına baxmayaraq, Hanoy Pekinin regional siyasətindən narazıdır. Vyetnam Çinin dənizlərdə hərbi gücünü artırmasını özü üçün təhlükə kimi qiymətləndirir. Vyetnam əlindəki Rusiya silahını daha modern Amerika silahları ilə əvəz etmək istəyir. Vyetnam Amerikadan hərbi texnika və F-16 qırıcı təyyarələri alarsa, Rusiya və Çinin bu ölkəyə qarşı münasibəti dəyişəcək.

Bu arada, Tayvan adası ətrafında da vəziyəti gərgindir. ABŞ Tayvana müasir silahlar göndərməkdə davam edir. Pekin Amerikanı Çinin daxili işlərinə qarışmaqda ittiham edir. Amerika Tayvanla hərbi təlimlərinin sayını artırıb. Tayvan isə əksinə Çinin bölgədə artan hərbi təlimlərindən narahatdır. Tayvan rəsmiləri “Reuters” agentliyinə verdikləri müsahibələrdə Çinin hərbi təlimlərinin bölgədə müharibə risqini artırdıqlarını deyiblər. Çinin dənizlərdə hərbi təlimləri Yaponiyanı da narahat edir. Çin hərbi təlimlərinin bir qismini Yaponiyanın adaları yaxınlarında həyata keçirir. Yaponiyanın “Kyodo” agentliyinin məlumatına görə, Çinin hərbi gəmiləri tez-tez Yaponiyanın dəniz ərazilərinə daxil olurlar. Çin Yaponiyaya aid bir qisim adanı mübahisəli sayır və ona görə həmin istiqamətdə hərbi gəmilərinin sayını artırıb.

Исследовательский центр "Атлас"

Münasibətlər “qızıl dövrə” daxil ola bilmədi

Vaşinqtonla yanaşı London da Pekini inandırmağa çalışır ki, Çin müttəfiqi Rusiyaya təsir etsin ki, Kreml Ukraynaya qarşı işğalçı müharibəni dayandırsın. Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverlinin bir müddət əvvəl Çinə səfəri bununla əlaqəli idi.

Böyük Britanıyanın xarici işlər nazirləri 5 il müddətində Çinə səfər etməmişdilər. Bu səbəbdən Kleverli Pekində başqa mövzulara da toxunmaq məcburiyyətində idi. Səfəri mürəkkəbləşdirən səbəblərdən biri Britaniya parlamentinin Tayvanın “müstəqil dövlət” kimi tərənnüm etdirən hesabat hazırlaması idi. Halbuki, buna qədər Böyük Britaniya parlamenti Tayvanın “müstəqilliyi” barədə rəy bildirmirdi. Britaniyalı deputatlar bu yanaşma ilə nazirlərinin Pekinə səfərini mürəkkəbləşdirdilər. Buna baxmayaraq, Ceyms Kleverlı Pekindəki çıxışlarında diplomatik etiketdən kənara çıxmamağa çalışırdı.  O Böyük Britaniya ilə Çin arasındakı fikir ayrılıqlarının mövcudluğunu bildirsə də, bunun iki ölkə arasında işgüzar münasibətlərə təsir etmədiyini vurğuladı. O Çin kimi böyük ölkənin dünyadakı proseslərdən izole edilməsinin yanlış olacağını bildirdi.

Ceyms Kleverlı Böyük Britaniyanın baş naziri Rişi Sunakın Hindistanda keçiriləcək “böyük iyirmilərin” toplantısında Çin lideri Tsi Cinpinlə görüşünün detallarını da müzakirə etməli idi. Ancaq məlumdur ki, Tsi Cinpin Hindistandakı sammitdə iştirak etmədi. Digər tərəfdən Rişi Sunakın Çini sərt tənqidi Pekini Londonla münasibətlərdə narazı salan məqamlardandır. Rişi Sunak “böyük iyirmilər” dövlətlərinin başçıları arasında Tsi Cinpinlə görüşməyən yeganə liderdir.

Aydındır ki, Böyük Britaniyanın Pekinə bir səfəri ilə iki ölkə arasındakı münasibətləri normallaşdırmaq çətindir. Bunu London da etiraf edir. Halbuki, 2015-ci ildə Böyük Britaniyanın o zamankı baş naziri Devid Kemeron Tsi Cinpinlə badə qaldıraraq iki ölkə arasındakı münasibətlərin “qızıl dövrünə” daxil olduğunu vurğulayırdı. Böyük Britaniyanın o zamankı maliyyə naziri Corc Osborn Böyük Britaniyanı Çinin Qərbdəki ən yaxşı tərəfdaşı adlandırırdı. Ancaq belə olmadı. Çinin artan hərbi gücü, Pekinin uyğurlara olan sərt münasibəti, kiberhücumlar və kəşfiyyat qalmaqalları Londonla Pekin arasındakı münasibətləri gərginləşdirdi. Bunun üzərinə Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsinə Pekinin seyrçi qalmasını da əlavə etsək, Londonla Pekin arasındakı münasibətlərin normallaşması üçün zəminin olmadığı aydınlaşar. Böyük Britaniyanın hind əsilli baş naziri Rişi Sunak Çini beynəlxalq aləm üçün ən ciddi təhdidlərdən biri kimi qiymətləndirir.

Bu arada, Böyük Britaniya deputatlarından birinin köməkçisinin Çinin xeyrinə casusluqda şübhəli bilinən köməkçisinin həbs edilməsi münasibətlərdə əlavə gərginlik yaradıb. “Times” qəzetində yayımlanan məqalədə, deputat köməkçisinin fəaliyyət sahəsinə xarici siyasət məsələləri, o cümlədən Pekinlə münasibətlər daxil idi. Deputat köməkçisi bir müddət Çində yaşayıb. London polisi məhz həmin dövrdə deputat köməkçisinin Çin kəşfiyyatına cəlb edilməsindən şübhələnir. Deputat köməkçisinin Mühafizəkarlar Partiyasının bir sıra yüksəkvəzifəli üzvləri və bir neçə nazir müavini ilə əlaqələri olub.

Исследовательский центр "Атлас"

Bəşər Əsəd mühasirədən çıxır(mı?)

Suriya prezidenti Bəşər Əsədin Çinə səfəri başlayıb. Bu Suriya diktatorunun 20 ildən sonra Çinə ikinci səfəridir. Əsəd sonuncu dəfə 2004-cü ildə Çinin zamankı lideri  Hu Jintao ilə görüşmək üçün Çinə səfər etmişdi. Əsəd Suriyada müharibənin başladığı 2011-ci ildən bu yana Rusiya və İran xaricində başqa ölkələrə səfər edə bilmirdi, onu dəvət edən də yox idi.

Bəşər Əsəd Çinə 19-cu Asiya Oyunlarının açılış mərasimində iştirak etmək səfər edib. O şərqi Çinin Zhejiang əyalətinin paytaxtı Xançjou şəhərinə gedib. İdman tədbiri bəhanədir. Əsəd Çin lideri Tsi Cinpinlə görüşəcək və Suriya-Çin sammitində iştirak edəcək. Bu görüş və sammitdə iştirak Əsəd üçün vacibdir.

Çin lideri Suriya diktatorunu ölkəsinə dəvət etməklə Qərbin rəyi ilə hesablaşmadığını ortaya qoyub. Suriyada vətəndaş müharibəsi zamanı yüzminlərlə mülki insan həlak olub, orduda parçalanma əmələ gəlib, terrorçu qruplaşmalar bir-birləriylə savaşıblar. Suriya böyük dövlətlərin maraqlarının kəşişdiyi məkana çevrilmişdi. Çin Suriyadakı proseslərə qarışmırdı. Əsas oyunçular Rusiya, İran, Türkiyə, ABŞ və bir qisim ərəb ölkəsi idi.

Bəşər Əsəd Rusiyanın dəstəyi sayəsində ərazilərin böyük hissəsində nəzarəti bərpa edə bilib. Doğurudur, silahlı kürd qruplaşmalar və bir qisim fərqli silahlı qruplar ölkənin ərazisinin bir hissəsinə nəzarət edirlər. Ancaq Suriya dünya agentliklərinin artıq baş xəbəri deyil, ölkədə nisbi sakitlik bərpa olunub. Bu Bəşər Əsədə imkan verir ki, legitimliyini beynəlxalq aləmdə bərpa etməyə çalışsın. Onun əsas vəzifəsi ərəb ölkələri ilə keçmiş əlaqələrin bərpasıdır. Ancaq Bəşər Əsədə maliyyə də lazımdır ki, müharibənin nəticələrini aradan qaldırmağa çalışsın. Ərəb dövlətləri onunla təmaslara razılaşsalar da, Suriyaya yatırım qoymağa tələsməyəcəklər. Əsədə dəstək verən Rusiya və İranın isə dağılmış Suriyanı bərpa edəcək qədər maliyyəsi yoxdur. Əksinə, Qərbin Rusiya və İrana qarşı tətbiq etdiyi sanskiyalar bu ölkələrin iqtisadiyyatlarına mənfi təsir edir, inflyasiya artıb. Buna görə də Bəşər Əsədin ümidi Çinədir. Pekin müxtəlif ölkələrdə yatırımlar həyata keçirir.

Buna baxmayaraq, Çinin də iqtisadi artımı zəifləyib və maliyyəsini ehtiyatla xərcləmək məcburiyyətindədir. Pekin bəzən təhlükəli bölgələrdə də yatırımlar həyata keçirir. Buna misal olaraq Çinin Talibanın hakim olduğu Əfqanıstana yatırımlar qoymasıdır. Ancaq Suriyanı sabitlik hələ bərpa olunmayıb və vəziyyətin istənilən an dəyişməsi ehtimalı var. Bu səbəbdən Pekin Suriyaya yatırım qoymağa tələsməyəcək.

Исследовательский центр "Атлас"

Nazirlər niyə yoxa çıxırlar?

Çin müdafiə naziri Li Şanqfunun əvvəlcə yoxa çıxdığı, daha sonra isə istefaya göndərildiyi xəbəri Qərb ölkələrində geniş müzakirə olunur. Müdafiə naziri sonuncu dəfə avqustun 29-da ictimaiyyət qarşısında göründükdən sonra yoxa çıxıb. 65 yaşlı Li Şanqfu Vyetnam və Sinqapurdan olan həmkarları ilə görüşlərdə iştirak etməyib. O, sonuncu dəfə Pekində avqustun 29-da Afrika ölkələri ilə təhlükəsizlik forumunda əsas nitqlə çıxış edərkən görünüb. Li Şanqfu Müdafiə Nazirliyinə 5 ildən çoxdur başçılıq edib.

“The Wall Street Journal” nəşrinin məlumatına görə, Li Şanqfu sorğu-sual edildikdən sonra vəzifəsindən uzaqlaşdırılıb. “Financial Times” nəşri isə ABŞ rəsmilərinə istinad edərək Li Şanqfunun istintaq altında olduğunu yazıb. Qərb nəşrləri sorğu ilə Çin Müdafiə Nazirliyinı müraciət etsələr də, cavab almayıblar.

Çində hansısa nazir bir müddət ictimaiyyət qarşısına çıxmırsa, görüşlərdə iştirak etmirsə, onun başına iş gəldiyi ehtimal edilir. Eyni ilə Çinin keçmiş xarici işlər naziri Qin Qanq da yoxa çıxmış, görüşlərdə iştirak etmir, təyin olunan görüşlər isə təxirə salınırdı. İndoneziyadakı sammitdə iştirak etməyən 57 yaşlı nazirin vəzifədən uzaqlaşdırıldığı ehtimal artdı və bir müddət sonra yeni təyinat xəbəri gəldi, Vanq Yi yenidən xarici işlər naziri təyin olundu.

Müdafiə nazirinin istintaqa cəlb olunmasıyla bağlı iki versiya var.

Birinci versiyaya görə, Li Şanqfu hərbi texnikanın alınmasında korrupsiya hallarına yol verib. Söhbət böyük məbləğlərdən gedir. Çin müdafiə xərclərinə ildən ilə artırır. Müdafiə naziri ilə bərabər daha 8 yüksək rütbəli hərbçinin istintaqa cəlb olunduğu xəbəri yayılıb. Korrupsiya versiyası təsdiq olunarsa, Li Şanqfunu ciddi cəza gözləyəcək. Çində bu ittihamla ölüm cəzasına da məhkum edirlər.

İkinci versiyaya görə Li Şanqfu ölkə lideri Tsi Cinpinin hərbi ritorikası ilə razılaşmır və Tayvan adasına mümkün hücumun yanlış olduğu qənaətində idi. Məlumdur ki, Tsi Cinpin nə yolla olursa-olsun Tayvanın ram edilməsi qənaətindədir. O deyib ki, Tayvanı danışıqlar yolu ilə Çinə birləşdirmək istəyir, ancaq bu alınmazsa güc yolunu da istisna etməyib. Li Şanqfu isə güc yolunun Çinə böyük problemlər yaradacağı qənaətində idi. Bununla da liderlər nazir arasında ciddi fikir ayrılığı yaranıb.

Beləliklə, Çində qısa zaman ərzində xarici işlər və müdafiə nazirləri məcburi istefaya göndərildi. Bu “Financial Times” nəşrinin də yazdığı kimi, Çinin hakimiyyət dairələrində xaosun davam etdiyinə işarədir.

Исследовательский центр "Атлас"

Polşa hərbi gücünü artırır

İkinci Dünya müharibəsi 1939-cu ilin sentyabrın 1-də Almaniyanın Polşaya hücumuyla başlayıb. Polşada bu tarixlə yanaşı 17 sentyabr tarixini də xatırlayırlar. Almaniyanın Polşaya hücumundan 16 gün sonra, yəni 17 sentyabr 1939-cu ildə  SSRİ qoşunları Polşanın şərqinə hücum etdi. Polşanın ikitərəfli işğalı iki diktator – Hitlerlə Stalinin xarici işlər nazirləri vasitəsilə gizli razılaşmasının nəticəsi idi. Hər ikisi Polşanı parçalamaqla bu ölkəni xəritədən silmək istəyirdi. Ancaq Stalinlə razılaşma Hitlerin hiyləsi idi, o Avstriya, Çexiya, Polşa və Fransa ilə işi bitirdikdən sonra SSRİ-yə hücum barədə düşünür və bu məqsədlə generallarına plan hazırlamağı tapşırmışdı. Halbuki, Stalin düşünürdü ki, Hitlerin ambisiyaları SSRİ sərhədinə qədərdir.

Almaniya Polşanı viran qoydu, bu ölkədə kütləvi qətliamlar təşkil etdi, ölüm düşərgələrində milyonlarla insan öldürdü, qazla zəhərlədi, SSRİ komandanlığı da “geri qalmadı”, əsir götürdüyü minlərlə polşalı hərbçini sovet meşələrində qətlə yetirdi. Polşa ağır faciələrə rəğmən, tab gətirdi, müharibədən sonra torpaqlarını geri qaytarmağa müvəffəq oldu, paytaxt Varşava olmaqla şəhərlərini yenidən qurdu, ölkə bir müddət kommunist sistemində yaşadı, 1980-ci illərdə isə avtoritar rejimlə sağollaşan ilk Şərqi Avropa ölkəsi oldu. Almaniya kansleri müharibədən sonra bir neçə dəfə Polşaya ziyarət etdilər və qətliamlara görə polşalılardan üzr istədilər. Ancaq Rusiyadakı rejim bu gün də Polşanı hədəf götürüb. Rusiyanın televiziya kanallarında yayımlanan siyasi proqramlarda Ukrayna ilə yanaşı Polşa adlı dövlətin də süni şəkildə yaradıldığı iddia edilir, Rusiya imperiyasına aid olduğu bildirilir. Avropanın Ukraynaya dəstəyi həm də ona görə artırmalıdır ki, bu ölkə məğlub olarsa Rusiyanın növbəti hədəf Polşa və Baltik ölkələri olacaq. Buna görə də Polşa indidən ordusunu gücləndirir və hərbi büdcəsini artırır.

 

Kiberhücumlar təhlükəlidir, yoxsa balıqlar?

“Financial Times” nəşri avqust ayında Yaponiya kibertəhlükəsizlik mərkəzinin ölkəyə haker hücumlarının artdığını müəyyənləşdirdiyini yazıb. Hakerlər elektron poçt sistemlərinə daxil olub məlumatların bir qismini oğurlayıblar. Yaponiya hökumətinə tabe olan kibertəhlükəsizlik mərkəzi araşdırma aparıb və müəyyənləşdirib ki, hücumların arxasında Çin kəşfiyyat strukturları dayanıb.

Pekin Tokionun iddialarını rədd edib. Pekin Yaponiyanın dövlət strukturlarına haker hücumunun Tokionun müttəfiqi ABŞ-ın təşkil edə biləcəyinə işarə edib. Sual olunur: Vaşinqton müttəfiqi Yaponiyaya qarşı niyə haker hücumu təşkil etsin? Tokionun Vaşinqtondan nə sirri var ki, ABŞ Yaponiyanı hədəf alsın? Bütün hallarda Tokio Vaşinqtondan deyil, Pekindən şübhələnir. 2020-ci ildə çinli hakerlər Yaponiya Müdafiə Nazierliyinin serverlərinə hücum təşkil etmiş və məxfi sənədləri ələ keçirməyə müvəffəq olmuşdular. Bu hadisədən sonra Yaponiya və müttəfiqləri kibertəhlükəsizlik tədbirlərini 5 dəfə artırmaqla yanaşı bu çalışmalar üçün büdcələrin də artırmışdılar. Çini Yaponiyanın İtaliya və Böyük Britaniya ilə birgə istehaına başlayacaq qırıcı təyyarələrlə bağlı layihə maraqlandırır.

Çinin isə Yaponiyaya fərqli iradı var. Pekin Yaponiyanın “Fukusima” atom elektrik stansiyasında toplanan suyun dənizə buraxılmasından narazıdır. Pekin iddia edir ki, Yaponiya bölgəni bu yolla zəhərləyə bilər. Çin Xarici İşlər Nazirliyinin açıqlamasında belə bir cümlə var idi: “Yaponiya dünyaya “Qodzillanı” buraxıb”. Bu cümləyə görə Çin səfiri Yaponiya Xarici İşlər Nazirliyinə çağrılıb və ona Tokionun etırazı bildirilib. Gərginlik o həddə çatıb ki, Yaponiya Xarici İşlər Nazirliyi Çindəki vətəndaşlarını xəbərdar edib ki, küçədə yapon dilində bərkdən danışmasınlar, əks halda təhlükə ilə üzləşə bilərlər. Bunun üçün əsas var. Çində Yaponiyaya məxsus bir neçə binaya daş və yumurtalar atıblar, divarlarda Yaponiya əlçeyhinə şüarlar yazıblar.

Yaponiyada 2011-ci ildə baş verən zəlzələdə “Fukusimo” atom elektrik stansiyası zərər görmüşdü, stansiyanın dağılan hissəsi su ilə doldurulmuşdu ki, radiasiya ətrafa yayılmasın. Tokio uzun illərdən sonra həmin suyu dənizə buraxmağa qərar verib. Tokio suyun zərərli olmadığını iddia edir, Pekin buna inanmır. Tokio həmin suyun təhlükəsiz olmasıyla bağlı beynəlxalq ekspertlərin rəyinə də istinad edib. Yaponiya baş naziri Fumio Kisida və digər hökumət üzvlərinin televiziya ekranları qarşısında suyun buraxıldığı dənizdən tutulan balıqları yeməsi də Pekini inandırmayıb. Çin Yaponiyadan balıq məhsullarının alışını qadağan edib. Çin Yaponiyanın əsas balıq alıcılarındandır. Rusiya Yaponiyadan balıq alışını hələ dayandırmasa da, Çinin narahatlığını bölüşdüyünü açıqlayıb. Rusiyanın müvafiq strukturları Yaponiyaya yaxın sularda monitorinqi gücləndirdiklərini bildiriblər.

Исследовательский центр "Атлас"

Xəritədən doğan qalmaqal

Çində yayımlanan xəritə bu ölkənin Rusiya və Hindistanla mübahisəsinə səbəb olub. Çinin Dövlət Xəritəçəkmə Xidmətinin 2023-cü il xəritəsində Bolşoy Ussuriyski adasını ölkənin ən şərq hissəsi kimi qeyd edib. Xəritə Çinin Təbii Sərvətlər Nazirliyi tərəfindən yayımlanıb. Xəritədə həmçinin Cənubi Çin dənizinin böyük hissəsi də Çin ərazisi kimi göstərilib.

Xəritəyə ilk olaraq Hindistanın “Press Trust of India” nəşri diqqət yetirib. 2008-ci il müqaviləsinə əsasən, ada Rusiya və Çin arasında bölünməsinə baxmayaraq, Çin xəritəsində həmin ərazini özünə aid edib. Halbuki, Böyük Ussuriyski adasının şərq hissəsi təxminən 400 nəfər əhalisi olan Ussuriyski kəndi Xabarovsk şəhərinin hüdudlarına daxildir.

Çinin Rusiya adasının tamamına iddiası Moskvada geniş rezonansa səbəb olmayıb. Görünür, Moskvanın indiki həssas məqamda Pekinlə tərəfdaşlığa ehtiyac duyması xəritə məsələsini şişirtməməyi diqtə edir. Halbuki, rusiyalı ekspertlər arasında Çinin Rusiyanın Sibir bölgəsinə olan marağından narazılıq artır.

Hindistan isə xəritəyə seyrçi qalmayıb. Xəritədə Hindistanın Arunaçal-Pradeş əyaləti və sərhəd bölgəsi Aksai Çin də daxil edilib. Hindistanın Xarici İşlər Nazirliyi bununla bağlı Çin etirazını bildirib. “Hindistan Çinin ilk dəfə etdiyi bu cəhdi qəti şəkildə rədd edir. Arunaçal-Pradeş Hindistan ərazisinin ayrılmaz hissəsidir. Adların dəyişdirilməsi cəhdləri bu reallığı dəyişməyəcək”, – deyə Hindistan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Arindam Bağçi bildirib. Hindistanın xarici işlər naziri Subramanyam Cayşankar da sərt şəkildə etirazını səsləndirib. O yerli NDTV televiziya kanalına müsahibəsində deyib ki, xəritədə Hindistan ərazisinə iddia həmin ərazinin Çin ərazisi olması demək deyil. BRİCS təşkilatının Cənubi Afrika Respublikasında keçirilən son sammitində xəritə ilə bağlı etirazını Hindistanın baş naziri Narendra Modi Çin lideri Tsi Cinpinə də çatdırıb.

Çinlə Hindistan arasında sərhəd gərginliyi uzun onilliklərdir davam edir. İki ölkənin Himalay dağlarında demarkasiya edilmiş sərhədin olmaması zaman-zaman qarşıdurmalara səbəb olur. 1959-cu ildə Hindistan Çin tərəfinin Arunaçal-Pradeş əyalətinin bir hissəsini ələ keçirdiyini elan edib. 1962-ci ildə Hindistan-Çin silahlı qarşıdurması nəticəsində Hindistana məxsus təxminən 38 min kvadratmetr ərazi Çinin nəzarətinə keçib. 2020-ci ilin may ayında iki ölkənin sərhədindəki dağlıq Ladax bölgəsində ağır toqquşmalar baş verib. Hindistan və Çin əraziyə ağır artilleriya, tanklar və təyyarələr göndərib. Danışıqlar nəticəsində gərginlik nisbi azalsa da, sərhəd məsələsi çözülməmiş qalıb. Bəlkə elə buna görə Çin lideri Tsi Cinpin Hindistanda keçirilən “böyük iyirmilər”in toplantısına qatılmayıb.

Исследовательский центр "Атлас"

Böyüklər razılaşmanı necə əldə ediblər?

Hindistanın paytaxtı Yeni Dehlidə “böyük iyirmilər”in (G20) “Bir dünya, bir ailə, bir gələcək” adlı iki günlük sammitinin yekun bəyannaməsinin konsensus əsasında qəbulu toplantının uğuru sayıla bilər. Çünki Qərb ölkələri istənilən toplantıda Ukraynaya qarşı işğalçı müharibə aparan Rusiyaya qarşı sərt sənədin qəbuluna çalışırlar. “Böyük iyirmilər”də Rusiya təmsil olunduğundan bu ölkəni sərt tənqid edən sənədin qəbulu mümkün deyil. Ona görə də toplantıya ev sahibliyi edən Dehli tərəfdaşlarıyla birgə yekun bəyannamədə elə bir formul tapmalıydı ki, onu həm Qərb ölkələri, həm də Rusiya qəbul etsin. Hindistan yekun bəyannamədə inkişaf və geosiyasət məsələləri üzrə konsensusun əldə edilməsinə nail olub.

Liderlər Ukraynayla bağlı yekun bəyannamədə belə bir cümlənin qəbuluna razılaşıblar: “Böyük iyirmilərin” liderləri BMT Nizamnaməsinə riayət etməyə və nüvə silahının tətbiq edilməsindən çəkinməyə çağırış edib”. Yekun bəyannamədə Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsi barədə cümlə yoxdur. Bunun əvəzinə sənəddə vurğulanıb ki, müharibə insanlara əzab gətirib. Kimsə bu cümləyə etiraz etməyib. Maraqlıdır ki, “böyük iyirmilərin” İndoneziyanın Bali adasında keçirilən bundan əvvəlki toplantısında Qərb ölkələri Rusiyaya qarşı sərt bəyanatın qəbuluna çalışmışdılar. Bu səbəbdən həmin toplantı gərgin şəraitdə keçmişdi. Bu dəfə isə Qərb ölkələri vaxt itirməmək üçün Ukrayna məsələsinin üzərində xüsusi dayanmayıblar. Əks halda BRİCS (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikası) ölkələri onsuz da buna imkan verməyəcəkdi. Təsadüfi deyil ki, Hindistanın xarici işlər naziri Subramanyam Cayşankar Bali və Dehli bəyannamələri belə müqayisə edib: “Bali Balidir, Nyu-Dehli Nyu-Dehlidir. Bali bir il öncə olub, o zaman vəziyyət başqa olub. O zamandan çox şeylər baş verib”. “The Times of India” qəzetinin yazdığına görə, Ukrayna ilə bağlı ifadəni razılaşdırmaq üçün görüş iştirakçılarına 150 saat vaxt lazım olub. Ümumilikdə isə ekspertlər Hindistan sammitini təşkilatın tarixində ən çətin sammitlərindən biri kimi qiymətləndiriblər, yekun bəyannamənin razılaşdırılması təxminən iyirmi gün çəkib.

Hindistandakı toplantıda bir məsələyə də diqqət yetirilib və həmin yanaşma yekun bəyannamədə əksini tapıb: “G20 geosiyasi və təhlükəsizlik problemlərinin həlli üçün platforma deyil, hərçənd, bu problemlərin qlobal iqtisadiyyat üçün xeyli nəticələri ola bilər”. Bu cümləni Ukrayna ilə bağlı belə oxumaq olar: “Rusiya-Ukrayna müharibəsini müzakirə etməsək də, bu müharibə qlobal ərzaq və energetika təhlükəsizliyi, tədarüklər zənciri, makromaliyyə sabitliyi, inflyasiyalar üçün neqativ nəticələr yaradıb, bir sıra ölkələr üçün siyasi mühiti mürəkkəbləşdirib”. Bu səbəbdən “böyük iyirmilərin” toplantısında müharibə müzakirə edilmədən “taxıl sazişi” müzakirə predmeti olub. Bəyannamədə Ukrayna və Rusiyadan taxıl, ərzaq məhsulları və gübrələrin təhlükəsiz ixracı üzrə Qara dəniz təşəbbüsünün gerçəkləşdirilməsinə çağırış edilib. Sənəddə vurğulanıb ki, G20 liderləri Türkiyənin bununla bağlı təşəbbüsünü dəstəkləyir, həmçinin “Rusiya Federasiyası və Ukraynadan taxıl, ərzaq və gübrələrin dərhal və maneəsiz tədarükünü təmin etmək üçün tam, vaxtında və effektiv həyata keçirməyə” çağırırlar. Türkiyə Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğan taxıl müqaviləsi çərçivəsində Rusiyanın tələblərini nəzərə almağa çağırıb.

Geosiyasi məsələlərdə razılıq əldə etmək üçün günlər lazım olsa da, iqtisadi və ekoloji mövzularda razılıq əldə etmək çətin olmayıb. Bu mövzularda hamının qayğısı oxşardır. G20 ölkələri “qlobal ərzaq təhlükəsizliyini gücləndirmək” öhdəliyi barədə razılığa gəlib. “Böyük iyirmilər” açıq və ədalətli ticarəti təşviq etmək və ixrac qadağaları tətbiq etməməklə bağlı öhdəliklər götürüb. Bundan əlavə, G20 liderləri yekun sənəddə dünyada, xüsusən də aşağı və orta gəlirli ölkələr üçün etibarlı, yüksək keyfiyyətli vaksinlərə və dərmanlara bərabər çıxışın təmin edilməsinə çağırış ediblər, həmçinin müxtəlif ölkələrin səhiyyə sistemlərinin dayanıqlığının yüksəldilməsinin vacibliyini qeyd ediblər. Onlar həmçinin qadınların hüquqlarının müdafiəsi üzrə yeni işçi qrupunun yaradılması barədə də razılığa gəliblər.

Dehlidəki sammit çərçivəsində müxtəlif ikitərəfli və çoxtərəfli görüşlər də keçirilib. Misal üçün ABŞ, Avropa İttifaqı, Səudiyyə Ərəbistanı və Hindistan yeni Hindistan-Yaxın Şərq-Avropa iqtisadi dəhlizinin yaradılması haqqında razılığa gəliblər. Sənədə əsasən, əsas məqsəd iqtisadi inkişafı stimullaşdırmaqdır. Bundan başqa bu ölkələr Çinin “Bir yol, bir kəmər” layihəsinə alternativ layihə həyata keçirmək istəyilər. Həmin istiqamətin başlanğıcı Hindistan olmalıdır.

Исследовательский центр "Атлас"

О нас

Исследовательский центр «Атлас» был основан в Баку в 2003 году группой политологов. Возглавляет центр политолог Эльхан Сахиноглу.

Прилавок

Авторизоваться
Сегодня
Umumi 265073
ru_RURU