Месяц: Ноябрь 2023

Yaponiya 3 istiqamətdən təhlükə gözləyir

Tokio həyəcan içərisindədir. Yaponiyanın baş naziri Fumio Kisida bəyan edib ki, Yaponiya II Dünya müharibəsindən bəri ən böyük təhlükə ilə üzləşib. Yaponiyanın müharibədən sonrakı dövrdə ən ağır və çətin təhlükəsizlik vəziyyətində olduğunu deyən baş nazir təhlükənin 3 ünvanını göstərib: “Rusiya, Çin və Şimali Koreya”.

Tokionu narahat edən Rusiya və Çinin bombardmançı təyyarələrinin Yapon dənizi üzərində uçuşlarının və birgə hərbi təlimlərinin sayının artmasıdır. Buna görə də Fumio Kisida hərbi büdcənin artırılmasını və ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi üçün qətiyyətli tədbirlər görülməsini lazım bilib. Baş nazir deyib ki, mümkün hücumları dəf etmək üçün Yaponiya raketlər istehsal etməyə  başlayacaq. Yaponiyanın baş naziri mövcud durumdan o qədər narahat olub ki, ölkəsinin hərbi bazalarını şəxsən yoxlamaq qərarına gəlib.

ABŞ İkinci Dünya müharibəsində məğlub olan Yaponiyaya hərbi gücünü artırmağı qadağan etmişdi. Ancaq Vaşinqton dünyada baş verən son hadisələr – Rusiya-Ukrayna müharibəsi və Çinin hərbi gücünü artırması fonunda Yaponiyanın müdafiə qabiliyyətinin artırılmasını dəstəkləyib. Yaponiyanın hərbi gücünü artırmaqdan başqa seçimi qalmayıb. ABŞ Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Çarlz Braun Yaponiyaya səfər edərək iki ölkə arasında hərbi əməkdaşlığın genişləndirilməsi mövzularını müzakirə edib. Müzakirə zamanı 3 – Rusiya, Çin və Şimali Koreya istiqamətlərindən gələn təhlükələr müzakirə olunub.

Yaponiya 2022-ci ilin dekabr ayında milli təhlükəsizlik strategiyası qəbul edib. Həmin sənəddə Yaponiyanın real təhlükə qarşısında düşmənə əks-zərbə endirmək hüququ verilib. Yaponiyanın 2024-cü il hərbi büdcəsi 52 milyard dollar civarında nəzərdə tutulub. Bu əvvəlki hərbi büdcədən 12 faiz çoxdur. Ümumilikdə Yaponiya 4 il ərzində mdüfizə xərclərinə 315 milyard dollar xərcləməyi planlaşdırır. Yaponiya parlamenti büdcə xərclərini təsdiqləyəci halda bu ölkə ABŞ və Çindən sonra hərbi xərclərinə görə dünyada üçüncü sırada qərar tutacaq.

“Bloomberg” agentliyinin məlumatına görə, Yaponiya uzaq mənzilli raketlərlə yanaşı, hava-kosmik qüvvələrini formalaşdırmağa başlayacaq. Yaponiya ABŞ-dan  “Tomahawk” raketləri almağı planlaşdırır. Yaponiya Konstitusiyasının 9-cu naddəsinə görə, bu ölkəyə müharibə aparmaq qadağan edilir. Buna baxmayaraq, Rusiya və Çinin birgə hərbi təlimləri və Şimali Koreyanın raket proqramı Yaponiyanı müdafiə məqsədli hərbi gücünü artırmağı diqtə edir.

Исследовательский центр "Атлас"

Müharibə və dənizaltı tunelin tikintisi: İkisi bir arada mümkündürmü?

Rusiya-Ukrayna müharibəsinin soyuq aylarda mövqe döyüşlərinə keçəcəyi ehtimalı yüksəkdir, hər iki tərəf cəbhə bölgəsində mövqelərini gücləndirməyə çalışacaqlar. Çünki yeni hücumlar canlı qüvvənin daha böyük itkisi və hərbi texnikanın sıradan çıxması deməkdir. Qış aylarında mövqe döyüşləri davam etdikcə, tərəflər növbəti yay ayları üçün irəliləmək planlarını tərtib edəcəklər.

Gələn il Rusiya və Ukraynanı daha bir sınaq gözləyir, hər iki ölkədə prezident seçkisi keçirilməlidir. Rusiyada prezident seçkisində sürpriz gözlənilmir, Vladimir Putin rəqibləri üzərində qələbəyə əmindir. Ukraynada isə müharibə şəraitində seçkinin keçirilib-keçirilməyəcəyi, keçirilərsə, hazırki dövlət başçısı Volodimir Zelenskinin mövqeyinin qoruyub-qorumayacağı bəlli deyil. Buna baxmayaraq, prezident seçkilərinin müharibənin gedişatına çox da təsir edəcəyi proqnozlaşdırılmır.

Bu arada, “The Washington Post” qəzetində yayımlanan məqalədə maraqlı iddia ortaya atılıb. Qəzet məlumatlı mənbələrə istinadən Rusiya və Çinin birlikdə Krım yarımadasında dənizaltı tunelin tikintisinə başlamaq barədə razılıq əldə etdiklərini yazıb. Ukraynanın kəşfiyyat strrukturları Çinin dəmiryolu inşaat şirkətinin məktublarını ələ keçirməklə tunel tikintisi barədə məlumat əldə ediblər. Məlumata görə, Çin şirkəti dənizaltı tunel tikintisi üçün Rusiyadan sifariş alıb. Rusiya bu tunelin tikintisi üçün Çin şirkətinə 5 milyard dollar ödəyəcək. Maraqlıdır ki, Rusiya bu maliyyəni elə Çin banklarından birindən kredit götürməklə Çinin tikinti şirkətinə ödəyəcək. Bunun qarşılığında Çin həmin tuneldən istifadəyə görə gediş haqqı toplayacaq.

Rusiya və Çin arasında tunelin tikintisi ilə bağlı ilkin razılıq olsa da, bunun reallaşması indiki şərtlər altında mümkün deyil. Çünki Ukrayna ordusu Krım körpüsünü və körpünün ətrafını tez-tez raket atəşinə atəşə tutur, dorn hücumları həyata keçirir. Raket atəşləri altında dənizin altı ilə tunelin tikintisi mümkün deyil. Tunelin tikintisi üçün ya müharibə bitməlidir, ya da Ukraynanın körpünü dron və raket atəşinə tutması ehitmalı ortadan qaldırılmalıdır. Rusiya hələ ki, bunu bacarmır. Çin şirkəti gözləmə mövqeyindədir.

Bu arada, Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin Çinə səfər edərək, bu ölkənin lideri Tsi Cinpinlə görüşüb. Volodin görüşdən sonra deyib ki, Pekin Moskva ilə əməkdaşlığı dərinləşdirməkdə maraqlıdır. Rusiya 2014-cü ildən BRİKS (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikası) təşkilatına sədrlik edəcək. Cinpin bildirib ki, ölkəsi Rusiyanın sədrliyi müddətindəki fəaliyyətini dəstəkləyəcək. Cinpin hesab edir ki, iki ölkə arasındakı münasibətlər beynəlxalq aləmin mürəkkəb sınaqlarından keçib. Çin lideri yəqin onu nəzərdə tutub ki, ABŞ və müttəfiqləri Çin-Rusiya ittifaqını zəiflədə bilməyiblər. Rusiyanın müharibə apardığı bölgədə dənizaltı tunelin tikintisini Çinə tapşırması iki ölkə arasında münasibətlərin hazırki yüksək səviyyəsindən xəbər verir. Ancaq orası da var ki, Çin nə zamansa tunelin tikintisinə başlayarsa Krımın ilhaqına dəstək vermiş olacaq. Pekin Ukraynanın ərazi bütövlüyü əleyhinə bu addımı atarsa, Tayvan məsələsində mövqeyi zəifləyəcək.

Исследовательский центр "Атлас"

Hindistan estafeti Braziliyaya ötürdü

Böyük dövlətlər arasında mübarizə özünü “Böyük iyirmilər”in (G20) Hindistan paytaxtı Dehlidə keçirilən onlayn sammitində göstərdi. Hindistan Xarici İşlər Nazirliyinin sözçüsü Arindam Baqçi bildirmişdi ki, Dehli G20-nin onlayn sammitinə mümkün qədər çox liderin iştirakı üçün dəvətlər göndərib. Hindistanın baş naziri Narendra Modi sentyabrın 9-10-da Delhidə G20 sammiti zamanı noyabrda liderlərin bu dəfə virtual formatda görüşünün keçirilməsini təklif etmişdi.

Buna baxmayaraq, ABŞ prezidenti Cozef Bayden və Çin sədri Tsi Sinpin onlayn sammitində iştirak etmədilər. Cinpinin iştirakdan yayınması Çinlə Hindistan arasında sərhəd məsələslənin həll olunmamasıyla bağlıdır. İki ölkə arasındakı münasibətlərdə sualların sayı azalmayıb. ABŞ prezidenti Cozef Bayden isə Dehlidəki onlayn sammitdə iştirak etməsə də, Vaşinqton Hindistanla strateji əlaqələrə xüsusi əhəmiyyət verir. ABŞ Hindistana müxtəlif növ silah tədarükünü artırıb.

Rusiya prezidenti Vladimir Putin isə əksinə onlayn sammitə qatılaraq müxtəlif məsələlərlə bağlı fikirlərini bildirdi. Halbuki, Putin Dehlidə sentyabrda keçirilən sammitə qatılmamamışdı. Putin onlan sammitində hətta onu da bildirdi ki, o müharibələrin əleyhinədir, Ukrayna ilə danışıqların başlanılmasının tərəfdarıdır. Ancaq danışıqların başlaması üçün Rusiya ordusu Ukrayna ərazisini tərk etməlidir. Putin buna hazır deyil.

Narendra Modi qısa zaman kəsiyində Dehlidə iki sammit keçirməklə beynəlxalq aləmdəki problemlərinə həllində irəliləyişə ümid edirdi. Problemlər həll olunmasa da, fikir mübadiləsi davam edir. Ən mürəkkəb problemlərdən biri Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsinin davamıdır. Ancaq Dehlidəki sammitlərin yekun bəyanatlarında bu müharibəyə toxunulmadı. Bu ona görə baş vermədi ki, bəyyannmədə Rusiya-Ukrayna müharibəsiylə bağlı bəndin salınması liderlər arasında ciddi ixtilafa səbəb olacaqdı və bu halda yekun sənəd qəbul edilməyəcəkdi. Narendra Modi isə sammitin bu şəkildə yekunlaşmasını istəmirdi.

Hindistanın sədrliyi ilə 12-13 oktyabr tarixlərində Mərakeşdə “böyük iyirmilər”in maliyyə nazirlərinin və Mərkəzi Bank rəhbərlərinin görüşü də keçirilib. Liderlər beynəlxalq aləmdəki müharibə və gərginlikləri müzakirə etsələr də, dünya iqtisadiyyatını da unutmur, inflyasiya ilə mübarizənin vacibliyini nəzərə alırlar. İqtisadi sabitlik böyük dövlətlər üçün vacibdir. Təsadüfi deyil ki, Narendra Modi onlayn sammitdə çıxışında regional münaqişələr və Qəzzada müharibənin dayandırılmasıyla yanaşı dünya iqtisadiyyatının problemləri barədə də fikirlərini bildirib.

Gələn ildən “böyük iyirmilərə” Braziliya sədrlik edəcək. Braziliya də Hindistan kimi siyasi və iqtisadi çəkisini artırmağa çalışır.

Исследовательский центр "Атлас"

ABŞ-ın Yaxın Şərqdə əsas rəqibi kimdir?

Böyük dövlətlər Yaxın Şərqdə hazırki gərgin vəziyyətdən çıxış yolları axtarırlar. ABŞ-ın səyləri hələ ki, nəticə vermir, Rusiya Ukrayna müharibəsi fonunda Yaxın Şərqdəki hadisələrə müdaxilə edə bilmir. Türkiyənin İsrailə qarşı sərt mövqeyi ərəb ölkələri tərəfindən birmənalı qarşılanmır.

Bu arada, Çin Yaxın Şərq ölkələri ilə əlaqələrini genişləndirmək siyasətini davam etdirir. Çinin resurslara ehtiyacı var. Həmin resruslar hansı bölgədə varsa, Çin orada fəal siyasət yürütməyə çalışır. Pekin üçün belə bölgələrdən biri Yaxın Şərqdir. Pekin üçün Sakit Okean bölgəsindən sonra ikinci ən vacib bölgə Yaxın Şərqdir. Yaxın Şərq ölkələri Vaşinqtondan sonra Pekinlə sıx əməkdaşlığa üstünlük verirlər. Pekin Yaxın Şərqdə Amerika Birləşmiş Ştatlarının əsas rəqibinə çevrilib. Halbuki, “soyuq müharibə” illərində ABŞ-ın Yaxın Şərqdəki əsas rəqibi keçmiş SSRİ idi. Rusiya Yaxın Şərqdə SSRİ-ni əvəz etmək gücündə deyil. Rusiyanın gücü sadəcə, Suriyada Bəşər Əsəd rejimini dəstəkləməyə çatır.

Çin 2013-cü ildə “bir kəmər, bir yol” təşəbbüsü ilə çıxış edib. Çin Yaxın Şərqi bu təşəbbüsün bir parçası elan edib. Çində istehsal edilən məhsulların böyük qismi Süveyş kanalı üzərindən Avropa ölkələrinə daşınır. Çin neftə olan tələbatının yarısını Yaxın Şərqdən əldə edir.

Buna baxmayaraq, Yaxın Şərq ölkələrində Pekinin siyasətindən narazılıq artıb. “Bir kəmər, bir yol” təşəbbüsünün Yaxın Şərq ölkələrindən çox Çinə fayda gətirdiyini söyləyənlər var. Digər tərəfdən Çin bu ölkələrdə reallaşdırdığı layihələrə işçi qüvvəsini yerlilərdən yox, çinlilərdən formalaşdırır. Çin bu siyasətini başqa bölgələrdə də reallaşdırıb. Misal üçün Çinin Mərkəzi Asiya ölkələrindəki layihələrinin əksəriyyətində işçi qüvvəsi çinlilərdən formalaşdırılıb. Bu amil Mərkəzi Asiya ölkələrində də narazılıqla qarşılanır, bəzi hallarda işçilər arasında toqquşmalar qeydə alınır.

Çin bir ara İsraillə əməkdaşlığını genişləndirməyə çalışıb. Çin 5G sistemini İsraildə tətbiq etmək istədikdə Tel-Əviv Vaşinqtonun təzyiqi ilə pekinin təklifindən imtina etdi. Vaşinqton hesab edir ki, Pekin 5G sistemini müxtəlif ölkələrdə tətbiq etməklə ABŞ-a qarşı kəşfiyyat fəaliyyətini genişləndirməyə çalışır. İsraili və ABŞ-ı həm də o narahat edir ki, Çin İranla hərbi sahədə əməkdaşlığa maraq göstərir. Çinin İran ərazisində müxtəlif məqsədli hərbi bazalarının yaradılması imkanları Vaşintonda narahatlıqla qarşılanır. Vaşinqtonda düşünürlər ki, Pekin İranla müttəfiqliyi genişləndirməklə Əfqanıstan, Suriya və İraqda da fəallığını artırmağa çalışacaq.

Vaşinqton Pekinin bu planlarının qarşısını almaq üçün Dehli ilə hərtərəfli tərəfdaşlığını genişləndirməyə qərar verib. ABŞ dövlət katibi Entoni Blinkenin bir müddət əvvəl Hindistana səfəri bundan xəbər verir. Entoni Blinken Hindistanın baş naziri Narendra Modi ilə görüşdə qlobal çağırışlarla bağlı ortaq mövqelərini təsdiqləyiblər. Bu görüş zamanı ABŞ-ın “General Electric (GE) Aerospace” şirkəti ilə Hindistanın Hindustan “Aeronautics Limited” şirkəti arasında GE F-414 reaktiv mühərriklərinin Hindistanda istehsalına dair danışılqarın gedişi yüksək qiymətləndirilib.

Исследовательский центр "Атлас"

Alternativsizlik Şərq istiqamətini aktuallaşdırıb

Rusiya prezidentinin mətbuat katibi Dmirti Peskov son açıqlamalarından birində deyib ki, Rusiya xarici siyasətdə şərq istiqamətinə xüsusi əhəmiyyət verməyə başlayıb. Kremlin başqa alternativi qalmayıb. Ukrayna müharibəsinə görə Avropa ölkələri Rusiyadan üz döndəriblər. Ona görə də belə şəraitdə Kreml başqa alternativlər və bazarlar axtarmağa başlayıb.

Peskov şərq istiqaməti dedikdə ilk növbədə Rusiyanın Çinlə strateji əlaqələrini nəzərdə tutub. Rusiya prezidenti Vladimir Putin oktyabrın 17-də Pekində “bir kəmər, bir yol” forumuna qatılmışdı. Putin Ukraynaya qarşı müharibəyə başladıqdan sonra xarici ölkələrə səfər etmir. Putin Türkiyə Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın səfər dəvətindən son anda imtina etdi. Putin o ölkələrə səfər edir ki, Rusiyanın həmin ölkə ilə strateji əlaqələri üst səviyyədədir və özünün  təhlükəsizliyi yüksək səviyyədə qorunacağı vəd edilir. Buna görə də Putin son iki ildə bir neçə ölkəyə, o cümlədən Belarusa, Qazaxıstana və Çinə səfər edib. Putin Pekindəki forumda iştirak etməklə yanaşı Çin lideri Tsi Cinpinlə üz-üzə qapalı şəraitdə bir neçə saat ərzində fikir mübadiləsi aparıb. Müxtəlif ölkələrin ekspertləri iki liderin qapalı şəraitdə nələri müzakirə edə biləcəyini müəyyənləşdirməyə çalışıblar.

Birinci mövzu təbii ki, Rusiya və Çinin ümumi rəqibi – ABŞ-la mübarizə barədə olub. Moskva və Pekin birgə səylərlə beynəlxalq aləmdə ABŞ-ın hegemonluğuna son qoymağa çalışırlar. Bu məqsədlə Pekin və Moskva BRİKS (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikası) və Şanxay Əməkdaşlıq Təşkilatını gücləndirməyə və təşkilatlara üzvlərin sayını artırmağa qərar veriblər. Ancaq bu təşkilatlardakı üzvlərin heç də hamısı Moskva və Pekinin istəyi ilə Qərblə düşmən olmaq istəmirlər. Misal üçün Hindistan və Qazaxıstan ABŞ və Avropa İttifaqının müxtəlif ölkələri ilə ortaq layihələr reallaşdırmağa çalışırlar.

İkinci mövzu Rusiya və Çinin iqtisadi inteqrasiyasını gücləndirməkdir. Ancaq bu inteqrasiya Rusiyanın Çin bazarından asılılğına gətirib çıxarıb. Rusiya Avropaya saata bilmədiyi məhsulların tamamını Çinə yönəldib. Rusiya Çinə neft, qaz, taxta və əlvan metallar satır, əvəzində hazır məhsullar alır. Çinin isə Rusiyanın hazır məhsullarına ehtiyacı yoxdur. Çünki Rusiya iqtisadiyyatı enerji resurslarının istismarı üzərində formalaşıb. Çinin alıcılıq gücünün zəifləyəcəyi halda bunun Rusiya iqtisadiyyatına da məfi təsiri artacaq.

Üçüncü mövzu Çinlə Rusiya arasında hərbi əməkdaşlığın gücləndirilməsidir. İki ölkə il ərzində quruda və dənizdə müxtəlif birgə hərbi təlimlər keçirirlər. Pekin və Moskva bu təlimlərin üçüncü ölkələrə qarşı yönəlmədiyini söyləsələr də, Çinə qonşu olan ölkələr bu təlimlərin intensivliyindən narahatdırlar. Rusiya ilə Çin arasında birgə hərbi təlimlərin sayı artdıqca ABŞ, Hindistan, Avstraliya və Yaponiya kimi ölkələr də öz aralarında birgə hərbi təlimlərin sayını artırırlar.

Исследовательский центр "Атлас"

Bayden yenə işləri korladı

ABŞ prezidenti Co Baydenlə Cin lideri Tsi Cinpin arasında San-Fransisko şəhərində 4 saat çəkən görüşdə liderlər iki ölkə arasında gərginliyin azalmasına çalışıblar. “Çin və ABŞ arasında münaqişənin və qarşıdurmanın nəticələri hamı üçün dözülməz olacaq” – deyən Çin lideri böyük dövlətlər arasında dialoqun və anlaşmanın vacib olduğunu bildirib. Buna baxmayaraq, görüşdə bir sıra mövzuyla bağlı fikir ayrılıqları ortadan qaldırılmayıb.

“The New York Times” nəşrində yayımlanan məqalədə iki ölkənin nümayəndə heyətlərinin liderlərin müzakirə etdikləri mövzuları xüsusi seçdikləri yazılıb. Tsi Cinpin ABŞ-la gərginlikdə maraqlı olmadığını nümayiş etdirməyə çalışıb. Bunu görüşlərin statistikası da sübut edir. Cinpin Baydenlə bugünə qədər 7 dəfə görüşüb. Cinpin sonuncu dəfə ABŞ-a 6 il əvvəl Donald Trampın prezidentliyi dönəmində səfər etmişdi. Ancaq Cinpinin səylərinə baxmayaraq, bu illər ərzində iki ölkə arasındakı münasibətləri normallaşdırmaq mümkün olmayıb. Bunun obyektiv səbəbləri var. Buna baxmayaraq, iki ölkə lideri hərbçilər arasında təmasların bərpa olunması barədə razılaşma əldə ediblər. Bu dialoq keçmiş illərdə də olub, münasibətlər gərginləşəndən sonra kəsilib. İki ölkənin müdafiə nazirləri yenidən təmaslara başlayacaqlar. Bu təmaslar 2023-cü ilin fevralında ABŞ səmasında Çinin kəşfiyyat aerostatının vurulmasından sonra dayandırılmışdı.

Bayden Cinpinə deyib ki, ABŞ Ukraynaya maliyyə və hərbi dəstəyini davam etdirəcək. Əslində bununla Bayden Cinpin vasitəsilə Çin liderinin dostu Kreml sahibi Vladimir Putinə mesaj göndərib ki, Vaşinqton Ukraynaya dəstəkdən imtina etməyəcək. Çin lideri Rusiya-Ukrayna müharibəsinin davamının tərəfdarı olmasa da, müharibəni dayandırmaq məqsədilə Putinə təsir etmək fikrindən uzaqdır.

ABŞ-la Çinin Yaxın Şərqlə bağlı mövqeləri də o qədər oxşar deyil. Vaşinqton İsrailin terrorçularla mübarizə hüququnu dəstəkləyərkən, Pekin Qəzzada hərbi əməliyyatın dayandırılmasının tərəfdarıdır. San-Fransiskodakı görüşdə Tayvan mövzusu da müzakirə edilib. Vaşinqton “vahid Çin” konsepsiyasını tanısa da, Pekinin Tayvan adasını nəzarətə götürməsinin əleyhinədir. Cinpin üçün isə bu prinsipial məsələdir. Cinpin Baydenə deyib ki, ABŞ Tayvanı silahlandırmaqdan əl çəkməlidir. Vaşinqton bu siyasətindən imtina edən deyil. ABŞ Nümayəndələr Palatasının keçmiş sədri Nensi Pelosinin Tayvana səfəri də iki ölkə arasındakı münasibətləri xeyli gərginləşdirmişdi.

ABŞ və Çin liderlərinin San-Fransiskodakı görüşündə münasibətləri normallaşdıracaq irəliləyiş əldə olunmayıb. Hərbçilərin təmaslarını bərpa etmələri yeni mövzu deyil. Baydenin San-Fransisko görüşü ərəfəsində Cinpini yenə diktator adlandırması iki ölkə arasındakı münasibətlərin hazırki durumundan xəbər verir. “Cinpin həqiqətən diktatordur. O kommunist ölkəyə rəhbərlik edən tək şəxsdir, bunu inkar etmək mümkün deyil” deyən Bayden bu fikirləri Cinpinlə görüşdən sonra yenidən təkrarlayıb.  “Bloomberg” agentliyinin yayımladığı məqalədə Baydenin sözlərinin görüşdə əldə olunan nəticələrə gölgə saldığı yazıldı. Baydenin “diktator” ifadəsinə Çin Xarici İşlər Nazirliyi kəskin reaksiya verib. Çin Xarici İşlər Nazirliyinin açıqlamasında Baydenin sözləri məsuliyyətsiz adlandırılıb.

Исследовательский центр "Атлас"

Orban dostlarını özü seçir

Macarıstanın baş naziri Viktor Orban qeyri-adi siyasətçidir. Avropada bəziləri onu diktator adlandırsa da, Orban demokratik seçkilərdə qazandığı qəbələrlə hakimiyyətinin ömrünü uzatmağa müvəffəq olub.

Macarıstan Avropa İttifaqnın üzvü olsa da, Viktor Orban bir sıra hallarda Brüssellə kəsişən siyasət yürüdür və açıqlamalar verir. Misal üçün Orban Rusiya-Ukrayna müharibəsinin dayandırılması və danışıqlara başlanılmasının tərəfdarıdır. Orban zaman-zaman Ukraynanın siyasətini tənqid edir və Avropanın Ukraynaya dəstəyinin azaldılması tərəfdarı kimi çıxış edir. Viktor Orban eyni zamanda Rusiya prezidenti Vladimir Putinlə görüşən Avropanın tək lideridir. Avropa İttifaqına üzv olan dövlətlərin digər liderləri Rusiyanın Ukraynaya qarşı başladığı müharibədən sonra Kreml sahibi ilə görüşmür və Rusiya prezidentini ölkələrinə dəvət etmirlər. Viktor Orban Avropa İttifaqının Rusiya əleyhinə siyasəti ilə hesablaşmır. Viktor Orban sonuncu dəfə Putinlə Çində oktyabrın 17-də görüşüb. Orban Çində keçirilən “bir kəmər, bir yol” forumunda iştirak edirdi. Putinin özü də Viktor Orban haqqında müsbət fikirdədir. Çünki Orbandan başqa heç bir Qərb liderinin onunla görüşməməsini Putin nəzərə alır.

Viktor Orbanın Çinə münasibəti də müsbətdir. Macarıstanın baş naziri hesab edir ki, Çin potensialına görə 30 il ərzində ABŞ-a çatıb və bu dövləti ötməkdədir. Viktor Orban Çinin hamıdan güclü olduğunu iddia edib. Halbuki, bu iddia ilə razılaşmayanlar az deyil. Bir qrup iqtisadi ekspert hesab edir ki, Çinin iqtisadi artımı yavaşlayıb və iqtisadi islahatların tempi azalıb. Bu o deməkdir ki, yaxın gələcəkdə Çinin gəlirləri azalacaq. Ancaq bu Viktor Orbanı az narahat edir. Orban praqmatik siyasətçidir. Onun müxtəlif ölkələrlə formalaşdırdığı münasibətlər Macarıstan istisadiyyatının potensilanın artmasına xidmət edir. Ancaq məsələ burasındadır ki, Budapeşt eyni zamanda Brüsseldə qəbul edilən ortaq qərarlardan kənara çıxa bilmir. Misal üçün əgər Avropa İttifaqının Rusiya və Çinlə ticarətdə məhdudiyyətləri mövcuddursa, Macarıstan istəsə belə bu iki ölkə böyük layihələr reallaşdırmaqda çətinlik çəkəcək. Macarıstanın Türk Dövlətləri Təşkilatına müşahidəçi statusunda qatılması da Viktor Orbanın praqmatik maraqlara xidmət edir. Viktor Orban Azərbaycan və Mərkəzi Asiya ölkələrindən neft və qazın nəqlində maraqlıdır. Orban Türk Dövlətləri Təşkilatının Astanadakı toplantısına iki gün əvvəl gəlmişdi. Orbanın məqsədi enerji resursları ilə bol olan Qazaxıstanla ortaq layihələrin müzakirəsi idi.

Исследовательский центр "Атлас"

Prezidentliyə namizəd Rusiya ilə nəyin hesabına dostlaşmaq istəyir?

Rusiya-Ukrayna müharibəsinin uzanması böyük dövlətlərin narahatlığına səbəb olub. Qərbdə bu müharibədən yorğunluq hiss edilir. ABŞ və bir qrup Avropa ölkəsində Ukraynaya müharibənin ilk ilindəki qədər maliyyə və hərbi dəstək verilməsinin nə dərəcədə məqbul olması barədə müzakirələr başlayıb.

ABŞ-da gələn il prezident seçkisi keçiriləcək və prezidentliyə namizədlər arasında Rusiya-Ukrayna müharibəsi barədə fikir mübadiləsi davam edir, müxtəlif açıqlamalar verilir. Misal üçün Respublikaçılar Partiyasından prezidentliyə namizədliyini irəli sürməyə çalışan hind əsilli Vivek Ramasvami ABC televiziya kanalına müsahibəsində deyib ki, Birləşmiş Ştatlar diqqətini Çinlə qarşıdurmaya yönəltmək üçün Ukraynanı Rusiyaya “böyük güzəştlər” etməyə məcbur etməlidi”. O fikrini belə əsaslandırıb ki, Vaşinqton Ukraynada döyüşləri dinc şərtlərlə dayandırmalı, Rusiyaya ciddi güzəştlər edilməlidir. “Koreya müharibəsindən sonra imzalanmış atəşkəs sazişinə bənzər bir şəkildə nəzarət edilən ərazilərin dondurulmasına nail olmalıyıq” – deyən Ramasvami eyni mazanda Ukraynanın NATO-ya qəbul edilməsinin əleyhinədir. Ümumiyyətlə Ramasvami hesab edir ki, Ukrayna ABŞ üçün xarici siyasət prioriteti olmamalıdır. Onun fikrincə, Vaşinqton üçün əsas təhlükə Çin və Rusiya-Çin ittifaqıdır. Respublikaçı namizəd Rusiya və Çinin timsalında iki nüvə dövləti ilə mübarizənin çətin olacağı qənaətindədir.

Vivek Ramasvami “Sky News” televiziya kanalına müsahibəsində deyib ki, o prezident seçilərsə Vladimir Putinlə razılaşa biləcək. Yəni Ramasvaminin fikrincə, əgər Vaşinqton Ukraynanın NATO üzvlüyünü dəstəkləməsə Kreml Ukraynaya qarşı müharibəni dayandıracaq. Halbuki, müharibənin dayandırılması Ukraynanın öz ərazilərini itirməsi və ya işğalın dondurulmasıyla nəticələnəcək. Prezidenliyə iddialı olan namizəd Ukrayna torpaqlarının bir hissəsinin Rusiyaya güzəştə gedilməsi fikrinin tərəfdarıdır. Prezidentliyə namizədin açıqlamalarından belə çıxır ki, Putinlə münasibətləri normallaşdırmaqla bütün gücü Çinlə mübarizəyə yönəltmək lazımdır. Ancaq Rusiya ABŞ-la yaxınlaşmaq üçün Çinlə münasibətlərin gərginləşməsinə getməz.

Vaşinqton 1970-ci illərin ortalarında SSRİ və Çinlə mübarizədə ikinci ilə münasibətlərin normallaşmasına üstünlük verdi, bu dəfə isə tərsinə Rusiya ilə dostlaşıb Çinlə mübarizənin vacibliyi bildirilir. Vaşinqtonun Çinlə dostluğu uzun çəkmədiyi kimi Rusiya ilə dostluq ideyasının reallaşması da problematikdir.

Исследовательский центр "Атлас"

Panqolinlər münasibətlərdə yeni problem yaradıb

Vaşinqton Pekinlə mübarizədə bütün üsullardan istifadə etməyə çalışır. Halbuki, iki ölkənin lideri dialoq üçün imkan da axtarırlar. Buna baxmayaraq, ABŞ prezidenti Co Bayden Çin hakimiyyətinin 2023-cü ilin sonuna qədər panqolinləri nəsli kəsilməkdən qorumaq üçün “əhəmiyyətli öhdəliklər” götürmədiyi təqdirdə Çinə ticarət məhdudiyyətləri tətbiq edə biləcəyini söyləyib.

Panqolinlər dünyanın yeganə pullu məməliləridir, bu heyvan növü tez-tez ovlanır və qaçaqmalçılığa məruz qalır. Bu heyvan növünün nəsli kəsilmək üzrədir. Nəsli kəsilməkdə olan vəhşi fauna və flora növlərinin ticarəti müvafiq beynəlxalq konvensiya ilə qadağandır. ABŞ prezidenti isə hesab edir ki, qadağaya baxmayaraq, Çin panqolinin dünyada ən böyük idxalçısıdır. Panqolinlərin Çin bazarında satışına şərait yaradılıb. Pekin Baydenin ittihamlarını qəbul eməyib. Pekində hesab edirlər ki, Vaşinqton Çinin imicinə zərbə vurmağa çalışır. Beləliklə, panqolinlər mövzusu Vaşinqtonla Pekin arasında yeni gərginlik mövzusuna çevrilib.

Co Baydenin Pekinlə mübahisəsi keçmiş prezident Donald Trampın diqqət mərkəzindədir. Tramp Baydeni aşağılamaqda davam edir. Tramp Baydenin düşüncə tərzini 6 yaşlı uşağın düşüncə tərzindən geri qaldığını iddia edib. Tramp iddia edib ki, bu səbəbdən Moskva və Pekin Baydenə hörmət etmirlər.

Tramp Baydenin Rusiya və Çin siyasətini illərdir tənqid edir. Ancaq Trampın prezident olduğu illərdə Vaşinqtonun Moskva və Pekinlə münasibətləri indikindən çox da yaxşı deyildi. Çinə qarşı ticarət məhdudiyyətləri məhz Donald Trampın prezidentliyi dövründə tətbiq edilmişdi. Ancaq bu, ABŞ-da keçirilən rəy sorğularında Donald Trampın reytinqinin Co Baydenin reytinqini sürətlə üstələməsinə mane olmur.

Исследовательский центр "Атлас"

Müharibəni dayandıra biləcək dövlət hansıdır?

Böyük dövlətlər Yaxın Şərqdə müharibənin dayandırlması məqsədilə səylərini davam etdirirlər. Çünki davam edən müharibənin mənfi təsirini böyük dövlətlərin əksəriyyəti öz üzərində hiss edir. Mülki insanların ölümünü dayandırmağın yolları aranır.

Amerika Birləşmiş Ştatları İsrailin “Həməs”a qarşı savaşını haqlı saysa da, qruplaşmanın girovluğunda olan insanların azad olunması üçün formul axtarır. Vaşinqton girovların zərər görməməsi üçün İsrailin hücumlarına fasilə verməsi gərəkliyi qənaətindədir. İsrail hökuməti isə fərqli düşünür, baş nazir Benyamin Netanyahu müharibədə fasilənin “Həməs”in işinə yarıyacağını bildirib.

Pekin müharibənin dayandırılması məqsədilə beynəlxalq konfransın çağırılması ideyasını irəli sürüb. Pekin hesab edir ki, bu konfransda Fələstin məsələsi müzakirəyə çıxarılmalıdır. Pekin yeni təklifini bütün maraqlı tərəflərə təqdim edib. Çinin xarici işlər naziri Van Yi bu mövzuda ərəb dövlətlərinin xarici işlər nazirləri ilə müzakirələr aparıb. Pekin Qəzzanın bombalanmasından narahatlığını gizlətmir. Pekin son zamanlar ərəb ölkələri ilə təmaslarını genişləndirib. “New York Times” dərgisində yayımlanan məqalədə yazılıb ki, Çin Yaxın Şərqdəki müharibədə neytral siyasət yürütməyə çalışsa da, Pekin son zamanlar İsraili sərt tənqid etməyə başlayıb və bu siyasətində Kremllə eyni cərgədə dayanıb. Pekin Səudiyyə Ərəbistanını İranla barışdırdıqdan sonra İsraillə Fələstini də barışdırmaq istəyirdi. Ancaq bu alınmadı. İsrailin bundan sonra Pekinin vasitəçiliyini qəbul edəcəyi problematikdir. Pekinin Tehranla sıx əlaqələri və iki ölkə arasında artan ticarət də İsrailin narahatlığına səbəb olub.

Benyamin Netanyahu Vaşinqtonun “müharibəyə fasilə verin” təklifi ilə razılaşmadığı kimi Pekinin beynəlxalq konfrans təklifini də qəbul etməyəcək. Ümumiyyətlə İsrail hökuməti indiki vəziyyətdə Fələstinin dövlət kimi tanınması məsələsini müzakirə etmək istəmir. Çünki Tel-Əviv hesab edir ki, bu müzakirələrə razılaşsa İsrail zəif dövlət kimi görünəcək. Yəni “Həmas” İsrailə qarşı terror hücumu həyata keçirdi, İsrail dövləti Qəzzanın bombardmanından nəticə əldə etməyərək Fələstinin müstəqilliyinin tanınmasıyla bağlı masaya oturmağa məcbur qaldı. İsrail beynəlxalq aləmə belə bir görüntü vermək istəmir.

Buna baxmayaraq, İsrailin planlarına mane ola biləcək əsas dövlət ABŞ və Rusiya deyil, Çin ola bilər. Çünki Çin bu aydan başlayaraq BMT Təhlükəsizlik Şurasına sədrlik edəcək. Təhlükəsizlik Şurasının yaxın aylarda əsas mövzusu isə Yaxın Şərqdəki müharibənin dayandırlması olacaq. Çin BMT Təhlükəsizlik Şurasının sədri kimi İsraili durdurmağa çalışacaq. Pekin hesab edir ki, İsrail özünümüdafiə siyasətinin sərhədlərini aşıb. Pekinin bu çalışmalarına Təhlükəsizlik Şuranın digər daimi üzvü ABŞ mane olacaq. Vaşinqton hər nə qədər Yaxın Şərqdə müharibəyə fasilə verilməsinin tərəfdarı kimi çıxış etsə də, BMT Təhlükəsizlik Şurasında İsrail əleyhinə hər hansı sənədin qəbuluna imkan verməyəcək.

Исследовательский центр "Атлас"

О нас

Исследовательский центр «Атлас» был основан в Баку в 2003 году группой политологов. Возглавляет центр политолог Эльхан Сахиноглу.

Прилавок

Авторизоваться
Сегодня
Umumi 263863
ru_RURU