Месяц: Апрель 2024

Avropada casuslar ovu davam edir

Avropada növbəti casus qalmaqalı yaşanr. Avropa ölkələrində həm Rusiya, həm də Çin casusları yaxalanır. Moskva ilə yanaşı Pekinin də Avropa ölkələrində casus fəaliyyətini genişləndirməsi Brüsselin ciddi narahatlığına səbəb olub. Son aylarda, həm Böyük Britaniyada, həm də Almaniyada Çinə casusluq edən şəxslər həbs olunublar.

Çinə bağlı casuslar Böyük Britaniyada sənaye müəssisələrinə və kadameik mühitə müdaxilə edərək sirləri öyrənməyə çalışıblar. Casuslardan biri Böyük Britaniya parlamentinin xarici əlaqələr komitəsinin rəhbəri Alicia Kirnsin köməkçisi olub və əvvəllər hazırda təhlükəsizlik naziri olan Tom Tugendhat tərəfindən yaradılan nüfuzlu beyin mərkəzi olan Çin Araşdırma Qrupunda işləyib. Pekin Londonun iddialarını qəbul etməyib. Buna baxmayaraq, Böyük Britaniya hökuməti son üç ildə ilk dəfə olaraq Çin dövlətinə bağlı qurumlara qarşı sanksiyalar tətbiq etməyə qərar verib.

Bu arada, Almaniyanın daxili işlər naziri Nensi Faeser açıqlama verərək, “biz Çinin biznes, sənaye və elm sahələrində casusluğunun yaratdığı əhəmiyyətli təhlükənin fərqindəyik” cümləsini işlədib. Almaniyada həbs edilən casuslar hərbi məqsədlər üçün sənaye məlumatlarını toplamaqda ittiham olunurlar. Həbs orderində bildirilib ki, həbs edilən şəxslərdən biri Çinin Təhlükəsizlik Nazirliyinin – onun gizli polis xidmətinin agenti kimi fəaliyyət göstərirdi. Həmin şəxs Almaniyada hərbi məqsədlər üçün istifadə oluna biləcək innovativ texnologiyalar haqqında məlumat əldə etməkdə ittiham olunur.

Bu xəbər Almaniya kansleri Olaf Şolzun Çinə başa çatan səfərindən sonra yayıldı. Halbuki, Olaf Şolts Çin lideri Si Tsinpinlə iqtisadi əlaqələrin inkişafı mövzularında müzakirə aparmışdı. Ancaq Almaniyada casus qalmaqalı bu səfərin nəticələrinə mənfi təsir edib.

Casuslar Almaniyanın Düsseldorf şəhərində həbs olunublar. Onlar bu şəhərdə fəaliyyət göstərən elm və tədqiqat sektorları ilə əməkdaşlıq edirdilər. Digət tərəfdən həmin casuslar strateji sirlərin Çinə ötürülməsində Almaniya universitetlərinin imkanlarından da istifadə ediblər. Həmin universitetlərin Çin universitetləri ilə əməkdaşlıq müqavilələri mövcuddur.

Исследовательский центр "Атлас"

Mehriban düşmənlər arasında dialoq nəticə vermir

Vaşinqton Pekinlə dialoqu genişləndirib. Dövlət katibi Entoni Blinkenin Çinə bir neçə gün əvvəl səfəri bu dialoqun tərkib hissəsi sayıla bilər. Blinkenin 3 günlük səfəri Çinin Şanxay şəhərindən başlamı paytaxt Pekində davam etmişdi.

Blinkenin Pekindəki görüşdə səsləndirdiyi tələblər iki ölkə arasındakı münasibətlərin bugünkü gərgin xarakterini tərənnüm etdirib. Birincisi, Vaşinqton Pekindən Rusiyanın hərbi-sənaye kompleksinin fəaliyyəti üçün avadanlıq göndərməyi dayandırmağı tələb edib. İkincisi, Pekinin uyğurlara qarşı siyasəti Vaşinqtonu əvvəlkitək narahat edir. Üçüncüsü, Pekin Çin sahillərinə yaxın ticarət gəmilərinə maneələr yaratmamalıdır. Blinken Pekində Çinin də tələbini eşidib: “ABŞ Çinə aid olan Tayvan adasında hərbi dəstəkdən imtina etməlidir”.

Pekin Vaşinqtonun tələblərini yerinə yetirmədiyi kimi, Vaşinqton da Pekinin tələbini yerinə yetirməyəcək. Misal üçün ABŞ Konqresi Ukrayna və İsraillə yanaşı Tayvana da maliyyə yardımı ayırıb. Pekin Konqresin qərarını tənqid edib. Pekini ABŞ-ın Çin sahillərinə yaxın ərazidə keçirdiyi hərbi təlimlər də narahat edir. ABŞ Sakit və Hind okeanında bu təlimlər tərəfdaşları ilə birgə həyata keçirir. Bu təlimlərdə ABŞ-la yanaşı Filippin, Avstraliya, Yeni Zellandiya, Cənubi Koreya və Yaponiya da iştirak edirlər. Misal üçün ABŞ-ın Filippinlə aprel ayının son günlərində birgə başladığı hərbi təlimlər mayın 10-a qədər davam edəcək. “Balikatan” adlanan təlimlərdə 11 amerikalı, 5 min filippinli hərbçi iştirak edir. 14 ölkənin təmsilçisi hərbi təlimləri müşahidə edir.

Buna baxmayaraq, Pekin və Vaşinqton dialoqdan imtina etməməyə qərar veriblər. Ancaq bu dialoq iki ölkə arasındakı münasibətlərdə və bölgədəki gərginliyi azaltmır. Pentaqonun yayımladığı son hesabatda Çinin sualtı gəmilərinin Amerika sahillərinə yaxın üzdükləri bildirilib. Həmin gəmilər ABŞ-a məxsus Alyaska və Havay adalarına zərbə endirmək imkanına malikdirlər. Çinin sualtı gəmilərinin sayı yalnız Rusiya və ABŞ-dan geri qalır.

ABŞ-ın keçmiş prezidenti Donald Tramp Çinlə ticarətin məhdudlaşdırılması üçün sərt addımlar atmışdı. ABŞ-ın hazırki prezidenti Cozef Bayden bu siyasəti davam etdirir. Bayden aprel ayındakı qərarıyla Çindən polad və alüminium idxalına tarifləri 7.5 faizdən 22.5 faizə qədər artırıb. Bundan başqa Ağ Ev sahibi Pekinin gəmiqayırma, gəmiçilik və logistika sahəsindəki fəaliyyətini araşdırmağı tələb edib. ABŞ Konqresi isə Rusiya hərbi müəssisələri ilə əməkdaşlıq edən Çin şirkətlərini hədəf seçib. Rusiyaya köçürmələr həyata keçirən Çin bankları da nəzarət altındadırlar. Amerikada hesab edirlər ki, Çin Rusiyanın hərbi-sənaye kompleksini ayaqda tutmaq üçün dəstəyini əsirgəmir. Çin Rusiyaya dəzgahlar, yarımkeçiricilər və Moskvanın istədiyi digər ləvazimatları göndərir.  “The Financial Times” nəşrində yayımlanan məqalədə, Entoni Blinkenin Vaşinqtonun xəbərdarlığını bir daha Pekinin diqqətinə çatdırıb.

Blinkenin Çinə səfərinin başqa bir önəmli səbəbi var idi. CNN televiziya kanalının yaydığı məlumata görə, ABŞ dövlət katibi Çinə üç günlük səfərini başa vurarkən deyib ki, Çin prezidenti Si Cinpinin əvvəllər bunu etməyəcəyinə dair öhdəliyinə baxmayaraq, ABŞ Çinin qarşıdan gələn ABŞ seçkilərinə “təsir etmək və mübahisəli şəkildə müdaxilə etmək” cəhdlərinə dair sübutlar görüb. Blinkenin sözlərindən çıxan nəticə budur ki, Çin lideri Si Tsinpin seçkilərə qarışmayacağı barədə ABŞ prezidenti Cozef Baydenə şəxsən vəd verib. Blinken CNN kanalına müsahibəsində deyib ki, Çin rəsmilərinin verdikləri vədə Pekində əmin olmaq istəyirdi. Ancaq verilən vədlər Vaşinqtonun narahatlığını azaltmayıb. Çünki Kanada da Pekini seçkilərə müdaxilədə ittiham etmişdi.

Исследовательский центр "Атлас"

Mübarizə Aya keçib

ABŞ-la Çin arasında Ay uğrunda rəqabət güclənib. ABŞ-ın NASA Kosmik Agentliyinin rəhbəri Bill Nelson Aya astronavt göndərməyin sürətləndirilməsi vacibliyini bildirib. Onun fikrincə, ABŞ gecikərsə Çin NASA-nı qabaqlaya bilər. Çinin kosmik proqramı sürətlə həyata keçirilir. Çin son 10 ildə kosmik tədqiqatlar sahəsində xeyli irəliləyib. Çin hakimiyyəti kosmik tətqiqatlara böyük maliyyə ayırmaqdadır.

Bill Nelson ABŞ Konqresinin komitəsində çıxış edərkən bildirib ki, NASA “Artemis” proqramı əsasında amerikalı astronavtların Aya göndərilməsi proqramı üzərində çalışmalarını davam edir. Astronavtlar Ayın cənub hissəsinə enməlidirlər. Bu çox mürəkkəb layihə olduğundan maliyyənin artırılmasını tələb edir. Konqres məhz buna görə dinləmələr təşkil edib ki, Aya astonavtların göndərilib-göndərilməməsi məsələsini aydınlaşdırsın. Nelson Komitədəki çıxışı zamanı konqresmenlərə xatırladıb ki, layihənin maliyyələşməsi vaxtında həyata keçirilməsə və gecikmə baş verərsə, Çin NASA-nı qabaqlayacaq. Bill Nelson onu da deyib ki, Çinin kosmik proqramı hərbi xarakter daşıyır. Çin öz taykonavtlarını Aya 2030-cu ilə qədər göndərməyi planlaşdırır. Əgər Çin taykonavtlarını ABŞ astonavtlarından daha tez Aya göndərərsə, Aya enmə ərazisi Çinə məxsus olacaq.

Bu, NASA rəhbərinin Çinin kosmos missiyaları ilə bağlı narahatlığını ifadə etdiyi ilk hal deyil. O, keçən il bildirmişdi ki, ABŞ Müdafiə Nazirliyinin kosmos yarışı potensialını qiymətləndirən 196 səhifəlik hesabat dərc etdikdən sonra Yer üzündə ABŞ və Çin arasında geosiyasi gərginlik Aya qədər uzana bilər. “Çin peyk yoxlaması kimi proqramları inkişaf etdirir. Bu imkanların heç olmasa bəziləri silah kimi də fəaliyyət göstərə bilər”, – deyə hesabatda bildirilirdi.

“Soyuq müharibə” illərində kosmosda rəqabət ABŞ-la SSRİ arasında gedirdi. Kosmosa ilk peyk göndərən SSRİ olub, ilk kosmonavt da SSRİ vətəndaşı idi. ABŞ bu yarışda birinciliyi əldən versə də, Aya ilk astronavtı göndərən ölkə oldu. 20 iyul 1969-cu ildə Aya ayaq basan Neil Armstronqun sözləri tarixə düşdü: “bu insan üçün kiçik bir addım, bəşəriyyət üçün bir nəhəng sıçrayışdır”. SSRİ varisi kimi Rusiya kosmik proqramları davam etdirsə də, keçmiş illərdə olduğu kimi böyük layihələrə maliyyə ayıra bilmir. Bu səbəbdən hazırda kosmik tədqiqatlarda rəqabət ABŞ-la Çin arasında gedir.

Исследовательский центр "Атлас"

Avropa ədalətsiz rəqabətdən şikayətçidir

ABŞ və Avropa ölkələri hələ də Çini Rusiyaya təsir etməyə çağırırlar. Bu dövlətlər istəyirlər ki, Çin Rusiyanın Ukrayna müharibəsini dayandırmağa inandırsın. Pekin bu məsələdə fəal olmasa da, Avropa ölkələri səylərini davam etdirirlər. Almaniya kansleri Olaf Şolz bir müddət əvvəl Pekinə səfəri zamanı Çin lideri prezidenti Si Cinpindən Ukrayna münaqişəsinə son qoymaq üçün onun Kremlə təsir göstərməyi xahiş edib. Almaniya kansleri Çinin sözünün Rusiyada böyük əhəmiyyət kəsb etdiyi fikrini xatırladıb. Olaf Şolts 2024-cü ildə Çinə səfər edən ilk Qərb lideri olub.

Şolts Pekindəki görüşlərdə Çinin Ukrayna ilə bağlı yay aylarında İsveçrədə keçiriləcək sülh konfransında iştirakın vacibliyini bildirib. Pekin bu konfransda iştirak etmək istəmir. Pekinin mövqeyi belədir ki, sülh konfransında müxtəlif ölkələrlə yanaşı Rusiya da iştirak etməlidir. Ancaq indiki şərtlər altında bu mümkün deyil.

Almaniya kanslerinin Çinə səfərindən nəticəsiz qayıtması bir sıra Qərb mətbuatında tənqid olunub. Hesab edilib ki, Şoltsun Çinə səfəri Avropanın Pekinlə bağlı ümumi siyasətinə uyğun deyil. Halbuki, Çinə başqa Avropa liderləri də səfərlər edib və Pekinlə müzakirələr aparıblar.  Digər tərəfdən Almaniyanın böyük şirkətləri Çinlə əməkdaşlıqdan imtina etmək istəmirlər. Brüsselin mövqeyi fərqlidir. Brüssel hesab edir ki, Çin şirkətləri dövlətdən aldıqları dəstək sayəsində Avropadakı məhsullarını ucuz qiymətə sata bilirlər. Bu isə bərabər rəqabət imkanlarını mənfi təsir edir.

“Reuters” agentliyinin məlumatına görə, Pekin Berlinlə əməkdaşlığı inkişaf etdirmək istəyir. Çin lideri iki ölkənin ticarət mübadiləsinin tərəflərin maraqlarına cavab verdiyi qənaətindədir. Almaniya ilə Çin arasında əlaqələr Vaşinqtonda diqqətlə izlənilir. Almaniyanın özündə Çinin yerinə ABŞ-la ticarət əlaqələrinə əhəmiyyət verilməsini dəstəkləyənlər var.  Bu səbəbdən kansler Olaf Şolts Çinlə əməkdaşlıq mövzusunda Almaniya daxilindəki siyasi qüvvələr arasında balansı qorumağa çalışmalıdır.

“The New York Times” nəşrində yayımlanan məqalədə Almaniya istisadiyyatının tədricən Çindən asılılığının artdığı vurğulanıb və Pekin bundan öz məqsədləri üçün istifadə etməyə çalışır. Çin məhsulları Almaniya bazarında satılarkən, Almaniya məhsullarının Çin bazarında çətinlikləri var. Çünki dövlətin dəstəyi hesabına Çin məhsulları ucuzdur və belə bir rəqabət şəraitində Almaniya məhsullarının Çində satış imkanları məhduddur.

Исследовательский центр "Атлас"

Siam körfəzi yeni gərginlik mənbəyidir

Asiya və Sakit Okean bölgəsində vəziyyət gərgindir. ABŞ və onun bölgədəki müttəfiqləri Çinin artan hərbi gücündən narahatdırlar. Bu dövlətlər hesab edirlər ki, Çinin əsas hədəflərindən biri Tayvan adasını güc yolu ilə ələ keçirməkdir. Rusiya-Ukrayna müharibəsi və Yaxın Şərqdəki son gərginlik fonunda Asiya və Sakit Okeanı bölgəsində də müharibənin başlayaca biləcəyi ehtimalı irəli sürülür. Narahatlıq üçün başqa bir əsas da tapılıb. Çinin hərbi-dəniz qüvvələrinin qonşu Kambodcadakı “Ream” adlı bazasında gəmilərinin sayı artıb.

“The Washington Post” nəşrində bir müddət əvvəl yayımlanan məqalədə Çinin Kambocadakı “Ream” hərbi bazasının tikintisini sürətlə davam etdirdiyi yazılmışdı. Kamboca ilə razılaşdırılan tikinti gizli şəraitdə həyata keçirilib. Hərbi baza Siam körfəzinin sahilində yerləşir.

Vaşinqton hesab edir ki, Pekin gələcəkdə bu hərbi bazadan Tayvana qarşı həmlədə istifadə edə bilər. Bundan başqa Çin hərbi texnologiyaların inkişafına da diqqət ayırır, pilotsuz uçuş aparatlarının istehsalını genişləndirib. Çin nüvə başlıqlı raketlərin sayını da artırıb. Bütün bunların nəticəsi olaraq Hindistan, Yaponiya, Yeni Zellandiya, Avstraliya ABŞ və Böyük Britaniya ilə tərəfdaşlıq əlarələrini gücləndiriblər.

Çin Kambocada böyük kanalın tikintisini də həyata keçirir. Layihənin dəyəri 1.7 milyard dollardır. Bu layihə ABŞ-la yanaşı Çinə qonşu Vyetnamı da narahat edir. ABŞ və Vyetnam hesab edirlər ki, uzunluğu 180 kilometr olan “Texo Funan” kanalı ətraf mühitə mənfi təsir edəcək. Kanal Kamboca paytaxtı Pnompeni liman şəhəri Sianukvillə birləşdirəcək. Bu Kambocanın Vyetnam limanlarından asılığını azaldacaq.

Buna baxmayaraq, Vyetnam Kamboca rəhbərliyinə yeni kanalla bağlı narahatlığını bildirib. Yeni kanalın ekologiya ilə yanaşı Mekonq çayına mənfi təsir edəcəyi bildirilib. Buna görə də Vyetnam rəhbərliyi kanalın tikintisi ilə bağlı Kambocanın onunla məsləhətləşməsini istəyir. Vyetnamı və ABŞ narahat edən digər məqam hərbi gəmilərin həmin kanaldan keçərək Siam körfəzinə daxil olmaları perspektividir. Yəni hərbi gəmilər kanal vasitsəilə birbaşa “Ream” hərbi bazasına çıxış imkanı qazanacaqlar. Buna görə də həmin kanalın iqtisadi əhəmiyyətindən çox Çin üçün hərbi əhəmiyyətindən danışılır.

“Bloomberg” agentliyinin məlumatına görə, ABŞ-ın Pnompendəki səfirliyi Kamboca hökuməti ilə mövzu ilə bağlı sıx müzakirələr aparır. Vaşinqton kanalın tikintisi ilə bağlı şəffavlığın yaradılmasını istəyir.  Kamboca hökuməti narahatlıq üçün əsas görmdəyini açıqlayıb.

Исследовательский центр "Атлас"

Dərman bazarındakı liderin problemləri də çoxdur

Almaniya dərman bazarında əsas dövlətlərdən biridir. Bu dövlətin bazardakı əsas rəqibi Hindistandır. Ukrayna müharibəsi bu sahəyə də təsir edib. Hindistan Almaniyanı geridə qoyaraq Rusiyaya dərman tədarükçüsündə lider olub. Bu, 2023-cü ildə Hindistan ixracının 3% artaraq 293 milyon paketə çatması, Almaniyanın ixracının isə 20% azalması ilə bağlıdır.

“Dünyanın əczaxanası” statusunu daşıyan Hindistanın dünya əczaçılıq sənayesində əsas oyunçu sayılır. Hindistan 2023-cü ildə 25 milyard dollardan çox əczaçılıq məhsulu ixrac edərək dünyanın ən böyük tədarükçüsü kimi mövqeyini möhkəmləndirib. Bu dünyada ixrac edilən ümumi dərmanların 20%-ni təşkil edir. Bu sektor Hindistanın ümumi ixracının əhəmiyyətli hissəsini (5,71%) təşkil edir. Hindistanda dərman istehsalıyla məşğul olan şirkətlərin sayı 12 mindir. Hindistan 200-dən çox ölkəyə dərman ixrac edir. Bu dövlət eyni zamanda ABŞ və Böyük Britaniya üçün dərmanların əhəmiyyətli hissəsini təmin edən vaksinlərin mühüm tədarükçüsüdür.

Hindistan dünya dərman bazarında lider rolunu bir neçə faktorla əlaqələndirmək olar. Birincisi, Hindistan beynəlxalq təşkilatların müəyyən etdiyi yüksək standartlara cavab verən qurğularla əczaçılıq istehsalı üçün güclü infrastruktura malikdir. İkincisi, Hindistan dərman istehsalında ucuz işçi qüvvəsindən istifadə edir. Bu dərman qiymətlərinin qiymətlərin ucuz olmasına təsir edir. Üçüncüsü, Hindistanda tədqiqatların maliyyəsi də aşağıdır. Hindistanın 7 əczaçılıq şirkəti gəlirlərinə görə qlobal miqyasda ilk 100-lükdə yer alır.

 

Hindistan əczaçılıqdan başqa, peyvənd istehsalında da liderdir. O, qlobal istehsalın 60%-ni təşkil edən dünyanın ən böyük peyvənd istehsalçısıdır və münasib qiymətə vaksinlərin əsas tədarükçüsüdür. Hindistan eyni zamanda qlobal bazarın həcminə görə 20% paya sahib olmaqla, dünyanın ən böyük ümumi dərman tədarükçüsüdür. Əzcazçılıq dövlətə böyük gəlir gətirdiyindən Hindistan hökuməti bu sahəyə yatırımları artırıb. Bundan başqa hökumət əzcazçılıq sahəsinə aid konfrans və sərgilərin keçirilməsinə də maliyyə ayırır.

Buna baxmayaraq, dərman idxal edən dövlətlərin aldığı məhsulların yoxlanışına çox vaxt ayırması Hindistanın dərman ixraçatçılarına əlavə problemlər yaradıb. Yoxlamalar çox vaxt uzun və mürəkkəb təsdiq proseslərini əhatə edir, bu isə ixracatçılar üçün gecikmələrə və əhəmiyyətli xərclərə səbəb olur. Başqa bir narahatlıq saxtakarlıq təhlükəsi və əqli mülkiyyətin zəif qorunmasıdır. Bu, Hindistan istehsalı olan dərmanların reputasiyasına xələl gətirir və sağlamlıq üçün risklər yaradır. Daim dəyişən beynəlxalq tənzimləmə mənzərəsi də uyğunluq yükünü artıraraq daimi monitorinq və düzəlişlər tələb edir. Bu problemlərin həlli üçün hərtərəfli strategiya mütləqdir.

Beləliklə, Hindistan əczaçılıq sənayesi yol ayrıcındadır. Bu sahənin inkişaf potensialı var, ancaq onun qarşısında mühüm problemlər də dayanır. Sənayenin gələcək uğuru bu problemlərin effektiv həllindən, xüsusən də keyfiyyətə nəzarət və normativlərə uyğunluqdan asılıdır.

Исследовательский центр "Атлас"

Husilər geri çəkilmirlər

“Bloomberg” agentliyinin məlumatına görə, ABŞ və müttəfiqləri Qırmızı dənizdə husilərə qarşı mübarizədə istədikləri uğuru qazana bilmirlər. Husilərin mövqelərinin raket atəşinə tutulması nəticə vermir. Buna baxmayaraq, ABŞ-ın Qırmızı dənizdəki qüvvələrinin komandanı Mark Miqesin sözlərinə görə, hüsilərin imkanları bir qədər azalıb. Ancaq amerikalı admiral ticarət gəmilərinin nə zaman Qırmızı dənizdə rahat üzəcəyinə dair konkret fikir söyləyə bilməyib. Husilər itkilərinin yerini qısa zamanda doldururlar.

İran husilərə dəstəyini davam etdirir. ABŞ-ın husilərin əlində nə qədər silah olmasına dair məlumatı yoxdur. Digər tərəfdən ABŞ husilərlə mübarizəyə kifayət qədər böyük maliyyə xərcləmək məcburiyyətindədir. ABŞ-ın “Eyzenhauer” təyyarə daşıyan gəmisi Qırmızı dənizi tərk edə bilmir. Husilər ticarət gəmilərinə raketlərlə yanaşı dron hücumları da təşkil edirlər. Ticarət gəmilərin əksəriyyəti bu təhlükəyə görə əvvəlkitək Qırmızı dənizdən yan keçməyə çalışırlar. Halbuki, dünya ticarətinin 15 faizi Qırmızı dəniz üzərindən həyata keçirilirdi. Süveyş kanalından istifadə xeyli azalıb.

Bu arada, “Politico” nəşri Çinin husiləri dolayı yollarla maliyyələşdirdiyinə dair məqalə yayımlayıb. İran öz neftinin 90 fazini Çinə satır. Burdan əldə edilə gəlirin bir hissəsi isə İslam Keşikçiləri Korpusunun “Qüds” qruplaşmasına çatır ki, onlar bu bu pulla hüsiləri silahlandırırlar. Əslində husilərin dəstəklənməsi Çinin də maraqlarına uyğun deyil. Çünki husilərin Qırmızı dənizdə ticarət gəmilərinə hücumları Çinin dünya ölkələri ilə apardığı ticarətə mənfi təsir edir. Çin gəmiləri Qırmızı dənizdən yan keçməklə uzun məsafəni seçdiklərinə görə məhsulların qiyməti qalxıb. Buna baxmayaraq, Pekin husilərə dəstək məsələsində Tehrana təzyiq etmir. Pekinin Tehrandan yeganə xahişi husilərin Çin gəmilərinə hücumlardan çəkindirməkdir. “Boomberg” agentliyinin məlumatına görə, Rusiya və Çinin İran üzərindən husilərlə şifahi razılaşması var ki, qruplaşma Qırmızı dənizdə Rusiya və Çinə məxsus gəmilərə hücum etməsinlər. Ancaq bır sıra hallarda husilər gəmilərin hansı dövlətə məxsus olduğunu müəyyənləşdirmıdən həmin gəmilərə zərbələr endirirlər. Husilər yanlış olaraq bir neçə dəfə Rusiya və Çin gəmilərinə raket atıblar. Ona görə Qırmızı dəniz hətta Rusiya və Çin gəmiləri üçün də təhlükəlidir. Buna baxmayaraq, Moskva və Pekinin husilərə qarşı mübarizə aparmaq fikri yoxdur.

Исследовательский центр "Атлас"

İtaliya müqavimət göstərir

Çin iqtisadi artım templərinin yavaşlaması və daşınmaz əmlak sektorunda yaranan problemlərlə mübarizəni davam etdirir. Çin iqtisadiyyatında mövcud problemlər Avropa ölkələrində də müzakirə olunur. İtaliya parlamentində bir müddət əvvəl  “İtaliya, Avropa və Çin: Akademik təsirlər və İqtisadi balanssızlıqlar” mövzusunda konfrans keçirilib. Roma bu mövzuya daha çox diqqət yetirməyə başlayıb. Məsələ burasındadır ki, İtaliya hökuməti Pekinin “Bir kəmər, bir yol” təşəbübbsünü tərk etdiyini açıqlayıb. Halbuki, Pekinlə Roma arasında 2019-cu ildə anlaşma memorandumu imzalanmışdı.  Çinin təsirinin azaldılması İtaliyanın mühafizəkar baş naziri Meloninin hədəflərindən biridir. 

Buna baxmayaraq, Pekin təslim olmaq istəmir. Pekin İtaliya infrastrukturuna nəzarət etmək üçün cəhdlərini davam etdirir. Romada keçirilən konfransda Pekinin bu cəhdləri müzakirə edilib. Konfrans iştirakçıları Çinin İtaliyanın tədqiqat və akademik dairələrinə nüfuz etmək cəhdlərinə diqqət yetiriblər. Çin İtaliya infrastrukturuna, xüsusən də limanlara yatırımlar qoymaq istəyir. Roma əvvəlcə buna müsbət yanaşmışdı, ancaq sonrakı illərdə bu yatırımların İtaliya təhlükəsizliyinə təhdid edəcəyi qənaətinə gəlinildi. Çin şirkətləri İtaliyanın qaz və elektrik paylayıcı şirkətlərində pay sahibi olmağa çalışırlar.

Konfransda Çinin İtaliyada 12 Konfutsi İnstitutunun fəaliyyət göstərdiyi, orta məktəblərdə Çin dili müəllimlərinin işlədiyini və hamısının Çin hökuməti tərəfindən maliyyələşdirildiyinə diqqət çəkilib. Konfrans iştirakçıları bunu Çinin yumşaq gücü kimi dəyərləndiriblər. Çin təhsildən təbliğat və siyasi gündəmini inkişaf etdirmək məqsədilə istifadə edir. Hesab edilib ki, Çinin nüfuz etdiyi İtaliya Universitetlərində müasir texnologiyaları izləmək və onları gizli üsullarla əldə etmək vasitəsi kimi texniki əməkdaşlıqla məşğuldur.

Romadakı konfransda çıxış edən İtaliya xarici işlər nazirinin keçmiş müavini və parlamentin üzvü Gianni Vernetti Çinin qlobal şəbəkə yaratmaq cəhdlərinə diqqəti çəkib. Vernetti misal olaraq Maldiv adalarını göstərib. İtaliyalı diplomatın qənaətinə görə, Maldiv adaları Çin sərmayələrindən asılı vəziyyətə düşüb və bununla siyasi gələcəyini təhlükəyə altına atıb.

Konfransda danışılanlara baxmayaraq, İtaliya ucuz işçi qüvvəsi kimi Çin vətəndaşlarından istifadə edir. Covid-19 pandemiyası məhz çinli işçilər tərəfindən İtaliyada sürətlə yayıldı və minlərlə insanın ölümünə səbəb oldu. Məlum oldu ki, geyim paytaxtı sayılan Milanda tikiş fabriklərində işləyənlərin əksəriyyəti çinlilərdir. Həmin fabriklər çinlilərdən ucuz işçi qüvvəsi kimi istifadə edib. Həmin çinlilər isə ölkələrindən tətildən qayıdarkən pandemiyanın da yayılmasına səbəb oldular.

Исследовательский центр "Атлас"

İttifaqa yeni üzv qəbul olunub

ABŞ prezidenti Cozef Bayden aprelin 10-da Vaşinqtonda Yaponiyanın baş naziri Fumio Kisida ilə görüşdə iki ölkə arasında iqtisadi və hərbi əlaqələrin gücləndirilməsi mövzularını müzakirə edib. Bu Yaponiya baş nazirinin son 9 ildə ABŞ-a ilk rəsmi səfəri idi. Fumio Kisidanın Vaşinqtona səfərinin əsas məqsədi Yaponiyanın AUKUS (Avstraliya, Böyük Britaniya və ABŞ) ittifaqına daxil olmasıdır.

Tokio Yaponiyaya qonşu olan 3 dövlətin – Çin, Şimali Koreya və Rusiyanın regional siyasətindən narahatlığını gizlətmir. Buna görə də Fumio Kisida ölkəsinin təhlükəsizlik təminatının gücləndirilməsinə çalışır. Bunun yolu isə Yaponiyanın ABŞ-la hərbi ittifaqını gücləndirməsindən keçir. Digər tərəfdən Tokio bu il ABŞ-da prezident seçkisinin nəticələrindən narahatdır. Tokioda hesab edirlər ki, Donald Tramp qələbə qazanarsa, bu Amerikanın Yaponiyanın təhlükəsizliyinə marağın azalmasına səbəb ola bilər. Buna görə də Tokio indidən Vaşinqtonla razılaşmalar əldə etməyə çalışır ki, Tramp prezident olsa belə həmin razılaşmalardan imtina edə bilməsin. Tokio ABŞ Konqresində də lobbi fəaliyyətini gücləndirib. Respublikaçılar və Demokratlar Partiyası Yaponiyaya dəstəyin artırılmasının əleyhinə deyillər. Bu mənada Tramp prezident seçilərsə və Tokioya dəstəyi azaltmağı planlaşdırarsa, Konqres bunun əleyhinə çıxacaq.

Yaponiyada nəşr olunan “Japan Times” qəzetinin yazdığına görə, Tokio Asiyada balansın tədricən Çinin xeyrinə dəyişdiyini müşahidə edir. Bu Tokionin narahatlığını daha da artırıb. Çin Yaponiya ilə hesablaşmır. Tokio Çinin kiberhücumlarından da əziyyət çəkir. Yaponiyanın hərbi gücü Çini qorxutmur. ABŞ-ın Yaponiyada hərbi bazaları mövduddur. Tokio Yaponiya ordusunun həmin bazalardakı amerikalı hərbçilərlə sıx əməkdaşlığın artırılmasını istəyir. İki ölkə arasında hərbi texnikanın birgə istehsalı da müzakirə predmetidir. ABŞ Yaponiyaya “Patriot” raketlərini satmağı planlaşdırır.

Beləliklə, Yaponiya İkinci Dünya müharibəsindən sonra təhlükəsizlik siyasətini gücləndirməyə qərar verib. Yaponiya büdcəsinin hərbi xərcləri artırılacaq. ABŞ İkinci Dünya müharibəsində məğlub olan Yaponiyaya güclü ordu saxlamaq və təhlükəsizliyə böyük maliyyə xərcləməyi qadağan etmişdi. Ancaq hazırda dünyada baş verənlərdən, o cümlədən Çin, Rusiya və Şimali Koreyanın bölgə üçün yaratdığı təhlükələrdən çıxış edən Vaşinqtonun özü Yaponiyaya ordusunu gücləndirməyə və təhlükəsizlik sisteminə daha çox maliyyə xərcləməyi məsləhət görüb.

Исследовательский центр "Атлас"

Moskva Pekinin vasitəçi olmasını istəyir

Rusiya xarici işlər naziri Sergey Lavrovun Pekinə səfəri iki ölkə arasında bu il planlaşdırılan sammitin hazırlıqları ilə bağlı idi. Bununla yanaşı Lavrov çinli həmkarı Van Yi ilə Ukrayna böhranını da müzakirə edib. Məlumdur ki, Ukrayna prezidenti Volodimir Zelenskinin təşəbbüsü ilə iyun ayında İsveçrədə “sülh forumu” keçiriləcək. Tədbirə 100-ə yaxın dövlətin təmsilçisinin qatılacağı planlaşdırılır. Kreml “sülh forumu” təklifinə qarşı Pekinlə birgə hərəkət etmək istəyir. Çin Kiyevin təklif etdiyi “sülh forumu” tədbirində iştirak etməyəcək, Pekinin mövqeyi belədir ki, Rusiyanın iştirak etmədiyi tədbir mənasızdır. Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Çinin qonşusu Hindistanın İsveçrədəki toplantıya qatılması məqsədilə Dehliyə səfər etmişdi. Pekindən fərqli olaraq Dehli İsveçrədəki tədbirdə iştirak edib-etməməklə bağlı qərar verməyib. Dehli Ukraynanın ərazi bütövlüyünü dəstəkləsə də, İsveçrədəki tədbirdə iştirak etməklə Moskva ilə münasibətlərini gərginləşdirmək istəmir.  

Pekin bir müddət əvvəl Rusiya-Ukrayna müharibəsini dayandırmaq üçün Moskva və Kiyevə 12 maddəlik təkliflər paketini göndərmişdi. Kiyev Pekinin təklifinə razılaşmadı. Qərb ölkələri də Pekinin təkliflərinin əleyhinə çıxdılar. Çünki həmin təkliflərdə Rusiya ordusunun işğal altındakı əraziləri tərk etməsi barədə bənd yox idi. Bundan başqa təkliflər içərisində Ruisyaya qarşı sanksiyaların ləğv tələb olunurdu. Moskva Pekinin yenidən fəallaşmasını istəyir. Bu yolla Moskva Pekinin Kiyevin “sülh forumuna” platformasına alternativ olacağını düşünür. Əslində ABŞ və Avropa İttifaqı da Çinin fəallığının əleyhinə deyil, sadəcə Vaşinqton və Brüsselin istəyi Pekinin Moskvanı işğaldan imtina etməyə inandırmaqdır. Ancaq Pekin işğala etiraz etmir. Pekin eyni zamanda mövzu ilə bağlı Qərb ölkələri ilə dialoqunu davam etdirir.

“Reuters” agentliyinin məlumatına görə, Rusiya prezidenti Vladimir Putin may ayında Çinə səfər edəcək. Pekində görüşlə zamanı Ukrayna müharibəsi ilə yanaşı Asiya və Sakit oken bölgəsindəki durum da müzakirə ediləcək. Kreml Çinin Asiya və Sakit okean bölgəsində artan hərbi rolunu dəstəkləyir. Bu ittifaq bölgə ölkələrini narahat edir.

Исследовательский центр "Атлас"  

О нас

Исследовательский центр «Атлас» был основан в Баку в 2003 году группой политологов. Возглавляет центр политолог Эльхан Сахиноглу.

Прилавок

Авторизоваться
Сегодня
Umumi 255640
ru_RURU