Месяц: Июнь 2024

Dehli Körfəzə yönəlib

Hindistan Körfəz ölkələri ilə strateji tərəfdaşlığı gücləndirib. Bu bölgə uğrunda rəqabətdə Hindistan Çindən geri qalmaq istəmir. Hindistanın baş naziri Narendra Modinin Birləşmiş Ərəb Əmirliklərinə və Qətərə səfəri zamanı Körfəz siyasətinin onun üçün prioritet olduğunu nümayiş etdirib. Modinin üçüncü dəfə baş nazir seçilməsindən sonra onun bu siyasətə üstünlük verəcəyi ehtimalı yüksəkdir. Çünki Çin lideri Si Cinpin Yaxın Şərq siyasətində nə qədər fəaldırsa, Narendra Modi də bu bölgədə fəallığını azaltmamalıdır.

Modi 2014-cü ildə vəzifəyə gəldikdən sonra Hindistanın Körfəz ölkələri ilə əlaqələri dəyişib. Tərəflər arasında münasibətlər enerji, ticarət və hindistanlı işçilərdən (bölgə ölkələrində yaşayan və çalışan təxminən 9 milyona yaxın hindli əlaqələrin möhkəmlənməsində əhəmiyyətli rol oynayır) siyasi əlaqələrə, investisiyalara, müdafiə və təhlükəsizlik əməkdaşlığına qədər inkişaf edib. Hindistan varlı Körfəz ölkələrinin yatırımlarını cəlb etməyə çalışır. Səudiyyə Ərəbistanı gələcək illərdə Hindistana təxminən 100 milyard dollar, Birləşmiş Ərəb Əmirlikləri isə 75 milyard dollar həcmində yatırım qoymağı planlaşdırır. Müxtəlif ortaq layihələr reallaşdırılacaq. Qətərin də Hindistana yatırmları artıb.

Küveyt, Bəhreyn, Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Omandan formalaşan Körfəz Əməkdaşlıq Şurası (GCC) Hindistanın ən böyük regional ticarət tərəfdaşıdır. Körfəz Əməkdaşlıq Şurası ilə ticarət, 2022-23-cü maliyyə ilində Hindistanın ümumi ticarətinin 15,8%-ni, Avropa İttifaqı ilə ümumi ticarətin 11,6%-ni təşkil edib. Birləşmiş Ərəb Əmirlikləri ardıcıl olaraq Körfəzdə Hindistanın əsas ticarət tərəfdaşıdır, Səudiyyə Ərəbistanı isə dördüncü yerdədir.

Hindistanın Körfəz ölkələri ilə enerji əməkdaşlığı da üst səviyyədədir. Doğrudur, Rusiyanın 2022-ci ildə Ukraynaya təcavüzündən sonra Hindistanın Körfəzin enerji asılılığı azalıb. Dehli bir müddət Rusiyadan ucuz neft alıb. Bununla belə, Rusiyadan neft idxalı 2023-24-cü illərdə azaldığından Hindistanın yenidən Körfəz neftinə üstünlük verməyə başlayıb. Yaxın Şərq neftinin Hindistana tədarük səviyyəsinin orta müddətli perspektivdə yüksəlməsi ehtimalı var.

Bu arada, Dünya Bankı Hindistanın 2024-cü ildə qlobal miqyasda ən sürətlə böyüyən iqtisadiyyat kimi qiymətləndirib. Dünya Bankının proqnozları ilə Hindistan investisiya etmək üçün “mükəmməl” inkişaf etməkdə olan bazar adlandırıb. Dünya Bankı aprel ayında Hindistanın ÜDM artımı ilə bağlı proqnozunu cari maliyyə ili üçün 20 əsas bənd artıraraq 6,6 faizə çatdırıb.

Исследовательский центр "Атлас"

 

Qərbin nüfuzu ərəb dünyasında azalıb

Çin-Ərəb Dövlətləri Əməkdaşlıq Forumunun (CASCF) onuncu sessiyası Pekinin artan nüfuzunu və Qərbin ərəb dünyasında təsirinin azaldığını göstərib. Çin Qərbin çoxdan geri çəkildiyi bir neçə ərəb dövləti ilə iş ortaqlığını gücləndirib. Pekin  qarşıdakı 11 il ərzində iqtisadi artım baxımından bütün rəqiblərini geridə qoya bilər.

Çin lideri Tsi Cinpinin Çin-Ərəb Dövlətləri Əməkdaşlıq Forumu vasitəsilə 22 ərəb dövlətinin lideri ilə iqtisadi əməkdaşlıq, terrorizmlə mübarizə, iqlim dəyişikliyi ilə bağlı məsələləri müzakirə edib. Çin lideri forumda çıxış edərkən ərəb dostları ilə qarşılıqlı əməkdaşlığın faydalı olacağını vurğulamaqla yanaşı, bunun tərəflər üçün “qazan-qazan” strategiyasına uyğun gələcəyini bildirib. Ərəb Dövlətləri Liqasının baş katibi Əhməd Əbul Qeyt deyib ki, “bu forumun yaradılmasından əvvəl tərəflər arasında ticarətin həcmi ildə 36 milyard dolları ötmürdü. 2023-cü ildə isə Çinlə ərəb dövlətləri arasında ticarət mübadiləsinin həcmi 400 milyard dollar olub. Bu Çin-Ərəb Dövlətləri Əməkdaşlıq Forumunun əhəmiyyətini göstərir”. Pekin forumdan istifadə edərək Fələstinin müstəqilliyinə və Qəzzada atəşkəsə dəstəyini bir daha ifadə etmək imkanı qazandı. Ərəb dövlətlərinin liderləri Pekinin bu mövqeyini məmnuniyyətlə qəbul ediblər.

Beləliklə, Pekin Çin-Ərəb Dövlətləri Əməkdaşlıq Forumu forumu vasitəsilə həm ərəb dünyasında, həm də Yaxın Şərqdə mövqelərini möhkəmləndirməyə çalışır. Çinin artan təsiri Sakit okeandan Afrikaya, indi isə Yaxın Şərqə çatıb. Bu arada, Pekin ətrafındakı ada dövlətlərini də unutmur. Maldiv adaları uzun illər Hindistanla sıx əlaqələrə malik olub. Hindistanın bu ölkəyə böyük yatırımları olub, birgə layihələr mövcuddur. Hazırkı Maldiv Prezidenti Məhəmməd Muizzu isə Hindistanın əvəzinə Çinlə əlaqələri gücləndirməyə üstünlük verib.

Çinə yeni bazarlar lazımdır. ABŞ öz bazarını Çin məhsulları üçün qapatmağa çalışdığına görə, Pekin alternativləri hərəkətə gətirməyə çalışır. Ərəb dünyası ilə sıx əlaqələr bu səbəbdən Pekin üçün vacibdir. Çin ənənəvi bazarları genişləndirmək, yenilərini tapmaq istəyir. Misal üçün əgər keçmiş illərdə Çin ərəb ölkələrindən əsasən Misir, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı ilə əməkdaşlığa üstünlük verərəkən, hazırda İraq və Əfqanıstanla əməkdaşlığın genişləndirilməsi yollarını araşdırır.

Исследовательский центр "Атлас"

Karantin problemi həll edəcəkmi?

Tayvan adası ətrafında vəziyyət sabitləşmir. Pekin adanı ramn etmək siyasətində qətidir. Ancaq Pekin müharibənin Çinə baha başa gələcəyini hesablayaraq Rusiyanın səhvini təkrarlamaq istəmir. Kreml Ukraynaya qarşı müharibəyə başlayarkən, bunun Rusiyaya siyasi və iqtisadi zəmində hansı problemlər yaradacağını düzgün hesablamadı, Moskva Qərbin mövcud vəziyyətlə barışacağını düşündü. Kreml müharibənin cəmi bir neçə həftə çəkəcəyini zənn edirdi. Müharibə uzandı və Rusiyaya qarşı sərt sanksiyalar qəbul olundu. Rusiyadan fərqli olaraq Çin Tayvan adasının ram edilməsinə görə sanksiyalardan yayınmaq istəyir.

ABŞ-ın Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin (The Center for Strategic and International Studies – CSIS) hesabatına görə, Pekin Tayvanın ram edilməsinin müharibədən kənar variantına üstünlük verə bilər. Bu karantin adıyla hərbi gəmilər vasitəsilə adanın mühasirəyə alınmasıdır. ABŞ bu üsuldan 1962-ci ildə Kubaya qarşı istifadə edib. ABŞ keçmiş SSRİ-nin Kubaya nüvə başlıqlarının yerləşdirilməsini qarşısını almaq üçün ada ətrafında karantin elan etdi və yaxınlaşan bütün gəmiləri yoxlamağa başladı. Nəticədə Moskva geri çəkildi və Kubada daha əvvəl yerləşdirdiyi nüvə başlıqlarını çıxartdı. İndi bu üsüldan Çin istifadə edə bilər. Tayvana yaxınlaşan və adanın limanlarından çıxan bütün gəmilər yoxlanıla, bəziləri isə saxlanıla bilər. Belə bir karantin nəticəsində Tayvana hərbi texnika göndərmək çətinləşəcək. Digər tərəfdən ticarət gəmilərinin yoxlanılması və limanlara yaxınlaşmalarının gecikdirilməsi Tayvan iqtisadiyyatına mənfi təsir edəcək.

Tayvan ətrafında üzən Çin hərbi gəmilərinin sayı artıb, ada üzərində pilotsuz uçuş aparatları müşahidə aparırlar. Vaşinqton buna qarşılıq olaraq Tayvana 360 milyon dollar dəyərində pilotsuz uçuş aparatları satmağa qərar verib. Tayvanın özü də modernləşdirilmiş hərbi texnikanın istehsalını artırıb. Tayvanda süni intellektlə təchiz edilmiş 1000-ə yaxın hərbi pilotsuz uçan aparatı istehsal ediləcək.

Pekin Tayvanı ram etmək üçün başqa vasitələrə də əl atıb. Pekin Tayvanda müstəqillik tərəfdarı olan radikalların ciddi şəkildə cəzalandırmağı qərara alıb. Pekinin qəbul etdiyi sənəddə Tayvanda müstəqillik fəaliyyətinə liderlik edənlər Çin dövlətinə və xalqına ziyan vurururlar. Buna görə Çində ölüm cəzası tətbiq edilir. Bu o deməkdir ki, Tayvanın müstəqillik tərəfdarları Çin ərazisində yaxalansalar, onlar ən ağır cəzaya məhkum olunacaqlar. Bu sırada Tayvanın hazırki prezidentinin də adı çəkilir.

Bu arada, Çinlə Filippin arasında da gərginlik artıb. Bir neçə gün əvvəl Cənubi Çin dənizində Filippin donanmasının personalı ilə Çin sahil mühafizəsi arasında insident yaşanıb. Filippin gəmisi adalardan birinə təchizat çatdırmaq istəyərkən Çin sahil mühafizəsi tərəfindən hücuma məruz qalıb. Manila Pekinin qəsdən gərginlik yaratdığını iddia edib.

Buna baxmayaraq, Filippin Prezidenti Ferdinand Markos Manilanın Pekinlə Cənubi Çin dənizindəki mübahisəsinə görə müharibəyə başlamayacağını bildirib. Halbuki, Çinlə Çənub-Şərqi Asiya ölkələri ilə dənizlərdə ərazi iddialarına əsaslanan problemlər həll olunmayıb. “Biz müharibəyə səbəb olacaq fəaliyyət baş vurmayacağıq” deyən Filippin dövlət başçısı ölkəsinin eyni zamanda heç bir xarici gücə baş əyməyəcəyini vurğulayıb.

Исследовательский центр "Атлас"

 

Asiyada NATO-ya qarşı yeni blok formalaşıb

NATO ilə Çin arasında gərginlik artıb. NATO baş katibi Yens Stoltenberq davamlı olaraq Çini Ukraynada işğalçı müharibə aparan Rusiyaya dəstək verməkdə ittiham edir. Stoltenberq hesab edir ki, Çin bu dəstəyə görə, beynəlxalq aləm qarşısında məsuliyyət daşıyır. Stoltenberqin fikrincə, Pekin “iki stulda oturmağa çalışır”. NATO baş katibinin nəyi nəzərdə tutduğu aydındır. Pekin həm Rusiya ilə strateji tərəfdaşlığını gücləndirir, həm də Avropa ölkələri ilə iqtisadi və ticarət ələqələrini üst səviyyədə saxlamağa çalışır. Stoltenberq bunun uzun çəkməyəcəyi qənaətindədir. Bu açıqlamaya baxmayaraq, Pekin hələ ki, balanası qorumağa müvəffəq olur. ABŞ-dan fərqli olaraq Avropa dövlətləri Çinlə ticarət əlaqələrini davam etdirməkdə maraqlıdırlar.

Avropa dövlətlərinin bir qismi Çinə qarşı sanskiya tətbiqidindən ehtiyat edirlər. Halbuki, Stoltenberqin fikrincə, Çin müxtəlif texnologiyalarını Rusiya ilə bölüşür. Buna misal olaraq Çinin Rusiyaya miktoelektronika məhsullarının satdığı göstərilir. Rusiya bundan raketlərin istehsalı üçün istifadə edir. Şimali Atlantika Blokunu həm də narahat edən Çinin Rusiya, İran və Şimali Koreya blokuna qoşulmasıdır. Əgər rəsmi Pekin Rusiya-Ukrayna müharibəsiylə bağlı ethiyatlı açıqlamalara üstünlük verirsə, Şimali Koreya açıq-aşkar Kremlin qonşu dövlətə qarşı müharibəsini dəstəkləyir.

Bu arada, Stokholm Sülh Araşdırmaları İnstitutunun hesabatına görə, Çin il ərzində nüvə başlıqlarının sayını xeyli artırıb. Bu onunla bağlıdır ki, Çin lideri Tsi Cinpin ölkə ordusunu modernləşdirir. Bunun davamı kimi Çin Rusiya və ABŞ-la müaayisədə nüvə arsenalını sürətlə artırmağa qərar verib.

2023-cü ilin əvvəlində Çinin 410 nüvə başlığı var idisə, 12 ay ərzində bu rəqəm 500-ə çatıb. Bu məlumatı “The Times” dərgisi Stokholm Sülh Araşdırmaları İnstitutunun hesabatına əsaslanaraq yayıb. Buna baxmayaraq, Çin nüvə başlıqlarının sayına görə, Rusiya və ABŞ-ın gerisindədir. Rusiya 4.300, ABŞ isə 3.700 nüvə başlığına malikdir. Çin getdikcə bu geriləməni azaltmağa çalışır. Bu ölkədə qitələrarası ballistik raketlərin nüvə başlıqalrı ilə təminatı prosesi sürətlənib. Çin ilk atom bombasını 1964-cü ildə sınaqdan keçirib. Bu ildən başlayaraq Çin nüvə dövlətinə çevrilib. Çinin 3 qonşusu – Hindistan, Pakistan və Şimali Koreya da nüvə dövlətləridir.

Исследовательский центр "Атлас"

Avrasiyada iki təhlükəsilik arxitekturasından hansı realdır?

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv ölkələrin (Ermənistan toplantıda iştirak etməyib) xarici işlər nazirləri iyunun 21-də Almatıda Avrasiyada yeni təhlükəsizlik arxitekturasının yaradılması ideyasını müzakirə ediblər. Yeni ideyanın müəllifi şəksiz Kremldir. Ukrayna müharibəsinə görə Rusiyanın Qərblə münasibətləri pozulub, ABŞ və NATO ilə qarşıdurma içərisindədir. Buna görə də Rusiya ətrafında anti-Qərb və anti-NATO bloku formalaşdırmağa çalışır. Rusiya prezidenti Vladimir Putinin Şimali Koreya və Vyetnama səfəri də bununla bağlı idi. Yeri gəlmişkən, Şimali Koreyadan fərqli olaraq Vyetnam xarici siyasətdə balansa üstünlük verir. Putindən sonra Xanoya səfər edən ABŞ dövlət katibinin köməkçisinə bildiriblər ki, Vyetnam Amerikanı strateji tərəfdaşı hesab edir. Yəni Kreml Vyetnamı yanına çəkə bilməyib.

Buna baxmayaraq, Kreml Almatıda “Avrasiyada yeni təhlükəsizlik arxitekturasının yaradılması” ideyasının müzakirəsinə KTMT-dəki tərəfdaşlarını cəlb edə bilib. Toplantıda iştirak edən Rusiyanın xarici işlər naziri Sergey Lavron deyib ki, Avroatlantik təşəbbüslər özünü ifşa edib və bölgədə sabitliyi gücləndirmək üçün yeni təhlükəsizlik arxitekturasına ehtiyac var.

Nədir bu yeni “arxitektura” və yeni ideya KTMT-nin çərçivəsini aşacaqmı?

Kreml “yeni təhlükəsizlik arxitekturası” ideyasını hələ ötən ilin oktyabr ayında irəli sürüb. Belarusun paytaxtı Minskdə 2023-cü ilin oktyabrında KTMT çərçivəsində “Avrasiya təhlükəsizliyi: dəyişən dünyada reallıq və perspektivlər” adında konfrans keçirilib. Rusiya həmin konfransda Avrasiya qitəsində yeni təhlükəsizlik sisteminin müzakirəsini təklif edib. Almatıda bu mövzuya yenidən qayıdılması onu göstərir ki, Kreml irəli sürdüyü ideyanı reallaşdırmağa çalışır. Rusiya bu ideyanın reallaşması üçün birinci ondan başlamaq istəyir ki, bölgəyə aid olmayan (ABŞ və NATO-ya üzv digər dövlətlər nəzərdə tutulur) dövlətlərin Avrasiya qitəsində hərbi iştirakının qarşısı alınmalıdır.

Kremlin irəli sürdüyü konsepsiyaya görə, Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələri ABŞ və NATO-nun digər üzvləri ilə hərbi sahədə əməkdaşlıq etməməli, onların təlimlərinə qatılmamalıdırlar. Mərkəzi Asiya ölkələrinin bir qismi KTMT-nin üzvü olsalar da, həmin dövlətlər Kremlin yeni “ideyasına” şərik çıxmayacaqlar, əlbəttə müzakirələrdə iştirak edəcəklər, ancaq Avrasiyada yeni təhlükəsizlik arxitekturasının qurucuları sırasında olmayacaqlar. Həmin ölkələr üçün KTMT kifayət edir. Rusiya isə həm KTMT-ni gücləndirmək, həm də bu təşkilatın sərhədini aşmaqla yeni hərbi blok formalaşdırmağa çalışır. Cənubi Qafqaz ölkələrinin də hər birinin bölgədən uzaq ölkələrlə hərbi əməkdaşlığı mövcuddur. KTMT üzvü Ermənistan Fransadan, Azərbaycan isə NATO üzvü Türkiyədən və İsraildən silah alır.

Bu arada, Türkiyə və Azərbaycan Mərkəzi Asiya ölkələri ilə hərbi əməkdaşlığı genişləndirməyə çalışırlar. KTMT üzvü Qırğızıstan nümayəndəsi Şuşadakı konfransda çıxışında “Türk NATO”su və ya “Türk KTMT”nin yaradılmasını təklif edib. Bu da türk dövlətlərinin yeni təhlükəsizlik arxitekturası ideyasıdır.

Исследовательский центр "Атлас"

Azərbaycanlılar Məsud Pezeşkiyana səs verəcəklərmi?

İranda iyunun 28-də prezident seçkisi keçiriləcək. Müxtəlif rəy sorğularına və aparılan müşahidələrə görə, rəqabət əsasən 3 namizəd – Milli Təhlükəsizlik Şurasının keçmiş baş katibi Səid Cəlili, Təbrizin millət vəkili, sabiq səhiyyə naziri Məsud Pezeşkiyan və parlamentin sədri Məhəmməd Baqir Qalibaf arasında gedəcək. İran Konstitusiyasına görə Prezidentinin böyük səlahiyyətləri yoxdur, əsas səlahiyyət sahibi ali dini liderdir, onun istəyi əleyhinə siyasət yürütmək və qərar vermək mümkün deyil. Buna baxmayaraq, indiki halda İranda Prezidentin kim olacağına diqqət artıb. Bu ali dini liderin yaşlı və xəstə olması, o cümlədən İran iqtisadiyyatının artan problemləri ilə bağlıdır.

Bu arada, İranda yaşayan azərbaycanlılar arasında prezident seçkisi ilə bağlı maraqlı polemika gedir. İrandakı azərbaycanlıların bir qrupu hesab edir ki, seçkiləri əvvəlki illərdə olduğu kimi boykot etmək lazımdır, çünki İranda prezidentin islahatçı olması belə heç nəyi dəyişməyəcək, verilən vədlər yerinə yetirilməyəcək. İkinci qrup azərbaycanlılar isə əksinə, azərbaycanlı namizəd Məsud Pezeşkiyana dəstək verilməsini lazım bilirlər. Onların arqumenti belədir ki, 17-ci ildir Təbrizin millət vəkili Məsud Pezeşkiyan bölgənin, o cümlədən azərbaycanlıların problemlərinə yaxından bələddir, vaxtilə İran parlamentində Türk Fraksiyasının üzvü olub, çıxışlarında İranın xarici siyasətini kəskin tənqid edib. O heç bir ölkənin daxili işlərinə müdaxilə edilməməsinin vacibliyini vurğulayıb. Məsud Pezeşkiyanın sözlərinə görə, vəziyyət elə bir yerə çatıb ki, hər hansı bir hadisə baş verdiyi zaman digər ölkələr İranın onların daxili işlərinə müdaxiləsini hiss edirlər. “Hamı ilə dava-dalaşdayıq. Heç bir ölkəyə müdaxilə etməməliyik. Lakin istər-istəməz elə hadisələr baş verir ki, digər ölkələr bizim müdaxilə etdiyimizi hiss edirlər və bu, qonşu ölkələrin bizə olan düşüncələridir”, – deyə təblizli millət vəkili çıxışında vurğulayıb. Prezidentliyə namizədin fikrincə, ölkədə problemlər vaxtında həll edilmədiyi üçün üst-üstə yığılır və sonra onları həll etmək daha da çətinləşir. Buna görə də ölkə inkişaf edə bilmir. Bu çıxış Məsud Pezeşkiyanın azərbaycanlılar üçün nəsə etməyə çalışa biləcəyinin işarəsidirmi? Hər halda Məsud Pezeşkiyan azərbaycanlıların səsi hesabına qələbə qazanarsa, azərbaycanlılar qarşısında məsuliyyəti artacaq. Sınamağa dəyər.

Исследовательский центр "Атлас"

 

Ticarət müharibəsinin qalibi yox, məğlubu çox

Amerika Birləşmiş Ştatlarının ardınca Avropa İttifaqı da Çindən idxal olunan elektrik avtomobillərinə gömrük qiymətlərini artırıb. ABŞ Çinin məhsullarına 100 faizlik gömrük rüsumu tətbiq edib. Avropa İttifaqında isə bu artım 17 və 38 faiz arasındadır. Brüssel bununla bağlı araşdırmaları ötən ilin oktyabr ayından aparıb. Çinin elektrik avtomobillərinə gömrük qiymətlərinin artırılmasını dəstəkləyən əsas dövlət Fransadır.

Brüssel nədən bu addımı atıb? Məsələ burasındadır ki, Çinin ucuz elektrik avtomobillərinin Avropada satış həcmi ildən-ilə artır və Avropada elektrik avtomobilləri istehsalçıları rəqabətdə geri qalırlar. Bunun da səbəbi Çin dövlətinin öz istehsalçılarına böyük subsidiyalar ayırmasıdır. Brüssel isə bunu ədalətsiz rəqabət kimi qiymətləndirib. 2019-cu ildə Çinin elektrik avtomobillərinin Avropa bazarındakı payı cəmi 1 faiz idisə, bu il bu rəqəm 8 faizə çatıb, gələn il üçün bu rəqəmin iki dəfə artacağı proqnozlaşdırılır. “Rhodium Group” Araşdırma Mərkəzinin hesabatına görə, 2020-ci ildə Çinin Avropada satdığı elektrik avtomobillərinin həcmi 1.6 milyard dollar idisə, 3 il sonra bu rəqəm 11.5 milyard dollara çatıb. Çinin elektrik avtomobillərinin qiyməti Avropada istehsal olunan elektrik avtomobillərinin qiymətindən 20 faiz ucuzdur. Brüssel bu səbəbdən bunun qarşısını almağa qərar verib.

Fransa Çində istehsal olunan elektrik avtomobillərinin gömrük qiymətlərinin artırılmasının tərəfdarı olsa da, Almaniya ehtiyatlı mövqedən çıxış edib. Çünki, Berlin Pekinin cavab addımından ehtiyatlanıb. Almaniyada istehsal olunan avtomobillər Çin bazarında böyük paya sahindir. İndi isə Çin də Avropada istehsal olunan avtomovillər üçün oxşar görmrük rüsumları tətbiq edəcək. Bu da Çində Almaniya istehsalı olan avtomobillərin satış həcmini azaldacaq. Almaniyanın iki məşhur avtomobil istehsalçısı olan “Volkswagen” və “Mercedes Benz” durumdan narahatdırlar.

Pekin hesab edir ki, Brüsselin rüsum artırma qərarı yalnız Çinlə Avropa İttifaqı arasında ticarət tərəfdaşlığına zərər vurmayacaq, bu eyni zamanda dünyada avtomobil istehsalı və satışına mənfi təsir edəcək. Brüssel elektrik avtomobilləri ilə yanaşı Çində istehsal olunan günəş panellərinə və külək turbinlərinə də gömrük rüsumunu artırmağa qərar verib. Çünki Çinin bu məhsulları da Avropada istehsal olunan oxşar məhsullardan ucuzdur.

Beləliklə, Avropa İttifaqı ilə Çin arasında ticarət müharibəsi genişlənib. Pekin Avropada istehsal olunan kənd təssərrüfatı və aviasiya sektorunu əhatə edən məhsullara da gömrük rüsumunu artırmağı planlaşdırır. Bu Fransanın bu məhsullarının ixracına mənfi təsir edəcək. Ticarət müharibəsinin növbəti mərhələdə ağartı məhsullarına tətbiq olunacağı bildirilib. Avropa İttifaqı kənd təssərrüfatı məhsullarının 1\4 hissəsini Çinə ixrac edir. Avropa İttifaqının 2023-cü ildə bundan gəliri 5 milyard avro olub.

Исследовательский центр "Атлас"

Kreml Asiyada dost axtarır

Rusiya Prezidenti Vladimir Putin son aylarda xarici səfərlərinin sayını artırıb. O ilk növbədə Ukrayna müharibəsində Rusiyaya dəstək verən dövlətlərə üstünlük verib. Kreml sahibi Çindən sonra Şimali Koreya və Vyetnama səfər edib. Vladimir Putin Koreya Xalq Demokratik Respublikasına sonuncu dəfə 24 il əvvəl, yəni 2000-ci ildə səfər etmişdi. Putində başqa keçmiş SSRİ liderlərindən heç biri, o cümlədən Rusiyanın ilk prezidenti Boris Yeltsin Şimali Koreyaya səfər etməmişdilər. Putin isə bu ölkəyə ikinci dəfədir səfər edib. Putindən başqa dünya liderlərindən sadəcə Çin lideri Tsi Cinpin 2019-cu ildə Pxenyana səfər edib.

ABŞ və Cənubi Koreya Putinin Şimali Koreyaya səfərindən çox narahat olublar. Vaşinqton və Seul hesab edirlər ki, Rusiya hərbi texnologiyalarını Şimali Koreya ilə paylaşa bilər. Həqiqətən Rusiya ilə Şimali Koreya arasında iqtisadi əlaqələr aşağı səviyyədədir, 2021-ci ildə ticarət mübadiləsi cəmi 2 milyon dollar civarında olub.  Doğrudur sonrakı iki ildə ticarət mübadiləsi artıb və 29 milyona çatıb. Ancaq Rusiyanın Cənubi Koreya ilə ticarət mübadiləsi miqyasında bu çox kiçik rəqəmdir. Rusiya ilə Cənubi Koreya arasında ticarət mübadiləsinin həcmi 15 milyard dollardan çoxdur. Yənu bu rəqəmlərdən də görünür ki, Şimali Koreya Rusiyanın ticarət tərəfdaşı deyil. İki ölkə arasında əlaqələr siyasi dəstək müstəvisində qurulub. Pxenyan Ukraynaya qarşı müharibədə Rusiyaya dəstəyini ifadə edib. Vaşinqtonla Seulu əsas narahat edən məhz bu amildir. Bu iki dövlətin rəsmilərinin fikrincə,  Rusiya Şimali Koreyaya sualtı gəmilər, ballistik raketlər üçün texnologiyalar ötürə bilər. Bu mümkündür. Rusiya ilə Koreya Xalq Demokratik Respublikası arasında Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında saziş imzalanıb. Bu sazişə görə, tərəflərindən birinə qarşı təcavüz halında hərbi yardımın göstərilməsi nəzərdə tutulub.

Pekin Kremlin tərəfdaşı olsa da, Rusiyanın Şimali Koreya ilə strateji tərəfdaşlığına ehtiyatla yanaşır. “Reuters” agentliyi Pekinin Qərbə qarşı Rusiya-Şimali Koreya ittifaqına qoşulmaq istəmədiyini yazıb. Pekinin Pxenyana böyük təsir imkanları var və Çin bunu Rusiya ilə bölüşmək istəmir. Pekin Rusiyanın Vyetnamla tərəfdaşlığından da narahatdır. Çünki Şimali Koreya kimi Vyetnamın da Çinlə özəl münasibətləri var. Buna baxmayaraq, Vyetnam ətraf adalara nəzarət məsələsində Çinlə fikir ayrılığına malikdir. Pekində hesab edirlər ki, Rusiya Vyetnamla əlaqələri inkişaf etdirməklə bu ölkəni Çindən uzaqlaşdıra bilər.

Vyetnam son illərdə xarici siyasətini və ticarət mübadiləsini şaxələndirməyə çalışır. Çindəki xarici müəssisələrin bir qismi alternativ olaraq Vyetnama və digər qonşu ölkələrə köçürlər. O biri tərəfdən ABŞ Çin məhsullarına gömrük rüsumlarını artırdığına görə, Pekin özü də başqa bazarlara ixracatını artırıb. Misal üçün Çinin Meksika və Taylanda ixracatı iki dəfədən çox artıb. Ancaq bütün hallarda Pekin rəqibi ABŞ və ya tərəfdaşı Rusiyanın Çinin qonşularıyla sıx əlaqələrindən narahatlığını gizlətmir.

Исследовательский центр "Атлас"

London hədəflərini müəyyənləşdirib

Ukraynaya əsas dəstək verən dövlətlərdən biri Böyük Britaniyadır. Bu ölkənin baş naziri Rişi Sunak bir müddət əvvəl Kiyevə səfər edərək Ukrayna ilə təhlükəsizlik sahəsində strateji saziş imzaladı. Daha sonra oxşar sazişlər digər ölkələr də müharibə aparan Ukrayna ilə imzaladılar.

Rişi Sunak keçmiş baş nazir Devid Kemeronu xarici işlər naziri təyin etdikdən sonra Londonun xarici siyasətində fəallığı artıb. Devid Kemeron ölkəsinin iki tərəfdaşı olan  ABŞ və Fransadakı mümkün dəyişikliklərə hazır olmanın vacibliyi qənaətindədir. ABŞ-da Donald Trampın, Fransada isə Le Penin prezident seçiləcəyi təqdirdə London siyasətini yeni reallıqlara uyğunlaşdırmaq məcburiyyətində qalacaq. Kemeronun mövqeyi belədir ki, ABŞ və Fransada hakimiyyətə kim gəlirsə gəlsin London Vaşinqton və Parislə tərəfdaşlığını davam etdirməlidir. Qəzzada bombardmanlar davam edərkən Böyük Britaniyanın İsrailə silah satışı Kemeronu narahat etmir. Çünki, İsrail ona lazım olan silahların cəmi yüzdə birini Böyük Britaniyadan alır. İsrail silah və hərbi texnikaya olan tələbatının böyük hissəsini ABŞ-dan əldə edir.

Kemeron ölkəsi üçün iki istiqamətdən təhlükənin olduğu qənaətindədir. Kemeron Rusiyanın durdurmağın vacibliyi ilə yanaşı Çinin aqressiv siyasətindən də narahatdır. Kemeron hesab edir ki, Çin Böyük Britaniyaya qarşı kiber hücumlarını genişləndirib. Əslində Kemeron baş nazir olduğu illərdə Böyük Britaniya ilə Çin arasında əməkdaşlığa üstünlük verirdi. Hazırda şərtlər dəyişib. Kemeronun fikrincə, Pekinin xarici və təhlükəsizlik siyasəti dəyişdiyi üçün London da siyasətində müvafiq dəyişikliklər etməlidir. Pekinin Cənubi Çin dənizinin mübahisəli bölgələrinə iddialarının daha aqressiv şəkildə həyata keçirilməsi Böyük Britaniyanı narahat edir. Çünki həmin bölgədə Böyük Britaniyaya məxsus gəmilər də üzür. Çin sahil mühafizəsinin mübahisəli sularda “Çinin milli təhlükəsizliyini və maraqlarını təhlükə altına alan əcnəbiləri” araşdırmaq hüququna malikdir. Bu səbəbdən Çinlə Filippin arasında da münasibətlər gərginləşib.

Исследовательский центр "Атлас"

Sallivan Qriqoryana nə deyib?

İsveçrədə Ukrayna ilə bağlı Sülh Forumunda iştirak edən ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan ikitərəfli görüşlər çərçivəsində Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla fikir mübadiləsi aparıb. Görüşdə Ermənistan-Amerika təhlükəsizlik əməkdaşlığının aspektləri, həmçinin Ermənistanın müdafiə və təhlükəsizliyinin gücləndirilməsində ABŞ-ın dəstəyi müzakirə edilib.

Bu görüşün ardınca Vaşinqtondan İrəvana qısa məzmunlu mesaj göndərilib: “Tərəfinizi seçin, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında qalıb qalmamaqla bağlı qərar verin”. Əslində bu mesajı Ceyk Sallivan Armen Qriqoryana birbaşa da deyib. Əgər İrəvan Ermənistanın müdafiə və təhlükəsizliyinin gücləndirilməsində ABŞ-ın dəstəyi müzakirə edirsə, onda Vaşinqtonun tələbini yerinə yetirmək məcburiyyətindədir. Tələb isə qətidir: “Məndə dəstək istəyirsənsə, düşmənim Rusiyanın hərbi təşkilatını tərk etməlisən!”. Sallivan böyük ehtimalla Qriqoryana Ermənistanın Azərbaycanla məsələləri sürətlə həll etməyi də tövsiyyə edib. Bunu İrəvana səfər edən amerikalı diplomatlar da deyirlər. Vaşinqtonun mövqeyi belədir ki, nə qədər ki Rusiyanın başı Ukrayna müharibəsinə qarışıb, Cənubi Qafqazda sülh və bölgə ölkələri arasında əməkdaşlığın başlanılmasına nail olmaq lazımdır. Vaşinqton Ermənistanın regional layihələrdə iştirakını, Orta dəhlizə qoşulmasını istəyir. Ancaq bunun reallaşması üçün Azərbaycanla Ermənistan arasındakı məsələlər həll olunmalı, Zəngəzur dəhlizi açılmalı, Ermənistan Konstitusiyasında qonşu dövlətlərə ərazi iddialarını əks etdirən bəndlər çıxarılmalıdır.

İrəvan qərar verməkdə çətinlik çəkir. Ermənistan hökuməti bir tərəfdən ABŞ-dan dəstək istəyir, digər tərəfdən Rusiya ilə ipləri qoparmaqdan ehtiyat edir. Misal üçün Armen Qriqoryan Ukrayna ilə bağlı Sülh Forumunda iştirak etsə də, nə çıxış edib, nə də yekun bəyanata imza atıb.

Bu arada, Ceyk Sallivan İsveçrədən birbaşa Hindistana yollanıb. O Dehlidə Hindistanın xarici işlər naziri Subrahmanyam Jaishankarla və hindli həmkarı Adcit Dovalla görüşüb. Bu, Narendra Modi üçüncü dəfə baş nazir seçildikdən sonra yüksək rütbəli ABŞ rəsmisinin Hindistana ilk səfəridir. Sallivan Qriqoryanla olduğu kimi Subrahmanyam Jaishankarla və hindli həmkarıyla iki ölkə arasında təhlükəsizlik sahəsində əməkdaşlığın mövcud vəziyyətini müzakirə edib. Hindistan Ermənistan kimi İsveçrədə Sülh Forumunun yekun bəyanatına imza atmasa da, ABŞ-la strateji əməkdaşlığı inkişaf etdirməkdə maraqlıdır. ABŞ Sakit Okean bölgəsində Hindistan və digər ölkələrlə birlikdə təhlükəsizlik çəmbərini gücləndirməyə çalışır.

Исследовательский центр "Атлас"

О нас

Исследовательский центр «Атлас» был основан в Баку в 2003 году группой политологов. Возглавляет центр политолог Эльхан Сахиноглу.

Прилавок

Авторизоваться
Сегодня
Umumi 251339
ru_RURU