Месяц: Июнь 2024

Konqresmenlərin səfəri gərginliyi artıracaq

Rusiya ilə yanaşı Çin də müxtəlif sanksiyalarla üz-üzədir. Pekin Vaşinqtondan sanksiyaların ortadan qaldırlmasını tələb edir. Bu baş verməsə Çin də ABŞ-a qarşı sanksiyalar tətbiq edə biləcəyini açıqlayıb.

Cozef Bayden administrasiyası Çinlə mübarizədə yeni mərhələyə keçib. Vaşinqton Çinin süni intellekt üçün istifadə edilən çip texnologiyasına çıxışı ilə bağlı əlavə məhdudiyyətləri nəzərdən keçirir və bu, hazırda bazara çıxan yeni avadanlıqları hədəfləyir. Bu yolla Çinin qabaqcıl çip texnologiyalarına çıxış imkanları məhdudlaşdırılacaq. ABŞ-ın məqsədi Çinin süni intellekt modellərini qurmaq və idarə etmək üçün lazım olan mürəkkəb hesablama sistemlərinin yığılmasını çətinləşdirməkdir. Intel və Advanced Micro Devices kimi şirkətlər, o cümlədən Tayvan Semiconductor Manufacturing Company, Samsung Electronics gələn il ərzində yeni dizaynlı yarımkeçiricilərin kütləvi istehsalına başlamaq niyyətindədirlər.

Bu arada, ABŞ-dan Çinə daha bir zərbə dəyəcək. ABŞ Konqresinin respublikaçı və demokratlardan ibarət nümayəndə heyəti Hindistana səfəri zamanı Tibetin mühacirətdə olan dini lideri Dalay Lama ilə görüşəcəklər. Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin Respublikaçı sədri Maykl Makkol Hindistana ikipartiyalı nümayəndə heyətinə rəhbərlik edəcək. Nümayəndə heyətinin tərkibində Nensi Pelosi də var. Nensi Pelosi Nümayəndələr Palatasının sədri olduğu 2017-ci ildə Hindistana səfər edərək Dalay Lama ilə görüşüb. Bundan 9 il əvvəl də Nensi Pelosi Dalay Lama ilə görüşmüşdü. Həmin görüşün məqsədi 2008-ci ildə Tibetdə Çinin mərkəzi hökumətinə qarşı başlanan etiraz aksiyalarına dəstək idi. Görünür, bu səbəbdən Nensi Pelosi bu dəfə də nümayəndə heyətinin tərkibinə daxil edilib. Dalay Lama özü də keçmiş illərdə ABŞ-da səfərdə olub, hətta Ağ Evdə qəbul olunub. Nensi Pelosinin vaxtilə Tayvana səfəri də Çin-ABŞ münasibətlərində gərginlik yaratmışdı.

Çin Tibeti 1950-ci ildə nəzarətə götürüb. O zaman hələ gənc Dalay Lama bölgəni tərk edərək Hindistan ərazisində yerləşib. Bu səbbədən Çinlə Hindistan arasında münasibətlər gərginləşib. Dalay Lama Nobel Sülh mükafatı sahibidir. O bir çox dövlətə səfərlər edib, ölkə başçıları ilə görüşüb. Pekin bu səfərləri və görüşləri hər zaman narazılıqla qarşılayıb.

Amerikalı konqresmenlər Hindistan rəsmiləri ilə də görüşəcəklər. Vaşinqton Hindistanı strateji tərəfdaş kimi qiymətləndirir.  Ancaq bütün hallarda diqqət konqresmenlərin Dalay Lama ilə görüşünə yönələcək. Çünki, bu görüş və müzakirələr Pekin-Vaşinqton münasibətlərini daha da gərginləşdirəcək.

Исследовательский центр "Атлас"

Sülh Forumu Rusiyanı dayandırmayacaq

Isveçrədə Ukrayna ilə bağlı başa çatan Sülh Forumunun yekun bəyanatını iştirak edən 90 ölkədən 81-i imzalayıb. İmzalamayanlar ölkələr arasında Səudiyyə Ərəbistanı, Hindistan, Meksika, Cənubi Afrika Respublikası və Braziliya var. Bu o ölkələrdir ki, Rusiya ilə də tərəfdaşlıq münasibətləri mövcuddur. Maraqlıdır ki, Rusiya ilə tərəfdaşlıq münasibətləri olan Türkiyə, Serbiya və Macarıstan yekun bəyanata imza atıblar.

“Reuters” agentliyinin yaydığı məlumata görə, bəyanatda Ukraynanın ərazi bütövlüyü dəstəklənib, Rusiyanın dağıdıcı müharibəni davam etdirməsi pislənilib. Sənəddə Zaporojye atom elektrik stansiyanın və dəniz limanlarının Ukrayna geri qaytarılması tələb olunub. Buna baxmayaraq, sammit iştirakçılarının çoxunun dəstəyini qazanmaq üçün sənəddə “Rusiyanın təcavüzü” əvəzinə “müharibə” ifadəsindən istifadə edilib. Yekun bəyanatda bütün əsirlərin dəyişdirilməsi vacibliyi vurğulanıb. Söhbət həm də Ukraynadan zorla Rusiyaya aparılan uşaqlardan gedir.

Aydındır ki, Kreml Sülh Forumunun yekun bəyanatı ilə hesablaşmayacaq. Çinin Sülh Forumunda iştirak etməməsi Kiyevi məyus edib. Əksinə, Ukrayna Prezidenti Volodimir Zelenski Pekini başqa ölkələrin sammitdə iştirak etməsinə mane olduğunu söyləyib. Ukrayna prezidenti iyunun 3-də Sinqapurda Şanqri-la Dialoqu çərçivəsində keçirilən mətbuat konfransında çıxışı zamanı bunu demişdi. Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ning ittihamı rədd edərək demişdi ki, Pekin əvvəldən görüşə böyük əhəmiyyət verməyib. Kiyev İsveçrədəki Sülh Forumunu Rusiyaya təzyiq kimi dəyərləndirib. Bu Forum Kremlin mövqeyinə təsir etməsə də, Rusiya üçün müharibəni davam etdirmək getdikcə çətinləşir, ssanksiyalar sərtləşdikcə iqtisadi problemləri artır.

Исследовательский центр "Атлас"

Taliban qonşulara təhlükə yaradırmı?

Rusiya rəsmilərinin və diplomatlarının Əfqanıstanda hakimiyyətdə olan Taliban qruplaşmasının rəhbərliyi ilə təmasları illərdir mövcuddur. Kreml yeni bir addıma da hazırlaşır. Rusiya hakimiyyəti Talibanı terrorçu qruplaşma siyashından çıxarmaq istəyir. Kremlin Talibandan əsas istəyi Rusiya və tərəfdaşları olan Mərkəzi Asiya ölkələrinə təhlükə yaratmamasıdır. Çünki Əfqanıstanda hələ də müxtəlif terrorçu qruplar mövcuddur ki, onlar Mərkəzi Asiya ölkələrinə hücum planlaşdıra bilərlər. Taliban qonşularıyla münasibətlərdə problem istəmir. Ancaq Taliban Əfqanıstanın tamamına da nəzarət edə bilmir.

Bu arada, Talibanın qonşu İran və Pakistanla münasibətlərinə ara-sıra problemlər olur, sərhəddə gərginliklər yaşanır. Son belə gərginlik iyunun 7-də Əfqanıstan-Pakistan sərhədində qeydə alınıb. Pakistan hökumətinin qərarına görə, vizası və pasportu olmayan Əfqanıstan vətəndaşlarına ölkəyə keçid qadağan edilib. Bu əfqanlar arasında etiraza səbəb olub. Əvvəllər pakistanlılar və əfqanlar şəxsiyyət vəsiqələrini göstərərək sərhədi keçirdilər. İndi bu mümkün deyil.

“Çaman” sərhəd məntəqəsində 17 təhlükəsizlik işçisi də daxil olmaqla ən azı 40 nəfər yaralanıb, etirazçılar oturaq aksiyanın liderlərinin həbsindən hiddətlənərək, dərhal azad edilmələrini tələb edərək hökumət binalarına və qurğularına hücum ediblər. İğtişaşlar daha sonra sərhəd şəhəri boyunca yayılıb. Ətrafdakı dükanlar bağlanmaq məcburiyyətində qalıblar. Həbs edilən liderlər hökumətin yalnız etibarlı pasportları və vizası olanların Çaman sərhəd keçidindən keçməsinə icazə vermək qərarına qarşı Çamanda aylarla davam edən oturma aksiyasının bir hissəsi idi. Pakistan rəsmilərinin sözlərinə görə, etirazçılar milli magistral da daxil olmaqla, əsas yolları bağlamağa çalışarkən qarşıdurmalar başlayıb və barrikadalarla nəqliyyatın hərəkətini pozublar. Daha sonra nəqliyyatın hərəkəti bərpa edilib. Nümayişçilər rabitə sistemlərini də sıradan çıxararaq enerji təchizatını kəsməyə cəhd ediblər. Nümayişçilərə qarşı rezin güllələrdən istifadə edilib. Polis və nümayişçilər arasında yaralanlar olub. Məsələyə bölgə ağsaqqaları qarışmlaı olublar, danışıqlar nəticəsində vəziyyəti normallaşdırmaq mümkün olub. Buna baxmayaraq, etirazçılar həbs edilənlərin tamamının azadlığa buraxılmasını tələb ediblər.

İki ölkə arasında sərhəddə gərginlik müvəqqəti azalsa da, bu, problemin köklü həllini yaxınlaşdırmayıb. Pakistan hökuməti ötən ilin noyabr ayında ölkə ərazisində sənədi olmayan əfqanların deportasiyasına qərar verib. Əvvəlcə Pakistan ərazisində kiçik cinayətlərə görə həbs olunan əfqanların deportasiya olunub. Pakistanda 400 mindən çox qanunsuz əfqan mühacir müəyyən edilib. Ümumiyyətlə son 40 ildə Əfqanıstandan Pakistana 4 milyondan çox qaçqın gəlib ki, onların da 1,7 milyonunun ölkədə yaşamaq üçün sənədi yoxdur.

Исследовательский центр "Атлас"

Nüvə müharibəsi təhlükəsi artırmı?

Rusiya Ukraynaya qarşı müharibəyə başladıqdan bugünə qədər beynəlxalq aləmdə nüvə müharibəsi barədə müxtəlif fikirlər səslənir. Müharibənin ilk günlərində bu haqda çox danışılmasa da, hazırda nüvə müharibəsi aktual mövzuya çevrilib. Bunun əsas səbəbi odur ki, Qərb dövlətləri Ukraynaya hərbi dəstəyi artırıb və bu, nüvə dövləti olan Rusiyanın ciddi narazılığına səbəb olub. ABŞ və bir qrup Avropa ölkəsi Ukraynaya verdikləri silah və hərbi texnikadan Rusiya ərazisindəki hədəfləri vurmaq üçün istifadə edilə biləcəyini vurğulayıblar. Kreml bunu NATO ölkələrinin Rusiyaya qarşı müharibə elanı kimi qiymətləndirib.

Həmişə olduğu kimi nüvə müharibəsindən ən çox danışan Rusiya Təhlükəsizlik Şurasının sədr müavini, keçmiş prezident və baş nazir Dmitri Medvedevdir. O bildirib ki, keçmişdə Qərb ölkələri Rusiyanın Ukraynaya qarşı müharibəyə başlamayacağını söyləyirdilər. “Ancaq bu baş verdi və Qərbin yanıldığı üzə çıxdı” deyən Medvedev Rusiyanın nüvə silahından istifadə etməyəcəyi fikirlərinin də yanlış ola biləcəyinə işarə vurub. Rusiya rəsmiləri onu da vurğulayırlar ki, Avropa ölkələri əhali baxımından sıxdırlar və bu qitəyə atılan nüvə silahı böyük itkilərə səbəb olacaq. Bunu deyən rusiyalı rəsmilər nüvə silahına malik olan dövlətlərin cavab olaraq Rusiyaya qarşı nüvə silahından istifadə etməsini məsələsi barədə fikir bildirmirlər.

Rusiyanın strateji tərəfdaşı Çinin də xeyli nüvə silahı var. Ancaq Çin rəsmiləri rusiyalı tərəfdaşları kimi “nüvə müharibəsi” mövzusunda ehtiyatlıdırlar. Çin müdafiə naziri açıqlama verərək Pekinin müdafiə strategiyasında nüvə silahından iqtifadə edilməməsinin tərəfdarıdır:  “Keçmişdə Çinə qarşı nüvə təhdidləri səslənsə də, Pekin nüvə silahından istifadə edilməməsi siyasətinə sadiqdir”.

 

Buna baxmayaraq, Vaşinqton Pekinin Rusiyaya artan hərbi dəstəyində narahatdır. Halbuki, Pekin Rusiyaya hərbi texnika vermədiyini israr edir. Digər tərəfdən Pekin nüvə silahından istifadə edilməməsi strategiyasını bəyan etsə, nüvə arsenalını ildən ilə artırır. Çinin Tayvan ətarfındakı hərbi təlimlərində nüvə başlığı daşıya bilən gəmilər də var idi. Bu təlimlər rəsmi olaraq başa çatsa da, Çinin ada ətrafında hərbi fəaliyyətini bitirməyib, döyüş təyyarələri və hərbi gəmilər birgə döyüş hazırlığı patrulunu davam etdirirlər.

Çinin bölgədə artan gücü Hindistanı ciddi narahat edir. Hindistan strateji dəniz layihəsi reallaşdırır, Andhra Pradeş əyalətində nüvə sualtı qayıqları üçün yeraltı baza tikilir. Qərargahı Visakhapatnamda yerləşən Şərq Dəniz Komandanlığı tərəfindən idarə olunan Hindistanın şərq sahilindəki bu qabaqcıl dəniz bazası Benqal körfəzində əsas nöqtə kimi xidmət edəcək. Layihə 20 kvadrat kilometr ərazini əhatə edir və 2025-2026-cı illərdə tam istismara verilməsi gözlənilən bazada ən azı 10 nüvə sualtı qayığı yerləşdiriləcək. Bazanın tikintisi dağa çoxsaylı tunellərin, böyük dayaqların və dəstək qurğularının yaradılması da daxil olmaqla geniş mühəndislik səylərini əhatə edir. Dəqiq dəyəri bilinməsə də, hesablamalar onun 3,75 milyard dollara çatacağını göstərir.

Bu arada, Avropanın Pekinin siyasətindən daha bir narahatlığı var. Praqada yerləşən analitik mərkəzi olan Beynəlxalq Əlaqələr Assosiasiyasının son araşdırmasına görə, Çin Avropa seçkilərinə təsir göstərmək üçün müxtəlif üsullardan, o cümlədən siyasi təsir, informasiya manipulyasiyası, rüşvətxorluq və casusluqdan istifadə edir. Pekin yeni Avropa Parlamentinin Çinə münasibətinin dəyişəcəyinə ümidlidir.

Исследовательский центр "Атлас"

Hakan Fidan uyğurlarla maraqlandı

Türkiyə xarici işlər naziri Hakan Fidanın Çinə 3 günlük səfəri zamanı Sincan-Uyğur Muxtar Bölgəsinin (Doğu Türküstan) paytaxtı Uruçiyə getməsi, orada məscidə baş çəkməsi və bazarda uyğurlarla fikir mübadiləsi aparması təqdirəlayiqdir. Səfərdən bir gün əvvəl Hakan Fidanın Urumçi və Kaşğarın Çin mədəniyyətinə böyük töhfələr verən qədim türk-müsəlman şəhərləri olduğunu vurğulaması Pekinə yumşaq mesajdır.

Aydındır ki, bir səfərlə Pekin uyğurlara qarşı tətbiq etdiyi sərt siyasətdən, zorakı qaydaların tətbiqindən imtina etməyəcək. Bütün hallarda Ankara Pekinin uyğurlara münasibətinin dəyişməsinə çalışır. Dünyanın əksər dövləti Çinlə iqtisadi əlaqələri genişləndirmək və ortaq layihələr reallaşdırmaq istəyir, bu ölkənin maliyyə imkanlarından faydalanmağa çalışır. Türkiyə də istisna deyil. Ankara eyni zamanda Pekinlə dialoqunda uyğur mövzusunu arxa plana keçirmir, Hakan Fidanın səfəri buna sübutdur. Bunun yetərli olmadığını söyləyənlər ola bilər, ancaq Türkiyənin xaricində hansı müsəlman ölkəsi uyğurlar üçün bundan artığını edir?

Rusiya texnologiyaları haradan əldə edir?

ABŞ və NATO rəhbərliyi Çini Ukrayna müharibəsində Rusiyaya dəstək verməsində ittiham edir. Pekin hər dəfə bu ittihamları rədd edərək iki ölkə arasında ancaq iqtisadi və ticarət əməkdaşlığının mövcud olduğunu bəyan edir. Pekin müharibəni davam etdirmək üçün Rusiyaya hərbi texnika satmadığını bildirir. Vaşinqtonun və Brüsselin isə mövqeyi belədir ki, Rusiya hərbi-sənaye kompleksi üçün lazım olan avadanlıları və müasir texnologiyaları məhz Çindən əldə edir.

Bu arada, Çin Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi U Syan açıqlama verərək, Çin ordusunun Rusiya silahlı qüvvələri ilə birgə dünyada ədaləti qoruyacaqlarını bildirib. Çin nümayəndəsi beynəlxalq və regional sabitlik naminə iki ölkənin silahlı qüvvələrinin birgə çalışacaqlarını vurğulayıb. Pekin bu açıqlama ilə Vaşintona və Brüsselə mesaj göndərib ki, Çin Rusiya ilə hərbi əməkdaşlığı gizlətmək fikrində deyil, eyni zamanda iki ölkənin silahlı qüvvələrinin “beynəlxalq və regional sabitliyi birə qoruyacağı” bəndi beynəlxalq aləmin narahatlığına səbəb olacaq.

Çin Müdafiə Nazirliyinin nümayəndəsi Tayvan ətrafında hərbi təlimlərin də izahını verib: “Hərbi təlimlər Tayvanın müstəqillik və bu siyasətə dəstək verənlərə qarşı mübarizə vasitəsidir. Bu Çinin qanuni addımıdır. Tayvan Çinin daxili məsələsidir. Bu baxımdan Çin praktik addımlarla ölkənin ərazi bütövlüyünü və suvenerliyini qorumağa hazırdır”. Pekinin Tayvanın Çinə birləşməsinin Avropa nümunəsinə  müraciət edib: “İki Almaniya birləşdiyi kimi Çin və Tayvan da birləşməlidir”. Yəni Pekin demək istəyir ki, Almaniyanın birləşməsi normal qəbul olunduğu kimi Tayvannın da Çinə birləşməsi beynəlxalq aləm normal qəbul etməlidir.

Çinin Tayvana hücum edəcəyi təqdirdə dünyanın böyük iqtisadi itkilərlə üzləcəyi barədə proqnozlar verilir. Hesablamalara görə, müharibə nəticəsində həm qlobal ticarət pozulacaq, həm də dünya iqtisadiyyatı təxminən 10 faiz kiçiləcək. Tayvan boğazı qlobal yük daşımaları üçün çox vacibdir, çünki yük gəmilərinin 50 faizindən çoxu bu bölgədən keçir. Çin-Tayvan toqquşması qlobal tədarük zəncirini pozacaq. Çinin Monqolustan və Kamboca ilə birgə keçirdiyi hərbi təlimlər də diqqətdən yayınmayıb. Bu təlimlər Çin üçün qlobal mənzərədə təsirini genişləndirmək üçün güclü vasitə rolunu oynayır. Çin Cənub-Şərqi Asiyada rekord sayda hərbi təlimlər keçirməklə artan gücünü nümayiş etdirir.

Kreml Tayvan məsələsində Çinin mövqeyini tam dəstəkləyir. Rusiyanın informasiya agentlikləri bu mövzuda Çin-Ukrayna münasibətlərini gərginləşdirmək məqsədilə Kiyevin Tayvanla gizli əlaqələri barədə xəbərlər yayıblar. Ukrayna nümayəndə heyətinin aprel ayında Tayvana səfər etdiyi bildirilib. Nümayəndə heyəti Tayvan hökumətinin Ukraynanın enerji infrastrukturunun yenidən qurulmasında iştirakını təklif edib. Kiyev Pekinlə münasibətlərdə gərginlik istəmir. Ona görə də Kiyevin Tayvanla münasibətləri inkişaf etdirməyə çalışması xəbərləri şübhəlidir. Çünki bu halda Ukrayna-Çin münasibətləri gərginləşəcək.

Исследовательский центр "Атлас"

Hindistan yolunu dəyişmir

Hindistanda parlament seçkilərinin nəticələri bəlli olub. Ümumilikdə Hindistanda keçirilən seçkidə 642 milyon seçici səs verib ki, bu dünya rekordudur. Misal üçün bu nəticə Avropa İttifaqına üzv olan 27 ölkəsində səs verənlərin tamamından 2.5 dəfə çoxdur. Hindistan Seçki Komissiyasının rəhbəri Raciv Kumarın sözlərinə görə, səs verən 642 milyon nəfərin 312 milyonu qadın olub. Başqa bir rekord da vurulub. Seçki komissiyalarının və təhlükəislzik xidmətlərinin təşkilinə 15 milyon işçi cəlb edilib. Hindistanda seçki yeddi mərhələdə keçirilib. Hindistanda seçki hüququna malik vətəndaşların sayı təxminən 967 milyon nəfərdir. Bu ABŞ, Avropa İttifaqı və Rusiya əhalisinin toplamından da çoxdur. Hindistanda səs vermək üçün 1 milyon seçki məntəqəsi fəaliyyət göstərib.

Baş nazir Narendra Modinin rəhbərlik etdiyi Hindistan Xalq Partiyasının (BJP) parlament seçkilərində qələbəsi əvvəlcədən proqnozlaşdırılırdı. İlkin məlumatlara görə, Modinin partiyası 543 yerlik parlamentdə 350 ilə 370 arasında yeri qazanıb. Hökuməti təkbaşına formalaşdırmaq üçün bu kifayətdir. “Twitter” hesabında “Hindistan yenə qalib gəldi” yazan Modi yenə rəqiblərini üstələməyə müvəffəq olub. Hindistan Milli Konqresin simasında müxalifət bloku parlamentdə cəmi 125 ilə 154 millət vəkili yeri qazana bilib. Bu Modinin Hindistanda reytinqinin yüksək olduğunu göstərir. Son parlament seçkisini Modi ilə bağlı bir referendum sayanlar da az deyil.

Beləliklə, Narendra Modi üçüncü müddət ölkəyə başçılıq edəcək. Bu Hindistanın ilk baş naziri Cəvahirləl Nehrunun rekordunun təkrarıdır. “The New York Times” nəşri Modinin seçki kampaniyası dövründə 200 mitinqdə iştirak etdiyini və 80-ə yaxın müsahibə verdiyini yazıb. Bu qələbə Narendra Modinin xarici və təhlükəsizlik siyasətində onun əlini gücləndirəcək. Modi növbəti 5 ildə də Hindistanın iqtisadi gücünü artırmağa çalışacaq. Hindistanın yaxın illərdə dünyanın üçüncü ən böyük iqtisadi ölkəsi olacağı ehtimal edilir. Buna baxmayaraq, Modi hakimiyyətdə olduğu 10 ildə kifayət qədər iş yerləri aça bilməyib. Aprel ayında mart ayı ilə müqayisədə işsizlik artıb.

Narendra Modinin xarici siyasətində ciddi dəyişiklik gözlənilmir. O Rusiya ilə ABŞ arasında balansı qorumağa çalışsa da, iqtisadi əməkdaşlıqda Qərb ölkələrinə üstünlük verir. Bu siyasət gələcək illərdə də davam edəcək.

Исследовательский центр "Атлас"

 

Meksika yenliyə imza atdı

Meksikada keçirilən prezident seçkilərində Hakim Milli Yenidənqurma Hərəkatının lideri 61 yaşlı Klaudiya Şeynbaumun qələbə çalması  bu ölkənin 200 illik müstəqilliyi dövründə bir ilkdir. O ali dövlət postuna seçilən ilk qadındır. Ətraf mühit və energetika üzrə alim olan Klaudiya Şeynbaum bu ali vəzifəyə addım-addım gəlib. 2000-2006-cı illərdə paytaxt Mexiko şəhərinin meri olan Klaudiya Şeynbaum sonrakı illərdə 2018-2023-cü illərdə paytaxt hökumətinə rəhbərlik edib. İyunun 2-də meksikalılar prezidentlə yanaşı Konqresin aşağı palatasının 500 üzvünə və 128 senatora da səs veriblər.

Qadın prezidentin işi çətindir. Meksikada dəyişən prezidentlər illər boyu ölkədəki narkotik satışına nəzarət edən və insan oğurluğu ilə məşğul olan cinayətkar şəbəkələrlə mübarizə aparıb, müsbət nəticələr olsa da, cinayətkar şəbəkə üzərində tam qələbə əldə edilməyib. Hər il minlərlə meksikakı cinayətkar şəbəklərinin qurbanı olur. Elə seçki günü də onlarla meksikalı atışmaların qurbanı olub. Klaudiya Şeynbaum insanların sosial problemlərinin həlli üzərindən cinayətkar şəbəkələr üzərində qələbəyə ümid edir. Həqiqətən insanları narkotik kartelləri ilə sövdələşməyə məcbur edən səbəb bölgələrdə sosial problemlərin varlığıdır. Yeni prezident miqrasiya problemləri ilə də məşğul olmaq məcburiyyətindədir. Amerika Birləşmiş Ştatlarına qanunsuz keçməyə çalışanların mütləq əksəriyyəti bunu Meksika ərazisindən reallaşdırmağa çalışır. ABŞ qanunsuz miqrantları qəbul etmədiyinə görə müxtəlif ölkələrin vətəndaşları Meksikada ilişib qalırlar.

Meksikanın iqtisadi potensilalı bu ölkənin problemlərini həll etməyə yardımçı ola bilər. Əvvələr böyük şirkətlər ucuz işiçi qüvvəsinə görə müəssisələrini Çində açırdılar. Hazırda Meksika cazibəsi mərkəzinə çevrilib. ABŞ-dakı şirkətlər Çin əvəzinə Meksikanı seçirlər. Çinin özü də Meksikaya yatırımlarını artırıb. Meksikada yeni müəssisələr və nəqliyyat şəbəkələri açılır. İqtisadi ekspertlərin rəyinə görə, Meksika 2050-ci il üçün dünyanın yeddi ən inkişaf etmiş dövləti olacaq.

Sinqapurdan Kiyevə uzanan yol

Kiyev 15-16 iyun tarixlərində Ukrayna ilə bağlı İsveçrədə keçiriləcək beynəlxalq konfransa böyük əhəmiyyət verir. Kiyevin ümidi onadır ki, bu konfransda Rusiyanın işğalçı siyasəti qınanılacaq və qəbul edilən yekuna bəyanatda Ukraynaya dəstək artırılacaq. Bu proqnozlar özünü doğrultmaya da bilər. Konfransa dəvət olunan ölkələrin sayı çoxdur və bu dövlətlərin bir qismi Ukraynanın ərazi bütövlüyünü dəstəkləsələr də, Rusiya ilə açıq qarşıdurmada maraqlı deyillər.

Buna baxmayaraq, Rusiyaya tərəfdaş ölkələrdən də İsveçrədəki foruma qatılanlar olacaq. Misal üçün Hindistanın baş naziri Narendra Modi 15-16 iyun tarixlərində Ukrayna ilə bağlı İsveçrədə keçiriləcək Sülh Forumunda iştirak edəcəyini bildirib. Halbuki, Kreml çox çalışırdı ki, Dehli həmin forumda iştirak etməsin. Hindistanın baş naziri Narendra Modi bildirib ki, Hindistan qlobal sülhə, təhlükəsizliyə və inkişafa dair beynəlxalq aləmdəki vacib sammitlərdə iştirakını davam etdirəcək. Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Hindistanı konfransa dəvət etmək üçün şəxsən Dehliyə səfər etmişdi. Kiyev əhalisinin sayına görə dünyanın birinci ölkəsi olan Hindistanın tədbirə qatılmasına çalışdı və müsbət nəticə əldə etdi.  Dehli Moskva ilə sıx əməkdaşlığa çalışsa da, Rusiyadan məsafə saxlamağı da bacarır. Bundan başqa Kremlin Pekinlə çox yaxınlaşması Çinlə sərhəd mübahisələri olan Hindistan hakimiyyətini narahat edir.

Çin İsveçrədəki Sülh Forumunda iştirak etməyəcəyini rəsmən bəyan edib. Halbuki, Ukrayna Prezidenti Volodimir Zelenski Çin rəhbəri Si Cinpinin foruma qatılmasını çox istəyirdi və dəvətini bir neçə dəfə təkrarlamışdı. Olmadı. Sinqapurda keçirilən “Şanqri-La Dialoqu” forumunda çıxış edən Volodimir Zelenski Çin nümayəndə heyəti ilə görüşə bilmədiyini bildirib və Pekinin Ukrayna ilə bağlı sülh sammitində iştirak etməyəcəyindən məyus olduğunu deyib. Zelenskinin sözlərinə görə, Çin başqa ölkələrin də sülh sammitinə gəlməsinin qarşısını almağa çalışır. Misal üçün Səudiyyə Ərəbistanı son anda İsveçdəki foruma qatılmayacağını bəyan edib. Volodimir Zelenski Vaşinqton və Brüssel kimi hesab edir ki, Çinin Rusiyaya dəstəyi Ukraynadakı münaqişəni uzadacaq. Zelenski Sinqapurdakı konfransda ABŞ müdafiə naziri Lloyd Austinlə görüşüb. Tərəflər Ukraynanın müdafiə ehtiyaclarını müzakirə ediblər.

Sinqapurdakı konfransda itşrak edən Çinin müdafiə naziri admiral Dun Çzyun isə Asiya və Sakit Okeandakı durumdan danışıb. Admiral Tayvanı dəstəkləyənləri Pekinin xəbərdarlığını çatdırıb. O adanın müstəqilliyi üçün separatçıları cəsarətləndirən “xarici qüvvələrə” bildirib ki, bu siyasət bölgəni təhlükəli həddə çatdıra bilər. Çinli admiral Tayvanı Çindən ayırmağa cəsarət edən hər kəsin “özünü məhv edəcəyini” bildirib.

Исследовательский центр "Атлас"

Pekin Tehranı məyus etdi

Çinin İrandakı səfirinin İran Xarici İşlər Nazirliyinə çağrılaraq Pekinə etiraz notası verməsi sıradan hadisə deyil. Tehran Qərbə qarşı mübarizədə Çinlə srtateji tərəfdaşlığa ümid edir, bu ölkə ilə 400 milyard dollarlıq uzun müddətli yatırım sazişinə imza atıb. Ancaq məlum olur ki, Pekin Tehranın regional siyasətini dəstəkləmək fikrində deyil. Tehranın Pekinin siyasətindən narazılığına səbəb olan amil “Çin Xalq Respublikası və Birləşmiş Ərəb Əmirliklərinin birgə iclasının yekun bəyanatının 26-cı bəndində yer alan əsassız iddialara Çin hökumətinin dəstəyi”dir. İran 3 ada (Böyük Tomb, Kiçik Tomb və Əbu Musa) ilə bağlı hər hansı bir tərəfin iddiasını rədd edir və qəbuledilməz hesab edir. Tehran ümid edir ki, Pekin İranla strateji əməkdaşlığı nəzərə alaraq bu məsələdə öz mövqelərinə düzəliş edəcək. Pekinin Tehranın istəyi üzərinə mövqeyinə düzəliş edəcəyi problematikdir.
Pekin Tehranla tərəfdaşlıqda maraqlı olsa da, ərəb ölkələri ilə əməkdaşlığın genişlənməsi siyasətini də həyata keçirir. Pekin bugünlərdə ərəb ölkələri ilə birgə sammit keçirib. Çin ərəb ölkələrinə həm yatırımlarını artırıb, həm də ortaq layihələr reallaşdırrmaq istəyir. Çin ərəb ölkələrinin enerji imkanlarından daha çox faydalanmaq istəyir. Bu isə o deməkdir ki, Pekin İranın bir qisim ərəb ölkəsi ilə mübahisəsində Tehranı dəstəkləmək fikrində deyil.

О нас

Исследовательский центр «Атлас» был основан в Баку в 2003 году группой политологов. Возглавляет центр политолог Эльхан Сахиноглу.

Прилавок

Авторизоваться
Сегодня
Umumi 252030
ru_RURU