Автор: Шахин Эльханоглу

Husilər təlimat gözləyirlər

ABŞ Prezidenti Donald Tramp İranla yeni danışıqların iki gün ərzində Pakistanda keçirilə biləcəyini söylədikdən sonra tərəflər arasında razılaşmanın əldə ediləcəyinə dair ümidlər yaranıb. Ancaq razılaşma üçün İran Hörmüz boğazına nəzarətdən və tankerlərdən rüsum yığımından imtina etməlidir. Bu olmasa nə razlaşma olacaq, nə də ABŞ Hörmüz boğazının girişinin mühasirəsindən imtina edəcək.

Bu arada, Hindistanın baş naziri Narendra Modi ilə ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı olub. Telefon danışığı zamanı ikitərəfli əlaqələr müzakirə olunmaqla yanaşı, Yaxın Şərqdəki mövcud vəziyyət ətrafında fikir mübadiləsi aparılıb. Hindistanın baş nazirini ABŞ Prezidentinin Hörmüz boğazıyla bağlı planı maraqlandırıb. Liderlər Hörmüz boğazının açıq və təhlükəsiz saxlanılmasının vacibliyini vurğulayıblar. Problemin həlli Hindistan üçün böyük əhəmiyyət kəsb edir. Birincisi, Hindistan neftə olan tələbatının böyük hissəsini İran və Körfəz ölkələrindən əldə edir. İkincisi, hazırda Hindistanın neftlə dolu tankerləri Hörmüz boğazında ilişib qalıblar.

Hörmüz boğazıyla bağlı problem həll olunmazsa, gərginlik Bab əl-Məndəb boğazına keçəcək. Bu boğaz dünya ticarəti üçün Hörmüz boğazı qədər əhəmiyyətlidir. Bəb əl-Məndəb Qırmızı dənizi Ədən körfəzi ilə birləşdirir və qlobal neft ticarətində əhəmiyyətli yer turur. Dünya neft və qazının 20 faizi Bab əl-Məndəb boğazından  daşınır. Bundan başqa Bab əl-Məndəbin dibində sualtı fiber-optik kabellər şəbəkəsi var ki, bu dünya internet trafikinin təxminən 20 faizinə qədərini ötürür və bu sularda gərginlik qlobal rəqəmsal bağlantı və maliyyə bazarları üçün birbaşa təhlükə yaradır.

İran rejimi ilə bağlılığı olan Yəməndəki husilər Bab əl-Məndəb boğazını nəzarətə götürsələr, bu dünya üçün ikinci şok olacaq. Bab əl-Məndəb boğazının qapadılması Asiya ilə Avropa arasında dəniz daşımalarını iflic vəziyyətə salacaq. Təsadüfi deyil ki, İran parlamentinin sədri Məhəmməd Qalibaf bir neçə gün əvvəl sosial şəbəkədə neftin, mayeləşdirilmiş təbii qazın, buğdanın, düyünün və gübrənin dünya üzrə daşınmasının əhəmiyyətli hissəsinin Bab əl-Məndəb boğazından keçdiyi barədə paylaşım edib. Yəni Qalibaf demək istəyib ki, İranın tələbləri yerinə yetirilməsə Bab əl-Məndəb boğazı da husilər vasitəsilə nəzarətə götürüləcək. Husilər hələ ki, gözləmə mövqeyindədirlər. Ancaq onlar hər an düyməyə basa bilərlər. Bunun qarşısının alınmasının yeganə yolu İranla ABŞ arasında müvəqqəti də olsa razılaşmanın əldə edilməsidir.

Hörmüz boğazı mühasirədədir

28 fevralda başlayan ABŞ-İsrail müharibəsi qlobal iqtisadiyyatda xeyli stress yaradıb. İran Hörmüz boğazından mal və neft axınını dayandırdığı üçün ölkələrin bir çoxu enerji şoku ilə üzləşib. İran müharibə zamanı xeyli canlı itki verib, hərbi və mülki obyektləri dağıdılıb, bir çox Körfəz ölkəsi də mülki müəssisələrinə, enerji və digər iqtisadi infrastrukturlara hücumlara məruz qalıb.

7 aprel 2026-cı il tarixində atəşkəs və sonrakı sülh danışıqları Fars körfəzində davamlı sülhə ümidlər yaratdı. Atəşkəsin əsas təşəbbüskarlarından biri Çin idi. Ancaq ABŞ Çini rəqib hesab etdiyindən, Pekinin rəsmi vasitəçilik və ya yardımçı roluna razılaşmadı. Hindistan ABŞ ilə yaxşı münasibətlərə malik olsa da, iki ölkə arasında ticarətdə xeyli gərginlik olub. Son bir ildə Tramp administrasiyasının bəzi yüksək vəzifəli şəxsləri Hindistana qarşı istifadə edilən sərt ritorika münasibətlərə mənfi təsir edib. Buna görə də, Hindistanın hazırkı İran müharibəsində birinci seçim vasitəçisi olması ehtimalı az idi. Halbuki, Hörmüz boğazındakı gərgin vəziyyət Çinlə yanaşı Hindistanın da iqtisadi maraqlarına mənfi təsir edir. Doğrudur, Hindistan tankerləri Hörmüz boğazından keçidə görə İrana rüsum ödəməyiblər. Bu barədə İranın Yeni Dehlidəki səfirinin açıqlaması var. Ancaq ABŞ Hörmüz boğazını mühasirədə saxlamaqda davam edərsə, Hindistanın İrandan neft alması çətinləşəcək. ABŞ buna imkan verməyəcək. Bu arada, Hindistan bayrağı altında üzən 15 gəmi gəmi Fars körfəzində ilişib qalıb. Hindistanın xam neft və sıxılmış qazının təxminən yarısı isə Hörmüz boğazından keçir.

Pakistan hökuməti ABŞ və İran nümayəndələrinin növbəti görüşünü də İslamabadda keçirmək istəyir. Ancaq bunun üçün Tehran Hörmüz boğazına nəzarət etməyəcəyinə dair Vaşinqtona mesaj göndərməlidir. İran bu nəzarətdən imtina etməlidir ki, ABŞ da boğazdan çıxan gəminlərin yoxlanılmasına son qoysun. Əgər İslamabadda ikinci görüş və danışıqlar da uğursuz nəticələnərsə, bu müharibənin yenidən alovlanmasına gətirib çıxaracaq. Bütün hallarda İslabamaddakı son danışıqlar gözlənilən nəticəni verməsə də, sülh prosesini irəlilətməyə ehtiyac var. Avropa İttifaqı da vəziyyətin sabitləşməsini səbirsizliklə gözləyir. Çünki Hörmüz boğazı ətrafındakı gərginlik Avropa ölkələrinin iqtisadiyyatlarına da mənfi təsir edir. Hörmüz boğazı ətrafındakı gərginlik Körfəz ölkələrinin enerji resurslarını alternativ yollarla dünya bazarlarına daşınmasına vadar edəcək. Misal üçün Körfəz ölkələri boru xətlərinin tikintisi barədə düşünə bilərlər. Ancaq bu xətlərin tikintisinə uzun illər sərf olunacağından müharibədən əvvəlki gəlirlər əldə edə bilməyəcəklər.

Vens uğur qazana bilmədi

Pakistanın baş naziri Şahbaz Şərif və bu ölkənin digər rəsmiləri ABŞ və İran nümayəndələrinin İslamabadda müzakirələrdə nəticə əldə edəcəyinə ümidli idilər. Pakistan paytaxtında yüksək səviyyədə qarşılanan ABŞ və İran rəsmiləri üçün hər cür şərait yaradılmışdı. Ancaq tərəflər güzəştə getmədilər. ABŞ və İranın bir-birlərinə təqdim etdikləri tələblər ətrafında ortaq məxrəcə gələ bilmədilər. Halbuki, iki məsələ – uranın zənginləşdirilməsi və Hörmüz boğazıyla bağlı razılaşma əldə etmək mümkün olsaydı, digər məsələrin razılaşdırılmaması böyük əhəmiyyət kəsb etməyəcək və digər bəndlər danışıqların sonrakı mərhələsinə saxlanılacaqdı. Ancaq İran əvvəlkitək uranın zənginləşdirilməsindən tamamən imtina etmək istəmir. Müharibədən əvvəl beynəlxalq aləmin Hörmüz boğazının təhlükəsizliyi kimi problem yox idi. Bu, müharibə dövründə və sonrasında yaranan problemdir. Tehran Hörmüz boğazına nəzarətdən imtina etmək istəmir. ABŞ Prezidenti Donald Tramp bir sıra açıqlamalarında Hörmüz boğazının İranın nəzarətində olmasını onu maraqlandırmağıdını, ölkəsinin kifayət qədər nefti və qazı olduğunu söyləsə də, boğazının açılması üçün müxtəlif addımlar atacağını bildirib. Demək, hər halda Hörmüz boğazının İranın nəzarətində qalması Trampı ciddi narahat edir. Çünki, Hörmüz boğazındakı qeyri-sabit vəziyyət dünyada enerji daşıyıcılarının qiymətlərini qaldırıb, bu isə ABŞ vətəndaşlarının ciblərinə təsir edib. Belə olan halda ABŞ vətəndaşlarının qəzəbi Trampa yönəlib.

Pakistanda nəticənin əldə edilməməsi Pekin üçün yaxşı xəbər deyil. Çin ABŞ-la İran arasında atəşkəsin əsas memarıdır. Pakistanın xarici işlər naziri İshaq Dar çinli həmkarı Vanq Yi ilə 5 maddəlik plan irəli sürmüşdü. Bu atəşkəs, mülki infrastrukturun qorunması, Hörmüz boğazından gəmiçiliyin bərpası və BMT Nizamnaməsinə uyğun sülhün əldə olunmasıydı. Bunlardan yalnız atəşkəs qəbul olundu. Ancaq indiki atəşkəs də kövrəkdir. Yeni müharibə Çinin enerji daşıyıcılarına çıxışını yenə əngəlləyəcək. Görünür, Donald Trampa bu lazımdır.

Bu arada, Donald Tramp artıq neçənci dəfədir vitse-prezident Ceyms Vensi pis vəziyyətdə qoyub. Tramp Vensi İslamabada ona görə göndərmişdi ki, İran tərəfi ABŞ-ın əsas iki tələbini (uranın zənginləşdirilməsinin dayandırılması və Hörmüz boğazının açılması) qəbul etsin. Vens qarşı tərəfi bu iki tələbi yerinə yetirməyə inandıra bilmədi. Bundan əvvəl isə Tramp mitinqlərin birində Vensə işarə edərək, İrana qarşı müharibəni məhz vitse-prezidentin məsləhəti ilə başladığını vurğulamışdı. Trampın vitse-prezidentə növbəti zərbəsi onu Macarıstana göndərməsiydi. Vens Macarıstana gedib bu ölkədə parlament seçkisində artıq keçmiş baş nazir Viktor Orbana Ağ Evin dəstəyini ifadə etdi. Halbuki, Macarıstanda keçirilən bütün sorğular seçkidə Viktor Orbanın məğlub olacağını göstərirdi. Tramp bunu bilə-bilə Vensi Orbana dəstək məqsədilə Budapeştə göndərməyə qərar verdi. Tramp bu addımlarıyla gələcəkdə Vensin Respublikaçılar Partiyasından Prezidentliyə namizədliyinə gölgə salmış olur.

Tayvanın müxalifət lideri Pekinə niyə səfər edib?

ABŞ – İran danışıqları fonunda Pekin Tayvan siyasətini fəallaşdırıb. Çin lideri Si Cinpinin Pekində Tayvanın müxalifət partiyası olan Qomindanın lideri Çjen Livenlə görüşü bundan xəbər verir. Çjen Liven bu səfərini “sülh səyahəti” adlandırıb.
Bu, Si Cinpinlə Qomindan lideri arasında 10 ildən sonra keçirilən ilk görüşdür. Halbuki, Tayvan prezidenti Lay Çinde Pekinlə danışıqların əleyhinədir. Pekin Lay Çindeni demokratik yolla seçilmiş prezident saymır. Pekin onu separatçı adlandırır. Bunun əksinə olaraq Pekin Tayvan müxalifətinin lideri ilə dialoqu davam etdirməkdə maraqlı görünür. Bunun iki səbəbi var. Birincisi, Pekin bununla göstərir ki, Tayvanı Çinə birləşdirmək üçün hərbi yol əvəzinə “yumşaq gücdən” istifadə etməyə hazırdır. İkincisi, Pekin Tayvanı dəstəkləyən Vaşinqtona da mesaj göndərib ki, əgər adanın müxalifət lideri Çinə səfər edirsə, bu o deməkdir ki, ada xalqının bir hissəsi Çinə birləşməyin tərəfdarıdır.

Qomindan lideri Pekində verdiyi açıqlamada Çinlə ada arasında gərginliyinin aradan qaldırlğılması vacibliyini belə izah edib ki, boğazın hər iki tərəfində çinlilər yaşayır və onlar bir ailənin üzvləridirlər. Çin lideri Si Cinpin isə yenə açıq ifadə edib ki, Pekin Tayvanın müstəqilliyinin əleyhinədir. Si Cinpin Tayvanın müxalifət liderindən gözləntilərini belə əsaslandırıb ki, Qomindan və Çin Kommunist Partiyası “siyasi qarşılıqlı etimadı” gücləndirməli və “boğazın hər iki tərəfindəki həmvətənləri birləşdirməlidirlər.

Beləliklə, Qomindan liderinin Pekinə səfərinin mahiyyəti mümkün müharibənin qarşısının alınması məqsədi daşıyır. 1992-ci ildə Qomindan Tayvanda hakimiyyətdə olan Pekinlə saziş imzalamışdı. Həmin sazişə görə, tərəflər müharibədən qaçmalı, sülhün bərqərarı məqsədilə birlikdə işləməli idilər. Pekin bu sazişi “vahid Çin” konsepsiyasının tərkib hissəsi kimi qiymətləndirirdi. Ancaq sonrakı illərdə Tayvanda hakimiyyət dəyişdiyindən danışıqların davamı gəlmədi və Pekinin ritorikası sərtləşdi.

Buna baxmayaraq, Pekin Tayvan adasını güc yolu ilə ələ keçirilməsinin risklərini hesablamaq məcburiyyətindədir. Müharibə sanksiyalar, enerji daşıyıcılarının qiymətlərinin artması və regional gərginlik deməkdir. Çünki, Çin Tayvan adasını güc yolu ilə ələ keçirərsə, bu Yaponiya və digər bölgə ölkələrinin də təhlükəsizlik maraqlarına təsir edəcək. Vaşinqton da Tayvanın Çin birləşdirilməsinin əleyhinədir.

Pakistan niyə vasitəçi oldu?

Yaxın Şərqdə 40 gündən çox çəkən müharibənin bitirilməsi üçün Pakistanın vasitəçi qismində çıxış etməsi yenilik kimi qiymətləndirilir. Pakistan qədər Misir və Türkiyə də vasitəçiliyə iddialı idilər. Pakistan buna qədər müxtəlif münaqişələrin həllində vasitəçi kimi çıxış etməyib. Əskinə, Pakistan özü iki qonşusu – Hindistan və Əfqanstanla münaqişə içindədir. Buna baxmayaraq, İrana qarşı müharibənin bitirilməsi Pakistan üçün az əhəmiyyətli olmadığından İslamabad son həftələrdə həm Vaşinqton, həm də Tehranla sıx dialoq qurub.

Pakistanın vasitəçi kimi fəallaşmasında Çinin əhəməiyyətli rolu olub. İslamabad kimi Pekin də bölgədə müharibənin qısa müddətdə bitməsində maraqlı olub. Çünki, müharibə nəticəsində İran rejimi çöksəydi, bu Çinin bölgədəki təsir gücünün azalmasına gətirib çıxaracaqdı. Pekin bunun qarşısını almaq üçün son günlərdə İslamabadla məsləhətləşmələri genişləndirmişdi. Pakistanın xarici işlər naziri İshaq Dar bir neçə gün əvvəl bu məqsədlə Pekinə səfər etmişdi. Pekin İslamabadla birgə həll planı üzərində işləyirdilər. Ancaq Pekin onu da anlayırdı ki, Vaşinqton Pekinin vasitəçiliyini qəbul etməyəcək. Pekindən fərqli olaraq Vaşinqtonla İslamabad arasında tərəfdaşlıq mövcuddur. Ona görə də Pekin bir qədər arxa plana çəkilərək İslamabadı irəli çəkdi. Hər halda atəşkəsin əldə oldunmasında Çinin də rol oynadığını ABŞ Prezidenti Donald Tramp AFP agentliyində müsahibəsində təsdiq etdi.

Pakistanın baş naziri Şahbaz Şərif ABŞ və İran rəsmilərinin İslamabadda nəticə əldə etmələrinə çalışacaq. Bu halda Pakistanın bölgədə çəkisi artacaq. Əks halda, yəni İslamabad görüşündən real nəticə çıxmazsa, bu Pakistanın səylərini heçə endirəcək. Pakistanın vasitəçi kimi uğur qazanması İslamabadın Hindistan və Əfqanıstanla münasibətlərindəki gərginliyi azaltmağı diqtə edəcək. Bunu Pekin də anlayır. Təsadüfi deyil ki, ABŞ-İran müharibəsi davam edərkən Pekinin səyi ilə Çinin Urumçi şəhərində Pakistan və Əfqanıstandan olan nümayəndə heyətlərinin iştirakı ilə artan gərginliyi aradan qaldırmaq üçün görüş keçirildi. Pekinin İslamabaddan əsas istəklərində biri Pakistanın Çinin Əfqanıstandakı iqtisadi maraqlarını nəzərə almasıdır. Çin Əfqanıstana yatırımlar qoyub və bu ölkənin yealtı resurslarından istifadə etməyə çalışır. Bundan başqa Çinin Əfqanıstan ərazisində nəqliyyat layihələrini həyata keçirmək planı var. Pakistan-Əfqanıstan qarçıdurması bu planlara əngəl yaradır.

Atəşkəs uzun çəkəcəkmi?

Atəşkəsin əldə olunmasında 3 dövlətin – Pakistan, Türkiyə və Çinin rolu olub. Bu 3 dövlət davamlı olaraq müharibəni dayndırmağa və tərəfləri danışıqlara başlamağa təşviq edirdi. Tərəflər arasında razılaşma məqsədilə Pakistanda danışıqlar başlaya bilər. İslamabad müharibənin davamından ən çox narahat olan ölkələrin başında gəlir. Bunun bir neçə səbəbi var. Birincisi, Pakistan Səudiyyə Ərəbistanının hərbi-siyasi müttəfiqidir. İki ölkə arasında 2015-ci ilin sentyabr ayında imzanan “Birgə Strateji Müdafiə Sazişi” mövcuddur. Sazişə görə, Səudiyyə Ərəbistanına hücum halında Pakistan müttəfiqinə əməli dəstək verməlidir və tərsinə. Ona görə də, İran Səudiyyə Ərəbistanına raket və dronlar atdıqda İslamabad çətin vəziyyətdə idi. Pakistan sazişə riayət etməli, ancaq eyni zamanda İranla müharibənin risklərini hesablamaq mıəcburiyyətində idi. İkincisi, İslamabad müharibədən faydalanmaq istəyən silahlı bəlucların iki ölkə sərhədində gərginlik yaradacaqlarından ehtiyat edirdi. İslamabadı müharibəni dayandırmaq məqsidlə Vaşinqton və Tehranla sıx dialoqu davam etdirməyə məcbur edən üçüncü səbəb də var idi. İranın ali dini lideri Əli Xameneinin öldürülməsindən sonra Pakistanın şiə müsəlman icması etirazlara başladı. Nümayişçilər hücumları pislədilər və “Amerikaya ölüm” və “İsrailə ölüm” şüarları ilə İranla həmrəyliklərini ifadə etdilər. Etirazçılar həmçinin Pakistan hökumətini münaqişə zamanı ABŞ-ın tərəfini tutmaqda günahlandırdılar. Etirazçılar ABŞ-ın Karaçidəki konsulluq binasına daxil olmağa çalışdılar, polislə toqquşma nəticəsində etirazçılar arasında ölən və yaralananlar oldu. Ona görə də İrana qarşı müharibənin dayandırılması Pakistan üçün həyati əhəmiyyət daşıyırdı.

Pekin də müharibənin dayandırılmasına çalışırdı. “Associated Press” agentliyinin məlumatına görə, Pekin Tehranı ABŞ-la atəşkəs razılaşmasına inandıra bilib. Buna baxmayaraq, “Bloomberg” agentliyinin məlumatlına görə, Pekində hesab edirlər ki, ABŞ İran neftinin satışı üzərində nəzarət istəyindən əl çəkməyib və bu siyasət Çinə qarşı yönəlib. Halbuki, atəşkəs razılaşmasına görə, Vaşinqton İrana öz neftini satmağa mane olmayacaq. Digər tərəfdən Hörmüz boğazının tankerlərin hərəkəti üçün açılması Çin üçün əhəmiyyətlidir. Hər halda Çin neft ehtiyatlarını artırmağa çalışacaq ki, dünyanın müxtəlif bölgələrindəki müharibələr ölkənin enerji imkanlarını tükəndirməsin.

Pekin və Moskva bundan sonra İrandakı rejimin müharibədən əvvəlki hərbi gücünün bərpasına çalışacaqlar. İran neft əvəzinə Rusiya və Çindən hərbi texnika almağa çalışacaq. Halbuki, İranın ötənilki müharibədən sonra Çindən aldığı hava müdafiə sistemləri işə yaramadı. ABŞ və İsrail müharibənin ilk günlərində Çindən alınan hava müdafiə sistemlərini dağıtdılar.

Azərbaycan və Hindistan tərəfdaşlığı gücləndirməyə qərar veriblər

İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanla Hindistan arasındakı münasibətlərədə sualların sayı artmışdı. Hindistanın Ermənistana silah satması Azərbaycanda narahatlıq yaratmışdı. Yeni Dehli isə Azərbaycanın Pakistanla strateji tərəfdaşlığı üst səviyyəyə qaldırmaqdan narahat idi. Halbuki, Azərbaycan-Pakistan strateji tərəfdaşlığı üçüncü dövlətlərə qarşı yönəlməyib. Bu mənada İkinci Qarabağ müharibəsindən sonra Ermənistanla Pakistan arasında təmasların artmasından Azərbaycan narahat deyil.

Bakı və Yeni Dehli aralarındakı fikir ayrılıqları ortadan qaldırmağa  həvəslidirlər. ABŞ və İsrailin İrana qarşı müharibəyə başlamasından sonra digər ölkələrin vətəndaşları kimi Hindistan vətəndaşlarının da bir qismi İrandan ölkələrinə Azərbaycan üzərindən təxliyyə ediliblər. Martın 30-dək İrandan 196 Hindistan vətəndaşı Azərbaycana təxliyə olunub. Hindistanın Bakıdakı səfirliyi İrandan Hindistan vətəndaşlarının təxliyəsində göstərilən köməyə görə Azərbaycana təşəkkürünü bildirən açıqlama yayıb. Bu açıqlamadan bir neçə gün sonra Hindistandan rəsmi heyət Bakıya gəldi.

Aprelin 3-də Bakıda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Hindistan Respublikasının Xarici İşlər Nazirliyinin Qərb üzrə katibi Sibi Corcun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Görüş zamanı, Azərbaycan ilə Hindistan arasında ikitərəfli münasibətlərin mövcud vəziyyəti və perspektivləri müzakirə olunub, iqtisadi-ticarət əlaqələri, enerji, turizm və təhsil sahələrində əməkdaşlıq məsələləri nəzərdən keçirilib. Bununla yanaşı, iki ölkə arasında fikir ayrılığı təşkil edən məsələlər barədə mövqelər diqqətə çatdırılıb, bu istiqamətdə dialoqun əhəmiyyəti vurğulanıb. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılbı. Eyni gündə, Azərbaycan və Hindistan Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib. İki ölkə arasında bu cür təmasların artacağını proqnozlaşdırmaq olar.

Azərbaycan heç bir ölkə ilə münasibətlərdə gərginlik istəmir. Önəmli olan münasibətlərdə qarşılıqlı hörmətə əsaslanmaqdır. Misal üçün Fransa İkinci Qarabağ müharibəsində Ermənistanı dəstəklədi, Fransa rəsmiləri və deputatları Azərbaycan əleyhinə açıqlamalar verdilər. Bundan sonra iki ölkə arasında münasibətlər gərginləşdi. Halbuki, buna qədər iki ölkə arasında münasibətlər normal idi. Hazırda Paris Cənubi Qafqaz siyasətini korrektə etməyə, Azərbaycanla münasibətləri yenidən normallaşdırmağa çalışır. Bu Azərbaycanın da maraqlarına cavab verir. Azərbaycan eləcə də, Hindistanla əlaqələrin əvvəlki axarına qaytarılmasında maraqlıdır. Hər iki ölkənin Qoşulmayanlar Hərəkatının üzvü olduğu da nəzərə alınmalıdır. Digər tərəfdən Azərbaycan keçən nəqliyyat yolları Yeni Dehlinin də maraq dairəsindədir.

Çin Orta dəhlizə alternativ dəmir yolundan istifadə edə bilmir

ABŞ və İsrailin İrana qarşı iki müharibəsi, biri ötən ilin iyun ayında, digəri isə bu il, İrana uzanan dəmir yolu dəhlizini qeyri-müəyyən hala gətirib. İki müharibədə əsas hücum hədəfləri İrandakı nüvə obyektləri olsa da, dəmir yolu şəbəkəsinə də zərbə vurulub. İranı Çindən Avropaya dəmir yolu yük tranziti üçün bir qapı kimi təşviq edən müqavilə İran, Çin, Türkiyə, Qazaxıstan, Türkmənistan və Özbəkistan rəsmiləri tərəfindən imzalanmışdı. Xətt Türkmənistan sərhədindən İrana daxil olduqdan sonra Türkiyəyə uzanmalı idi. Pekin Ukrayna müharibəsinə görə, Rusiyadan keçən dəmir yolundan Avropaya məhsul nəql edə bilmir. Çin Orta dəhliz, Xəzəri dənizi və Azərbaycandan keçən dəmir yolu marşrutundan istifadə etsə də, İrana uzanan dəmir yoluna da əhəmiyyət verirdi.

Dəmir yolu dəhlizi Tehran və Pekinə ABŞ-ın İran neftinə tətbiq etdiyi sanksiyaları keçmək üçün potensial alternativ variant hesab edilirdi. Ticarət yolu kimi dəmir yolu dəhlizi Çin üçün dəniz yolların ilə daşınmanı azaltmağı imkan verirdi. Misal üçün dəmir yolu marşrutu Çinə Malakka boğazına və Qırmızı dənizə alternativ imkan kimi qiymətləndirilirdi. Bu marşrutlarda 2023-cü ilin noyabr ayından bəri ticarət gəmilərinə təxminən 200 hücum qeydə alınıb. İran və Çin arasında dəniz yolu ilə daşınan yüklər geosiyasi gərginlik kimi risklərə məruz qalır.

Ötən il Çinlə Əfqanıstanı birləşdirən dəmiryolu açıldı. Pekin bu dəmiryolunun İrana qədər uzanmasına çalışırdı. Yeni marşrut ixracın, idxalın və tranzitin, eləcə də İranın regional ticarətdə mövqeyinin gücləndirilməsində mühüm rol oynamalıydı. Çini İranla birləşdirən digər dəmiryolu Türkmənistandan keçirdi və ötən ilin ortalarında istifadəyə verilmişdi. Bu dəmir yolu marşrutu çatdırılma müddətini dəniz yolu ilə 30-40 gündən quru yolu ilə 15 günə endirirdi. Layihə Çinin “Bir Kəmər, Bir Yol” Təşəbbüsünün bir hissəsiydi və Pekinin Tehranla 2021-ci ildə imzalanmış 400 milyard dollarlıq strateji müqavilənin davamıydı. Xətt Türkmənistan və Qazaxıstandan keçir və nəticədə Çin-Avropa nəqliyyat dəhlizinin bir hissəsinə çevrilirdi.

ABŞ-ın İsraillə birgə İrana qarşı başlatdığı müharibə Çini İranla birləşdirən dəmir yollarına da təhlükə yaradıb. Qərb ekspertlərinin fikrincə, Çin İran üçün nəzərdə tutduğu hərbi texnikanı məhz dəmir yolu ilə çatdırırdı. İrana qarşı müharibə davam etdikcə, Çinin bu ölkəyə uzanan dəmir yolundan istifadəsi çətindir. Vaşinqton hazırki şərtlər altında Çinlə İran arasında dəmir yolunun istifadəsinə imkan vermək istəmir. Dəmir yolu əlaqəsinin İranın neft-kimya məhsulları, kənd təsərrüfatı məhsulları və tikinti materialları Çinə birbaşa çatdırılmasına imkan verəcək, eyni zamanda Çin elektronikası, maşınqayırma və istehlak mallarının İrana idxalı asanlaşacaq.

Ukrayna Mərkəzi Asiyada fəallığını artırıb

Rusiyanın işğalına qarşı müqavimətini uğurla davam etdirən Ukrayna diplomatik sahədə də fəallığını azaltmır. Kiyev ABŞ və Avropa istiqamətləriylə yanaşı Cənubi Qafqaz və Mərkəzi Asiya istiqamətlərində də diplomatik fəallığını artırıb. Bu mənada Ukrayna xarici işlər nazirinin müavini Oleksandr Mişenko (ölkəsinin Azərbaycandakı keçmiş səfiri) Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri ilə əlaqələrə əhəmiyyət verən ukraynalı diplomatlardandır. O, Azərbaycanın Ukraynanın davamlı humanitar yardımlarını yüksək qiymətləndirir. Mişenko Azərbaycan mediasına müsahibələrində iki ölkə arasında münasibətlərin strateji əhəmiyyətini hər zaman vurğulayır. “Biz Azərbaycanın Ukraynaya etdiyi yaxşılığı unutmayacağıq” – deyən Mişenko bu yardıma görə Azərbaycan Prezidentinə və xalqına səmimi minnətdarlığını bildirməyi də unutmur.

Oleksandr Mişenko bu ayın əvvəlində Özbəkistan və Qazaxıstana da səfər edib. Kiyev Azərbaycanla yanaşı bu iki ölkə ilə strateji əlaqələrin inkişafına da əhəmiyyət verməyə başlayıb. Bunun bir neçə səbəbi var. Birincisi, Mərkəzi Asiya ölkələri balanslaşdırılmış xarici siyasətə üstünlük verirlər. Yəni Mərkəzi Asiya ölkələri Rusiya və Çinlə əməkdaşlıqlarına baxmayaraq, ABŞ, Avropa İttifaqı, o cümlədən Ukrayna ilə siyasi və iqtisadi əlaqlərdən bəhrələnmək istəyirlər. İkincisi, türk dövlətləri arasında inteqrasiyanın gücləndirilməsi, Türk Dövlətləri Təşkilatının regional gücə çevrilməsi də Kiyevin diqqət mərkəzindədir. Təsadüfi deyil ki, Mişenkonun Astana və Daşkənddə müzakirə etdiyi əsas mövzular nəqliyyat xətləri, o cümlədən Ukrayna ilə ticarət əlaqələrinin inkişafı olub. Ukrayna şirkətləri, potensialları və texnoloji imkanları sayəsində Qazaxıstan və Özbəkistanda fəaliyyətlərini genişləndirmək üçün yaxşı perspektivlərə malikdirlər. Ukraynanın həmçinin Orta Asiya ölkələrinə kənd təsərrüfatı məhsulları və texnika tədarükü üçün böyük potensialı var. Ukrayna şirkətlərinin nümayəndələri bu yaxınlarda Qazaxıstan və Özbəkistana da səfər edərək tərəfdaşları və müvafiq nazirlik və qurumların nümayəndələri ilə uğurlu danışıqlar aparıblar. Bu arada, Kiyevin Transxəzər marşrutuna marağı artıb. Mişenko Astana və Daşkənddəki görüşlərdə bu marşrutdan istifadə imkanlarını müzakirə edib.

Azərbaycan illərdir ukraynalı uşaqların reablitasiyasına dəstək verir, onlar üçün xüsusi proqramlar hazırlayır. Qazaxıstan və Özbəkistan da müharibədə valideynlərini itirən ukraynalı uşaqların reabilitasiya proqramlarına dəstəyini artırmağa qərar verib. Müharibə bitdikdən sonra Azərbaycan, Qazaxıstan və Özbəkistan kimi ölkələrin Ukraynanın yenidənqurulmasında iştirakı mümkündür.

Ümumilikdə, Aleksandr Mişşenkonun Qazaxıstan və Özbəkistana səfəri ticarətin artırılması, nəqliyyat dəhlizlərinin inkişafı, Ukrayna şirkətlərinin irimiqyaslı infrastruktur layihələrində iştirakı və beynəlxalq təşkilatlar çərçivəsində dövlətlər arasında qarşılıqlı dəstək üçün lazımi şərait yaradıb.

 

Bəhreynin qətnaməsi niyə qəbul olunmadı?

BMT Təhlükəsizlik Şurası aprelin 3-də Bəhreynin Birləşmiş Ərəb Əmirlikləri ilə birgə irəli sürdüyü Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyi ilə bağlı qətnamə layihəsini nəzərdən keçirməli idi. Bəhreynin xarici işlər naziri Əbdüllətif bin Rəşid Əlzəyani qətnamənin əhəmiyyətini belə izah etmişdi ki, Hörmüz boğazındakı vəziyyət yalnız bölgə ölkələrinə deyil, dünya xalqlarına təhlükə yaradıb. Haqlıdır. Hörmüz boğazındakı vəziyyət dünyada yanacaq qiymətlərini artırmaqla yanaşı, kənd təsərrüfatı və ərzaq məhsullarının qiymətinə də təsir edib.

Buna baxmayaraq, BMT Təhlükəsizlik Şurasının 5 daimi üzdündən 3-ü – Fransa, Rusiya və Çin qətnamənin qəbulunun qarşısını alıblar. Bundan əvvəl isə Tehran Moksva və Pekindən həmin qətnamənin qəbulunu əngəlləməyi xahiş edib. İranın xarici işlər naziri Abbas Əraqçı deyib ki, Bəhreynin qətnaməsi Yaxın Şərqdəki vəziyyəti normallaşdırmaq əvəzinə bölgədə gərginliyi daha da artıracaq. Rusiyanın xarici işlər naziri Sergey Lavrov iranlı həmkarını bu sözlərlə dəstəkləyib: “Hazırki qətnamə sülh danışıqlarını pozmağa və İrana qarşı müharibəyə haqq qazandırır”. Birincisi, müharibənin dayandırılması üçün danışıqlar getmir, ikincisi görünür, Hörmüz boğazındakı mürəkkəb vəziyyət Rusiyanın maraqlarına cavab verir ki, Moskva BMT-də qətnamənin qəbulunun əleyhinədir.

Rusiyadan fərqli olaraq Hörmüz boğazındakı gərgin vəziyyət Fransa və Çinin maraqlarına cavab verməməlidir. Ümumiyyətlə Qərb ölkələrindən hər hansı birinin BMT-də Rusiya və Çinlə birgə mövqedən çıxış etməsi nadir hallarda baş verir. BMT Təhlükəsizlik Şurasında adətən Rusiya-Çin tandemi xoşlarına gəlməyən qətnamələrin qarşısını alırlar. Bu dəfə onlara Fransa da qoşulub. Məsələ ondadır ki, Fransa Prezidenti Emmanuel Makron İrandakı rejimi tənqid etsə də, ABŞ və İsrailin müharibəyə başlaması qərarını pisləyib. Bu səbəbdən Fransa BMT-də Rusiya və Çinlə birgə Körfəz ölkələrinin qətnaməsinin qarşısını alıb.

Hörmüz boğazında sabitliyin bərqərar olması birinci növbədə Çinin maraqlarına cavab verməlidir. Çünki, məhz Çin bu bölgədən ona lazım olan neftin idxalını həyata keçirir. Doğrudur, hazırda İran Çinə neft daşıyan tankerlərin Hörmüz boğazından keçidinə mane olmur. Ancaq müharibənin davamı bütün hallarda Çinin iqtisadi və enerji maraqlarına zərbə vurur. Buna baxmayaraq, Pekin Hörmüz boğazında sabitliyin bərqərarını İrana qarşı müharibənin dayandırılması vacibliyi ilə əlaqələndirir. Təsadüfi deyil ki, Çinin xarici işlər naziri Van İ deyib ki, İranda müharibə davam etdiyi halda, Hörmüz boğazında sabitlik bərqərar olmayacaq. Tramp Pekinin bu mövqeyinə görə Çinə səfərini təxirə salıb.

О нас

Исследовательский центр «Атлас» был основан в Баку в 2003 году группой политологов. Возглавляет центр политолог Эльхан Сахиноглу.

Прилавок

Авторизоваться
Сегодня
Umumi 1403301
ru_RURU