Рубрика: Раскрытие информации

İran ittifaqlardan çəkinmir

ABŞ-la İran arasında danışıqlar əvvəlkitək Pakistan vasitəsilə həyata keçirilir. ABŞ və İran rəsmilərinin İslamabadda birinc görüşü nəticə vermədi. Pakistan höküməti ikinci görüşü də İslamabadda təşkil etməyə çalışarkən, ABŞ və İran tərəfi bir araya gəlmədilər. Buna baxmayaraq, ABŞ və İran Pakistan üzərindən yazışmaları davam etdirir, bir-birlərinə təkliflər göndərirlər. Ancaq bu təkliflər bir-birlərinə zidd olduğundan razılıq əldə etmək mümkün deyil.

Bu arada, Pakistan müdafiə sahəsində əməkdaşlıq müqaviləsi çərçivəsində Səudiyyə Ərəbistanı ərazisində bir qırıcı eskadronu, 8 min hərbçi və hava hücumundan müdafiə  sistemi yerləşdirib. İslamabad krallığa Çin və Pakistanın birgə istehsalı olan təxminən 16 ədəd “JF-17 Thunder” qırıcısı, 2 pilotsuz uçuş aparatı (PUA) eskadronu, həmçinin Çin istehsalı olan “HQ-9” HHM sistemi göndərib.
“Reuters” agentliyinin məlumatına görə, bütün hərbi texnikaya Pakistan hərbçiləri xidmət göstərir, əməliyyatın maliyyələşdirilməsini isə Ər-Riyad həyata keçirir.
Agentliyin məlumatında bildirilib ki, qüvvələrin yerləşdirilməsi İran ətrafındakı münaqişə fonunda baş verir.

Ötən ilin sentyabr ayında Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman və Pakistanın baş naziri Məhəmməd Şahbaz Şərif qarşılıqlı müdafiə sazişi imzalamışdılar. Saziş iki ölkə arasında müdafiə sahəsində əməkdaşlığı inkişaf etdirmək və istənilən təcavüzə qarşı qarşılıqlı çəkindirməni gücləndirmək məqsədi daşıyırdı. Müqavilənin əsas bəndi belədir: “İki ölkədən birinə qarşı hər hansı təcavüz hər iki ölkəyə qarşı təcavüz kimi qiymətləndiriləcək”.

Buna baxmayaraq, İran ABŞ-la müharibə zamanı Səudiyyə Ərəbistanına raket və dron zərbələri endirərəkən, Ər-Riyadın İslamabadla strateji müttəfiqliyini nəzərə almadı. Pakistan rəsmiləri İranın Səudiyyə Ərəbistanına raket və dron zərbələrini pisləyən açıqlamalar versələr də, İslamabad Ər-Riyadla imzalanan müqavilə gərəyi İrana qarşı hərbi həmlələr həyata keçirmədi. Bunun əsas səbəbi Səudiyyə Ərəbistanın özünün də İrana əks-zərbələr endirməməsiydi. Səudiyyə Ərəbistanı hücuma məruz qalan digər Körfəz ölkələri kimi ehtiyatlı mövqedən çıxış etdi. Səudiyyə Ərəbistanı krallığı sadəcə martin 18-də İranın hücumuna məruz qalan bölgə ölkələrin xarici işlər nazirlərinin regional təhlükəsizlik və sabitlik üzrə məşvərətçi iclasını keçirdi. Tolantıda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov da iştirak etmişdi. Rəmi Bakı digərləri kimi hesab edirdi ki, İranın təhdidlərinə qarşı kollektiv etiraz sərgilənməlidir. Ər-Riyaddakı toplantının məqsədi İrandakı rejimin qonşu ölkələrə zərbələrini durdurmasıydı, Ancaq Tehran bu toplantıya əhəmiyyət vermədi və Körfəz ölkələrinə zərbələrini azaltmadı. ABŞ yenə İrana qarşı müharibəyə başlayarsa, İrandakı rejim yenidən Körfəz ölkələrinə zərbələr endirəcək və bu zaman Tehran Pakistanın Səudiyyə Ərəbistanı ilə ittifaqını yenə də nəzərə alınmayacaq. Ona görə də İslamabad hər vəchlə bölgədə yenidən müharibənin qarşısını almağa çalışır ki, çətin seçim qarşısında qalmasın.

Vaşinqton Pekini necə durduracaq?

ABŞ Prezidenti Donald Tramp Pekindəki çıxışında Çinin güclü dövlətə çevrildiyini söyləyərkən, rəqib ölkənin artan hərbi gücünə də eyham vurub. Vaşinqtonu ən çox bu amil narahat edir. Əlbəttə, Pekinin Tehrana təzyiq etməsi gərəkliyi kimi mövzular da Çində müzakirə olunub. Ancaq Çinin İrana dəstəkdən əl çəkməyəcəyi Trampa Pekinə səfərdən əvvəl də bəlliydi. Vaşinqton Çinin Asiya və Sakit Okean bölgəsində artan hərbi gücünü durdurmağın yollarını arayır. Çünki, Çin Tayvanı ələ keçirərsə, bu Pekinin bölgədə dominantlığını artıracaq. Vaşinqton buna yol verməmək üçün Çinlə rəqabət içində olan ölkələrlər, o cümlədən Yaponiya, Avstraliya və Hindistanla hərbi sahədə əməkdaşlığı genişləndirib.

ABŞ Silahlı Qüvvələrinin Hind və Sakit okean Komandanlığının rəhbəri, admiral Samuel Paparo bir müddət əvvəl Konqresin  Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsində keçirilən dinləmələr zamanı bildirib ki, ölkəsinin hərbi sahədə Hindistanla əməkdaşlığın gələcək inkişafına xüsusi əhəmiyyət verir. Admiral, Yeni Dehli ilə müdafiə əlaqələrinin inkişafından danışarkən əsas diqqətin məhz buna yönəldiyini vurğulayıb. Paparonun sözlərinə görə, iki ölkənin silahlı qüvvələri arasında qarşılıqlı fəaliyyət aktiv şəkildə genişlənib. Xüsusilə silahlı qüvvələr arasındakı münasibətlər artan templərlə inkişaf edir. Admiral əlavə edib ki, Hindistan Pentaqon generallarının ən çox ziyarət edilən tərəfdaşlarından biridir. O, həmçinin Hindistan hərbi komandanlığının nümayəndələri ilə mütəmadi olaraq, o cümlədən telefon vasitəsilə əlaqə saxladığını bildirib.

Hindistanın ABŞ-la hərbi əməkdaşlığı genişləndirərkən, özünün müdafiə xərclərini də artırıb. Hindistan 2029-cu ilə qədər təxminən 6 milyard dollarlıq müdafiə ixrac hədəfi müəyyən edib. Hindistan hərbi potensialına görə bölgədəki əsas rəqibi Çindən geri qalmamağa çalışır. Amerikalı rəsmilər və ekspertlər bu fikirdədirlər ki, ABŞ və Avropa təkbaşına Çinlə rəqabət apara bilməyəcəklər. Buna görə də Vaşinqton və Brüssel Çinin artan gücü və ambisiyalarıyla mübarizədə Hindistanı mərkəzi yerdə dayanması qənaətindədirlər.

Bu arada, dövlət katibi Marko Rubio bildirib ki, o ABŞ-ın müdafiə texnologiyalarını Hindistanla bölüşməsinin tərəfdarıdır. Təsadüfi deyil ki, Hindistan müasir texnologiyalardan istifadə edərək dron istehsalını artırıb. Ümumiyyətlə Azərbaycanın İkinci Qarabağ müharibəsində qələbəsi və Rusiya-Ukrayna müharibəsi göstərdi ki, müasir müharibələrdə qələbəni ordunun peşəkarlığı ilə yanaşı həmin ordunun müasir texnologiyalardan istifadə imkanları təmin edir.

Sualtı gəmilər problem yaradıb

Keçən ay strateji İndoneziya su yolunda Çin sualtı monitorinq cihazının kəşfi dəniz müdafiəsi mütəxəssisləri üçün o qədər də təəccüblü deyildi. Lakin bəziləri bunun Avstraliyanın müdafiə strategiyası üçün real təsirləri olduğunu iddia edirlər. Çin uzun müddətdir ki, əsas təşəbbüslərdən biri olan Şəffaf Okean Proqramı ilə yeraltı məlumatlandırma qabiliyyətlərini inkişaf etdirməyə çalışır. Hərbi dəniz strateqi Cennifer Parker bildirib ki, Çin ABŞ-ın sualtı müharibə qabiliyyətlərini, xüsusən də sualtı qayıqlarını və Çin sualtı qayıqlarını aşkar etmək qabiliyyətini aradan qaldırmalı olduğu strateji çatışmazlıq kimi görür.

3,7 metrlik torpedo formalı obyekt, sualtı qayıqların Avstraliya suları ilə Cənubi Çin dənizi arasında səthə çıxmadan keçməsi üçün kifayət qədər dərin olan azsaylı marşrutlardan biri olan Lombok boğazı yaxınlığında bir balıqçı tərəfindən tutulub.

Strategic Analysis Australia şirkətinin tədqiqat rəhbəri Markus Hellyer bildirib ki, Çinin daha geniş səyləri əvvəlcə Çin yaxınlığındakı sulara yönəlib və Pekin Tayvan üzərində potensial münaqişə zamanı kömək üçün yerləşdirilən ABŞ və müttəfiq nüvə sualtı qayıqlarını aşkar etməyə çalışıb. Lakin indi Pekin dəniz qüvvələrini açıq okeanlarda əməliyyatları davam etdirə bilən “mavi su donanmasına” çevirib.

ABŞ Hərbi Dəniz Kollecinin Çin Dənizçilik Tədqiqatları İnstitutundan Rayan Martinson, “dərin dəniz sahəsi”nin ən azı Prezident Si Cinpinin hakimiyyətə gəlişindən bəri Çin üçün tədqiqat prioriteti olduğunu söylədi. Professor Martinson dedi: “Şəffaf Okean Layihəsi Çinin dərin dəniz bilikləri və imkanlarını inkişaf etdirməkdəki ən yüksək səviyyəli marağının nəticəsidir. “Milli təhlükəsizlik təsirlərindən başqa, Pekin dərin dəniz ərazilərində dəniz ehtiyatlarını, xüsusən də açıq dəniz ərazilərində dəniz dibi minerallarını istismar etmək istəyir.” Professor Martinson qeyd etdi ki, onun şərhləri ABŞ hökumətinin deyil, şəxsi baxışlarını əks etdirir. Çinli okeanoqraf Vu Liksin ilk dəfə 2014-cü ildə Şəffaf Okean Proqramını açıqlayaraq, “iki okean və bir dənizdə” – qərbi Sakit Okean, Hind Okeanı və Cənubi Çin dənizinə istinad edərək – real vaxt rejimində üçölçülü müşahidə sisteminin yaradılmasına çağırdı. Professor Vu peyklər, pilotsuz yerüstü gəmilər, muxtar sualtı nəqliyyat vasitələri və dəniz dibi müşahidə şəbəkəsini əhatə edəcək dörd qatlı şəbəkə təklif etdi. Təbəqələr süni intellektlə məlumatları emal edən və idarə edən “Dərin Mavi Beyin” vasitəsilə birləşdiriləcək.

Professor Vu və həmkarları 2020-ci ildə bir məqalədə proqram haqqında yenilənmiş məlumat verərək, tədqiqat və inkişafda irəliləyişlər əldə edildiyini və “iki okean və bir dəniz”də 100-dən çox səth şamandırası və yeraltı lövbərin yerləşdirildiyini bildiriblər. Proqram həmçinin genişmiqyaslı okean dibinin xəritələşdirilməsi ilə əlaqələndirilib. Professor Vu və Çinin Xarici İşlər Nazirliyi ABC-nin şərh sorğusuna cavab verməyib. Professor Martinson Şəffaf Okean Proqramının “dəniz mühiti haqqında incə real vaxt biliklərini inkişaf etdirmək” üçün “böyük bir səy” olduğunu bildirib.

Professor Vunun sözlərinə görə, Şəffaf Okean Proqramı vasitəsilə əldə edilən məlumatlar hava proqnozu və iqlim dəyişikliyi kimi sahələrdə aparılan tədqiqatlara fayda verəcək. Lakin bir çox analitik Çinin “hərbi-mülki birləşməsi” siyasəti çərçivəsində bundan Xalq Azadlıq Ordusu Hərbi Dəniz Qüvvələri tərəfindən də istifadə ediləcəyini iddia edir. Professor Martinson bildirib ki, “[Professor] Vunun yazılarını/çıxışlarını diqqətlə oxumaq, ən azı böyük ölçüdə, bu layihənin dinamik okean haqqında bu bilikləri dəniz əməliyyatlarına, xüsusən də sualtı qayıqlara və sualtı qayıqlara qarşı müharibəyə tətbiq etmək istəyi ilə irəlilədiyini açıq şəkildə göstərir”.

Hərbi analitiklər Peter Singer və Tye Graham iddia edirlər ki, Şəffaf Okeanın əsas məqsədi ABŞ və müttəfiq sualtı qayıqlarının manevr etmək və gizlənmək qabiliyyətinə meydan oxuyan “görünməz şəbəkə” yaratmaqdır. Onlar Dr Singer və cənab Graham tərəfindən “sensordan atıcıya qədər çoxsaylı yollar təklif edən və hər hansı bir qovşaq nasazlığı üçün ani keçidlər vəd edən davamlı, tor tipli şəbəkə” kimi təsvir edilən “dəniz adaptiv öldürmə toru”nun hazırlanmasını tələb edən Xalq Azadlıq Ordusu (XAO) nəzəriyyəçilərinə işarə edirlər. Onlar yazırlar ki, “Yetkin Şəffaf Okean sistemi bu axını miqyasda avtomatlaşdırmaq üçün hazırlanmışdır”.

Pekin may ayında iki fərqli qonağını qəbul etməyə hazırlaşır

Bu ay Çinə həm Rusiya, həm də ABŞ Prezidentləri səfər edəcəklər. ABŞ Prezidenti Donald Tramp Çinə mart ayının sonlarında səfər etməli idi. Ancaq Ağ Ev sahibi İran müharibəsinə görə səfəri may ayının ortalarına təxirə salmaq məcburiyyətində qaldı. Rusiya Prezidenti Vladimir Putinin isə may ayında Çinə səfəri isə ilin əvvəlindən planlaşdırılıb. Putin və Tramp eyni vaxtda Pekinə səfər etsələr Çinin paytaxtında görüşə bilərlərmi? Bu sual ətrafında müzakirələr gedir. Bu görüşün baş tutması üçün Trampın razılığı lazımdır. İki lideri sonuncu dəfə Alyaskada görüşmüşdü. Putin Trampla hər fürsətdə görüşə can atır. Ancaq Trampın ABŞ-a rəqib olan Çində  rusiyalı həmkarıyla görüş ehtimalı azdır.

Bu arada, ABŞ-Çin münasibətlərinə mənfi təsir edəcək daha bir hadisə baş verib. “The New York Times” qəzetinin məlumatına görə, ABŞ Latın Amerikasında bir neçə Çin astronomiya layihəsinin hərbi məqsədlər üçün istifadəsindən ehtiyat edərək yerli hökumətdən dayandırılmasını təmin edib. Qəzetin məlumatına görə, Argentina hakimiyyəti Vaşinqtonun tələbi ilə San Juan əyalətində böyük teleskopun tikintisini dayandırıb. Təxminən 32 milyon dollarlıq layihə Çin Milli Astronomiya Rəsədxanası tərəfindən həyata keçirilirdi. ABŞ rəsmiləri 2021-ci ildən bəri Argentina rəhbərliyini Pekinlə kosmik sənayedə əməkdaşlığı yenidən nəzərdən keçirməyə çağırır. Vaşinqton hesab edir ki, bu cür qurğular yalnız elmi məqsədlər üçün deyil, həm də Amerika peyklərini izləmək və Çin kosmik gəmiləri ilə rabitəni təmin etmək üçün istifadə edilə bilər. “The New York Times” qəzetinin məlumatına görə, Çilidə də oxşar vəziyyət yaranıb. Oradakı hakimiyyət də Amerika tərəfi ilə məsləhətləşmələrdən sonra Atakama səhrasında Çin rəsədxanasının tikintisini dayandırıb.

Aydındır ki, Vaşinqtonun bu addımları Pekinin narazılığına səbəb olub. Çinin Buenos Ayresdəki səfirliyi ABŞ-ın hərəkətlərini “Çini cilovlamaq və təzyiq göstərmək cəhdi” adlandırıb. Pekin Latın Amerikasındakı bütün layihələrin sırf elmi və mülki məqsədlər üçün olduğunu vurğulayıb. Ancaq bu açıqlamalar Vaşinqtonu inandırmayıb. ABŞ-da hesab edirlər ki, Çinin müxtəlif ölkələrdəki elmi fəaliyyətinin arxasında Qərb ölkələrinin texnoloji imkanlarına yiyələnmək dayanır. Əlbəttə, bu hadisə Trampın Çinə səfərini təxirə salmaya da bilər, ancaq Vaşinqtonun Çini Latın Amerikası ölkələrində sıxışdırmağa çalışması ikitərəfli münasibətlərə mənfi təsir edir.

Çin şirkətləri Rusiyanı dron detalları ilə təmin edib

Çin təchizatçıları Pekinin ixrac qadağalarını aşaraq Rusiyaya İran tərəfindən dizayn edilmiş Geran dron donanması üçün vacib maneə əleyhinə antenaları təmin edir və hərbi avadanlıqları kənd təsərrüfatı avadanlığı kimi təqdim edirlər. Bu barədə The Insider apardığı araşdırmada bildirilib.

Rusiya hərbi podratçıları kimi təqdim edilən müstəntiqlər Çinin böyük naviqasiya avadanlığı təchizatçısı olan Harxon Corporation ilə əlaqə saxlayıblar. Şirkət nümayəndəsi açıq şəkildə Geran və Gerbera dronlarının əsas istehsal müəssisəsi olan Rusiyanın Alabuqa zavodu ilə əməkdaşlığını etiraf edib və hərbi dərəcəli antenaların toplu sifarişini qəbul edib. Rusiya qüvvələri Ukrayna ərazisinin dərinliklərinə zərbə endirmək üçün İran Şahidinin lokallaşdırılmış versiyaları olan Geran dronlarına çox güvənir. GPS siqnallarını pozan və saxtalaşdıran Ukraynanın geniş Elektron Müharibə (EW) sistemlərindən sağ çıxmaq üçün dronlar İdarə Olunan Qəbul Nümunə Antenləri (CRPA) ilə təchiz olunub.

Bu ixtisaslaşmış antenalar daxil olan maneənin istiqamətini müəyyən edən və müdaxiləni bloklamaq üçün kor nöqtələr yaradan bir çox elementdən ibarətdir ki, bu da dronun öz istiqamətini qorumasına imkan verir. CRPA olmadan Geran dronları əsasən koordinatları dəqiq vurmaq iqtidarında deyil. İstintaqa görə, müstəntiqlər qeyd edirlər ki, Ukrayna tərəfindən vurulan Geran təyyarəsinin qalıqlarından çıxarılan peyk antenalarının əksəriyyətini Harxon məhsulları təşkil edir.

Müstəntiqlər CRPA almaq üçün Harxon şirkətinə müraciət etdikdə, Maşa Vu kimi tanınan bir nümayəndə satışın “həssas” olduğunu bildirərək yönləndirdi. Müqavilə NavX Technology Co., Ltd. adlı yeni qurulan qurumun nəzdində fəaliyyət göstərən Anthony Zheng-ə təhvil verildi. Zheng yalnız hərbi müştərilər üçün istehsal olunan 7, 8 və 16 kanallı antenalar təklif edirdi. NavX gizli alıcılara ödənişləri əvvəllər Rusiyanın müdafiə sektoruna təchizat verən Çin şirkətləri üçün mərkəz kimi müəyyən edilmiş böyük bir Rusiya maliyyə qurumu olan VTB Bank hesabına köçürməyi tapşırdı.

NavX tərəfindən təqdim edilən antenaların şəkilləri, Ukraynada vurulan Şahed dronlarının qalıqlarında Nordsint tərəfindən sənədləşdirilmiş komponentlərlə mükəmməl uyğunlaşıb. Ələ keçirilən komponentlər, Çin məhsul etiketlərini saxlayıb və onları ikili təyinatlı hərbi mallara Çin gömrük məhdudiyyətlərini aşmaq üçün istifadə edilən saxta təsnifat olan “kənd təsərrüfatı texnikası naviqasiya antenası” kimi təyin edib.

Zheng NavX-in müstəqil fəaliyyət göstərdiyini iddia etsə də, müstəntiqlər onu birbaşa Harxon ilə əlaqələndirən geniş rəqəmsal dəlillər, o cümlədən ana şirkəti təmsil edən beynəlxalq ticarət sərgilərində iştirakı aşkar ediblər.

Təyyarə niyə qazaya uğrayıb?

Çin Şərq Hava Yollarına məxsus MU5735 reysi 2022-ci ilin mart ayında Çinin cənubunda sirli şəkildə dağ yamacına düşüb və təyyarədə olan 132 nəfər həlak olub. ABŞ Milli Nəqliyyat Təhlükəsizliyi Şurasının sözçüsü bildirib ki, 2022-ci ilin iyul ayında ABŞ Milli Nəqliyyat Təhlükəsizliyi Şurası tərəfindən tərtib edilən hesabat ötən həftə ictimai qeydlər sorğusundan sonra agentliyin veb saytında yerləşdirilib. Uçuş məlumatları qeyd cihazından əldə edilən nəticələr göstərir ki, “29.000 fut hündürlükdə uçarkən hər iki mühərrikdəki yanacaq açarları işləmə vəziyyətindən kəsmə vəziyyətinə keçib”. Hesabatda deyilir: “Yanacaq açarı hərəkət etdikdən sonra mühərrik sürəti azalıb”.

ABŞ mediasının xəbərlərində aviasiya mütəxəssislərinə istinadən Boeing 737 təyyarəsindəki yanacaq açarlarının vəziyyətə kilidləndiyi və onların təsadüfən söndürüldüyünün ehtimalının az olduğu bildirilir. ABŞ mediasının istinad etdiyi bəzi ekspertlər həmçinin uçuş məlumatlarında kokpitdə mübarizənin olduğunu və yanacaq tədarükünün pilot və ya heyət üzvü və ya kokpitə girən biri tərəfindən qəsdən kəsilə biləcəyini göstərir.

NTSB hesabatında zərbədən zədələnmiş dövrə lövhələrinin şəkilləri yer almış və qəzadan əvvəl uçuşun son anları haqqında ətraflı məlumat verilmişdir. Lakin, orada kabinədən səs yazılarının transkriptləri yer almayıb. Həmçinin fəlakətin əsas səbəbi barədə də şərh verilməyib. Beynəlxalq standartlara uyğun olaraq, NTSB ABŞ-da qeydiyyatdan keçmiş və ya dizayn edilmiş təyyarə ilə bağlı qəzaların araşdırılmasında iştirak edir. Lakin NTSB öz veb saytında bildirib ki, qəzanın baş verdiyi xarici dövlət “araşdırmaya görə məsuliyyət daşıyır və araşdırma ilə bağlı bütün məlumatların açıqlanmasına nəzarət edir”. Bu halda, bu məsuliyyət hələ yekun hesabat verməmiş Çin Mülki Aviasiya Administrasiyasının (CAAC) üzərinə düşür. CAAC sonuncu dəfə qəza ilə bağlı irəliləyiş hesabatını 2024-cü ilin mart ayında yayımlayıb və orada səlahiyyətlilər təyyarənin mühərriklərində uçuşdan əvvəl heç bir anomaliya olmadığını bildiriblər. Onlar əlavə ediblər ki, heyət uçuşdan əvvəl sağlamlıq yoxlamalarından keçib və hadisədən əvvəl radio rabitəsində və hava nəqliyyatının idarə edilməsində “heç bir anomaliya” müşahidə edilməyib. BMT-nin Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) təyyarə qəzalarını araşdıran ölkələrdən hər il yenilənmiş hesabatlar dərc etmələrini tələb edir. CAAC 2025 və 2026-cı illərdə qəzanın ildönümləri ilə bağlı irəliləyiş hesabatını ictimaiyyətə açıqlamayıb.

Çinli generallar arasında korrupsiya geniş yayılıb

Çinin iki keçmiş müdafiə naziri, general-leytenantlar Li Şanfu və Vey Fenqenin korrupsiyaya görə edam cəzasına məhkum edilməsi xəbəri Qərb mətbuatında böyük əks-səda doğurub. Çünki, Pekin indiyənə qədər müdafiə nazirlərinin hansı səbəbdən işdən uzaqlaşdırılmalarını açıqlamırdı. Halbuki, Qərb mətbuatına sızan məlumatlara görə, hər iki nazirin korrupsiya ilə əlaqəli həbs olunduğu yazılırdı, bu ilk dəfə dünən təsdiq olundu. Bu məlumat uzun müddət gizli saxlanılıb. Li Şanfu 2023-cü ilin martından oktyabrına qədər, Vey Fenqe isə 2018-ci ilin martından 2023-cü ilin martına qədər müdafiə naziri vəzifəsində çalışıb. Li Şanfu sonuncu dəfə Rusiya və Belarusda səfərdə olmuş, Pekinə qayıtdıqdan sonra yoxa çıxmışdı.

Sabiq müdafiə nazirləri 2024-cü ildə hərbi statuslarından məhrum ediliblər. Keçmiş nazirləri eyni zamanda Çin Kommunist Partiyasından xaric ediliblər. Generalların ölüm hökmünün ömürlük həbs müddəti ilə vəzə eilməsin də istisna olunmur. Çində ölüm hökmü adətən cəza müddəti ərzində heç bir cinayət törətmədikdə ömürlük həbs cəzası ilə əvəz olunur. İki il əvvəl Çinin raket qoşunlarına komandanlıq edən ən azı 10 generalın həbsi barədə qeyri-rəsmi məlumatlar yayılmışdı. Böyük ehtimalla onlar da korrupsiya əməllərinə görə həbs olunublar.

Si Cinpin 2012-ci ildə hakimiyyətə gəldikdən sonra ölkədə korrpusiyaya qarşı mübarizəni gücləndirib. Məsələ burasındadır ki, Çinin iqtisadi və maliyyə imkanları artıqca dövlət məmurları arasında rüşvətə meyllilik artıb. Eyni zamanda Çinin hərbi büdcəsi artdıqca yüksək rütbəli generallar arasında da korrupsiya yolu ilə varlanmaq istəyənlərin sayı artıb. Si Cinpinin hakimiyyəti dövründə 100-dən çox general həbs olunub. Maraqlıdır ki, Çin Xalq Respublikasının yarandığı 1949-cu ildən bu yana bu qədər çinli general heç hərb meydanlarında ölməyib. Si Cinpinin yüksək rütbəli generallar arasında korrupsiya əməllərinə görə həbslərin həyata keçirilməsinə baxmayaraq, dövlət büdcəsi hesabına varlanmaq istəyənlərin sayı azalmır.

Əfqanıstandakı problemlərə yeniləri əlavə olunub

Yaxın Şərqdə artan gərginlik, o cümlədən İran ətrafında qeyri müəyyənlik fonunda Pakistanla Əfqanıstan arasında yenidən toqquşmalar qeydə alınıb. Pakistan hərbi qüvvələri bir neçə gün əvvəl Əfqanıstanın Kunar bölgəsini raket atəşinə tutublar. Ölən və yaralananlar var. Mülki infrastruktura ciddi ziyan dəyib. Davam edən toqquşmalar səbəbindən fevral ayının sonundan bəri Əfqanıstanın şərqində və cənub-şərqində 100 mindən çox insan didərgin düşüb. Pakistan tərəfi həmin bölgədə Təhriki-Taliban Pakistan yaraqlılarının qərargahının olduğunu bildirib. İslamabad Əfqanıstanda hakimiyyətdə olan Talibanı pakistanlı həmkarlarını himayə etməkdə ittiham edir. Taliban bu iddiaları qəbul etməyərək Əfqanlstanın suveren hüquqlarının pozulduğunu vurğulayır. İki ölkə arasında münasibətləri gərginləşdirəbn digər iki mövzu da var. Birincisi, bu Əfqanıstanın rəsmi olaraq tanımadığı Durand sərhəd xəttidir, ikincisi, illər öncə Pakistanda məskunlaşan milyonlarla əfqan qaçqının geri qaytarılmasıdır.

Taliban geri qayıdan əfqanları yerləşdirməkdə və qida ilə təmin etməkdə acizdir. Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı (BMT QAK) bu vəziyyətin kritik olduğunu açıqlayıb. Təşkilatın sözçüsü Babar Baloçun  sözlərinə görə, Əfqanıstan əvvəllər də ciddi humanitar böhranlarla üzləşib, ancaq yeni regional qarışıqlıqlar geri qayıdan qaçqınlara və məcburi köçkünlərə təzyiqi artırıb. Qısa müddət ərzində İran və Pakistandan beş milyondan çox əfqan geri qayıdıb. İranı tərk edən əfqanlar vətənlərində daha bir münaqişə ilə üz-üzə qalıblar. Bu əfqanlar yardıma möhtacdırlar. Ümumdünya Ərzaq Proqramına məlumatına görə, Pakistan-Əfqanıstan sərhədinin bağlanması və İrandakı vəziyyətin pisləşməsi humanitar təşkilatları əsas təchizat yollarından məhrum edib. Bundan başqa Əfqanıstandakı qadınlara tətbiq olunan məhdudiyyətlər, onların təhsildən, işdən və hərəkət azadlığından məhrum edilməsi bu ölkədə həyat şərtlərini daha da ağırlaşdırıb.

BMT əfqan qaçqınlara yardım etmək istəsə də, maliyyə və yardımın çatdırılması imkanları məhduddur. Digər tərəfdən Taliban qüvvələri ilə Pakistan qoşunları arasında sərhəd toqquşmaları Əfqanıstanın şərqində humanitar vəziyyəti daha da pisləşdirib və mülki əhaliyə zərər vurub.

Beləliklə, Əfqanıstan humanitar yardıma ehtiyac duyarkən, Talibanın insanlara tətbiq etdiyi məhdudiyyətlər və Pakistanla sərhəddə davamlı toqquşmalar bu ölkənin problemlərini artırıb. Halbuki, Əfqanıstan dünyada ən zəngin mineral ehtiyatlara malikdir, bunlar istismat edilərsə, milyardla dollar qazanc əldə etmək mümkündür.

Bölgədə yeni ittifaqlar formalaşır

Donald Trampın martın sonunda Çinə səfəri planlaşdırılırdı. Ancaq həmin günlərdə ABŞ-ın İrana qarşı müharibəsi davam etdiyinə görə, Ağ Ev sahibi Çinə səfəri təxirə saldı. Tramp açıqlama verərək səfərin may ayının ortalarında gerçəkləşəcəyini bildirdi. Ancaq həmin tarix də dəqiq olmaya bilər. Məsələ burasındadır ki, ABŞ Tayvana 6 milyard dollar dəyərində silah və hərbi texnika verəcək.

Vaşinqton Tayvan Çinin bir hissəsi olaraq tanıyır. Buna baxmayaraq, Vaşinqton adanın hərbi yolla Çinə birlışdirilməsinin əleyhinədir. ABŞ Tayvanın əsas hərbi təchizatçısı olaraq qalır. Donald Tramp Çin lideri Si Cinpinlə dialoqun və görüşlərin tərəfdarı olsa da, onunla Tayvan mövzusunu müzakirə etmək istəmir. Si Cinpin isə Donald Trampıa görüşdə ABŞ Prezidentinin Tayvanla bağlı açıqlaması verməsində maraqlıdır. Donald Tramp sadəcə Vaşinqtonun Tayvanın müstəqillik elanını dəstəkləməməsi və vahid Çinin mövcudluğunu tanıması barədə sələflərinin dediklərini təkrarlayacaq.

Buna baxmayaraq, Donald Tramp Tayvanla hərbi əməkdaşlığın tərəfdarıdır. Çünki, Tayvan hökuməti aldığı hərbi texnikaya görə ABŞ-a milyardlarla dollar pul ödəyir. Tramp üçün bu əhəmiyyətli amillərdən biridir. ABŞ Tayvana raketlər, artileriya sistemləri satacaq. Bundan başqa ABŞ-la Tayvan arasında imzalanan başqa müqaviləyə görə, Amerika Tayvan Hərbi Dəniz Qüvvələrinə silah tədarük edəcək. ABŞ Tayvanla birgə hərbi təlimlərə də ara vermək istəmir. Çünki, ABŞ Çin hərbi gəmilərinin Tayvan boğazında yaxınlaşmasından narahatdır. Çin Cənubi Çin dənizinə nəzarət baxımından əhəmiyyətli bir üstünlüyə malikdir. Çinin bölgədə həmçinin təyyarələri eniş etdirə bilən süni adaları var.

Si Cinpin Donald Trampın Çinə səfərinin növbəti dəfə təxirə salınmasını istəmir. Çünki, Çin ABŞ-la ticarət əməkdaşlığına “oyun qaydalarının” müəyyənləşdirilməsinə çalışır. Tramp da “oyun qaydalarınını” müəəyyəlnəşməsini istəyir. Ancaq Vaşinqtonla Pekin arasında fərq ondadır ki, Tramp Çinlə idxal-ixrac əməliyyatlarının balanslaşdırılmsına çalışır. Çin isə dünya bazarlarına daha çox məhsul ixrac etmək istəyir. Tramp bunda maraqlı deyil.

Bu arada, Rusiya və Hindistan arasında müdafiə müqaviləsini imzalaması və təsdiq olunması Pekinin narahatlığına səbəb olub. Dünyanın ən çox əhalisinə malik olan Hindistan xarici hərbçilərə ilk dəfə öz ərazisində müvəqqəti yerləşməyə icazə verib. Rusiya-Hindistan əlaqələrinin, xüsusən də müdafiə sektorunda dərinləşməsi regional müharibələr fonunda baş verib. Buna qədər Çin Rusiya ilə müdafiə sahəsində əməkdaşlıq edirdi. İndi isə Çinin bölgədəki əsas rəqiblərindən biri – Hindistan Rusiya ilə hərbi əməkdaşlığı dərinləşdirməyə qərar verib. Müqavilə Rusiyaya Hind okeanına giriş imkanı verir və öz növbəsində Yeni Dehli Vladivostokdan Murmanska qədər şimal dəniz yolu boyunca limanlara çıxış əldə edəcək.

ABŞ mühasirəyə son qoymaq istəmir

ABŞ və İran nümayəndə heyətlərinin İslamabadda ikinci görüşünün təxirə salınması bölgədə qeyri-müəyyənliyin davamına işarədir. İranın ABŞ-la əvvəlcədən razılaşdırılan danışıqlardan imtina etməsi tərəfləri gərginliklə müşahidə olunan gözləmə mövqeyinə keçirib. İslamabadda iki dövlət arasında razılaşma əldə olunacağı ehtimalı yüksək olsaydı, ABŞ vitse-prezidenti Ceyms Vens birinci görüşdə olduğu kimi yenə İslamabada gedəcəkdi. Ancaq İran Parlamentinin sədri Məhəmməd Qalibaf Tehranın tələbləri nəzərə alınmadan yenidən İslamabada getməyə həvəsli deyildi. Bunun səbəbi ABŞ-ın “Hörmüz boğazının” mühasirəsinə son qoymamasıdır. Tehranın tələbi budur ki, ABŞ mühasirəni sona çatdırdıqdan sonra İran tankerlərin “Hörmüz boğazının” istifadəsinə açacaq. Vaşinqton addım atmadığına görə, Tehran İslamabad görüşündən imtina edib. ABŞ Prezidenti Donald Tramp isə hesab edir ki, “Hörmüz boğazı” ətrafında mühasirəni saxlamaqla bərabər İslamabadda danışıqlar aparmaq mümkündür. Tehran buna razı deyil.

Pakistan rəsmiləri danışıqların baş tutmamasında Vaşinqtonun məsuliyyət daşığıdı qənaətindədirlər. Çünki İslamabadda hesab edirlər ki, danışıqların baş tutmaması ABŞ-ın “Hörmüz blokadası”nın davam etdirilməsiylə bağlıdır. Bu məsələ ilə bağlı Donald Trampın mövqeyində hələ ki, dəyişiklik yoxdur. Ağ Ev sahibi sadəcə, atəşkəsi uzatdığını bildirib.

Pakistan rəsmiləri İranın İslamabad şəhərində keçiriləcək danışıqlarda iştirakını gözlədiklərini açıqlayıb. Pakistanın informasiya naziri bildirib ki, ölkə vasitəçi kimi çıxış edərək İran tərəfi ilə daim əlaqədədir və diplomatik həll yoluna sadiq qalır. Nazirin sözlərinə görə, İranın qısa müddətdə qərar verməsi olduqca vacibdir. O əlavə edib ki, Tehran rəsmilərini danışıqların ikinci mərhələsinə qatılmağa razı salmaq üçün intensiv diplomatik səylər davam etdirilir.

Beləliklə, Pakistan hökuməti səylərini artırıb. Məqsəd İslamabad görüşündən müsbət nəticənin əldə olunmasıdır. Çünki, görüş  və müzakirələr olmasa, bu, bölgədə gərginliyi və yeni müharibə riskini artıracaq. Körfəz ölkələri təşviş içindədirlər. Çünki, yenidən müharibə başlayarsa, İranın raket və dronları yenidən Körfəz ölkələrini hədəf alacaq. Buna İran İnqilab Keşikçiləri Hərbi Hava Qüvvələrinin komandanı general Məcid Musəvinin açıqlaması da sübut edir. O İranın cənub qonşularını bu sözlərlə hədələyib: “Əgər onların coğrafiyası və istehsal imkanları düşmənlər tərəfindən İran xalqına qarşı təcavüz üçün istifadə olunursa, onlar Yaxın Şərqdə neft hasilatına vida etməlidirlər”.

О нас

Исследовательский центр «Атлас» был основан в Баку в 2003 году группой политологов. Возглавляет центр политолог Эльхан Сахиноглу.

Прилавок

Авторизоваться
Сегодня
Umumi 2056888
ru_RURU