Ay: Ekim 2023

Liderlərin görüşünə ehtiyac var

Pekin Vaşinqtonla münasibətləri normallaşdırmağa çalışsa da, hələ ki, bu alınmır. Çin lideri Tsi Cinpin iyun ayında ABŞ dövlət katibi Entoni Blinken Pekində qəbul etmişdi. Bu görüş münasibətlərdə nisbi yumşalmağa yol açmalıydı. Çin rəsmiləri Blinkenlə münasibətlərin müxtəlif istiqamətlərini müzakirə etmişdilər. Ancaq bu səfərdən dərhal sonra ABŞ prezidenti Cozef Bayden Tsi Cinpini diktator adlandırdı. Bununla da münasibətlər yenidən gərginləşdi.

Pekin Vaşinqtonun “münasibətlərin normallaşması” vədlərinə inanmır. Buna baxmayaraq, Çin ABŞ-la dialoqdan imtina etmir. Pekin Vaşinqtonun Çinə münasibətinin dəyişəcəyinə ümid edir. Buna rəğmən, Çin və ABŞ liderlərinin görüşü hələ ki, mümkün görünmür. Sonuncu dəfə iki ölkənin lideri ötən il İndoneziyada “böyük iyirmilərin” sammitində görüşmüşdülər.

Liderlərin görüşü baş tutmadığına görə münasibətlərin normallaşması perspektivi yoxdur. Bu arada, Çin Xarici İşlər Nazirliyinin bəyanatında ABŞ “yalan imperiyası” adlandırılıb. Bu Çin Xarici İşlər Nazirliyinin ABŞ Dövlət Departamentinin bəyanatına cavab idi. Dövlət Departamentinin bəyanatında bildirilirdi ki, Çin hər il dezinformasiyanın yayılmasına, xarici mediaların alınmasına və senzuranın güclənməsinə milyardlarla dollar xərcləyir. Pekin bu iddiaları qəbul etmir.

Buna baxmayaraq, iki ölkə iqtisadi əlaqələrdən imtina etmirlər. Vaşinqton və Pekin bir-birinə qarşı münasibətdə gah qamçı, gah da kökə siyasətindən istifadə edirlər. “The Financial Times” dərgisi Çin-ABŞ münasibətlərinin gələcəyini Çinin iqtisadi artım tempinin azalması vəziyyətindən necə çıxacağı ilə əlaqələndirib. Çinin xarici bazarlara və texnologiyalara çıxışı məhdudlaşıb. Qərb ölkələri Çinin iqtisadi gücünü zəiflətməyə çalışırlar.

"Atlas" Araştırma Merkezi

Dünya iqtisadiyyatı təhlükə altındadır

Yaxın Şərqdə baş verənlər dünyanın diqqətini bu bölgəyə cəlb edib. Vaşinqton İsrail sahillərinə hərbi gəmilərini göndərib. ABŞ-ın narahat olduğu başqa bir bölgə də var. Amerika Birləşmiş Ştatlarının Virçiniya ştatında Tayvanın təhlükəsizliyi ilə bağlı konfrans keçirilib. Konfrans iştirakçıları Çinin Tayvanı ələ keçirməsinin mümkünlüyü mövzusunu müzakirə ediblər. Toplantıda Tayvanı idarə edənlərin böyük qrupu iştirak edib. Amerika Birləşmiş Ştatlarını isə Dövlət Departametinin, Pentaqonun yüksək rütbəli nümayəndələri təmsil ediblər.

ABŞ dövlət katibi Entoni Blinkenin sözlərinə görə, Pekini Tayvanı güc yolu ilə ələ keçirmək təşəbbüsünə qarşı çıxış edən dövlətlərin sayı artıb. Vaşinqton adaya hücumu dünya nizamının pozulması kimi qiymətləndirir. ABŞ buna görə Tayvanı hərbi gücünü artırmağa çalışır. Bundan başqa ABŞ müttəfiqləri ilə birgə Tayvan adası ətrafında hərbi təlimlər keçirir. Entoni Blinken “Atlantic” dərgisinə verdiyi müsahibədə deyib ki, Pekini Tayvanla bağlı planlarından çəkindirmək üçün bütün gücünü səfərbər edib.

Buna baxmayaraq, Çin lideri Tsi Cinpin mövqeyində qətidir. O Çin Xalq Respublikasının yaranmasının 74-cü ilində yenə eyni fikri təkrarlayıb: “Heç bir qüvvər Tayvanın Çinə birləşdirilməsinin qarşısını ala bilməz”. Çin lideri “vahid Çin” prinsipinə sadiqdir. Vaşinqton Pekinin ərazi bütövlüyü əleyhinə çıxmasa da, “vahid Çin” ideyasınını reallaşmasına mane olmağa çalışır. Amerikada Tayvanla bağlı keçirilən konfransda məhz Pekinə mane olmağın yolları müzakirə edilib. Konfransda Tayvanda 2024-cü ilin yanvarında keçiriləcək administrasiya rəhbərliyinə seçkilər də müzakirə edilib.

Çin Tayvanı ələ keçirmək üçün müharibəyə başlayarsa bu dünya iqtisadiyyatına da mənfi təsir edəcək. Dünyada dənizlər vasitəsilə daşınan yüklərin 50 faizi Tayvan boğazından keçir. Bundan başqa dünyada yarımkeçiricilərin 70 faizi Tayvanda istehsal olunur. Müharibə olarsa dünyada qlobal iqtisadi xaos baş verəcək. Amerikalı rəsmilər və ekspertlər Çini bəzi hallarda Rusiyadan daha təhlükəli dövlət kimi qiymətləndirirlər. Entoni Blinken də bununla razıdır. Blinken Çinin iqtisadi, siyasi, diplomatik və hərbi potensialının Rusiyanı üstələdəyi fikrindədir. Çin-Rusiya ittifaqı ABŞ üçün daha böyük təhlükə kəsb edir. Rusiya prezidenti Vladimir Putin oktyabrın 15-də Çinə iki günlük səfərə hazırlaşır. Putin Pekində “bir yol, bir kəmər” forumunda iştirak edəcək.

"Atlas" Araştırma Merkezi

Koreya yarımadası həyəcan içindədədir

Şimali Koreyanın nüvə proqramı və davamlı raket sınaqları qonşusu Cənubi Koreyanı ciddi narahat edir. Seul Şimali Koreyanın digər iki nüvə dövləti Rusiya və Çinlə artan əlaqələrindən də narahatdır. Şimali Koreya diktatorunun bir müddət əvvəl Rusiyaya səfəri və president Vladimir Putinlə müzakirələri Seulda diqqətlə izlənilirdi. Bundan sonra Çindən böyük heyət Şimali Koreyaya səfər etdi.

Aydındır ki, Moskva və Pekin Şimali Koreyanın Qərblə qarşıdurmasını dəstəkləyirlər. Moskva və Pekinin Şimali Koreyanın nüvə proqramına və raket sınaqlarına iradları yoxdur. Bu vəziyyət Cənubi Koreya üçün ciddi təhdid yaradır.

“Financial Times” qəzetində yayımlanan məqalədə, Seulun Pekinə çağırış etdiyi bildirilib. Seul Pekinə çağırış edib ki, Şimali Koreyaya nüvə silahından imtinaya məcbur etsin. Cənubi Koreyanın rəsmisi Kim Yon Xo bildirib ki, Şimali Koreyaya qarşı Qərb sanksiyaları effektli deyil, çünki Pekin və Moskva Şimali Koreyanın nüvə proqramını dəstəkləyirlər. Bu Şimali Koreyaya imkan verir ki, nüvə proqramını və raket sınaqlarını davam etdirsin.

Pekinin Şimali Koreyanı nüvə silahından imtinaya məcbur etmək istəyi yoxdur. Əksinə, Şimali Koreyanın Qərblə gərgin münasibətləri Pekinin maraqlarına cavab verir. Çünki Qərbin və Cənubi Koreyanın Şimali Koreyanı yola gətirmək üçün hər zaman Pekinin vasitəçiliyinə ehtiyacı olacaq. Digər tərəfdən nüvə proqramını genişləndirmək siyasəti Şimali Koreyanın Konstitusiyasında yeni bəndlə vurğulanıb.

Bu vəziyyətdə Cənubi Koreya ABŞ və Yaponiya ilə birgə üçlü ittifaq formalaşdırıblar. 3 ölkənin lideri bir müddət əvvəl Amerika Birləşmiş Ştatlarında birgə görüş və müzakirələr keçiriblər. Seulun başqa alternativ qalmayıb. Halbuki, bəzən Seulla Tokio arasında tarixi məsələlərə görə fikir ayrılıqları var. Ancaq Şimali Koreyanın təhlükəli nüvə proqramı tarixi unutmağı və Seulla Tokio arasında ittifaqı gücləndirməyi diqtə edir.

Bu arada, Avstraliyanın Siyasi Araşdırma Mərkəzinin hesabatına görə, Çin sensor texnologiyalarında ABŞ-ın üstələyib. Pekin inertial naviqasiya sistemləri, maqnit sahəsi sensorları, multispektral və hiperspektral sensorlar, fotonik sensorlar, radar, peyk yerləşdirmə və naviqasiya, sonar və akustik sensorlar sahəsində Vaşinqtonu, ABŞ isə kvant sensorları, atom saatları üzrə tədqiqatlarda Çini qabaqlayır. Bu Qərb ölkələri üçün həyəcan siqnalı ola bilər. Çünki Çin ABŞ üstələdəyi texnologiyalarla Qərblə mübarizə aparan ölkələrlə bölüşə bilər.

"Atlas" Araştırma Merkezi

Rusiya nədən məhrum olub?

Ukrayna müharibəsinin Rusiya iqtidsadiyyatına mənfi təsirləri davam edir. Rusiya rublu dəyərdən düşməkdədir. Bu arada, Rusiya Avropaya sata bilmədiyi qazı başqa bazarlara yönətlməyə çalışır. Ancaq Rusiyanın nəhəng “Qazprom” şirkətinin də imkanları tükənir. “Qazprom” 2023-cü ildə daxili və xarici bazarlara ötən illə müqayisədə 26.5 faiz az qaz nəql edib. Şirkət ötən ilin eyni dövründə bazarlara 225.7 milyard kubametr qaz nəql etmişdi. Bu ilin eyni dövrün göstəricisi 166 milyard kubametrdir. “Qazprom” bu azalmanı siyasi və iqtisadi amillərlə izah edib. Şirkət “siyasi amillər” dedikdə Avropanın Rusiya qazından imtinanı nəzərdə tutub. Bundan başqa 2022-ci ilin qışının nisbətən az soyuq olduğunu təsiri də vurğulanıb. Halbuki, Rusiya rəsmiləri və mediası təbliğat aparırdı ki, Avropa donma təhlükəsi yaşayacaq və bu halda Rusiya qazına ehtiyac duyacaq. Avropa donmadı və başqa rerurslar hesabına vəziyyətdən çıxdı. “Qazprom” şirkətinin ümidi Türkiyə və Çinədir. Türkiyə üzərindən qazın satışı hələ müzakirə dövründə olduğuna görə əsas bazar əvvəlkitək Çin sayılır.

Qaz nəqlinin xaricində Rusiya-Çin iqtisadi münasibətlərində mənfi amillər diqqəti çəkir. CNN televiziya kanalının məlumatına görə, Rusiya Çinə təxminən 150 min boş konteyneri geri qaytara bilmir. Çindən Rusiyaya daşınan məhsulların həcmi o qədər çoxdur ki, boşalan konteynerlər sərhəddə ilişib qalıb. Bundan başqa iki ölkə arasında ticarətdə disbalans yaranıb. Çin Rusiyaya müxtəlif məhsulları satır, Rusiyadan isə ancaq xammal alır. Xammalı isə həmin konteynerlərdə geri göndərmək mümkün deyil.

İki ölkə arasındakı ticarət mübadiləsinin həcminin 155 milyard dollara çatmasına baxmayaraq, Çinin ixrac gücünün azaldığı diqqət mərkəzindədir. Bütün hallarda Rusiya Ukrayna müharibəsinə görə Çin məhsullarına möhtac qalıb. Rusiyanın Avropa ölkə ilə ticarət mübadiləsi dayanıb. Rusiya özünə lazım olan məhsulları Çindən almağa çalışır. Çin Rusiyanın maşın bazarında əhəmiyyətili rol oynamağa başlayıb. Rusiya Çində istehsal olunan maşınları alır. Çinin avtomobil istehsal edən müəssisələri Rusiyada kütləvi şəkildə ticarət mərkəzləri açırlar. Bunun hesabına Çinin “Chery” avtomobil şirkətinin gəlirləri dəfələrlə artıb, xarici bazarlarda, o cümlədən Rusiyada 450 min nəqliyyat vasitəsi satıb. Rəqəmlər artsa da, Rusiya istehlakçıları məmnun deyillər. Çünki Ukrayna müharibəsinə qədər Rusiya vətəndaşları Avropanın modern nqəliyyat vasitələrini almaq imkanına malik idilər. İndi isə ya keyfiyyətsiz yerli maşınlar almalı, ya da Çindən gətirilən nəqliyyat vasitələrinə üstünlük verməlidirlər.

"Atlas" Araştırma Merkezi

Putin bu ölkədən daha böyük dəstək gözləyir

Rusiya prezidenti Vladimir Putin Çinə səfər etməyə hazırlaşır. Doğrudur, Rusiya Ukraynaya qarşı işğalçı müharibəyə başladıqdan sonra Putin Rusiyadan kənara çıxmamağa çalışır, avqust ayında tərəfdaş adlandırdığı Türkiyəyə səfərdən də imtina etdi. Ancaq Türkiyədən fərqli olaraq Çin Rusiyanın strateji tərəfdaşıdır, Moskvada bu dövləti müttəfiq adlandıranlar da var. Digər tərəfdən Çin lideri Tsi Cinpin bir müddət əvvəl Rusiyaya səfər edib Putinlə görüşmüşdü. Həmin görüşdə Cinpin Putini Çinə dəvət etmişdi. Kreml sahibi səfərdən imtina etsəydi, bu, onun dostu Cinpinə qarşı hörmətsizliyi kimi başa düşülə bilərdi. Ukraynaya qarşı işğalçı müharibəyə görə Rusiyanın dost və tərəfdaşı onsuz da azdır. Putinin Çinin dəstəyinə ehtiyacı var. Vladimir Putin Pekində “Bir kəmər, bir yol” forumunda da iştirak edəcək.

Rusiya xəbər agentliklərinin məlumatına görə, Putinin Çinə səfəri zamanı iki ölkə arasında strateji tərəfdaşlığın gücləndirilməsi mövzuları müzakirə ediləcək. Bunu Çinin Rusiyadakı səfiri Çjan Xanxey də təsdiqləyib. Səfir Pekindəki müzakirələrdə iki ölkənin beynəlxalq aləmdə əməkdaşlığın davamı mövzuları ilə bağlı fikir mübadiləsinin aparılacağını bildirib. Moskva və Pekin Qərbin təzyiqlərinə və sanksiyalarına qarşı birgə mübarizəni davam etdirməkdə maraqlıdırlar.

Rusiyada Çinin iqtisadi modelinə də maraq var. Ancaq Rusiya bu modeldən faydalana bilmir. Bunun səbəbini Rusiya Mərkəzi Bankının rəhbəri Elvira Nabibullina belə izah edib: “Çinin inkişaf modeli Rusiyaya yaramır, iki ölkənin iqtisadiyyatlarında fərqliliklər çoxdur. Misal üçün Çin kapitalın və maliyyə bazarlarının liberallaşdırılmasına yeni keçib. Rusiya isə bu yolu çoxdan keçib. Ona görə də bizə geri qayıtmağa ehtiyac yoxdur”. Rusiya Mərkəzi Bankı rublun gücləndirilməsi üçün Çin modelinin təhlükəli olduğu qənaətindədir. Buna baxmayaraq, rusiyalı iqtisadçıların bir qismi rublun möhkəmləndirilməsi üçün Çin modelindən istifadəni faydalı hesab edirlər.

Rusiya Mərkəzi Bankının Çin modelindən faydalanmasının başqa səbəbi də var. Çində 2023-cü ildə iqtisadi inkişaf tempi azalıb. “Bloomberg” agentliyinin analizinə görə, Çində illik artım cəmi 5 faiz olub. Bu illərdir böyüyən Çin iqtisadiyyatı üçün kiçik rəqəmdir. Çinin daşınmaz əmlak bazarında durğunluq hökm sürür. Bundan başqa Çinin ixracı azalıb. Bu isə yerli istehsalın məhsuldarlığına mənfi təsir edir.

Vladimir Putin üçün hazırda önəmli olan siyasi əlaqələrdir. Ancaq Çin iqtisadiyyatındakı problemlərin Rusiya iqtisadiyyatına da mənfi təsiri var. Rusiya Avropaya sata bilmədiyi qazın tamamını Çinə satmağa çalışır. Ancaq əgər Çinin valyuta gəlirləri azalırsa, bu ölkənin Rusiyanın qazının əsas hissəsini almasında da problemlər yaranacaq.

"Atlas" Araştırma Merkezi

Hakkımızda

"Atlas" Araştırma Merkezi, 2003 yılında bir grup siyasi uzman tarafından Bakü'de kuruldu. Merkezin başkanı siyasi analist Elkhan Şahinoğlu.

Tezgah

Giriş yapmak
Bugün
Umumi 264400
tr_TRTR