Ay: Mart 2024

Yeni nəqliyyat dəhlizi müharibədən sonra reallaşacaq

Bir çox ölkə böyük maliyyə imkanlarına malik olan Birləşmiş Ərəb Əmirlikləri ilə iqtisadi əlaqələri genişləndirməyə və bu ölkə ilə ortaq layihələr reallaşdırmağa çalışır. Türkiyə Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğan Birləşmiş Ərəb Əmirliklərinə son səfəri zamanı iki ölkə arasında ticarət mübadiləsini artırmaq məqsədilə müzakirələr aparmışdı. Birləşmiş Ərəb Əmirliklərinin Türkiyəyə yatırımları artıb.

Birləşmiş Ərəb Əmirlikləri ilə iqtisadi və ticarət əməkdaşlığını genişləndirmək istəyən dövlətlər arasında Hindistan da var. Hindistanın baş naziri Narendra Modi Dubaya səfəri zamanı ölkəsi ilə Birləşmiş Ərəb Əmirlikləri arasında yeni ticarət dəhliziylə bağlı niyyət protokolu imzalayıb. Bu Narendra Modinin hakimiyyətə gəldiyi 2014-cü ildən bu yana onun Birləşmiş Ərəb Əmirliklərinə yeddinci səfəri idi. Yeni nəqliyyat dəhlizinə Brüssel və Vaşinqton da dəstək verib. Nəqliyyat dəhlizi Hindistanı, Birləşmiş Ərəb Əmirliklərini, Səudiyyə Ərəbistanını, İsraili və Avropanı əhatə etməlidir. Bu layihə barədə ilk dəfə “böyük iyirmilərin” 2023-cü ilin sentyabrında Dehlidə keçirilən sammitində məlumat verilmişdi. Layihənin reallaşmasına Yaxın Şərqdə başlayan müharibə mane oldu. Qəzzadakı müharibə layihənin reallaşmasına əngəldir. Vaşinqtonun İsraillə ərəb ölkələri arasında iqtisadi əlaqələri formalaşması istəyi arzu olaraq qalıb.

Buna baxmayaraq, layihənin gələcəkdə reallaşmasına inam var. Layihənin əsas iştirakçıları müharibənin bitməsini gözləyirlər. Buna qədər müxtəlif görüşlər həyata keçirilir. Narendra Modinin Birləşmiş Ərəb Əmirliklərinə səfəri bu siyasətin tərkib hissəsidir. Birləşmiş Ərəb Əmirlikləri Hindistandan başlaması planlaşdırılan nəqliyyat dəhlizinə ümidlə baxır. Birləşmiş Ərəb Əmirlikləri 2020-ci ildə İsraillə diplomatik münasibətlər qurub. Bu amilin özü də layihənin reallaşacağına ümidləri artırıb. “Reuters” agentliyində yayımlanan məqalədə, yeni nəqliyyat dəhlizinin Çinin “bir kəmər, bir yol” dəhlizinə alternativ olduğu yazılıb. Buna baxmayaraq, dövlətlər hər iki layihənin imkanlarından istifadə edə bilərlər.

Narendra Modi Dubaya səfəri zamanı ölkəsi ilə Birləşmiş Ərəb Əmirlikləri arasında qarşılıqlı investisiyalar barədə də saziş imzalayıb. İki ölkə rəqəmsal infrastrukturun yaradılmasıyla bağlı razılığa gəliblər. Birləşmiş Ərəb Əmirliklərində çox sayda hindli işçinin çalışması münasibətlərdə müsbət amillərdən biri sayılır. 9 milyon əhalisi olan Birləşmiş Ərəb Əmirliklərində hind əsillilərin sayı 3.5 milyon nəfərdir. Hindistan Birləşmiş Ərəb Əmirliklərinin neftinin əsas alıcılarındandır. Dehli bu ölkədən sıxılmış qaz almağı da planlaşdırır. Ümumilikdə iki ölkə arasında ticarət mübadiləsinin həcmi 100 milyard dollar civarında hədəflənib.

"Atlas" Araştırma Merkezi

 

Kosmosda nüvə silahını birinci kim yerləşdirəcək?

Rusiyanın kosmosda nüvə silahı yerləşdirməyə çalışması xəbəri beynəlxalq aləmdə hələ də müzakirə edilir, ciddi narahatlıq var. Rusiyanın kosmosda nüvə silahı yerlədirməsi çalışmalarına başlamasına dair məlumatları ABŞ kəşfiyyatı yayıb. Vəziyyət o qədər ciddidir ki, ABŞ Konqresində bununla bağlı “milli təhlükəsizliyə ciddi təhdid” mövzusunda qapalı toplantı keçirilməli idi. Təhlükə həm də ondan ibarətdir ki, Rusiya kosmosda nüvə silahı yerləşdirməyə çalışsa, nüvə silahına malik digər ölkələr də özlərini qorumaq üçün eyni prosesə başlayacaqlar. Bəşəriyyət üçün başqa təhlükə də yarana bilər. Rusiya texnologiyasına etibar yoxdur və bu ölkənin kosmosda yerləşdirmək istədiyi nüvə silahının nəzarətdən çıxmayacağını vurğulamaq çətindir.

“The New York Times” dərgisinin məlumatına görə, ABŞ dövlət katibi Entoni Blinken mövcud təhlükəylə bağlı çinli və hindli həmkarıyla ilə ayrı ayrılıqda müzakirələr aparıb. Blinken Pekinin və Dehlinin Kremlə təsir etmələrini istəyib ki, Rusiya hakimiyyəti təhlükəli planlarından imtina etsin. Blinkenin fikrincə, Çin lideri Tsi Cinpin və Hindistanın baş naziri Narendra Modi Rusiya prezidenti Vladimir Putinlə bu barədə danışmalıdırlar. Vaşinqtonda hesab edirlər ki, Kreml sahibi planlarından imtina etməsə bu fəlakətə səbəb olacaq. Kosmosda Çinin və Hindistanın da süni peykləri var. Fəzada nüvə partlayışı ABŞ-la yanaşı Çinin və Hindistanın peyklərini də sıradan çıxaracaq. Əgər belə bir hal varsa, bu Azərbaycanın kosmosda olan peyki üçün təhlükə yaradacaq.

Pekinin Kremlə bu məsələylə bağlı təsir edəcəyi çətindir. Rusiya Ukraynaya qarşı işğalçı müharibəyə başladıqda da Vaşinqton Pekindən xahiş etmişdi ki, müharibəni dayandırmaq məqsədilə Kremlə təsir etsin. Pekin nəinki müharibədən narazılığını bildirdi, tam əksinə müharibənin davam etdiyi iki ildə Rusiya ilə strateji tərəfdaşlığını gücləndirdi. Pekin müharibəni dayandırmaq üçün səy göstərsəydi, bu Çin-ABŞ münasibətlərinə müsbət təsir edərdi. Ancaq Çin Tayvan ətrafında hərbi gücünü artırmaqla ABŞ və ətraf ölkələrlə münasibətlərin gərginləşməsi siyasətinə üstünlük verdi.

Pekin Vaşinqtondan tələb edir ki, Tayvana dəstək verməsin, “vahid Çin” siyasətini qəbul etsin. Vaşinqton Çinin ərazi bütövlüyünə hörmət etməklə yanaşı Tayvanın güc yolu ilə Çinə birləşdirilməsini əleyhinədir və buna mane olmağa çalışır. ABŞ Konqresi Tayvana hər il maliyyə yardımı ayırır və adaya hərbi texnika göndərir. ABŞ-da prezident seçkisindən sonra da Vaşinqtonun Çinlə münasibətlərinin normallaşacağını gözləmək çətindir.

Bu arada, Çinin 2024-cü ildə müdafiə xərclərini 7,2% artıraraq 230,6 milyard dollara çatdıracağı bildirilib. Çin artıq 9-cu ildir ki, müdafiə xərclərini artırır. Pentaqon üçün hazırlanan hesabatda qeyd edilib ki, Çin 2022-ci ildə 400 nüvə başlığına malik idisə, bir sonra bunun sayı 500-ə çatıb. Proqnozlara görə, Çin 2030-cu ilə qədər 1000-dən çox nüvə başlığına malik olacaq və qitələrarası mənzilli ballistik raketlərinin inkişafını sürətləndirəcək.

Buna baxmayaraq, “Bloomberg” agentliyinin məlumatına görə, Çin ordusundakı korrupsiya halları azalmayıb. Çin lideri Tsi Cinpin bundan çox narazıdır. Əsas problemlər Çinin raket bilrliklərindədir. Halbuki, bu qoşun birlikləri Tayvanın ələ keçirilməsində əsas rol oynamalıdır. Məlum olub ki, raketlər keyfiyyətsiz yanacaqla doldurulub. Bu isə həmin raketlərin hədəfə çatma ehtimalını azaldıb.  Buna görə də raket qoşunlarında yoxlamalar başlayıb və xeyli zabit həbs olunub.

"Atlas" Araştırma Merkezi

Hərbi bazalar strateji ittifaqın təminatçısıdır

İkinci Dünya müharibəsindən sonrakı dövrdə ABŞ-la keçmiş SSRİ arasında gərginlik artdıqca Amerika müxtəlif ölkələrdə hərbi bazalar yaratmağa başladı. “Soyuq müharibə” dövründə bu hərbi bazaların sayı artdı. SSRİ də bir neçə ölkədə hərbi bazasını formalaşdırdı, ancaq Moskva hərbi bazaların sayına görə  Vaşinqtondan xeyli geri qalırdı. SSRİ-nin 1991-ci ildə dağılmasıyla “soyuq müharibə” bitdi, Amerika qələbəsini elan etdi və birqütblü danyaya keçid baş verdi. Ancaq illər keçdikcə vəziyyət dəyişməyə başladı. Rusiya, Çin, Türkiyə, Braziliya və digər bir qrup ölkə ABŞ-ın hegemonluğunu qəbul etmir, çoxqütblü dünyanın formalaşması prosesində rol almağa başladılar.

ABŞ artıq hər yerə çatdıra bilmir, regional münaqişələr onu taqətdən salır. Bundan istifadə edən bir qrup dövlət regional siyasətlərini gücləndiriblər. Bu özünü həmin dövlətlərin müxtəlif dövlətlərdə yaratdıqları hərbi bazalarda da göstərir. ABŞ dünyada hərbi bazaların sayına görə ilk sırada qərar tutsa da, Vaşinqtonun müxtəlif qitələrdə ciddi rəqibləri peyda olub. Rusiya, Çin və Türkiyə müxtəlif dövlətlərdə və bölgələrdə, o cümlədən Yaxın Şərq və Afrikada hərbi bazalarının sayını artırmağa başlayıblar. Misal üçün Rusiya Ukraynada işğalçı müharibəsini davam etdirərkən, uzaq Sudanda hərbi dəniz qüvvələri üçün bazanın yaradılması prosesini sürətləndirib. Kremlin Sudan hökuməti ilə sazişi var. Rusiya və Çin hərbi güclərini artırmaqla yanaşı bundan sonra da harda mümkündürsə hərbi bazalarının sayını artırmağa çalışacaqlar.

Hərbi bazalar adətən dənizlərə və okeanlara çıxış və maliyyə ehtiyacı olan dövlətlərdə yaradılır. Bu sıraya Somali, Cibuti, Suriya kimi dövlətləri aid etmək olar. Ancaq təhlükəsizlik baxımından öz ərazisini üçüncü dövlətin hərbi bazası üçün açan varlı dövlətlər də var. Misal üçün varlı Cənubi Koreya özünü kasıb Şimali Koreyadan qorumaq üçün ABŞ-ın hərbi bazalarına ehtiyacı var. Qətər də varlı dövlətdir, ancaq Doha təhlükəsizliyini gücləndirmək və özünü qonşu ölkələrin birinin hücumundan qorunmaq üçün ABŞ və Türkiyənin hərbi bazalarının yerləşməsinə şərait yaradıb.

Türkiyə Azərbaycanın strateji müttəfiqidir, hərbi əməkdaşlıq üst səviyyədədir, birgə hərbi təlimlərin sayı ilbəil artır, iki dövlət arasında birgə hərbi texnikanın istehsalı prosesinə başlanılıb. Azərbaycan prezidenti İlham Əliyevin “Azərbaycan ordusu Türkiyə ordusunun kiçik modelinə çevrilməlidir” tezisi sürətlə həyata keçirilir. Rusiya Ermənistandan hərbi bazasını çıxarmayacaq. Fransa da hərbi nöqteyi-nəzərdən Ermənistanda yerləşməyə çalışır. İranın da Azərbaycan siyasəti dəyişməz qalır. Bütün bu amillər  Türkiyənin Azərbaycanda hərbi varlığının daha üst səviyyəyə qaldırmasını diqtə edir.

"Atlas" Araştırma Merkezi

Dünya iqtisadiyyatı yeni “şok”a hazırlaşır

“Bloomberg” agentliyinin aylıq istisadi analitik hesabatında qeyd edilib ki, ABŞ-ın milli daxili məhsulu dinamik inkişaf mərhələsinə qədəm qoyub və Amerika bu göstəriciyə görə Çini üstələyib. Bu o deməkdir ki, Vaşinqton Pekinlə iqtisadi və maliyyə rəqabətində önə çıxmağa başlayıb.

Beynəlxalq Valyuta Fondu ABŞ-ın ötən il milli daxili məhsulunun 6.3 fazi artdığını qeydə alıb, Çində bu rəqəm isə 4.3 faizdir. Bununla ABŞ dünyanın bir nömrəli iqtisadi gücü olduğunu sübut edib. Çin lideri Tsi Cinpin Rusiya lideri Vladimir Putinlə birgə çoxqütblü dünya formalaşdırmağa çalışır. Ona görə də ABŞ iqtisadiyyatının gücünü bir daha təsdiq etməsi Pekin və Moskva cütlüyü üçün pis xəbərdir. 2018-ci ildən ABŞ-la Çin arasında ticarət müharibələri davam edir. Bir qrup ekspert bu mübarizəni kaptilaizmlə kommunizm arasındakı qarşıdurma kimi qiymətləndirir, tərəflərdən heç biri məğlub olmaq istəmir.     

Bu arada, nüfuzlu “Wall Street Journal” dərgisində Çinin dünya ticarətinə yeni təhlükə yaratdığı barədə məqalə yayımlanıb. Çin ixrac etdiyi məhsulların həcmini artıracaq.  Bunu yeni “Çin şoku” adlandırıblar. Bu yaxın tarixdə bir dəfə baş verib. Çin 1990-2000-ci illər arasında müxtəlif ölkələri ucuz məhsulları ilə “tanış” edib. Bu Çinin Dünya Ticarət Tışkilatına üzv olmasından sonra baş verib. Bunun nəticəsində bəzi ölkələrdə yerli müəssisələr bağlandı. Misal üçün ABŞ-da 1999-2011-ci illər arasında 2 milyon iş yeri itirildi. Çin məhsulları ucuz olduğundan rəqabət aparmaq çətin idi.

Çin yenidən ixracatı canlandırmaq qərarına gəlib. Pekin bu yolla Çində artan inflyasiyanın və iqtisadi artımın zəifləməsinin qarşısını almağı hədəfləyib. Çin bu dəfə müxtəlif ölkələrə texnoloji məhsulların ixracatını artıracaq. Bu Qərb ölkələri üçün yeni problemlər yaradacaq.

Buna baxmayaraq, bir qrup istisadi ekspertin fikrincə, Pekinin ixracatı artırmaq qərarı Çin iqtisadiyyatını böhrandan çıxarmaya da bilər. Çin iqtisadiyyatı 40 il ərzində davamlı inkişaf tempi göstərib. Hazırda Çin inkişafın səngiməsi dövrünü yaşayır. Pekin illər boyu zavodların, hündürmərtəbəli binaların, yolların tikintisinə böyük yatırımlar həyata keçirib. Bunun sayəsində Çin kasıb dövlətdən inkişaf edən dövlətə çevrilib. Ancaq bu sadə model artıq işləmir, dövlətin daxili borcları artıb və bu vəziyyətdən çıxış imkanları hələ tapılmayıb.

"Atlas" Araştırma Merkezi

Asiyada yeni NATO bloku formalaşır

Rusiya Ukraynaya qarşı işğalçı müharibəyə başladıqdan sonra bu ölkənin rəsmilərini Münxen Təhlükəsizlik Konfransına dəvət etmirlər. Qərb ölkələrinin Çinin regional siyasətindən də narazılıqları olsa da, bu ölkənin rəsmilərini Münxen Təhlükəsizlik Konfransına dəvət edirlər. Çinin xarici işlər naziri Van Yi 16-18 fevralda Münxendə keçirilən konfransda çıxış etməklə yanaşı ikitərəfli görüşlər də keçirtdi. Van Yi tərəfdaşı Rusiya ilə savaşan Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə də Münxendə görüşmüşdü.

Buna baxmayaraq, Vaşinqton və Brüssel Pekinin siyasətindən narahatlıqlarını gizlətmirlər. ABŞ dövlət katibinin Şərqi Asiya və Sakit okean məsələləri üzrə köməkçisi Kamil Douson Vaşinqtonda bildirib ki, Amerikanın Hind və Sakit okean bölgəsində Çini durdurmaq siyasətinin müsbət nəticələri var. Amerikalı diplomat hesab edir ki, Çinə qarşı müqavimət artdıca Pekin ehtiyatlı olmağa məcbur qalacaq. Ancaq ABŞ-da heç də hamı dövlət katibinin köməkçisi kimi düşünmür. Məsələn, Respublikaçılar Partiyasının prezidentliyə keçmiş iddialarından biri Florida ştatının qubernatoru Ron Desantis Çini Amerika üçün bir nömrəli təhlükə kimi qiymətləndirib. Buna görə də Desantis ABŞ-ın Hind və Sakit okean bölgəsində hərbi və dəniz qüvvələrinin gücləndirilməsi vacibliyini bildirib. ABŞ-ın Enerji Nazirliyi çərçivəsində fəaliyyət göstərən Milli Nüvə Təhlküəsizliyi İdarəsinin rəhbəri Cill Hrubi deyib ki, ABŞ yaxın 10 ildə Rusiya və Çini durdurmağa hazırlaşmalıdır. Onun sözlərinə görə, həm Rusiya, həm də Çin nüvə potensialını ildən ilə artırırlar.

Dövlət katibi Entoni Blinken çinli həmkarı Van Yi ilə tez-tez görüşsə də, o da Çinin artan gücünü ölkəsi üçün əsas təhlükələrdən biri hesab edir. Ona görə də Blinken Çinlə münasibətlərdə güc amilinin vacib olduğunu bildirib.

Rusiya və Çin də ABŞ-la mübarizənin yeni mərhələsinə hazırlaşırlar. Rusiya prezidenti Vladimir Putin NATO-nun Hind və Sakit okean bölgəsinə genişlənmək istədiyi qənaətindədir. Putinin sözlərinə görə, Vaşinqton Asiyada yeni siyasi və hərbi bloklar formalaşdırır. Bu gizli deyil. ABŞ Asiya və Sakit okean bölgəsi ölkələri ilə siyasi və hərbi əlaqələrini genişləndirmək məqsədilə Vaşinqtonla əməkdaşlıqlarını genişləndiriblər. Bu sırada Hindistan, Yaponiya, Yeni Zellandiya və Avstraliya kimi dövlətlərin adını saymaq olar.

"Atlas" Araştırma Merkezi  

Hakkımızda

"Atlas" Araştırma Merkezi, 2003 yılında bir grup siyasi uzman tarafından Bakü'de kuruldu. Merkezin başkanı siyasi analist Elkhan Şahinoğlu.

Tezgah

Giriş yapmak
Bugün
Umumi 261766
tr_TRTR