Ay: Nisan 2024

Moskvanın miqrant siyasəti sərtləşdikcə Mərkəzi Asiyanın yeganə alternativi qalır

Moskvada son terror aksiyasından sonra Rusiyada çalışan Mərkəzi Asiya vətəndaşlarına qarşı siyasət sərtləşib. Miqrantların bir qismi Rusiyanı tərk etmək məcburiyətində qalıb. Terror hücumundan sonra Rusiya ərazisində Mərkəzi Asiyadan olan miqrantlara qarşı zorakılıq halları artıb. Halbuki, terror hücumuna görə məsuliyyəti İslam Dövləti terror qruplaşmasının Cənub-Mərkəzi Asiyada, ilk növbədə Əfqanıstanda fəaliyyət göstərən və Mərkəzi Asiyadan olan üzvlərin də daxil olduğu İslam Dövləti-Xorasan vilayəti öz üzərinə götürüb.

Mərkəzi Asiya ölkələrinin iqtisadiyyatları tarixən Rusiyadakı miqrant əməkçilərin pul köçürmələrindən asılı olub. Əgər miqrantlar kütləvi şəkildə geri qayıdarlarsa, bu Mərkəzi Asiya ölkələrinin sosial problemlərini artıracaq. Bu səbəbdən Mərkəzi Asiya ölkələri digər iqtisadi tərəfdaşları olan Çinlə əlaqələri gücləndirməyə çalışırlar. Bu zaman Çinin uyğurlara qarşı sərt siyasəti nəzərə alınmayacaq. Çindən qaçan uyğurların bir qismi Mərkəzi Asiya ölkələrində sığınacaq tapıb. Uyğurların hüquqlarının müdafiəsi ilə məşğul olan və Vaşinqtonda yaşayan Salih Hudayarın sözlərinə görə, uyğurlara qarşı zorakılaqlara baxmayaraq, Mərkəzi Asiya ölkələri Çinlə əlaqələri dərinləşdirmək siyasətinə üstünlük verəcəklər. Misal üçün Çinin ictimai təhlükəsizlik naziri Van Syaohonq Özbəkistan prezidenti Şavkat Mirziyoyevlə təhlükəsizlik məsələləri üzrə danışıqlar aparıb. Aprelin 1-də keçirilən görüşdə müasir çağırışlara və təhlükəsizliyə təhdidlərə qarşı mübarizədə praktiki əməkdaşlığın daha da genişləndirilməsi və birgə səylərin əlaqələndirilməsi məsələləri müzakirə olunub.

Pekinin Özbəkistan və Qazaxıstandan əsas istəyi odur ki, Daşkənd və Astana uyğurlara sığınacaq verməsinlər, keçmiş illərdə sığınacaq tapan uyğurların fəaliyyəti barədə isə Çinlə əməkdaşlıq etsinlər. Çin və Mərkəzi Asiya üzrə ekspert Temur Umarovun fikrincə, Mərkəzi Asiya liderlərinin Çinlə iqtisadi və təhlükəsizlik əlaqələrini gücləndirmək üçün bütün addımları atmağa hazırdılar. Bu Mərkəzi Asiya ölkələri liderlərinin praqmatizmindən irəli gəlir: “Onlar açıq şəkildə anlayırlar ki, Çinsiz öz iqtisadiyyatlarının inkişafını və siyasi sabitliyi təsəvvür etmək mümkün deyil”. Digər tərəfdən Mərkəzi Asiyadan Çinə bütün logistik qovşaqlar və enerji ixracı xətləri uyğruların yaşadığı Sincan bölgəsindən keçir. Bundan başqa Mərkəzi Asiyada filialları olan şirkətlər və onların investisiya layihələrinin əksəriyyəti Sincanla əlaqəlidir. Çin Mərkəzi Asiyanın 5 dövləti üçün əsas ticarət tərəfdaşıdır. Qazaxıstan KİV-lərinin məlumatına görə, keçən il ikitərəfli ticarət 31,5 milyard dollara çatıb, Sincan 64%-dən çox, yəni 20,3 milyard dollar töhfə verib.

Türkiyənin də Mərkəzi Asiya ölkələri kimi Çinlə sıx iqtisadi əlaqələri mövcuddur. Ankara Çindən başlayan nəqliyyat xətlərinin Türkiyədən keçməsini istəyir. Buna baxmayaraq, Ankara uyğur mövzusunu arxa plana atmır. Doğrudur, Ankara insan haqları pozuntularına görə Pekini Qərb ölkələri kimi ittiham etmir, ancaq uyğur mövzusunun Türkiyə cəmiyyəti üçün həssas olduğunu Çin hakimiyyətinin dəqiqətinə çatdırır.

"Atlas" Araştırma Merkezi

Haker müharibələri səngimir

Dünyada isti müharibələrlə yanaşı haker müharibələri də davam edir. Keçmiş illərdə haker hücumlarına görə şübhələr Rusiyanın üzərində idi. Rusiya hədəf seçdiyi müxtəlif ölkələrdə seçkilərə internet üzərindən müdaxilələr etməyə çalışırdı. Rusiyanın başı Ukraynadakı müharibəyə qarşıb, diqqət Çinə yönəlib.

ABŞ, Böyük Britaniya və Yeni Zellandiya Çini haker hücumlarında ittiham ediblər. Rəsmilərin fikrincə, bu hücumlar adı çəkilən dövlətlərin təhlükəsizliyinə təhdiddir. “The New York Times” qəzetinin xəbərinə görə, Çin hakerlərinə qarşı ittihamları ABŞ Ədliyyə Nazirliyi hazırlayıb. Vaşinqton və London haker hücumlarında şübhəli bildikləri Çin şirkətlərinə və vətəndaşlarına qarşı sanksiyalar tətbiq ediblər. Vaşinqton və London hesab edir ki, haker hücumlarını Çin Milli Təhlükəsizlik Nazirliyi koordinasiya edir.

Pekin bu ittihamları rədd edib. Əksinə, Pekin iddiasına görə, ABŞ Çinə qarşı kiber hücumları təşkil edib. Vəziyyət o qədər gərginləşib ki, məsələyə Çinin xarici işlər naziri Van Yi münasibət bildirib. Çin xarici işlər nazirinin sözlərinə görə, Vaşinqtonun ittihamlarının arxasında Çini müxtəlif bazarlardan sıxışdırmaq məqsədi daşıyır. Həqiqətən ABŞ-ın siyasətdə və iqtisadiyyatda əsas rəqibi Çindir.

London da Çinə qarşı fəallığını artırıb. Kiber hücumlarla bağlı Çinin Böyük Britaniyadakı səfiri Xarici İşlər Nazirliyinə çağrılaraq ona Londonun etirazı bildirilib. Çinin kiber hücumları zamanı Böyük Britaniya parlamentinin deputatlarının şəxsi məlumatlarının əldə etdiyi bildirilib. Halbuki, hələ 10 il əvvəl Londonla Pekin arasındakı münasibətlər “qızıl dövrün başlanğıcı” kimi qiymətləndirilirdi.   

Bu arada, Hindistan da Çinə qarşı eyni ittihamla çıxış edib. Dehli Pekini Hindistanın enerji və hökumətin bilgisayar sisteminə müdaxilədə ittiham edib. Dehli hesab edir ki, Çinin haker hücumları Hindistandakı müxtəlif bilgisayar sistemlərinə zərər vurmaq imkanına malikdir.

"Atlas" Araştırma Merkezi

Asiya da Rusiyanı məyus edib

Çin, Türkiyə və Birləşmiş Ərəb Əmirlikləri banklarının ABŞ-ın ikinci dərəcəli sanksiyalarından ehtiyatlanmaları səbəbindən Rusiya şirkətlərinin xam neft və yanacaq ödənişlərində bir neçə aylıq gecikmələrlə üzləşməsi Kremli ciddi narahat etməyə başlayıb. Ödənişlə bağlı gecikmələr aylarla uzanıb. Bu isə Rusiyanın valyuta ehtiyatının tükənməsinə səbəb ola bilər. Çin, Birləşmiş Ərəb Əmirlikləri və Türkiyədəki bir sıra banklar ABŞ-ın sanksiyalarından ehtiyat edirlər. Banklar Rusiyaya pul köçürmək istəyən müştəriləri diqqətlə yoxlayır, onların ABŞ-ın sanksiya siyahılarında olub-olmadığını araşdırırlar.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov problemi etiraf edib. Peskovun sözlərinə görə, ABŞ və Avropa İttifaqının pul köçürmələriylə bağlı Çinə təzyiqi artıb. Maraqlıdır, Çin Rusiya ilə strateji tərəfdaşlığını gücləndirməsinə baxmayaraq, Pekin bu ölkəyə pul köçürmələrində Vaşinqtonun və Brüsselin qərarlarıyla hesablaşır.

Rusiya başqa problemlə də üzləşib. Rusiya pul köçürmələriylə bağlı üzləşdiyi çətinliklə yanaşı neft satışında da problemlərlə üzləşib. Hindistan Rusiyadan neft alışını xeyli azaldıb. Dehli Hindistanın neft emalı zavodlarının qərarlarına qarışmır. Hindistanın neft emalı zavodları neftin hansı ölkələrdən alınması məsələsində sərbəstdirlər. Görünür, Hindistanın neft emalı zavodları da Qərb ölkələrinin Rusiyaya qarşı həyata keçirdiyi sanksiyalarla hesablaşır. Rusiya öz neftini ucuz satmağa çalışsa da, Hindistan ərəb ölkələrindən neft alışının həcmini artırıb.  

Beləliklə, Kremlin Ukraynaya qarşı işğalçı müharibəsi Rusiya iqtisadiyyatına ciddi problemlər yaradıb. Qərb ölkələri Ukrayna müharibəsinə görə Rusiyaya qarşı sanksiyalar tətbiq etməyə başladıqdan sonra Kreml Asiya bazarlarına üz tutdu. Asiya ölkələri Qərbin Rusiyaya qarşı sanksiyalarına qoşulmasalar da, Vaşinqton və Brüsselin sərt qərarlarıyla hesablaşmaq məcburiyyətində qalıblar. Çünki Çin və Hindistan Rusiyadan yanacaq və xammal məhsulları alsalar da, bu iki dövlətin əsas iqtisadi tərəfdaşları Qərbdədir.

"Atlas" Araştırma Merkezi

Yeni Kaledoniyanın resursları kimə qismət olacaq?

Fransa sakit okeanda yerləşən Yeni Kaledoniyada tez-tez referendum keçirmək məcburiyyətində qalır. Çünki ada sakinlərinin bir qismi müstəqillik tələbi ilə çıxış edirlər. Ada dövlətində yaşanların əsas hissəsi müstəqilliyə səsə verməsələr də, referendumlarda nisbət getdikcə azalır. Yerli əhali olan kanakilərlə gəlmələr arasında dərin fikir ayrılığı mövcuddur. Kanakilər ada iqtisadiyyatının gəlmələrin nəzarətində olduğu qənaətindədirlər. Müstəqlllik tələb edən kanakilər azlıqda olsalar da, tələblərindən geri çəkilmirlər. Fikir ixtilafı səbəbindən adaları idarə edən nazirlər arasında istefaların sayı artıb.

Paris adalarda tez-tez keçirilən referendumlara müdaxilə etməsə də, Yeni Kaledoniyanın müstəqilliyinin əleyhinədir. Çünki Fransa Yeni Kaledoniya vasitəsilə Sakit okeandakı nemətlərdən bəhrələnir. Bölgə balıq çeşidləri və nikellə məşhurdur. Dünyadakı nikel ehtiyatının əhəmiyyətli hissəsi Yeni Kaledoniyadadır və Fransa ondan istifadə edir. Bundan başqa Fransan bölgədə 8 min hərbçi yerləşdirib. Yeni Kaledoniya müstəqilliyini qazanarsa Fransa həm bölgənin nemətlərindən bəhrələnə bilməyəcək, həm də hərbçiləri adaları tərk etməli olacaqlar. Afrikada sıxışdırlan Fransa Yeni Kaledoniyanı da itirmək istəmir.

Yeni Kaledoniyada və bölgə ətrafında Fransanın rəqibi peyda olub. Bu Çindir. Yeni Kaledoniya Çinə nikel satışını artırıb. Çin 2018-ci ildə Yeni Kaledoniyadan 1 milyard dollar civarında nikel alıb. Yeni Kaledoniyanın müstəqilliyi əleyhinə çıxanlar əhalini Çinlə qorxudurlar. Deyirlər ki, Yeni Kaledoniya Fransadan qurtularsa ada Çinin nəzarətinə keçəcək. Bu təbliğat Parisin də maraqlarına cavab verir. Təsadüfi deyil ki, Fransa prezident Emmanuel Makron Yeni Kaledoniyaya son səfəri zamanı Çini bölgədə hegemonluğunu artırmaqda ittiham edib.  Halbuki, Parisin siyasəti Pekin siyasətindən fərqlənmir.

Yeni Kaledoniyadakı vəziyyət adalara qonşu olan Avstraliya və Yeni Zellandiyanı da narahat edir. Bu iki dövlət də hesab edir ki, Pekinin Sakin okeanın ada dövlətlərində nüfuzu artıb. Pekinin bölgədəki kiçik adalara yatırımlarını artırmaqda siyasi məqsədi də var. Bölgədəki ada dövlətlərinin ərazilər kiçik olsa da, böyük dövlətlər kimi  Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında səs hüququna malikdirlər. Bununla Pekin Tayvan məsələsində kiçik ada dövlətlərini öz tərəfinə çəkmiş olur.

"Atlas" Araştırma Merkezi

Hakkımızda

"Atlas" Araştırma Merkezi, 2003 yılında bir grup siyasi uzman tarafından Bakü'de kuruldu. Merkezin başkanı siyasi analist Elkhan Şahinoğlu.

Tezgah

Giriş yapmak
Bugün
Umumi 257933
tr_TRTR