Blog

Fransa “Orta dəhliz”ə və Azərbaycana möhtacdır

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Parisdə fransalı həmkarı Emmanuel Makronla görüşü zamanı müxtəlif mövzular müzakirə edilib. Fransa Qazaxıstandan uran idxalına başlamaq istəyir. Bu mövzu Fransa Prezidentinin ötən il Qazaxıstana səfər zamanı da müzakirə edilib. Məsələ burasındadır ki, Fransanın Afrikadakı dövlətlərin bir qismi ilə münasibətləri gərginləşib. Bunun nəticəsində Fransa bu dövlətlərdən ona lazım olan uranı idxal edə bilmir. Fransanın çoxsaylı atom elektrik stansiyalarının fasiləsiz işləməsi üçün urana ehtiyacı var. Atom elektrik stansiyaları Fransanın istifadə etdiyi enerjinin 63 faizini təşkil edir. Qazaxıstan isə uran istehsalına görə dünyada birinci yerdədir. Bu səbəbdən Parisin diqqəti Qazaxıstana yönəlib.

Fransanın EDF şirkəti Qazaxıstandanda ilk atom elektrik stansiyasının inşasında iştirak etmək istəyir. Astana Fransa şirkətinin tikintidə iştirakını mümkün sayır. Ancaq Kasım-Jomart Tokayevin mövqeyi belədir ki, atom elektrik stansiyasının tikintisində bir neçə dövlətin şirkəti iştirak etməlidir. Bu Astananın yürütdüyü balans siyasətinə də uyğundur. Misal üçün Rusiyanın “Rosatom” şirkəti də Qazaxıstanda atom elektrik stansiyasının tikintisində iştirak etmək istəyir. Çin də bu prosesdən kənarda qalmaq istəmir. 2023-cü ildə Qazaxıstandan Çin və Rusiyaya uran tədarükü rekord həcmdə olub. 2023-cü ilin ilk 10 ayı ərzində Qazaxıstanda emal olunmuş uranın ixracından əldə olunan vəsait 2,46 milyard dollar təşkil edib. Bu 2022-ci illə müqayisədə üç dəfə çoxdur. Rusiya və Çin Qazaxıstandan uran idxalını daha da artırmağa çalışırlar. Belə olan halda Fransanın Qazaxıstandan uran almaq istəyi Moskva və Pekində narahatlıqla qarşılanacaq. Digər tərəfdən Fransa şirkətinin Rusiya və ya Çin şirkəti ilə birgə atom elektrik stansiyasının tikintisinə birgə iştirakı da mümkünsüz görünür.

Kasım-Jomart Tokayevin Makronla görüşdən əvvəl Fransanın “Le Figaro” dərgisində məqaləsi yayımlanıb. Tokayev həmin məqalədə iki ölkə arasındakı münasibətləri strateji adlandırıb. Tokayev məqalədə “Orta dəhliz” layihəsinin əhəmiyyətini vurğulayaraq bunun Asiya və Avropa arasında ticarət və enerji körpüsü adlandırıb.

Tokayev Fransaya uran idxalını mümkün sayır. Bununla bərabər Qazaxıstan Prezidentinin məqalədə “Orta dəhliz”in həmiyyəti barədə fikir yürütməsi təsadüfi deyil. Çünki, Qazaxıstan Fransaya uran satmağa qərar verərsə, bu məhz “Orta dəhliz” vasitəsilə Avropa ölkəsinə çatdırıla bilər. Yəni Qazaxıstan uranı “Orta dəhliz”in tərkib hissəsi olan Azərbaycan üzərindən Fransaya çatdırılmalıdır. Bunun reallaşması üçün isə Fransa Azərbaycan siyasətini korrektə etməlidir.

"Atlas" Araştırma Merkezi

Bakıda qlobal təşəbbüslər müzakirə olunacaq

Azərbaycan 10 gün ərzində COP29 tədbirinə ev sahibliyi edəcək. Bakıya müxtəlif ölkələrin prezidentləri, baş nazirləri, diplomatları, alimləri, ekspertləri, jurnalistləri və qeyri-hökumət təşkilatlarının nümayəndələri qatılacaqlar. Bu Azərbaycanın müstəqillik tarixində keçirdiyi ən böyük tədbiridir. Bu həm Azərbaycana gələcək on minlərlə qonağın iştirakı, həm də 10 gün ərzində diqqətin Bakıdakı müzakirələrə yönələcəyi ilə bağlıdır.

Bakıdakı görüşlərdə iqlim dəyişikliyinə qarşı mübarizə sahəsində buna qədər görülən işlər və öhdəliklərin necə yerinə yetirildiyi müzakirə olunacaq. Müxtəlif hesabatlar dinləniləcək. Böyük dövlətlər yaşıl enerjiyə üstünlük verdiklərini açıqlasalar da, dünyada ekoloji təsirləri olan ənənəvi yanacaqdan istifadə azalmır. Yaşıl enerjiyə keçidin ekoloji baxımdan aşkar üstünlükləri olduğu halda, buna ayrılan maliyyənin kifayət etmədiyi faktdır. Buna görə də Bakıda müzakirələrdə əsas diqqət alternativ enerjinin maliyyələşdirilməsi problemlərinin həll yollarına yönələcək. Beynəlxalq maliyyə təşkilatlarının alternativ enerji layihələrinə ayırdığı maliyyə kifayət etmir. İnkişaf etmiş və inkişaf etməkdə olan dövlətlər öz resursları hesabına alternativ enerjiyə maliyyə ayırmağa çalışarkən, kasıb dövlətlər yeni layihələri maliyyələşdirə bilmirlər. Bu səbəbdən beynəlxalq maliyyə təşkilatlarının məhz kasıb dövlətlərin iqlim layihələrinə diqqət ayırması vacibdir. COP-un illik tədbirlərində qəbul edilmiş qərarların yerinə yetirilməsi zərurəti vurğulanacaq. Misal üçün 2009-cu ildə Danimarka paytaxtı Kopenhagendə keçirilən COP tədbirində iqlim fəaliyyəti sahəsində ehtiyaclarını qarşılamaq üçün kasıb ölkələrə 100 milyard ABŞ dolları ayrılmalı idi. Üstündən 15 il keçsə də, bu məbləğin nə qədərinin kasıb ölkələrə ayrıldığı mübahisə predmetidir. Bu mövzu Bakıdakı görüşlərdə müzakirə ediləcək, Misal üçün dünya günəş enerjisi potensialının 60 faizi Afrika qitəsində cəmləşib. Ancaq dünyada günəş enerjisinə qoyulan investisiyaların cəmi 1 faizi Afrika ölkələrinin payına düşür. Bu da onunla bağlıdır ki, böyük şirkətlər qeyri-sabitlik səbəbindən Afrikanın günəş enerjisinə yatırım qoymaq istəmirlər. Həmin şirkətlər investisiyalarının geri qayıdacağına əmin deyillər. Deməli, böyük şirkətlərin Afrikadakı günəş enerjisi layihələrini maliyyələşdirilməsinin təşviqi mexanizmləri tapılmalıdır.  Karbon qazından istifadənin azaldılması Bakıda müzakirə olunacaq digər əsas mövzulardandır.

Azərbaycan COP29 tədbirinə ev sahibi etməklə yanaşı iqlim dəyişikliyi ilə bağlı beynəlxalq ictimaiyyətə müxtəlif təşəbbüslər irəli sürüb. Bu təşəbbüslərin COP29-da müzakirəsi planlaşdırılır. Rəsmi Bakı COP29 günlərində qaynar ocaqlarda atəşkəsin elan olunması təşəbbüsü ilə çıxış edib. Bu təşəbbüs beynəlxalq aləmdə geniş əks-səda doğursa da, dünyanın diqqət mərkəzində olan Rusiya-Ukrayna müharibəsinin və Yaxın Şərqdəki toqquşmaların səngiyəcəyini söyləmək çətindir.

Azərbaycan COP29 tədbirinin ev sahibi kimi görüşlərin və müzakirələrin yekunu olaraq ortaq qərarların qəbuluna çalışacaq. Bunun üçün COP29-da çərçivəsində yüzlərlə ölkənin ortaq məxrəcə gəlinməsi vacibdir. Dövlətlər qlobal iqlim dəyişikliyinin hamı üçün zərərli olduğunu anlasalar da, bir qrup ölkə sənaye strukturlarını və ənənəvi gəlir mexanizmlərini nəzərə alaraq iqlim dəşiyikliliyi ilə bağlı iqtisadiyyatlarına təsir edə biləcək ağır qərarlardan çəkinirlər.

“Atlas” Araşdırmalar Mərkəzi

Avropa NATO-ya niyə etibar etmir?

Avropa rəsmiləri və diplomatları arasında köhnə qitənin təhlükəsizliyinin necə artırılması sualı ətrafında müzakirələr səngimək bilmir. Bu Avropa İttifaqının NATO-ya inam azalmasıyla bağlıdır. Avropa Parlamentinin sədri Roberta Metsolanın Avropa Müdafiə İttifaqının yaradılması təşəbbüsü ilə çıxış etməsi buna misaldır. Metsola deyib ki, Avropa İttifaqının quracağı müdafiə və təhlükəsizlik ittifaqı NATO-nu tamamlayıcı bir qüvvə olacaq: “Avropa İttifaqı həmişə daha güclü olmalıdır. Başqalarından gözlədiklərimizi əvvəlcə özümüz təmin etməli və ardıcıl, təsirli addımlar atmalıyıq”. Avropa Müdafiə İttifaqının yaradılması zəruridirsə, onda belə çıxr ki, NATO Avropanı qorumaq iqtidarında deyil. Halbuki, NATO üzvlərinin əksəriyyəti Avropa ölkəsidir.

Bu arada, Avropa İttifaqı ilə Yaponiya arasında təhlükəsizlik sahəsində əməkdaşlıq paktının imzalanması köhnə qitənin maraqlarının sərhədləri aşdığını göstərir. Bu pakt gələn ilin yanvarın 1-də qüvvəyə minəcək. Tokioda təhlükəsizlik paktını imzalayan Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə nümayəndəsi Josep Borrell Yaponiyanın paytaxtında eyni zamanda strateji dialoqun ilk iclasında iştirak edib. Borrell Yaponiyanın xarici işlər naziri Takeşi İvaya ilə görüşdə Avropa İttifaqı ilə Yaponiya arasında təhlükəsizlik əməkdaşlığının dərinləşdirilməsi məsələlərini müzakirə edib. Avropa İttifaqının rəsmisi Yaponiyanın müdafiə naziri Gen Nakatani ilə görüşdə dəniz və kibertəhlükəsizlik, eləcə də kosmos sahəsində əməkdaşlığı müzakirə edib. Borrel müzakirələrdən sonra şəxsi səhifəsində təhlükəsizlik paktını əhəmiyyətini belə izah edib: “Avropa İttifaqı ilə Yaponiya arasında münasibətlərin dərinləşməsi hər iki tərəfin əhalisini daha təhlükəsiz gələcəyə doğru aparacaq”.

Yaponiyanın təhlükəsizliyi ilə bağlı artan narahatlığı bir neçə amillə əlaqəlidir. Çin bölgədə hərbi gücünü artıb, dəniz qüvvələrini gücləndirib, yeni sualtı gəmilər istehsal edib, Çin Rusiya ilə birgə dənizlərdə birgə hərbi təlimlərin sayını artırıb, Şimali Koreyanın raket sınaqları narahatlıq doğuran digər amildir. Yaponiyanın ABŞ-la strateji müttəfiqliyinə və bu dövlətlə müxtəlif regional birliklərdə iştirakına baxmayaraq, Tokio əlavə təhlükəsizlik təminatlarına ehtiyac duyur. Digər tərəfdən Rusiya-Ukrayna müharibəsi Tokionun Kremllə münasibətlərini xeyli dərəcədə gərginləşdirib.

Avropa İttifaqı hərbi təşkilat deyil, silahlı qüvvələri yoxdur. Bu baxımdan Avropa İttifaqının Yaponiyanı necə qoruyacağı sual altındadır. Yaponiyanın birgə hərbi təlimlərə, hərbi əməkdaşlığı dərinləşdirməyə ehtiyacı var. Bu Avropa İttifaqının imkanı xaricindədir. Buna baxmayaraq, Tokioda hesab edirlər ki, Donald Tramp yenidən ABŞ prezidenti seçilərsə, Vaşinqtonun Yaponiyanın müdafiəsinə marağı azala bilər. Buna görə də Tokio alternativlər axtarmaq məcburiyyətindədir. Ancaq Avropa İttifaqı hərbi blok deyil və bölgədə vəziyyətin gərginləşəcəyi halında Yaponiyanı qoruyacaq alətlərə malik deyil. Avropa Müdafiə İttifaqı ideya kimi irəli sürülüb, bunun reallaşması çətindir.

Avropa İttifaqının NATO-nu əvəz etməyə çalışmasının uğursuz cəhdini Ermənistan nümunəsində də göstərmək olar. Avropa İttifaqı müşahidə missiyasının Ermənistandakı fəaliyyəti NATO-nu əvəz etməyə bənzəyir. Müşahidə missiyası Ermənistan-Azərbaycan sərhədində monitorinq aparır. Halbuki, buna ehtiyac yoxdur, sərhəddə sakitlikdir.

"Atlas" Araştırma Merkezi

Lavrov Rusiyanın Ermənistana hərbi texnika satdığını “unudub”

Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Hürriyet” qəzetinə verdiyi müsahibədə Türkiyənin Ukrayna ilə davam edən hərbi-texniki əməkdaşlığını sərt tənqid edib. Lavrov bildirib ki, Ankaranın Ukrayna ilə əməkdaşlığı Türkiyənin vasitəçilik iddiaları fonunda anlaşılmazlıq yaradır: “Türkiyə silahlarının Ukrayna Silahlı Qüvvələri tərəfindən Rusiya hərbçilərinin və mülki vətəndaşların öldürülməsi üçün istifadə edilməsi dərin narahatlıq doğurur”. Rusiyanın xarici işlər naziri Ankaranın bu siyasətinin iki ölkə arasında etibara və əməkdaşlığa mənfi təsir göstərə biləcəyini ifadə edib.

Rusiya xarici işlər nazirinin Türkiyə-Ukrayna hərbi əməkdaşlığına görə Ankaranı tənqid etməsi yersizdir. Türkiyə Ukraynanın ərazi bütövlüyünü dəstəkləyən dövlətdir, Rusiyanın Krımın ilhaqını tanımayıb. Türkiyənin Rusiya ilə olduğu kimi Ukrayna ilə də sıx tərəfdaşlıq münasibətləri var. Rusiya müxtəlif dövlətlərə silah və hərbi texnika satır və əsas məqsədi həm gəlir əldə etmək, həm də silah bazarında mövqeləri möhkəmlətməkdir. Türkiyə Ukrayana pilotsuz uçuş aparatları satarkən eyni maraqlardan çıxış edib. Türkiyənin Avrasiya bölgəsinin aparıcı dövlətlərindən biri kimi tərəfdaş saydığı istənilən dövlətə silah və hərbi texnika sata bilər.

Buna baxmayaraq, Türkiyə Rusiya-Ukrayna müharibəsinin başa çatması üçün daima vasitəçilik təşəbbüsləri ilə çıxış edib. Rusiya və Ukrayna nümayəndələrinin sonuncu görüşü məhz İstanbulda keçirilib. Rusiya Prezidenti Vladimir Putin Türkiyənin vasitəçilik təşəbbüslərinə görə dəfələrlə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana minnətdarlığını bildirib. Nə baş verdi ki, Lavrov Türkiyə haqqında prezidentindən fərqli fikirlər söyləməyə başladı?

Sergey Lavrov bir neçə il əvvəl açıqlamalarında deyirdi ki, guya Qarabağ Azərbaycanın daxili məsələsi deyil. Yəni o bununla işarə edirdi ki, Azərbaycan Rusiyanın Qarabağdakı maraqlarını nəzərə almalıdır. Azərbaycan yalnız öz maraqlarından çıxış edərək, ərazi bütövlüyünü, Qarabağ və Şərqi Zəngəzur üzərində suverenliyini bərpa etdi və Lavrov bu reallığı qəbul etmək məcburiyyətində qaldı. Kreml Azərbaycanla Ermənistan arasında vasitəçi olmağa çalışarkən, İkinci Qarabağ müharibəsi zamanı hərbi texnikanı Ermənistana daşıyırdı. Bu halda eyni sözləri Rusiya haqqında demək olardı, yəni qarşduran tərəflərə hərbi texnika göndərən dövlət vasitəçi ola bilməz.

Sergey Lavrovun Ankaranın siyasətinin Moskva ilə münasibətlərə mənfi təsir göstərə biləcəyi xəbərdarlığına baxmayaraq, Rusiyanın NATO ölkəsi olan Türkiyə ilə tərəfdaşlığı gücləndirməsinə ehtiyacı var. Əks halda Rusiya Prezidenti Türkiyənin BRİCS təşkilatına üzvülüyünü dəstəkləməzdi. Rusiyanın “Roastom” şirkəti Türkiyənin Mersin bölgəsində atom elektrik stansiyasının tikintisini bitirdikdən sonra Sinopda ikinci stansiyasının tikintisində maraqlıdır.

"Atlas" Araştırma Merkezi

Ankara Bakı ilə koordinasiyalı fəaliyyət göstərir

Ermənistanın baş naziri Nikol Paşinyan açıqlamalarının birində söyləmişdi ki, ölkəsi təşəbbüs göstərdiyi “Sülh qovşağı” layihəsinin reallaşdırılması nəticəsində 10 milyardlarla dollar məbləğində gəlir əldə edə bilər. Bu proqnoz şişirdilib. Ermənistan Azərbaycanla və Türkiyə ilə münasibətləri normallaşdıraraq, nəqliyyat yollarının tamamının açılmasını təmin etsə belə, 10 milyardlar dollar əldə etməsi çətin olar. Bütün hallarda Ermənistan qarşısındakı başlıca vəzifə Azərbaycan və Türkiyə ilə nəiyyat yollarının açılmasına nail olmaqdır. Nikol Paşinyan özü də etiraf edib ki, Ermənistanın nəqliyyat yollarına çıxışının 70 faizi qapalıdır. Paşinyan Türkiyə və Azərbaycan üzərindən nəqliyyat yollarının Ermənistan üçün bağlı olduğunu nəzərdə tutub. Ermənistanın İran üzərindən dünya bazarlarına çıxışı yoxdur. İki ölkə arasında dəmir yolu mövcud deyil. Ermənistan Rusiya bazarına məhsullarını Gürcüstan üzərindən çatdırır. Ancaq dağlardan keçən bu yol qış aylarında tez-tez bağlanır. Ermənistanı Rusiya ilə birləşdirən dəmir yolu isə bağlıdır. Həmin yol Gürcüstan ərazisindən və Rusiyanın nəzarət etdiyi Abxaziyadan keçir. Gürcüstanla Abxaziya arasında bütün nəqliyyat yolları bağlıdır. Bir neçə il əvvəl dəmiryolunun açılmasıyla bağlı danışıqlar aparılsa da, nəticə vermədi.

Ermənistan dünya bazarlarına çıxışı Azərbaycan və Türkiyə üzərindən reallaşdıra bilər. Ancaq bunun üçün Ermənistan Azərbaycanla sülh sazişi imzalamalıdır. Sülh sazişi imzalamadan Ermənistan Azərbaycan və Türkiyənin nəqliyyat imkanlarından istifadə edə bilməyəcək.

Nikol Paşinyanın “sülh qovşağı” ideyasının reallaşması Azərbaycanla sülh sazişinin imzalanmasından və Zəngəzur dəhlizinin işə düşməsindən asılıdır. Bu iki məsələnin həllində isə irəliləyiş yoxdur. Buna baxmayaraq, İrəvan “sülh qovşağı” ideyasının reklamını gücləndirməyə çalışır. Ermənistan Nazirlər Kabineti Aparatının rəhbəri Araik Arutunyanın sözlərinə görə, “sülh qovşağı” təşəbbüsünün Türkiyədə geniş şəkildə işıqlandırılması məqsədilə qonşu ölkənin media nümayəndələri İrəvana dəvət olunacaq. Bundan sonra iranlı ekspertlər dəvət olunacaq. Növbəti mərhələdə isə maraqlı ölkələrin ekspertlərinin “sülh qovşağı” təşəbbüsünü ortaq müzakirəsini etmək məqsədilə İrəvanda konfrans təşkil olunacaq. Görünür, İrəvan həmin konfransa Türkiyə, İran, Rusiya, Çin, Hindistan və Mərkəzi Asiya ölkələrinin ekspertlərini dəvət etməyə çalışacaq. Böyük ehtimalla erməni rəsmilər və ekspertlər həmin konfransda “sülh qovşağı” təşəbbüsü adı altında Ermənistanın “Orta dəhliz” və “Şimal-Cənub” nəqliyyat dəhlizlərində iştirakı mövzusunu qabardacaqlar.

Türkiyə media nümayəndələrinin və ekspertlərinin İrəvana dəvət edilərək “sülh qovşağı” mövzusu ətrafında müzakirələrə cəlb edilməsinin bir neçə məqsədi var. İrəvanın birinci məqsəd Türkiyə mediası vasitəsilə “sülh qovşağı” təşəbbüsünə qonşu ölkədə marağın artmasını təmin etməkdir. İrəvanın ikinci məqsəd Türkiyə ilə münasibətlərin normallaşması prosesini Azərbaycanla münasibətləri normallaşma prosesindən ayrı tutmağa çalışmaqdır. Bunu erməni rəsmilər açıqlamalarında gizlətmirlər. Onlar hesab edirlər ki, Türkiyə ilə sərhədin açılmasını və diplomatik münasibətlərin qurulmasını Azərbaycanla sülh sazişi imzalamadan da təmin etmək olar. Ankara İrəvanla təmaslarını artırmasına baxmayaraq, ilkin şərtindən imtina etməyib. Türkiyə Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğan son açıqlamasında bir daha vurğulayıb ki, Ankara Ermənistanla məsələlərin həll yolunda Bakı ilə koordinasiyalı fəaliyyət göstərir.

"Atlas" Araştırma Merkezi

 

İrana hücumda onlar da iştirak ediblər

İsrailin İrana hücum etdiyi gün ölkənin cənub-şərqindəki Sistan və Bəlucistan əyalətinin Taftan bölgəsində baş verən hücum nəticəsində 10 iranlı sərhədçi həlak olub. Sistan və Bəlucistan İranın ən həssas bölgələrindəndir. Bu bölgə silahlı qrupların tez-tez İran qüvvələrini hədəf aldığı hücumları və adam oğurluğu ilə məşhurdur. Son hücumalara görə məsuliyyəti “Ceyş əl-Adl” (ərəbcə “Ədalət Ordusu”) öz üzərinə götürüb.  Qruplaşma bu il ərzində İran silahlı qüvvələrinə bir neçə dəfə hücum ediblər. Nəticədə onlarla İran hərbçisi həlak olub.

Bəluclar İran hakimiyyətində təmsil olunmayıblar. Bəlucların bir qismi Tehranın onlara qarşı məzhəb ayrı-seçkiliyindən şikayətçidirlər. Digər tərəfdən Bəlucistan İranın ən kasıb əyalətidir. Bu amillər “Ceyş əl-Adl” qruplaşmasına Bəlucistanda terror hücumları təşkil etmək üçün zəmin yaradır. Silahlı bəluclar İrana qonşu olan Pakistana da problemlər yaradırlar.

İran İslam İnqilabı Keşikçiləri Korpusu bu ilin yanvar ayında “Ceyş əl-Adl” qruplaşmasının Pakistandakı mövqelərinə zərbələr endirmişdi. Pakistan da buna cavab olaraq İran ərazisinə zərbələr endirdi. İki ölkə öz aralarında münasibətləri gərginləşdirməmək üçün bununla kifayətləndilər. Helikopter qəzasında həlak olan İranın keçmiş xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan “İran Pakistanın suverenliyinə və ərazi bütövlüyünə hörmət edir” açıqlamasını səsləndirməyi lazım bildi. Mərhum nazir Pakistan ərazisinə zərbələrin oradakı iranlı terrorçuların hədəf alınması kimi izah etmişdi.

Buna baxmayaraq, terrorçu qruplaşmanın sərhəddəki həmlələri hər iki ölkə üçün ciddi problemlər yaradır. İran İsraillə gərginlik içərisində olarkən “Ceyş əl-Adl” terrorçu təşkilatı ilə mübarizəni də gücləndirmək məcburiyyətindədir.

"Atlas" Araştırma Merkezi

Ümid Donald Trampadır

Rusiyanın keçmiş prezidenti, Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev ABŞ – ın strateji nüvə qüvvələrinin ( SNF ) ixtisarı ilə bağlı mümkün məsləhətləşmələri mənasız adlandırıb. Vladimir Jirinovski vəfat etdikdən sonra onun vəzifəsini boynuna gotürmüş keçmiş prezidentin dedikləri əslində Kremlin indiki rəhbərinin sözləridir. Medvedev ABŞ-la danışıqları zərərli hesab edir, çünki bu ölkə Ukraynaya yardım edir. Bu yaxınlarda ABŞ prezidenti Co Bayden ilkin şərt olmadan nüvə silahının ixtisarına dair Moskva ilə danışıqlara hazır olduqlarını bildirib. Rusiyanın bu danışıqlardan imtina etməsinin səbəbi nüvə silahının bu ölkənin əlində əsas qorxu aləti olmasıdır. Uzun illərdir ki, Rusiya Qərbi məhz nüvə silahı ilə qorxudur.

Bu yaxınlarda nüvə silahının Rusiya tərəfindən istifadə sərhədlərinin genişləndirilməsi Qərbdə xüsusi narahatlıqla qarşılanıb. ABŞ-ın hazırda əsas missiyası bu məsələdə Rusiyanı cilovlamaq və rəqibinin nüvə gücünə nəzarət etməkdir. ABŞ və Rusiya nüvə silahına malik iki böyük dövlətdir. Ancaq bu ölkələrin nüvə silahına baxışlarında böyük fərqləri var. ABŞ hazırda heç bir ölkəni bu silahdan istifadə ilə bağlı təhdid etmir. Rusiya isə davamlı şəkildə Qərb ölkələrinə  bununla bağlı təhdidlər yağdırır.  İkinci səbəb isə Baydenin özünün şəxsi nüfuzu ilə bağlıdır. Ağ evin hazırkı rəhbərinin Rusiya ilə bağlı xarici siyasəti fiaskoya uğrayıb və bu respublikaçıların ən güclü tənqididir. Bayden nə qədər çalışsa belə Rusiyaya qarşı dünyada vahid cəbhə formalaşdıra bilməyib. ABŞ-ın niyyəti Rusiyanı Ukraynada bataqlığa salmaq idi. Necə ki, vaxtilə Əfqanıstanda eynisini SSRİ-yə qarşı tətbiq etmişdi. Ancaq Putin fərqli strategiya izləyib. SSRİ Əfqanıstanda hakimiyyəti dəyişmək və özünə sadiq qüvvələri hakimiyyəti gətirmək istəyirdi. Rusiya isə faktiki olaraq Ukrayna dövlətçiliyini rədd edib və tutduğu bütün ərazilərin federasiya tərkibinə daxil olacağını bildirib. Moskva Qərbə göstərib ki, onun niyyəti Ukrayna hakimiyyəti deyil,  Ukraynanın torpaqlarıdır. İkinci bir səbəb isə Qərb çox çalışmasına baxmayaraq Ukraynada partizan hərəkatı qura bilməyib. Əfqanıstanda isə radikal dini qruplar sovet qoşunlarına həm hərbi, həm ideoloji olaraq böyük zərbələr vurdu. Ukraynada Rusiya ordusunun dərinliyinə girəcək partizan dəstələri yoxdur. Coğrafi amillər, həmçinin Ukrayna cəmiyyətinin özünün partizan mübarizəsi üçün təcrübəsiz olması və Volodimir Zelenski hökumətinin bu işdə maraqlı olmaması prossesin qarşını alıb. Qərbin ehtiyat etdiyi Rusiyanın Ukraynada nüvə silahından istifadə etməsidir. Bu hal Kiyevin dirənişini qıra bilər. Bayden Ağ Evi tərk etməmiş Rusiyanı nüvə müqaviləsinə məcbur etməklə öz uğursuzluğunu az da olsa kompensasiya etmək istəyir. Diqqət çəkən digər məqam isə bu razılaşmaya niyə Putinin  deyil, Medvedevin etiraz etməsidir.  Medvedev nə qədər ağır çəkili fiqur olsa belə onun sözü Rusiyanın rəsmi mövqeyi deyil. Görünür, Putin gələcəklə bağlı ehtiyyatı əldən vermək istəmir. Kreml sahibinin Bayden sonrasına ümidi böyükdür. Əgər Donald Tramp yenidən Ağ evə gələ bilərsə Moskva və Vaşinqton arasında buzlar müəyyən qədər əriyəcək. Rusiya gələcəkdə ABŞ-la nüvə anlaşma imzalaya bilər. Ona görə də Putin özü hələ ki, bu məsələyə münasibət bildirmir. Dmitri Medvedevin açıqlaması isə göstərir ki, nüvə silahı hələ bir müddət də Rusiyanın Qərbə təhdid vasitəsi olaraq qalacaq.

"Atlas" Araştırma Merkezi

BRİCS toplantısı ərəfəsində vacib razılaşma əldə olundu

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Jian “Reuters” xəbər agentliyinə bildirib ki, Çin Hindistanla sərhəd münaqişəsinin həlli ilə bağlı qərara gəldiyini və həll yollarını həyata keçirməyə çalışacağını bildirib. Bundan əvvəl oxşar açıqlamanı Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşankar səsləndirib. O deyib ki, Hindistan Çinlə sərhəddə patrul fəaliyyətinin bərpa edilməsi ilə bağlı razılıq əsasında dörd ildir davam edən sərhəd qarşıdurmasına son qoyub. Subrahmanyam Cayşankar əldə edilən razılaşmanı sərhəd bölgələrində sülh və əmin-amanlıq üçün zəmin yaradacağına əmin olduğunu bildirib.

Maraqlıdır ki, Pekin və Dehlidən barışığa yönəlik açıqlamalar Çin lideri Sin Cinpinin və Hindistanın baş naziri Narendra Modinin Rusiyanın Kazan şəhərində işə başlayan BRİCS sammitindən bir neçə gün əvvəl verilib. Hər iki lider sammit ərəfəsində müsbət nəticə əldə etməklə Kazanda ikitərəfli görüş üçün zəmin yaradıblar.

Pekin və Dehli arasında münasibətlər 2020-ci ilin iyun ayında sərhəddə gərginlik və toqquşmalar nəticəsində gərginləşmişdi. Toqquşmalar nəticəsində hər iki tərəfdən itkilər qeydə alınmışdı. Tərəflər bir-birini sərhəd xəttini keçməkdə və razılaşmaları pozmaqda ittiham etmişdilər.

İki ölkə arasında yeni razılaşma Hindistanla Çin arasında 4 ildir davam edən gərginliyi azaldacaq. İki ölkə arasında sərhədin uzunluğu 3488 kilometrdir. Müxtəlif illərdə sərhədin müəyyənləşməsiylə bağlı danışıqlar aparılsa da, nəticə əldə olunmayıb. Son razılaşma sərhədin müəyyənləşməsinə şərait yaratmasa da, birgə patrul xidməti tərəfləri gələcək toqquşmalardan qoruyacaq.

Pekinlə Dehli arasında əldə edilən son razılaşma Kremlin maraqlarına uyğundur. Hindistan və Çin Rusiyanın da üzvü olduğu BRİCS və Şanxay Əməkdaşlıq Təşkilatının üzvüdürlər. Ukrayna müharibəsinə görə ABŞ və Avropa İttifaqı ilə münasibətləri gərginləşdirən Kreml bu iki təşkilatın güclənməsində maraqlıdır. Çinlə Hindistan arasında gərginlik davam edərkən BRİCS və Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində inteqrasiya prosesləri şübhə doğururdu. Dehli və Pekin razılaşma əldə etdikdən sonra isə BRİCS və Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində interqasiyanı gücləndirmək üçün yeni imkanlar açılacaq.

"Atlas" Araştırma Merkezi

Ermənistan 3+3 formatından imtina edərmi?

Ermənistan Parlamentinin sədri Alen Simonyan son müsahibələrinin birində bir neçə etiraf edib. Onun birinci etirafı odur ki, Azərbaycan BMT-nin qətnamələri əsasında Qarabağda hərbi əməliyyat keçirib. Bu həm də onun etirafıdır ki, Azərbaycan beynəlxalq hüquqa uyğun olaraq bütün dövlətlər üçün keçərli olan BMT qətnamələrinin yerinə yetirilməsini – ərazi bütövlüyünü təmin edib. Simonyan məhz bu səbəbdən dünyanın Ermənistana dəstək vermədiyini bildirib. Onun ikinci etirafı isə odur ki, Ermənistana və Azərbaycana düşmən olan ölkələr sülh danışıqlarının dalana dirənməsini istəyirlər. Simonyanın fikrincə, Ermənistana və Azərbaycana düşmən münasibət bəsləyən dövlətlər bölgədə sülh istəmirlər.

Alen Simonyan “düşmən münasibət bəsləyən dövlətlər” cümləsini cəm şəklində işlədib, yəni söhbət sanki bir neçə dövlətdən gedir. Bir dövlətin adı Azərbaycana bəllidir – Fransa. Bu ölkə Ermənistanı silahlandırmaqla, eyni zamanda anti-Azərbaycan siyasətini davam etdirməklə sülh prosesini əngəlləməyə çalışır. Çünki sülh əldə olunarsa Ermənistanın Azərbaycan və Türkiyə ilə normallaşma prosesi başlayacaq. Bu isə Parisin maraqlarına cavab vermir. Ancaq Simonyan “düşmən ölkələr” dedikdə hər halda Fransanı nəzərdə tutmayıb. Fransa Ermənistanın strateji müttəfiqidir. Simonyan “düşmən ölkələr” deyərkən nə Fransa, nə ABŞ, nə də ki, İranı nəzərdə tutub. Ermənistanın bu 3 ölkə ilə sıx tərəfdaşlıq münasibətləri var. Ermənistan parlamentinin sədri Rusiyaya eyham vurub. O əvvəllər də Rusiyanı sərt tənqid edən fikirlər söyləyib. Simonyanın 3+3 platformasıyla bağlı səsləndirdiyi digər cümləsində də Rusiyaya eyham var: “Mən, açıq desəm, nə üçün mövcud olmuş və ya mövcud olandan başqa başqa formata ehtiyacımız olduğunu başa düşmürəm” – deyən Simonyan 3+3 platformasının əleyhinə olduğunu işarə vurub. Simonyan demək istəyib ki, Rusiyanın iştirak etdiyi format Ermənistanın maraqlarına cavab vermir.

Buna baxmayaraq, İrəvan istəsə belə Tbilisi kimi 3+3 formatından imtina etməyəcək. Çünki, bu İrəvanın açıq-aşkar qonşu dövlətlər olan Rusiya, Türkiyə və İranın Cənubi Qafqazda təhlükəsizlik sistemində yer almasının əleyhinə mövqeyi kimi qiymətləndiriləcək. İrəvan formatdan imtina etməklə riskə getməz. Orası da var ki, Alen Simonyan baş nazir Nikol Paşinyanın danışan dilidir. Paşinyan birbaşa söyləyə bilmədiklərini Simonyanın vasitəsilə səsləndirir. Demək, Paşinyanın da 3+3 formatına baxışı eynidir, prinsip belədir “formatın gələcəyinə inanmırıq, ancaq iştirak imtina etməyəcəyik”.

"Atlas" Araştırma Merkezi

Vaşinqtonun NATO üzvlərindən tələbi nədir?

NATO-nun quruluşunun 75 illiiyi münasibətilə Vaşinqtonda keçirilən sammit yekunlaşıb. Sammit iştirakçıları Ukraynaya dəstək ifadə ediblər. Bundan başqa Ağ Evin təkidi ilə NATO-ya üzv ölkələrin müdafiə xərclərinin 2 faizə çatdırılması məsələsi yenidən müzakirə olunub. 10 ildir bu məsələni həll etmək olmur. Avropanın bir qisim ölkəsi təhlükəsizliklərini ABŞ və NATO-nun hesabına həll etməyə çalışır. Bu məsələni ABŞ-ın keçmiş prezidenti Donald Tramp da qaldırmışdı. Avropa ölkələri sosial xərcləri hərbi xərclərə qurban vermək istəmirlər.

Sammitdə NATO-nun genişlənməsməsi mümkünlüyü barədə fikir mübadiləsi aparılsa da, Ukraynanın üzvlük məsələsi yenə qeyri-müəyyən gələcəyə qaldı. Ukraynanın Şimali Atlantika Blokuna üzv olacağını qəbul edirlər, ancaq heç kim Kiyevə bununla bağlı tarix vermək istəmir. Donald Tramp bu ilin noyabr ayında prezident seçilərsə, Ukraynanın NATO üzvlüyü ən azı 4 il gündəmdən çıxarılacaq. Tramp Ukraynanın Şimali Atlantika Blokuna üzvlüyünün qəti əleyhinədir. Ümumiyyətlə Tramp Ukraynaya hərbi və maliyyə yardımın da dayandırılmasının tərəfdarıdır. Buna baxmayaraq, ABŞ-ın hazırki prezidenti Cozef Bayden NATO-ya üzv ölkələrin 2025-ci ildə Ukraynaya hərbi xərcləri üçün 40 milyard dollar ayrılacağını bildirib, sadəcə o prezident seçilməsə, bunun reallaşması sual altında olacaq. NATO-nun vəzifəsini təhvil verməyə hazırlaşan baş katibi Yens Stoltenberq bu fikirdədir ki, Ukraynaya gərəkən dəstək verilməsə Rusiya müharibədə qalib gələ bilər, bu isə NATO üçün ağır məğlubiyyət olacaq. Ukrayna Prezidenti Volodimir Zelenski ümid edir ki, ABŞ və Avropa ölkələri Ukrayna hava sahəsini qorumağa imkan verən təyyarələr və raket qurğuları verəcəklər. Yaxın günlərdə Ukrayna F-16 təyyarələri ilə təhciz olunmağa başlayacaq.

Vaşinqtondakı müzakirələrdə Çin barədə danışıblar. Çinin Hind və Sakit okean bölgəsində artan hərbi gücü Şimali Atlantika Blokunu narahat edir. ABŞ və NATO rəhbərliyi Rusiya-Çin münasibətlərinin dərinləşməsindən narahatdırlar. Vaşinqton və Brüssel Pekinin Moskvaya həm mülki, həm də hərbi məqsədlər üçün istifadə oluna bilən və Rusiyanın Ukraynada müharibəsini davam etdirməsinə imkan verən malların ixracına işarə ediblər. Yens Stoltenberq Pekinin Moskva ilə yarımkeçiricilər və digər ikili təyinatlı məhsullarıyla, o cümlədən yüksək səviyyəli texnologiyaları Moskva ilə paylaşdığı qənaətindədir.

"Atlas" Araştırma Merkezi

Hakkımızda

"Atlas" Araştırma Merkezi, 2003 yılında bir grup siyasi uzman tarafından Bakü'de kuruldu. Merkezin başkanı siyasi analist Elkhan Şahinoğlu.

Tezgah

Giriş yapmak
Bugün
Umumi 1428194
tr_TRTR