Blog

Adaya iki seçim verilib

Tayvan adasında yanvarın 13-də prezident və parlament seçkiləri keçiriləcək. Beynəlxalq aləm bu seçkiləri diqqətlə izləyəcək. Çünki seçkinin nəticələri bölgədəki durumun hansı istiqamətdə inkişafını müəyyənləşdirəcək.

Pekin Tayvandakı seçkilərin nəticələrinə təsir etməyə çalışır. Çindən yayımlanan bəyanatlarda və açıqlamalarda Tayvan seçicilərinin doğru qərar verməsi istənilir. Pekin Tayvanda yaşayan çinliləri inandırmağa çalışır ki, Tayvanın müstəqilliyini dəstəkləyən qüvvələr seçkidə qələbə qazanarsa bu, bölgədə müharibə risqini artıracaq və bundan Tayvan sakinləri əziyyət çəkəcəklər. Pekin Tayvanın iqtisadi imkanlarını məhdudlaşdıracağına və ada ilə bütün iqtisadi əlaqələrini kəsəcəyinə işarə edib.

Buna baxmayaraq, adanın müstəqilliyini dəstəkləyən Demokratik Proqressiv Partiyası və bu partiyanın prezidentliyə namizədi Uliyam Lay sorğularda liderliyini qoruyur. Müxalif mövqeyindəki “Qomindan” Partiyasının lideri Hou Yui rəqibi ilə arasındakı fərqi azaltmağa çalışır. “Qomindan” Pekinlə dialoqun tərəfdarıdır. Bu mənada Pekin seçkidə məhz bu partiyanın qələbəsini arzulayır. Yaponiyanın “Nikkei” qəzetində yayımlanan məqalədə yazılıb ki, Çinlə iqtisadi əlaqələri olan Tayvan şirkətlərinin işçilərinə “Qomindan” partiyasının namizədlərinə səs vermək məsləhət bilib. Demokratik Proqressiv Partiyasının üzvləri Çini adanın daxili işlərinə qarışmaqda ittiham edirlər.

ABŞ Demokratik Proqressiv Partiyasını dəstəkləyir. Çünki bu partiya Vaşinqtonla strateji müttəfiqliyin tərəfdarıdır. Partiya liderinin ada administrasiyasına rəhbər olduğu 8 ildə Tayvanla Pekin arasında dialoq dondurulub. ABŞ Nümayəndələr Palatasının keçmiş sədri Nensi Pelosinin adaya səfərini də məhz Demokratik Proqressiv Partiyasının lideri təşkil etmişdi. 2022-ci ilin avqustunda gerçəkləşən  səfər Vaşinqtonla Pekin arasında onsuz da gərgin olan münasibətləri daha da gərginləşdirdi. Halbuki, Ağ Ev adminisrasiyası da Pelosinin səfəri əleyhinə idi.

Pekin Tayvan sakinlərinə iki seçim verib: Ada sakinləri Demokratik Proqressiv Partiyası səs versələr, müharibə ilə üzləşəcək, “Qomindana” səs versələr isə sülhə, dialoqa və Çinlə birləşməyə üstünlük verəcəklər. Çinin hazırki lideri Tsi Cinpin də Tayvan sakinlərini tez-tez xəbərdar edir. Cinpin ötən il Çin Kommunist Partiyasının qurultayında açıq dedi ki, Pekinin danışıqlar yolu ilə Tayvanı Çinlə birləşdirməsi alınmasa, başqa üsullardan istifadə ediləcək, yəni ada Çinə güc yolu ilə birləşdiriləcək. Cinpin bu yanaşmasını ötən ilin dekabrın 26-da Çinin qurucu lideri Mao Tsedunun anadan olmasının 130 illiyində də təkrarlayıb: “Vətən birləşməlidir və bu bütün hallarda baş verəcək”.

"Atlas" Araştırma Merkezi

Azərbaycan neftinə tələbat artıb

Rusiya 2024-cü ildə də Ukraynaya qarşı işğalçı müharibəni davam etdirəcək. Bunu Rusiya prezidenti Vladimir Putinin və digər rusiyalı rəsmilərin açıqlamalarından müəyyənləşdirmək olar. Müharibənin səngiyəcəyinə və tərəflər arasında danışıqların başlayacağına dair heç bir əlamət yoxdur.

Rusiya müharibə şəraitində əsas ixrac məhsulu olan neft və qazının davamlı satışı üçün bazarlar uğrunda mübarizəni davam etdirəcək. Rusiya Avropa bazarını itirdikdən sonra enerji resurslarını əsas iki istiqamətə – Çin və Hindistana yönəldib. Ancaq bu iki bazar Rusiya üçün böyük Avropa bazarını tam əvəz edə bilmir. Nəticədə Rusiyanın 2023-cü ildə qaz satışı əvvəlki illərlə müqayisədə xeyli azalıb. Bu Rusiyanın gəlirlərinin azalmasına gətirib çıxarıb. Çin Rusiya qazını almaqda davam etsə də, Pekin mavi yanacağı Mərkəzi Asiya ölkələrindən də almaqda davam edir. Çin qazın alışında Rusiyadan asılı olmaq istəmir.

“Financial Times” dərgisində yayımlanan məqalədə Çinin Rusiya neftini rekord həcmdə aldığı yazılıb. Bu Çinə imkan verir ki, başqa ölkələrdən aldığı neftin qiymətini ucuzlaşdırsın. Ukrayna müharibəsinə qədər Çin neftin əsas həcmini Səudiyyə Ərəbistanından alırdı. Ancaq iqtisadi ekspertlər bu gedişatın müvəqqəti olduğunu qənaətindədirlər. Ekspertlərin fikrincə, Çinin Səudiyyə Ərəbistanından neft alışını azaltması müvəqqəti xarakter daşıyır.

Bu arada, “Reuters” agentliyinin yaydığı məlumata görə, Hindistan Rusiyadan aldığı neftin həcmini azaldıb. Hindistanın neft naziri bildirib ki, ölkəsinin Rusiyadan neft alışını azaltması qeyri-münasib qiymətlərlə bağlıdır. Nazir bildirib ki, Dehli Hindistanın neftayırma zavodlarının qərarlarına qarışmır. Nazirin sözlərinə görə, neftayırma zavodları hansı ölkədən neft almaq məsələsini müstəqil həll edirlər, hökumətin onlardan yeganə tələbi ölkədə yanacağın münasib qiymətlərlə satılmasını təmin etməkdir.

Hindistan Rusiyadan gündəlik 1.5 milyon barel neft alır. Hindli nazirin sözlərindən belə çıxır ki, əgər Rusiya qiymətdə endirim etməsə Hindistan başqa ölkələrdən daha çox neft almağa başlayacaq. “Bloomberg” agentliyi ötən ilin dekabrında belə bir xəbər yaymışdı ki, Rusiyanın neft daşıyan 6 tankeri Hindistan limanlarında qəbul olunmamışdı. Bu Rusiya üçün yeni çətinliklər yaradır.

Hindistan Rusiyadan neft alışını azaldarsa başqa ölkələrlə yanaşı Azərbaycandan da  neftin alışını artıra bilər. Hindistan 10 ay ərzində Azərbaycandan 500 milyon dollar dəyərində neft alıb. Bu göstəriciyə görə, Hindistan Azərbaycanın neft alıcıları sırasında üçüncü sırada qərar tutub. Azərbaycan neftinin əsas alıcısı İtaliyadır, ikinci sırada isə İsraildir.

"Atlas" Araştırma Merkezi

Birləşmə necə gerçəkləşəcək?

Çinin Tayvanla birləşməsi qaçılmazdır. “Reuters” agenrtliyinin yaydığı məlumata görə, bu barədə Çinin lideri Tsi Cinpin Yeni il təbrikində deyib. Vətənin birləşməsinin tarixi zərurət oluğunu bildirən Cinpin Tayvan boğazının hər iki tərəfindəki həmvətənlərin birlşməsindən başqa alternativinin olmadığını vurğulayıb.

Göründüyü kimi, Tayvan mövzusu 2024-cü ildə də aktuallığını qoruyacaq. Pekin Tayvanı Çinə birləşdirmək siyasətini gücləndirəcək. Tsi Cinpin hakim Kommunist Partiyasının son qurultayında deyib ki, Tayvanı danışıqlar yolu ilə Çinə birləşdirməyə çalışacaq: “Ancaq əgər danışıqlar nəticə verməsə, başqa üsullardan da istifadə edilə bilər”. Tayvanın güc yolu ilə Çinə birləşdirilməsi bölgədə hərbi toqquşmaya səbəb olacaq və ABŞ müdaxilə etməyə məcbur qalacaq.

ABŞ-ın məhşur “NBC News” televiziya kanalı belə xəbər yayıb ki, Tsi Cinpin bir müddət əvvəl ABŞ prezidenti Co Baydenlə San-Fransiskoda son görüşü zamanı Ağ Ev sahibinə Tayvanı Çinə birləşdirmək planları barədə danışıb. Tsi Cinpin Baydeni inandırmağa çalışıb ki, Pekin müharibə istəmir, ancaq Pekin Tayvanı Çinə birləşdirmək siyasətindən də imtina edən deyil. Bununla Cinpin Baydenə bu məsələdə qətiyyətini nümayiş etdirməyə çalışıb. Yayılan xəbər görə, Cinpin Tayvanı Çinə birləşdirəcək tarixi də göstərib. Bu ya 2025, ya da 2027-ci ildə baş verəcək.

Cinpin Baydeni inandırmağa çalışıb ki, ABŞ Tayvanı müstəqil dövlət kimi tanımaqdan imtina etsin. Bayden Cinpinin bu təklifini qəbul etməyib. İki liderin söhbətində Tayvanda 2024-cü ildə prezident seçkiləri də müzakirə edilib. Cinpin bir qisim namizədin açıqlamalarından narahat olduğunu Baydenə bildirib. Ağ Ev sahibi isə Tayvan seçicilərinin qərarına hörmətlə yanaşılması vacibliyini bildirib.

Cinpin anlayır ki, Vaşinqton Tayvanın Çinə birləşdirilməsinə mane olacaq. Ona görə də Cinpin Çin silahlı qüvvələrinin modernləşdirilməsinin sürətləndirilməsinə qərar verib. Vaşinqton Pekinin planlarından narahatdır. “Reuters” agentliyinin məlumatına görə, ABŞ Tayvana əlavə olaraq 300 milyon dollar ayırıb. Bu maliyyə Tayvanın müdfiə sistemlərinin gücləndirilməsinə xərclənəcək.

ABŞ “vahid Çin” konsepsiyasının əvvəlki kimi dəstəkləsə də, Tayvanın zorla Çinə biləşdirilməsinin əleyhinədir. ABŞ Konqresi Nümayəndələr Palatasının keçmiş spikeri Nensi Pelosinin 2022-ci ildə Tayvana səfəri bölgədə vəziyyəti daha da gərginləşdirmişdi. Bu gərginlik azalmayıb.

"Atlas" Araştırma Merkezi

Müqavilədən hansı dövlət birinci çıxacaq?

“The New York Times” qəzetində yayımlanan məqalədə, ABŞ kəşfiyyatının Çinin şimalındakı səhralıqda böyük şaxtalar inşa edildiyi yazılıb. Vaşinqton bu qənaətə gəlib ki, Pekin həmin bölgədə nüvə sınağı keçirməyə hazırlaşır. Çünki, Çin 1964-cü ildə məhz həmin bölgədə ilk nüvə bombasını sınaqdan keçirmişdi.

Vaşinqton Çinin nüvə gücünü artırmasından narahatdır. Halbuki, bir qisim ekspertin fikrincə, Çin ilk olaraq Nüvə sınaqlarının hərtərəfli qadağan edilməsi haqqında Müqavilədən çıxmayacaq. Çünki nüvə sınağının keçirilməsi həmin dövlətin müqavilənin şərtini pozması demək olacaq.

Buna baxmayaraq, Çin nüvə silahlarının istehsalında ABŞ-dan geri qalmaq istəmir. Digər tərəfdən Çin nüvə istehsalını artırmaqla yanaşı onların gücünü yoxlamaq barədə də düşünə bilər. Vaşinqton yeni şaxtaların tikintisini məhz bununla əlaqələndirib. Şaxtalarda həyata keçirilən nüvə sınağı zərərli maddələrin ətrafa yayılmasının qarşısını alır.

Bu arada, Rusiya və ABŞ-da öz ərazilərində nüvə poliqonları inşa edirlər. Çin bu çalışmalarını daha da genişləndirib. Əslində Pekin keçmiş illərdə dünyada nüvə silahlarının azaldılmasının tərəfdarı idi. Ancaq ABŞ Çinin bu istəyini qəbul etmədikdən sonra Pekin nüvə silahlarının artırılması siyasətinə üstünlük verib. Pekində hesab edirlər ki, yaxın illərdə Nüvə sınaqlarının hərtərəfli qadağan edilməsi haqqında Müqaviləsindən çıxmaq istəyən dövlətlər ola bilər. ABŞ sonuncu nüvə sınağını 1992-ci ildə, Rusiya 1991-ci ildə, Çin isə müqaviləyə qoşulduğu 1996-cı ildə keçirib. ABŞ müqavilənin ratifikasiyasını uzatdığına görə Çin də müqaviləni ratifikasiya etməyə tələsmədi.

Beynəlxalq aləmdə baş verən gərginliklər, o cümlədən Rusiya-ABŞ və Çin-ABŞ münasibətlərinin gərginliyi fonunda Nüvə sınaqlarının hərtərəfli qadağan edilməsi haqqında Müqavilə ətrafında polemikalar artıb. Hər hansı dövlət nüvə sınağı keçirərsə, bu müqavilənin məhvinə gətirib çıxaracaq. Çünki bundaan sonra digər dövlətlər də nüvə sınaqlarına başlayacaqlar.

"Atlas" Araştırma Merkezi

Rusiya Hindistan bazarına hədəflənib

Kreml Qərbin Rusiyaya qarşı sanksiyalarını Çin və Hindistanla ticarət əlaqələrini genişləndirməklə kompensasiya etməyə çalışır. Rusiyanın qazı və nefti əsasən Çin və Hindistana istiqamətlənib. Rusiyanın Çinə nəql etdiyi qaz son ildə dəfələrlə artıb. 2023-cü ildə Rusiyanın Hindistanla ticarət mübadiləsi iki dəfə artaraq 55 milyard dollara yaxınlaşıb. Bu iki ölkə arasında rekord göstəricidir. Rusiya Hindistanın dördüncü ticarət tərəfdaşıdır.

Buna baxmayaraq, Hindistanın əsas ticarət tərəfdaşı Amerika Birləşmiş Ştatlarıdır. İki ölkə arasında ticarət mübadiləsi 100 milyard dollar civarındadır. Rusiya Amerikadan geri qalmaq istəmir. Rusiyalı iqtisadi ekspertlərin fikrincə, 2030-cü il üçün Hindistanla ticarət mübadiləsinin həcmi 100 milyard dollara çata bilər. Rusiya Hindistana neft satışını artıracaq, Hindistandan isə əsasən dərman preparatları və kimyəvi məhsullar alacaq.

Rusiya Hindistanla hərbi sahədə də əməkdalığını genişləndirməyə can atır. Ancaq Ukrayna müharibəsi fonunda Hindistanın Rusiyanın hərbi texnikasına marağı azalıb. Bu arada, Hindistanın yaxın illərdə hərbi kosmik peyklər parkını 100 cihazla artırmağı planlaşdırdığı bildirilib.

“The Times of India” nəşrinin Müdafiə Nazirliyindəki mənbəyə istinadən yayımladığı məqalədə Hindistanın yaxın və uzaq kosmosda əməliyyatların aparılması üçün Kosmik Komandanlıq yaradacağı vurğulanıb. Hindistan Hərbi Hava Qüvvələri kosmosdan həm hücum, həm də müdafiə məqsədləri üçün səmərəli istifadə məqsədilə yeni doktrina hazırlayıb. Həmin doktrina hökumətə təqdim edilib. Həmin sənəddə Hərbi Hava Qüvvələrinin  Hindistan Aerokosmik Qüvvələrinə çevrilmək təklifi də yer alıb.

Beləliklə, Hindistan hərbi gücünü attırmağı qarşısına hədəf qoyub. Bu gedişat Azərbaycanda da diqqətlə izlənilir. Azərbaycan Hindistanın Ermənistana raket və digər hərbi texnika satmasını istəmir. Ermənistanın silahlanması bölgədə vəziyyəti gərginləşdirməyə xidmət edir. Bu səbəbdən Bakı diplomatik kanallarla Dehliyə öz narahatlığını çatdırıb.

"Atlas" Araştırma Merkezi

Müharibənin coğrafiyası genişlənib

Yaxın Şərqdə davam edən toqquşmalar Hindistan sahillərinə yaxınlaşıb. Bir neçə gün əvvəl İrandan havaya qalxdığı iddia edilən pilotsuz uçuş aparatı Hindistan sahillərində üzən gəmiyə tuşlanıb. “The Wall Street Journal” nəşri Pentaqona istinadən yaydığı xəbərdə Liberiya bayraqlı, Yaponiyaya məxsus, Niderland tərəfindən qulluq edilən kimyəvi maddə daşıyan tankerin Hind okeanında hücuma məruz qaldığı faktını təsdiqləyib. Bu o deməkdir ki, İsraillə “Həmas” arasındakı savaş uzaq bölgəyə sıçrayıb.

Yəməndəki husilərin Qırmızı dənizdə gəmiləri hədəf seçməsi Amerika Birləşmiş Ştatlarını bu bölgədə yeni ittifaq formalaşdırmağa məcbur edib. İttifaqın məqsədi Qırmızı dənizdə ticarət gəmilərinin təhlükəsizliyini təmin etməkdir. Tehran Qırmızı dənizdə gəmilərə hücumlarla bağlı əlaqəsinin olmadığını bildirsə də, buna inanan azdır. Çünki gəmilərə hücum edən husilərin silah və pilotsuz uçuş aparatları ilə təhcizatını İran təmin edir.

Bu arada, İsrailin baş naziri Binyamin Netanyahu hindistanlı həmkarı Narenda Modi ilə azad gəmiçiliyi və Yəməndəki husilərin hücumlarından qorunması mövzularını müzakirə ediblər. İki ölkənin baş naziri ayrıca, oktyabrın 7-də İsrailə terror hücumu və onun nəticələrini müzakirə ediblər. Məlumdur ki, Hindistan terrorla mübarizədə İsraili dəstəkləyib. Narendra Modi, İsrailə terror hücumundan dərhal sonra sosial şəbəkə səhifəsində bunu yazmışdı: “Biz bu çətin anda İsraillə həmrəyik”. Narendra Modi terror hücumundan bir neçə gün sonra Benyamin Netanyahuya zəng edərək İsrailin hərəkətlərini tam dəstəklədiyini bir daha vurğulamışdı. Bu baxımdan Hindistanın mövqeyi Dehlinin tərəfdaş münasibətləri olduğu Rusiya və İranın mövqeyindən kəskin şəkildə fərqlənir. Tehran İsrail dövlətinin varlığını şübhə altına aldığı və bu dövlətə qarşı terror hücumlarını dəstəklədiyi halda Dehli tam əks mövqedən çıxış edir.

Hindistanla İsrail arasında siyasi əlaqələr üst səviyyədədir. Hindistan İsraildən müxtəlif növ silahlar alır. Narendra Modinin rəhbərlik etdiyi “Bharatiya Janata” Partiyası hakimiyyətə gəldikdən sonra Dehli İsraillə əlaqələri strateji səviyyəyə qaldırıb. Modi 2017-ci ildə İsrailə səfər edib. Bir il sonra Netanyahu Hindistana səfər edib.

İrana bağlı qrupların Hindistan sahillərinə yaxın gəmiləri hədəf alması Dehlini narahat etməlidir. İranın dəstəklədiyi silahlı qruplar artıq Hindistan üçün təhlükə mənbəyinə çevrilib.

"Atlas" Araştırma Merkezi

 

 

Vaşinqton müttəfiqlərinə dəstəyini artırıb

2024-ün mürəkkəb il olacağını indidən söyləmək olar. Yaxın Şərdəki toqquşmalar və Rusiya-Ukrayna müharibəsi gələn il də davam edəcək. “Bloomberg” agentliyinin araşdırmasında dünyada müharibələrin coğrafiyasının genişlənəcəyini yazılıb. Hazırda planetdə 183 regional silahlı münaqişə qeydə alınıb. Agentliyin araşdırmasında münaqişələrin intensivliyinin ildən-ilə artdığı vurğulanıb. Bu müharibələr nəticəsində ölüm sayının artmasını da şərtləndirir.

Bu arada, ABŞ, Cənub Koreya və Yaponiya liderlərinin milli təhlükəsizlik üzrə müşavirlərinin Seuldakı görüşü diqqəti çəkib. Bu format bu ilin avqust ayında formalaşıb. 3 ölkənin lideri ilk dəfə Vaşinqtonda görüşmüş və geniş fikir mübadiləsi aparmışdılar. Bununla Amerika Birləşmiş Ştatları, Cənubi Koreya və Yaponiya öz aralarında müttəfiqliyi rəsmiləşdiriblər. Üçlük regional təhlükələrə qarşı birgə mübarizə aparmaq qərarı veriblər. Halbuki, keçmiş illərdə Tokio ilə Seul arasında münasibətlərdə müəyyən suallar yaranırdı.

Əsas təhlükə Şimali Koreyanın raket proqramı ilə bağlıdır. Şimali Koreya raket sınaqlarını davam etdirməklə yanaşı qonşuları Cənubi Koreya və Yaponiya üçün ciddi təhdidlər yaradıb. Bu Vaşinqtonu da narahat edir. Çünki Amerika Birləşmiş Ştatlarının həm Cənubi Koreyada, həm də Yaponiyada hərbi bazaları mövcuddur. Bu o deməkdir ki, Şimali Koreya Cənubi Koreya və ya Yaponiyaya raket atarsa, ABŞ Pxenyana qarşı müharibəyə başlamalı olacaq. Şimali Koreya raket sınaqlarıyla yanaşı kosmik fəzaya kəşfiyyat peykləri də göndərməyə başlayıb. Şimali Koreya həmin peyklər vasitəsilə ABŞ_ın bölgədəki hərbi bazalarını izləmək imkanı qazanıb.

Digər təhlükə Çinin bölgədə artan hərbi gücü ilə bağlıdır. Çin və Şimali Koreya bölgəyə Qərblə gərgin münasibətləri olan Rusiyanı da cəlb etməyə çalışırlar. Misal üçün Rusiya Ukraynaya qarşı işğalçı müharibəni davam etdirmək məqsədilə Şimali Koreyadan raketlər alır, Çinlə birgə dənizlərdə hərbi təlimlər keçirir. Bu hərbi təlimlər ən çox Yaponiyanı narahat edir. Çünki hərbi təlimlər Yaponiya sahillərinə yaxın ərazilərdə keçirilir. Tokio bu məqsədlə hərbi xərclərini keçmiş illərlə müqayisədə xeyli artırıb.

"Atlas" Araştırma Merkezi

Borc verən şərtlərini diqtə edəcək

Argentinanın yeni seçilmiş prezidenti Xavyer Mileyin dəbdəbəli andiçmə mərasimi keçirsə də, ölkəsinin iqtisadi vəziyyəti ağırdır. “The Wall Street Journal” dərgisində yayımlanan məqalədə Argentinanın milli valyutası pesonun məzənnəsinin təxminən yarıya qədər endiriləcəyi bildirilib, dollar yenidən bahalaşacaq. Yeni prezident hökumətin xərclərini azaltmaq və dövlət büdcəsinin yükünü azaltmaq məqsədilə 18 nazirliyin əvəzinə 9 nazirliyin fəaliyyət göstərəcəyi qərarını verib. Bundan başqa bütün infrastruktur layihələrinin icrasını dondurulacaq. Yeni kabinet bu mövqedədir ki, hökumətin gördüyü tədbirlər qısa müddətdə Argentina əhalisinə ziyan vuracaq. Buna baxmayaraq, Argentina üçün başqa alternativ qalmayıb. Argentinanın maliyyə naziri bildirib ki, ölkə qazandığından çox xərcləyə bilməz. Beləliklə, Argentinanı ağır günlər gözləyir.

Yeni prezident xarici siyasətdə də köklü dəyişikliklər vəd edib. Argentinanın keçmiş prezidenti ölkəsinin BRİCS-ə (Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika) qoşulacağını açıqlamışdı. Yeni seçilmiş prezident Xavyer Mileyin bu təşkilata qoşulmağın əleyhinədir. Onun müşavirləri də eyni mövqedədirlər. Yeni prezident ABŞ və İsrail kimi dövlətlərlı sıx əlaqələr qurmaq istəyir.

Buna baxmayaraq, yeni prezidentin Çindən gözləntisi var. Yerli “La Nación” nəşrində yayımlanan məqalədə, Argentina prezidentinin Çin lideri Si Cinpinə  məktub yazdığı bildirilib. Həmin məktubda Argentina prezidenti Çin liderindən xahiş edib ki, Çin milli valyutasından istifadəyə imkan verilsin. Argentina Çin milli valyutası vasitəsilə Beynəlxalq Valyuta Fonduna borclarını ödəməyi planlaşdırır.

Çin Argentinaya borc verə bilər, ancaq şərtlərini də diqtə edəcək. Çindən borc alan ölkələr daha sonra Pekinin siyasi istəklərinə “yox” deyə bilmirlər. Halbuki, Argentinanın yeni prezidenti seçkidən əvvəl bəyan etmişdi ki, onun kommmunistlərlə ortaq işi olmayacaq. Yeni prezident bu vədinə baxzmayaraq, Çin kommunistlərinə ağız açmaq məcburiyyətində qalıb. Pekin bunun qarşılığında Argentina prezidentini BRİCS barədə qərarını dəyişməsini istəyəcək. Digər tərəfdən Argentina və Çin keçmiş illərdə “bir kəmər, bir yol” layihəsiylə bağlı əməkdaşlıq planı imzalamışdılar. Pekin Argentinanın yeni prezidentinin bu planı yerinə yetirməsini də istəyəcək.

"Atlas" Araştırma Merkezi

 

Azərbaycan üçün MDB müzakirə platformasıdır

Moskvada dekabrın 18-də Müstəqil Dövlətlər Birliyinin (MDB) Hökumət Başçıları Şurasının iclası keçirildi. Bu, ilin sonu üçün ənənəvi islacdır. Kreml MDB üzvlərini Moskvaya toplamaqla həm tərəfdaşlarıyla ilə yekun vurur, həm də Rusiyaya qarşı sanksiyalar tətbiq edən Qərbə bu şəkildə mesaj göndərir: “Rusiya təcrid olunmayıb, qonşularının bir çoxu ilə siyasi və iqtisadi əlaqələrini gücləndirib”. Təsadüfi deyil ki, toplantı çərçivəsində Rusiyanın baş naziri Mixail Mişustin həmkarlarına “Rusiya” beynəlxalq sərgi-forumuna baxış təşkil edib. MDB-yə sədrlik 2024-cü ildə Rusiyaya keçəcək. Bu ilə təşkilata Qırğızıstan sədrlik edirdi.

Baş nazir Əli Əsədov toplantıdakı çıxışında Azərbaycanın MDB formatında ikitərəfli əlaqələrin bundan sonra da genişləndirilməsinə və möhkəmləndirilməsinə xüsusi əhəmiyyət verdiyini vurğulayıb. Əli Əsədov xatırladıb ki, 2025-ci ildə III MDB ölkələri Oyunları Gəncədə keçiriləcək. Baş nazir çıxışında Azərbaycan-Ermənista danışıqlarına da toxunaraq Bakının İrəvanla konstrtuktiv dialoqu davam etdirməkdə maraqlı olduğunu söyləyib. Əli Əsədov bu mövzuda çıxışını “yaranmış tarixi fürsətdən rasional istifadə edilməsi bizə regionda çoxdan gözlənilən sülhə nail olmağa imkan verəcək, regionumuzda bütün insanlara dinc və təhlükəsiz birgə yaşayış ümidləri bəxş edəcək” cümləsiylə bitirib.

Müstəqil Dövlət Birliyi formal olaraq fəaliyyət göstərir. Bu format çərçivəsində üzv ölkələr sadəcə, görüşüb, fikir mübadiləsi aparmaq üçün imkan qazanırlar. Azərbaycan və digər üzv dövlətlər ikitərəfli əlaqələrə əhəmiyyət verirlər. Keçən il Azərbaycanın birlik ölkələri ilə əmtəə dövriyyəsinin həcmi təqribən 30 faiz artıb. Cari ilin 10 ayının yekunlarına görə daha 17 faizlik artım qeydə alınıb. Kreml də MDB-nin gücləndirilməsinin mümkün olmadığını anladığından qonşularıyla ikitərəfli əlaqələrin gücləndirilməsi siyasətinə üstünlük verib.

Rusiyanın ikitərəfli əlaqələrə önəm verməsinə nümunə kimi Moskva-Pekin əlaqələrini göstərmək olar. Mixail Mişustin Moskvadakı toplantıdan bir gün sonra Pekinə səfər edib. Mişustin Çin lideri Si Tsinpin və bu ölkənin baş naziri Li Çianqla görüşəcək. Pekində iki ölkənin hökuməti başçılarının 28-ci görüşü keçiriləcək. Tərəflər ticarət əməkdaşlığını daha gücləndirmək və birgə iri layihələrin reallaşmasını sürətləndirmək istəyirlər.

Qərbin sanksiyaları ilə üzləşən Çin bazarı Rusiya üçün xilas yoludur. Misal üçün Rusiya Qərb ölkələrinə sata bilmədiyi neft və qazını Çinə yönəldib. Rusiyanın “Qazprom” şirkəti “Sibirin gücü” qaz kəməri ilə Çinə rekord həcmdə qaz tədarük edib. Hazırda “Qazprom” Rusiya qazını Çinə 30 illik müqavilə əsasında ildə 38 milyard kubmetr həcmində tədarük edir. Qazın Çinə ixracı 2019-cu ilin dekabrında başlayıb. Bu o deməkdir ki, Rusiya Ukraynaya qarşı müharibə qərarı verməmişdən əvvəl Avropaya sata bilməcəyi qazı Çinə sata biləcəyini hesablamışdı və Pekin də bununla razılaşmışdı. Deməli, Kreml Ukraynaya qarşı hərbi əməliyyata başlaya biləcəyi planı ilə Pekinlə bölüşmüşdü. Halbuki, çinli rəsmilər Rusiyanın Ukraynaya hücum edəcəyindən xəbərsiz olduqlarını bildirirdilər. Rusiya üçün Çinlə strateji tərəfdaşlıq önəmli olduğu kimi iki ölkənin iştirakçısı olduğu Şanxay Əməkdaşlıq Təşkilatı və BRİCS (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikası) MDB-ni üstələyir. Rusiya və Çin hazırda bu iki təşkilata daha çox dövlətin qəbuluna çalışırlar. Moskva ilə Pekinin məqsədi bu yolla Amerika Birləşmiş Ştatlarının hegemon mövqeyinə son qoymaqdır. Buna cavab olaraq da Vaşinqton Rusiya və Çinə qarşı ittifaqları gücləndirir.

"Atlas" Araştırma Merkezi

 

3 ölkə yaxınlaşıb

İran və Səudiyyə Ərəbistanı Çinin vasitəçiliyi ilə barışdıqdan sonra iki ölkə diplomatik əlaqələri bərpa etdilər. Pekin bununla kifayətlənməyərək bu iki ölkə arasında vasitəçiliyini daha da gücləndirməyə qərar verib. Dekabrın 15-də Pekində 3 ölkənin xarici işlər nazirlərinin müavinləri səviyyəsində məsləhətləşmələr keçirilib. Növbəti görüşün Səudiyyə Ərəbistanında keçirilməsinə dair razılıq var.

Çinin xarici işlər naziri Van İnin sədrliyi ilə Çin-Səudiyyə Ərəbistanı-İran Komissiyasının ilk iclasında Yaxın Şərqdə beynəlxalq əməkdaşlıq məsələləri və Fələstin-İsrail münaqişəsi müzakirə olunub. Səudiyyə Ərəbistanını xarici işlər nazirinin müavini Valid bin Əbdül Kərim əl-Xereyci, İranı isə xarici işlər nazirinin müavini Əli Baqeri Kani təmsil ediblər. Van İ toplantıda deyib ki, Çin Yaxın Şərq xalqlarını dəstəkləməkdə davam edir. Bunun nə demək olduğunu söyləmək çətindir. Çünki Yaxın Şərqdə bir-biri ilə gərgin münasibətldə olan dövlətlər var. Çinin xarici işlər naziri onu da bildirib ki, Pekin Səudiyyə Ərəbistanı ilə İran arasında dialoqu gücləndirmək və Yaxın Şərqdə sülh və sabitliyin möhkəmləndirilməsinə daha bir töhfə vermək üçün üçtərəfli qarşılıqlı fəaliyyət formatından istifadə etməyə üstünlük verir.

İranla Səudiyyə Ərəbistanı barışıbsa Pekinin vasitəçiliyini davam etdirməsinə nə ehtiyac var? Görünür, bu yolla Pekin bölgədə rolunun artmasına işarə edir. Vaşinqtonla Tehran arasında diplomatik əlaqələr olmadığına və iki ölkə arasında gərginlik davam etdiyinə görə ABŞ Səudiyyə Ərəbistanı ilə İran arasında dialoqda iştirak edə bilməz. Bu Pekinin işinə yarayır. Çin lideri keçmiş aylarda həm İrana, həm də Səudiyyə Ərəbistanına səfər edib. Pekin İrana yüz milyardlarla dollar yatırım qoyacağını da açıqlayıb. Ancaq Pekin bu məsələdə hələ tələsmir. İranın özündə də Çindən iqtisadi asılılığın təhlükələri barədə polemika gedir.

Pekindəki görüşdə Çin, İran və Səudiyyə Ərəbistanı birgə bəyanat qəbul ediblər. 3 ölkə İsraili dayandırmağın və Qəzza bölgəsinin bombalanmasının qarşısını alınmasının vacibliyini bildiriblər. Tərəflər fələstinlilərin evlərindən zorakı üsullarla qovulmalarının qarşısının alınmasının vacibliyini vurğulayıblar.

Aydındır ki, bu bəyanat İsraildə sərt reaksiyaya səbəb olub. İsrailin Çinlə təmasları olsa da, Tel-Əviv Pekinin Yaxın Şərq siyasətindən narazıdır. Digər tərəfdən İsrail Səudiyyə Ərəbistanı ilə diplomatik əlaqələr qurmaq isdeyasından imtina etməyib. Qəzzadakı döyüşlər dayanmayana qədər bu mümkün olmayacaq. Ancaq sonrakı mərhələdə dialoqun bərpası mümkündür, sadəcə Çin-İran-Səudiyyə Ərəbistanı üçbucağı Tel-Əvivə əlavə problemlər yaradacaq. Vaşinqton da Pekinin vasitəçi təşəbbüslərini diqqətlə izləyir. Çünki Vaşinqtonda hesab edirlər ki, Pekin bölgədə ABŞ-ın sıxışdırmağa çalışır.

"Atlas" Araştırma Merkezi

Hakkımızda

"Atlas" Araştırma Merkezi, 2003 yılında bir grup siyasi uzman tarafından Bakü'de kuruldu. Merkezin başkanı siyasi analist Elkhan Şahinoğlu.

Tezgah

Giriş yapmak
Bugün
Umumi 1424462
tr_TRTR