Gün: Dekabr 26, 2022

Böyük Britaniyanın dostu və düşməni yoxdur, əbədi maraqları var.

“Böyük Britaniyanın dostu və düşməni yoxdur, əbədi maraqları var” – bunu Böyük Britaniyanın böyükləri deyib. Böyük Britaniyanın Azərbaycanda iqtisadi maraqları olmasaydı, BP şirkətinin Xəzərdə böyük yatırımları və milyardlarla qazancı olmasaydı, bəlkə də bizim üçün Londonun Parisdən fərqi olmayacaqdı. London İkinci Qarabağ müharibəsində Fransa kimi mövqe sərgiləmədi. Ancaq nə baş verdi ki, London bu dəfə “əbədi maraqlarına” tərs addım atdı? Böyük Britaniyanın BMT Təhlükəsizlik Şurasındakı təmsilçisi eyni ilə digərləri kimi Azərbaycana “yolun açılmasıyla” bağlı çağırışa qoşuldu. Halbuki, Böyük Britaniyanın təmsilçisi balanslı mövqedən çıxış edə bilərdi. Etmədi. Görünür, Londondan təlimat belə imiş. Azərbaycanın Böyük Britaniyadakı səfiri kimdirsə, bu mövzuda ada rəsmiləri və diplomatlarıyla görüşlər keçirməli, Londonun mövqeyindəki dəyişikliyin səbəblərini öyrənməlidir. Böyük Britaniyanın BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən biri olması səbəbindən Londonun Azərbaycanla tərəfdaşlıqdan qopmamasına çalışmalıyıq.

 

Ermənistan hakimiyyəti niyə görüşdən imtina etdi?

Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirləri sabah Moskvada görüşməli idilər. Ermənistan hakimiyyəti bu görüşdən imtina edib. Bunun səbəbi nədir? Başda Ermənistanın baş naziri Nikol Paşinyan olmaqla erməni rəsmilər Ermənistanı Qarabağla birləşdirən yolda baş verənlərə görə Rusiyanı ittiham etməyə başlayıblar. Bunların məntiqinə görə Rusiya hərbi kontingenti yolu zor gücünə açmalıdır. Azərbaycan vətəndaşlarının yolda etirazı 11-ci gündür davam edir və qarşıdurma yoxdur. Rusiya hərbçiləri etirazçılara qarşı zor tətbiq etsələr bu avtomatik Azərbaycan-Rusiya münasibətlərini gərginləşdirəcək. Rusiya Ukraynada apardığı işğalçı müharibə fonunda Azərbaycanla münasibətləri gərginləşdirməkdən çəkinir. Çünki sözdə də olsa Kreml Azərbaycanı “strateji tərəfdaş” adlandırır.
Ermənistan hakimiyyəti nazirlərin üçtərəfli görüşündən zəif tərəf görüntüsü yaratmamaq üçün imtina edib. Çünki erməni nazir görüşdə iştirak etsəydi belə bu Ermənistanla Qarabağı birləşdirən yolda heç bir dəyişikliyə səbəb olmayacaqdı. Azərbaycan bu və ya digər şəkildə yola nəzarətdən imtina etməyəcək. Ermənistan hakimiyyəti erməni cəmiyyətində tam nüfuzdan düşməmək üçün görüşdən imtinaya qərar verib. Bəs Ermənistan hakimiyyətinin indiki vəziyyətdə alternativi nədir? “Ermənistanla Qarabağı birləşdirən yolu BMT və ATƏT nəzarətə götürsün” – bu, Nikol Paşinyanın təklifidir. Bunun reallaşmayacağını özü də anlayır. Birincisi, buna Azərbaycan razılaşmaz, ikincisi, Rusiya öz hərbçilərini bölgəyə ona görə göndərməyib ki, BMT və ATƏT qüvvələri ilə bölüşsün. O biri tərəfdən ATƏT-in ümumiyyətlə hərbi kontingenti yoxdur.

Haqlı olduğumuz halda yenə bizi haqsız duruma sürükləmək istəyirlər

, , ,

BMT Təhlükəsizlik Şurasındakı müzakirələr və Qərb dövlətlərinin “yolun açılmasıyla” bağlı Azərbaycana çağırışları buna sübutdur. İzahlarımızı qulaqardına vurdular. Narahat olmağa dəyməz, qulaqlarını tıxayaraq bizi eşitmək istəməyənlər həmişə olacaq, sadəcə diplomatlarımız daha çox çalışsaydılar nəticə bizim üçün fərqli ola bilərdi.
Hadisələrin inkişafının bir neçə variantı var.
Birinci variant: Ermənistanla Qarabağı birləşdirən yolda etirazımız yataqlarda monitorinqə icazə verilən günə qədər sürəcək. Bu zaman müxtəlif ölkələrin Azərbaycana qarşı təzyiqləri davam edəcək. Ancaq bizi heç nəyə məcbur edə bilməzlər. Ermənistan 28 il BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini yerinə yetirmədi və Qərb dövlətlərindən heç biri buna görə İrəvana təzyiq etmədi. BMT qətnamələri yerinə yetirilmədisə biz niyə bir qisim dövlətin “çağırışını” yerinə yetirməliyik?
İkinci variant: Hərbçilərimiz artıq Ermənistanla Qarabağı birləşdirən yolda yerləşiblər. Hansısa mərhələdə sivil etiraza fasilə versək belə nəticəni xeyrimizə dəyişmişik, azərbaycanlı hərbçilər yoldakı postda bölgəyə daxil olan və çıxan maşınları rahat şəkildə yoxlayacaqlar. Yoldan sivillər keçəcək, silah, sursat, mina və cinayətkarlar keçə bilməyəcək. Bundan sonra ermənilərin “yol bağlıdır” yalanı işləməyəcək. Yolu nəzarətə götürsək də, yataqların monitorinq məsələsi aktuallığını qoruyacaq.
Başqa variantlar da mümkündür. Əsas odur ki, yola enmişik və bölgəyə silah və mina daşıyan erməni separatçılar rahatlıqlarını itiriblər. Növbəti mərhələdə “yol bağlı deyil, nəzarət altındadır, sivillər və xəstələr istifadə edə bilərlər” tezisimizi sübutlarla, görüntülərlə beynəlxalq aləmə qəbul etdirməliyik.

 

Dehli Kremlin siyasətindən narazıdır

,

Rusiya Qərbin sərt sanksiyaları fonunda müxtəlif dövlətlərlə ticarətdə dollardan imtina etməyə çalışır. Bu ölkələrdən biri də Hindistandır. Ancaq Rusiyanın Hindistanla ticarətində dollardan rupiyə keçidin risqləri var. Hindistan pulu dollara nisbətdə 10 faiz ucuzlaşıb. Rusiya Hindistana daha çox ixrac edir, bu ölkədən isə idxalı azdır. Bu o deməkdir ki, Rusiyaya daha çox rupiy daxil olacaq. Rusiya bu pulla nə edəcək? İki ölkə arasında ticarəti balanslaşdırmaq çətindir.
Buna baxmayaraq, Rusiyanın bankları Hindistan banklarında rupi ilə hesablar açıblar. Rusiya Hindistana neft satışını artırıb. Rusiya Qərb ölkələrinə neft sata bilmədiyinə görə Hindistana nefti aşağı qiymətə satır. Hindistan iqtisadi baxımdan dünyanın sürətlə inkişaf edən ölkələrindəndir. Hindistanın neftə ehtiyacı artıb. Hindistan Rusiya ilə yanaşı, Səudiyyə Ərəbistanından, İraqdan və ABŞ-dan da neft alır. Rusiya Hindistana neft satışında bu ölkələri qabaqlamağa çalışır. Misal üçün bu ilin noyabr ayında Rusiyanın xarici ölkələrə satdığı neftin 40 faizi Hindistanın payına düşüb. Rusiya neftinin 15 faizi Türkiyəyə, 5 faizi Çinə satılıb.
Rusiyalı iqtisadi ekspertlər Hindistana daha çox neft satışının risqləri barədə fikirlər səsləndiriblər. Ticarət mübadiləsində rupiyə keçid Rusiya üçün profisit yaradır. Rusiyanın Hindistana ixracı bu ölkədən idxalı 10 dəfə üstələyir. 2021-ci ildə Rusiya ilə Hindistan arasında ticarət mübadiləsinin həcmi 13.5 milyard dollar olub. Bu il ticarət mübadiləsinin həcmi daha da artıb. Rusiya Hindistana daha çox neft satmaq üçün bu ölkə ilə birgə tanker istehsalı təklif edib.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov hindli həmkarı Subramayan Djayşankarla Moskvada son görüşündə iki ölkə arasında ticarət mübadiləsinin 30 milyard dollara çatdırılması vacibliyini bildirib. Moskva Dehli ilə hərbi-texniki sahədə də əməkdaşlığını genişləndirməyə çalışır.
Buna baxmayaraq, Dehli Rusiyanın Ukraynada apardığı işğalçı müharibədən narahatdır. Misal üçün bəzi xəbər agentliklərinin məlumatına görə Hindistanın baş naziri Nadendra Modi Rusiya prezidenti Vladimir Putinlə görüşünü təxirə salıb. “Bloomberg” agentliyinin məlumatına görə, görüşün təxirə salınmasına səbəb Ukraynadakı müharibə ilə əlaqəlidir. Dehli rusiyalı rəsmilərin nüvə silahından istifadə barədə açıqlamalarından narazı qalıblar. Bu səbəbdən Rusiya-Hindistan sammiti baş tutmayıb.

 

Putinin məktubunda nələr var?

, ,

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini, “Vahid Rusiya” Partiyasının lideri Dmitri Medvedev dekabrın 21-də Çinə səfər edərək bu ölkənin lideri Si Sinpinlə görüşüb. Medvedyev Rusiya prezidenti Vladimir Putinin məktubunu Si Sinpinə çatdırıb.
Si Sinpin Dmitri Medveyvevlə görüşdə iki ölkənin hakim partiyaları arasında əməkdaşlığın dərinləşməsində maraqlı olduğunu bildirib. Onun sözlərinə görə, Çin Kommunist Partiyası “Vahid Rusiya” Partiyası ilə əməkdaşlığı genişləndirəcək. Ancaq yalnız bunu vurğualamaq üçün Pekinə səfər etməyin mənası yox idi.
Medveyev Si Sinpinlə Pekində görüşərkən Ukrayna prezidenti Volodimir Zelenski Ağ Evdə ABŞ prezidenti Co Baydenlə görüşürdü. Kreml Medvedyevi Pekinə göndərməklə sanki Zelenskinin ABŞ-a səfərinin beynəlxalq aləmdəki reaksiyasını zəiflətmək istəyib. Buna baxmayaraq, Volodimir Zelenskinin ABŞ-a səfəri və Konqresdəki çıxışı Medvedyevin Pekinə səfərini kölgədə qoydu. ABŞ Ukraynaya maliyyə və hərbi dəstəyini artıracaq.
Medvedyevin Sinpinlə görüşündə ikitərəfli əlaqələrlə yanaşı Ukraynadakı müharibə də müzakirə olunub. Pekinin mövqeyi belədir ki, müharibənin dayandırılması və sülhün bərqərar olması vacibdir. Si Sinpin bildirib ki, müharibənin uzanması tərəflərdən heç birinə fayda gətirmir. Müharibəni və işğalı davam etdirən Rusiyadır. Pekin isə buna görə Kremli tənqid etmir, əksinə Rusiya ilə əməkdaşlığı genişləndirir.
Qərb ölkələrinin Rusiyaya qarşı sanksiyaları sərtləşir. Kreml belə vəziyyətdə dünyanın ən böyük barazı olan Çinə daha çox neft və qaz satmağa çalışır. Pekin Rusiya neftinin və qazının idxalını artırmağa hazırdır, sadəcə qiyməti endirməyə çalışır.
Əsas sual budur: Putinin Si Sinpinə göndərdiyi məktubda nələr var?
Qərb ekspertləri məktubda Rusiya-Çin əməkdaşlığının bütün sahələrdə genişlədirilməsi vacibliyinin yazıldığını bildirirlər. Rusiyanın tərəfdaşlarının sayı azalıb. Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsi çoxlarını Kremllə yaxınlıqdan çəkindirib, hətta Dehli belə Moskva ilə münasibətlərdə məsafə saxlamağa çalışır. Odur ki, Kremlin əsas ümidləri Çinədir. Kreml Ukraynaya qarşı işğalçı müharibədə Çini yanında görmək istəyir.

 

Pandemiya müharibəyə əngəl deyil

, , ,

Pandemiya Çinə qayıdıb. Pekinin illərdir həyata keçirdiyi “sıfır kovid siyasəti”, sərt qapanmalar nəticə vermədi. Çində gündə milyonlarla insan kovidə yoluxur, say o qədər artıb ki, Pekin gündəlik xəstə sayını elan etməyəcəyini açıqlayıb. Bəzi mənbələrə görə, Çində son 20 gün ərzində təxminən 250 milyon insan kovidə yoluxub. Kovid paytaxt Pekin və Şanxayda daha sürətlə yayılıb. Xəstəxanalar doludur. CNN-nin xəbərlərinə görə, Çində ölənlərin sayı da artıb. Çinli virusoloqların sözlərinə görə, hazırki kovid ilkin ştamdan fərqlidir.
Çində koronavirusun yenidən geniş yayılması qonşu ölkələri qorxudub. Hindistan hökuməti əhalini diqqətli olmağa çağırıb. Bu arada, Çinlə Hindistan sərhəddində son insident Dehlidə ciddi müzakirələrə səbəb olub. Hindistan parlamentində keçirilən müzakirələr zamanı “Hindistan Milli Konqresi” simasında müxalifət hökumətin siyasasətini tənqid edib. Müxalifət nümayəndələrinin fikrincə, hökumət ölkənin təhlükəsizliyini təimn edə bilmir. Müxalifət hökuməti Pekinlə münasibətlərə yenidən baxmağa çağırıb. Halbuki, uzun onilliklər ərzində hakimiyyətdə olan “Hindistan Milli Konqresinin” özü Çinlə sıx əlaqələrə malik idi.
Hökumət müxalifətin tənqidlərini qəbul etmir. Hindistan hökuməti Çinlə sərhəddə kifayət qədər böyük hərbi bölmələr yerləşdirib. Çin 2020-ci ildən başlayaraq Hindistanla sərhədin dağlıq hissəsinə xeyli qoşun hissəsi toplayıb. Dehli Pekinin bu siyasətini cavabsız qoymayıb.
Sərhəddə vəziyyətin hər an yenidən gərginləşə biləcəyi ehtimalı böyükdür. Kiçik toqquşma böyük müharibəyə səbəb ola bilər. Buna baxmayaraq, Çin Kommunist Partiyası ilə Hindistanın hakim “Bharata Canata” Partiyası arasında təmaslar davam edir. Hindistan müxalifətini narazı salan da budur.
Böyük dövlətlərin planlarına pandemiyanın geniş yayılması da əngəl olmur. Çinlə Hindistan arasında iki il əvvəl sərhəddə toqquşma məhz kovidin geniş yayıldığı günlərə təsadüf etmişdi.

 

Haqqımızda

“Atlas” Araşdırmalar Mərkəzi 2003-cü ildə bir qrup siyasi ekspert tərəfindən Bakıda təsis olunub. Mərkəzin rəhbəri siyasi analitik Elxan Şahinoğludur.

Sayğac

Girish
Bugun
Umumi 270487
azAZ