Gün: Yanvar 9, 2023

Makron Şarl de Qoldan nə ilə fərqlənir?

Fransa prezidenti Emmanuel Makron siyasi naşılığını bir daha biruzə verib. Makron Rusiya prezidenti Vladimir Putinin paradoksal şəxs olduğunu belə izah edib: “Mən onunla görüşəndə onun pis adam olduğu təəssüratı yaranmır, paradoks bundadır”. Aydındır ki, daxili hisslərini məharətlə gizlədən Putin istənilən lider kimi qonaqlarını gülərüz şəkildə qəbul edib və beləcə yola salır. Putin Makronun üstünə qışqırıb, “baxarsız başınıza nə oyun açacam” deməliydi? Görünür Makron gözləyirmiş ki, əgər Putinlə Moskvada və Parisdə saatlarla söhbət edib, gülüb, hətta bir-birlərinə lətifə danışıblarsa Rusiya prezidenti Ukraynaya qarşı işğalçı müharibə başlamamalıydı. Bu ona bənzəyərdi ki, Fransanın əfsanəvi lideri Şarl de Qol Moskvada Stalinlə görüşdən sonra ətrafındakılara deyərdi ki, “Stalin pis adama bənzəmir”. Halbuki, milyonlarla günahsız insanın qətl əmrini verən, İkinci Dünya müharibəsindən əvvəl Hitlerlə anlaşma imzalayan və onunla 1939-cu ildə Polşanı parçalayan Stalin idi və bunu Şarl de Qol bilməmiş deyildi. Təsadüfi deyil ki, Şar de Qol 1944-cü ildə Moskvada Stalinlə görüşdən sonra xatirələrində bunları yazırdı: “Qarşımda xalqının qanını sovurmağa hazır olan tiran dayanmışdı”. Şarl de Qol Stalinin gülüşünə Makron kimi aldanmamışdı.

 

 

Rusiyaya qarşı etirazı Paşinyan təşkil edib

Nikol Paşinyan polisə Ermənistanın Gümrü şəhərində Rusiya hərbi bazası yaxınlığında keçirilən aksiyada iştirak edənləri həbs etmək əmri verməklə Kremlə göstərmək istəyib ki, guya onun bu aksiya ilə əlaqəsi yoxdur. Ancaq Kreml və onun Ermənistandakı əlaltısı olan “Qarabağ klanı” fərqli düşünür. “Qarabağ klanı” simasında müxalif siyasətçilər açıq bildiriblər ki, Rusiyanın hərbi bazası qarşısında aksiyanı birbaşa Paşinyan təşkil etməsə də, Ermənistanın baş naziri etiraza şərait yaradıb. Bunda həqiqət payı var. Birincisi, Paşinyan istəsəydi etirazın qarşısını etirazçılar hərbi bazaya yürüşə başlayarkən ala bilərdi. İkincisi, Paşinyan Rusiya hərbi kontingentinin Laçın yolunu açmamasından narazıdır. Paşinyan istəyinə nail olmadıqda Gümrüyə gedən erməni etirazçılar Rusiya hərbi bazasına gedən yolu bağlamağa cəhd ediblər. Sanki Paşinyan Moskvaya demək istəyib ki, “biz də sizin yolunuzu bağlaya bilərik”. Üçüncüsü, Gümrü hərbi bazasının qarşısındakı şüarlarda Rusiya və Kreml sahibi Vladimir Putin əleyhinə aşağılayıcı şüarlar səsləndirib. “Rusiya Türkiyə və Azərbaycanın müttəfiqidir!”, “Ar olsun belə müttəfiqə!”, “KTMT-yə yox!” bağıran etirazçılar Paşinyanın düşündüyünü dilə gətiriblər.

Bu etirazla Paşinyan Kremlə demək istəyib ki, Laçın yolunu açmasaz Ermənistanda Rusiya əleyhinə narazılıq artacaq. Rusiyadakı siyasi dairələr Nikol Paşinyanın ABŞ və Fransa ilə daha da yaxınlaşmaq üçün Rusiya əleyhinə bəhanə axtarmasından şübhəlidirlər. Növbə Kremlindir, Rusiyadakı dairələrin Nikol Paşinyanı cəzalandırmağın yeni üsulları barədə düşündüklərini ehtimal etmək olar. Kremlin Rusiya hərbi kontingentinin Qarabağdakı sılahiyyətlərini tədricən Azərbaycan ordusuna təhvil verməsi Paşinyana ən ağır zərbə olar.

 

Türkmənistan niyə Çini seçib?

Türkmənistan prezidenti Sərdar Berdiməhəmmədov bir neçə gün əvvəl Çinə səfəri zamanı bu ölkənin lideri Si Tsinpinlə görüşüb. İki ölkənin lideri Çinlə Türkmənistan arasındakı münasibətlərin hərtərəfli strateji tərəfdaşlığa yüksəldildiyini elan ediblər. Bu Pekin üçün vacib gedişatdır. Bir çox ölkənin Çinin siyasəti ilə bağlı ciddi sualları olarkın Pekinin əlavə strateji tərəfdaşlara ehtiyacı var.

Sərdar Berdiməhəmmədov Pekində bildirib ki, Türkmənistan-Çin boru kəməri ilə bütün istismar müddəti ərzində 350 milyard kubmetrdən çox qaz tədarük edilib. İki ölkə arasında əməkdaşlığının ən perspektivli sahələrindən biri yanacaq-energetika sektorudur. Bunu liderlər də görüş zamanı vurğulayıblar.

Sərdar Berdiməhəmmədov Si Tsinpinlə Türkmənistandan Çinə dördüncü qaz boru xəttinin tikintisini də müzakirə ediblər. Bu Çinin maraqlarına cavab verir. Çin qaz nəqlində yalnız Rusiyadan asılı olmaq istəmir. Çin Türkmənistandan qaz nəqlini artırarsa Rusiyadan aldığı qazın qiymətini endirməyə nail olacaq.

Rusiya Ukrayna müharibəsinə görə öz qazını Avropaya sata bilmir. Bu vəziyyətdə Rusiyanın iki alternativi var. Moskva Avropaya sata bilmədiyi qazı Türkiyəyə və Çinə satmağı planlaşdırır. Türkiyə Rusiyadan alacağı əlavə qazı Avropaya satacaq. Ancaq bunun reallaşması üçün bir neçə il lazımdır. Birincisi, Türkiyə ərazisində qaz paylaşdırıcı mərkəzlər inşa olunmalı, ikincisi qazı alacaq Avropa dövlətləri ilə danışıqlar aparılmalıdır. Buna isə vaxt lazımdır. Çinə isə bütün bunlar lazım deyil. Çin iqtisadiyyatı ildən ilə böyüyür və daha böyük enerji resurslarına ehtiyacı var. Rusiya Çinə ikinci boru xəttini də tikir. Çin Rusiya qazını alacaq, ancaq qiyməti ucuzlaşdırmaq məqsədilə başqa ölkələrdən, o cümlədən Türkmənistandan da qaz alacaq.

Türkmənistan prezidentinin Pekinlə razılaşması və Çinə daha çox qaz nəql etmək istəyi Ankarada suallar yaradıb. Çünki Türkiyə Türkmənistan qazının bir hissəsisinin Azərbaycan üzərindən Türkiyəyə nəqlini də istəyir və bu məqsədlə danışıqlar davam edir. Ancaq əgər Türkmənistan Çinə əlavə qaz nəql edəcəksə Türkiyə üzərindən Avropaya qaz nəqlinin aktuallığı azalacaq.

“Atlas” Araşdırmalar Mərkəzi

 

Haqqımızda

“Atlas” Araşdırmalar Mərkəzi 2003-cü ildə bir qrup siyasi ekspert tərəfindən Bakıda təsis olunub. Mərkəzin rəhbəri siyasi analitik Elxan Şahinoğludur.

Sayğac

Girish
Bugun
Umumi 270186
azAZ