Gün: Yanvar 23, 2023

Ukrayna vacibdir, yoxsa Burkino-Faso?

Avropa İttifaqının rəhbəri Şarl Mişel bildirib ki, yaxın həftələr Ukrayna savaşında həlledici olacaq. Mişel haqlıdır. Rusiya genişmiqyaslı hücuma hazırlaşır. Əgər Qərb ölkələri vəd etdikləri hərbi texnikanı Ukraynaya çatdırmaqda gecikərlərsə, işğalçılar irəliləyə bilərlər. Əksinə, hərbi texnika və sursat Kiyevə yaxın günlərdə çatdırlarsa, Ukrayna ordusunun müqavimət gücü artacaq. Ancaq Fransa və Almaniyanın timsalında hərbi texnikanın Ukraynaya yaxın günlərdə çatdırılacağı şübhə doğurur. Fransa daha çox Afrikadakı keçmiş müstəmləkəsi olan Burkino-Faso haqqında düşünür ki, bu ölkədəki hərbi varlığını davam etdirsin. Çünki Afrika ölkələrindən sovurmağa mənbələr çoxdur, Ukraynaya isə yardım əli uzadılmalıdır. Fransa isə “alan” ələ öyrəşib.

 

 

Çinin əhalisi niyə azalıb?

Çinin əhalisi 2022-ci ildə bir il əvvəlki illə müqayisədə 850 min nəfər azalıb. Çində ölkə əhalisinin sayının azalması son 60 ildə ilk dəfə baş verib. Çində 2022-ci ildə 9,56 milyon insan doğulub, 10,41 milyon nəfər ölüb. Bununla Çində ilk dəfə ölənlərin sayı doğulanların sayını üstələyib.

Çində azalma niyə baş verib?

Bunun bir neçə səbəbi var.

Birincisi, Çində əhalinin azalmasına pandemiya səbəb olub. Koronavirus Çində qeydə alındıqda ölənlərin sayı çox deyildi. Pekin sərt qapanma qərarı verdi. Nəticədə dünyada koronavirus geniş yayılarkən, Çində virus nəzarət altına alındı. Ancaq 2022-ci ilin sonundan başlayaraq koronavirus Çinə yenidən qayıtdı. Bəlli oldu ki, sərt qapanma  virusu yox etmədi. Pekin yenidən sərt qapanma qərarı verdi, ancaq bu dəfə çinlilər etiraza başladılar. Pekin etirazların artacağından ehtiyat edərək sərt qapanma siyasətindən imtina etdi. Bu isə öz növbəsində pandemiyanın bu il Çində əvvəlkindən də geniş yayılmasına şərait yaratdı. Bəzi ekspertlərin fikrincə, Çin əhalisinin yarıdan çoxu virusa yoluxub və il ərzində ölənlərin sayı 1 milyona yaxınlaşacaq.

İkincisi, Çin 1980-ci illərdən başlayaraq “bir ailə, bir uşaq” siyasəti həyata keçirib. Bir uşaqlı ailələrə müxtəlif sosial dəstəklər nəzərdə tutulmuşdu. Pekin bu siyasətə ona görə üstünlük veriridi ki, artan əhalinin problemləri də artırdı ki, onları həll etmək lazım idi.

Çinin sonrakı illərdə iqtisadi imkanları və maliyyə gəlirləri artdıqca əhalinin artan sayı artıq problem yaratmamamağa başladı. Buna görə də Pekin 2015-ci ildə ailələrə əvvəlcə iki, 2021-ci ildə isə üç uşaq dünyaya gətirməyə icazə verdi. Bunun bir səbəbi də Çin əhalisinin qocalmasıdır. Yaşlı insanların sayı artdıqca işçilərin sayı azalır, dövlətin sosial ödəmələri artıb. İşçi qüvvəsinə ethiyac var. Buna görə də Pekin ailələrə nə qədər uşaq dünyaya gətirmək tövsiyyəsindən imtina edib.

Bu arada, Hindistanın əhalisi artıb. Hindistanın əhalisi 2022-ci ilin sonuna kimi 1,417 milyard nəfər təşkil edib. Bəziləri bu sayın çox ola biləcəyi ehtimalını irəli sürüb. Çünki Hindistanda kəndlərdə ev təsərrüfatlarında bir sıra hallarda doğuşlar qeydə alınmır, bu da əhalinin sayının daha çox olması ehtimalını artırıb.

Bu gedişlə Hindistan əhalisi Çin əhalisini üstələyəcək. Hindistan əhalisinin yarısı 30 yaşdan aşağıdır. Bu amil Hindistanın dünyanın ən sürətlə böyüyən iqtisadiyyatı olacağı ehtimalını artırıb.

“Atlas” Araşdırmalar Mərkəzi

 

Dəmir Yumruq

İşğal altındakı torpaqlarımızın
azadlığı uğrunda şəhid olanların
əziz xatirəsinə

 

 

Dağlıq Qarabağ münaqişəsinin həlliylə bağlı aparılan danışıqlar dalana dirənmişdi. Ermənistanda hakimiyyətə gələn yeni qüvvələrin Azərbaycana qarşı təxribatları artırdı. Ermənistanın baş naziri Nikol Paşinyanın işğal altındakı Şuşaya mütəmadi gəlişləri, Azərbaycanın qədim şəhərində yallı oynaması, Dağlıq Qarabağ “prezidentinin andiçmə mərasimini” Şuşada keçirməsi və separatçıların parlamentini də qədim şəhərimizə köçürməsini bəyan etməsi müharibənin qaçılmaz olduğunu göstərirdi. Ermənistan silahlı qüvvələrinin iyul ayında törətdiyi təxribat səbir kasamızı daşıran son damla oldu.

 

 

Kitabı buradan yükləyə bilərsiniz: Dəmir Yumruq

 

 

Aprel Atəş(kəs)i

Qarabağ savaşında həlak olanların əziz xatirəsinə ithaf edirəm.

2016 yadda qalan il oldu. Cəbhə bölgəsində 4 günlük aprel döyüşləri Azərbaycan cəmiyyətində ruh yüksəkliyi yaratdı. “Əgər strateji yüksəkliyi geri qaytarmaq və 20 ildən çox boş qalan kəndi məskunlaşdırmaq mümkündürsə, işğal altındakı başqa əraziləri də azad etməyə gücümüz çatar” fikri cəmiyyətə hakim oldu. Ancaq 2016-cı ildə ümidlə yanaşı ümidsizlik də yaşandı. Aprel savaşından sonra böyük dövlətlərin işğalçı Ermənistana təsir edib Dağlıq Qarabağ ətrafındakı rayonları boşaldacağına olan ümidlər özünü doğrultmadı. Bəlli oldu ki, hətta müharibə təhlükəsi də həmsədr dövlətlər – Rusiya, Fransa və Amerika Birləşmiş Ştatlarını Ermənistan hakimiyyətini yola gətirməyə kifayət etmir. Vasitəçilərin iştirakı ilə prezidentlərin Vyana və Sankt-Peterburq görüşləri nəticəsiz qaldı. Savaş başlayana qədər il ərzində müxtəlif görüşlər keçirilmiş, bölgəyə səfərlər reallaşdırılmışdı. Həmin ilin Qarabağla bağlı gedişatın və aparılan danışıqların təfərrütları barədə “Aprel atəş(kəs)i” kitabını yazdım.

 

 

Kitabı buradan yükləyə bilərsiniz: Aprel Atəş(kəs)i

 

 

 

 

Haqqımızda

“Atlas” Araşdırmalar Mərkəzi 2003-cü ildə bir qrup siyasi ekspert tərəfindən Bakıda təsis olunub. Mərkəzin rəhbəri siyasi analitik Elxan Şahinoğludur.

Sayğac

Girish
Bugun
Umumi 270128
azAZ