Gün: Yanvar 25, 2023

Qətər niyə belə edir?

Ermənistan parlamentinin sədri Alen Semonyan Qətərə üç günlük səfərə gedib. Görüşlər sırasında Qətər əmiri şeyx Təmim bin Həməd Al Taninin Erməbnistana səfər edəcəyi açıqlanıb. Alen Simonyan Qətər İnkişaf Fondunun baş direktoru ilə görüşdə ikitərəfli əlaqələri müzakirə edib. Ötən ilin iyun ayında Ermənistanın baş naziri Nikol Paşinyan da Qətərə səfər edərək şeyxlə görüşmüşdü.

Qətər Ermənistanla sıx əməkdaşlıq edən əsas ərəb dövlətlərindəndir. İrəvan Səudiyyə Ərəbistanı ilə illərdir diplomatik münasibətlər qurmağa çalışır, nəticə əldə edə bilmir. Ər-Riyad üçün Azərbaycanla strateji tərəfdaşlıq daha vacibdir. Qətərin də Azərbaycanla tərəfdaşlıq münasibətləri var, üstəgəl Qətər Türkiyənin hərbi bazasının var olduğu yeganə ərəb ölkəsidir. Buna rəğmən, Qətər Ermənistanla da sıx əlaqələrə üstünlük verir. İş o yerə çatıb ki, Qətər Ermənistanın Dohadakı səfirliyinin maliyyə xərclərini üç il müddətinə qarşılamağı öz üzərinə götürüb. Bir başqa dövlətin Ermənistanın xeyrinə belə bir addım atması faktı yoxdur.

Qətərdə Livanda olduğu kimi erməni çox yaşamır ki, Dohanın bu səbəbdən Ermənistanla sıx əlaqələr qurmağa marağı olsun. Ermənistanın iqtisadi potensialı da Qətəri cəlb edə bilməz. Görünür, Doha bu siyasəti ilə göstərmək istəyir ki, Qətər hamıya eyni gözlə baxmaq istəyir. Yəqin Qətərdə hesab edirlər ki, nə zamansa Azərbaycanın və Türkiyənin Ermənistanla münasibətləri normallaşacaq və Doha həmin tarixi gözləmədən İrəvanla yaxşı münasibətlər qurmalıdır. Ancaq Doha erməni diplomatlarının maaşlarını ödəyirsə, bu Ermənistanla yaxşı münasibətlərdən daha irəli getməkdir ki, Azərbaycanda Qətərlə bağlı suallar doğurmalıdır.

 

 

 

Tehran Bakı ilə münasibətləri normallaşdırmaq istəyir?

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Daşkənddə İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 26-cı iclası çərçivəsində iranlı həmkarı Hüseyn Əmir Abdullahianla görüşüb. Görüşdə konkret nələrin müzakirə edildiyi açıqlanmayıb. Eyni gündə Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi ilə görüşüb. Bu görüşdə də konkret hansı mövzuların müzakirə edildiyi açıqlanmayıb. Anlaşılandır. Münasibətlərdəki gərginlik o qədər irəliləyib ki, müzakirə edilən mövzuların açıqlanmamasına üstünlük verilir.

Tehran Azərbaycanla münasibətlərdəki gərginliyin miqyasını azatlmaq istəyirsə 1) Azərbaycanın daxili işlərinə – hansı dövlətlə dost və tərəfdaş olma seçimimizə qarışmamalıdır; 2) Zəngəzur dəhlizinin reallaşmasına əngəl olmamalıdır;  3) İranın din xadimləri, generalları, deputatları Azərbaycan əleyhinə çıxış və açıqlamalarına son qoymalıdırlar. Tehranın bu minimum şərtləri yerinə yetirəcəyinə inam azdır. Digər tərəfdən İranın xarici işlər naziri və ya ölkəmizdəki səfiri vəziyyətin düzəlməsini istəyirlərsə belə, bu onlardan asılı məsələ deyil. Tehran və Qumdakı mühafizəkar dairələrin, o cümlədən SEPAH generallarından birinin anti-Azərbaycan açılama verməsi və ya internet görüntüsü paylaşması ilə diplomatların münasibətlərin normallaşdırılması üçün fəaliyyətlərinin üstündən xətt çəkəcək. Bu dəfələrlə olub.

İran rəsmilərinin və diplomatlarının əzbərlədikləri açıqlama var: “Bölgəyə aid olmayan ölkələrin işlərimizə qarışmasına imkan verilməməlidir”. Tehran Ermənistanı dəstəkləyir və iranlı rəsmilər “Ermənistanın təhlükəsizliyi İranın təhlükəsizliyidir” açıqlamasını səsləndirirlər. Ancaq hazırda məhz rəsmi İrəvan Tehranın bu tezisinə tərs siyasət yürüdür. Avropa İttifaqı monitorinq missiyasını bölgəyə dəvət edən Ermənistandır. Azərbaycan isə əksinə bunun əleyhinədir. Digər tərəfdən həmin missiyanın tərkibində Fransa geniş şəkildə təmsil olunacaq. Tehran-Paris münasibətləri isə gərgindir. Belə çıxır ki, İranın regional maraqları üçün ən böyük təhlükə rəsmi İrəvanın siyasətiylə bağlıdır. Misal üçün Kreml Ermənistan hakimiyyətinin Avropa İttifaqı missiyasının Azərbaycanla təmas xəttinə dəvət edilməsini tənqid edib, bunun mövcud problemləri həll etməyəcəyi qənaətindədir. Tehranıın isə Avropa İttifaqı missiyası ilə bağlı hələ ki, açıqlaması yoxdur. Çünki Tehran İran sərhədinə yaxın ərazidə yerləşəcək Avropa İttifaqının missiyasını tənqid edəcəksə, avtomatik həmin missiyanı bölgəyə dəvət edən Ermənistanı da tənqid etməlidir. Tehran Ermənistan tənqid etməyə hazır deyil. Görünür, Tehran eyni zamanda həm Bakı, həm də İrəvanla münasibətləri gərginləşdirmək istəmir. İranın Azərbaycanla münasibətləri uzun illlərdir enişli-yoxuşludur, Tehran Ermənistanla münasibətlərdə isə heç zaman problem yaşamayıb. Ona görə də Tehran Ermənistana yönəlik siyasətini dəyişməyə hazır deyil. Halbuki, Avropa İttifaqı missiyasını ən azı iki il müddətinə bölgəyə dəvət edən İrəvan Rusiya ilə yanaşı İranın maraqlarını da nəzərə almayıb.

 

Rusiya Mərkəzi Asiyaya “yol xəritəsi” təklif edib

Rusiya Avropanın enerji bazarına alternativ axtarmaqda davam edir. Kreml anlayır ki, keçmiş illərdə olduğu kimi Avropa ölkələrinə qaz sata bilməyəcək. Keçmiş illərdə müxtəlif boru xətləriylə Rusiyadan qaz alan Almaniya bu ildən başlayaraq bu asılılıqdan qurtulub. Belə olan halda Rusiya Almaniya kimi ölkələrə sata bilmədiyi qazı başqa istiqamtələrə yönətlmək məcburiyyətindədir.

Rusiyanın “Qazprom” şirkətinin rəhbəri Aleksey Miller yanvarın 18-də Qazaxıstan baş nazirinin müavini Roman Sklyarla görüşüb. “Qazprom” şirkəti Qazaxıstanla qaz sahəsində “yol xəritəsi” müəyyənləşdirib. Qazaxıstan kifayət qədər qaz ehtiyatlarına malik olsa da, Rusiya qazının üçüncü ölkələrə nəqlində maraqlıdır. Bu Qazaxıstanın tranzit imkanlarını artıracaq.

Rusiya Özbəkistanı da qaz nəqli məsələsində inandırmağa çalışır. Qazaxıstan qaz ehtiyatlarına görə Özbəkistanı üstələyir. Buna görə də Özbəkistan ehtiyaclarını ödəmək məqsədilə Rusiyadan müəyyən həcmdə qaz alır. Özbəkistanın iqtisadi imkanları artdıqca qaza ehtiyacı artacaq.

Qazaxıstan hər il Çinə 10 milyard kubametr qaz nəql edir. Ancaq Qazaxıstanın özünün də qaza ehtiyacı artıb. Buna görə də Astana Rusiya qazının Qazaxıstan üzərindən Çinə nəqlinin əleyhinə deyil. Moskva bölgədə Qazaxıstan və Özbəkistanla birgə qaz ittifaqı yaratmağa çalışır. Astana və Daşkənd Moskvanın bu təklifinə ehtiyatla yanaşırlar. Qazaxıstan və Özbəkistan Rusiya qazından asılı duruma düşmək istəmirlər. Vaxtilə Avropa Rusiyadan asılı vəziyyətə düşdü.

Rusiya Ukraynaya qarşı işğalçı müharibəyə başladıqdan sonra Avropa dövlətlərinin Rusiya qazından imtinası ağrılı prosesə çevrildi. Qazaxıstan və Özbəkistan Avropa dövlətlərinin səhvini təkrarlamaq istəmirlər. Qazaxıstanın Qərb bazarına da ehtiyacı var. Qərbin böyük enerji şirkətləri Qazaxıstanda neft və qaz çalışmaları aparırlar.

Rusiyanın əsas hədəfi Çindir. Rusiya bir tərəfdən Mərkəzi Asiyanın qaz bazarında hegemon rola malik olmaq istəyir, o biri tərəfdən Mərkəzi Asiya üzərindən yeni boru xətləri vasitəsilə Çinə qaz nəqlini artırmaqda maraqlıdır. Çin Rusiya qazının artan həcmindən imtina etmir. Buna baxmayaraq, Çin Mərkəzi Asiya ölkələrindən – Qazaxıstan və Türkmənistandan da qaz almağa davam etmək istəyir. Çin eyni ilə Avropa ölkələri kimi Rusiyanın enerji resurslarından asılı vəziyyətə düşmək istəmir.

“Atlas” Araşdırmalar Mərkəzi

 

Haqqımızda

“Atlas” Araşdırmalar Mərkəzi 2003-cü ildə bir qrup siyasi ekspert tərəfindən Bakıda təsis olunub. Mərkəzin rəhbəri siyasi analitik Elxan Şahinoğludur.

Sayğac

Girish
Bugun
Umumi 270245
azAZ