Ay: Yanvar2023

Misirlə əlaqələr Azərbaycan üçün vacibdir

Misir Ərəb Respublikasının prezidenti Əbdülfəttah Əs-Sisinin Azərbaycana səfəri Qahirənin ölkəmizlə və bölgəmizlə əlaqələrə marağından irəli gəlir. Sisi Azərbaycandan sonra Ermənistana gedəcək. Hər halda Cənubi Qafqaza səfərin başlanğıcı kimi Azərbaycanın seçilməsi əhəmiyyətlidir. Bakı ilə Qahirə arasındakı münasibətlərin inkişafı imkanları var. Misirin dostu və tərəfdaşı olmaq Azərbaycan üçün faydalıdır. Misir Afrika qitəsinin və ərəb dünyasının aparıcı ölkələrindən biridir. Misir Səudiyyə Ərəbistanı və digər ərəb ölkələri qədər varlı olmasa da, geosiyasi mövqeyinə görə aparıcı dövlətlər Qahirənin siyasəti ilə hesablaşırlar. Bu səbəbdən Misirlə sıx əlaqlərin varlığı Azərbaycanın maraqlarına cavab verir. Türkiyə Cumhurbaşqanı Rəcəb Təyyub Ərdoğan keçmiş illərdə Sisini çevriliş edən diktator adlandırsa da, hazırda onunla dialoqu genişləndirmək üçün imkanlar axtarır. Çünki Misirlə münasibətlərin soyuması Türkiyənin maraqlarına cavab vermir.

 

 

Planlı terror aksiyasıdır

Terrorçu plana əsasən kənardan saatlardır səfirliyin ətrafındakı maşında müşahidə aparır, Azərbaycan səfirliyinin əməkdaşlarının binaya daxil olmasını gözləyir. Bu müddətdə səfirliyin qarşısındakı İran polisi şübhəli maşına yaxınlaşıb, nədən saatlardır eyni yerdə dayandığını ondan soruşmur. Çünki planda onun yoxlanılması olmamalıdır. Terrorçu özünə arxayındır,  ətrafdakı polisin ona mane olmayacağını bilir. Bu anda Azərbaycan səfirliyində çalışan əməkdaşların maşını binanın qarşısına yaxınlaşır. Terrorçu bilir ki, sürətlə maşınını səfirlik əməkdaşlarının maşının arxasına çırpsa, səsə reaksiya verən səfirlik əməkdaşları nəyin baş verdiyini öyrənmək üçün çölə çıxacaqlar, elə də olur. Terrorçu qapının açılmasından istifadə edərək İran polisinin susqunğulu fonunda, hətta polisə əl edərək “Sənlik bir iş yoxdur” deyərcəsinə “Kalaşnikov” avtomatı ilə səfirlik binasına daxil olur. Sonrası məlumdur. Bunun nəyi “məişət zəminində” baş verən basqındır, yüksək peşəkarlıqlar hazırlanan terror aksiyasıdır.

 

 

ASALA dirçəlib

Səfirliklərə hücum və diplomatların öldürülməsi üzrə İran dünyanın “lider” dövlətlərdəndir. İrandakı fanatiklər yüz illər əvvəl Rusiya imperiyasının səfirini öldürməkdən tutmuş İslam inqilabı dövründə ABŞ səfirliyinə hücuma və diplomatların girov götürülməsinə qədər uzun yol qət ediblər. Ancaq İranın sözdə dost və tərəfdaş adlandırdığıı müsəlman ölkəsinin Tehrandakı səfirliyinə hücumu xatırlamıram. Bunu da etdilər. Qatillər və onların arxasındakı güc və güclər tapılsa belə, son hadisə iki ölkə arasındakı münasibətlərdə əlavə gərginlik mənbəyi olaraq qalacaq.

Ötən ilin sentyabr ayında erməni fanatiklər Azərbaycanın Fransadakı səfirliyinə hücum edəndə və Londona dini fanatik qrup səfirliyimizi qısa müddətə ələ keçirəndə təklif etmişdim ki, indiki həssas məqamı nəzərə alaraq münasibətlərimizin gərgin və soyuq olan dövlətlərdəki səfirliklərimizin təhlükəsizlik tədbirlərini artıraq. Buna indi də ethiyac var. İranda səfirliyimizə hücum edən qatilin başqa ölkələrdə ardıcılları tapıla bilər. Bu mərhələyə də hazır olmalıyıq. “ASALA” terrorçuları və bu qruplaşma ilə ittifaqda olanlar yenidən peyda olublar.

 

Tehran qırmızı çizgiləri aşdı

Azərbaycanın İrandakı səfirliyinə hücum bu ölkənin rəsmilərinin, diplomatlarının, generallarının, din xadimlərinin, deputatlarının və ekspertlərinin anti-Azərbaycan isteriyasının nəticəsidir. İrandan Azərbaycan əleyhinə daima səslənin “sərhədlərin dəyişdirilməsi qırmızı çizgimizdir”, “Zəngəzur dəhlizi olmamalıdır”, “Azərbaycan İsraillə əlaqələr qurmamalıdır” açıqlamaları qonşu ölkədəki fanatik dairələri azğınlaşdırıb. Əlbəttə, səfirliyimizə hücumun arxasında İrandakı erməni diasporunun dayandığı da istisna deyil. Məqsəd Azərbaycan-İran münasibətlərinin daha da gərginləşdirməkdir. Ona görə də soyuqqanlığımızı qorumaq şərtilə Tehrandan qatil və ya qatillərin arxasındakı güclərin və sifarişçilərin araşdırılması tələb olunmalı və bu proses nəzarət altında saxlanmalıdır. Qırmızı çizgiləri aşan İran oldu.

 

 

Vaşinqton yeni ittifaq formalaşdırır

Çinin Tayvan adası ətrafında hərbi təyyarələrinin uçuşlarının və hərbi gəmilərinin sayını artırması Vaşinqtonda narahatlıq yaradıb. Yanvar aynın ortalarında Tayvan ətrafında Çinin 5 hərbi gəmisi qeydə alınıb.

Pekin Tayvana təzyiqi getdikcə artırıb. Bunun nəticəsində Tayvan adanın perimetri boyu yeni zenit-raket qurğuları yerləşdirib. Bundan başqa Tayvanın hərbi təyyarələrinin uçuşları da artıb.

NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussenin fikrincə, müharibə ehtimalı yüksəkdir. NATO-nun keçmiş baş katibi Çinin hücumunun qarşısını almaq üçün Tayvana hərbi yardımın artırılması gərəkliyini bildirib.

Aydındır ki, Tayvana hərbi yardımı edəcək əsas və bəlkə də tək ölkə ABŞ olacaq. Bir çox ölkə Tayvana görə Çinlə müharibəyə qoşulmayacaq. Avropadan həmişəki kimi yerinə yetirilməyən açıqlamalar səsləndiriləcək. Avropa ölkələrinin bir qrupu necə ki, işğala məruz qalan Ukraynaya hərbi yardımı ləngidir, eləcə də Tayvana sözdə dəstək vədi verəcəklər. Misal üçün Rusiya Ukraynaya qarşı müharibəyə başladığı gündən Almaniya Kiyevə “Leopard” tanklarının təhvil veriləcəyini söz verib. Həmin tanklar hələ də Ukraynaya təhvil verilməyib. Kiyev Berlinin verdiyi vədi yerinə yetirməsini istəyir. Çünki hərbi yardımın gecikdirilməsi Ukraynanın Rusiyaya qarşı müqavimət gücünü azaldır.

ABŞ bu dəfə hadisələri qabaqlamağa çalışır. Fransanın “Boulevard Voltaire” dərgisində yayımlanan məqalədə Vaşinqtonun Avropa ölkələri ilə birgə Çinə qarşı ittifaq yaratmağa çalışdığı yazılıb. Yəni Çin Tayvana qarşı müharibəyə başlayarsa Pekinə qarşı ittifaq hərəkətə keçməlidir. Bu ittifaqda Avropa ölkələri ilə yanaşı bölgə ölkələri – Avstraliya, Yaponiya və Hindistan da yer almalıdır. Bütün hallarda bölgədə müharibə başlayarsa əsas yük ABŞ-ın üzərində olacaq.

Bu arada, Vaşinqton Yaponiyaya silahlanmağa və hərbi büdcəsini artırmağa razılıq verib. ABŞ-la Yaponiya arasında hərbi təlimlərin sayı artacaq. Vaşinqton Çini hərbi ritorikadan çəkindirmək üçün Pekinlə dialoqu genişləndirməyi də planlaşdırır. ABŞ dövlət katibi Entoni Blinkenin fevral ayında Pekinə səfəri planlaşdırılıb. Blinken Pekini Tayvana qarşı hərbi gücdən istifadədən çəkindirməyə çalışacaq.

“Atlas” Araşdırmalar Mərkəzi

 

Kreml Paşinyanı necə cəzalandıracaq?

Kremlin baş nazir Nikol Paşinyanın Avropa İttifaqı missiyasını Ermənistanla Azərbaycan təmas xəttində yerləşdirilməsindən narazılığı artıb. Əvvəlcə bu barədə bir neçə gün əvvəl  Rusiyanın xarici işlər naziri Sergey Lavrov açıqlama verdi və bildirdi ki, Ermənistan üçün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) missiyası faydalıdır, digər tərəfdən Avropa İttifaqının missiyası Azərbaycanla razılaşdırılmadığına görə uğur qazanmayacaq. Nikol Paşinyan və Ermənistanın digər rəsmiləri Lavrovun açıqlamasını qulaqardına vurdular. Lavrov bu gün ikinci cəhdini edib.

Rusiya Xarici İşlər Nazirliyinin yanvarın 26-da yaydığı bəyanatda bildirilib ki,  İrəvanın KTMT missiyasının göndərilməsi istiqamətində işi məntiqi sona çatdırmadan Avropa İttifaqının xeyrinə seçim etməyi üstün tutduğunu müşahidə edilir: “Əgər erməni müttəfiqlərimiz KTMT-nin potensialından istifadə etməkdə maraqlı olsalar, onun missiyası tez bir zamanda Ermənistanda yerləşdirilə bilər”.

Beləliklə, Kreml növbəti dəfə İrəvanı xəbərdar edib. Paşinyan isə mövqeyində qətidir, o Rusiya və KTMT-nin yerinə Avropanı və Fransanı seçib. Kreml Paşinyanı cəzalandırmaq barədə düşünməlidir. Kreml üçün problem ondadır ki, Ermənistandakı tərəfdarları zəifdir və Paşinyanı hakimiyyətdən uzaqlaşdıra bilmirlər. Paşinyana ən böyük zərbə Kremlin Rusiya Xarici İşlər Nazirliyi vasitəsilə “Azərbaycanın razı olmayacağı halda Rusiya hərbi kontingenti 2025-ci ildə Qarabağı tərk edəcək” şəklində bəyanat verməsi olar.

 

Vardanyan iki səbəbə görə Qarabağdadır

Ruben Vardanyan Moskvadan Xankəndinə ötən ilin sentyabr ayında gəlib. O bu 5 ayda dünyanın müxtəlif televiziya kanallarına, nəşrlərinə, agentliklərinə və saytlarına onlarla müsahibə verib. Araik Arutunyan illərdir Qarabağ separatçılarının lideridir, ancaq onun bu müddətdə bircə müsahibəsini xatırlamaq çətindir, Vardanyan isə hər gün dayanmadan müsahibə verir. Vardanyanın nə danışmasından asılı olmayaraq o beynəlxalq medianın diqqətini çəkib və bu hal Azərbaycan üçün təhlükə mənbəyinə çevrilib. Çünki Vardanyan Azərbaycana qarşı informasiya müharibəsinin başlıca fiquruna çevrilib.

Vardanyanı Qarabağa Kreml göndərib. Ancaq Kreml Vardanyan vasitəsilə istəyinə nail olmadı, rəsmi Bakı onunla təmasdan imtina etdi. Kreml sahibi Vladimir Putin Vardanyanı Rusiya vətəndaşlığından məhrub edib. Demək Ruben Vardanyan Qarabağı tərk edəcəyi halda başqa ölkələrdən birində məskunlaşmalıdır. Vardanyan o ölkələrdən birini seçəcək ki, Putinlə yaxınlığına görə ona qarşı sanksiya tətbiq edilməsin.

Vardanyanın Rusiyadakı “Troyka Dialoq” bir çox ofşor şirkətin təsisçisidir. Vardanyan bu şirkətlər vasitəsilə Rusiyanın tanınmış şəxslərinə pullar köçürüb. Bu sırada Vladimir Putinin yaxın dostu Sergey Rolduqinin də adı var. Vardanyan şirkətləri vasitəsilə 5 milyard dollara yaxın pulu müxtəlif şəxslərin hesablarına köçürülüb. Dünyadakı imkanlı ermənilərin tətbiq etdiyi texnologiyadır. Vardanyan açıqlamalarında kriminal dairələrlə heç bir əlaqəsinin olmadığını idda etsə də, 1990-cı illərin Rusiyasında təmiz pul qazanmaq mümkün deyildi. Milyardı olan biznesmen kriminal dairələrdən və məmurlardan qorunmaq üçün onlarla bölüşməli idi. Ruben Vardanyanın rəhbəri olduğu şirkətin 2000-ci illərin başlanğıcında Nyu-York və Londonda ofisləri  açılıb. Vardanyan eyni zamanda haqqında danışmağı sevmədiyi Panama və Virgin adalarında da ofşor şirkətləri yaradıb. Ruben Vardanyan Dmitri Medvedyevin Rusiya prezidenti olduğu illərdə “Skolkovo” yüksək texnilogiyalar layihəsinin təsisçilərindən olub. Vardanyan bununla Medvedyevin yaxnlığa çalışıb. Çünki “Skolkovo” keçmiş prezidenti Dmitri Medveyvevin əsas layihəsi idi və Kremlin keçmiş sahibi bu layihə vasitəsilə ABŞ-ın “Silikon vadisindəki” texnoloji şirkətlərinə rəqib olacağını planlaşdırırdı.

Beləliklə, Ruben Vardanyan ABŞ və Avropada təhsilini bitiridiyi 1990-cı illərdən bəri maliyyə, bank işi, müxtəlif iqtisadi layihələrlə məşğul olub. O bu illərdə siyasət barədə düşünməyib. Vardanyan siyasətçi olmadığı qədər, hərbçi də deyil. Buna baxmayaraq, böyük şirkətləri və milyardları idarə edən Vardanyan Qarabağa köçməyə razılaşıb. Birincisi, o bu yolla milyardlarını Rusiyaya qarşı tətbiq edilən sanksiyalardan qorumağa çalışıb, ikincisi, erməni separatçılarının “dövlət naziri” kimi Avropa stukturlarıyla ilə əlaqə vasitəsilə gələcəkdə işinin başına qayıtmaq istəyib. Təsadüfi deyil ki, Qarabağa köçdükdəın sonra Fransaya səfər edib və indi də Parisdəki dostlarıyla əlaqərini davam etdirir. Vardanyan BBC-yə son müsahibəsində “Qarabağdan getməyəcəyini” bildirib. Bunu reallaşdırmaq Azərbaycanın əlindədir. Azərbaycan üçün həlledici olacaq 2023 və 2024-cü illərdə Vardanyan yola salınmalıdır.

 “Atlas” Araşdırmalar Mərkəzi

 

Qətər niyə belə edir?

Ermənistan parlamentinin sədri Alen Semonyan Qətərə üç günlük səfərə gedib. Görüşlər sırasında Qətər əmiri şeyx Təmim bin Həməd Al Taninin Erməbnistana səfər edəcəyi açıqlanıb. Alen Simonyan Qətər İnkişaf Fondunun baş direktoru ilə görüşdə ikitərəfli əlaqələri müzakirə edib. Ötən ilin iyun ayında Ermənistanın baş naziri Nikol Paşinyan da Qətərə səfər edərək şeyxlə görüşmüşdü.

Qətər Ermənistanla sıx əməkdaşlıq edən əsas ərəb dövlətlərindəndir. İrəvan Səudiyyə Ərəbistanı ilə illərdir diplomatik münasibətlər qurmağa çalışır, nəticə əldə edə bilmir. Ər-Riyad üçün Azərbaycanla strateji tərəfdaşlıq daha vacibdir. Qətərin də Azərbaycanla tərəfdaşlıq münasibətləri var, üstəgəl Qətər Türkiyənin hərbi bazasının var olduğu yeganə ərəb ölkəsidir. Buna rəğmən, Qətər Ermənistanla da sıx əlaqələrə üstünlük verir. İş o yerə çatıb ki, Qətər Ermənistanın Dohadakı səfirliyinin maliyyə xərclərini üç il müddətinə qarşılamağı öz üzərinə götürüb. Bir başqa dövlətin Ermənistanın xeyrinə belə bir addım atması faktı yoxdur.

Qətərdə Livanda olduğu kimi erməni çox yaşamır ki, Dohanın bu səbəbdən Ermənistanla sıx əlaqələr qurmağa marağı olsun. Ermənistanın iqtisadi potensialı da Qətəri cəlb edə bilməz. Görünür, Doha bu siyasəti ilə göstərmək istəyir ki, Qətər hamıya eyni gözlə baxmaq istəyir. Yəqin Qətərdə hesab edirlər ki, nə zamansa Azərbaycanın və Türkiyənin Ermənistanla münasibətləri normallaşacaq və Doha həmin tarixi gözləmədən İrəvanla yaxşı münasibətlər qurmalıdır. Ancaq Doha erməni diplomatlarının maaşlarını ödəyirsə, bu Ermənistanla yaxşı münasibətlərdən daha irəli getməkdir ki, Azərbaycanda Qətərlə bağlı suallar doğurmalıdır.

 

 

 

Tehran Bakı ilə münasibətləri normallaşdırmaq istəyir?

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Daşkənddə İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 26-cı iclası çərçivəsində iranlı həmkarı Hüseyn Əmir Abdullahianla görüşüb. Görüşdə konkret nələrin müzakirə edildiyi açıqlanmayıb. Eyni gündə Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi ilə görüşüb. Bu görüşdə də konkret hansı mövzuların müzakirə edildiyi açıqlanmayıb. Anlaşılandır. Münasibətlərdəki gərginlik o qədər irəliləyib ki, müzakirə edilən mövzuların açıqlanmamasına üstünlük verilir.

Tehran Azərbaycanla münasibətlərdəki gərginliyin miqyasını azatlmaq istəyirsə 1) Azərbaycanın daxili işlərinə – hansı dövlətlə dost və tərəfdaş olma seçimimizə qarışmamalıdır; 2) Zəngəzur dəhlizinin reallaşmasına əngəl olmamalıdır;  3) İranın din xadimləri, generalları, deputatları Azərbaycan əleyhinə çıxış və açıqlamalarına son qoymalıdırlar. Tehranın bu minimum şərtləri yerinə yetirəcəyinə inam azdır. Digər tərəfdən İranın xarici işlər naziri və ya ölkəmizdəki səfiri vəziyyətin düzəlməsini istəyirlərsə belə, bu onlardan asılı məsələ deyil. Tehran və Qumdakı mühafizəkar dairələrin, o cümlədən SEPAH generallarından birinin anti-Azərbaycan açılama verməsi və ya internet görüntüsü paylaşması ilə diplomatların münasibətlərin normallaşdırılması üçün fəaliyyətlərinin üstündən xətt çəkəcək. Bu dəfələrlə olub.

İran rəsmilərinin və diplomatlarının əzbərlədikləri açıqlama var: “Bölgəyə aid olmayan ölkələrin işlərimizə qarışmasına imkan verilməməlidir”. Tehran Ermənistanı dəstəkləyir və iranlı rəsmilər “Ermənistanın təhlükəsizliyi İranın təhlükəsizliyidir” açıqlamasını səsləndirirlər. Ancaq hazırda məhz rəsmi İrəvan Tehranın bu tezisinə tərs siyasət yürüdür. Avropa İttifaqı monitorinq missiyasını bölgəyə dəvət edən Ermənistandır. Azərbaycan isə əksinə bunun əleyhinədir. Digər tərəfdən həmin missiyanın tərkibində Fransa geniş şəkildə təmsil olunacaq. Tehran-Paris münasibətləri isə gərgindir. Belə çıxır ki, İranın regional maraqları üçün ən böyük təhlükə rəsmi İrəvanın siyasətiylə bağlıdır. Misal üçün Kreml Ermənistan hakimiyyətinin Avropa İttifaqı missiyasının Azərbaycanla təmas xəttinə dəvət edilməsini tənqid edib, bunun mövcud problemləri həll etməyəcəyi qənaətindədir. Tehranıın isə Avropa İttifaqı missiyası ilə bağlı hələ ki, açıqlaması yoxdur. Çünki Tehran İran sərhədinə yaxın ərazidə yerləşəcək Avropa İttifaqının missiyasını tənqid edəcəksə, avtomatik həmin missiyanı bölgəyə dəvət edən Ermənistanı da tənqid etməlidir. Tehran Ermənistan tənqid etməyə hazır deyil. Görünür, Tehran eyni zamanda həm Bakı, həm də İrəvanla münasibətləri gərginləşdirmək istəmir. İranın Azərbaycanla münasibətləri uzun illlərdir enişli-yoxuşludur, Tehran Ermənistanla münasibətlərdə isə heç zaman problem yaşamayıb. Ona görə də Tehran Ermənistana yönəlik siyasətini dəyişməyə hazır deyil. Halbuki, Avropa İttifaqı missiyasını ən azı iki il müddətinə bölgəyə dəvət edən İrəvan Rusiya ilə yanaşı İranın maraqlarını da nəzərə almayıb.

 

Rusiya Mərkəzi Asiyaya “yol xəritəsi” təklif edib

Rusiya Avropanın enerji bazarına alternativ axtarmaqda davam edir. Kreml anlayır ki, keçmiş illərdə olduğu kimi Avropa ölkələrinə qaz sata bilməyəcək. Keçmiş illərdə müxtəlif boru xətləriylə Rusiyadan qaz alan Almaniya bu ildən başlayaraq bu asılılıqdan qurtulub. Belə olan halda Rusiya Almaniya kimi ölkələrə sata bilmədiyi qazı başqa istiqamtələrə yönətlmək məcburiyyətindədir.

Rusiyanın “Qazprom” şirkətinin rəhbəri Aleksey Miller yanvarın 18-də Qazaxıstan baş nazirinin müavini Roman Sklyarla görüşüb. “Qazprom” şirkəti Qazaxıstanla qaz sahəsində “yol xəritəsi” müəyyənləşdirib. Qazaxıstan kifayət qədər qaz ehtiyatlarına malik olsa da, Rusiya qazının üçüncü ölkələrə nəqlində maraqlıdır. Bu Qazaxıstanın tranzit imkanlarını artıracaq.

Rusiya Özbəkistanı da qaz nəqli məsələsində inandırmağa çalışır. Qazaxıstan qaz ehtiyatlarına görə Özbəkistanı üstələyir. Buna görə də Özbəkistan ehtiyaclarını ödəmək məqsədilə Rusiyadan müəyyən həcmdə qaz alır. Özbəkistanın iqtisadi imkanları artdıqca qaza ehtiyacı artacaq.

Qazaxıstan hər il Çinə 10 milyard kubametr qaz nəql edir. Ancaq Qazaxıstanın özünün də qaza ehtiyacı artıb. Buna görə də Astana Rusiya qazının Qazaxıstan üzərindən Çinə nəqlinin əleyhinə deyil. Moskva bölgədə Qazaxıstan və Özbəkistanla birgə qaz ittifaqı yaratmağa çalışır. Astana və Daşkənd Moskvanın bu təklifinə ehtiyatla yanaşırlar. Qazaxıstan və Özbəkistan Rusiya qazından asılı duruma düşmək istəmirlər. Vaxtilə Avropa Rusiyadan asılı vəziyyətə düşdü.

Rusiya Ukraynaya qarşı işğalçı müharibəyə başladıqdan sonra Avropa dövlətlərinin Rusiya qazından imtinası ağrılı prosesə çevrildi. Qazaxıstan və Özbəkistan Avropa dövlətlərinin səhvini təkrarlamaq istəmirlər. Qazaxıstanın Qərb bazarına da ehtiyacı var. Qərbin böyük enerji şirkətləri Qazaxıstanda neft və qaz çalışmaları aparırlar.

Rusiyanın əsas hədəfi Çindir. Rusiya bir tərəfdən Mərkəzi Asiyanın qaz bazarında hegemon rola malik olmaq istəyir, o biri tərəfdən Mərkəzi Asiya üzərindən yeni boru xətləri vasitəsilə Çinə qaz nəqlini artırmaqda maraqlıdır. Çin Rusiya qazının artan həcmindən imtina etmir. Buna baxmayaraq, Çin Mərkəzi Asiya ölkələrindən – Qazaxıstan və Türkmənistandan da qaz almağa davam etmək istəyir. Çin eyni ilə Avropa ölkələri kimi Rusiyanın enerji resurslarından asılı vəziyyətə düşmək istəmir.

“Atlas” Araşdırmalar Mərkəzi

 

Haqqımızda

“Atlas” Araşdırmalar Mərkəzi 2003-cü ildə bir qrup siyasi ekspert tərəfindən Bakıda təsis olunub. Mərkəzin rəhbəri siyasi analitik Elxan Şahinoğludur.

Sayğac

Girish
Bugun
Umumi 270163
azAZ