Ay: Yanvar2023

Erməni separatçıları arasında fikir ayrılığı var

Vitaliy Balasanyan Qarabağ separatçıları arasında “əmrə” tabe olmayanlardandır. İddialı Balasanyan Qarabağ separatçılarının lideri olmaq istəyirdi, ancaq Ermənistanın baş naziri Nikol Paşinyanın dəstəyi ilə Araik Arutunyan Qarabağ separatçılarının “lideri” təyin olundu. Ancaq Balasanyanın bekar qalmaması və Araik Arutunyana mane olmaması üçün onu separatçıların “Təhlükəsizlik Şurasının katibi vəzifəsinə təyin” etdilər.

Vitaliy Balasanyan 2020-ci ilin müharibə dövründə ortada yox idi. Onun müharibədə döyüşlərdə iştirakında dair xəbər yoxdur. Balasanyan müharibə bitdikdən sonra yenidən fəallaşdı və elə həmin dövrdən başlayaraq onunla Araik Arutunyan arasında fikir ixtilafı barədə xəbərlər yayılmağa başladı.

Vitaliy Balasanyan Paşinyanın rəqibi Robert Köçəryanın kadrıdır. Qarabağ separatçılarının keçmiş lideri və Ermənistanın eks-prezidenti Robert Köçəryan Nikol Paşinyanın siyasətini sərt tənqid edir. Onun kimi Balasanyan da Paşinyanı tənqid edir. Digər tərəfdən erməni milyarder Ruben Vardanyanın Moskvadan gətizdirilib Xankəndidə Balasanyana “rəhbər” təyin edilməsi də ikincinin narazılığına səbəb oldu. Bu vəziyyətdə Arutunyan-Vardanyan cütlüyü Balasanyanı “vəzifəsindən” kənarlaşdırmağa qərar verdilər.

Köçəryanın dostu olan Vitaliy Balasanyanın Rusiyanın hərbi dairələri ilə sıx əlaqələri var. Rusiyanın Qarabağdakı hərbi kontingentinin rəhbərliyi Balasanyanla əməkdaşlıq edir. Separatçıların “Təhlükəsizlik Şurasının katibi vəzifəsinə” Ararat Melkumyan “təyin” olunub. Rusiya hərbi kontingentinin komandanlığı yeni “katiblə” təmas qursalar da, Balasanyanla əlaqəni davam etdirəcəklər. Rusiyadakı siyasi dairələr Balasanyandan lazımi məqamlarda Nikol Paşinyana və Araik Arutunyana qarşı istifadə edəcəklər.

Separatçılar arasındakı “yerdəyişmələrin” Azərbaycana dəxli olmasa da, nəzarətimizdən kənardakı bölgəni diqqətdə saxlamağa məcburuq. Separatçılar arasında fikir ixtilafları müharibənin ermənilər üçün ağır nəticəsinə və Laçın yolunu nəzarətə götürdüyümüzə görə baş verir. Demək rəsmi Bakı bu alətlərdən istifadə etməlidir.

 

Laçın yolundakı etiraz aksiyası nə qədər davam edəcək?

Laçın yolundakı etiraz aksiyası birinci ayına yaxınlaşır. Ermənistan hakimiyyəti, erməni separatçıları və dünyadakı erməni lobbisi var gücləriylə müxtəlif dövlət və beynəlxalq təşkilatların yoldakı aksiyaya görə Azərbaycana təzyiq etməsinə çalışsalar da, “yol bağlıdır”, “xəstələrimiz dərmansız qalıb”, “Qarabağ erməniləri acdırlar” kimi dezinformasiyalar yaysalar da, nəticə hasil etmədilər. Fransanın siyasi dairələrinin Azərbaycan əleyhinə çalışmaları da nəticə vermədi.

Aksiyanın əsas hədəfi işğal altındakı qızıl və mis yataqlarında monitorinqə imkan yaradılmasıdır. Buna nail olunmayıb. Belə olan halda “aksiya hələ nə qədər davam edəcək” sualı aktuallaşıb. Bu sualın bir neçə cavab variantı var:

Birinci variant: Qarabağdakı erməni separatçıları məcburiyyət qarşısında qızıl və mis yataqlarında azərbaycanlı məmurların monitorinqinə imkan yaradırlar. Bu halda azərbaycanlı məmurlar yataqlarda monitorinq aparır və yoldakı etiraz dayandırılır. Ancaq monitorinqlə məsələ bitməyəcək, dövlətin yataqları və əldə edilən gəlirin nəzarət altına alması mövzusu aktuallaşacaq.

İkinci variant: Qarabağdakı erməni separatçıları azərbaycanlı məmurların monotirinqinə icazə vermirlər və etiraz qeyri-müəyyən müddətə qədər davam edir.

Üçüncü variant: Azərbaycanın məqsədi yalnız yataqların monitorinqi deyil. Digər məqsəd Ermənistanla Qarabağı birləşdirən yolu nəzarətə götürməkdir. Bir müddətdən sonra ekoloqların etirazına fasilə verilsə belə fəalların  əvəzinə yolun həmin hissəsində Azərbaycan hərbçiləri post qururlar və Qarabağa daxil olan və çıxan nəqliyyat vasitələrini yoxlamağa başlayırlar. Bu 2020-ci ilin 9 noyabr bəyanatına zidd deyil, yol bağlanmır, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində nəzarətə götürülür.

“Atlas” Araşdırmalar Mərkəzi

 

Rusiya və Çin Böyük Britaniya qonşu olmaq istəyir

Şotlandiyada müstəqillik haqqında referendum 2014-cü ilin sentyabr ayında keçirilib. Referendumun nəticəsinə görə şotlandiyalıların yarıdan çoxu müstəqlliyə deyil, Böyük Britaniyanın tərkibində qalmağa səs veriblər. Buna baxmayaraq, Şotlandiyada millətçi qruplar müstəqillik ideyasından imtina etməyiblər. Böyük Britaniyanın Avropa İttifaqından ayrılması bir qrup şotlandiyalının xoşuna gəlməyib.

Şotlandiya millətçiləri yeni referendum tələb edirlər. Böyük Britaniyada ehtiyat edirlər ki, yeni referendumda nəticə fərqli ola bilər və Şotlandiya əhalisinin yarıdan çoxu bu dəfə müstəqilliyə səs verə bilər. London başqa bir amildən də ehtiyat edir.

Şotlandiya müstəqillik qazanarsa Rusiya və Çin bundan öz məqsədləri üçün istifadə edəcəklər. Bəzi ingilis ekspertlərin sözlərinə görə, Şotlandiya müstəqllik qazandıqdan sonra böyük şirkətlər Şotlandiyanı tərk edəcəklər. Bu halda Şotlandiyanın iqtisadi dəstəyə və kreditlərə ehtiyacı olacaq. Rusiya və Çin Avropada yeni tərəfdaş qazanmaq üçün Şotlandiyaya iqtisadi dəstək vədi verəcəklər. Moskva və Pekin Qərbin müxtəlif sanksiyaları ilə üz-üzədirlər. Buna baxmayaraq, həm Rusiyanın, həm də Çinin kifayət qədər maliyyə resursları var və onlar bu resurslarla tərəfdaşlarının sayını artırmaq istəyirlər. Buna görə də Moskva və Pekin diqqətlərini müstəqil Şotlandiyaya yönəldəcəklər.

London Şotlandiyanın müstəqilliyinin əleyhinədir və yeni referendum istəmir. Ancaq Böyük Britaniyada müxtəlif ssenarilər barədə düşünür və təhlükələrlə üzləşməməyə çalışırlar. Belə bir təhlükədən biri Putin Rusiyası və kommunist Çinin tərəfdaşı ilə qonşu olmaqdır.

“Atlas” Araşdırmalar Mərkəzi

 

Kiyev Ərdoğanın yeni təklifinə mənfi yanaşır

Türkiyə Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğan bir gün əvvəl Rusiya prezidenti Vladimir Putinə, bu gün isə Ukrayna prezidenti Volodomir Zelenskiyə zəng edib. Ərdoğan müharibənin dayandırılması üçün var gücüylə çalışır, Putinə də təklif edib ki, birtərəfli qaydada atəşkəs elan etsin. Putin müharibənin ölkəsi üçün yorucu hala gəldiyini anlayaraq Ərdoğanın çağırışına müsbət reaksiya verərək atəşkəsə və Kiyevlə dialoqa meyllidir. Ancaq Putin eyni zamanda Kiyevin Krımın və Ukraynanın 4 bölgəsinin Rusiyaya “birləşməsi reallığını” qəbul etməsini istəyir. Belə olan halda nə atəşkəs, nə də dialoq faydalı olacaq. Kiyev işğalı uzadacaq atəşkəsin Ukraynanın ərazi bütövlüyü üçün təhlükə yaradacağından ehtiyat edir. Çünki uzun atəşkəsdən sonra yenidən Rusiya ilə müharibəyə başlamaq çətin olacaq, atəşkəs dövründə isə Rusiya işğal etdiyi ərazilərdə möhkəmlənəcək. Azərbaycan nümunəsində də gördük ki, 26 illik atəşkəs işğalın uzanmasına şərait yaratdı.

 

 

Rusiyanın yeni prezidentinin siyasəti necə olacaq?

Qərb ölkələrinin və Ukraynanın kəşfiyyat strukturları tez-tez belə xəbərlər yayırlar ki, Rusiya prezidenti Vladimir Putin ağır xəstədir və o yaxın müddətdə ölə bilər.

Bu xəbərlər Rusiyanın hakim strukturları içərisində fikir ayrılığı yaratmaq məqsədilə yayıla bilər. Putinin xəstə olması xəbərləri psixoloji savaşın tərkib hissəsidir. Ancaq Putinin xəstəliyi ilə bağlı xəbərlər həqiqətə uyğun da ola bilər. Putin ölərsə Rusiya ətrafında hadisələr necə inkişaf edəcək, bunun Ukraynadakı müharibəyə hər hansı təsiri olacaqmı? Putinin ölümü Rusiyanın Cənubi Qafqaz siyasətini dəyişə bilərmi?

Putin sağlığıyla bağlı ciddi problemlərin olduğunu anlayarsa özünə varis seçməyə tələsəcək. O elə bir varis seçmək istəyəcək ki, həmin şəxs Ukrayna ilə müharibəni davam etdirsin. Ancaq Putinin problemi ondadır ki, o Ukraynaya qarşı işğalçı müharibəni intiqam hissi ilə başlayıb. Rusiya hakimiyyətinəki ən mühafizəkar siyasətçilərdən biri  Putinin yerinə keçərsə onun qədər müharibəni əzmlə davam etdirə bilməyəcək. Çünki Rusiya cəmiyyətinin böyük hissəsi Putinin müharibəsinə dəstəyini davam etdirirsə, bu o demək deyil ki, yeni Kreml sahibinin də müharibə strategiyasını dəstəkləyəcək. Həmin şəxs Rusiya cəmiyyətində Putin qədər məşhur olmayacaq. Digər tərəfdən Kremləki məcburi yerdəyişmə Ukrayna ordusunu daha böyük əks-hücumlara həvəsləndirəcək. Ona görə də böyük ehtimalla Putinin yerinə gələn istənilən şəxs bir müddətdən sonra Ukraynaya qarşı işğalçı müharibəni dayandırmaq məcburiyyətində qalacaq. Ancaq Ukrayna üçün bu azdır, Kremlin yeni sahibindən işğal edilən torpaqlardan, o cümlədən Krımdan çıxmaq tələb ediləcək.

Putinin ağır xəstəliyi Rusiyanın Cənubi Qafqaz siyasətinə də təsir edəcək. Rusiya hərbi kontingenti 2025-ci ilə qədər Qarabağda qalacaq. Azərbaycan həmin müddətdən sonra Rusiya hərbi kontingentinin Qarabağı tərk etməsini istəyəcək. Vladimir Putin Rusiya hərbi kontingentinin Qarabağda qalma müddətini uzatmaq istəyir. Bu Azərbaycanın təhlükəsizlik maraqlarına cavab vermir. Əgər Putin xəstələnərsə və onun yerinə başqa siyasətçi Rusiya prezidenti təyin olunarsa bu rəsmi Bakının manevr imkanlarını artıracaq. Rəsmi Bakı Rusiyanın yeni prezidentindən 2020-ci il 9 noyabr bəyanatına riayət etməsini, Rusiya hərbi kontingentinin Qarabağdan çıxarılmasını tələb edəcək.

“Atlas” Araşdırmalar Mərkəzi

 

Pekin Ankaraya verdiyi vədi yerinə yetirməyib

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Pekinin Türkiyənin Çindəki səfirinin uyğurların yaşadığı Sincan əyalətinə səfərinə 5 ildir icazə vermədiyini və bunun iki dövlət arasındakı əlaqələrə mənfi təsirini etiraf edib. Mövlüd Çavuşoğlu bu barədə ilin yekunlarıyla bağlı keçirdiyi mətbuat konfransında deyib. Çavuşoğlu Pekinin Türkiyədən bir heyətin uyğurların yaşadığı bölgəyə səfər edəcəyini vədini xatırladıb, ancaq Çin hakimiyyəti bu vədini yerinə yetirməyib.

Çavuşoğlu Pekinin uyğur məsələsinə Ankaranın narahatlığı səbəbindən Türkiyə – Çin əlaqələrinin zədələndiyini bildirib. Çavuşoğlu bildirib ki, Pekin daima Türkiyədə yaşayan uyğurların ekstradisiyasını tələb edir. “Biz bu cür tələbləri yerinə yetirmirik” deyən Türkiyənin xarici işlər naziri bildirib ki, Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları Şurasının uyğurlarla bağlı 48 səhifəlik hesabatında Sincanda kütləvi həbslərin işgəncə, cinsi zorakılıq, məcburi əmək, məcburi abort və sterilizasiya ilə yadda qaldığını müəyyən edib. Çavuşoğlu insan haqları pozuntularını ortaya qoyan həmin hesabata Ankaranın reaksiya verdiyini söyləyib.

Xarici işlər naziri bildirib ki, Türkiyə Çinlə şəffaf şəkildə əməkdaşlıq etmək istəyir: “Niyə biz Çinin təbliğat vasitəsinə çevrilməliyik? Biz əməkdaşlıq etmək istəyirik, buna siyasi məsələ kimi baxmırıq. Biz qəti şəkildə Çin əleyhinə deyilik. Biz həmişə demişik ki, “vahid Çin” konsepsiyasını dəstəkləyirik”.

Şərqi Türküstanın mühacirətdəki hökuməti Türkiyə hökumətini uyğurların həbsini və deportasiyasını dayandırmağa və Çinlə bu məsələdə əməkdaşlığa son qoymağa çağırıb. Şərqi Türküstanın mühacirətdəki hökuməti Vaşinqtonda qurulub. Qurum Şərqi Türküstan xalqını beynəlxalq səhnədə təmsil edir.

Beləliklə, Türkiyə ilə Çin arasındakı münasibətlərdə mübahisə yaradan əsas bənd uyğurlarla bağlıdır. Pekin uyğurları assimilyasiya siyasətini davam etdirir, “əmək düşərgələri” praktikasından imtina etmir. Pekinin bu siyasəti Ankaranın narazılığına səbəb olur. Digər tərəfdən Türkiyədə yaşayan uyğurlar Ankaranın Pekinlə münasibətlərinə yenidən baxmasını tələb edirlər. Türkiyədə hakim Ədalət və İnkişaf Partiyasının müttəfiqi Milliyətçi Hərəkat Partiyasıdır. Bu partiya dünyanın müxtəlif ölkələrində türklərin problemlərinə həssas yanaşır. Hakim partiya bunu nəzərə almaq məcburiyyətindədir.

“Atlas” Araşdırmalar Mərkəzi

 

Separatizmlə zəhərlənən beyinlər sülhə hazır deyil

Erməni saytlarının Beynəlxalq Böhran Qrupunun Azərbaycanla Ermənistan arasındakı gərginliyin bu il də davam edəcəyinə dair proqnoz hesabatını yayımlaması erməni separatizminin və onların dəstəkçilərinin çıxılmaz vəziyyətdə olduğunun əyani sübutudur.

Birincisi, hesabat müəllifləri yazıblar ki, Azrəbaycanla Ermənistan arasında yeni müharibə 2020-ci il müharibəsindən az dramatik olmayacaq və qalib yenə Azərbaycan olacaq.

İkincisi, hesabat müəlifləri yazıblar ki, Azərbaycan son iki ildə hərbi qüdrətini daha da artırıb, Türkiyə ilə hərbi ittifaq güclənib, Ermənistan ordusunun isə əksinə hərbi təhcizatı zəifləyib, İrəvan Rusiyadan istədiklərini ala bilməyib. Bunun da əsas səbəbi odur ki, hərbi texnika Ukraynada işğalçı müharibə aparan Rusiyanın özünə lazımdır.

Üçüncüsü, hesabat müəllifləri Azərbaycanın xeyrinə işləyən digər amilə də diqqət çəkiblər: Avropanın Azərbaycan qazına ehtiyacı var. Yəni hesabat müəllifləri bununla demək istəyiblər ki, Azərbaycana yeni hədəflərinə çatmaqda Avropa mane olmayacaq.

Hesabat müəllifləri Azərbaycan-Ermənistan qarşıdurmasından yazarkən tez-tez Ukraynadakı müharibəyə istinad ediblər. Bu o deməkdir ki, dünyanın diqqəti Ukraynadadır, Azərbaycan Ermənistanı sıxışdırmaqda davam edərsə, bu beynəlxalq aləmin ciddi reaksiyasına səbəb olmayacaq.

Beynəlxalq Böhran Qrupunun hesabatı bu gün baş verənlərlə səsləşir. Azərbaycan ordusu 2022-ci ilin sentyabr ayında Ermənistanla təmas xəttində strateji yüksəklikləri nəzarətə götürdü. Ermənistan hakimiyyəti Rusiya və Qərb ölkələrindən dəstək istədi. Rusiya və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı məsələyə qarışmadı, erməni siyasətçilər və erməni cəmiyyəti məyus oldu. Azərbaycan fəalları Ermənistanla Qarabağın birləşdirən yolda etiraz aksiyasına başladılar. Ermənistan yenə Rusiya və Qərb ölkələrindən dəstək istədi. Nəticə yenə eynidir, İrəvan Fransanın əli ilə BMT Təhlükəsizlik Şurasında Azərbaycan əleyhinə qətnamə qəbul etdirməyə çalışdı, alınmadı. Azərbaycanın BMT Təhlükəsizlik Şurasının daimi və qeyri daimi üzvləri arasındakı tərəfdaşları Fransaya Azərbaycan əleyhinə qətnamənin müzakirəyə çıxarılmasına imkan vermədilər.

Belə vəziyyətdə Ermənistanın heç bir ümid yeri yoxdur, yeganə alternativi Azərbaycanın ərazi bütövlüyünü və Qarabağı Azərbaycan ərazisi kimi tanımaq və bu şərtlər daxilində sülh sazişini imzalamaqdır. Ancaq separatizmlə zəhərlənən beyinlər hələ buna imkan vermir.

“Atlas” Araşdırmalar Mərkəzi

 

 

Yeni nazir müharibə istəmir(mi?)

Çin yeni ilə mühüm dəyişikliklə daxil olub. Çinin yeni xarici işlər naziri bu ölkənin ABŞ-dakı səfiri Qin Qanq təyin olunub. Bu proqnozlaşdırılan qərar idi. Çünki Qin Qanq hələ oktyabr ayında Çin Kommunist Partiyasının Mərkəzi Komitəsinə üzv seçilib. Bu qərar Kommunist Partiyasının 20-ci qurultayında təsdiq edilib. Bu qərardan sonra Çinin ABŞ-dakı səfirinin yaxın müddətdə Pekinə çağrılaraq yüksək vəzifəyə təyin olunacağı ehtimal edilirdi. Əslində Qin Qanq Amerikada cəmi 17 ay səfir vəzifəsində çalışıb. Keçmiş xarici işlər naziri 69 yaşlı Van Yinin isə Kommunist Partiyasında yüksək vəzifəyə təyin olunacağı gözlənilir.

Qin Qanq səfir təyinatından əvvəl uzun illər Çin Xarici İşlər Nazirliyində müxtəlif vəzifələrdə çalışıb. O ABŞ-la yanaşı Böyük Britaniyada da səfir işləyib. Qin Qanq 2018-ci ilin sentyabrında Çin xarici işlər nazirinin müavini təyin olunub, 3 il sonra Amerikaya səfir göndərilib. Görünür, Qin Qanqın diplomatik fəaliyyətinə ölkənin lideri Si Tsinpin şəxsən nəzarət edib.

Qin Qanq səfir vəzifəsində çalışarkən dünyadakı mövcud vəziyyətlə bağlı açıqlamalar verib, məqalələr yazıb. O belə məqalələrdən birini “The National Interest” dərgisində yayımlayıb. Səfir həmin məqalədə Amerika Birləşmiş Ştatlarını dövlətləri “demokratik” və “avtoritar” hissələrə bölməməyə çağırıb. Səfir Rusiya-Ukrayna müharibəsi haqqında isə “müharibədə qaliblər olmur” ifadəsini işlədib. Qin Qanqın bu iki yanaşması onun nazir kimi siyasətini də formalaşdıracaq. Ancaq Pekinin siyasəti ilə bağlı ondan asılı olmayan məsələlər var. “ABŞ-la Çin arasındakı fərqlərə baxmayaraq, bir-birimizi dinləməyi bacarmalıyıq” deyən Qin Qanq qarşılıqlı əməkdaşlıqdan faydalanmağın vacib olduğunu bildirib.

Qin Qanqa çətin olacaq. Pekin Tayvan adasını geri qaytarmaq istəyir, Hindistanla sərhəd problemi var, Yaponiyanın bir neçə adasına iddialıdır. Bu amillər ABŞ-ın Çinə qarşı siyasətini sərtləşdirib. Bundan başqa Vaşinqton bölgədə Çinə qarşı müttəfiq dövlətlərlə bloklar formalaşdırıb. Qin Qanq bütün bu məsələlərin həlli ilə məşğul olacaq. Pekin bir tərəfdən müharibə istəmədiyini bəyan edir, digər tərəfdən bölgədə hərbi varlığını gücləndirməklə məşğuldur.

Pekinin Kremllə ittifaqı gücləndirməsi də Vaşinqtonu narahat edən amillərdəndir. Rusiya və Çin liderləri bir neçə gün əvvəl telefonla danışaraq ittifaqı gücləndirmək barədə qərar veriblər.  Bu baxımdan Qin Qanq Kommunist Partiyasının və ölkənin lideri Si Sinpinin xarici siyasətdə təlimatlarını yerinə yetirəcək. Qin Qanq “müharibədə qaliblər olmur” desə də lideri Si Tsinpin “Tayvan adasını Çinə birləşdirmək üçün lazım gələrsə güc yolundan da istifadə edəcəyik” prinsipini irəli sürüb. Bu isə müharibə deməkdir.

“Atlas” Araşdırmalar Mərkəzi

 

Rusiya daha bir tərəfdaş siyahısından çıxarılıb

Kremlin Ukraynaya qarşı işğalçı müharibəsi bir çox ölkəni Rusiya ilə tərəfdaşlıqdan uzaqlaşdırıb. Bu ölkələrdən biri də Yaponiyadır. Tokio artıq Moskvanı tərəfdaş hesab etmir. Halbuki, Yaponiyanın keçmiş baş naziri Sindzo Abenin dövründə Rusiya ilə tərəfdaşlıq Tokionun əsas xarici siyasət prioritetlərindən biri idi. Ancaq Krımın ilhaqından və Ukraynaya qarşı işğalçı müharibədən sonra Tokionun mövqeyi dəyişdi.
Yaponiyanın qəbul etdiyi yeni milli təhlükəsizlik strategiyasında Rusiya tərəfdaş ölkələr siyahısından çıxarılıb. “Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsi qanunların kobud sürətdə pozulmasıdır. Bu siyasət beynəlxalq nizama ciddi zərbədir” – bu cümlə yeni milli təhlükəsizlik strategiyasında yer alıb. Kuril adalarıyla bağlı qeyri-müəyyən vəziyyətin davam etməsi də Tokio ilə Moskva arasındakı münasibətlərə mənfi təsir edib. Rusiyanın yeni Konstitusiyasında torpaq güzəşti qadağan edilib. Bu o deməkdir ki, Rusiyanın gələcək prezidentləri də Kuril adalarını Yaponiyaya qaytarmayacaqlar. Buna görə də Yaponiya Rusiya ilə sülh sazişi imzalaya bilməyəcək. Yaponiyanın baş naziri Fumio Kisida dekabrın 2-də verdiyi açıqlamada mövcud vəziyyəti bu sözlərlə təsdiq edib: “Yaponiya-Rusiya münasibətləri gərgin olaraq qalır. Bu vəziyyətdə iki ölkə arasında sülh sazişinin imzalanması üçün danışıqların perspektivini görmürəm”. Münasibətlərin gərginləşməsinə rusiyalı rəsmilərin Tokionun ünvanına sərt açıqlamaları da səbəb olub. Misal üçün Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev dekabrın 11-dəki açıqlamasında Yaponiyanı Qərb ölkələri kimi “nasizmə baş əyən” dövlət kimi qiymətləndirib.
Buna baxmayaraq, milli təhlükəsizlik strategiyasında Yaponiya üçün əsas təhlükə mənbəyinin Çin olduğu göstərilib. Strategiyada Rusiya ilə yanaşı Çinin siyasəti beynəlxalq nizama təhdid kimi qiymətləndirilib. Yaponiya sahillərinin Çinə yaxın hissəsində müdafiə istehkamları artırılacaq. Tokio yeni nəsil qırıcı təyyarələrin istehsalına başlayacaq. Bundan başqa Yaponiya Böyük Britaniya və İtaliya ilə birgə 2035-ci ilə qədər pilotsuz hərbi təyyarələrin istehsalını nəzərdə tutub.
Yaponiyanın yeni strategiyasında təhlükəli ölkəyə qarşı əks-həmlə zərbəsinin vacibliyi vurğulanıb. Halbuki, İkinci Dünya müharibəsindən sonra Yaponiya hərbi ritorikadan çəkinirdi. Vaşinqtonun məğlub etdiyi Yaponiya üzərində hərbi nəzarəti güclü idi. Hazırda isə Vaşinqton özü Tokioya məsləhət görür ki, Rusiya, Çin və Şimali Koreya təhlükəsinə görə hərbi xərclərini artırsın.
Yaponiya milli gəlirin 2 faizini hərbi xərclərə yönəldəcək. Buna baxmayaraq, yaponlar bölgədə hərbi nöqteyi nəzərdən qudrətli ölkəyə çevrilməyi planlaşdırmırlar. Əsas məsələ mövcud təhlükələrə adekvat cavab verə biləcək ordu formalaşdırmaqdır. Tokio milli təhlükəsizlik strategiya ilə yanaşı müdafiə qüdrətinin artırılması planını da qəbul edib.
“Atlas” Araşdırmalar Mərkəzi

 

Rusiya daha bir tərəfdaş siyahısından çıxarılıb

Kremlin Ukraynaya qarşı işğalçı müharibəsi bir çox ölkəni Rusiya ilə tərəfdaşlıqdan uzaqlaşdırıb. Bu ölkələrdən biri də Yaponiyadır. Tokio artıq Moskvanı tərəfdaş hesab etmir. Halbuki, Yaponiyanın keçmiş baş naziri Sindzo Abenin dövründə Rusiya ilə tərəfdaşlıq Tokionun əsas xarici siyasət prioritetlərindən biri idi. Ancaq Krımın ilhaqından və Ukraynaya qarşı işğalçı müharibədən sonra Tokionun mövqeyi dəyişdi.
Yaponiyanın qəbul etdiyi yeni milli təhlükəsizlik strategiyasında Rusiya tərəfdaş ölkələr siyahısından çıxarılıb. “Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsi qanunların kobud sürətdə pozulmasıdır. Bu siyasət beynəlxalq nizama ciddi zərbədir” – bu cümlə yeni milli təhlükəsizlik strategiyasında yer alıb. Kuril adalarıyla bağlı qeyri-müəyyən vəziyyətin davam etməsi də Tokio ilə Moskva arasındakı münasibətlərə mənfi təsir edib. Rusiyanın yeni Konstitusiyasında torpaq güzəşti qadağan edilib. Bu o deməkdir ki, Rusiyanın gələcək prezidentləri də Kuril adalarını Yaponiyaya qaytarmayacaqlar. Buna görə də Yaponiya Rusiya ilə sülh sazişi imzalaya bilməyəcək. Yaponiyanın baş naziri Fumio Kisida dekabrın 2-də verdiyi açıqlamada mövcud vəziyyəti bu sözlərlə təsdiq edib: “Yaponiya-Rusiya münasibətləri gərgin olaraq qalır. Bu vəziyyətdə iki ölkə arasında sülh sazişinin imzalanması üçün danışıqların perspektivini görmürəm”. Münasibətlərin gərginləşməsinə rusiyalı rəsmilərin Tokionun ünvanına sərt açıqlamaları da səbəb olub. Misal üçün Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev dekabrın 11-dəki açıqlamasında Yaponiyanı Qərb ölkələri kimi “nasizmə baş əyən” dövlət kimi qiymətləndirib.
Buna baxmayaraq, milli təhlükəsizlik strategiyasında Yaponiya üçün əsas təhlükə mənbəyinin Çin olduğu göstərilib. Strategiyada Rusiya ilə yanaşı Çinin siyasəti beynəlxalq nizama təhdid kimi qiymətləndirilib. Yaponiya sahillərinin Çinə yaxın hissəsində müdafiə istehkamları artırılacaq. Tokio yeni nəsil qırıcı təyyarələrin istehsalına başlayacaq. Bundan başqa Yaponiya Böyük Britaniya və İtaliya ilə birgə 2035-ci ilə qədər pilotsuz hərbi təyyarələrin istehsalını nəzərdə tutub.
Yaponiyanın yeni strategiyasında təhlükəli ölkəyə qarşı əks-həmlə zərbəsinin vacibliyi vurğulanıb. Halbuki, İkinci Dünya müharibəsindən sonra Yaponiya hərbi ritorikadan çəkinirdi. Vaşinqtonun məğlub etdiyi Yaponiya üzərində hərbi nəzarəti güclü idi. Hazırda isə Vaşinqton özü Tokioya məsləhət görür ki, Rusiya, Çin və Şimali Koreya təhlükəsinə görə hərbi xərclərini artırsın.
Yaponiya milli gəlirin 2 faizini hərbi xərclərə yönəldəcək. Buna baxmayaraq, yaponlar bölgədə hərbi nöqteyi nəzərdən qudrətli ölkəyə çevrilməyi planlaşdırmırlar. Əsas məsələ mövcud təhlükələrə adekvat cavab verə biləcək ordu formalaşdırmaqdır. Tokio milli təhlükəsizlik strategiya ilə yanaşı müdafiə qüdrətinin artırılması planını da qəbul edib.

 

Haqqımızda

“Atlas” Araşdırmalar Mərkəzi 2003-cü ildə bir qrup siyasi ekspert tərəfindən Bakıda təsis olunub. Mərkəzin rəhbəri siyasi analitik Elxan Şahinoğludur.

Sayğac

Girish
Bugun
Umumi 270499
azAZ