Ay: Fevral2023

Moskva ilə İrəvan arasında uçurum artır

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bakıdan İrəvana “Avropa İttifaqı missiyasını bölgəyə gətirməklə yanlışlığa yol verirsiniz” cümləsiylə mesaj göndərib. Ermənistanın parlament sədri Alen Simonyan isə İrəvandan ona bu şəkildə cavab verib: “Moskva digər ölkələrin Ermənistan-Azərbaycan münasibətlərini normallaşdırmaq təşəbbüslərinə həddən artıq emosional və əsəbi reaksiya verir”. Simonyan bununla Lavrova demək istəyib ki, bizim işimizə qarışmayın.

Beləiklə, İrəvan Rusiyanın xəbərdarlıqlarına baxmayaraq, Avropa İttifaqının missiyasını Ermənistanda yerləşdirib. Bu azmış kimi İrəvanda növbəti dəfə Rusiya əleyhinə yürüş keçirilib, etirazçılar Kreml sahibi Vladimir Putinin müqəvvasını yandırıb, məşhur şair Mixail Lermontovun rusları aşağılayan “Əlvida, yuyulmamış Rusiya, qullar və ağalar ölkəsi” şeirindən parçalar oxuyublar. Ermənistanda keçirilən rəsy sorğuları da Rusiyanın Qərbin geridə qaldığını göstərir. Bundan sonra hələ rusiyalı nazir Lavrov bizə ağıl qoymağa çalışır ki, “Laçın yolunda nəzarət postu olmamalıdır”…

 

Lavrov sərhəd xidmətinin əleyhinədir

Rusiya xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramovla danışıqlarının yekunları ilə bağlı birgə mətbuat konfransında bildirib ki, Laçın yolunun rejimi və onun funksiyası ən birinci üçtərəfli bəyanata – 9-10 noyabr 2020-ci il bəyanatına tam uyğun olmalıdır: “Bu isə o deməkdir ki, Laçın dəhlizindən istisnasız olaraq mülki və humanitar yüklərin və mülki vətəndaşlarının hərəkətinin təmin olunması vacibdir. Biz təmaslarımızda, hər şeydən öncə, sülhməramlı kontingentin xətti ilə buna nail olmağa çalışırıq. Orada hansısa nəzarət-buraxılış məntəqələrinin yaradılmasına baxılmır. Lakin dəhlizin təyinatı üzrə fəaliyyət göstərməməsi şübhəsini texniki vasitələrlə aradan qaldırmaq imkanı var. Biz bu gün buna toxunduq. Texniki detallar əhəmiyyətinə görə ikinci dərəcəlidir”.
Lavrov bununla demək istəyib ki, Azərbaycan Laçın yolunun qurtaracağında sərhəd və gömrük xidməti yaratmamalıdır. Lavrovun bizə “məsləhət” gördüyü texniki avadanlıqlar gözə kül üfürməkdir. Bu problemi həll etməyəcək. Biz Kremlin nə istəməsindən asılı olmayaraq, sərhəd və gömrük xidmətini yaradıb Rusiyanı fakt qarşısında qoymalıyıq.

 

 

Onlayn diplomatiya nədir?

Xarici işlər naziri Ceyhun Bayramovun “Ermənistanla danışıqlarda onlayn diplomatiyaya keçmişik, şərtləri bir-birimizə ötürürük” ifadəsindən çıxan nəticə odur ki, tərəflər internet üzərindən müzakirələr aparırlar. Bu əvvəllər yox idi. Əslində bu qədər vasitəçiyə ehtiyac yoxdur. Hər ölkə və təşkilat “bölgədə mən də varam” demək üçün tərəflər arasında görüşlər təşkil edir, fotolarla poz verirlər, ortada isə nəticə yoxdur. Müzakirələri internet üzərindən görüntülü şəkildə aparılmasının zərəri yoxdur.

Ermənistan rəsmiləri və Qarabağdakı separatçılar yer qalmayıb Azərbaycandan şikayət etməsinlər. Birinciləri birbaşa dialoqa cəlb etmək lazımdır, ikincilərin isə texniki persionalı ilə yerlərdə müxtəlif məsələri həll etmək mümkündür. İkinci Qarabağ müharibəsindən sonra ən azı 3 dəfə Qarabağ erməniləriylə birbaşa təmas olub. Birinci görüş Sərsəng su anbarıyla bağlı olub, ikinci görüşdə onlardan Laçın azad olunanda təxribata yol verməmələri tələb edilib, üçüncü görüş isə bugünlərdə yataqlarda monitorinqlə bağlı həyata keçirilib. Qarabağın tammamında suverenliyimizin bərpası üçün bütün imkanlardan istifadə etməliyik.

 

Bayden qərar verməyib

ABŞ prezidenti Co Bayden siyasi fəallığını artırıb. Ağ Ev sahibi bu ay Konqresdə çıxış edərək, amerikalıları narahat edən mövzular barədə fikirlərini bildirib. Bayden çıxışının əsas hissəsini daxili problemlərə həsr edib. Bayden inflyasiya ilə mübarizənin vacib olduğunu söyləyib. Co Bayden Amerikada yanacağın qiymətinin yüksək olmasını Rusiya-Ukrayna müharibəsi ilə əlaqələndirib.

Bayden xarici təhlükələrdən danışarkən Çinə daha çox vaxt ayırıb. Onun çıxışında Rusiya-Ukrayna müharibəsi Çin təhlükəsi qədər yer almayıb. Buna baxmayaraq, Bayden Ukrayna qələbə qazana qədər Kiyevi dəstəkləyəcəyini bildirib. Təsadüfi deyil ki, Baydenin Konqresdəki çıxışına dinləmək üçün Ukraynanın ABŞ-dakı səfiri parlamentə dəvətli idi. Bayden nu mövzunun davamı kimi Kiyevə səfər edib Ukraynaya dəstəyini artıracağını bildirdi.

ABŞ-da növbəti prezident seçkisi 2024-cü ildə keçiriləcək. Bayden seçkiyə qatılıb-qatılmayacağı barədə hələ qərar verməyib. 80 yaşlı Bayden üçün növbəti prezident seçkisi kampaniyası çətin olacaq. O seçkidə iştirak etmək üçün mükəmməl səhhətə malik olmalıdır. Bayden haqqında bunu söyləmək çətindir, onun yaddaş problemləri mövcuddur. O Konqresdə çıxış edərkən senator Çak Şumeri Senatdakı azlığın lideri adlandırıb. Halbuki, ötən ilin noyabr seçkilərinin nəticələrinə görə, Şumer çoxluğun lideridir.

Baydeni Çinin artan qüdrəti narahat edir. Bayden deyib ki, Çin iqtisadi və hərbi gücünü o Ağ Evə gəlməmişdən əvvəl gücləndirib. Yəni Baydenin sözlərindən belə çıxır ki, guya o Ağ Evdə daha əvvəl olsaydı, Çinin gücünün artmasına mane olardı. Halbuki, ondan əvvəlki prezident Donald Tramp Çinə qarşı mübarizədə Baydendən daha sərt addımlar atmışdı. Tramp Çinə qarşı sanksiyalar tətbiqini gücləndirmişdi.

Buna baxmayaraq, Bayden Çinin ABŞ-ı üstələməyəcəyini bildirib. Onun bu sözləri Konqresdə həm demokratlar, həm də respublikaçılar tərəfindən gurultulu alqışlarla qarşılandı. Ancaq Çini durdurmaq çətin vəzifədir.

“Atlas” Araşdırmalar Mərkəzi

 

 

Qərbin Rusiyanı parçalamaq planı varmı?

Rusiya prezidenti Vladimir Putin son müsahibəsində deyib ki, Qərbin məqsədi Rusiyanı parçalamaq və kiçik dövlətlərə bölməkdir. Kreml sahibi Qərbdə Rusiyanın parçalanmasıyla bağlı konkret sənədin olduğunu iddia edib.

Putin “Qərb Rusiyanı parçalamaq istəyir” deyərkən Ukraynaya qarşı işğalçı müharibəni əsaslandırmağa çalışır. Yəni Kreml sahibinin məntiqinə görə, əgər Qərbin Rusiyanı parçalamaq planı illər öncə tərtib olunubsa, o Ukraynaya qarşı müharibəyə başlamaqla zərbəni birinci endirib. Bu, Putinin illər öncəki müsahibəsində “Leninqrad küçələri mənə bir şey öyrətdi ki, əgər dava qaçınılmazdırsa, birinci vurmalısınız” prinsipinə əsaslanır.

Putinin söylədikləri reallığı əks etdirirmi?

SSRİ dağıldıqdan sonra Qərb ölkələri Rusiya ilə tərəfdaşlıq münasibətləri qurdular, demokratik əsasda prezident seçilən Boris Yetlsinlə sıx əməkdaşlığa başladılar, Rusiyanı “böyük yeddilərin” sıralarına qatmaqla təsisatı “böyük səkkizlərə” çevirdilər. Ancaq Rusiyanın Çeçenistanda başlatdığı dağıdıcı müharibə, şəhər və kəndlərin bombalanması, minlərlə günahsız insanın həlak olması Qərb ölkələrini xeyli düşündürdü. Putin hakimiyyətə gəldikdən sonra Çeçenistana qarşı növbəti müharibəyə başladı və böyük itkilər hesabına bu bölgəni ram etdi. Qərb ölkələri Rusiyanın həddən artıq gücdən istifadə etməsindən narahat oldular.

Buna baxmayaraq, ABŞ və Avropa ölkələri Çeçenistanda iki müharibəni qısa müddətdə unutdular və Putin Rusiyası ilə əməkdaşlığı davam etdirdilər. Çünki bütün hallarda Çeçenistan Rusiya ərazisiydi və Qərb Kremlin ərazi bütövlüyünü təmin etmək hüququnun olduğunu qəbul etdi. 2000-ci illərin əvvəllərində Qərb liderləri Putinlə tez-tez görüşür, onunla geniş fikir mübadiləsi aparırdılar. Ancaq Rusiyanın Gürcüstana qarşı başlatdığı müharibə qırmızı çizgilərin aşılması idi.  Buna rəğmən, Qərb yenə də Rusiyanı bağışlamağa hazır idi. Təsadüfi deyil ki, Gürcüstana qarşı başlatdığı müharibəyə görə Rusiyaya qarşı sanksiyalar qəbul edilmədi. Bu, Kremli arxayınlaşdırdı və 2014-cü ildə Krımın ilhaqına həvəsləndirdi. Qərb bu dəfə Kremlin şıltaqlığını bağışlamadı və Rusiyaya qarşı sanksiyalar qəbul etdi. Kreml nəticə çıxarmadı və 2022-ci ildə Ukraynaya qarşı işğalçı müharibəyə başladı.

Qərbin bütün bunlardan sonra Rusiyanı zəiflətmək və ya parçalamaq kimi planının olduğunu istisna etmək olmaz. Belə bir plan varsa, bu Rusiyanın Krımı ilhaqından sonra tərtib olunub. Kreml sahibinin narahatlığı “Rusiyanın yerində kiçik dövlətlər yaratmaq istəyirlər” cümləsindən də anlaşılandır. Qərbin SSRİ kimi imperiyanı dağıtmaq təcrübəsi var. Rusiya isə SSRİ-dən güclü dövlət deyil.

“Atlas” Araşdırmalar Mərkəzi

 

3 mühüm hadisə bir ölkəylə bağl idi

Bu həftə beynəlxalq aləmin 3 əsas hadisəsi Ukrayna ilə bağlı olub. Birincisi, ABŞ prezidenti Co Baydenin Kiyevə qəfil səfəri, ikincisi, Rusiya prezidenti Vladimir Putinin Feredal Məclisdə müharibəylə bağlı çıxışı və üçüncüsü Çinin Rusiya-Ukrayna müharibəsinin dayandırılması məqsədilə irəli sürdüyü 12 təklifi müzakirə predmetidir. Baydenin müharibənin ildönümü ərəfəsində Kiyevə gəlişi Ukraynanın tək olmadığını və ərazi bütövlüyünü təmin edənə qədər bu ölkəyə maliyyə və hərbi dəstəyin davam edəcəyini göstərirdi. Putin çıxışında yenə heç nə deyə bilmədi, tükənib, hədələri təsir gücünü itirib. Pekinin 12 maddəlik təklifi isə ümumi sözlərdən ibarət idi. Təkliflərin ümumi mahiyyəti təxminən belədir: “Müharibə dayandırılsın, hamı dayandığı yerdə qalsın, Rusiyaya qarşı sanksiyalar ləğv olunsun”. Pekinin tələbləri içərisində Rusiya qoşunlarının Ukrayna ərazisini tərk etməsi barədə bir cümlə belə yoxdur. Pekin irəli sürdüyü təkliflərin qəbul edilməyəcəyini əvvəlcədən bilirdi, sadəcə Qərbin artan təzyiqi qarşısında “sülhpərvər” görüntüsü yaratmaq istəyirdi.

 

Oskanyan Qarabağı Cavahetiyaya bənzədib

Ermənistanın 1998-2008-ci illərdə xarici işlər naziri olan Vardan Oskanyan baş nazir Nikol Paşinyana müxalif qüvvələrin ümumi xoruna qoşularaq  hakimiyyətin Qarabağı Azərbaycan ərazisi kimi tanımasını əngəlləmək vacibliyini bildirib. Vaskanyan  hesab edir ki, İrəvan Bakı ilə sülh sazişi imzalayacağı halda Ermənistan Qarabağı Azərbaycan ərazisi kimi tanımış olacaq.Vardan Oskanyanın ümumi sözləri ilə yanaşı “Dağlıq Qarabağı Cavahetiyanın taleyi gözləyəcək” cümləsi diqqətimi çəkib.

Ermənilər daxilən heç zaman Cavahetiyanın Gürcüstan ərazisi olmasıyla barışmayıblar, sadəcə Azərbaycanla yanaşı Gürcüstanla da düşmən olmamaq üçün adı çəkilən bölgə ilə bağlı planlarını Qarabağda istədiklərinə nail olduqdan sonra reallaşdırmağı düşünürdülər. Ancaq sonrakı mərhələdə anladılar ki, Gürcüstanla da düşmən olsalar tam blokada vəziyyətinə düşəcək və bu Ermənistan adında dövlətin yox olmasıyla nəticələnəcək. Buna baxmayaraq, əgər Oskanyan kimi diplomat Cavahetiya ilə Qarabağ arasında paralel aparırsa demək xəstə təxəyyüldən qurtula bilmirlər.

 

Ruben Vardanyan məyusdur

Ruben Vardanyan aldadıldığını (Kreml göndərdi, ancaq arxasında dayanmadı) və zərbə aldığını (yerli separatçılar ona əvvəlcə “vəzifə” verdilər, bir neçə ay sonra atdılar bayıra) anlayıb. “Qarabağda yaşayan ermənilərin hamıya – ədalətə, hakimiyyətə və gələcəyə inamları itib” deyən Vardanyan inam olmadan mübarizənin nəticə verməyəcəyini bildirib. Vardanyanın bu sözləri acı etirafdır. O faktiki Qarabağ separatçılarının Ermənistan və dünyadakı erməni lobbisi ilə birgə Azərbaycana qarşı mübarizəsinin nəticə vermədiyini demək istəyib. Ancaq beyin bütün hallarda zəhərlidir. Vardanyan çıxışının son cümləsində Qarabağ ermənilərini “müstəqillik” yolundan dönməməyə çağırıb.

 

 

Blinken Azərbaycana nə zaman gələcək?

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Azərbaycana səfərindən sonra ABŞ dövlət katibi Entoni Blinkenin də Cənubi Qafqaz bölgəsinə səfəri istisna deyil. Blinken son aylarda Azərbaycanla Ermənistan arasında vasitəçiliyini fəallaşdırıb. Bir neçə gün əvvəl Münhen Təhlükəsizlik Konfransında Blinkenin təşəbbüsü ilə keçirilən Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçlü görüş buna sübutdur.

Sergey Lavrov Bakıya fevralın 27-də gələcək. Bundan bir gün sonra Entoni Blinken Qazaxıstana səfər edəcək. Blinken Astanada 5 + 1 formatında (ABŞ və Mərkəzi Asiya ölkələri arasında görüş formatı) xarici işlər nazirlərinin görüşündə iştirak edəcək. Bu görüşdə ABŞ-la Mərkəzi Asiya ölkələri arasında əməkdaşlığın inkişafı məsələləri müzakirə ediləcək. ABŞ Rusiyanın perimetri boyu fəallaşıb. Entoni Blinken ölkəsindən bu uzunluqda məsafə qət edib Mərkəzi Asiya turnesinə çıxırsa təyyarəsi geri qayıdarkən Cənubi Qafqaz ölkələrinə də enə bilər. Blinken Azərbaycanla Ermənistana səfər etməklə həm bölgədə sülh və əməkdaşlığın formalaşmasında Amerikanın dəstəyini tərənnüm etdirmiş, həm də Moskvaya “bölgədə biz də varıq” mesajını göndərmiş olar.

 

Müharibə olmaya bilərdimi?

Müharibə olmaya bilərdimi? Rusiyanın hansı tələbi yerinə yetirilsəydi Kreml bir il əvvəl Ukraynaya qarşı işğalçı müharibəyə başlamazdı? Bu sual bəzi dairlərdə hələ də səslənir. Rusiyada indiki idarəetmə forması və düşüncə tərzi Ukraynaya qarşı işğalçı müharibəni labüd edirdi, sadəcə tarix fərqli ola bilərdi. Adamlar tanıyıram ki, müharibəyə görə Ukrayna prezidenti Volodimir Zelenskini günahkar sayırlar. Guya Zelenski siyasəti ilə Putini qıcıqlandırdı və bundan qəzəblənən Kreml sahibi Vladimir Putin hücum əmri verdi. Yaxşı bəs onda Ukraynanın əvvəlki hakimiyyəti nə etmişdi ki, Putin 2014-cü ildə Krımın ilhaqına qərar verdi? Ukraynada sonuncu prezident seçkisində yenə də Petro Poroşenko qalib gəlsəydi Putin Ukraynaya qarşı işğaldan vaz keçməyəcəkdi.

Putinə görə ruslar və ukraynalılar eyni millətdir və ona görə ukraynalılar rusların istəyi əleyhinə Qərbə inteqrasiya siyasətinə üstünlük verməməli idi. Ukraynada prezident Volodimir Zelenski deyil, qeyrisi də olsaydı Kiyev Avropanın iqtisadi və təhlükəsizlik institutlarına inteqrasiyadan imtina etməyəcəkdi. Bircə keçmiş prezident Viktor Yanukoviç Avropaya inteqrasiyadan imtina etdi, onu da xalqı devirdi.

 

Haqqımızda

“Atlas” Araşdırmalar Mərkəzi 2003-cü ildə bir qrup siyasi ekspert tərəfindən Bakıda təsis olunub. Mərkəzin rəhbəri siyasi analitik Elxan Şahinoğludur.

Sayğac

Girish
Bugun
Umumi 268717
azAZ