Gün: Fevral 7, 2023

Bakı İrəvana hansı təklifləri göndərib?

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan səfər etdiyi Berlində bildirib ki, Bakı İrəvana sülh müqaviləsi ilə bağlı yeni təkliflər göndərib və indi Ermənistan hakimiyyəti onlara baxır. Azərbaycan Xarici İşlər Nazirliyi ötən ilin mart ayında da İrəvana 5 baza prinsipinə əsaslanan təkiflərini göndərmişdi. Həmin təklifləri xatırlayaq:

  1. Dövlətlərin bir-birlərinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması;

2.Dövlətlərin bir-birlərinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsi;

3.Dövlətlərarası münasibətlərdə bir-birlərinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinmək;

4.Dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması;

  1. Nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların qurulması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulması.

Rəsmi Bakının göndərdiyi yeni təkliflər də böyük ehtimalla bu 5 baza prinsipinə əsaslanıb.Bu təkiflərə kiçik əlavələrin olunması istisna deyil. Bu əlavələr 5 baza prinsipinin mahiyyətini dəyişdirməyib. Ötən il İrəvan bu təkiflərə müsbət cavab vermədi və bununla özünə ziyan etdi. Çünki İrəvan təklifləri qəbul etmədiyini bildirdikdən təxminən 6 ay sonra iki ölkənin təmas xəttində döyüşlər baş verdi və Azərbaycan ordusu strateji yüksəklikləri ələ keçirməklə mövqelərini gücləndirdi. Ermənistan hakimiyyətinə yeni bir şans verilir. Ermənistanın baş naziri Nikol Paşinyan onsuz da etiraf edib ki, Qarabağ yükünü daşıya bilmir. Paşinyan Bakının yeni təkiflərini qəbul edərsə, bölgə sülhə yaxınlaşar və real əməkdaşlıq başlayar. Paşinyanın Bakının təkliflərini qəbul etməyə heç nə mane olmur. “Qarabağ klanı”nın timsalında Ermənistan müxalifəti zəifdir, lidersizdir. Buna baxmayaraq, Nikol Paşinyanın ötən dəfə olduğu kimi rəsmi Bakının təkiflərinə özünün məntiqsiz təkliflərini əlavə etməsi ehtimalı yüksəkdir. Belə olan halda yenə nəticə əldə olunmayacaq.

“Atlas” Araşdırmalar Mərkəzi

 

 

Amerika süni zəlzələ “yaradır”?

Zəlzələ ilə bağlı yenə “komplo teorilərinin” sayı artıb. “Versiyalardan” biri budur ki, Türkiyədəki zəlzələni fevralın 3-də İstanbulda lövbər salan ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus döyüş gəmisi yaradıb, guya həmin gəmidə zəlzələ yaradan xüsusi texnologiya mövcuddur.

Zəlzələ üzrə mütəxəssislər bu versiyanı rədd edirlər. Alimlərdən biri 7 gücündə zəlzələ yaratmaq üçün İkinci Dünya müharibəsində Yaponiyanın Hirosima şəhərinə atılan atom bombasından yüz minlərlə lazım olduğunu deyib. Dünyada süni surətdə zəlzələ yaratmaq üçün enerji yoxdur. Zəlzələlər yerin yüz kilometrliklərlə dərin qatlarında baş verir.

ABŞ dünyanın ən güclü dövləti sayılır. Ancaq dünyanın super dövləti belə süni surətdə zəlzələ, sunami yarada bilməz. Amerikanın belə bir gücü olsaydı, birinci Ukraynaya qarşı işğalçı müharibə aparan Rusiyanı çökdürərdi. “Zəlzələ Amerikanın işidir” ittihamlarını səsləndirməkdənsə, zəlzələyə dözümlü binaların tikintisi və digər binalarının möhkəmləndirilməsi barədə düşünülməlidir. Yaponiyada daha şiddətli zəlzələlər baş verir, ancaq binalar hasar görmür, çünki bu ölkədə zəlzələyə dözümlü texnologiyalardan istifadə olunur. Ancaq Yaponiya kimi ölkə də sunamiyə təslim oldu və sahildəki “Fukusima” atom elektrik stansiyası zərər gördü. Türkiyədə zəlzələnin baş verdiyi ərazidə Rusiya texnologiyası əsasında “Akkuyu” atom elektrik stansiyası inşa edilir. Əsas məsələ bu stansiyasının şiddətli zəlzələyə və sunamiyə dözümlülüyünü təmin etməkdir.

 

 

Haqqımızda

“Atlas” Araşdırmalar Mərkəzi 2003-cü ildə bir qrup siyasi ekspert tərəfindən Bakıda təsis olunub. Mərkəzin rəhbəri siyasi analitik Elxan Şahinoğludur.

Sayğac

Girish
Bugun
Umumi 269380
azAZ