Gün: Fevral 10, 2023

İran da Paşinyan üçün yükə çevrilib

Ermənistanın baş naziri Nikol Paşinyanın məntiqinə görə, rəsmi İrəvan Rusiya və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının müşahidəçilərinə ona görə Azərbaycanla təmas xəttində yerləşməyə razılaşmayıb ki, 1) ABŞ və Avropa İttifaqı ilə münasibətlərinə xələl gəlməsin; 2) Qərb Ermənistanın Rusiya ilə birgə təmas xəttində Azərbaycana qarşı təxribat yaradacağı ittihamıyla üzləşməsin.

Paşinyannın bu açıqlaması onun Rusiyanın maraq dairəsindən uzaqlaşması anlamına gəlir. O bu açıqlamadan bir neçə həftə əvvəl “Ukraynada müharibə aparan Rusiyanın Ermənistanda hərbi varlığı (oxu: hərbi bazalarının varlığı) Ermənistan üçün təhdiddir” cümləsini işlətmişdi. Paşinyanın bu tip açıqlamaları Kremlı açıq-aşkar qıcıqlandırır. Təsadüfi deyil ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilk dəfə “Azərbaycan Ermənistanın işğal altında saxladığı torpaqlarını azad edib” cümləsini işlədib.

Paşinyan Azərbaycana qarşı mübarizədə Qərbin dəstəyini almaq üçün Rusiya ilə münasibətlərdə məsafə saxalamağa başlayıb. Paşinyan eyni məntiqlə İrandan da uzaq dayanmağa çalışmalıdır. Ukraynada işğalçı müharibə aparan Rusiya ilə ittifaq Qərbdə Ermənistanın imicinə zərbədirsə, sanksiya altında olan teokratik İranla yaxınlıq da İrəvana Vaşinqton və Brüsellə münasibətlərdə problem yarada bilər. Bəlkə buna görədir ki, Ermənistan parlamentinin sədri Alen Simonyan İranın Ermənistanı dəstəkləməsinin ermənilərə olan böyük sevgidən irəli gəlmədiyini bildirib: “İran geosiyasi dəyişikliklərin qəbuledilməzliyini bəyan edəndə bunu, ilk növbədə, özü üçün edir. İran öz dövlət maraqlarından çıxış edərək silah satışını və daşınmasını həyata keçirir”.

Bu yeni etirafdır. Deməli, İranla ittifaq da Ermənistana yükdür. Tehran İrəvanın xarici siyasətini korrektə etməsinə qıcıqlanacaq. İçərisində fransalı müşahidəçilərin yer alacağı Avropa İttifaqı nümayəndə heyətinin Azərbaycanla təmas xətti ilə yanaşı İrana yaxın ərazidə yerləşməsi Tehranın maraqlarına ziddir. “Bölgə ölkələrinin münasibətlərindəki problemlərin həllində kənar ölkələr iştirak etməməlidirlər” – bu iranlı rəsmilərin, diplomatların, din xadimlərinin və generallarının təkrarən söylədiyi açıqlamadır. İrəvan Tehranın bu yanaşmasına zidd olaraq İrana qarşı sanksiyaların sərtləşdirilməsində yer alan Fransanı bölgəyə gətirir.

 

Vaşinqton 2025-ci ilə hazırlaşır

ABŞ-ın müxtəlif dairələri Çinlə müharibə ssenarisini real hesab edirlər. Bunun 2025-ci ildə baş verəcəyini ehtimal edənlər var. Amerikalı konqresmenlər arasında da müharibə ehtimalını yüksək hesab edənlər az deyil. Respublikaçı konqresmenlər hazırki prezident Co Baydenin Çinlə müharibə aparmaq üçün zəif lider kimi dəyərləndirirlər. Onlar düşünürlər ki, Bayden Pekinlə yumşaq davranır. Ağ Ev bu ehtimallara reaksiya vermir. Pekində isə bu cür ehtimalları təxribat kimi qiymətləndirirlər.

Niyə məhz 2025-ci ildə toqquşma ehtimalı irəli sürülür?

2024-cü ildə ABŞ-da və Tayvanda prezident seçkiləri keçiriləcək. Vaşintonda bəziləri düşünür ki, Çin lideri Si Tsinpin yaranan boşluqdan təzyiqi artırmaq üçün istifadə etməyə çalışacaq. ABŞ-da prezident kampaniyası və andiçmə mərasimi zaman alacaq. ABŞ-da yeni prezidenti işə başlayana qədər Pekin Tayvanla bağlı qəti addımlar atacaq.

Çinli ekspertlər müharibə ssenarilərinə Çində nəşr olunan ingilis dilli “Global Times” qəzetindəki yazıları vasitəsilə cavab veriblər. Çinli ekspertlər Vaşintondakı siyasi dairələrin iki ölkə arasındakı münasibətləri qəsdən gərginləşdirdiklərini bildiriblər. Çin Xarici İşlər Nazirliyinin nümayəndəsi Mao Nin də Pekinin müharibəyə başlamaq haqqında Vaşintonda səslənən fikirləri qəti şəkildə rədd edib.

Vaşinqtonda və Avropa paytaxtlarında Çinin Rusiya ilə yaxınlaşmasından da nahatlıq artıb. Tokio da nahatdır. Yaponiyanın baş naziri Fumio Kisido NATO baş katibi Yens Stoltenberqlə görüşündə Yaponiya sahilləri yaxınlıqlarında Çin-Rusiya hərbi təlimlərinin artmasından narahatlığını səsləndirib. NATO baş katibi Çinin Asiya bölgəsində artan hərbi fəallığını təhlükə kimi qiymətləndirib.

Fərqli düşünənlər də var. Misal üçün Münhen Təhlükəsizlik Konfransının rəhbəri Kristof Heusgen Putinin nüvə silahından istifadə edəcəyi halda Kremlin Çinin dəstəyini itirəcəyi qənaətindədir. O hesab edir ki, Çinsiz Putin tək olacaq. Ona görə də Putin nüvə silahından istifadədən çəkinəcək.

“Atlas” Araşdırmalar Mərkəzi

 

Haqqımızda

“Atlas” Araşdırmalar Mərkəzi 2003-cü ildə bir qrup siyasi ekspert tərəfindən Bakıda təsis olunub. Mərkəzin rəhbəri siyasi analitik Elxan Şahinoğludur.

Sayğac

Girish
Bugun
Umumi 269420
azAZ