Gün: Fevral 15, 2023

Münhendə yenə debat olacaqmı?

Münhendə 17-19 fevral tarixlərində ənənəvi Təhlükəsizlik Konfransı keçiriləcək. Bir çox liderin, yüksək rütbəli diplomatın və ekspertin qatıldığı tədbirdə Ermənistanın baş naziri Nikol Paşinyanın da iştirakı təsdiqlənib. Görünür, Nikol Paşinyan bu tribunadan istifadə edib Azərbaycan əleyhinə təbliğatını davam etdirmək istəyir. Azərbaycanın da tədbirdə yüksək səviyyədə təmsil olunacağı ehtimalı yüksəkdir.

Münhendə konfransla yanaşı müxtəlif mövzularla bağlı debatlar da keçirilir. Belə debatlardan biri Qarabağ mövzusuyla bağlı olmuşdu. İlham Əliyev və Nikol Paşinyan 2020-ci ilin fevralın 15-də debatda iştirak etdilər. Bu, müharibə vəziyyətində olan iki ölkə liderinin mətbuata və ictimaiyyətə açıq şəkildə keçirilən ilk debatıydı. Həmin debatda Paşinyan faktiki Qarabağın Ermənistanın işğalı altında olduğunu etiraf etmişdi. Açıq şəkildə keçirilən debatdan bir daha aydın oldu ki, Ermənistan danışıqlar yolu ilə Azərbaycan torpaqlarının işğalından imtina etmək istəmir. Paşinyanın “Qarabağ Ermənistandır” şüarı danışıqları və Minsk Qrupunun fəaliyyətini mənasız etmişdi. Həmin debatdan 6 ay sonra İkinci Qarabağ müharibəsi baş verdi.

Prezident İlham Əliyevin konfransda iştirakı təsdiqlənərsə, Nikol Paşinyanla Münhendə yenə debat keçirilə bilərmi? Bəlkə də konfransın təşkilatçıları belə bir debatda maraqlıdırlar. Belə bir debat olsa yenə gərgin keçəcək. Çünki Ermənistan müharibədə məğlub olmasına baxmayaraq, Azərbaycanın ərazi bütövlüyünü tanımaq istəmir, Qarabağla bağlı məntiqsiz fikirlər irəli sürürlər.

 

 

 

Separatçılar Türkiyə məhsullarını araşdıracaqlar

Qarabağ separatçılarının “Milli Təhlükəsizlik Nazirliyinin mətbuat xidməti” belə bir xəbər yayıb ki, “Arsaxda Türkiyə kənd təssərrfüatı məhsullarının satışı xəbərini araşdıracaqlar”. Guya Türkiyə istehsalı olan məhsullar Xankəndi bazarında peyda olub. Xəbərin bu şəkildə yayılması təfriqə yaratmaq məqsədi daşıyır. Bəllidir ki, hətta işğal dövründə də Ermənistanda Türkiyə istehsalı olan məhsullar satılırdı. Türkiyənin məhsullarının daha keyfiyyətli olduğunu ermənilər də anlayırlar. Həmin məhsullar illər boyu Ermənistana Gürcüstan üzərindən çatdırıb.

Hazırda Türkiyə-Ermənistan dialoqu genişlənib, sərhəd açılıb, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Türkiyədədir, türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşərək fikir mübadiləsi aparıb. Bunun fonunda separatçılar Türkiyə istehsalı olan məhsulların Xankəndidə satılması barədə qəsdən xəbər yayıblar ki, bu Azərbaycanda qarışıq suallar yaratsın. Narahat olmağa dəyməz. Türkiyə-Ermənistan dialoqunun genişlənməsinin, o cümlədən Türkiyənin kənd təssərrüfatı məhsullarının Ermənistanda və ya Qarabağda satılmasından Azərbaycana zərər dəyməz. Ermənilərin strateji müttəfiqimiz Türkiyənin məhsullarına artan tələbatı düşmən dedikləri dövlətdən necə asılı olduğunu göstərir. Mirzoyan elə ona görə Türkiyəyə gedib ki, zəlzələ nəticələrinin ortadan qaldırılması adı altında qonşu dövlətlə siyasi məsələlərin həlli sürətlənsin.

 

İran Çindən asılıdır

İran prezidenti İbrahim Rəisi Çinə səfər edərək bu ölkənin lideri Si Tsinpinlə görüşüb. Səfər zamanı iki ölkə arasında 20 əməkdaşlıq sazişi imzalanıb. Sazişlər müxtəlif sahələri əhatə edir. Bu sıraya böhranların idarə olunması, turizm, rabitə və informasiya texnologiyalarından tutmuş kənd təsərrüfatı, səhiyyə, media, idman və mədəni irsin qorunması kimi sahələr aiddir. Yəni elə bir sahə qalmayıb ki, onunla bağlı əməkdaşlıq barədə razılıq olmasın.

Tehran Pekinlə əməkdaşlığa xüsusi əhəmiyyət verir. İbrahim Rəisinin Çinə səfəri İran liderlərindən birinin son 20 ildə bu ölkəyə ilk rəsmi səfəridir. Qərbin sanksiyaları İranı Çinlə iqtisadi əməkdaşlığı genişləndirməyə sövq edir. 2022-ci ildə İrandan Çinə ixracın həcmi 58% artaraq 14 milyard dolları keçib. Çin İran mallarının birinci idxalçısıır. İrana malların ixracatçısı sırasında isə Çin ikinci yerdə qərar tutub.

Beləliklə, İranın Çindən asılılığı artıb. İran neftini ucuz qiymətə Çinə satır. Çünki İranın başqa bazarlara çıxışı məhduddur. Pekin də bundan istifadə edərək İran neftini ucuz qiymətə alır. Pekin eyni ilə sanksiya altında olan Rusiyadan da ucuz qaz alır. Çünki İran kimi Rusiya da öz qazını sanksiyalar ucbatından başqa ölkələrə sata bilmir.

İranla Çin arasında ən böyük saziş 2021-ci ildə imzalanıb. Bu sazişə görə, Çin  25 il müddətində İrana 400 milyard dollar sərmayə qoyacaq. Ancaq Pekin bu vədi yerinə yetirməyə də bilər. Bu İran ətrafında cərəyan edəcək hadisələrdən asılıdır. Misal üçün İsraillə İran arasında savaş başlasa Pekin planlarını dəyişmək məcburiyyətində qalacaq. İranın uranı zənginləşdirmək çalışmaları Qərblə yanaşı Çində də suallara doğurur. Çinin bəzi addımları isə Tehranda suallar yaradır. Misal üçün Çin lideri Si Tsinpin keçən aylarda İranın bölgədəki rəqibi Səudiyyə Ərəbistanına səfər etmişdi. Çin lideri yalnız Səudiyyə kralı ilə deyil, bu ölkədə bir neçə ərəb lideri ilə görüşmüşdü. Çin lideri ərəb ölkələrinə ayrıca səfərdə vaxt itirməmək üçün Səudiyyə Ərəbistanının paytaxtında Çin-ərəb sammiti keçirildi. Ərəb ölkələri Çinlə əməkdaşlığı genişləndirməyə çalışır. Pekin də bunda maraqlıdır.

Tehran Çin-ərəb dövlətləri əməkdaşlığının hansı həddə qədər inkişaf edəcəyindən narahatdır. Buna görə də Pekinin Tehrana əməkdaşlıqla bağlı verdiyi vədlərə və imzalanan memorandumlara baxmayaraq, Çin-İran münasibətlərində gedişat fərqli ola bilər. Tehranın özündə də Çinlə ittifaqın İran üçün təhlükəli ol biləcəyini söyləyənlər var.

“Atlas” Araşdırmalar Mərkəzi

 

Haqqımızda

“Atlas” Araşdırmalar Mərkəzi 2003-cü ildə bir qrup siyasi ekspert tərəfindən Bakıda təsis olunub. Mərkəzin rəhbəri siyasi analitik Elxan Şahinoğludur.

Sayğac

Girish
Bugun
Umumi 269511
azAZ