Gün: Fevral 16, 2023

Zelenski Bakıya niyə zəng edib?

Rusiya və Azərbaycan prezidentləri Vladimir Putinlə İlham Əliyevin telefonla danışdığı günün sabahısı Ukrayna dövlət başçısı Volodimir Zelenski azərbaycanlı həmkarına zəng edib. Zelenski ölkəsinin ərazi bütövlüyü və suverenliyinə verdiyi dəstəyə və göstərilən humanitar yardımlara görə prezident İlham Əliyevə təşəkkürünü bildirib. Söhbət zamanı dövlət başçıları beynəlxalq platformalarda əməkdaşlıq məsələsini də müzakirə ediblər. Zelenski Bakıya bu zəngi ilə İlham Əliyevə minnətdar olmaqla yanaşı Putinə belə bir mesaj da göndərib ki, Rusiya rəsmilərinin sözdə strateji tərəfdaş adlandırdığı Azərbaycan Ukraynanın ərazi bütövlüyünü sözdə və əməldə dəstəkləyir. Volodimir Zelenski bu gün Rusiyanın sözdə strateji tərəfdaş adlandırdığı Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevə də zəng edərək iki ölkə arasında humanitar əlaqələri müzakirə ediblər. Rusiyaya qonşu olan ölkələr işğalın və imperiya sərhədlərinin genişlənməsinin əleyhinədirlər.

 

İranla “Əl-Qaidə” arasında ittifaq mümkündürmü?

ABŞ mənbələrinə görə, “Əl-Qaidə” lideri Ayman Əl-Zəvahiri Əfqanıstanın paytaxtı Kabildə hava hücumu zamanı öldürüldükdən altı ay sonra terror qruplaşmasının rəhbərliyi onun İrandakı varisinə Sayif Əl-Adil keçib. Bu şəxs Misirin keçmiş xüsusi təyinatlılarının zabiti olub, müxtəlif yerlərdə böyük əməliyyat təcrübəsi olan bacarıqlı komandirdir, sonrakı illərdə terrorçu təşkilata qoşulub.

Tehran “Əl-Qaida” ilə əlaqələrinə dair məlumatları hər zaman təkzib edib. Ancaq müxtəlif ölkələrin kəşfiyyat xidmətləri əllərindəki faktlara əsaslanaraq İranla “Əl-Qaida” arasında əməkdaşlığın olduğunu bildirirlər. Niyə də olmasın? Tehran “düşmənimin düşməni mənim dostum olmasa da, tərəfdaşımdır” prinsipindən çıxış edə bilər. Əgər “Əl-Qaida” başda ABŞ olmaqla Qərb ölkələrini hədəf seçibsə, bu Tehranın da maraqlarına uyğundur. Tehran İslam Keçikçiləri Korpusunun ABŞ-ın rekat zərbəsiylə öldürülən komandiri Qasım Slüyemaninin intiqamını başqalarının əli ilə reallaşdırmaq istəyə bilər. Akademik Ziya Bünyadovun qətlinin təşkilatçısının 26 ildir İranda gizləndiyinə dair mətbuatda yayılan məlumat da çox nəsnədən xəbər verir.

 

Paşinyan Bakıya hansı təklifləri göndərib?

Ermənistan hökumətinin Bakıya göndərdiyi sülh sazişinin mətnində yenə Qarabağla bağlı bənd varsa, bu dəfə də heç nə alınmayacaq. Paşinyan mətni Bakıya göndərdikdən sonra Münhen Təhlükəsizlik Konfransına gedəcək və orada özünü “sülhpərvər” kimi göstərməyə çalışacaq. Paşinyanın Münhendə arqumenti bu olacaq ki, “sülh təkliflərinə” Bakıdan cavab gözləyir. Təsadüfi deyil ki, İrəvan mətni keçmiş həmsədr dövlətlərə – ABŞ, Fransa və Rusiyaya da göndərib. Paşinyan beynəlxalq aləmin diqqətini cəlb etmək məqsədilə başqa bir hiyləyə də əl atıb, “Qarabağın təhlükəsizliyi beynəlxalq təminat altında olmalıdır” fikrini yaymağa başlayıblar. Paşinyana və beynəlxalq aləmə hər dəfə anlatmaq lazımdır ki, Qarabağda separatçılar tərksilah olunmayana və bölgədə Azərbaycan qanunlarının tətbiqi təmin edilməyənə qədər təhlükəsizlik məsələlərinə baxılmayacaq.

 

 

İran silahları hər iki tərəfdə olacaq

Ukraynaya qarşı müharibədə İran silahlarından yalnız Rusiya ordusu istifadə etmir. Ukrayna ordusuna da İran silahları göndəriləcək. Ancaq bu dəfə silahları göndərən Tehran olmayacaq. Deməli, İran savaşın davam etdiyi Yəməndəki tərəfdaş qruplara illərdir gizli yollarla silah və sursat göndərib. ABŞ bunların bir hissəsini Yəmənin dəniz limanlarında ələ keçirib. Söhbət minlərlə tüfəngdən, milyonlarla patrondan və tank əleyhinə minalardan gedir. Bunlar Amerikaya lazım deyil, ancaq Ukrayna ordusuna istənilən təhcizat faydalıdır. Ona görə də Vaşinqton ələ keçirdiyi İran silah və sursatlarını Ukraynaya göndərməyi planlaşdırır, sadəcə bunun üçün Ağ Ev Konqresin razılığını almalıdır.

Bu arada, Səudiyyə Ərəbistanın paytaxtı Ər-Riyadda ABŞ-la ərəb ölkələrinin diplomatları arasında məsləhətləşmələr keçirilib. Amerikalı diplomatlar ərəb həmkarlarına İran təhlükəsi barədə əlavə məlumat veriblər, onu da deyiblər ki, İranın Rusiyaya verdiyi pilotsuz uçuş aparatları gələcəkdə ərəb ölkələri üçün təhlükə mənbəyinə çevriləcək. Bu xəbərdarlığa qədər də İran bölgədəki müttəfiq silahlı qruplar vasitəsilə ərəb ölkələrinin bir qismini hədəf götürüb. İran istehsalı olan dronlar Yəmən üzərindən Səudiyyə Ərəbistanının neft emalı zavodlarına zərbələr endirmişdi. İranın pilotsuz uçuş aparatlarının istifadə trayektoriyası genişlənib. Ona görə də İrana qonşu ölkələrin hava məkanlarını gücləndirməsi vacibdir.

 

 

Haqqımızda

“Atlas” Araşdırmalar Mərkəzi 2003-cü ildə bir qrup siyasi ekspert tərəfindən Bakıda təsis olunub. Mərkəzin rəhbəri siyasi analitik Elxan Şahinoğludur.

Sayğac

Girish
Bugun
Umumi 269528
azAZ