Gün: Fevral 18, 2023

Rusiya kanalları Azərbaycanın dostlarını hədəf götürüb

Kabel televiziyalarında Rusiyanın müxtəlif kanalları yayımlanır. Bu kanallar Rusiya hakimiyyətinin ruporlarıdır. Rusiyanın Ukraynaya qarşı işğalçı müharibə fonunda bu kanallarda yalanlar və dezinformasiyalar səngimir. Ən maraqlısı odur ki, kabel televiziyalarında keçmişdə Qərbin bəzi sənədli film kanalları Rusiyanın sənədli film kanalları ilə əvəz olunub. Rusiyanın sənədli film kanalları da təbliğat vasitəsi kimi istifadə edilir. Son bir neçə gündə bu kanallarda izlədiyim iki film birbaşa Rusiyanın imperiya maraqlarına xidmət edirdi.

Birinci sənədli filmdə İkinci Dünya Müharibəsinin başlamasına görə Almaniya ilə yanaşı Polşa da səbəbkar göstərilib. Sənədli filmi hazırlayanların “məntiqinə” görə Almaniyanın 1939-cu ildə Polşanın işğalına Varşavanın siyasəti də səbəb olub. Polşanın tənqidi üzərində qurulan filmdə SSRİ-nin almanlarla birgə 1939-cu ildə bu ölkənin şərqinin işğalından söhbət açılmır. SSRİ generalları imkan varkən paytaxt Varşavanın azad olunmasını gecikdirdilər. Bu barədə də filmdə heç nə yox idi. Halbuki, Varşavada müharibənin sonuna yaxın alman işğalçılarına qarşı polşalı qiyamçılara dəstək verilsəydi,  Polşa paytaxtı daha tez azad oluna bilərdi. SSRİ diktatoru Stalin qəsdən Polşanın azad olunmasını gecikdirib. Stalinin minlərlə polşalı zabiti Rusiya meşərlərində qətlə yetirməsi əmrindən də sənədli filmdə heç nə yox idi.

İkinci – Moldova barədə yayımlanan sənədli filmin məğzi beləydi ki, bu ölkənin Avropa ilə əlaqələrinin gələcəyi yoxdur, Kişinyov Rusiya ilə birliyə çalışmalıdır, əks halda ölkə parçalanacaq.

Bütün bu filmləri bizlərə izlətdirirlər. Tarixi bilənlər bu filmlərdə yalanın miqyasını müəyyənləşdirəcək, digərləri isə deyilənlərə inanancaq. Təhlükə bundadır. Kabel televiziyalarına nəzarət edən dövlət strukturlarının bu məsələlərə diqqət yetirməsinə ehtiyac var. Polşa və Moldova barədə təxribatçı filmlər yayımlayan düşüncə tərzinin Azərbaycan əleyhinə də film yayımlayacağı istisna deyil.

 

Bakı Brüsseli istəyir

Azərbaycan prezidenti İlham Əliyevin fevralın 17-də Münhendə Təhlükəsizlik Konfransı çərçivəsində Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel ilə görüşü münasibətlərdə problemin olmadığına işarədir. Əlbəttə, Avropa İttifaqının Azərbaycanın Ermənistanla təmas xəttinə iki il müddətinə müşahidəçilər missiyası göndərməsi Bakıda suallar yaradıb. Ancaq bu Bakı ilə Brüssel arasındakı münasibətlərin gərginləşməsinə səbəb olmamalıdır. Müşahidəçi missiya təmas xəttində Azərbaycana problem yaratmaq imkanına və statusuna malik deyil. Azərbaycan Avropa İttifaqı ilə enerji əməkdaşlığını genişləndirməkdə maraqlıdır, əsas ticarət tərəfdaşlarımız Avropadadır.

Şarl Mişelin vasitəçiliyi ilə ötən il Azərbaycan prezidenti ilə Ermənistanın baş naziri arasında 4 görüş keçirilib. Beşinci görüşə Fransanın müdaxiləsi səbəb olub. Ancaq Azərbaycan prezidenti Brüsselin vasitəçiliyindən imtina etməyib. Əksinə, İlham Əliyev Azərbaycanın Brüssel sülh prosesini dəstəklədiyini vurğulayıb. Təsadüfi deyil ki, İlham Əliyev Şarl Mişellə görüşdə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması, sülh müqaviləsi üzrə danışıqlar və Brüssel sülh prosesi ətrafında müzakirələr aparılıb. Sadəcə, Şarl Mişeldən tələb olunan Fransa prezidenti Emmanuel Makronu danışıqlar prosesindən kənar tutmaqdır. Ermənistanın mövqeyini müdafiə edən Makron Brüsselin vasitəçiliyinə əngəldir.

 

Minsk Qrupunu zibilliyə kim göndərib?

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın Moskvada keçirdiyi son birifinqdə “Qərb ölkələri Minsk Qrupu formatını tarixin zibilliyinə atıb” ifadəsinin düzəlişə ehtiyacı var. Bəli, cümlənin ikinci hissəsi həqiqəti əks etdirir, Minsk Qrupu formatı tarixin zibillliyinə atılıb. Ancaq qrupu zibiliyyə Qərb atmayıb, bunu Azərbaycan və Rusiya reallaşdırıb. Azərbaycan İkinci Qarabağ müharibəsindəki qələbədən sonra Minsk Qrupundan imtinanı rəsmən bəyan etdi. Tərəflərdən biri həmsədrlik institutundan imtina edibsə, qrup çalışa bilməz. Minsk Qrupu formatına ikinci böyük zərbəni Rusiyanın Ukraynaya qarşı ötən ilin fevralında başladığı işğalçı müharibə vurdu. İşğalçı müharibəyə qədər Moskva Minsk Qrupu formatından imtina etməmişdi. ABŞ və Fransa Rusiyaya qarşı sanksiyalar qəbul etdiklərinə görə, bu 3 ölkənin vahid masada Qarabağ məsələsini müzakirə etməsi imkansız oldu. Rusiyaya qarşı sanksiyalar tətbiq olunmasaydı, bu gün Rusiya ABŞ və Fransa ilə birgə Minsk Qrupu formatının işinə davam etməsini istəyərdi. Ancaq Ukrayna müharibəsi fonunda bu mümkün deyil və müharibə bitsə belə həmsədrlər birgə çalışa bilməyəcəklər. Buna baxmayaraq, İrəvan hələ də Minsk Qrupu formatının dirçələcəyinə ümid edir. Təsadüfi deyil ki, baş nazir Nikol Paşinyan “sülh təkliflərini” Azərbaycanla yanaşı həmsədr dövlətlərə – Rusiya, ABŞ və Fransaya da göndərib.

 

Haqqımızda

“Atlas” Araşdırmalar Mərkəzi 2003-cü ildə bir qrup siyasi ekspert tərəfindən Bakıda təsis olunub. Mərkəzin rəhbəri siyasi analitik Elxan Şahinoğludur.

Sayğac

Girish
Bugun
Umumi 269359
azAZ