Gün: Fevral 24, 2023

Oskanyan Qarabağı Cavahetiyaya bənzədib

Ermənistanın 1998-2008-ci illərdə xarici işlər naziri olan Vardan Oskanyan baş nazir Nikol Paşinyana müxalif qüvvələrin ümumi xoruna qoşularaq  hakimiyyətin Qarabağı Azərbaycan ərazisi kimi tanımasını əngəlləmək vacibliyini bildirib. Vaskanyan  hesab edir ki, İrəvan Bakı ilə sülh sazişi imzalayacağı halda Ermənistan Qarabağı Azərbaycan ərazisi kimi tanımış olacaq.Vardan Oskanyanın ümumi sözləri ilə yanaşı “Dağlıq Qarabağı Cavahetiyanın taleyi gözləyəcək” cümləsi diqqətimi çəkib.

Ermənilər daxilən heç zaman Cavahetiyanın Gürcüstan ərazisi olmasıyla barışmayıblar, sadəcə Azərbaycanla yanaşı Gürcüstanla da düşmən olmamaq üçün adı çəkilən bölgə ilə bağlı planlarını Qarabağda istədiklərinə nail olduqdan sonra reallaşdırmağı düşünürdülər. Ancaq sonrakı mərhələdə anladılar ki, Gürcüstanla da düşmən olsalar tam blokada vəziyyətinə düşəcək və bu Ermənistan adında dövlətin yox olmasıyla nəticələnəcək. Buna baxmayaraq, əgər Oskanyan kimi diplomat Cavahetiya ilə Qarabağ arasında paralel aparırsa demək xəstə təxəyyüldən qurtula bilmirlər.

 

Ruben Vardanyan məyusdur

Ruben Vardanyan aldadıldığını (Kreml göndərdi, ancaq arxasında dayanmadı) və zərbə aldığını (yerli separatçılar ona əvvəlcə “vəzifə” verdilər, bir neçə ay sonra atdılar bayıra) anlayıb. “Qarabağda yaşayan ermənilərin hamıya – ədalətə, hakimiyyətə və gələcəyə inamları itib” deyən Vardanyan inam olmadan mübarizənin nəticə verməyəcəyini bildirib. Vardanyanın bu sözləri acı etirafdır. O faktiki Qarabağ separatçılarının Ermənistan və dünyadakı erməni lobbisi ilə birgə Azərbaycana qarşı mübarizəsinin nəticə vermədiyini demək istəyib. Ancaq beyin bütün hallarda zəhərlidir. Vardanyan çıxışının son cümləsində Qarabağ ermənilərini “müstəqillik” yolundan dönməməyə çağırıb.

 

 

Blinken Azərbaycana nə zaman gələcək?

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Azərbaycana səfərindən sonra ABŞ dövlət katibi Entoni Blinkenin də Cənubi Qafqaz bölgəsinə səfəri istisna deyil. Blinken son aylarda Azərbaycanla Ermənistan arasında vasitəçiliyini fəallaşdırıb. Bir neçə gün əvvəl Münhen Təhlükəsizlik Konfransında Blinkenin təşəbbüsü ilə keçirilən Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçlü görüş buna sübutdur.

Sergey Lavrov Bakıya fevralın 27-də gələcək. Bundan bir gün sonra Entoni Blinken Qazaxıstana səfər edəcək. Blinken Astanada 5 + 1 formatında (ABŞ və Mərkəzi Asiya ölkələri arasında görüş formatı) xarici işlər nazirlərinin görüşündə iştirak edəcək. Bu görüşdə ABŞ-la Mərkəzi Asiya ölkələri arasında əməkdaşlığın inkişafı məsələləri müzakirə ediləcək. ABŞ Rusiyanın perimetri boyu fəallaşıb. Entoni Blinken ölkəsindən bu uzunluqda məsafə qət edib Mərkəzi Asiya turnesinə çıxırsa təyyarəsi geri qayıdarkən Cənubi Qafqaz ölkələrinə də enə bilər. Blinken Azərbaycanla Ermənistana səfər etməklə həm bölgədə sülh və əməkdaşlığın formalaşmasında Amerikanın dəstəyini tərənnüm etdirmiş, həm də Moskvaya “bölgədə biz də varıq” mesajını göndərmiş olar.

 

Müharibə olmaya bilərdimi?

Müharibə olmaya bilərdimi? Rusiyanın hansı tələbi yerinə yetirilsəydi Kreml bir il əvvəl Ukraynaya qarşı işğalçı müharibəyə başlamazdı? Bu sual bəzi dairlərdə hələ də səslənir. Rusiyada indiki idarəetmə forması və düşüncə tərzi Ukraynaya qarşı işğalçı müharibəni labüd edirdi, sadəcə tarix fərqli ola bilərdi. Adamlar tanıyıram ki, müharibəyə görə Ukrayna prezidenti Volodimir Zelenskini günahkar sayırlar. Guya Zelenski siyasəti ilə Putini qıcıqlandırdı və bundan qəzəblənən Kreml sahibi Vladimir Putin hücum əmri verdi. Yaxşı bəs onda Ukraynanın əvvəlki hakimiyyəti nə etmişdi ki, Putin 2014-cü ildə Krımın ilhaqına qərar verdi? Ukraynada sonuncu prezident seçkisində yenə də Petro Poroşenko qalib gəlsəydi Putin Ukraynaya qarşı işğaldan vaz keçməyəcəkdi.

Putinə görə ruslar və ukraynalılar eyni millətdir və ona görə ukraynalılar rusların istəyi əleyhinə Qərbə inteqrasiya siyasətinə üstünlük verməməli idi. Ukraynada prezident Volodimir Zelenski deyil, qeyrisi də olsaydı Kiyev Avropanın iqtisadi və təhlükəsizlik institutlarına inteqrasiyadan imtina etməyəcəkdi. Bircə keçmiş prezident Viktor Yanukoviç Avropaya inteqrasiyadan imtina etdi, onu da xalqı devirdi.

 

Tayvan sülh istəyir

Çin Tayvan adası ətrafında təlimlərə ara vermir. Bu fonda Tayvanın müxalif Qomindan Partiyası Çinlə gərginliyin azaldılmasına çalışır. Bu partiyanın rəhbərliyi Çinə ara-sıra səfərlər edərək çinli rəsmilərlə fikir mübadiləsi aparırlar. Məqsəd Çinin Tayvana hücumunun qarşısını almaqdır.

Pekin Tayvan rəhbərliyinə təzyiqi artırıb. “Reuters” agentliyi Pekinin Tayvana qarşı hərbi təzyiqə üstünlük verdiyini yazıb. ABŞ-dan dəstək alan Tayvan hökuməti Çinin hegemenloğunu qəbul etmir.

Tayvan əhalisinin mütləq əksəriyyəti vaxtilə Çindən adaya köçənlərdir. Həmin insanların bir qismi Çində kommunist diktaturasının əleyhinə olduqlarına görə vaxtilə ana vətənlərini tərk ediblər. Ancaq adanın rəsmiləri Tayvan əhalisinin özlərini çinli hesab etmədiklərini, tayvanlı olduğunu bildirirlər. Bu yanaşma ona görə səsləndirilir ki, Çinin adaya iddiası olmasın.

Bu arada, Tayvanın Qomindan Partiyasının Pekinlə davam edən dialoqu gərginliyi azaltmaq məqsədi daşıyır. Buna baxmayaraq, partiya rəhbərliyi onları çinpərəst adlandırlanlarla razı deyil. ABŞ Konqresi Nümayəndələr Palatasının keçmiş sədri Nensi Pelosinin Tayvana səfəri Pekini qəzəbləndirdi. Qomindan Partiyasının rəhbərliyi bu qəzəbi və Pelosinin səfərinin təsirini azaltmaq üçün Pekinə səfər edib. Partiya rəhbərliyi hesab edir ki, Pekinlə dialoq qapısı açıq saxlanılmalıdır. Tayvan hökuməti müxalifət partiyasının Pekinlə dialoqunun əleyhinə deyil.

2024-cü ildə Tayvanda prezident seçkisi keçiriləcək. Pekin bu seçkidə Qomindan Partiyasının namizədinin qələbəsini arzulayır. Fərqli siyasi qüvvələrin namizədinin seçkidə qələbəsi gərginliyi azaltmayacaq. Qomindan Tayvanda ötən ilin bələdiyyə seçkilərində qələbə çalıb. Adanın 22 bələdiyyəsindən 14-ü Qomindanın nəzarətindədir. Bu ondan xəbər verir ki, ada sakinləri Çinlə müharibə istəmirlər. Bütün hallarda Pekin adanı özünə tabe etdirmək istəyir.

“Atlas” Araşdırmalar Mərkəzi

 

Haqqımızda

“Atlas” Araşdırmalar Mərkəzi 2003-cü ildə bir qrup siyasi ekspert tərəfindən Bakıda təsis olunub. Mərkəzin rəhbəri siyasi analitik Elxan Şahinoğludur.

Sayğac

Girish
Bugun
Umumi 269464
azAZ