Ay: Fevral2023

Tayvan sülh istəyir

Çin Tayvan adası ətrafında təlimlərə ara vermir. Bu fonda Tayvanın müxalif Qomindan Partiyası Çinlə gərginliyin azaldılmasına çalışır. Bu partiyanın rəhbərliyi Çinə ara-sıra səfərlər edərək çinli rəsmilərlə fikir mübadiləsi aparırlar. Məqsəd Çinin Tayvana hücumunun qarşısını almaqdır.

Pekin Tayvan rəhbərliyinə təzyiqi artırıb. “Reuters” agentliyi Pekinin Tayvana qarşı hərbi təzyiqə üstünlük verdiyini yazıb. ABŞ-dan dəstək alan Tayvan hökuməti Çinin hegemenloğunu qəbul etmir.

Tayvan əhalisinin mütləq əksəriyyəti vaxtilə Çindən adaya köçənlərdir. Həmin insanların bir qismi Çində kommunist diktaturasının əleyhinə olduqlarına görə vaxtilə ana vətənlərini tərk ediblər. Ancaq adanın rəsmiləri Tayvan əhalisinin özlərini çinli hesab etmədiklərini, tayvanlı olduğunu bildirirlər. Bu yanaşma ona görə səsləndirilir ki, Çinin adaya iddiası olmasın.

Bu arada, Tayvanın Qomindan Partiyasının Pekinlə davam edən dialoqu gərginliyi azaltmaq məqsədi daşıyır. Buna baxmayaraq, partiya rəhbərliyi onları çinpərəst adlandırlanlarla razı deyil. ABŞ Konqresi Nümayəndələr Palatasının keçmiş sədri Nensi Pelosinin Tayvana səfəri Pekini qəzəbləndirdi. Qomindan Partiyasının rəhbərliyi bu qəzəbi və Pelosinin səfərinin təsirini azaltmaq üçün Pekinə səfər edib. Partiya rəhbərliyi hesab edir ki, Pekinlə dialoq qapısı açıq saxlanılmalıdır. Tayvan hökuməti müxalifət partiyasının Pekinlə dialoqunun əleyhinə deyil.

2024-cü ildə Tayvanda prezident seçkisi keçiriləcək. Pekin bu seçkidə Qomindan Partiyasının namizədinin qələbəsini arzulayır. Fərqli siyasi qüvvələrin namizədinin seçkidə qələbəsi gərginliyi azaltmayacaq. Qomindan Tayvanda ötən ilin bələdiyyə seçkilərində qələbə çalıb. Adanın 22 bələdiyyəsindən 14-ü Qomindanın nəzarətindədir. Bu ondan xəbər verir ki, ada sakinləri Çinlə müharibə istəmirlər. Bütün hallarda Pekin adanı özünə tabe etdirmək istəyir.

“Atlas” Araşdırmalar Mərkəzi

 

Laçın yolu Putini narahat etmir

Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiya prezidenti Vladimir Putinlə bugünkü telefon söhbətinin sətiraltı məqsədi bəllidir. Telefon zəngindən əvvəl erməni separatçılarının “lideri” Araik Arutunyan Ruben Vardanyanı “dövlət naziri” vəzifəsindən azad edib. Paşinyan bu istefanı istəyib. Ermənistanın baş naziri Araik Arutunyanın əli ilə Ruben Vardanyanı istefaya göndərdikdən sonra Putinə anlatmaq istəyib ki, prezident İlham Əliyevin istəyini yerinə yetirib və bunun qarşılığında Laçın dəhlizinin açılacağına ümid edir. Paşinyan Putinə Beynəlxalq Məhkəmənin Laçın yoluyla bağlı qərarını da xatırladıb.

Ruben Vardanyan Kremlin layihəsi idi, alınmadı, imtina etdilər, bu Paşinyanın da işinə yaradı. Putin Ukraynaya qarşı müharibə ilə özünü və ölkəsini dərin böhrana yuvarlandırıb, həyatında görmədiyi Laçın yolundakı vəziyyət onu narahat etmir. Üstəgəl Avropa İttifaqı müşahidə missiyasını Ermənistanda yerləşdirən Paşinyan Kreml sahibini qəzəbləndirib. Belə vəziyyətdə Putin Laçın yolundakı etirazla bağlı Bakıdan niyə nəsə xahiş etməlidir ki?

 

Çin Ukrayna müharibəsindən əziyyət çəkir

Vaşinqton Dehli ilə əlaqələri genişləndirməyə çalışır. ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Cek Sallivanla Hindistan baş nazirinin təhlükəsizlik müşaviri Adcit Dovalla Vaşinqtonda keçirilən görüşündə hərbi əməkdaşlığını genişləndiriməsi yolları müzakirə olunub. Tərəflər super bilgisayarlar və yüksək texnologiyalar sahələrində əlaqələrin genişlədirilməsini vacib olduğunu bildiriblər. ABŞ prezidenti Co Bayden və Hindistanın baş naziri baş nazir Narendra Modi daha əvvəl bu barədə razılığa gəliblər.

“New York Times” qəzetində yayımlanan məqalədə Ağ Evin vaxtilə bu sahələrdə Çinlə əməkdaşlığa üstünlük verdiyi yazılıb. Həmin dövr geridə qalıb. Hazırda Çin və ABŞ yüksək texnologiyalar sahəsində rəqib ölkələrdir. Vaşinqton müxtəlif texnologiyaların istehsalında liderliyi Çindən Hindistana keçməsinə çalışır. Bu asan olmayacaq. Çin yarımkeçiricilərin istehsalında liderliyini qoruyur. Digər tərəfdən Çin az qala dünyanın yarısına 5G texnologiyalarını ixrac edir. Çini bu sahədə sıxışdırmaq çətin olacaq.

Buna baxmayaraq, ABŞ-ın böyük şirkətləri Çindən Hindistana və Vyetnama köçməyə başlayıblar. Ancaq həmin şirkətlər bəzi problemlərlə üzləşiblər. Hindistanda və Vyetnamda istehsalı artırmaq üçün müasir infrastruktur yaradılmalıdır, şirkətlər bürokratik əngəllərlə üzləşməməlidirlər.

ABŞ süni intellektin yaradılması çalışmalarında da Hindistanla əlaqələri genişləndirməyə çalışır. Bundan başqa iki ölkə hərbi texnika üçün birgə mühərrik istehsalına başlamağı nəzərdə tuturlar. Bu işə Amerikanın məşhur “General Electric” şirkəti cəlb olunacaq. ABŞ Hindistan vətəndaşlarınz tətbiq etdiyi viza sistemini yumşaltmalıdır. Çünki hazırki məhdudiyyətlə proqram tərtibatçısı olan hindlilər ABŞ-da çalışa bilmirlər.

Vaşinqton Dehli ilə hərbi əməkdaşlığın qarşılığında Hindistanın Rusiyadan hərbi texnika alışını azaltmasını istəyir. Bunun üçün Hindistan-ABŞ hərbi əməkdaşlığı o səviyyədə genişlənməlidir ki, Dehli eyni adlı hərbi texnikanı ABŞ-dan ala bilsin. Hindistan mikro çiplərin istehsalı məsələsində Amerikadan dəstək gözləyir.

 

Rusiya səfirinin xüsusi missiyası var

Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkinin xüsusi missiyası var. O daima erməni rəsmilərinə xatırladır ki, Ermənistanın müttəfiqi Rusiyadır və İrəvan Kremldən uzaqlaşa bilməyəcək. Kopırkin yenə deyib ki, iki ölkənin bütün sahələrində əməkdaşlıq mövcuddur. Bununla Kreml öz səfiri vasitəsilə baş nazir Nikol Paşinyana mesaj göndərib ki, “Sən istəsən də Rusiyadan qopa bilməyəcəksən”. “Təkcə dövlətlərimiz arasında deyil, həm də xalqlar, insanlar arasında münasibətlər genişdir” – deyən səfir iki ölkə arasında müttəfiqlik münasibətlərində, o cümlədən təhlükəsizlik sahəsində alternativ görmədiyi fikrini də təkrarlayıb.

Buna baxmayaraq, Paşinyan Kremlin istəyinin əleyhinə olaraq avropalı müşahidəçiləri Ermənistanda yerləşdirib. Paşinyanın onlara böyük ümidi var. Bu o deməkdir ki, Kremlin və səfir Kopırkeinin xəbərdarlıqları işə yaramır. Bu gedişlə Kreml Paşinyan hökumətinə qarşı təzyiq alətlərini işə salmaq barədə düşünəcək. Bu alətlərdən ən mükəmməli təbii qazdır. Rusiya Ermənistan üçün qazın qiymətini artıra və ya mavi yanacağın verilməsində kəsintilər yarada bilər. Bu halda Paşinyan Tehrana müraciət edərək İrandan nəql etdiyi qazın həcmini artırmasını istəyəcək. Tehran Paşinyanın xahişinə müsbət cavab verərsə Kremlin planını pozmuş olacaq və bu Rusiya-İran münasibətlərinə suallar yaradacaq.

 

Qərb Ukrayna ilə bağlı bu ölkəni xəbərdar edib

Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəni davam etdirməsi Pekini narahat etməyə başlayıb. Pekin Moskva ilə Kiyev arasında dialoqu bərpa etməyə çağırıb. Bu haqda Çinin BMT-dəki təmsilçisinin müavini Day Bin açıqlama verib. Çinli diplomat tərəfləri danışıqlara başlamaq üçün səmimi olmağa çağırıb.

Pekinin narahatlığı anlaşılandır. Çin müharibəyə neytral qaldığını bəyant etsə də, Pekinin Kremllə yaxınlığı Qərbdə ciddi suallar yaradıb. Amerikalı və avropalı diplomatlar çinli həmkarlarını xəbərdar ediblər ki, əgər Pekin Rusiyaya hərbi texnika göndərsə Çinə qarşı sanksiyalar qəbul olunacaq. Pekin Tehrandan fərqli olaraq Rusiyaya hələ ki, hərbi texnika verməyib. Buna baxmayaraq, Moskva Pekindən silah və hərbi texnika istəyib. Pekin Rusiya ilə strateji tərəfdaşlığı davam etdirməklə yanaşı Qərblə münasibətləri davam etdirmək istəyir. Ona görə də Pekin Ukraynada müharibənin qısa müddətdə bitməsini və ya danışıqlar yoluyla dayandırılmasını istəyir. Pekin Moskvaya və Kiyevə təkliflərini göndərib. Aydındır ki, tərəflər Pekinin təklifini qəbul etməyəcəklər. Rusiya işğalı rəsmiləşdirməyə çalışır. Ukrayna buna razılaşmayacaq.

Pekini narahat edən məsələlərdən biri də müharibənin atom elektrik stansiyalarına yaxın ərazilərdə davam etməsidir. Çin humanitar böhranın yaranmasından narahatdır. Pekin Ukraynada Zaporojye atom elektrik stansiyasının təhlükəsizliyinin artırılmasını tələb edib və bununla bağlı MAQATE-nin təşəbbüslərini dəstəkləyir. Pekin eyni zamanda əvəlkitək Qərbin Rusiyaya qarşı sanksiyalarını tənqid edir. Pekinin fikrincə, sanksiyalar böhranın daha da dərinləşməsinə şərait yaradır.

Beləliklə, Pekin müharibəyə görə hamını, o cümlədən Rusiyanı da tənqid edib. Bu tənqid Pekinə ona görə lazımdır ki, ABŞ-ın Çinə qarşı siyasəti sərtləşməsin. Buna baxmayaraq, “Wall Street Journal” dərgisində yayımlanan məqalədə, Çinin Rusiya ilə ticarət əlaqələrini artırdığı yazılıb. Bu o deməkdir ki, əslində Çin müharibədən yararlanaraq Rusiya ticarət əlaqərinin artmasından qazanc əldə edir. Çin Rusiya hərbi-sənaye kompleksi ilə də əməkdaşlığı genişləndirib. Bu arada, Rusiyanın Çinin Xarbin şəhərində yeni konsulluğu açılıb.

“Atlas” Araşdırmalar Mərkəzi

 

 

Tehranın səsi çıxmır

Rusiya Avropa İttifaqının missiyasının Ermənistanda fəaliyyətə başlamasına sərt etiraz edir. Bu missiyanın hərbi məqsədləri olduğunu vurğulayan rusiyalı rəsmilər və Kremlə yaxın ekspertlər iki faktoru önə çəkirlər. Birincisi, Brüssel Rusiyanı Ermənistanda sıxışdırmaq istəyir. İkincisi, Brüssel hərbi missiyası vasitəsilə Ermənistan üzərindən Rusiyanın və İranın hərb mərkəzləri barədə kəşfiyyat məlumatları toplamağa çalışır.

Rusiya bu qədər etiraz edərkən, İrandan səs çıxmır, qardaşı Ermənistana xəbərdarlıq etmir. Bu Moskvanı narazı salır. Çünki Moskva Tehranın da hərəkətə keçməsini istəyir. Avropa İttifaqının hərbi missiyası Ermənistanda fəaliyyətini genişləndirdikdən sonra Tehran Moskvaya qoşulmaq məcburiyyətində qalacaq.

 

Qarabağ ermənilərini kim təmsil edəcək?

Prezident İlham Əliyev Münhen Təhlükəsizlik Konfransındakı çıxışında dedi ki, rəsmi Bakı Qarabağın erməni icması ilə dialoq hazırdır, ancaq mümkün danışıqlarda icmanı bölgədə doğulan ermənilər təmsil etməlidirlər, “Rusiyadan ixrac edilən Ruben Vardanyanla təmas olmayacaq”. Ruben Vardanyan ikitərəfli təzyiq altındadır. Onun Qarabağda fəaliyyəti bölgə ermənilərinə də çətinlik yaradır. Odur ki, Ruben Vardanyanın bölgəni tərk edəcəyi ehtimalı var. Belə olan halda rəsmi Bakı erməni icmasından kim və ya kimlərlə dialoq keçə bilər? Separatçıların “lideri” Araik Arutunyan Qarabağda doğulub, ancaq onunla da dialoq mümkün deyil, çünki Azərbaycan bu separatçı haqqında cinayət işi açıb, Gəncənin bombalanmasında rolu olduğunu etiraf edib.

Separatçıların keçmiş “xarici işlər naziri”, hazırda Araik Arutunyanın “müşaviri” David Babayan deyib ki, onları rəsmi Bakı ilə danışıqlarda kimin təmsil edəcəyini özləri müyəyənləşdirəcəklər. David Babayanın sözlərinə görə, onların müəyyənləşdirəcəkləri şəxs Qarabağla yanaşı Azərbaycanı da yaxşı tanıyan biri olmalıdır. David Babayanın sözlərindən anlaşılır ki, o və onun “lideri” də Ruben Vadranyanın Bakı ilə təmas qurması imkanlarının olmadığını etiraf edibər. Ancaq rəsmi Bakının “separatçıların müəyyənləşdirəcəyi şəxslə” danışıqlar aparması da imkansızdır. Biz erməni icması içərisində beyni tam zəhərlənməyən və mövcud reallıqları qəbul etməyə hazır olan şəxsləri axtarmalıyıq. Ancaq belələrini çətinliklə tapsaq da, bilməliyik ki, onlar əli silahlı separatçıların nəzarəti altında olacaqlar və “təlimatlardan” kənara çıxa bilməyəcəklər. Qarabağda 1988-ci ildə separatçılığa başlayanda, bunun yanlış olduğunu anlayan bir neçə erməni var idi, ancaq onların səsini batırdılar və bir müddət sonra müəammalı şəkildə yoxa çıxdılar. Qərbə görüntü lazımdır ki, dialoq mövcuddur. Etiraz etmirik, ancaq şərtimiz də bəllidir: Ermənilər Qarabağda təhlükəsiz şəraitdə yaşamaq istəyirlərsə, Azərbaycan qanunlarını qəbul etməlidirlər, əks halda bölgəni tərk etməli olacaqlar.

 

Bayden Kiyevə niyə gedib?

Co Bayden keçmiş prezident Barak Obamanın kabinetində vitse-prezident olduğu illərdən Ukrayna ilə məşğul olur. Obama Ukraynanı Baydenə tapşırmışdı, o da tez-tez Kiyevə gedər və keçmiş prezident Petro Poroşenko ilə müzakirələr aparardı. Baydenin son ana qədər gizli saxlanılan indiki səfərinin xüsusi əhəmiyyəti var. Birincisi, Bayden Amerikanın Ukraynaya yeni yardımlarını Kiyevdə ikən açıqlamağı lazım bilib. İkincisi, Bayden Rusiyanın genişlənən hücumları fonunda Kreml sahibi Vladimir Putinə mesaj yollayıb ki, ABŞ Ukraynanın məğlub olmasına imkan verməyəcək və Ukrayna prezidenti Volodimir Zelenski əks-hücuma həvəsləndirəcək. Üçüncüsü, Bayden döyüşlərin gərgin olduğu hazırki günlərində Kiyevə getməklə Avropa ölkələrinə Ukraynaya hərbi texnika göndərmək məsələsində Amerika qədər cəsarətli olmağı işarə edib.

 

Putin “böyük iyirmilərin” toplantısına qatılacaqmı?

“Böyük iyirmilərin” (G20) toplantısı martın 1-də Hindistanda olacaq və bir neçə gün çəkəcək. Liderlərdən əvvəl “böyük iyirmilərin” xarici işlər nazirləri görüşəcək və liderlərin mövzularını müəyyən edəcəklər. Dehli toplantıda Rusiyanın iştirakına çalışır. Rusiya prezidenti Vladimir Putinin “böyük iyirmilərin” toplantısında iştirakıyla bağlı durum bəlli deyil. Kreml sahibi hələ qərar verməyib.

Vladimir Putin “böyük iyirmilərin” toplantısında iştirak edərsə, iki durumla üzləşəcək. Birincisi, Putin toplantıda iştirak edəcəyi halda bəzi ölkələrin liderləri Hindistandakı toplantıdan imtina edə bilər. Onlar Putinlə eyni masada oturmaq istəməyə bilərlər. İkincisi, Putin Hindistanda çox az sayda ikili görüş keçirəcək. Bu iki səbəbdən Putin toplantıya qatılıb-qatılmayacağıyla bağlı hələ qərar verməyib. Ancaq Putin Qərb liderlərinin acığına Hindistandakı toplantıda iştirak edərsə bununla göstərəcək ki, dünyadan izolə edilməyib və onun əlini sıxmaq istəyən liderlər var.

Bundan əvvəl İndoneziyada “böyük iyirmilərin” toplantısında gərginlik yaşanmışdı. Qərb ölkələri toplantıda Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsinə qarşı sənəd qəbul etməyə çalışdılar. Ancaq “böyük iyirmilərin” Rusiya ilə sıx münasibətləri olan dövlət liderlərinin bir qrupu bunun əleyhinə çıxdılar. Qərb dövlətlərinin liderləri bu dəfəki “böyük iyirmilərin” toplantısında Rusiya əleyhinə hər hansı sənədin qəbuluna çalışmayacaqlarını bildiriblər. Çünki bu mənasızdır. Rusiya Ukraynaya qarşı işğalçı müharibəni dayandırmaq fikrində deyil. Qərb liderləri isə Kremllə danışıqların nəticəsiz qaldığını anlayaraq Ukraynaya hərbi texnika yardımını artırıblar. Ona görə də Hindistandakı toplantıda Rusiya-Ukrayna müharibəsi müzakirə olunmayacaq.

“Böyük iyirmilərin” Hindistandakı toplantısında üçüncü dünya ölkələrinin borc məsələsi, ərzaq təhlükəsizliyi, koronavirusla mübarizə, iqlim dəyişikliyi kimi mövzular müzakirə olunacaq. G20 ölkələrindən başqa toplantıda – Banqladeş, Misir, İspaniya, Mavrikiy, Nigeriya, Niderland, Oman, Birləşmiş Ərəb Əmirlikləri və Sinqapurun rəhbərləri də dəvət olunub.

“Atlas” Araşdırmalar Mərkəzi

 

Vardanyan bölgəni nə zaman tərk edəcək?

Erməni separatçılarının “dövlət naziri” Ruben Vardanyanın bu “vəzifədə” çalışmasının 100 günü tamam olub. Vardanyan bununla bağlı fikirlərini profilində paylaşıb. Vardanyan “dövlət naziri” olduğu dövrün 67 gününü “blokada” şəraitində fəaliyyət göstərdiyini bildirərək, qarşısında duran vəzifələri yerinə yetirdiyini və bölgənin kollapsa yuvarlanmadığını iddia edib. “Xarici təzyiqlə yanaşı daxildəki müxalifət də planlarımızı əngəlləyə bilmədi” – yazan Vardanyanın cümləsinin ikinci hissəsi diqqəti çəkir. Ruben Vardanyan ilk dəfə etiraf edib ki, separatçılar içərisində ona mane olmaq istəyənlər var. Bu adam öz xoşu ilə bölgəni tərk etməyəcək. Vardanyan ya bizim təzyiq altında bölgəni tərk etməlidir, ya Moskva onu geri çağırmalıdır, ya da ona müxalifət olanlar məqsədə çatmalıdırlar.

 

Haqqımızda

“Atlas” Araşdırmalar Mərkəzi 2003-cü ildə bir qrup siyasi ekspert tərəfindən Bakıda təsis olunub. Mərkəzin rəhbəri siyasi analitik Elxan Şahinoğludur.

Sayğac

Girish
Bugun
Umumi 269293
azAZ