Gün: Mart 5, 2023

Təxribatı planlaşdıran iki gücdür

 

Baş nazir Nikol Paşinyan Almaniyada erməni icmasının nümayəndələri ilə görüşdə deyib ki, Ermənistanın dərin iqtisadi, o cümlədən daxili təhlükəsizlik, demokratik inkişaf baxımından heç bir problemi yoxdur. Yəni demək istəyib ki, iqtisadi və sosial məsələləri həll edir, zəif müxalifət də ona problem yaratmır, əsas problemi  Azərbaycanla qarşıdurmayla bağlıdır. Halbuki, Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanıyan sülh sazişini imzalamağı qəbul etsə məsələ bitəcək. Paşinyan Almaniyada ermənilər qarşısında daha bir diqqət çəkən açıqlama verib: “Təhlükəsizlik sistemlərindən danışırıq, amma nədənsə təhlükəsizlik sistemlərimizin bizə xəyanət etdiyini demirik. Belə çıxır ki, biz əslində sabun köpüyünə çevrilən təhlükəsizlik faktorlarına etibar etmişik? Belə çıxa bilərmi ki, bizi aldadırlar, yoxsa biz özümüzü aldadırıq?”.

Paşinyan üstürörtülü dediyi sözlərin mənası budur: 1. Rusiya və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Ermənistana xəyanət etdi; 2. Ermənistanın təhlükəsizliyinə cavabdeh olan bunların hər ikisi sabun köpüyü idi. Başqa bir nəticə isə budur ki, Nikol Paşinyan ordusunun gücünü də itirdiyini etiraf edib.

Paşinyan Qarabağ yükünü daşıya bilmir. Ancaq bu o demək deyil ki, həmin yükdən Kreml və Ermənistandakı “Qarabağ klanı” imtina edib. Azərbaycan hərbçilərinə qarşı təxribatları planlaşdıran məhz bu iki gücün birliyidir. Separatçıların dinməz olmaları gərəkirkən Azərbaycan hərbçilərinə atəş açırlarsa, onları kənardan dəstəkləyənlər var.

Erməni separatçıları tərksilah olunmalıdır

Rusiya hərbi komandanlığının vasitəçiliyi ilə Qarabağ ermənilərinin təmsilçiləri ilə təmaslardan böyük nəticələr çıxarmaq erkən idi. Bunu erməni separatçılarının bugünkü təxribatı da göstərdi. Azərbaycan ordusu İkinci Qarabağ müharibəsindən sonra Ermənistanla təmas xəttində döyüşdü, strateji yüksəklikləri ələ keçirdi. Bu İrəvanın təxribatlarına cavab idi. Atəş Azərbaycan ərazisində – Qarabağda açılırsa, təxribatın miqyasının böyük olduğunu düşünürəm. Separatçılar Rusiya hərbçilərinə güvənərək Azərbaycan hərbçilərinə qarşı təxribat törətməyə “cəsarətlənirlər”.
İkinci Qarabağ müharibəsindən sonra hədəflərimiz dəyişməyib: 1.Separatçılar tərksilah olunmalıdırlar; 2.Ermənistanla Qarabağ separatçıları arasında hərbi bağlantı mütləq kəsilməlidir, bunun üçün Laçın yolunun qurtaracağında sərhəd və gömrük postu yaradılmalıdır; 3. Rusiya hərbiçlərinin 2 ildən sonra bölgəni tərkini təmin etməliyik. Ancaq hadisələrin gedişatı göstərir ki, hədəflərimizi yaxın gələcəyə saxlaya bilmərik. Bu il Laçın məskunlaşmalıdır, Şuşaya da tədricən köçürülmə başlanacaq. Yaxın tarixin səhvlərini təkrarlaya bilmərik. Qarabağda və və Şərqi Zəngəzurda yaşayacaq soydaşlarımızın təhlükəsizliyi təmin olunmalıdır. Bunun üçün soydaşlarımıza təhlükə yarada biləcək bütün ünsürlər neytrallaşdırılmalıdır.

Laçın yolunda sərhəd qurulacaq

Azərbaycan Müdafiə Nazirliyinin bugünkü bəyanatından: “Bu gün baş vermiş insident bir daha Azərbaycan tərəfindən Laçın-Xankəndi yolunun üzərində müvafiq nəzarət-keçid məntəqəsinin yaradılmasının zəruri olduğunu göstərir”.
Azərbaycan Xarici İşlər Nazirliyinin bugünkü bəyanatından: “Bu əməllər, Azərbaycan-Ermənistan arasında sərhəd nəzarət-buraxılış rejiminin tətbiq edilməsinin labüdlüyünü bir daha sübut edir”.
Göründüyü kimi, cəmiyyətdə olduğu kimi Azərbaycanın dövlət qurumlarında da Laçın yolunda nəzarət-buraxılış məntəqəsinin yaradılması məsələsində fərqli düşünən yoxdur. Laçın yolundakı rus hərbçilərinin rentgen aparatıyla təhciz olunması mənasız və faydasızdır. Rentgen aparatına və oradan keçirilən əşyalara biz nəzarət etməyəcəyiksə, hərbi sursat və minalar yenə separatçılara çatdırılacaq. Öz vətənimizdə, öz sərhəddimizdə və öz yolumuzda nəzarət bizə məxsus olmalıdır!

İranda qızları kimlər zəhərləyir?

Son 3 ayda İranın müxtəlif şəhərlərinin 30 məktəbində qızların zəhərlənmələri müəamma olaraq qalır. Zəhərlənənlərin sayı mini keçib. İran rəsmiləri bunun izahını verə bilmirlər, araşdırma aparmaq əvəzinə yenə “xarici düşmənlər” axtarırlar. İran prezidenti İbrahim Rəisi qızların kütləvi zəhərlənməsi ilə bağlı son açıqlamasında zəhərlənmələrə görə ölkəsinin düşmənlərinin məsuliyyət daşıdığını bildirib. Belədirsə, İranın düşmənlərinin bu ölkədə qızları zəhərlənməsində məqsədi nədir? İbrahim Rəisinin bu suala cavabı belədir ki, düşmənlər İranın tərəqqisindən (yəqin tərəqqi dedikdə ağır iqtisadi və sosial durumun xaricində uranın zənginləşdirməsini və pilotsuz uçuş aparatlarının artan istehsalını nəzərdə tutur) narahatdırlar və məktəbli qızları zəhərləməklə məktəblərdə inamsızlıq, ailələrdə narahatlıq yaratmaq cəhdidir. “Düşmənlər İran cəmiyyətinin psixologiyasını hədəfə alıblar” deyən İbrahim Rəisi xarici mərkəzlərin İranda üsyan və xaos yaratmaq istədiklərini bildirib.

İran prezidentinin bu əzbərçi açıqlaması məsələyə aydınlıq gətirmir. İbrahim Rəisi İranın düşmənləri dedikdə böyük ehtimalla əsas iki dövləti – ABŞ və İsraili nəzərdə tutub. Əlbəttə, bu iki dövlət İranda rejim dəyişikliyini arzulayırlar. Bunun üçün rejimə alternativ qüvvələri açıq və gizli yollarla dəstəkləyə bilərlər. Əgər minlərlə məktəbli qızın zəhərlənməsinin arxasında ABŞ və İsrail dayanırsa, demək bununla İbrahim Rəisi düşmənlərinin İranda at oynatdığını etiraf etmiş olur. Çünki İran qapalı ölkə olmasına rəğmən, düşmənlərin kəşfiyyat strukturları 30 şəhərdə “zəhərləmə əməliyyatı” həyata keçirib və Tehran bunun qarşısını ala bilməyib.

Fikrimcə, zəhərlənmənin arxasında “xarici düşmən” amili şişirdilib. Həqiqətən İsrail kəşfiyyatı İranın nüvə obyektlərində çalışan alimləri zərərsizləşdirir, ABŞ və Səudiyyə Ərəbistanı isə rejimə alternativ qüvvələrlə təmasdadır. Ancaq ölkədə kütləvi zəhərlənmə həyata keçirmənin İsrail, ABŞ və Səudiyyə Ərəbistanı üçün bir anlamı yoxdur. Kütləvi zəhərlənmələr İranda rejim içərisində daxili rəqabətin işarətinə oxşayır. İbrahim Rəisi deyib ki,  “xarici düşmənlər ölkədə xaos yaratmaq istəyirlər”. Ötən ilin sentyabrında iranlı xanım Məhsa Əmini Tehranda əxlaq polisi tərəfindən döyüldükdən sonra xəstəxanda vəfat etdi və həmin gündən başlayaraq İranda etirazlar səngiməyib. İranda xaosa bu hadisə səbəb olub. Məgər Məhsa Əmininin ölümünə səbəb olan xaosu “xarici düşmənlər” yaradıb?

Haqqımızda

“Atlas” Araşdırmalar Mərkəzi 2003-cü ildə bir qrup siyasi ekspert tərəfindən Bakıda təsis olunub. Mərkəzin rəhbəri siyasi analitik Elxan Şahinoğludur.

Sayğac

Girish
Bugun
Umumi 268777
azAZ