Gün: Mart 8, 2023

Vaşinqton birbaşa danışıqların tərəfdarıdır

ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bononun  bölgəyə səfəri yekunlaşıb, o Bakıda prezident İlham Əliyevlə, İrəvanla baş nazir Nikol Paşinyanla görüşüb, fikir mübadiləsi aparıb. Bono görüşləri bitirdikdən sonra “Azərbaycanla Ermənistanın sülh müqaviləsinin mətnini özlərinin hazırlamasını istəyirik” fikrini səsləndirib. Bono birbaşa dialoq nəticəsində müsbət nəticə əldə olunacağı qənaətindədir: “Çünki hər hansı uzunmüddətli, davamlı və balanslı sülh yalnız hər iki tərəfin səyləri ilə mümkündür”.

Vaşinqton Bononun diliylə Bakı ilə İrəvana vasitəçi olmadan dialoqu genişləndirməyi təklif edib. Hazırda 3 vasitəçi var. Bu Moskva, Brüssel və Vaşintondur. İki ildir danışıqlar müxtəlif formatlarda gedir, nəticə yoxdur. Yaxın tarix göstərir ki, müxtəlif münaqişələrin qısa və uzunmüddətli həllərində birbaşa danışıqlar nəticə verməyib. Əsasən tərəfsiz vasitəçilər münaqişələrin həllində önəmli rol oynayırlar. Misal üçün Serbiya ilə Kosovo arasında gərginlik illərdir davam edir. Birbaşa təmaslar nəticə verməyib. Bu ikisi arasında əsas iki vasitəçi – Vaşinqton və Brüssel var. Hazırda həm Kosovo, həm Serbiya Avropa İttifaqının həll planına razılaşmaq ərəfəsindədir. Barış olarsa hər ikisinin Avropa İttifaqına üzvlüyü reallaşacaq.

Buna baxmayaraq, amerikalı diplomatın Azərbaycanla Ermənistan arasında birbaşa dialoqun zərəri də yoxdur. Hər iki tərəf daimi işçi qrup formalaşdıra bilər və həmin qrup Tiflisdə müxtəlif məsələləri daimi əsasda müzakirə edə bilər. Bunun ümumi nəticəyə müsbət təsiri ola bilər.

Brüssel Laçın yolunun nəzarətə götürülməsinə etiraz etmir

Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar “APA” agentliyinə müsahibəsində xeyli mətləbə toxunub, onlardan ikisini vurğulamaq zəruridir.

Birincisi, Avropa İttifaqının təmsilçisi Laçın yolunda nələrin daşınması ilə bağlı şəffaflığın təmin olunması ideyasının tamamilə legitim olduğunu bildirib: “Biz Laçın yolundan gərginliyi daha da artıran məhsulların daşınmasını, hər hansı hərbi və ya qeyri-qanuni məqsədlər üçün istifadə olunmasını istəmirik. Şəffaflıq tamamilə qanunidir”. ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono da Bakıda İlham Əliyevdən görüşdən sonra təxminən eyni fikri söyləmişdi. Başqa sözlə Azərbaycanın Laçın yolunda nəzarət-buraxılış postunun yaradılmasına Brüssel və Vaşinqton etiraz etmir, bunu Azərbaycanın təbii hüququ sayır.

İkincisi, Avropa İttifaqının təmsilçisi “Qafqazdakı proseslə bağlı Rusiya rəsmiləri ilə təmasınız varmı” sualına müsbət cavab verib: “Mənim bir neçə həftə əvvəl Rusiyanın nazir müavini Qaluzinlə telefon danışığım olub, Rusiyanın xüsusi nümayəndəsi İqor Xovayevlə də görüşmüşəm, hətta 2022-ci ilin sentyabrında Moskvada olmuşam, bu barədə də müzakirələr aparmışam. Yəni təmaslar var”.

Klaarın bu cavabı niyə diqqəti çəkib? Çünki Rusiya xarici işlər naziri Sergey Lavrov və onun danışmanı Mariya Zaxarova dayanmadan “Avropa İttifaqı Cənubi Qafqazda müəammalı fəaliyyətlə məşğuldur”, “Brüssel bölgədə Rusiyanı sıxışdırmaq istəyir” kimi fikirlər səsləndirirlər. Halbuki, Klaarın sözlərindən anlaşılır ki, Avropa İttifaqı Ukraynaya qarşı işğalçı müharibə aparmasına görə Rusiyaya qarşı sərt sanksiyalar tətbiq etməsinə baxmayaraq, Azərbaycan-Ermənistan arasında vasitəçiliyi ilə bağlı Moskvanı mütəmadi məlumatıandırır. Lavrov və Zaxarova isə bu vaxta qədər Brüsselin bu məsələylə bağlı onlarla təmaslarına dair bir cümlə işlətməyiblər.

Belarus çətin seçim qarşısındadır

Ukrayna və Qərb ölkələri Belarus prezidenti Aleksandr Lukaşenkodan nigarandılar. Kiyev və Qərb ölkələrinin paytaxtları Lukaşenkonun Ukraynaya qarşı işğala qoşulacağını ehtimal edirlər. Çünki Rusiya prezidenti Vladimir Putinin Lukaşenkoya təzyiqi artıb. Putin Lukaşenkonun Ukraynaya qarşı ikinci cəbhə açmasını istəyir. Kreml sahibi bu məqsədlə bir müddət əvvəl Minskə səfər etmişdi.

Aleksandr Lukaşenko ölkəsinin müharibədə iştirak etməsini istəmir. Belarus cəmiyyəti, ordusu və generalları da Ukraynaya qarşı müharibənin onlara aidiyyatı olmadığı qənaətindədirlər. Ancaq Belarus iqtisadi və siyasi zəmində Kremldən asılıdır. Bu səbəbdən Lukaşenkonun Putinə hər dəfə “yox” deməsi çətindir. Rusiyadan fərqli olaraq Belarusun Ukraynadakı səfirliyi fəaliyyətini davam etdirir. Bununla Kiyev Minskə mesaj göndərir ki, fikir ayrılığına rəğmən, Belarusla təmaslarını davam etdirməyə hazırdılar. Ancaq əgər Minsk Rusiya ilə birgə müharibədə iştirak edərsə Ukrayna Belarusa qarşı da savaşmaq məcburiyyətində qalacaq.

Bu arada, Aleksandr Lukaşenko Çinə səfər edərək bu ölkənin lideri Si Tsinpinlə görüşüb. Lukaşenonun bu səfərdə bir neçə məqsədi var idi.

Birincisi, Aleksandr Lukaşenko Ukrayna məsələsində Çinin mövqeyini dəstəklədiyinə işarə edib. O Pekinin 12 maddəlik təklifini dəstəklədiyini vurğulayıb. Çin bir müddət əvvəl müharibənin dayandırılması üçün Rusiya və Ukraynaya 12 maddədlik təkliflər paketi göndərmişdi. Təkliflər qəbul edilməsə də, Pekinin sülh tərəfdarı olduğu imicini gücləndirməli idi. Çin Rusiyanın strateji tərəfdaşı kimi çıxış etsə də, Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir.

İkincisi, Aleksandr Lukaşenko Çinlə iqtisadi əlaqələri gücləndirməyə çalışır. Lukaşenko Çinin Belarusa yatırımlarını artırmasını istəyir. Bununla Lukaşenko iqtisadi zəmində Rusiyadan olan asılılığını azaldacağına ümid edir. Ancaq qonşuluqla davam edən müharibə Çinin Belarusa yatırımlarını artırması üçün münbit zəmin yaratmır.  Pekin Mərkəzi Asiya ölkələrinə böyük yatırımlar həyata keçirib, eynisini Belarus üçün etməsi çətindir. Rusiya-Ukrayna müharibəsi dayandırımalıdır ki, Pekin Belarusa yatırım qoymaq barədə qərar verə bilsin.

Qərb ölkələrinin Rusiya ilə yanaşı Belarusa qarşı da sanksiyaları mövcuddur. ABŞ-ın Çinlə münasibətlərində də gərginlik var. Vaşinqton və Brüssel Pekini xəbərdar edib ki, Çin Rusiyaya silah və hərbi texnika satmasın. Pekin qərar verməyib. Çinin əsas ticarət tərəfdaşları Qərbdədir. Ona görə də Pekin Ukraynadakı müharibənin qısa müddətdə bitməsini istəyir. Ancaq Pekin Moskvaya təsir edə bilmir. Bu mənada Pekin Moskvaya mesajını birbaşa ötürməklə yanaşı Belarus prezidentinin vasitəçiliyindən də istifadə edə bilər. Bütün hallarda Rusiya-Belarus-Çin siyasi ittifaqı Qərbin xoşuna gəlməyəcək və bu amil Pekinin Qərb ölkələri ilə münasibətlərində əlavə problemlər yaradacaq.

“Atlas” Araşdırmalar Mərkəzi

Haqqımızda

“Atlas” Araşdırmalar Mərkəzi 2003-cü ildə bir qrup siyasi ekspert tərəfindən Bakıda təsis olunub. Mərkəzin rəhbəri siyasi analitik Elxan Şahinoğludur.

Sayğac

Girish
Bugun
Umumi 268770
azAZ