Gün: Mart 10, 2023

Türkiyədə kim prezident seçiləcək?

Türkiyə Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğan doğru qərar verdi, prezident və parlament seçkisini təxirə salmaq siyasi və hüquqi baxımdan doğru olmazdı. Seçki mayın 14-də keçiriləcək. Əlbəttə, dəhşətli zəlzələnin nəticələrindən çıxış edərək seçkinin 6 ay və ya 1 il sonraya təxirə salınmasıyla bağlı fikirlər səsləndi. Ancaq Türkiyə Konstitusiyasına görə, ancaq müharibə halında seçki təxirə salına bilər. Digər tərəfdən ölkəni bir il seçki gərginliyi vəziyyətində saxlamaqdansa seçkinin qısa müddətdə keçirilməsinə üstünlük verildi.
Qardaş Türkiyədə maraqlı seçki kampaniyası izləyəcəyik. Ən çox üzləşdiyim suallar bunlardır: “Kim seçiləcək” , “hansı namizədə üstünlük verirsiniz” və “Ərdoğan məğlub olarsa bu Türkiyə-Azərbaycan ittifaqına mənfi təsir edə bilərmi”. Birinci iki suala cavabım budur ki, kim seçiləcəksə Türkiyə üçün xeyirli-uğurlu olsun, Türkiyə vətəndaşlarının seçiminə hörmətlə yanaşmalıyıq. Sonuncu suala cavabım isə belədir ki, Ərdoğan Türkiyə-Azərbaycan ittifaqının güclənməsi üçün böyük işlər gördü, İkinci Qarabağ müharibəsində dəstəyini heç zaman unutmayacağıq. Heç kim əbədi deyil, qardaş ölkənin gələcək Cumhurbaşqanlarının Ərdoğanın Azərbaycanla bağlı müttəfiqlik siyasətini davam etdirəcəklərinə inanıram, ortada müttəfiqliyi rəsmiləşdirən “Şuşa bəyannaməsi” var. Türkiyə cəmiyyəti və ordusu heç bir Cumhurbaşqanının Azərbaycanın təhlükəsizlik maraqlarını nəzərə almamasını qəbul etməz.

Amerikalı diplomat niyə yenidən Bakıya qayıdıb?

ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono martın 6-da Bakıda prezident İlham Əliyevlə görüşdükdən sonra İrəvana gedib Nikol Paşinyanla fikir mübadiləsi apardı. Adətən bölgəyə gəliş iki ölkəyə səfərlə yekunlaşır. Ancaq amerikalı diplomat yenidən Bakıya qayıdaraq xarici işlər naziri Ceyhun Bayramovla görüşüb. Məsələ burasındadır ki, Bono martın 6-da Bakıda olanda Ceyhun Bayramov ölkədə yox idi. Fikrimcə, amerikalı diplomatın Bakıya qayıdışı yalnız Ceyhun Baryamovla görüşlə bağlı deyildi. Bono Bakıdan İrəvana və yenidən Bakıya geri qayıtmaqla iki ölkə arasında sülh sazişi üzərində danışıqları intensivləşdirmək istəyir. Digər tərəfdən Bononun bölgədə olduğu müddətdə Qarabağda toqquşma baş verib. Vaşinqton yeni müharibənin qarşısını da almağa çalışır.

Ermənistan təşkilatı tərk edəcək

Baş nazir Nikol Paşinyan hakimiyyətə gələn kimi Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının erməni baş katibi Yuri Xaçaturov haqqında cinayət işi açdı və təşkilat rəhbərsiz qaldı. Bu hadisə Kremlin ciddi narazılığına səbəb oldu, çünki başsız qalan təşkilatın fəaliyyəti bir müddət iflic oldu və bu Qərblə mübarizə aparan Rusiya üçün imic zərbəsi idi. Paşinyan İkinci Qarabağ müharibəsində sonra təşkilatın ünvanına tənqidlərini artırdı, KTMT-nin Ermənistanı müdafiə etmədiyini bildirdi. Paşinyan bugünlərdə Berlindəki çıxışında təşkilatı sabun köyünə bənzətdi. İrəvan təşkilatın bu il Ermənistanda nəzərdə tutulan təlimlərindən imtina edib. Paşinyan təşkilata növbəti zərbəsini vurub. Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibinin müavini kvotasından imtina edib. Qaldı bircə addım – KTMT üzvülüyünü tərk etmək. Hadisələr buna doğru gedir.

Vaşinqtonun Mərkəzi Asiyadan gözləntisi var

Hindistanda “böyük iyirmilərin” xarici işlər nazirlərinin toplantısından əvvəl bir-birinə rəqib dövlətlərin nazirləri fərqli məkanlarda oldular. Rusiyanın xarici işlər naziri Sergey Lavrov fevralın 27-də Bakıya gəldi və buradan Dehlidəki toplantıya qatıldı. ABŞ dövlət katibi Entoni Blinken isə Mərkəzi Asiya ölkələrinə səfər etdikdən sonra Dehliyə getdi.

Entoni Blinken Mərkəzi Asiya ölkələrində 5+1 formatında keçirilən toplantıda iştirak etdi. Bu toplantıda Blinkenlə yanaşı 5 Mərkəzi Asiya ölkəsinin xarici işlər naziri qatılmışdı. Bu format 2015-ci ildən fəaliyyət göstərir. Blinken Qazaxıstan və Özbəkistan prezidentləri ilə də görüşərək əlaqələrin genişlənməsiylə bağlı geniş fikir mübadiləsi apardı.

Vaşinqtonun bu bölgə ilə əməkdaşlığının əsas məqsədi Rusiya və Çinin Mərkəzi Asiyadakı təsir gücünü azaltmaqdır. Ancaq buna nail olmaq üçün ABŞ-ın Mərkəzi Asiya ölkələrinə yatırımları artmalıdır. Əks halda Rusiya və Çini bölgədə sıxışdırmaq mümkün olmayacaq. Rusiya və Çinin xeyrinə işləyən bir neçə amil var.

Birincisi, Mərkəzi Asiya ölkələrinin milyonlarla vətəndaşı Rusiyada ucuz işçi qüvvəsi kimi çalışır və qazandıqlarını evlərinə göndərirlər. Həmin maliyyə Mərkəzi Asiya ölkələrinin büdcələrində müəyyən paya malikdir.

İkincisi, Mərkəzi Asiya ölkələrindən bir neçəsinin boru xətti Rusiya üzərindən keçir. Qazaxıstan öz neftini, Türkmənistan isə qazını Rusiyadan keçən boru xətləri üzərindən dümya bazarlarına daşıyırlar. Doğrudur, bu zaman Rusiya Qazaxıstana və Türkmənistana şərtlərini də diqtə edir. Qazaxıstan və Türkmmənistanın Çinlə də enerji əməkdaşlığı mövcuddur.

Üçüncüsü, Çinin Mərkəzi Asiya ölkələrinə milyardlarla dollar yatırımları var. Mərkəzi Asiya ölkələrinin Çinə böyük borcları var. Pekin bu borcların əvəzində bır sıra hallarda həmin ölkələrə şərtlərini diqtə etməyə çalışır.

Buna baxmayaraq, Vaşinqton Mərkəzi Asiya ölkələrini Rusiya və Çin təhlükəsi barədə məlumatlandırır. Misal üçün Entoni Blinken Astanada keçirdiyi mətbuat konfransı zamanı Rusiyanı ismini 10 dəfə hallandıraraq hər dəfəsində bu ölkəni təcəvazkür adlandırıb. Blinken mətbuat konfransında Qazaxıstan prezidenti Tokayevin islahatlar proqramına dəstək verdiyini də bildirib.

Blinken mətbuat konfransında Çinin adını hallandırmasa da, qapalı görüşlərdə mərkəzi asiyalı həmkarlarını Pekinlə münasibətlərdə də diqqətli olmağa çağırıb. Çin 2023-cü ildə büdcəsinin hərbi xərclərini 7 fazi artırıb. Bu təxminən 225 milyard dollara bərabərdir.

Pekin hərbi xərclərin artırılmasını üzləşdikləri çağırışlarla əlaqələndirib. Aydındır ki, söhbət Tayvan ətrafında artan gərginlikdən gedir. Ancaq Çinin Tayvan və ABŞ-la yanaşı qonşu ölkələrlə münasibətlərində də gərginlik var. Pekin bu səbəbdən hərb xərclərini artırıb. Pekinin Mərkəzi Asiya ölkələri ilə münasibətlərində gərginlik yoxdur. Buna baxmayaraq, Çinin artan hərbi gücü Mərkəzi Asiya ölkələri tərəfindən də diqqətlə izlənilir.

“Atlas” Araşdırmalar Mərkəzi

Haqqımızda

“Atlas” Araşdırmalar Mərkəzi 2003-cü ildə bir qrup siyasi ekspert tərəfindən Bakıda təsis olunub. Mərkəzin rəhbəri siyasi analitik Elxan Şahinoğludur.

Sayğac

Girish
Bugun
Umumi 268792
azAZ