Gün: Mart 24, 2023

Zelenski haqlıdır

Ukrayna prezidenti Volodimir Zelenski qələbinin bu il olacağını deyib. Rusiyanın işğalçı müharibəni genişləndirməsi və Baxmut şəhərini mühasirəyə alması fonunda Zelenskinin açıqlaması qəribə görünə bilər. Qələbə üçün Rusiya ordusunun hücumları dayandırılmalı və Ukrayna ordusu əks-hücumlara keçməlidir. Ukrayna prezidenti qələbinin şərtlərini bu şəkildə sıralayıb: 1. Ukrayna ilə Avropa arasında əməkdaşlıqda gecikmə və durğunluq olmamalıdır; 2. Birgə səylər qətiyyətlə Ukraynanın qələbəsinə yönəlməlidir. Yəni Zelenski demək istəyib ki, bu iki şərt yerinə yetirilməsə qələbə əldə etmək çətin olacaq.
Ukrayna prezidenti haqlıdır. Ukrayna ordusu öz üzərinə düşəni artıqlamasıyla edir, qəhrəmancasına savaşır, işğalçı itki verir. Ancaq Ukraynanın qələbəsi üçün bu azdır. Qərb də üzərinə düşəni etməlidir. Təsadüfi deyil ki, Zelenski qələbədən danışarkən belə bir cümlə də işlədib: “Birgə nə qədər tez hərəkət etsək, bir o qədər çox insan həyatını xilas edəcəyik”. Zelenski “2023 qələbə ili olacaq” deyərkən həm də Ukrayna cəmiyyətinin ruh yüksəkliyinə istinad edir. Kreml müharibəyə başladıqda məhz Ukrayna cəmiyyətinin məğlubiyyətlə barışacağına və Zelenskini devirəcəyinə ümid edirdi. Bu baş vermədi. Əsas qələbəyə olan inamın itməməsidir.

Rusiya-Çin ittifaqına qarşı hansı ittifaq güclənir?

“The Wall Street Journal” dərgisində yayımlanan məqalədə Çinin raket arsenalının ABŞ-ın raket arsenalını tədricən üstələdiyi yazılıb. Amerikalı konqresmenlər Rusiya və Çinlə mübarizə aparmaq üçün Amerikanın nüvə potensialının artırılması vacibliyini bildiriblər. Vaşinqton hesab edir ki, Pekinin Moskva ilə yaxınlaşmasının məqsədi ABŞ-ın gücünü zəiflətməkdir. Pekinin Rusiyanın Ukraynada apardığı müharibəyə verdiyi gizli dəstək bununla bağlıdır.

Bu arada, “The Sydney Morning Herald” dərgisində yayımlanan məqalədə ABŞ-ın Çini durdurmaq üçün Avstraliyanı atom sualtı gəmiləri ilə təhciz edəcəyi yazılıb. Bu AUKUS (Avstraliya, Böyük Britaniya və ABŞ arasında ittifaq) formatı çərçivəsində həyata keçiriləcək. ABŞ, Böyük Britaniya və Avstraliyanın liderləri Amerikanın San-Dieqo şəhərində keçirdikləri son zirvə görüşündə Çinin siyasəti ilə bağlı geniş fikir mübadiləsi aparıblar.

Rusiya-Çin ittifaqı ABŞ-ı AUKUS formatı çərçivəsində strategiyasını gücləndirməyi diqtə edib. Amerika Çinə həmsərhəd olan dövlətləri də gücləndirməyə qərar verib. Bu sırada Hindistan, Vyetnam, Yaponiya, Avstraliya gəlir. Vaşinqton eyni zamanda Mərkəzi Asiya ölkələrinin Çindən və Rusiyadan asılılıqlarını azaltmaq üçün müxtəlif təşəbbüslər həyata keçirməyə çalışır. ABŞ Senatında çıxış edən milli kəşfiyyat rəhbəri Evril Heyns senatorları bu sözlərlə xəbərdar edib: “Pekin Moskva ilə strateji tərəfdaşlığı dərinləşdirdikcə Amerika və onun müttəfiqlərinə qarşı yeni təhlükələr yaradır”.

Pekin Vaşinqtondan çəkinmədiyini göstərməyə çalışır. Çinin üçüncü dəfə rəhbəri seçilən Tsi Cinpin mübarizəyə hazır olduğunu nümayiş etdirir. Böyük Britaniyanın baş naziri Rişi Sunak son 18 ayda dünyadakı problemlərin artdığını vurğulayıb: “Ukraynadakı işğalçı müharibə davam edir, İran və Şimali Koreya beynəlxalq aləmə təhlükələr yaradırlar. Çinin artan hərbi gücü və qonşularına təhlükə yaratması da əsas müzakirə mövzularından biridir”.

Vaşinqton və London Avstraliyanı hərbi nöqteyi-nəzərdən gücləndirməyə qərar veriblər. Birinci mərhələdə avstraliyalı dənziçilərə atom sualtı gəmilərini idarə etmək öyrədiləcək. İkinci mərhələdə ABŞ 2027-ci ilə qədər Avstraliyanın hərbi-dəniz bazasında “Virginia” tipli 4 atom sualtı gəmisi yerləşdirəcək. Böyük Britaniya isə “Astute” tipli atom sualtı gəmisini Avstraliya limanına gətirəcək. Üşüncü mərhələdə ABŞ və Böyük Britaniya Avstraliyaya yerli sualtı gəmilərin istehsalına da kömək edəcəklər.

Vaşinqton hərbi gücünü artırmaqla yanaşı Pekinlə dialoqdan da imtina etmək istəmir. Ancaq dialoq hələ ki, alınmır. Birincisi, dövlət katibi Entoni Blinken fevral ayının əvvəlində Pekinə səfər hazırlaşarkən, Amerika səmasında Çinə məxsus kəşfiyyat şarları aşkarlandı. Bu Blinkenin Pekinə səfərinin təxirə salınmasıyla nəticələndi. İkincisi, ABŞ-ın Çinə qarşı sanksiyaları artıb. Sanksiyaya məruz qalanlar içərisində Çinin yeni müdafiə naziri Li Şanfu da var. O Rusiyadan Cu-35 hərbi təyyarələri və C-400 raket kompleksləri aldığına görə sanksiya siyahısına salınıb. Belə olan halda Pentaqon rəhbərinin çinli həmkarıyla görüşü mümkünsüzdür. Üçüncüsü, Çin lideri Tsi Cinpinin Moskvaya iki günlük səfəri və Rusiya ilə strateji tərəfdaşlığı dərinləşdirmək qərarı Vaşinqtonla Pekin arasında dialoqa mənfi təsir edib.

“Atlas” Araşdırmalar Mərkəzi

Haqqımızda

“Atlas” Araşdırmalar Mərkəzi 2003-cü ildə bir qrup siyasi ekspert tərəfindən Bakıda təsis olunub. Mərkəzin rəhbəri siyasi analitik Elxan Şahinoğludur.

Sayğac

Girish
Bugun
Umumi 268852
azAZ