Gün: Mart 27, 2023

Putin həyatı üçün qorxur

Rusiya prezidenti Vladimir Putin Ukraynanın işğal altındakı Mariupol küçələrində avtomobili idarə edərkən təhlükəsizlik kəmərini taxmamasını jurnalistə belə izah edib: “Belə şəraitdə kəməri taxmamaq daha yaxşıdır, bu avtomobili tez tərk etmək üçün lazımdır”. Putinin bu cümləsində iki etiraf var. Kreml sahibi “belə şərait” dedikdə Mariupolun işğalına rəğmən, bu şəhərdə “şəraitin” hələ Rusiya üçün münbit olmadığına, “avtomobil tez tərk etmək” isə istənilən an hücuma məruz qalacağına eyham vurub. Necə deyərlər, asta qaçan namərddir. Putin ehtiyatlı olmaqda haqlıdır. Bir gün Mariupol şəhəri azad ediləcək və Putin üçün bu şəhər əlçatmaz olacaq.
Bütün reaksiyalar:

2

Laçın yolunda sərhəd xidməti yaradılacaq

Azərbaycan hərbçilərinin martın 25-də Şuşaya daxil olmadan torpaq yolunu nəzarətə götürməsi Laçın yolunun qurtacağında sərhəd-keçid məntəqəsinin yaradılması zərurətini artırıb. Azərbaycanlı fəallar Laçın yolunda etiraza başladıqdan sonra Ermənistan bu yoldan separatçılara böyük həcmdə silah və sursat göndərməyə risq etmirdi. Doğrudur, Rusiyanın nəqliyyat vasitələrində yüklər göndərilə bilərdi, ancaq bunun risqlərini hesablayırdılar. Buna görə də Ermənistan Müdafiə Nazirliyi Rusiya hərbi kontingenti ilə birgə Qarabağ separatçılarına hərbi yükləri Laçına alternativ torpaq yolundan göndərməyə başladı. Hazırda bu yol Azərbaycan hərbçilərinin nəzarətinə keçdiyinə görə, Ermənistan və Rusiya hərbi yükləri yoxlanılmayan nəqliyyat vasitələrində yenidən etirazın keçirildiyi yoldan keçirməyə çalışacaqlar. Çünki başqa yolları qalmayıb. Bunun qarşısını almağın yeganə alternativi Laçın yolunun qurtaracağında sərhəd-keçid məntəqəsinin yaradılmasıdır ki, bütün, o cümlədən Rusiyaya məxsus nəqliyyat vasitələri də yoxlanmalıdır.

Qarabağ ermənilərinin nümayəndələri Bakıya nə zaman gələcəklər?

Azərbaycan Prezident Administrasiyası Qarabağın erməni ictimaiyyətinin nümayəndələrini yenidən Bakıya dəvət edib. Əvvəlki təklif martın 13-də onlara təqdim edilmişdi, gəlmədilər. Ermənilərlə sonuncu görüş martın 1-də Xocalı şəhərində keçirilib. Ermənilər Bakıya niyə gəlmək istəmirlər? Bunun bir neçə səbəbi var. Birincisi, separatçılar hesab edirlər ki, Bakıda reinteqrasiya məsələlərinin müzakirəsi Azərbaycanın Qarabağ üzərindəki suverenliyinin bərpası və ermənilərini bunu qəbulu anlamıı daşıyır. Bu görüntünün formalaşmasını istəmirlər. İkincisi, separatçılar təkbaşına qərar vermirlər, təlimatlar Moskvadan gəlir. Rusiyanın paytaxtına qərar verənlər isə separatçıların Bakıya gəlmələrinin əleyhinədirlər.
Bu müddətdə bölgədə vəziyyət daha da gərginləşib. Erməni separatçılarının Ermənistandan bölgəyə silah daşımasının qarşılığında Azərbaycan hərbçiləri Laçına alternativ yolda nəzarət postu yaradıblar. Bu hələ son deyil, növbədə Laçın yolunun qurtaracağında sərhəd-keçid məntəqəsinin yaradılmasıdır. Qarabağ erməniləri durumlarından şikayətçidirlər. Ermənistan hökumətinin şikayət etmədiyi yer qalmayıb, Azərbaycan əleyhinə bir neçə sənədin və açıqlamanın qəbuluna nail olublar. Ancaq bunların Azərbaycanın siyasətinə və qərarlarına təsiri yoxdur. Bundan məyus olan ermənilər tədricən anlamağa başlayıblar ki, onlar Azərbaycanla anlaşmayınca kimsə onları xilas etməyəcək. Birbaşa dialoqu davam etdirməkdən başqa çarələri qalmayacaq, enində-sonunda Qarabağ erməniləri Bakıya gəlmək məcburiyyətində qalacaqlar.

Rusiya niyə anti-NATO ittifaqı yarada bilmir?

Rusiya prezidenti Vladimir Putin son müsahibəsində bildirib ki, Rusiya Çinlə hərbi ittifaq yaratmaq fikrində deyil. “Biz Çinlə hərbi-texniki sahədə əməkdaşlıq etsək də, ittifaq yaratmırıq, qarşılıqlı əməkdaşlıq prosesi şəffavdır” deyən Putin iki ölkə arasında hərbi təlimlərin sayının artmasını da etiraf edib. Putin Rusiyanın Çinlə yanaşı başqa ölkələrlə də birgə hərbi təlimlər keçirdiyini deyib.

Kreml sahibi Qərbin “qlobal NATO” yaratdığını iddia edib. Putin hesab edir ki, Qərb yeni ittifaqlar formalaşdırır. Rusiya prezidenti buna misal olaraq 1930-cu illərdə Almaniya və İtaliya faşistlərinin militarist Yaponiya ilə ittifaq yaratdıqlarını göstərib: “NATO-nun 2022-ci il strateji inkişaf konsepsiyasında yazılıb ki, Şimali Atlantika Bloku Asiya və Sakit okean regionu ölkələri ilə əlaqələri genişləndirəcək. Bu sırada Yeni Zellandiya, Avstraliya və Cənubi Koreya var. Bu ölkələrin özləri də NATO ilə qlobal əlaqələri inkişaf etdirəcəklərini bildiriblər”.

Maraqlıdır ki, Putin Asiya və Sakit okeanı ölkələrindən danışarkən Hindistanın adını çəıkməyib. Halbuki, Dehli də son illər Qərblə hərbi-texniki əməkdaşlığa üstünlük verib. Putin Hindistanın adını ona görə çəkməyib ki, hər halda Moskvanın Dehli ilə siyasi və iqtisadi əlaqələri mövcuddur və bu ölkəyə müəyyən sayda hərbi texnika sata bilir. Digər tərəfdən Dehlinin Qərblə əməkdaşlığını genişləndirməsinə baxmayaraq, Hindistan Rusiya ilə dialoqunu davam etdirir. Yeni Zellandiya, Avstraliya və Cənubi Koreyanı isə Rusiya ilə dialoq aşağı səviyyədədədir. Ona görə də Putin NATO-nun qlobal planlarından danışarkən məhz bu ölkələrin adını çəkib.

Putinin Çinlə hərbi ittifaqının mövcud olmaması fikrinə gəldikdə isə, bunu ilk növbədə Pekin istəmir. Rusiya Çinlə hərbi ittifaq formalaşmaq istəyərdi, çünki Kremlin NATO-ya mübarizəsində güclü müttəfiqə ehtiyac var, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı işə yaramır. Ancaq Pekin hərbi ittifaqlarda maraqlı deyil. Əlbəttə, Çin Rusiya ilə strateji tərəfdaşlığı davam etdirəcək. Ancaq Pekin Kremlin kiçik qardaşı olmaq istəmir. Pekini Kremllə strateji tərəfdaşlıqda əsas marağı çoxqütblü dünyanın formalaşması və Rusiyadan ucuz qiymətə neft və qaz almasından ibarətdir.

“Atlas” Araşdırmalar Mərkəzi

Haqqımızda

“Atlas” Araşdırmalar Mərkəzi 2003-cü ildə bir qrup siyasi ekspert tərəfindən Bakıda təsis olunub. Mərkəzin rəhbəri siyasi analitik Elxan Şahinoğludur.

Sayğac

Girish
Bugun
Umumi 268927
azAZ