Ay: Mart2023

Qarabağ ermənilərinin nümayəndələri Bakıya nə zaman gələcəklər?

Azərbaycan Prezident Administrasiyası Qarabağın erməni ictimaiyyətinin nümayəndələrini yenidən Bakıya dəvət edib. Əvvəlki təklif martın 13-də onlara təqdim edilmişdi, gəlmədilər. Ermənilərlə sonuncu görüş martın 1-də Xocalı şəhərində keçirilib. Ermənilər Bakıya niyə gəlmək istəmirlər? Bunun bir neçə səbəbi var. Birincisi, separatçılar hesab edirlər ki, Bakıda reinteqrasiya məsələlərinin müzakirəsi Azərbaycanın Qarabağ üzərindəki suverenliyinin bərpası və ermənilərini bunu qəbulu anlamıı daşıyır. Bu görüntünün formalaşmasını istəmirlər. İkincisi, separatçılar təkbaşına qərar vermirlər, təlimatlar Moskvadan gəlir. Rusiyanın paytaxtına qərar verənlər isə separatçıların Bakıya gəlmələrinin əleyhinədirlər.
Bu müddətdə bölgədə vəziyyət daha da gərginləşib. Erməni separatçılarının Ermənistandan bölgəyə silah daşımasının qarşılığında Azərbaycan hərbçiləri Laçına alternativ yolda nəzarət postu yaradıblar. Bu hələ son deyil, növbədə Laçın yolunun qurtaracağında sərhəd-keçid məntəqəsinin yaradılmasıdır. Qarabağ erməniləri durumlarından şikayətçidirlər. Ermənistan hökumətinin şikayət etmədiyi yer qalmayıb, Azərbaycan əleyhinə bir neçə sənədin və açıqlamanın qəbuluna nail olublar. Ancaq bunların Azərbaycanın siyasətinə və qərarlarına təsiri yoxdur. Bundan məyus olan ermənilər tədricən anlamağa başlayıblar ki, onlar Azərbaycanla anlaşmayınca kimsə onları xilas etməyəcək. Birbaşa dialoqu davam etdirməkdən başqa çarələri qalmayacaq, enində-sonunda Qarabağ erməniləri Bakıya gəlmək məcburiyyətində qalacaqlar.

Rusiya niyə anti-NATO ittifaqı yarada bilmir?

Rusiya prezidenti Vladimir Putin son müsahibəsində bildirib ki, Rusiya Çinlə hərbi ittifaq yaratmaq fikrində deyil. “Biz Çinlə hərbi-texniki sahədə əməkdaşlıq etsək də, ittifaq yaratmırıq, qarşılıqlı əməkdaşlıq prosesi şəffavdır” deyən Putin iki ölkə arasında hərbi təlimlərin sayının artmasını da etiraf edib. Putin Rusiyanın Çinlə yanaşı başqa ölkələrlə də birgə hərbi təlimlər keçirdiyini deyib.

Kreml sahibi Qərbin “qlobal NATO” yaratdığını iddia edib. Putin hesab edir ki, Qərb yeni ittifaqlar formalaşdırır. Rusiya prezidenti buna misal olaraq 1930-cu illərdə Almaniya və İtaliya faşistlərinin militarist Yaponiya ilə ittifaq yaratdıqlarını göstərib: “NATO-nun 2022-ci il strateji inkişaf konsepsiyasında yazılıb ki, Şimali Atlantika Bloku Asiya və Sakit okean regionu ölkələri ilə əlaqələri genişləndirəcək. Bu sırada Yeni Zellandiya, Avstraliya və Cənubi Koreya var. Bu ölkələrin özləri də NATO ilə qlobal əlaqələri inkişaf etdirəcəklərini bildiriblər”.

Maraqlıdır ki, Putin Asiya və Sakit okeanı ölkələrindən danışarkən Hindistanın adını çəıkməyib. Halbuki, Dehli də son illər Qərblə hərbi-texniki əməkdaşlığa üstünlük verib. Putin Hindistanın adını ona görə çəkməyib ki, hər halda Moskvanın Dehli ilə siyasi və iqtisadi əlaqələri mövcuddur və bu ölkəyə müəyyən sayda hərbi texnika sata bilir. Digər tərəfdən Dehlinin Qərblə əməkdaşlığını genişləndirməsinə baxmayaraq, Hindistan Rusiya ilə dialoqunu davam etdirir. Yeni Zellandiya, Avstraliya və Cənubi Koreyanı isə Rusiya ilə dialoq aşağı səviyyədədədir. Ona görə də Putin NATO-nun qlobal planlarından danışarkən məhz bu ölkələrin adını çəkib.

Putinin Çinlə hərbi ittifaqının mövcud olmaması fikrinə gəldikdə isə, bunu ilk növbədə Pekin istəmir. Rusiya Çinlə hərbi ittifaq formalaşmaq istəyərdi, çünki Kremlin NATO-ya mübarizəsində güclü müttəfiqə ehtiyac var, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı işə yaramır. Ancaq Pekin hərbi ittifaqlarda maraqlı deyil. Əlbəttə, Çin Rusiya ilə strateji tərəfdaşlığı davam etdirəcək. Ancaq Pekin Kremlin kiçik qardaşı olmaq istəmir. Pekini Kremllə strateji tərəfdaşlıqda əsas marağı çoxqütblü dünyanın formalaşması və Rusiyadan ucuz qiymətə neft və qaz almasından ibarətdir.

“Atlas” Araşdırmalar Mərkəzi

Pekin İsraili İranla barışdırmaq istəyir

Qərb mətbuatı İranla İsrail arasında məxfi danışıqların başlandığına dair sensasiya xarakterli məlumat yayıb. Danışıqlar Çinin vasitəçiliyi ilə Honkonq şəhərində keçirilir. Görüşün təşəbbüskarı kimi Pekin çıxış etsə də, bu işdə Rusiyanın da maraqları hiss olunur. Çin əvvəlcə İranla Səudiyyə Ərəbistanını barışdırdı, tərəflər arasında danışıqlar Pekində həyata keçirildi. Pekin indi daha ağır işə girişib, iki qatı düşməni barışdırmaq alınmasa da, İsraillə İranı qarşıdurmadan çəkindirmək istəyir. İranın Rusiya və Çinlə sıx əlaqələri mövcuddur. İsrail İran qədər Çin və Rusiya ilə tərəfdaş olmasa da, Moskva və Pekinlə dialoqu mövcuddur. Ona görə də Çin və Rusiya var gücləriylə İsraillə İranı müharibədən çəkindirmək istəyirlər. Bunun başlıca şərti İran nümayəndə heyətini nüvə silahı əldə etməyi düşünmədiklərini barədə İsrailin nümayəndə heyətini inandırmaqdır. Bu alınmasa Çində danışıqlar nəticə verməyəcək.
Bu arada, başqa sual aktuallaşır. İran regional rəqibi Səudiyyə Ərəbistanı ilə barışmaq və qatı düşməni İsraillə müharibədən sovuşmaq istəyərkən qonşusu Azərbaycanı niyə hədələməkdə davam edir? Məntiqlə Tehran eyni ilə Bakı ilə də münasibətlərin normallaşması və mövcud problemlərin həllini sürətləndirmək barədə düşünməməlidirmi? Əksini müşahidə edirik. Belə çıxır ki, İran rejimi üçün Azərbaycana qarşı təxribatları davam etdirmək daha vacibdir. O ki qaldı, İranın Səudiyyə Ərəbistanı və İsraillə dialoqa başlamasına, hər ikisinin perspektivi dumanlıdır. İranda mövcud olan rejimin istənilən an atacağı təxribatçı addım Tehranın Səudiyyə Ərəbistanı və İsraillə münasibətlərini yenidən gərginlik nöqtəsinə gətirəcək. Digər tərəfdən ABŞ Çinin və ya Rusiyanın vasitəçiliyi ilə İranın Səudiyyə Ərəbistanı və ya İsraillə barışmasının əleyhinədir və bu prosesə müxtəlif vasitələrlə mane olacaq.
Bütün reaksiyalar:

Adalat Kerimov, Loğman Məmmədov və başqa 30 nəfər

Rusiya Azərbaycana mane ola bilməyəcək

Ukrayna bataqlığı içərisində olan Rusiya Azərbaycanla açıq qarşıdurmaya getməyəcək. Qarabağda zəruri və gərəkli bildiyimiz tədbirləri davam etdirməliyik. Laçın və ona paralel olan bütün yollar Azərbaycan ərazisindədir və yolları nəzarətə götürmək suveren hüququmuzdur. Rusiya Müdafiə Nazirliyinin bəyanatında Azərbaycan Silahlı Qüvvələrinin Sarıbaba dağının 2,9 km şimal-şərq istiqamətində irəlilədiyi və istehkam işlərini həyata keçirildiyi təsdiq edilib. Bəyanatlarında bildirilib ki, Rusiya hərbi komandanlığı “böhranlı vəziyyətin gərginləşməsinin və təxribatların qarşısını almaq üçün tədbirlər görür”. Sonrakı cümlələri təhdid xarakter daşıyır: “Dövlət başçılarının üçtərəfli sazişlərinin müddəalarına əməl olunması, mühəndis-texniki işlərin dayandırılması və milli silahlı qüvvələrin bölmələrinin əvvəllər tutduqları mövqelərə çıxarılması üçün tədbirlərin görülməsinin zəruriliyi ilə bağlı Azərbaycan tərəfinə tələb irəli sürülüb”.
Qüvvələrimizi çıxarmayacağımız halda nə edəcəklər? İkinci Qarabağ müharibəsindən sonra öz ərazimizdə bir neçə əməliyyat həyata keçirib irəriləmişik. Həmin əməliyyatlarda qarşımızı kəsə bilmədilərsə, bu dəfə də bəyanatla kifayətlənəcəklər. Nə Azərbaycan Rusiya ilə, nə də Rusiya Azərbaycanla Qarabağda toqqşumaq istəyir. Bu hər iki dövlətin maraqlarına cavab vermir. Ancaq Kremlə onu da anlatmaq lazımdır ki, 1)Azərbaycan ordusu Qarabağda zəruri addımlarını davam etdirəcək və bu 2020-ci il 10 noyabr bəyanatına zidd deyil; 2)Laçın yolunda sərhəd-keçid məntəqəsi yaradılacaq; 3) Rusiya hərbi kontingenti 2 ildən sonra bölgəni tərk etməyə hazırlaşmalıdır.

Zelenski haqlıdır

Ukrayna prezidenti Volodimir Zelenski qələbinin bu il olacağını deyib. Rusiyanın işğalçı müharibəni genişləndirməsi və Baxmut şəhərini mühasirəyə alması fonunda Zelenskinin açıqlaması qəribə görünə bilər. Qələbə üçün Rusiya ordusunun hücumları dayandırılmalı və Ukrayna ordusu əks-hücumlara keçməlidir. Ukrayna prezidenti qələbinin şərtlərini bu şəkildə sıralayıb: 1. Ukrayna ilə Avropa arasında əməkdaşlıqda gecikmə və durğunluq olmamalıdır; 2. Birgə səylər qətiyyətlə Ukraynanın qələbəsinə yönəlməlidir. Yəni Zelenski demək istəyib ki, bu iki şərt yerinə yetirilməsə qələbə əldə etmək çətin olacaq.
Ukrayna prezidenti haqlıdır. Ukrayna ordusu öz üzərinə düşəni artıqlamasıyla edir, qəhrəmancasına savaşır, işğalçı itki verir. Ancaq Ukraynanın qələbəsi üçün bu azdır. Qərb də üzərinə düşəni etməlidir. Təsadüfi deyil ki, Zelenski qələbədən danışarkən belə bir cümlə də işlədib: “Birgə nə qədər tez hərəkət etsək, bir o qədər çox insan həyatını xilas edəcəyik”. Zelenski “2023 qələbə ili olacaq” deyərkən həm də Ukrayna cəmiyyətinin ruh yüksəkliyinə istinad edir. Kreml müharibəyə başladıqda məhz Ukrayna cəmiyyətinin məğlubiyyətlə barışacağına və Zelenskini devirəcəyinə ümid edirdi. Bu baş vermədi. Əsas qələbəyə olan inamın itməməsidir.

Rusiya-Çin ittifaqına qarşı hansı ittifaq güclənir?

“The Wall Street Journal” dərgisində yayımlanan məqalədə Çinin raket arsenalının ABŞ-ın raket arsenalını tədricən üstələdiyi yazılıb. Amerikalı konqresmenlər Rusiya və Çinlə mübarizə aparmaq üçün Amerikanın nüvə potensialının artırılması vacibliyini bildiriblər. Vaşinqton hesab edir ki, Pekinin Moskva ilə yaxınlaşmasının məqsədi ABŞ-ın gücünü zəiflətməkdir. Pekinin Rusiyanın Ukraynada apardığı müharibəyə verdiyi gizli dəstək bununla bağlıdır.

Bu arada, “The Sydney Morning Herald” dərgisində yayımlanan məqalədə ABŞ-ın Çini durdurmaq üçün Avstraliyanı atom sualtı gəmiləri ilə təhciz edəcəyi yazılıb. Bu AUKUS (Avstraliya, Böyük Britaniya və ABŞ arasında ittifaq) formatı çərçivəsində həyata keçiriləcək. ABŞ, Böyük Britaniya və Avstraliyanın liderləri Amerikanın San-Dieqo şəhərində keçirdikləri son zirvə görüşündə Çinin siyasəti ilə bağlı geniş fikir mübadiləsi aparıblar.

Rusiya-Çin ittifaqı ABŞ-ı AUKUS formatı çərçivəsində strategiyasını gücləndirməyi diqtə edib. Amerika Çinə həmsərhəd olan dövlətləri də gücləndirməyə qərar verib. Bu sırada Hindistan, Vyetnam, Yaponiya, Avstraliya gəlir. Vaşinqton eyni zamanda Mərkəzi Asiya ölkələrinin Çindən və Rusiyadan asılılıqlarını azaltmaq üçün müxtəlif təşəbbüslər həyata keçirməyə çalışır. ABŞ Senatında çıxış edən milli kəşfiyyat rəhbəri Evril Heyns senatorları bu sözlərlə xəbərdar edib: “Pekin Moskva ilə strateji tərəfdaşlığı dərinləşdirdikcə Amerika və onun müttəfiqlərinə qarşı yeni təhlükələr yaradır”.

Pekin Vaşinqtondan çəkinmədiyini göstərməyə çalışır. Çinin üçüncü dəfə rəhbəri seçilən Tsi Cinpin mübarizəyə hazır olduğunu nümayiş etdirir. Böyük Britaniyanın baş naziri Rişi Sunak son 18 ayda dünyadakı problemlərin artdığını vurğulayıb: “Ukraynadakı işğalçı müharibə davam edir, İran və Şimali Koreya beynəlxalq aləmə təhlükələr yaradırlar. Çinin artan hərbi gücü və qonşularına təhlükə yaratması da əsas müzakirə mövzularından biridir”.

Vaşinqton və London Avstraliyanı hərbi nöqteyi-nəzərdən gücləndirməyə qərar veriblər. Birinci mərhələdə avstraliyalı dənziçilərə atom sualtı gəmilərini idarə etmək öyrədiləcək. İkinci mərhələdə ABŞ 2027-ci ilə qədər Avstraliyanın hərbi-dəniz bazasında “Virginia” tipli 4 atom sualtı gəmisi yerləşdirəcək. Böyük Britaniya isə “Astute” tipli atom sualtı gəmisini Avstraliya limanına gətirəcək. Üşüncü mərhələdə ABŞ və Böyük Britaniya Avstraliyaya yerli sualtı gəmilərin istehsalına da kömək edəcəklər.

Vaşinqton hərbi gücünü artırmaqla yanaşı Pekinlə dialoqdan da imtina etmək istəmir. Ancaq dialoq hələ ki, alınmır. Birincisi, dövlət katibi Entoni Blinken fevral ayının əvvəlində Pekinə səfər hazırlaşarkən, Amerika səmasında Çinə məxsus kəşfiyyat şarları aşkarlandı. Bu Blinkenin Pekinə səfərinin təxirə salınmasıyla nəticələndi. İkincisi, ABŞ-ın Çinə qarşı sanksiyaları artıb. Sanksiyaya məruz qalanlar içərisində Çinin yeni müdafiə naziri Li Şanfu da var. O Rusiyadan Cu-35 hərbi təyyarələri və C-400 raket kompleksləri aldığına görə sanksiya siyahısına salınıb. Belə olan halda Pentaqon rəhbərinin çinli həmkarıyla görüşü mümkünsüzdür. Üçüncüsü, Çin lideri Tsi Cinpinin Moskvaya iki günlük səfəri və Rusiya ilə strateji tərəfdaşlığı dərinləşdirmək qərarı Vaşinqtonla Pekin arasında dialoqa mənfi təsir edib.

“Atlas” Araşdırmalar Mərkəzi

Tsi Cinpin Moskvadan sonra Kiyevə gedəcəkmi?

Çin lideri Tsi Cinpinin martın 20-də Moskvada Rusiya prezidenti Vladimir Putinlə  görüşü 4 saat uzanıb. Bu iki ölkə arasında strateji tərəfdaşlığın xüsusiyyətindən irəli gəlir. Bu Tsi Cinpinin üçüncü dəfə Çinin rəhbəri seçilməsindən sonra həyata keçirdiyi ilk xarici səfərdir.

Kreml sahibinin Çinə ehtiyacı var. Təsadüfi deyil ki, Putin görüş zamanı Çin barədə xeyli kompliment söyləyib. Çinin sıçrayışla inkişaf etdiyini və bir çox ölkəni geridə qoyduğunu vurğulayan Putin bu ölkənin özünəməxsus  siyasi kursuyla bazar iqtisadiyyatının vəhdətinin faydalı nəticələr gətirdiyini bildirib. Vladimir Putin Tsi Cinpinin Rusiyaya bir neçə dəfə təxirə salınan səfərinə o qədər əhəmiyyət verib ki, o çinli dostunun Moskvaya gəlişindən əvvəl Çinin məşhur “Jenmin jibao” qəzetində məqalə yayımlayıb. Putin həmin məqaləsində çoxqütblü dünyanın yaradılması vacibliyindən və bu məsələdə Çinin əhəmiyyətli rolundan danışıb. Məqalədə Rusiya və Çin liderlərinin son illərdə 40 dəfəyə yaxın görüşdükləri və iki ölkə arasında münasibətlərin strateji əhəmiyyət kəsb etdiyi bildirilib. 2022-ci ildə iki ölkə arasında ticarət mübadiləsinin həcmi 185 milyard dollara yüksəlib. 2024-cü il üçün 200 milyard dollar hədəf göstərilib. Digər hədəf ticarət mübadiləsində dollardan deyil milli pul vahidlərində keçidi təmin etməkdir. Pekinlə strateji tərəfdaşlıq Kreml üçün həm də ona görə vacibdir ki, Rusiya sanksiyalara görə Avropa ölkələrinə sata bilmədiyi neftin və qazın böyük həcmini Çinə satmağa çalışır.

Çin lideri də Putindən geri qalmayaraq Rusiyanın ünvanına təriflər yağdırıb. Tsi Cinpin Rusiya və Çini mehriban qonşular və etibarlı tərəfdaşlar adlandıraraq Pekinlə Moskvanın beynəlxalq hüquqa söykənərək dünya nizamının formalaşmasına çalışdıqlarını deyib. Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsi fonunda Çin liderinin bu açıqlaması ikrah doğurur. Pekinin bir müddət əvvəl irəli sürdüyü 12 maddəlik “sülh” təklifi məhz buna görə Vaşinqton və Brüssel tərəfindən rədd edilib.

Gözlənildiyi kimi, Tsi Cinpinlə Vladimir Putin arasında əsas müzakirə mövzusu Ukrayna olub. Çin Rusiyanın strateji tərəfdaşı olsa da, Ukrayna müharibəsinin dayandırılmasında maraqlıdır. Çünki bu müharibə siyasi və iqtisadi zəmində Çinə əlavə problemlər yaradıb. Birincisi, Qərb ölkələrinin Çinlə münasibətlərində gərginlik hökm sürür. Qərb ölkələri Çinin Rusiyaya hərbi texnika satacağından ehtiyatlanırlar. Bu Kremlin maraqlarına cavab verir. Rusiya Çindən hərbi texnika almaqla Pekinin Qərblə münasibətlərinin daha da gərginləşməsində maraqlıdır. İkincisi, Ukraynadakı müharibə Çin məhsullarının dünya bazarlarına nəqlində əngəllər yaradıb. Avropa ölkələrinin Moskvaya qarşı sanksiyaları mövcud olduğundan Çin istehsal etdiyi məhsullarının ixracatında Rusiyanın nəqliyyat imkanlarından istifadə edə bilmir. Bu səbəblərdən Pekin sülh istəyir. Ancaq Pekinin istədiyi “sülh” işğala son qoymağı – Rusiya ordusunun Ukrayna ərazisini tərk etməyi nəzərdə tutmayıb. Pekin Ukraynada Rusiyanın “maraqları” nəzərə alınaraq “sülh” istəyir. Bu isə Rusiyanın Ukraynanın şərqinin işğalını rəsmiləşdirmək anlamı daşıyır.

Tsi Cinpin sülh istəyirsə Putindən sonra Ukrayna prezidenti Volodimir Zelenski ilə də görüşməlidir. Çünki bu görüş olmayacaqsa, Pekinin Rusiyanın maraqları çərçivəsində “vasitəçi” olduğu təsdiq ediləcək. Putinin əlini sıxan və iki gün Moskvada qalan Tsi Cinpin Kiyevə getməyib Zelenski ilə onlayn vasitəsilə müzakirə aparmağa üstünlük verəcəksə, balansı bir daha pozacaq. Bu səbəbdən Pekinin vasitəçiliyi Qərb ölkələrində suallar doğurub. Kiyevin özü də Çin liderinin Moskvaya səfərini diqqətlə izləyib. Kiyev Pekinin sonrakı addımlarını analiz edir. Bu arada, Kiyev meri Vitaliy Kliçkonun Tayvanın xarici işlər naziri ilə təmaslarına dair xəbərlər yayılıb. Pekin Tayvanla təmas saxlayanları sərt tənqid edir. Bununla Pekinə mesaj göndərilib ki, Çin Ukraynanın ərazi bütövlüyünü dəstəkləməsə, öz növbəsində Kiyev Tayvanla təmasları genişləndirə bilər. Əslində ərazi bütövlüyü prinsipi Çin üçün əsas olmalıdır. Çünki Çindən də ayrılmaq istəyən ərazilər var. Pekin yerli separatçılara qarşı sərt tədbirlər görür. Ancaq Rusiyaya gəldikdə Pekin Ukraynanın ərazi bütövlüyünü deyil, dostunu və tərəfdaşının separatçı maraqlarını əsas götürür.

“Atlas” Araşdırmalar Mərkəzi

Hərbi təlimlər kimə qarşıdır?

Rusiya, İran və Çin martın 15-dən başlayaraq Oman körfəzində 4 günlük birgə hərbi təlimlər keçiriblər. Bundan əvvəl fevralın 17-də Rusiya, Çin və Cənubi Afrika Respbulikası Hind okeanında 10 günlük birgə hərbi təlimlər keçirmişdilər. Hazırki hərbi təlimlər “Dəniz təhlükəsizliyi – 2023” adlanırdı. Üç ölkə arasında oxşar birgə hərbi təlimlər 2019-cu ildə də keçirilmişdi. Həmin ildə keçirilən hərbi təlimlər Oman körfəzi ilə yanaşı Hind okeanını da əhatə edirdi.

ABŞ-ın Rusiya, İran və Çinə qarşı müxtəlif sanksiyaları mövcuddur. İsrail İranı uranı zənginləşdirməsinə və bölgədəki müxtəlif qrupları silahlandırdığına görə hədəf götürüb. Buna görə də Rusiya-Çin-İran birgə hərbi təlimləri Qərb ölkələrinin, o cümlədən İsrailin narahatlığına səbəb olub. Hərbi təlimlər zamanı dəniz quldurlarına qarşı birgə mübarizə üsulları tətbiq edilsə də, fərqli məqsədlər də var. Hərbi təlimlər gündüz və axşam saatlarında atışlar həyata keçirilib.

Çin İrandan neft alır. Ona görə də Çin üçün vacib olan nefti İran sahillərindən təhlükəsiz şəkildə daşımaqdır. Pekin buna görə ortaq təlimlərə əhəmiyyət verib. İran da neftini təhlükəsiz şəraidə Çin sahillərinə çatdırmaq istəyir. Bəs Rusiyanın bu təlimlərdə marağı nə idi? Rusiya sadəcə gücünü ABŞ-a göstərməyə çalışır. Ukraynada işğalçı müharibə aparan Rusiyanın Avrasiya və Yaxın Şərq bölgələrində də fəal olduğunu nümayiş etdirmək istəyir. Rusiyanın bir başqa məqsədi də var. Moskva bu təlimlərlə Vaşinqtona mesaj göndərib ki, tankerlərin okeanlarda təhlükəsiz hərəkətinə nəzarət etmək imkanına malikdir. Yəni Rusiya Avropanın enerji  bazarından uzaqlaşdırılsa da, hərbi təlimlərdə iştirak vasitəsilə dünyanın digər bazarlarında fəal olacağına işarə edib.

ABŞ yaxın məsafədən rəqiblərinin hərbi təlimlərini gəmiləri vasitəsilə izləyib. Amerikanın hərbi dəniz qüvvələri hər zaman Oman körfəzində mövcud olub. Moskva-Tehran-Pekin üçbucağı Vaşinqton üçün ciddi təhlükə mənbəyidir. Vaşinqton bu ittifaqı zəiflətmək üçün dövlətlərdən biri ilə sıx əməkdaşlığa malik olmalıdır. Ancaq Vaşinqtonun hər üçü ilə münasibətləri gərgindir. Vaşiqnton Çini oyundankənar vəziyyətə salmaq istəyir. Ancaq hələ ki, bunu reallaşdıra bilməyib. Pekin Rusiyanın Ukraynaya qarşı müharibəsini dəstəkləmir. Ancaq Pekin eyni zamanda Kremli müharibəyə görə qınamır. Əksinə Çin lideri Tsi Cinpinin Moskvaya səfəri başlayıb. O dostu Vladimir Putinlə tərəfdaşlığın genişləndirilməsi mövzularını müzakirə edəcək.

“Atlas” Araşdırmalar Mərkəzi

İranla Səudiyyə Ərəbistanı barışa biləcəkləmi?

İran və Səudiyyə Ərəbistanı münasibətləri normallaşdırmaq barədə razılığa gəliblər. Münasibətlərin normallaşması ilə bağlı danışıqlar Pekində keçirilib. Görüş yerinin Çin paytaxtı seçilməsi təbii idi. Pekin həm İran, həm də Səudiyyə Ərəbistanlı ilə sıx münasibətlərə malikdir və bu iki dövlət arasında gərginliyin azalmasını istəyir. Çin lideri Si Tsinpin müxtəlif vaxtlarda həm İrana, həm də Səudiyyə Ərəbistanına səfər edib. Tehran və Ər-Riyad eyni zamanda Çinlə tərəfdaşlıq əlaqələrini genişləndirmək istəyirlər. Pekinə çətin olacaq. Çünki siyasətləri bir-birinə zid olan İran və Səudiyyə Ərəbistanını uzun müddətə barışdırmaq problematikdir.

Buna baxmayaraq, İran və Səudiyyə Ərəbistanı iki ay ərzində diplomatik münasibətləri bərpa etmək, səfirlikləri açmaq barədə razılığa gəliblər. İki ölkənin xarici işlər nazirləri qərarı həyata keçirmək üçün yaxın günlərdə görüşəcək. İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian deyib ki, İran və Səudiyyə Ərəbistanı arasındakı əlaqələrin normallaşması iki ölkəyə, regiona və İslam dünyasına böyük töhfə verəcək.

İranla Səudiyyə Ərəbistanın münasibətləri tam normallaşacağını gözləmək çətindir. Çünki Tehran bölgə ölkələrinin daxili işlərinə qarışır, müxtəlif silahlı qrupları dəstəkləyir və bu siyasətindən əl çəkmək istəmir. Misal üçün Tehran Yəməndəki silahlı qruplaşmanaları dəstəkləyir, onlar isə qonşu Səudiyyə Ərəbistanına problemlər yaradırlar. Tehran bu siyasətindən əl çəkəcəkmi? Çətin. Deməli, münasibətlərdə gərginlik azalmayacaq. Tehrandakı dairələr isə Səudiyyə Ərəbistanın İrandakı narazı qüvvələri dəstəklədiyini, bəzilərini isə silahlandığını iddia edirlər.

Buna baxmayaraq, diplomatik münasibətlərin bərpası Tehran üçün vacibdir ki, Qərbin sanksiyaları fonunda Səudiyyə Ərəbistanın simasında rəqiblərdən birinin neytral siyasətə sövq edə bilsin. Ancaq yarana biləcək kiçik problem yenidən iki ölkə arasında diplomatik münasibətləri qopma nöqtəsinə gətirəcək. Çünki İrandakı mühafizəkar rejim “ənənəvi siyasətindən” imtina etməyəcək.

 “Atlas” Araşdırmalar Mərkəzi

Putinin Azərbaycandan istəyi var

Rusiya prezidenti Vladimir Putin martın16-da Rusiya Sənayeçilər və Sahibkarlar İttifaqının qurultayında çıxışı zamanı Dağıstan-Azərbaycan-İran yolunun tikintisini tezləşdirməyi təklif edib. Kreml sahibi Dağıstan-Azərbaycan-İran yolunun tikintisini sürətləndirməyi və maliyyə mənbələrini dəqiqləşdirməyi tapşırıb. Onun sözlərinə görə, Şimal-Cənub dəhlizi kimi, bu yola da hər zaman ehtiyac olacaq. Putin vurğulayıb ki, mürəkkəb geosiyasi vəziyyətə baxmayaraq, yolun inşasına bütün tərəflər razılıq verib.
Putin səsləndirdiyi layihə hazırki şərtlər daxilində necə reallaşacaq? Kreml sahibi sonuncu cümləsində özü də etiraf edib ki, bölgədə mürəkkəb geosiyasi vəziyyət mövcuddur. Putin bunu deyərkən hər halda İranla Azərbaycan arasındakı gərgin münasibətləri də nəzərdə tutub. Əlbəttə, Azərbaycan müxtəlif regional layihələrin reallaşmasında maraqlıdır, Şimal-Cənub nəqliyyat dəhlizi də bölgədəki çəkimizi artıra bilər. Ancaq bu layihəni reallaşdırmadan əvvəl İran Azərbaycanla bağlı siyasətini korrektə etməli, təxribatlardan əl çəkməlidir. Şimal-Cənub nəqliyyat dəhlizi Qərbin sərt sanksiyalarından əziyyət çəkən Rusiya və İran üçün əhəmiyyətlidir. Belədirsə, hər iki dövlət Azərbaycanın ərazi bütövlüyünə hörmət etməlidir. Ancaq Rusiya bölgədə erməni separatizmini bəsləyir, İran isə həm bunu edir, həm də Zəngəzur dəhlizinin açılmasını əngəlləməyə çalışır. Bu şərtlər altında Şimal-Cənub nəqliyyat dəhlizinin perspektivi dumanlıdır.

Haqqımızda

“Atlas” Araşdırmalar Mərkəzi 2003-cü ildə bir qrup siyasi ekspert tərəfindən Bakıda təsis olunub. Mərkəzin rəhbəri siyasi analitik Elxan Şahinoğludur.

Sayğac

Girish
Bugun
Umumi 268760
azAZ