Ay: Mart2023

Vaşinqon bu sahəni nəzarətə götürmək istəyir

“Wall Street Journal” dərgisində yayımlanan məqaləyə görə, ABŞ Çinə qarşı yeni sanksiyalar paketi tətbiq etməyə hazırlaşır. Vaşinqton Amerika şirkətlərinə Çinin bir sıra texnoloji sahələrinə yatırım qoymağı qadağan edəcək. Vaşinqton Çinin mikrosxemlərin istehsalında liderliyini əngəlləmək istəyir. Pekin Vaşinqtonu Ümumdünya Ticarət Təşkilatının qaydalarını pozmaqda ittiham edib.

“Reuters” agentliyinin xəbərinə görə, Vaşinqton Çinin yarımkeçiricilər sahəsinin inkişafını da əngəlləməyə çalışır. Amerika vətəndaşlarına Çinin texnoloji şirkətlərində işləmək qadağan ediləcək. Vaşonqtonda hesab edirlər ki, Pekin illər uzunu Amerika şirkətlərinin texnoloji kəşflərindən istifadə edərək Çinin eyni sahədə fəaliyyətini genişləndirib və bu naliyyətlərdən ordunun təhcizatı üçün istifadə olunub.

ABŞ-ın əngəllərinə ilk reaksiya Çinin bu ölkədəki səfirliyindən gəlib. Səfirliyin yaydığı açıqlamada, heç bir qadağanın Çin elminin və texnologiyalarının inkişafına mane olmayacağı bildirilib. Qadağalar dövlət katibi Entoni Blinkenin Çinə səfərindən sonraya saxlanılmışdı. Ancaq səfər Amerika səmasında Çin kəşfiyyat şarlarının uçması səbəbindən təxirə salındı. Bu səbəbdən Vaşinqton qadağa qərarlarını daha erkən verəcəyini bəyan edib.

Pekin ABŞ qadağalarına qarşı mübarizə strategiyası hazırlamağa başlayıb. Çin lideri Tsi Sinpinin baş müşaviri Lyu Xenin sözlərinə görə, ölkə təhlükəsizliyi və modernləşdirilməsi üçün gərəkən bütün addımlar atılacaq. Ancaq bəyanatla problem həll olunmur.

Çində yüksək texnologiyalar və çiplərin istehsalı sahələri üzrə mütəxəssislərin sayı çox deyil. Yəni Amerika Çinə problem yarada bilər. 2024-ci il üçün Çinin yarımkeçiricilərin sənayesində 800 min işçiyə ehtiyacı olacaq. Çin bunların üçdə bir hissəsini xarici ölkələrdən cəlb etməyi planlaşdırır. Çin Yaponiya, Cənubi Koreya və Hollandiyaya müraciət edərək yarımkeçiricilərin istehsalında əngəllərə qarşı birgə mübarizə aparmağı təklif edib. Bu ölkələrin Çinin çağırışına müsbət cavab verəcəyi çətindir. Bu ölkələr ABŞ-la strateji tərəfdaşdırlar. Əksinə Vaşinqton tərəfdaşlarının Çinin yüksək texnologiyalar istehsalına qoyulan qadağalara şərik olmasını istəyir.

“Atlas” Araşdırmalar Mərkəzi

 

Ermənilər atəşkəsi niyə pozublar?

Ermənilər eyni səhvi təkrarlamaqda davam edirlər. 2016-cı ilin aprel ayında atəşkəsi pozdular, Azərbaycan ordusu əks-həmlə ilə cavab verdi, 2020-ci ilin iyul ayında Tovuzda mövqelərimizi atəşə tutdular, itki verdik, zərbələr endirdik və bu hadisə böyük müharibəni yaxınlaşdırdı, sentyabr ayında yenə təxribata baş vurdular, İkinci Qarabağ müharibəsi başladı. Martın 13-də Ermənistan silahlı qüvvələri müxtəlif istiqamətlərdəki Qarabağdakı mövqelərimizi, o cümlədən erməni separatçıları Rusiya hərbi kontingentinin yerləşdiyi ərazidən Xocalı rayonu istiqamətindəki mövqelərimizi atəşə tutublar.

Bu təxribat da Azərbaycan ordusunun növbəti hədəflərinə çatmasını sürətləndirməlidir. Ermənilər bilirlər ki, Azərbaycan ordusu Laçın yolunda nəzarət-buraxılış məntəqəsi yaradacaq. Digər tərəfdən erməni icmasının nümayəndələrinə növbəti görüşü Bakıda keçirməyi təklif ediblər. Bu təşəbbüslərimizi mövqelərimizi atəşə tutmaqda əngəlləməyə çalışıblar. İşin içində Rusiya hərbi kontingenti, onların təsiri altında olan erməni separatçıları və Ermənistandakı “Qarabağ klanı” var. Qarşımızda kim olursa-olsun, Laçın yolunda nəzarət-buraxılış məntəqəsinin yaradılmasını uzatmaq olmaz.

İlham Əliyev Berlində nəyi müzakirə edəcək?

Prezident İlham Əliyev Almaniyaya işgüzar səfər dəvət edilib. Bundan bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Almaniyaya işgüzar səfərə dəvət edilmişdi. Qısa müddətdə ərzində Azərbaycan prezidenti ilə Ermənistanın baş nazirinin Berlinə dəvət olunması Almaniya hökumətinin Cənubi Qafqaza artan marağından irəli gəlir. Bir tərəf qonaq qismində dəvət olunursa, o biri tərəfə də eyni münasibət göstəriləməlidir. Çünki Paşinyan boşluqdan istifadə edərək Berlində Azərbaycan əleyhinə açıqlamalar vermişdi. Balans bərpa olunmalı idi.
Almaniya kansleri Olaf Şolts Paşinyanla birgə mətbuat konfransında “Dağlıq Qarabağ vətəndaşlarının öz müqəddəratını təyinetmə hüququnu nəzərə alan dinc həll yolu tapılmalıdır” cümləsini işlətmişdi. Bir gün sonra
Almaniya hökumətinin saytından Şotlsun bu cümləsi çıxarılsa da, kanslerin bölgə haqqındakı baxışıyla bağlı şübhəmiz ortadan qaldırılmadı. Bu dəfə Şolts prezident İlham Əliyevlə görüşəcək. Əslində Berlin hər iki tərəfdən bərabər məsafə saxlamaqla Parsin Cənubi Qafqazda itirdiyi yeri tuta bilər. Fransa İkinci Qarabağ müharibəsindən sonra balansı tamamən Ermənistanın xeyrinə pozduğu üçün keçmiş vasitəçi statusunu itirib. Bu səbəbdən rəsmi Bakı Fransanın heç bir təşəbbüsünü qəbul etmir. Berlin bu boşluğu doldurmağa iddialıdırsa Qarabağ mövzusuna qarışmadan Azərbaycanla Ermənistan arasında danışıqların intensivləşdirilməsinə Brüssellə birgə fayda verə bilər.

Ermənilər Bakıya dəvət olundu

İllər uzunu bizdən tələb edirdilər ki, Qarabağ separatçılarıyla birbaşa dialoqa başlayaq. Mövqeyimiz beləydi ki, torpaqlarımızı Ermənistan işğal edib, danışıqlar ancaq İrəvanla aparıla bilər və Minsk Qrupu formatında bu proses aparılırdı. İkinci Qarabağ müharibəsindən sonra Ermənistanla Qarabağ mövzusunun müzakirəsi dayandırıldı. Çünki Qarabağ daxili məsələmizdir, bunu bir başqasyıla müzakirə etmək doğru deyil. Müharibədən sonra Qarabağın erməni icmasının nümayəndələriylə bir neçə dəfə görüş olub. İndi erməni icmasının nümayəndələri danışıqların davamı üçün Bakıya dəvət edilib. Nə qərar verəcəkləri maraqlıdır. İllər boyu deyirdilər ki, “rəsmi Bakı bizimlə birbaşa dialoq aparsın”. Bu da dialoq, daha bəhanələri qalmayıb. Erməni icmasının nümayənədələriylə Qarabağda – Laçının ətrafında və Xocalıda təmas olub, indi növbə paytaxt Bakınındır.

Yeni ittifaq formalaşıb

Hindistan, Avstraliya və Yaponiya Çinə qarşı birliyi gücləndirməyə qərar veriblər. Avstraliyanın baş naziri Entoni Albaneze Hindistana səfər edərək, baş nazir Narendra Modi ilə ikitərəfli əlaqələrin inkişafını müzakirə edib. Yaxın günlərdə Yaponiyanın baş naziri Fumio Kisidonun da Dehliyə səfəri planlaşdırılıb. Bu ölkələr ABŞ birlikdə QUAD adlı dördtərəfli dialoq formatı yaradıblar. Format Çinin bölgədə artan gücünə qarşıdır. Təşkilat mayın 24-də zirvə toplantısına hazırlaşır.

Hindistanla Avstraliya arasında sammitlər hər il keçirilir. Baş nazirlər görüşür və fikir mübadiləsi aparırlar. “Böyük iyirmilərin” (G20) hazırki sədri kimi Hindistan Avstraliya ilə hərbi əməkdaşlığı genişləndirməyi planlaşdırır. Avstraliyanın baş naziri Hindistanla əlaqələrin möhkəmlənəcəyinə ümidlidir: “Strateji tərəfdaşlığı gücləndirməliyik. Hərbi, iqtisadi və texnologiya sahələrində ortaq laiyəhələrin reallaşdırılmasına ehtiyac var”.

Hindistan kimi Avstraliya da ordusunu gücləndirir. Avstraliya “Boeing” şirkətindən 29 “Apache” markalı hərbi helikopter alınmasıyla bağlı müqavilə imzalayıb. Bu helikopterlər ən müasir avadanlıqlarla təhciz olunub. Avstraliya bundan başqa hərbi təyyarələri və gəmiləri üçün raketlər, tank və müxtəlif zirehli texnikalar da alıb. Avstraliya ABŞ və Böyük Birtaniya ilə əməkdaşlıq çərçivəsində atom sualtı gəmilər istehsal etməyə başlayacaq. Bu əməkdaşlıq formatı isə ölkələrin baş hərflərinə uyğun olaraq AUKUS adlanır.

Bu arada, ABŞ Sakit və Hind okeanı bölgəsində hərbi gücünü artırıb. ABŞ bölgədəki müxtəlif tərəfdaşları ilə ikitərəfli və çoxtərəfli əsaslarda hərbi təlimlər keçirir. Son təlimlər Yaponiya sahillərində keçirilib. Çünki son vaxtlar Çin Rusiya ilə birgə Yaponiya sahillərinə yaxın ərazilərdə hərbi təlimlər keçirib. Bundan başqa Şimali Koreya Yaponiya sahillərinə yaxın ərazilərdə raket sınaqları keçirib. Bu Tokio və onun müttəfiqlərini ciddi narahat edib. Ona görə də bölgə ölkələri birgə hərbi təlimlər vasitəsilə Çin, Şimali Koreya və Rusiyaya ciddi mesaj göndəriblər.

Pekin Çinə qarşı yaradılan siyasi və hərbi birliklərin uğursuzluğa düçar olacağı qənaətindədir. Pekin bölgənin hərbiləşdirilməsinin əleyhinə çıxsa da, özü bölgədə hərbi gücünü artırıb, okeanlara yeni gəmilər buraxıb. Çinin hərbi gəmiləri Tayvan və Yaponiya sahillərinə yaxın ərazilərdə üzürlər. Bölgə ölkələrini Çinin bu il üçün hərbi büdcəsini 7 faiz artırması da narahat edib. Bu 225 milyard dollardır. Müqayisə üçün Hindistanın hərbi büdcəsi 73 milyard dollar, Avstraliyanın hərbi büdcəsi 48 milyard dolar, Yaponiyanın hərbi büdcəsi isə 51 milyard dollardır. Göründüyü kimi, Çinin hərbi büdcəsi bu ölkələrin birgə hərbi büdcəsinin tamamından çoxdur.

“Atlas” Araşdırmalar Mərkəzi

Ermənistandan Qarabağa verilən qaz qanunsuzdur

Ermənistan saytları xəbər yayıblar ki, “Azərbaycan Ermənistandan Qarabağa ötürülən qazı yenə kəsib”. Bu məsələyə birdəfəlik son qoymaq lazımdır. Ermənistandan Qarabağa çəkilən boru xətti də, ötürülən qaz da Azərbaycan qanunlarına, o cümlədən beynəlxalq hüquqa ziddir. Azərbaycan Xarici İşlər Nazirliyinin bu səpgidə bəyanat yaymasına ehtiyac var ki, kimsə bizi ittiham etməsin. Boru xətti işğal dövründə çəkilib və Ermənistan Azərbaycanla razılaşdırmadan, heç bir saziş imzalamadan ərazimizə qaz ötürür. Azərbaycanda qaz mərkəzləşdirilmiş şəkildə paylaşdırılır, Qarabağın ermənilərinə anlatmalıyıq ki, qazın istifadəsini Azərbaycan qanunlarına uyğunlaşdırmaq lazımdır, əks halda Ermənistandan qanunsuz qaz ala bilməyəcəklər. Bu deyilənlər Ermənistandan Qarabağa ötürülən digər qanunsuz kommunikasiya xətlərinə də aiddir.

Türkiyədə kim prezident seçiləcək?

Türkiyə Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğan doğru qərar verdi, prezident və parlament seçkisini təxirə salmaq siyasi və hüquqi baxımdan doğru olmazdı. Seçki mayın 14-də keçiriləcək. Əlbəttə, dəhşətli zəlzələnin nəticələrindən çıxış edərək seçkinin 6 ay və ya 1 il sonraya təxirə salınmasıyla bağlı fikirlər səsləndi. Ancaq Türkiyə Konstitusiyasına görə, ancaq müharibə halında seçki təxirə salına bilər. Digər tərəfdən ölkəni bir il seçki gərginliyi vəziyyətində saxlamaqdansa seçkinin qısa müddətdə keçirilməsinə üstünlük verildi.
Qardaş Türkiyədə maraqlı seçki kampaniyası izləyəcəyik. Ən çox üzləşdiyim suallar bunlardır: “Kim seçiləcək” , “hansı namizədə üstünlük verirsiniz” və “Ərdoğan məğlub olarsa bu Türkiyə-Azərbaycan ittifaqına mənfi təsir edə bilərmi”. Birinci iki suala cavabım budur ki, kim seçiləcəksə Türkiyə üçün xeyirli-uğurlu olsun, Türkiyə vətəndaşlarının seçiminə hörmətlə yanaşmalıyıq. Sonuncu suala cavabım isə belədir ki, Ərdoğan Türkiyə-Azərbaycan ittifaqının güclənməsi üçün böyük işlər gördü, İkinci Qarabağ müharibəsində dəstəyini heç zaman unutmayacağıq. Heç kim əbədi deyil, qardaş ölkənin gələcək Cumhurbaşqanlarının Ərdoğanın Azərbaycanla bağlı müttəfiqlik siyasətini davam etdirəcəklərinə inanıram, ortada müttəfiqliyi rəsmiləşdirən “Şuşa bəyannaməsi” var. Türkiyə cəmiyyəti və ordusu heç bir Cumhurbaşqanının Azərbaycanın təhlükəsizlik maraqlarını nəzərə almamasını qəbul etməz.

Amerikalı diplomat niyə yenidən Bakıya qayıdıb?

ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono martın 6-da Bakıda prezident İlham Əliyevlə görüşdükdən sonra İrəvana gedib Nikol Paşinyanla fikir mübadiləsi apardı. Adətən bölgəyə gəliş iki ölkəyə səfərlə yekunlaşır. Ancaq amerikalı diplomat yenidən Bakıya qayıdaraq xarici işlər naziri Ceyhun Bayramovla görüşüb. Məsələ burasındadır ki, Bono martın 6-da Bakıda olanda Ceyhun Bayramov ölkədə yox idi. Fikrimcə, amerikalı diplomatın Bakıya qayıdışı yalnız Ceyhun Baryamovla görüşlə bağlı deyildi. Bono Bakıdan İrəvana və yenidən Bakıya geri qayıtmaqla iki ölkə arasında sülh sazişi üzərində danışıqları intensivləşdirmək istəyir. Digər tərəfdən Bononun bölgədə olduğu müddətdə Qarabağda toqquşma baş verib. Vaşinqton yeni müharibənin qarşısını da almağa çalışır.

Ermənistan təşkilatı tərk edəcək

Baş nazir Nikol Paşinyan hakimiyyətə gələn kimi Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının erməni baş katibi Yuri Xaçaturov haqqında cinayət işi açdı və təşkilat rəhbərsiz qaldı. Bu hadisə Kremlin ciddi narazılığına səbəb oldu, çünki başsız qalan təşkilatın fəaliyyəti bir müddət iflic oldu və bu Qərblə mübarizə aparan Rusiya üçün imic zərbəsi idi. Paşinyan İkinci Qarabağ müharibəsində sonra təşkilatın ünvanına tənqidlərini artırdı, KTMT-nin Ermənistanı müdafiə etmədiyini bildirdi. Paşinyan bugünlərdə Berlindəki çıxışında təşkilatı sabun köyünə bənzətdi. İrəvan təşkilatın bu il Ermənistanda nəzərdə tutulan təlimlərindən imtina edib. Paşinyan təşkilata növbəti zərbəsini vurub. Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibinin müavini kvotasından imtina edib. Qaldı bircə addım – KTMT üzvülüyünü tərk etmək. Hadisələr buna doğru gedir.

Vaşinqtonun Mərkəzi Asiyadan gözləntisi var

Hindistanda “böyük iyirmilərin” xarici işlər nazirlərinin toplantısından əvvəl bir-birinə rəqib dövlətlərin nazirləri fərqli məkanlarda oldular. Rusiyanın xarici işlər naziri Sergey Lavrov fevralın 27-də Bakıya gəldi və buradan Dehlidəki toplantıya qatıldı. ABŞ dövlət katibi Entoni Blinken isə Mərkəzi Asiya ölkələrinə səfər etdikdən sonra Dehliyə getdi.

Entoni Blinken Mərkəzi Asiya ölkələrində 5+1 formatında keçirilən toplantıda iştirak etdi. Bu toplantıda Blinkenlə yanaşı 5 Mərkəzi Asiya ölkəsinin xarici işlər naziri qatılmışdı. Bu format 2015-ci ildən fəaliyyət göstərir. Blinken Qazaxıstan və Özbəkistan prezidentləri ilə də görüşərək əlaqələrin genişlənməsiylə bağlı geniş fikir mübadiləsi apardı.

Vaşinqtonun bu bölgə ilə əməkdaşlığının əsas məqsədi Rusiya və Çinin Mərkəzi Asiyadakı təsir gücünü azaltmaqdır. Ancaq buna nail olmaq üçün ABŞ-ın Mərkəzi Asiya ölkələrinə yatırımları artmalıdır. Əks halda Rusiya və Çini bölgədə sıxışdırmaq mümkün olmayacaq. Rusiya və Çinin xeyrinə işləyən bir neçə amil var.

Birincisi, Mərkəzi Asiya ölkələrinin milyonlarla vətəndaşı Rusiyada ucuz işçi qüvvəsi kimi çalışır və qazandıqlarını evlərinə göndərirlər. Həmin maliyyə Mərkəzi Asiya ölkələrinin büdcələrində müəyyən paya malikdir.

İkincisi, Mərkəzi Asiya ölkələrindən bir neçəsinin boru xətti Rusiya üzərindən keçir. Qazaxıstan öz neftini, Türkmənistan isə qazını Rusiyadan keçən boru xətləri üzərindən dümya bazarlarına daşıyırlar. Doğrudur, bu zaman Rusiya Qazaxıstana və Türkmənistana şərtlərini də diqtə edir. Qazaxıstan və Türkmmənistanın Çinlə də enerji əməkdaşlığı mövcuddur.

Üçüncüsü, Çinin Mərkəzi Asiya ölkələrinə milyardlarla dollar yatırımları var. Mərkəzi Asiya ölkələrinin Çinə böyük borcları var. Pekin bu borcların əvəzində bır sıra hallarda həmin ölkələrə şərtlərini diqtə etməyə çalışır.

Buna baxmayaraq, Vaşinqton Mərkəzi Asiya ölkələrini Rusiya və Çin təhlükəsi barədə məlumatlandırır. Misal üçün Entoni Blinken Astanada keçirdiyi mətbuat konfransı zamanı Rusiyanı ismini 10 dəfə hallandıraraq hər dəfəsində bu ölkəni təcəvazkür adlandırıb. Blinken mətbuat konfransında Qazaxıstan prezidenti Tokayevin islahatlar proqramına dəstək verdiyini də bildirib.

Blinken mətbuat konfransında Çinin adını hallandırmasa da, qapalı görüşlərdə mərkəzi asiyalı həmkarlarını Pekinlə münasibətlərdə də diqqətli olmağa çağırıb. Çin 2023-cü ildə büdcəsinin hərbi xərclərini 7 fazi artırıb. Bu təxminən 225 milyard dollara bərabərdir.

Pekin hərbi xərclərin artırılmasını üzləşdikləri çağırışlarla əlaqələndirib. Aydındır ki, söhbət Tayvan ətrafında artan gərginlikdən gedir. Ancaq Çinin Tayvan və ABŞ-la yanaşı qonşu ölkələrlə münasibətlərində də gərginlik var. Pekin bu səbəbdən hərb xərclərini artırıb. Pekinin Mərkəzi Asiya ölkələri ilə münasibətlərində gərginlik yoxdur. Buna baxmayaraq, Çinin artan hərbi gücü Mərkəzi Asiya ölkələri tərəfindən də diqqətlə izlənilir.

“Atlas” Araşdırmalar Mərkəzi

Haqqımızda

“Atlas” Araşdırmalar Mərkəzi 2003-cü ildə bir qrup siyasi ekspert tərəfindən Bakıda təsis olunub. Mərkəzin rəhbəri siyasi analitik Elxan Şahinoğludur.

Sayğac

Girish
Bugun
Umumi 269521
azAZ