Ay: Aprel2023

NATO nüvə dövlətlərindən ehtiyatlanır

NATO baş katibi Yens Stoltenberq son çıxışlarından birində nüvə təhlükəsindən danışıb. Rusiyanın son bir neçə ayda Qərbi nüvə silahı ilə hədələməsi məlum faktdır. Rusiya prezidenti Vladimir Putin və ətrafındakı rəsmilər bir neçə dəfə Qərb ölkələrini nüvə silahıyla hədələyiblər. Bu Rusiyanın Ukrayna müharibəsindəki uğursuzluları ilə bağlıdır. Çünki Kreml Ukraynadakı hədəflərinə çatsaydı, Rusiya rəsmilərinin Qərbi nüvə silahıyla hədələməsinə ehtiyac qalmazdı. Ancaq Rusiyada onu da anlayırlar ki, nüvə silahıyla qorxutmağa çalışdıqları ölkələrin də nüvə silahı var.  

Rusiya ilə yanaşı Çin, İran və Şimali Koreyanın nüvə çalışmaları da beynəlxalq aləmin narahatlığına səbəb olub. NATO baş katibinin əsas qorxusu bununla bağlıdır: “Qlobal təhlükəsizlik təhdidlərlə də üzləşir, Çin öz imkanları barədə heç bir şəffaflıq təmin etmədən nüvə arsenalını sürətlə gücləndirir, İran və Şimali Koreya açıq şəkildə nüvə proqramlarını inkişaf etdirirlər”. Yens Stoltenberqin sözlərinə görə, nüvə silahı və digər silahlarla yanaşı, süni intellekt və yeni texnologiyalar da meydana çıxmaqdadır ki, onlar da risklər yaradır və bu risklər gözardı edilməməlidir: “Dünyamız daha təhlükəli və daha az proqnozlaşdırıla bilən olub”.

Stoltenberqin fikrincə, keçmiş illərdə nüvə təhlükəsizliyi ilə bağlı imzalanan sazişlər təhdid olunur, yəni həmin müqavilələr etibarlı deyil: “Bu müqavilələr dostlar arasında imzalanmayıb, əksinə rəqiblər arasında imzalanıb. Və bu müqavilələrin çoxunu biz gərginliyin ən yüksək anında imzalamağa nail olmuşuq. Bu “soyuq müharibə” dövründə baş verib və indi də baş verə bilər”.

Stoltenberq Çinin 2035-ci ilə qədər 1500 nüvə başlığına sahib olacağını vurğulayıb. Stoltenberq Pekinin siyasəti haqqında danışarkən, Çinin qlobal güc olmasıyla bağlı qlobal məsuliyyət daşıdığını bildirib. Görünür, Stoltenberq bunu ona görə deyib ki, Çin ABŞ və Rusiyadan fərqli olaraq nüvə silahlarıyla bağlı sazişlərə imza atmayıb və özünü rahat hiss edir. “Soyuq müharibə” illərində nüvə silahlarının azalması və nəzarət altında saxlanılmasıyla bağlı sazişləri öz aralarında iki əsas rəqib – ABŞ və SSRİ imzalayıb. Çinə o illərdə diqqət yetirilmədiyinə görə Pekin boşluqdan öz məqsədləri üçün istifadə edib. Beynəlxalq aləmdə mövcud olan hazırki ziddiyətli şərtlər daxilində Çin nüvə silahının istehsalını nəzarət altına alacaq heç bir beynəlxalq sazişə imza atmayacaq. Bu Pekinin maraqlarına ziddir.

Bu arada, “Vashington Post” qəzeti Pentaqonun internetə sızan sənədlərinə istinadən məlumat yayıb ki, Çin ordusu səsdən üç dəfə sürətli olan və yüksək hündürlükdə kəşfiyyat apara bilən pilotsuz uçuş aparatlarının istehsalına hazırlaşır. Məqalədə Çin ordusunun texnoloji uğurlarının xeyli təcccüb və heyrət doğurduğu yazılıb. Çin yeni müasir dronları və raketləri ilə Tayvan ətrafındakı ABŞ hərbi gəmilərini və yaxınlıqdakı ABŞ hərbi bazalarını hədəfə ala bilər.

“Atlas” Araşdırmalar Mərkəzi

Vaşinqton Ermənistanı cəzalandıracaqmı?

ABŞ Konqresinin bir qrup ermənipərəst konqresmeni yenə fəallaşıb, Azərbaycanın Ermənistanla sərhədlərini nəzarət altına alınmasına qarşı bəyanatlar verirlər. Halbuki, Konqres Ermənistanın siyasəti ilə bağlı sərt bəyanat verməlidir.

ABŞ Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaları nəzarət altında saxlamağa çalışır. Çünki, Vaşinqton hesab edir ki, Rusiyaya qonşu olan bir qisim ölkə sanksiyaları nəzərə almırlar. Bu baxımdan ABŞ maliyyə nazirinin müavini Elzabet Rozenberqin Mərkəzi Asiya ölkələrinə səfəri diqqət mərkəzindədir. O keçirdiyi görüşlərdə Mərkəzi Asiya ölkələrini Rusiyanın sanksiya altında olan şirkətləriylə əməkdaşlıqdan çəkindirməyə çalışıb. Bundan əvvəl Mərkəzi Asiya ölkələrinə dövlət katibi Entoni Blinken və digər amerikalı rəsmilər səfər etmişdilər. Onlar da səfər etdikləri ölkələri Rusiyanın sanksiya altında olan şirkətləriylə əməkdaşlıqdan imtinaya çağırmışdılar. Avropa İttifaqının nümayənlərinin də Mərkəzi Asiya ölkələrinə səfərləri qeydə alınıb.

ABŞ və Avropa İttifaqı bir sıra dövlətlərə seçim təklif edib: Ya dünya iqtisadiyyatı çərçivəsində əməkdaşlığa davam etmək, ya da Rusiyaya maddi dəstək qarşılığında məhrumiyyətlərlə üzləşmək. Vaşinqton və Brüsseldə hesab edirlər ki, bir qisim dövlətin Rusiya ilə idxal-ixrac əməliyyatları artıb. Bu da Vaşinqton və Brüsseldə şübyə yaradıb ki, həmin dövlətlər ABŞ və Avropadan aldıqları məhsulları sonradan Rusiyaya satırlar. ABŞ Maliyyə Nazirliyinin siyahısında şübhəli 18 dövlətin adı çəkilib. Bunların içərisində Mərkəzi Asiya ölkələri ilə yanaşı Ermənistan da yer alıb. Ermənistanın son aylarda Rusiyaya ixracı xeyli dərəcədə artıb. Bu Qərbdə şübhələr yaradıb ki, Ermənistan Kremlin istəyi ilə Qərb ölkələrindən aldığı məhsulları Rusiyaya ötürür. Mexanizm belədir: Rusiyanın sanksiya altında olan şirkətləri lazımi avadanlıqları əldə etmək üçün Ermənistan banklarına pul köçürür, həmin pulla Ermənistan Qərbdən gərəkli avadanlıqları alaraq Rusiyaya ötürür. Ermənistandan fərqli olaraq Qazaxıstan Rusiya ilə ixdal-ixrac əməliyyatlarında ehtiyatlı mövqeyə üstünlük verməyə çalışır. Təsadüfi deyil ki, Astana bir müddət əvvəl Moskvadakı ticarət nümayəndəliyini qapadıb.

Vaşinqton Pekinin də Rusiyanı sanksiyalardan qurtarmağa çalışdığını müşahidə edir. Çinin nəhəng şirkətləri Qərb sanksiyalarıyla hesablaşaraq Rusiya ilə ticarətə diqqət yetirirlər. Çünki Çinin həmin şirkətləri Qərbin sanksiyaları ilə üzləşmək istəmirlər. Bu halda həmin şirkətlər ABŞ və Avropa bazarını itirə bilərlər. Buna baxmayaraq, rəsmi Pekinin regional siyasəti Rusiyanın xeyrinədir və Kreml bu yolla sanksiyalardan qurtulmağa çalışır. Misal üçün Pekinin Səudiyyə Ərəbistanı ilə İranı barışdırması Moskvanın işinə yarayıb. Pekin Körfəz ölkələriylə sıx əlaqələr qurmaqla ABŞ-ın bu bölgəyə təsirini azaltmağa çalışır. Belə olan halda körfəz ölkələri həm İran, həm də Rusiya ilə əlaqələr qurmağa başlayırlar. Səudiyyə Ərəbistanı martın ilk 10 günündə Rusiyadan 2.5 milyon ton dizel yanacağı alıb. Vaşinqtonda şübhələnirlər ki, Səudiyyə Ərəbistanı Rusiyadan aldığı nefti emal etdikdən sonra müxtəlif ölkələrə satır. Bu səbəbdən Vaşinqton Ər-Riyadla dialoq genişləndirib. Pekinin vasitəçilik təşəbbüsləri və körfəz ölkələrinin İranla dialoqu Vaşinqtonda narahatlıq doğurub.

“Atlas” Araşdırmalar Mərkəzi

Ukrayna Hindistanı seçib

Ukrayna xarici işlər nazirinin birinci müavini Əminə Cabbarovanın bir müddət əvvəl Hindistana işgüzar səfəri beynəlxalq medianın diqqət mərkəzində olub. Əminə Cabbarova Hindistanın xarici işlər nazirinin müavini Minakşi Lexi və baş nazirin milli təhlükəsizlik üzrə müşavirinin müavini Vikram Misri ilə görüşüb. Dehlidə iki ölkə arasında ikitərəfli əməkdaşlığın gücləndirilməsi, ticarət-iqtisadi, elmi-texniki, sənaye və mədəni əməkdaşlıq üzrə hökumətlərarası Ukrayna-Hindistan komissiyasının işinin bərpası müzakirə edilib. Cabbarovanın sözlərinə görə, görüşlər zamanı o Hindistan hökumətini Ukrayna prezidenti Volodimir Zelenskinin sülh formulunu dəstəkləməyə çağırıb.

Kiyev Çinin Rusiya ilə strateji tərəfdaşlığını gücləndirməsindən narahatdır. Çinin Fransadakı səfiri Lou Şaye Fransanın “LCI” telekanalına danışarkən Krımı “rus əsilli” adlandırması Kiyevin Pekinin siyasəti ilə bağlı narahatlığını artırıb. Çin səfiri ümumiyyətlə müstəqilliyini qazanan keçmiş sovet ölkələrinin “beynəlxalq hüquqda effektiv statusunun olmadığını” da bildirib. Çinli diplomatın sözlərinə  görə, müstəqilliyini qazanan dövlətlərin “suveren ölkə statusunu reallaşdıracaq heç bir beynəlxalq müqavilə yoxdur”. Çinli səfirin “məntiqinə” görə Ukrayna, Gürcüstan, Azərbaycan və SSRİ-nin tərkibində olan keçmiş respublikaların müstəqilliyi nominal xarakter daşıyır. Ukraynanın Fransadakı səfiri Vadim Omelçenko çinli diplomatın açıqlamalarına sərt reaksiya verib. Ukraynalı diplomatı deyib ki, çinli həmkarının coğrafiya ilə bağlı problemləri var. Ukrayna səfiri çinli diplomatın Pekinin Ukraynanın ərazi bütövlüyünü tanımasıyla bağlı siyasətinə ziddiyət təşkil etdiyini bildirib.

Çinin müdafiə naziri Li Şanfunun bir müddət əvvəl Moksvaya iki günlük səfəri zamanı rusiyalı həmkarı Sergey Şoyqu ilə müzakirə aparması, Kreml sahibi Vladimir Putinlə görüşü də Kiyevin diqqətini çəkib. Buna görə də Kiyev Çinin bölgədəki rəqibləriylə əməkdaşlığı gücləndirməyə qərar verib. Bu rəqiblərin başında Hindistan gəlir. Dehli neytral xarici siyasət yürüdür. Pekin Rusiya və Ukrayna arasında vasitəçilik təklif edərkən, Dehli bu məsələlərə qarışmır. Dehli də Pekin kimi müharibənin başa çatmasını istəyir, ancaq bunun üçün xüsusi fəallıq göstərmir. Kiyev Yaponiyanın baş naziri kimi Hindistanın baş naziri Narendra Modinin də Kiyevə səfər etməsini istəyir. Bu səfərin reallaşması problematikdir. Çünki Modi Kiyevə səfər edib Moskvaya getməsə, bu Hindistanın neytrallığının pozulması demək olacaq. Dehli neytrallığının pozulmasını istəmir. Digər tərəfdən Modi həm Kiyevə, həm də Moskvaya səfər edərsə, o Çin lideri Tsi Cinpin kimi müharibənin dayandırılmasıyla bağlı hansısa açıqlamalar verməli, plan təklif etməlidir. Pekinin 11 maddəlik planı var, Dehlinin isə belə bir planı yoxdur.

Vaşinqton da Dehlinin Ukraynanın mövqeyini fəal müdafiə etməsini istəyir. Dehli son illərdə ABŞ-la tərəfdaşlığını gücləndirib. Hindistan Rusiyadan müəyyən silah növləri alsa da, ABŞ və Avropa ölkələrinin hərbi texnikasına daha çox maraq göstərir. Buna baxmayaraq, Dehli Moskva ilə də dialoqu davam etdirməyə üstünlük verir. Hindistanın xarici işlər naziri Subramanyam Cayşankar Qərbin Hindistanın Ukrayna ilə bağlı mövqeyilə barışmalı olduğunu bildirib: “Avropada elə bilirlər ki, onlara aid problemlərin həll ilə dünya məşğul olmalı, Asiya isə problemlərini özü həll etməlidir”. Bu o deməkdir ki, Dehli Ukrayna müharibəsiylə bağlı sülh çağırışlarından başqa daha fəal siyasət yürütməyəcək.

Müharibəyə qədər Ukraynada minlərlə tələbə təhsil alırdı. Müharibə başladıqdan sonra tələbələrin mütləq əksəriyyəti geri qayıtdı. Müharibənin getdiyi şəhərlərin bir qismində hindli tələblərin geri qayıdışı çətinləşmişdi. Onlar üçün ciddi təhlükə yaranmışdı. Dehli Moskva ilə danışıqlar nəticəsində mühasirəyə düşən tələbələrinin geri qayıdışını təmin etdi. Müharibənin bitişi ilə Ukrayna hindli tələbələrin yenidən Ukraynada təhsil almasını istəyərdi. Bunun reallaşması yalnız müharibə bitdikdən sonra mümkündür.

“Atlas” Araşdırmalar Mərkəzi

Pekin Krımı Rusiya ərazisi sayır?

Çinin Fransadakı səfiri Lou Şayeтшт Fransanın televiziya kanallarından birinə verdiyi müsahibə geniş ək-səda doğurub. Aparıcı səfirə “Krım kimindir” sualıyla müraciət edib. Çinli diplomat Krımı “tarixi rus ərazisi” adlandırıb. Çin səfiri müsahibəsində “irəli gedərək” ümumiyyətlə müstəqilliyini qazanan keçmiş sovet ölkələrinin “beynəlxalq hüquqda effektiv statusunun olmadıqlarını” bildirib. Çinli diplomatın sözlərinə  görə, müstəqilliyini qazanan dövlətlərin “suveren ölkə statusunu reallaşdıracaq heç bir beynəlxalq müqavilə yoxdur”.

Çinli səfirin “məntiqinə” görə Ukrayna, Gürcüstan, Azərbaycan və SSRİ-nin tərkibindəki keçmiş respublikaların müstəqillikləri nominal xarakter daşıyır. Ukraynanın Fransadakı səfiri Vadim Omelçenko çinli diplomatın açıqlamalarına sərt reaksiya verib. Ukraynalı diplomat deyib ki, çinli həmkarının coğrafiya ilə bağlı problemləri var. Ukrayna səfiri çinli diplomatın Pekinin Ukraynanın ərazi bütövlüyünü tanımasıyla bağlı siyasətinə ziddiyyət təşkil etdiyini bildirib. Beynəlxalq aləm Pekinin Krımla bağlı məsələyə aydınlaşdırmasını istəyir. Çinli səfirin sözlərinə Baltik ölkələrinin Fransadakı səfirləri də sərt reaksiya veriblər. Belə çıxır ki, Kreml bir gün Rusiya imperiyasının keçmişdə istila etdiyi hansısa ərazisini güc yolu ilə geri qaytarmaq istədikdə Pekin buna da haqq qazandıracaq.

Tehran nüvə komponentlərini hardan əldə edir?

“Politico” nəşri diplomatik dairələrdəki mənbələrinə istinadən İranın Rusiya və Çinlə ballistik raketlər üçün yanacaq komponentinin tədarükü ilə bağlı gizli danışıqlar apardığı barədə məqalə yayımlayıb. Məqalədə yazılanlara görə, İran Rusiya və Çindən ammonium perxlorat əldə etməyə çalışır. Tehranın hər iki dövlətin və dövlət şirkətlərinin rəsmiləri ilə, o cümlədən “Anozit” şirkəti ilə bir sıra danışıqlar apardığı bildirilib. Məqalədə danışıqların nəticələri barədə heç nə yazılmayıb.

Bu məlumatın təsdiqlənəcəyi halda bu BMT-nin İrana qarşı tətbiq etdiyi sanksiyaların pozulması olacaq. Çünki sözdə Rusiya və Çin İranın nüvə proqramının əleyhinədirlər. Halbuki, Tehran hər iki dövlətin və dövlət şirkətlərinin rəsmiləri ilə, o cümlədən “Anozit” şirkəti ilə bir sıra danışıqlar aparıb. Danışıqların nəticələri bəlli deyil.

İranda 1979-cu il inqilabından bu yana nüvə məsələsi aktual olub. Tehran əvvəlcə şah dövründən yarımçıq qalan atom elektrik stansiyalarının tikintisini başa çatdırmağa çalışıb, ikinci mərhələdə isə uranın zənginləşdiriıməsi prosesini genişləndirib. Qonşu Pakistan nüvə silahı əldə etdikdən sonra İran da eyni silahı əldə etmək barədə düşünüb. Bu məqsədlə Pakistanda nüvə silahının yaradıcısı, alim Əbdül Xanla əlaqə qurulub və onun imkanlarından istifadə edilərək nüvə çalışmaları sürətləndirilib. Qərb bundan xəbər tutandan sonra pakistanlı alimin İrana nüvə sirlərini ötürülməsinin qarşısını alıb. Əbdül Xan bir müddət Pakistanda ev həbsinə alınıb. Pakistanlı alim 2021-ci ildə 85 yaşında koronavirusdan ölüb.

Məntiqlə Moskva və Pekin İranın nüvə çalışmasının genişlənmısində maraqlı olmamalıdırlar. Bunun iki səbəbi var. Birincisi nüvə dövləti adətən qonşuluğunda nüvə dövlətinin sayının artımasında maraqlı deyil. İkincisi, Rusiya və Çin “Nüvə silahının yayılmaması barədə müqavilənin” imzalayan ölkələrdir.

Buna baxmayaraq, Moskva və Pekin İranın ABŞ və İsrailə qarşı müqavimət gücünün artırılmasını istəyir. İran son illərdə Rusiyanın və Çinin strateji tərəfdaşına çevrilib. Bu 3 ölkəni anti-Qərb siyasəti birləşdirir. Moskva və Pekində hesab edirlər ki, İran məğlub olsa, anti-Qərb bloku zəifləyəcək. Ona görə də Moskva və Pekin sözdə İranın nüvə proqramının əleyhinə olsalar da, nüvə silahına malik İranda maraqlıdırlar. İran nüvə silahını əldə etdikdən sonra ABŞ və ya İsrailin bu dövləti ram etməsi çətinləşəcək. Bu isə Rusiya və Çinin maraqlarına cavab verir.

“Atlas” Araşdırmalar Mərkəzi

Makron vassal olmaq istəmir

Fransa prezidenti Emmanuel Makronun bir müddət əvvəl Çinə səfəri ABŞ-ın siyasi və ekspert dairələrində müzakirə predmeti olaraq qalır. Vaşinqton bu səfərin Qərbin xeyrinə olmadığı və fayda vermədiyi qənaətindədir. Vaşinqtonda hesab edirlər ki, Fransa prezidenti Çinə güzəştə getməyə hazırdır.

Emmanuel Makron Çinə səfərini yekunlaşdırdıqdan sonra o Tayvan mövzusunda mübahisəli müsahibə verərək ABŞ-ın müttəfiqi olmağın “vassal” olmaq anlamına gəlmədiyini söyləyib: “Müttəfiq olmaq vassal olmaq demək deyil… bu, bizim özümüz haqqında düşünməl haqqımızın olmadığı anlamına gəlmir”. Emmanuel Makron həmçinin deyib ki, “Fransa Tayvanda mövcud status-kvonun tərəfdarıdır” və “vəziyyətin sülh yolu ilə həllinə” çalışır.

Makron bununla demək istəyib ki, Fransa və digər Avropa ölkələri ABŞ-ın Tayvan məsələsində Çinlə qarşıdurmanın tərəfdarı olmamalıdırlar. Halbuki, Makronun Pekinə səfərinin məqsədi Çini Rusiyaya dəstəktən imtinaya dəvət etmək olmalı idi. Makron isə Pekindən geri döndükdən sonra Ukrayna əvəzinə Tayvandan danışıb. Tsi Cinpin Makronla geniş fikir mübadiləsi aparsa da, Ukrayna məsələsində əvvəlki mövqeyindən geri çəkilməyib. Maraqlıdır ki, Emmanuel Makron Pekindən qayıtdıqdan sonra Çini deyil, ABŞ-ın siyasətini tənqid etməyə başlayıb.

Makron Avropanın ABŞ-la bərabərhüquqlu münasibətlərin qurulmasını tərəfdarı kimi çıxış edib. Bu o deməkdir ki, Makron ABŞ-ın Avropadakı hegemonluğunu qəbul etmir. Makron Avropanın güc mərkəzinə çevrilməsinin tərəfdarıdır. Fransa prezidenti hesab edir ki, bunun üçün zaman yetişib.

Makronun son açıqlamaları ABŞ-ın siyasi dairələrində böyük narazılıq yaradıb. ABŞ-ın keçmiş prezidenti Donald Tramp Makronu aşağılamaqdan çəkinməyib. Respublikaçı senator Marko Rubio isə Makrona məsləhət görüb ki, Avropa ABŞ-ın dəstəyi olmadan Ukraynanı dəstəkləsin.

Fransanın keçmiş liderləri də Avropanın ABŞ-dan uzaqlaşmasını dəstəkləyirdilər. Ancaq heç bir nəticə hasil etmirdilər. Çünki İkinci Dünya müharibəsindən sonra Avropanın yenidən formalaşmasında, iqtisadiyyatının bərpasında və təhlükəsizlik sisteminin qurulmasında ABŞ-ın müsətsna rolu olub və Vaşinqton bu rolundan imtina etmək istəmir. Digər tərəfdən Avropa ölkələri Amerikasız keçinə bilmirlər. Misal üçün 1990-cı illərin əvvəllərində keçmiş Yuqoslaviyada müharibə başlayanda Avropa ölkələri aciz qaldılar, məsələyə ABŞ qarışdıqdan sonra vəziyyət sabitləşdi. Digər tərəfdən Avropa ölkələrinin bir qismi Fransa prezidentinin təklfiləri ilə razı deyillər. Misal üçün Polşa ABŞ-la strateji tərəfdaşlıqdan imtina etməyi planlaşdırmır.

“Atlas” Araşdırmalar Mərkəzi

Alim Bayel xüsusi missiya ilə Azərbaycana səfir təyin edilib

Qazaxıstan prezidenti Kasım Jomart Tokayevin sərəncamı ilə Alim Bayel Qazaxıstanın Azərbaycanda yeni səfiri təyin edilib. 1984-cü ildə Jambıl vilayətinin Taraz şəhərində doğulan Bayel Türkiyədə Orta Doğu Texniki Universitetini biznesin idarə edilməsi ixtisası üzrə bitirib, dövlət idarəçiliyi üzrə magistr dərəcəsini ABŞ-dakı Corc Vaşinqton Universitetində tamamlayıb. Alim Bayel 2008-2012-ci illərdə özəl sektorda çalışıb. 2012–2014-ci illər ərzində  Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının eksperti, həm də 2014-2015-ci illərdə Türk Akademiyasının Beynəlxalq Əlaqələr Mərkəzinin direktoru olub. Alim Bayel ölkəsində müxtəlif dövlət vəzifələrində çalışıdıqdan sonra 2018-2020-ci illərdə Qazaxıstanın Türkiyədəki səfirliyinin siyasi məsələlər üzrə birinci katibi olub. Azərbaycanda fövqəladə və səlahiyyətli səfir postuna təyin olunmazdan öncə Alim Bayel Qazaxıstanın İstanbuldakı Baş konsulu vəzifəsində çalışıb.

Türk dünyasını yaxından tanıyan və Türkiyədə çalışan diplomatın Azərbaycana səfir təyin olunması Astananın Bakı ilə strateji müttəfiqliyi gücləndirməsindən xəbər verir. Türkiyədə təhsil alan və Türkiyədə diplomatik fəaliyyət göstərən diplomatın Anadolu türkcəsində sərbəst danışması onun Azərbaycandakı işini də rahatladacaq, çalışdığı ölkənin rəsmiləri, diplomatları və vətəndaşlarıyla birbaşa ünsiyyət saxlamasına şərait yaradacaq. Digər tərəfdən yeni səfir Türkiyə-Azərbaycan-Qazaxıstan üçbucağının formalaşmasında çalışmalı, 3 ölkə arasında enerji və nəqliyyat əməkdaşlığının genişlənməsində xüsusi rol oynamalıdır.

“Böyük yeddilər” iki hədəf göstərib

“Böyük yeddilərin” (G7) xarici işlər nazirlərinin Yaponiyada toplantısı başa çatıb. Bundan sonra G7 ölkələrinin liderlərinin toplantısı olacaq. Liderlər 19-21 may tarixlərində Yaponiyanın Xirosima şəhərində görüşəcəklər. Yaponiya həmin sammitə Hindistan, Avstraliya, Braziliya, Cənubi Koreya və Vyetnamın liderlərini də dəvət edəcək.

Xarici işlər nazirlərinin görüşündə iki ana mövzu olub. Nazirlər Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsini və Moskvaya qarşı sanksiyaların sərtləşdirilməsini və Çinin bölgədə artan hərbi gücünə qarşı birgə fəaliyyət mexanizmlərini müzakirə ediblər. Şimali Koreyanın raket proqramının bölgə ölkələri üçün təhlükə yaratması barədə də fikir mübadiləsi aparılıb.

Yaponiyadakı toplantıda Fransa prezidenti Emmanuel Makronun və Almaniyanın xarici işlər naziri Annalena Berbokun Çinə səfərinin nəticələri də müzakirə olunub. Bəllidir ki, bu səfərlərin müsbət nəticəsi olmayıb. Çin Rusiya ilə strateji tərəfdaşlığı gücləndirməkdə və Tayvanı ələ keçirməkdə qərarlıdır. Yaponiyada toplantı davam edərkən Çinin müdafiə naziri Moskvada rusiyalı həmkarı və Kreml sahibi ilə görüş keçirirdi. Bu Çinlə Rusiyanın G7 ölkələrinə mesajıydı ki, “Sizin birliyinizə qarşı bizim birliyimiz mövcuddur”. G7 toplantısına ev sahibliyi edən Yaponiya Rusiyaya qarşı ən sərt sanksiyaların qəbuluna tərəfdardır. Tokio Rusiyanın Kurl adaları ətrafında artan hərbi təlimlərini də özü üçün təhlükə kimi qiymətləndirir. Tokio Kiyevə maliyyə dəstəyini artıracağını bəyan edib.

G7 xarici işlər nazirləri birgə bəyanatda Tayvanın status-kvosunun güc yolu ilə dəyişdirilməsinin əleyhinə olduqlarını bildiriblər. Birgə bəyanatda G7 ölkələrinin Çinin əsas rəqibi Hindistanla hərtərəfli əməkdaşlığa tərəfdar olduqları açıqlanıb. Bununla “böyük yeddilər” Asiyada onların düşməni ilə dostunun kim olduğuna eyham vurublar.

G7 ölkələrinin xarici işlər nazirləri “vahid Çin” siyasəti ilə bağlı mövqelərini  dəyişməsələr də, Çin lideri Tsi Cinpinin “Tayvanı nə yolla olursa-olsun Çinə birləşdirəcəyik” açıqlamalarından narahatdırlar. G7 ölkələri Tayvan məsələsinin danışıqlar yolu ilə həllini istəyirlər. Pekin isə deyir ki, danışıqlar nəticə verməsə, hərbi yoldan istifadə edəcək. Məsələ burasındadır ki, Pekinlə Tayvan rəhbərliyi arasında danışıqlar da aparılmır. Bu isə müharibə risqini artırır. Almaniyanın xarici işlər naziri Annalena Berbok bildirib ki, ABŞ dövlət katibi Entoni Blinkenlə Çinin xarici işlər naziri Qin Qanq arasında planlanan görüş gərginliyi azalda bilər. Ancaq bu görüş dəfələrlə təxirə salınıb. Entoni Blinkenin fevral ayının əvvəlində Pekinə planlanan səfəri Çinin kəşfiyyat şarlarının ABŞ səmasında vurulmasından sonra təxirə salınıb.

“Atlas” Araşdırmalar Mərkəzi

Dollardan imtina mümkündürmü?

Rusiya Ukraynaya qarşı işğalçı müharibəyə başladıqdan sonra ABŞ və Avropa İttifaqının sərt sanksiyaları ilə üzləşib. Kremlin qazanc mənbələri və valyuta ehtiyatları azalıb. Kreml bu səbəbdən bir sıra ölkəylə iqtisadi və ticarət mübadiləsində dollardan deyil, milli pul vahidlərindən istifadəni təklif edib. Kreml bu mövzuyla bağlı Pekin, Ankara və digər paytaxtlarla danışıqlar aparıb. Danışıqlarda şifahi razılaşmalar əldə olunsa da, ticarət mübadiləsində dollardan imtina asan məsələ deyil. Dollarla ticarət uzun onilliklərdir formalaşıb.

Buna baxmayaraq, Braziliya prezidenti Lula da Silva da Kermlə qoşularaq beynəlxalq ticarətdə dolların üstünlüyünə qarşı çıxış edib. O ticarəti milli valyutalarda inkişaf etdirmək və yeni maliyyə alətləri yaratmaq barədə təklif irəli sürüb. Braziliyanın solçu prezidenti çıxışlarının birində belə deyib: “Niyə ticarətdə bütün ölkələr dollara bağlanmalıdır? Niyə biz bunu valyutalarımıza bağlaya bilmirik? Ümumiyyətlə, kim belə qərara gəldi ki, qızıl standartından imtina etdikdən sonra valyuta yuan, real və ya peso deyil, dollar olmalıdır?”. Lula da Silva BRICS ölkələri (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika) arasında hesablaşmalarda dollara alternativ üzərində düşünməyi təklif edib. O, bunun çətin və çoxları üçün qeyri-adi olduğunu etiraf edib və bu məsələdə tələsməməyi vurğulayıb.

Braziliya prezidenti dollardan imtina mövzusunu Çinə səfər zamanı da müzakirə edib. Pekin də bu mövzunun müzakirəsində maraqlıdır. Çin Braziliya kimi ticarət mübadiləsində dollardan imtinanın tərəfindədir. Ümumiyyətlə Braziliya prezidenti Çinə səfərindən məmnun qalıb. İki ölkənin enerji şirkətləri arasında əməkdaşlığın vacibliyindən danışan Lula de Silva Pekinlə yanaşı Şanxayda da olaraq böyük şirkətlərin ofislərində görüşlər keçirib. Lula de Silva ilə Çin lideri Tsi Cinpin arasında 13 birgə saziş imzalayıb. İki ölkə arasında kənd təsərrüfatı sahəsində də əməkdaşlıq imkanları araşdırılıb. Çin Braziliyanın kənd təsərrüfatının inkişafında əsas dövlətlərdən biridir. Digər tərəfdən Çin Brazliyanın yenidən sənayeləşməsində əhəmiyyətli rol oynayır. Braziliyanın Çinə ixracı ABŞ və Arvopa İiitfaqına  ixracdan daha çoxdur.

Vaşinqton Braziliya ilə Çinin yaxınlaşmasından, o cümlədən Pekinin dəstəyi ilə bir sıra dövlətin ticarət mübadiləsində dollardan imtina siyasətindən narahatdır. Pekin Rusiya və Braziliya kimi ölkələrlə birgə ABŞ-ın illərdir formalaşdırdığı birqütblü dünyanı zəiflətməyə çalışır. Birqütblü dünyanın zəiflədilməsinin əsas istiqamətlərindən biri ticarətdə dollardan imtinadır.

“Atlas” Araşdırmalar Mərkəzi

Vilayəti Azərbaycanla müharibə istəmir

İranın ali dini lideri Əli Xameneinin müşaviri Əli Əkbər Vilayəti Azərbaycanla müharibəyə hazırlaşmadığını bu sözlərlə izah edib: “İslam İnqilabından sonra İran 15 qonşu ölkədən heç birinə hücum etməyib, müharibəyə başlamayıb və başlamayacaq”. Vilayəti haqlıdır, Qərbin sərt sanksiyalarıyla və daxildə müxtəlif etnik qrupların tələbləriylə üzləşən, insanların rejimdən narazılıqlarını və etirazlarını artan ölüm cəzalarıyla həll etməyə çalışan, istisadiyyatı sabitləşdirə bilməyən İranın hazırki vəziyyətdə hansısa dövlətlə müharibəyə başlamaq kimi lüksu yoxdur. Buna baxmayaraq, bu ağır vəziyyətdə belə İran qonşu ölkələrin daxili işlərinə qarışmaqdan vaz keçmir. İran Suriya, Livan, İraq, Yəmən, o cümlədən Azərbaycanda müxtəlif qrupları maliyyələşdirir, bəzilərini silahlandırır, şəbəkələr yaradır. Bu qonşularla müharibə anlamına gəlməsə də, İranın qonşu ölkələrin daxili işlərinə qarışmasıdır ki, bölgədə vəziyyətin sabitləşməsinə mane olur.

Haqqımızda

“Atlas” Araşdırmalar Mərkəzi 2003-cü ildə bir qrup siyasi ekspert tərəfindən Bakıda təsis olunub. Mərkəzin rəhbəri siyasi analitik Elxan Şahinoğludur.

Sayğac

Girish
Bugun
Umumi 267626
azAZ