Ay: İyun2023

Honkonq modelini Qarabağ üçün təklif edənlər gecikiblər

Azərbaycan prezidenti İlham Əliyev müharibədən əvvəl Qarabağ üçün dünyada mövcud olan ən yüksək muxtariyyət modeli təklif edirdi. Belə modellər dünyada kifayət qədərdir. Ermənistan hakimiyyəti muxtariyyət modelini qəbul etmədi, separatçılarla birgə “müstəqillikdən” başqa heç bir “təklifi” qəbul etməyəcəklərini bildirdilər. Ermənilər Birinci Qarabağ müharibəsindən sonra özlərini qalib hiss etdiklərindən “şərtlərini” diqtə etməyə çalışırdılar. Minsk Qrupu həmsədrləri də yüksək muxtariyyət modeli təklifini müzakirə etməyə həvəsli deyildilər. Ermənistanın baş naziri Nikol Paşinyan içkili şəkildə keçmişdə işğal altındakı Şuşada yallı gedərək “Qarabağ Ermənistandır” deyib tuturdu.

İkinci Qarabağ müharibəsi reallıqları dəyişdirdi. Azərbaycan qələbə çaldı və torpaqlarının böyük hissəsini azad etdi. Hazırda şərtləri diqtə edən tərəf Azərbaycandır. Bundan sonra ermənilərə heç bir xüsusi status verilməyəcək. Bunu özləri və beynəlxalq aləm də anlayır. Qarabağ erməniləri müharibəyə qədər onlara təklif edilən yüksək muxtariyyət statusunu əldə etmək şansını itirdilər. Nikol Paşinyan da reallığı qəbul etmək məcburiyyətində qalaraq artıq “Qarabağ Azərbaycandır” deməyə başlayıb.

Buna baxmayaraq, erməni ekspertləri ara-sıra Qarabağ üçün yüksək muxtariyyət modeli haqqında fikirlər səsləndirirlər. Rusiya mətbuatında da bu mövzuda məqalələr yayımlanır. Modellərdən biri kimi Honkonqun adı çəkilir. Böyük Britaniya imperiyasının tərkib hissəsi olan Honkonq Londonla Pekin arasındakı razılığa görə, 1997-ci ildə Çinin tərkibinə qatılıb. Rusiya qəzetlərinin birində yayımlanan məqalədə Honkonq modelini Pekinin Azərbaycana təklif edə biləcəyinə eyham vurulub. Bu belə əsaslandırlıb ki, Azərbaycan və Ermənistan Şanxay Əməkdaşlıq Təşkilatı ilə tərəfdaşlıq münasibətlərinə malikdirlər.

Honkonq “bir ölkə, iki sistem” kursu əsasında Çinə birləşdirilib. Çində hakimiyyət birpartiyalı əsasda formalaşıb, Kommunist Partiyası ölkənin siyasi həyatına hakimdir. Honkonqda isə çoxpartiyalı sistem mövcuddur. Honkond Çinin tərkibində xüsusi idarəetmə formasına malikdir. Maliyyə müstəqilliyinə malik olan Honkonqun xarici siyasət və ordu saxlamaq hüququ yoxdur. Bunlar Çinə aiddir.

Bu model bir neçə səbəbdən Azərbaycanın işinə yaramır.

Birincisi, Çində və Honkonqda yaşayanlar çinlilərdir, bu səbəbdən separatçı fəaliyyət üçün zəmin yoxdur.

İkincisi, prezident İlham Əliyevin fərmanı ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonaları mövcuddur, Azərbaycan qanunlarına tabe olacaq ermənilər bu çərçivədə idarəetmə hüquqlarına malik olacaqlar, hansısa geri dönüş mümkün deyil.

“Atlas” Araşdırmalar Mərkəzi

Dialoq aşağı səviyyədədir

Vaşinqtonla Pekin arasında dilaoq yaxın tarixin ən aşağı səviyyəsindədir, rəsmilərin qarşılıqlı səfərləri azalıb. Sinqapurda iyunun əvvəlində keçirilən “Şanqri-La Dialoqu” beynəlxalq konfransda ABŞ və Çinin müdafiə nazirləri Llyod Ostinlə Li Şanqfu şam yeməyində qısa fikir mübadiləsi aparıblar. Halbuki, daha əvvəl müdafiə nazirlərinin geniş fikir mübadiləsi aparacaqları anons edilmişdi. Olmadı. Çin müdafiə naziri görüş keçirməkdən imtina edib. Çin müdafiə naziri amerikalı həmkarıyla telefonla danışmağı da bir neçə dəfə rədd edib.

“Şanqri-La Dialoqu” Asiya və Sakit okean regionu ölkələrinin müdafiə nazirlərinin ənənəvi görüş və müzakirə formatıdır. Tədbirə Avropadan da qonaqlar dəvət edilib. Vaşinqton bu konfrans vasitəsilə Pekinlə dialoqu bərpa etmək istəyirdi. Pekin rədd cavabı verib. Məsələ burasındadır ki, ABŞ-ın Çinin müdafiə naziri Li Şanqfuya qarşı sanksiyaları mövcuddur. Vaşinqtonun bu sanksiyaları Çinin müdafiə nazirinin Rusiyadan hərbi təyyarələr  və C-400 raket komplekslərinin alışıyla bağlıdır. Çinin müdafiə nazirinə qarşı sanksiya qərarı Donald Trampın prezidentliyi dövründə qəbul olunub. Co Bayden bu qərarı ləğv etməyib.

“Reuters” agentliyinin məlumatına görə, Sinqapurdakı toplantıda 20 ölkənin təhlükəsizlik xidmətinin yüksək rütbəli təmsilçiləri arasında qapalı şəraitdə görüş də baş tutub. Tərəflər mövcud təhlükələri müzakirə ediblər. Qapalı görüşdə Çin təmsilçisi iştirak etsə də, təhlükəsizlik məsələlərində ortaq məxrəcə gəlmək mümkün olmayıb.

Çində ingilis dilində nəşr olunan “South China Morning Post” qəzetində yayımlanan məqalədə hazırki şərtlər altında iki ölkə arasında danışıqların mümkün olmayacağı vurğulanıb. Doğrudur, kiçik ranqlı diplomatlar arasında təmaslar qeydə alınır, ancaq liderlər və nazirlər görüşmürlər. Pekin təmasların başlaması üçün Vaşinqtonun Çinə qarşı sanksiyaların ləğvini vacib sayır. Bundan başqa Pekin Vaşinqtonun bölgədə hərbi bloklar yaratmasından narahatdır. Bunlardan biri AUKUS-dur. ABŞ, Böyük Britaniya və Avstraliyanı birləşdirən bu blok bölgədə birgə hərbi təlimlərin sayını artırıb. Pekin hesab edir ki, bu fəallıq Çinə qarşı yönəlib. Bu arada, Pekin Çin şirkətlərinə ABŞ istehsalı olan “Micron” yarımkeçiricilərinin alınmasını qadağan edib. Pekin hesab edir ki, həmin yarımkeçiricilər Çinin təhlükəsizliyi üçün təhdiddir.

Vaşinqton Pekinin Ukrayna və Tayvan siyasətindən narahatdır. Bu narahatlıq ortadan qaldırılmayana qədər Vaşinqtoun Çinə qarşı sanksiyalarını yumşaldacağı problematikdir. Pekin Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsini pisləmir, əksinə Rusiyanın “maraqlarının” nəzərə alınması vacibliyini bildirir. Çin lideri Tayvanı ələ keçirmək siyasətindən də əl çəkməyib. Əslində Tayvanla münaqişə birinci növbədə Çinin maraqlarına ziddir. Çinin Rusiya ilə ticarət mübadiləsi 190 milyared dollar olduğu halda Tayvan adasıyla ticarət mübadiləsinin həcmi 200 milyard dollardır. Yəni Çinin “müstəqilliyini” tanımadığı ada ilə ticarət mübadiləsinin həcmi yaxın dostu və tərəfdaşı olan ölkə ilə ticarət mübadiləsinin həcmini ötür.

“Atlas” Araşdırmalar Mərkəzi

Pekinin “yumşaq gücü” necə formalaşıb?

Çinlə ABŞ həm birbaşa mübarizə aparır, həm də hər ikisinin maraqları müxtəlif ölkələrdə toqquşur. ABŞ müttəfiqləri vasitəsilə Liviyada Qəddafi rejimini süquta uğradınca Çinin neft şirkətləri bu ölkədə 50 milyard dollara yaxın yatırımlarını itirdilər. Və ya Yəməndə vətəndaş müharibəsi başladıqda Çin öz vətəndaşlarını bu ölkədən çıxarmaq üçün hərbi gəmilərindən istifadə etdi. Yəni Çin yatırım qoyduğu ölkələrdə qeyri-sabit durumla üzləşdikdə maliyyə itkiləriylə də üzləşir. Pekində hesab edirlər ki, Vaşinqton qəsdən Çinə müxtəf ölkələrdə problemlər yaşadır.

Çinin növbəti nəhəng layihəsi “Böyük İpək yoludur”. Bu nəqliyyat layihəsində onlarla ölkə iştirak etməyə maraq göstərir. Çin bu nəqliyyat yolu vasitəsilə məhsullarını Avropa bazarlarına çatdıracaq. Nəqliyyat yolunun üzərindəki hər hansı ölkədə qeyri-sabit duruma yaranarsa bu Çinin də maraqlarına mənfi təsir edəcək. Çin şirkətləri bəzən çalışdıqları ölkədə də təhlükəsizlik problemi yaşayırlar. Misal üçün Pakistanda Çinə məxsus “China Gezhouba Group Company Limited” şirkətinin mühəndislərini daşıyan maşın karvanı partladılmışdı. Mərkəzi Asiya ölkələrində də zaman-zaman yerli işçilərlə çinlilər arasında gərginliklər yaşanır. Bu səbəbdən Pekin yatırımlarını və müxtəlif ölkələrdə çalışan işçilərini qorumaq barədə də planlar hazırlayır.

Çində hərbi hazırlıq çalışmaları genişlənib. Pekin bu sahədə tərəfdaş ölkələrlə əməkdaşlığa əhəmiyyət verir. Misal üçün Çinin hərbi mərkəzlərində 107 ölkədən 6 minə yaxın hərbçi təhsil alıb. Çin bununla dost sayını artırmağa çalışır. Çində təhsil alan xarici hərbçilər arasında 8 müdafiə naziri təyinatı alan olub.

Pekinin istifadə etdiyi “yumşaq güc” ona daha çox dost qazandırmağa hesablanıb. Çin müxtəlif ölkələrdə ona lazım olan yeraltı zənginliklərin istismarına maraq göstərir. Pekin əvvəlcə həmin ölkəyə maliyyə dəstəyi verir, sonra ora yatırımları cəlb edir, üçüncü mərhələdə hərbi əməkdaşlıq imkanlarını nəzərdən keçirir. Misal üçün Çin Afrikanın neftlə zəngin ölkəsi olan Nigeriya ilə müxtəlif sahələrdə əməkdaşlığını genişləndirib. Nigeriyalı hərbçilər Çinin hərbi mərkəzlərində kurslarda iştirak edirlər. Çin Nigeriya hərbçilərinə anti-terror əməliyyatları həyata keçirmək təlimləri keçir. Bu Pekin üçün ona görə vacibdir ki, həmin nigeriyalı hərbçilər Çinin bu ölkədəki yatırımlarını və müəssisələrini qoruya bilsinlər. Çin Mərkəzi Asiya ölkələriylə də eyni əsasda əməkdaşlıq etməyə çalışır. Mərkəzi Asiya ölkələri Çinlə iqtisadi əlaqələrə əhəmiyyət versələr də, Pekinlı hərbi əməkdaşlıqda ehtiyatlı mövqeyə üstünlük verirlər. Mərkəzi Asiya ölkələrinin hərbçiləri Türkiyənin hərbi mərkəzlərində təhsilə maraq göstərirlər.

“Atlas” Araşdırmalar Mərkəzi

Haqqımızda

“Atlas” Araşdırmalar Mərkəzi 2003-cü ildə bir qrup siyasi ekspert tərəfindən Bakıda təsis olunub. Mərkəzin rəhbəri siyasi analitik Elxan Şahinoğludur.

Sayğac

Girish
Bugun
Umumi 267151
azAZ