Ay: İyul2023

Çində hərbi çevriliş mümkündürmü?

Rusiyada “Vaqner” muzdlularının prezident Vladimir Putinə qarşı qiyam cəhdi Pekində geniş müzakirələrə səbəb olub. Çinin hakim Kommunist Partiyasının daxilində hazırki idarəetmə sisteminin davamlılığı barədə fikir mübadiləsi aparılıb. Bu arada, partiya rəhbərliyi Çin Xalq Azadlıq ordusunun bir sıra zabitinə general rütbəsi verib. Bununla Çin Kommunist Partiyası ordu üzərindəki nəzarətini gücləndirmiş olub. Çin ordusunda mövcud olan komissarlar sistemi hərbçilər üzərində nəzarətin davamlılığını təmin edir. Çin ordusunda komissarlar sistemi vaxtilə SSRİ-nin təcrübəsindən götürülüb. Bu o deməkdir ki, generallardan kimsə və ya kimlərsə ölkə rəhbərliyinə qarşı plan qurarsa bundan ordu içindəki komissarlar dərhal xəbərdar olmalı və mümkün qiyamın qarşısını almaq üçün ölkə rəhbərliyini məlumatlandırmalıdırlar. Bundan başqa komissarlar hərbçilər arasında hakimiyyətin siyasətini təbliğ etməlidirlər. SSRİ-də bu sistem işə yaramadı, çünki imperiya dağıldı.

Çin lideri Tsi Cinpin marksist ideologiyaya sadiqdir. Marksizmin Çinin dünyagörüşünə uyğunluğunu müdafiə edən Cinpin eyni zamanda dünya sivilizasiyasının uğurlarının öyrənilməsinin də tərəfdarıdır. Cinpin hesab edir ki, bunsuz Çində islahatları dərinləşdirmək çətin olmaz. Əslində Çin Kommunist Partiyası islahat adı altında fərqli düşünənləri əzməklə məşğuldur, uyğurlara qarşı cəza tədbirləri zəifləməyib. 100 milyona yaxın üzvü olan Çin Kommunist Partiyası islahat adı altında özəl mülkiyyətçiləri də sıxışdırmağa başlayıb. Kreml Pekinin siyasətindən məmnundur. Kreml Pekinə yaxınlıq məqsədilə Moskvadakı elmi mərkəzlərin birində Çin lideri Tsi Cinpinin “ideyalarının öyrənilməsi üzrə” elmi laboratoriya təsis edib.  “South China Morning Post” dərgisi Moskvadakı “elmi mərkəzin” başqa bir ölkədə fəaliyyət göstərmədiyini fəxrlə yazıb.

Moskva Pekinin idarəetmə təcrübəsini öyrəndiyi kimi Pekin də Rusiyadakı son prosesləri tədqiq etməyə başlayıb. Rusiyanın Ukraynaya qarşı müharibəsi, Yevgeniy Priqojinin qiyamı və iki şəhəri müqavimətsiz ələ keçirməsi, Rusiya prezidenti Vladimir Putinin baş verənlərə reaksiyası Pekində ciddi tədqiq olunub. Qərb ölkələrində olduğu kimi Pekində bu qənaətə gəliblər ki, Putin gücünü itirməkdədir. “Vaqner” muzdlu qruplaşmasının qiyam cəhdi Pekini qorxudub. Çünki Çin hakimiyyətindəki siyasi qrupların bir qismi Çin ordusunda da oxşar hadisələrin təkrarlana biləcəyindən ehtiyatlanırlar. Misal üçün bir qrup çinli general Çin Kommunist Partiyasının qərarlarından narazı qalarsa, bu çinli hərbçiləri qiyama həvəsləndirə bilərmi? Komissarlar qiyamın qarşısını ala bilərlərmi? Əgər “Vaqner” muzdlularının Moskvaya yürüşü müsbət nəticə versəydi və Putin devrilsəydi, Pekində də təhlükəli vəziyyət yarana bilərdi. SSRİ-nin birinci və sonuncu prezidenti Mixail Qorbaçov yenidənqurmaya başladıqda Çində də təlatümlər oldu, çinli tələbələr 1989-cu ildə kütləvi etirazlara başladılar. Çin hakimiyyəti Pekinin mərkəzi meydanındakı mitinqi ordu vasitəsilə dağıtdı, minlərlə insan həlak oldu. Pekində hesan edirlər ki, qonşu Rusiyada yeni təlatümlər Çində də dağıdıcı proseslərə təkan verə bilər.

“Atlas” Araşdırmalar Mərkəzi

“Vaqner”in 4-cü seçimi varmı?

Yevgeniy Priqojin və onun “Vaqner” qruplaşmasının bir qrup komandiri Kremldə qəbul edilmələrinə baxmayaraq muzdluların Rusiyada fəaliyyət imkanları məhdudlaşdırılıb. Kreml Priqojinin maliyyəsini və şirkətlərini nəzarət altına alıb. Kremlin dərdi yalnız Priqojin deyil, “Vaqner” muzdlularının sayı 25 minə yaxındır, onlarla nəsə etmək lazımdır. Kreml sahibi Vladimir Putin muzdlulara 3 seçim verib: onlar ya Müdafiə Nazirliyinin sıralarına qatılmalıdırlar, ya evlərinə dönməlidirlər, ya da Belarusda yerləşməlidirlər. Muzdlular üçün 4-cü seçim də var.

“Vaqner” muzdlularının bir hissəsinin Afrika qitəsinə qayıdışı da mümkündür. Priqojin Ukrayna müharibəsindən əvvəl bir neçə Afrika ölkəsinin lideri ilə müqavilə imzalamışdı. Bu müqavilə çərçivəsində “Vaqner” həmin ölkələrdə silahlı qüvvələrə təlimlər keçib, müxalif qruplarla savaşlarda iştirak edib və zəngin yataqların qorunmasında iştirak ediblər. Bu fəaliyyətlər Priqojinə və muzdululara yaxşı pul qazanmaq imkanı verib. Bu baxımdan Proqjin bir qrup muzdlusu ilə Afrikaya qayıtmaq barədə düşünə bilər. Ancaq “Vaqner”in Afrikaya qayıdışı asan başala gəlməyəcək, əngəllər çoxdur.

Birincisi, Avropa İttifaqı Afrika ölkələrini inandırmağa çalışır ki, “Vaqner”lə əməkdaşlıqdan imtina etsinlər. Avropa İttifaqı Afrika ölkələrinə maliyyə dəstəyi verir. Əgər Afrika ölkələri Avropa İttifaqının istəyini yerinə yetirməsələr, onlara ayrılan maliyyə dəstəyi azalacaq və bu ölkələr başqa sanksiyalarla da üzləşə bilərlər. Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen “Vaqner”in Afrikadan uzaqlaşdırılmasının vacib olduğunu bildirib: “Vaqner” qruplaşmasının zəifləməsi və dağıdılması Ukrayna ilə yanaşı Afrikanın da maraqlarına cavab verməlidir. “Vaqner”in yenidən Afrikaya qaydışının qarşısı alınmalıdır”.

İkincisi, Vaşinqton da “Vaqner”in Afrikaya qaydışının qarşısını almağa çalışacaq. Dövlət Departametindən yayımlanan açıqlamada, “Vaqner”in tərksilah olunması və müxtəlif ölkələrdəki fəaliyyətinə son qoyulması vacibliyi bildirilib. ABŞ Yevgeniy Prqijon və “Vaqner” muzdlu qruplaşmasının digər üzvlərinə qarşı yeni sanksiyalar tətbiq edib. ABŞ “Vaqner”lə əlaqəli olan Afrika şirkətlərinə qarşı da sanksiyalar tətbiq edib. Həmin şirkətlər Afrika ölkələrindəki qızıl yataqlarının qorunması qarşılığında “Vaqner”ə pul ödəyirdilər.

Üçüncüsü, Kremlin özü də “Vaqner”in Afrikaya qayıdışında maraqlı deyil. Çünki Kremldə ehtiyat edirlər ki, “Vaqner” Afrikada fəaliyyətini davam etdirərsə həm güclənər, həm də maliyyəsini artar. Bu isə Yevgeniy Priqojin və onun muzdlularının yenidən Rusiya hakimiyyətinə qarşı qiyama həvəsləndirə bilər. Ona görə də Kreml Afrika ölkələrinə məsləhət görür ki, “Vaqner”ə etibar etməsinlər. Mərkəzi Afrika Respublikasının prezidentinin müşaviri “Financial Times” qəzetinə verdiyi açıqlamada, belə bir cümlə işlədib: “Əgər Moskva bizə “Vaqner” yox “Bethoven” və ya “Motsart” göndərsə, onlarla da əməkdaşlıq etməyə hazırıq”. ABŞ-ın “The Wall Street Journal” qəzeti Rusiya xarici işlər nazirinin müavini Sergey Verşininin bir müddət əvvəl Suriyaya səfərinə diqqəti çəkib. Rusiyalı diplomat Suriya lideri Bəşər Əsədin bildirib ki, “Vaqner” bundan sonra Suriyada müstəqil fəaliyyət göstərə bilməyəcək, Rusiya Müdafiə Nazirliyinin əmrələrini yerinə yetirəcək.

Bu arada, “Röyters” agentliyinin məlumatına görə, Yevgeni Priqojinin qiyamı səbəbindən bir qisim Çin şirkəti Rusiyaya məhsulların göndərilməsini dayandırıb. Xəbərdə göndərilməsi dayandırılan məhsullar arasında geyimin, avtomobil ehtiyat hissələrinin və texniki avadanlıqların çoxluq təşkil etdiyi yazılıb. Çinin Futzyan əyalətinin ticarət təşkilatının rəhbəri Şen Muxuey bildirib ki, əksər şirkətlər gələcəkdə nələrin olacağından əmin olmadıqları üçün Rusiyaya məhsulların göndərilməsini bərpa etməyiblər. Buna baxmayaraq, Pekin Kremllə strateji tərəfdaşlığı davam etdirməkdə qətiyyətindən imtina etməyib. Halbuki, Ukraynaya qarşı işğalçı müharibə Rusiyanı taqətdən salır, iqtisadiyyatı zəifləyir, inflyasiya artır. Bu isə gələcəkdə Çin-Rusiya iqtisadi münasibətlərinə də təsirsiz ötüşməyəcək.

“Atlas” Araşdırmalar Mərkəzi

Rusiya Qərbin tərəfdaşlarını necə “cəzalandırır”?

Rusiya Ukraynaya qarşı işğalçı müharibəyə başladıqdan sonra yeni nəqliyyat yollarını reallaşdırmağa çalışır. Kreml yeni nəqliyyat yollarını reallaşdırmağa planlaşdırarkən tərəfdaş adlandırdığı bir qrup dövləti oyundankənar vəziyyətə salmaq istəyir. Qazaxıstan Rusiyanın strateji olsa da, Kreml yeni layihəsində bu ölkənin imkanlarından istifadə etməməyi qərarlaşdırıb. Misal üçün Rusiya Özbəkistan, Qırğızıstan və Türkmənistanla “Cənub nəqliyyat dəhlizi” ilə bağlı razlaşma əldə edib. Bu nəqliyyat dəhlizi Qazaxıstandan yan keçəcək. Halbuki, Astana Mərkəzi Asiya ilə Xəzər bölgəsini birləşdirən Çinlə Avropa arasında əsas nəqliyyat dəhlizinə iddialıdır.
Astana Qərbin Rusiyaya qarşı sərt sanksiyalarıyla hesablaşır. Astananın bu qərarı Kremli narazı salıb. Ona görə də Kreml yeni layihəsində Qazaxıstanı oyundankənar vəziyyətə salmağa qərar verib. Digər tərəfdən Qazaxıstan-Qırğızıstan sərhədində baş verən gərginliklər də Kremlin diqqət mərkəzindədir. Moskva iddia edir ki, bu gərginlik malların daşınmasında fasilələr yaradır. Bu qəribə durumdur. Çünki Rusiya, Qazaxıstan və Qırğızıstan Avrasiya İqtisadi Briliyinin üzvləridirlər və malların bu ölkələr üzrə daşınmasında problem olmamalıdır.
Rusiyanın planlaşdırdığı yeni nəqliyyat dəhlizi Qırğızıstanın cənubundan Özbəkistana, oradan da Türkmənistanın Türkmənbaşı limanına istiqamətlənəcək. Bundan sonra nəqliyyat dəhlizi Rusiyanın Həştərxan şəhərinə uzanacaq. Kreml hesab edir ki, bu nəqliyyat dəhlizi malların daha qısa müddətdə Rusiyaya çatdırılmasına kömək edəcək. Halbuki, Kremlin əsas məqsədi Qərbin Rusiyaya qarşı sanksiyaları ilə hesablaşan Qazaxıstanı cəzalandırmaqdır.
Məhsulların yeni marşrutla daha qısa müddətdə Rusiyaya çatdırılacağı şübhə doğurur. Yolda ləngimələr daşınan məhsulların qiymətlərinin artmasına səbəb olacaq. Kremlin qərarı siyasidir. Rusiyanın yeni planı Azərbaycanın da maraqlarına ziddir. Əvvəlki nəqliyyat dəhlizi Türkmənistandan sonra Xəzər dənizi ilə Azərbaycana çatdırılmalı və buradan məhsullar dəmir yolu Gürcüstan və Türkiyə üzərindən Avropaya çatdırılmalı idi.
Pekinin mövqeyi maraqlıdır. Çin müxtəlif marşrutlara üstünlük verir. Ancaq əgər Rusiya Qazaxıstanı oyundankənar vəziyyətə salırsa bu Pekinin də planlarını dəyişdirməlidir. Əgər Pekin Kremlin yeni nəqliyyat layihəsini qəbul edrsə, Pekin də Krem kimi Qazaxıstana arxadan zərbə vurmuş olacaq. Yeni marşrut Qazaxıstan-Rusiya münasibətlərində suallar yaratmaqla bərabər Astana-Pekin münasibətlərinə də mənfi təsir edəcək.
“Atlas” Araşdırmalar Mərkəzi

 

Ərdoğan taxıl anlaşmasının ömrünü uzada biləcəkmi?

Türkiyə və BMT-nin vasitəçiliyi ilə Rusiya və Ukrayna arasında imzalanan taxıl anlaşmasının müddəti bu ayın 17-də bitir. Rusiya anlaşmanın yerinə yetirilməsi mexanizmindən narazıdır. Kreml iddia edir ki, anlaşmanın ziddinə olaraq taxılın cüzi hissəsi Afrikanın kasıb ölkələrinə çatdırılıb, əsas hissəsi varlı Avropa ölkələrinə satılıb. Kremlin bir başqa iddiası isə odur ki, verilən vədlərin əksinə olaraq Rusiyanın kənd təssərrüfatı məhsullarının Qara dəniz üzərindən satışına əngəllər ortadan qaldırılmayıb. Əslində Kreml əvvəlki aylarda taxın anlaşmasından çıxmaq istəyirdi. Ancaq Kreml sahibi Vladimir Putin Türkiyədə prezident seçkisi kampaniyasında rəqibləri ilə mübarizə aparan Rəcəb Təyyub Ərdoğana əlavə problem yaratmaq istəmədi. Seçki arxada qalıb və Kreml birmənalı şəkildə bəyan edib ki, taxıl anlaşmasını uzatmağı planlaşdırmır.
Kremlin anlaşmadan çıxması Ukraynaya problem yaradacaq. Çünki bu anlaşma sayəsində Ukrayna öz taxılını müxtəlif ölkələrə satmaq imkanına malikdir, bu az da olsa büdcəyə əlavə gəlir mənbəyidir. Rusiya anlaşmadan çıxarsa Ukrayna gəmilərinə Qara dəniz üzərindən taxıl daşımağa mane olacaq və həmin gəmiləri hədəf götürəcək. Məhz bu məsələni müzakirə etmək üçün Ukrayna prezidenti Volodimir Zelenski Türkiyədə səfər edib Cumhurbaşqanı Rəcəb Təyyub Ərdoğanla görüşüb. Ərdoğan Zelenskidən sonra Rusiya prezidenti Vladimir Putinlə də müzakirə aparacaq. Ərdoğan Putini inandırmağa çalışacaq ki, Rusiya taxıl anlaşmasından çıxmasın. Taxıl anlaşması Ərdoğanın son illərdə xarici siyasətdə qazandığı əhəmiyyətli uğuru sayılırdı. Ərdoğan gələn ilin martında keçiriləcək bələdiyyə seçkilərində mövqelərinin zəifləməsini istəmir.

Pekin Avropanın gələcəyindən niyə narahatdır?

Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsi Çinə Qərblə münasibətlərdə əlavə problemlər yaratsa da, Pekin Kremlin siyasətini açıq və gizli şəkildə dəstəkləməkdə davam edir. Bunu bir neçə gün əvvəl Pekində Rusiya ilə birgə keçirilən konfransda səslənən çıxışlar da sübut edir.

Çinin məşhur “Jenmin Jibao” qəzetində yayımlanan baş məqalədə NATO-nun Rusiyaya qarşı “təxribatlarının” dünya üçün ciddi problemlər yaradacağı bildirilib. Söhbət  NATO-nun Almaniyada keçirilən “Air Defender 23” təlimlərindən gedir. Məqalədə Ukraynadakı müharibənin qlobal ərzaq və enerji böhranına yol açdığı yazılıb: “Vəziyyə onsuz da ağırdır. Avropa iqtisadiyyatı hazırki siyasi, sosial və etnik fərqliliklər fonunda uçurumun dibinə yuvarlanacaq. NATO-nun “özbaşınalığı” Avropa İttifaqı ölkələrinə baha başa gələcək. Şimali Atlantika Bloku Avropa və dünya təhlükəsizliyinə ciddi təhdidə çevrilib”.

Pekinin Avropanın gələcəyindən “narahatlığının” bir neçə səbəbi var.

Birincisi, Avropa və ABŞ Ukraynanın qələbəsini və Rusiyanın məğlubiyyətini arzulayırlar və bu məqsədlə Kiyevə hərtərəfli dəstək verirlər. Bu dəstək hər keçən gün artır. Digər tərəfdən NATO-nun təlimlərinin sayı artıb. Bunlar ona görə baş verir ki, Rusiya Ukraynanı işğal etsə, bu Avropa qitəsi üçün ciddi təhdid yaradacaq, Kremlin başqa dövlətləri də işğal etmək həvəsi artacaq. Bu səbəbdən Avropa İttifaqı və NATO Rusiyaya qarşı müqavimət gücünü artırır. Bu normal bir prosesdir. Ancaq bu proses Kremli kimi Pekini də narahat edir. Çünki Pekində hesab edirlər ki, Rusiyanın məğlubiyyətindən sonra Qərbin növbəti hədəfi Çin olacaq. ABŞ və Avropa İttifaqı indinin özündə də Rusiya ilə yanaşı Çinin xarici və təhlükəsizlik siyasətini, o cümlədən uyğurlara qarşı tətbiq edilən zorakılıqları sərt tənqid edirlər.

İkincisi, Çin Avropadakı yatırımlarından və köhnə qitənin ölkələri ilə ticarət əlaqələrinin zəifləyəcəyindən narahatdır. Çünki Ukrayna müharibəsi fonunda NATO güclənir və ABŞ-ın Avropada təsir gücü artır. Vaşinqton isə Avropanın Pekinə qarşı da siyasətini sərtləşdirməsini istəyir.

Üçüncüsü, Vaşinqton NATO-ya bənzər təhlükəsizlik sistemini Çinin ətrafında da formalaşdırmağa çalışır. Çinə qonşu olan ölkələr – Hindistan, Yaponiya, Avstraliya kimi ölkələr Pekinin regional siyasətindən narazıdırlar və təhlükəsizlik sahəsində ABŞ-la sıx əməkdaşlığa üstünlük verirlər. Hindistanın baş naziri Narendra Modi bugünlərdə Amerikaya rəsmi səfər etmiş və Vaşinqtonda müxtəlif görüşlər və müzakirələr keçirmişdi. Pekin bu səbəblərdən NATO-nün təlimlərinin və Avropanın ABŞ-ın təsirindən uzaqlaşmasının tərəfdarıdır.

“Atlas” Araşdırmalar Mərkəzi

İrandan sonra növbə kimindir?

Hindistanın ev sahibliyi ilə videkonfrans vasitəsilə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sayca 23-cü sammitində İran təşkilata tamhüquqlu üzv qəbul edildi. Növbədə Belarusdur. Hindistanın baş naziri Narendra Modi videokonfransa ev sahibliyi etdiyindən ilk çıxışı o edib. Narendra Modi Dehlinin Şanxay Əməkdaşlıq Təşkilatını böyük ailə kimi qiymətləndirdiyini deyib: “Təşkilatın sütununu təhlükəsizlik, istisadi inkişaf, birlik, ərazi bütövlüyünə hörmət və ətraf mühitin qorunması təşkil edir”. Hindistanın baş naziri Şanxay Əməkdaşlıq Təşkilatını Avrasiya bölgəsinin inkişafı və sabitliyi üçün vacib qurum adlandırıb.

Əslində Narendra Modinin söylədiklərinin Rusiyaya aidiyyatı olmamalıdır. Çünki Rusiya Modinin “ərazi bütövlüyünə hörmət” prinsipini Ukraynaya qarşı işğalçı müharibəyə başlamaqla kobud şəkildə pozub. Rusiya prezidenti Vladimir Putin çıxışında Ukraynada apardığı işğalçı müharibəni əsaslandırmağa çalışıb. Putinin məntiqincə, Rusiya hücuma keçməsəydi guya Ukrayna xarici güclərin səyləri ilə “anti-Rusiya” dövlətinə çevriləcəkdi. “Bütün bunlar Rusiyanın təhlükəsizliyini təhlükə altına almaq və inkişafına mane olmaq üçün edilir” deyən Kreml sahibi ölkəsinin xarici təzyiqlərə, sanksiyalara və təxribatlara inamla müqavimət göstərdiyini bildirib.

Vladimir Putin Qərblə mübarizədə Çin xatırlatmağı da unutmayıb: “Soyuq müharibə” bitdiyi dövrdən bu yana Rusiya və Çin Qərblə ən sərt mübarizə dövrünə qədəm qoyublar”. Putin bununla demək istəyib ki, Rusiya anti-Qərb siyasətində tək deyil, yanında dostu Çind də yer alıb. Halbuki, Pekin Kremldən fərqli olaraq Qərblə münasibətlərini normallaşdırmağa çalışır, sadəcə, bu hələ ki, alınmır. Çünki Çinin bölgədə qonşularına qarşı yürütdüyü siyasət və Tayvanın ələ keçirilməsi iddiası buna imkan vermir. Çin lideri Tsi Cinpin Avrasiya bölgəsi üçün təhlükələr və çağırışlar barədə danışarkən, çıxışının heç bir yerində Qərbin adını çəkməyib.

Vladimir Putin çıxışında eyni zamanda Şanxay Əməkdaşlıq Təşkilatını tərifləyib: “Konstruktiv əsaslar üzərində qurulan Şanxay Əməkdaşlıq Təşkilatı beynəlxalq münasibətlərdə getdikcə daha mühüm rol oynayır, sülhün və sabitliyin qorunmasına, üzv dövlətlərin davamlı iqtisadi artımının təmin edilməsinə və xalqlar arasında əlaqələrin möhkəmlənməsinə real töhfələr verir”. Putin buna misal olaraq ötən il Rusiyanın Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrlə ticarəti 37 faiz artaraq rekord həddə – 263 milyard dollara çatdırıb.

Bu arada, “Financial Time” dərgisində yayımlanan məqalədə Tsi Cinpinin rusiyalı həmkarı Vladimir Putini nüvə silahından istifadə etməmək barədə xəbərdarlığını onun diqqətinə çatdırdığı bildirilib. Bu mövzu Çin liderinin bu ilin mart ayında Moskvaya səfəri zamanı müzakirə olunub. Putin Pekinlə əməkdaşlığa xüsusi əhəmiyyət versə də, çinli dostunun xəbərdarlığını qulaqardına vurub. Çünki Putin Cinpini ölkəsinə yol saldıqdan sonra o və digər rusiyalı rəsmilər yenə nüvə silahından istifadə barədə fikirlər söyləməyə davam ediblər.

Moskva və Pekin İranın Şanxay Əməkdaşlıq Təşkilatına üzvlüyünə xüsusi əhəmiyyət verirlər. Rusiya və Çin sıralarına yeni anti-Qərb dövlətini daxil ediblər. Rusiya və Çin İranı həm də “Şimal-Cənub” nəqliyyat dəhlizinin vacib dövləti kimi qiymətləndirirlər. İranın Rusiya və Çinin siyasi və iqtisadi dəstəyinə ehtiyacı var. Bu dəstək olmadan İran Qərbin təzyiqləri qarşısında təkbaşına tab gətirə bilməz. Ona görə də Moskva və Pekin İrandakı rejimin ayaqda qalması üçün əllərindən gələni edəcəklər.

Azərbaycan və Ermənistan Şanxay Əməkdaşlıq Təşkilatında dialoq tərəftarları statusuna malikdirlər. Bu Azərbaycanla Ermənistanın yaxın illərdə təşkilata üzvlüyü anlamına gəlmir. Azərbaycan və Ermənistandan əvvəl təşkilata üzv olmaq istəyən xeyli dövlət var. Ancaq həm Azərbaycan, həm də Ermənistan təşkilatın artan gücünü diqqətə alırlar. Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin toplam əhali sayı 3.4 milyarddır. Dünyanın 20 faizi təşkilata üzv dövlətlərin ərazisinə aiddir. Təşkilata üzv dövlətlərdən üçü – Rusiya, Çin və Hindistan nüvə silahına malikdir.  Azərbaycan və Ermənistan təşkilatda yer alan dövlətlərlə əsasən ticarət əlaqələrini genişləndirmək və nəqliyyat dəhlizlərində yer almaq istəyirlər. Azərbaycanın əsas hədəfi Çinin “bir kəmər, bir yol” layihəsi çərçivəsində rolunu artırmaqdır. Ancaq Çin hələ ki, Azərbaycanın nəqliyyat imkanlarından ümid edilən səviyyədə istifadə etmir. Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində də Çinlə dialoqu genişləndirməyə ümid edir.

“Atlas” Araşdırmalar Mərkəzi

“Bağıran meymunlar bizə əngəl deyillər”

Kremlin Ukraynaya qarşı işğalçı müharibəni davam etdirməsi Rusiyanın dünyadakı dostlarının sayını azaldıb. Buna görə də Kreml mövcud azsaylı tərəfdaşlarını itirməməyə çalışır və bu ölkələrlə təmaslarını genişləndirir. Bu ölkələrin başında əvvəlkitək Çin gəlir.

Pekin Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəni davam etdirməsinə baxmayaraq, Kremllə strateji əlaqərini genişləndirmək siyasətindən imtina etməyib. Bugünlərdə Pekində sayca 8-ci “Rusiya-Çin: yeni erada əməkdaşlıq” konfransı keçirilib. Bu konfrans 2015-ci ildən davamlı şəkildə keçirilir. Konfrans Rusiya Beynəlxalq Əlaqələr Şurası və Çin İctimai Elmlər Akademiyasının təşkilatçılığı ilə keçirilir. Konfransda ikitərəfli əlaqələrin hazırki vəziyyəti, qlobal və regional çağırışlar müzakirə edilir. Ekspertlər iki ölkə arasında iqtisadi və siyasi əlaqələrin dinamik inkişaf etdiyini vurğulayıblar. Rusiyalı və çinli ekspertlər qlobal və regional çağışlardan danışanda isə Qərbin siyasətini tənqid ediblər.

Rusiya və Çinin xarici işlər nazirləri Sergey Lavrov və Tsin Qan konfrans iştirakçılarına təbrik məktubu göndəriblər. Maraqlıdır ki, konfrans Yevgeniy Priqojinin və onun “Vaqner” muzdlu qruplaşmasının Kremlə qarşı birgünlük qiyamından dərhal sonra başlayıb. Pekin qiyam cəhdini diqqətlə izləyib. ABŞ Milli Təhlükəsizlik Şurasının Asiya bölgəsi üzrə koordinatoru Kurt Kempelin fikrincə, Rusiyadakı son çaxnaşma Pekini narahat edib. Halbuki, Çin Xarici İşlər Nazirlyinin yayımladığı açıqlamada, Rusiyada yaşanan hadisələr bu ölkənin daxili işi kimi qiymətləndirilib: “Çin Rusiyada sabitliyin davam edəcəyinə, o cümlədən inkişafına və tərəqqi əldə edəcəyinə inanır”. Çin lideri Tsin Cinpinin rusiyalı həmkarı Vladimir Putinlə son qiyam cəhdini telefonla müzakirə edib-etməməsinə dair məlumat yoxdur.

Rusiya prezidenti Vladimir Putinin laxlayan mövqeyi Çində müzakirələrə səbəb olsa da, Pekin Kreml sahibi ilə münasibətləri əvvəlki yüksək səviyyədə saxlamaqda qərarlıdır. Sergey Lavrov konfrans iştirakçılarına göndərdiyi məktubda Rusiya-Çin münasibətlərini belə dəyərləndirib: “Qayıq çayda inamla irəliyə doğru üzərkən qayıqdakılar ətraflarındakı meymunların bağırtılarına fikir vermirlər”.  Təhqiramiz müqayisədir. Lavrov qayıdakıları “Rusiya və Çinə” bənzədərkən, “bağıran meymunları” Qərbin siyasəti ilə əlaqələndirib. Lavrovdan fərqli olaraq Çin xarici işlər naziri Tsin Qan Qərb haqqında təhqiramiz bənzətmə aparmasa da, məktubunda BMT Təhlükəsizlik Şurasının iki üzvü olan Rusiya və Çinin dünyada sabitləşdirici rol oynadıqlarını bildirib. Rusiyanın Ukraynaya qarşı apardığı işğalçı müharibə və rusiyalı rəsmilərin daima “nüvə silahından istifadə edə bilərik” kimi təhdidedici açıqlamaları fonuda Çin xarici işlər nazirinin Rusiyanın siyasəti haqqında “dünyada sabitləşdirici rol oynayır” cümləsi ikrah doğurur.

“Atlas” Araşdırmalar Mərkəzi

Haqqımızda

“Atlas” Araşdırmalar Mərkəzi 2003-cü ildə bir qrup siyasi ekspert tərəfindən Bakıda təsis olunub. Mərkəzin rəhbəri siyasi analitik Elxan Şahinoğludur.

Sayğac

Girish
Bugun
Umumi 266732
azAZ