Ay: Avqust2023

İttifaqlarda ixtilaf dərinləşib

Rusiyanın formalaşdırdığı ittifaqlarda ixtilaf dərinləşib. Kreml iyulda keçirdiyi “Rusiya-Afrika” sammitindən istədiyi nəticəni əldə etmədi. Rusiya prezidenti Vladimir Putinin “biz Afrika ölkələrinin bir qisminə taxılı pulsuz çatdıracağıq” çağırışı toplantıya qatılan bir sıra ölkə lideri tərəfindən mənfi qarşılandı, Cənubi Afrika Respublikasının prezidenti etirazını gizlətməyərək bu cümləni işlətdi: “Bizə hədiyyə lazım deyil, Qara dənizdən taxıl daşıyan gəmilərə sərbəst hərəkət sərbəstliyi verin”. Bu sözlər ona işarə idi ki, Rusiya Ukrayna taxılının Afrika ölkələrinə daşınmasının qarşısını alıb.

Rusiyanın formalaşdırdığı bir başqa ittifaqda da dərin fikir ayrılığı yaranıb. Bir qrup ölkə BRİCS (Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikası) təşkilatına üzv olmaq istəyir. Rusiya və Çin BRİCS-i yeni üzvlərlə gücləndirmək istəyir. Misal üçün Çin BRİCS-i inkişaf etməkdə olan ölkələr hesabına genişləndirməkdə maraqlıdır. Pekin ilk növbədə İndoneziyanın və Səudiyyə Ərəbistanının birliyə üzv olmasını dəstəkləyir. Hindistan və Braziliya isə fərqli mövqedədirlər. Rusiya və Çin BRİCS-i Qərbə qarşı güclü bir alyansa çevirmək istəyərkən, Hindistan və Braziliya buna qarşıdırlar.

Bu arada, Rusiya yeni ittifaqın yaradılmasına çalışır. Yeni ittifaq Rusiya, Çin və Şimali Koreyadan ibarət olmalıdır. Təsadüfi deyil ki, Rusiya müdafiə naziri Sergey Şoyqu iyul ayında Şimali Koreyaya səfər edərək bu ölkə ilə əməkdaşlığın genişləndirilməsi məsələrini müzakirə edib. Rusiya Ukrayna müharibəsini davam etdirmək məqsədilə Şimali Koreyadan silah və sursat almaqla yanaşı Pxenyanla ittifaqı gücləndirməyi planlaşdırır. Bu plan Pekinin də maraqlarına cavab verir. Şoyqudan sonra qapalı ölkə sayılan Şimali Koreyaya Çin nümayəndə heyəti səfər edib. Mümkündür ki, gələcəkdə Rusiya, Çin və Şimali Koreya arasında birgə hərbi təlimlər keçirilsin. Son illərdə Rusiya ilə Çin arasında birgə hərbi təlimlərin sayı onsuz da artıb. Çin və Rusiyanın Yapon dənizində 4 günlük birgə təlimlərindən sonra bu iki ölkənin Sakit Okeanda birgə dəniz və hava patrulları həyata keçirəcəyi xəbəri yayılıb. Birgə təlimlər strateji dəniz yollarının təhlükəsizliyini təmin etmək, o cümlədən iki ordunun donanması və hava qüvvələrinin birgə imkanlarını tətbiq etmək kimi qiymətləndirilib. Pekin və Moskva birgə hərbi təlimləri iki ölkə arasında strateji əməkdaşlığı güclənirməklə yanaşı Şimal-Şərqi Asiyada sabitliyi qorumaq kimi dəyərləndirirlər.

Bölgə ölkələri olan Hindistan, Avtrasliya və Yaponiya isə Çin və Rusiyanın artan hərbi əməkdaşlığını və birgə hərbi təlimlərini “Asiyada sabitliyini qorunması” kimi deyil, böyük təhlükə kimi qiymətləndirirlər. Buna görə də ABŞ, Hindistan, Yaponiya və Avstraliya avqustun 11-dən başlayaraq “Malabar” hərbi dəniz təlimlərinə başlayıblar. “Reuters” agentliyinin xəbərinə görə, ABŞ Hərbi Dəniz Qüvvələri 7-ci Donanmasının komandanı vitse-admiral Karl Tomas mətbuat konfransında bildirib ki, hərbi təlimlər 4 dövlətin birgə işləməsini yaxşılaşdırmaq üçün nəzərdə tutulub. ABŞ və Hindistan “Malabar” təlimini 1992-ci ildən başlayaraq birgə keçirir, sonrakı illərdə təlimlərə Avstraliya və Yaponiya da qoşulub. Təlimlərdə sualtı gəmilərlə yanaşı qırıcı təyyarələr də iştirak edəcək.

“Atlas” Araşdırmalar Mərkəzi

 

Körfəz ölkələri bu bölgəyə maraq göstərirlər

Böyük dövlətlərin Mərkəzi Asiya uğrunda mübarizəsinə ərəb dünyası da qoşulub. İyul ayında Səudiyyə Ərəbistanında “Mərkəzi Asiya (Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan və Tacikistan) + Körfəz Əməkdaşlıq Şurası (Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman və Bəhreyn)” sammiti keçirilib. Bu Mərkəzi Asiya ölkələri ilə körfəz ölkələrinin ilk sammitidir.  Səudiyyə Ərəbistanı siyasi, iqtisadi və hərbi güc baxımından körfəz ölkələrinin lideri sayıldığından sammitin bu ölkədə keçirilməsi anlaşılandır. Digər tərəfdən SSRİ dağıldıqdan sonra Mərkəzi Asiya ilə ilk sıx əlaqələr quran ərəb ölkəsi Səudiyyə Ərəbistanı olub.

Sammitə hazırlıq bir il əvvəl başlayıb. Mərkəzi Asiya və körfəz ölkələrinin xarici işlər nazirləri 2022-ci ildə Səudiyyə Ərəbistanında ortaq toplantı keçirmişdilər. Varlı körfəz ölkələri Mərkəzi Asiya ölkələri ilə siyasi və iqtisadi əlaqələri genişləndirməyi planlaşdırırlar. Bu sıraya nəqliyyat yollarının inşasından tutmuş yaşıl energetikanın inkişafına qədər layihələr aiddir. Bölgə ölkələri terrora qarşı birgə mübarizə imkanlarını da müzakirə ediblər. Liderlərin sammitində iki bölgə arasında 2027-c ilə qədər nəzərdə tutulan əməkdaşlıq proqramı imzalanıb.

Qazaxıstan prezidenti Kasım Jomərt Tokayev ötən il Səudiyyə Ərəbistanına səfər edərək bir neçə ortaq layihəyə imza atmışdı. Qazaxıstanın və digər Mərkəzi Asiya ölkələrinin milyardlarla dollar yatırımlara ehtiyacları var. Qazaxıstan prezidenti sammitdə körfəz ölkələrinin Azərbaycanın da marağında olduğu Transxəzər layihəsinə dəstək vermələrini istəyib. Söhbət Çin, Qazaxıstan, Azərbaycan, Gürcüstan və Türkiyəni birləşdirən nəqliyyat layihələrindən gedir.

Qazaxıstan prezidentindən sonra Səudiyyə Ərəbistanına Özbəkistan prezidenti Şavkat Mirziyoyev səfər edib. Özbəkistan Səudiyyə Ərəbistanı ilə dəyəri milyardlarla dollar olan enerji layihələrinin reallaşmasını planlaşdırır. Birləşmiş Ərəb Əmirlikləri və Qətərin də Mərkəzi Asiya ölkələrinə yatırımlarının həcmi ilbəil artır.

Mərkəzi Asiya ölkələri ilə körfəz ölkələri arasında sammit Vaşinqtonun, Moskvanın və Pekinin diqqət mərkəzində olub. Körfəz ölkələrinin Mərkəzi Asiya ölkələrinə artan yatırımları Vaşinqtonu narahat etmir. Çünki körfəz ölkələri ABŞ-ın tərəfdaşlarıdır. Moskva və Pekin isə narahat ola bilərlər. Çünki Rusiya və Çinin Mərkəzi Asiya ölkələrində siyasi və iqtisadi maraqları var və bu maraqlar bəzən başqa dövlətlərin maraqları ilə üst-üstə düşmür. Mərkəzi Asiya ölkələrinin Çinə böyük borcları var. Tacikistan maliyyə baxımından Çindən asılı vəziyyətdədir. Buna baxmayaraq, Tacikistan varlı körfəz ölkələrinin də yatırımlarına ehtiyac duyur. Misal üçün Qətər Tacikistanda yeni açılan məscidin tikintisinə 100 milyon dollar ayırmişdi. Beləliklə, Mərkəzi Asiyanın ölkələrinın həm ayrılıqda, həm də bütöv bölgə olaraq cazibəsi artıb.

“Atlas” Araşdırmalar Mərkəzi

 

“Bir kəmər, bir yol” layihəsi əngəllə üzləşib

İtaliya 4 il əvvəl Çinlə imzaladığı “bir kəmər, bir yol” investisiya sazişindən çıxmaq barədə qərar verib. Roma 2023-cü ilin sonunda başa çatacaq müvafiq anlaşma memorandumunu yeniləməyəcək. Roma ilə Pekin arasında İtaliyanın “bir kəmər, bir yol” təşəbbüsünə qoşulması memorandumu 2019-cu ilin martında imzalanmışdı. İtaliya Çin investisiya proqramının layihələrində iştirak etməyə hazır olduğunu da təsdiqləmişdi. İtaliya bu proqramı təsdiqləyən Avropa İttifaqının ilk ölkəsi idi.

Romanın 4 il əvvəlki qərarı Brüsselin və Vaşinqtonun narazılığına səbəb olmuşdu. ABŞ və Avropa İttifaqı İtaliyaya tələsik addımın nəticələri ilə bağlı xəbərdarlıq etmişdilər. İtaliya hökuməti 4 il sonra xəbərdarlığı nəzərə aldı.

İtaliyanın Çinin layihəsindən çıxmasının səbəbi nədir?

İtaliyanın xanım baş naziri Corca Meloni sağ mühafizəkar siyasi cərəyanın təmsilçisi kimi ABŞ-la ittifaqın tərəfdarıdır. İtaliyanın “La Repubblica” nəşrində yayımlanan məqalədə bu məsələylə bağlı baş nazir Corca Meloninin ABŞ prezidenti Cozef Baydenlə geniş müzakirəsi olub. Aydındır ki, İtaliyanın Çin layihəsindən çıxmasının təşəbbüskarı Vaşinqton olub. Ancaq Vaşinqton İtaliyanın Çinin layihəsindən çıxmasının əvəzinə alternativ layihələr təklif etməlidir ki, İtaliyanın iqtisadi itkiləri olmasın.

İtaliyanın “bir kəmər, bir yol” layihəsindən imtinası Çinin iqtisadi və təhlükəsizlik maraqlarına zərbə vurur. Çin bu layihə çərçivəsində yeni tikilən dəmiryolları, avtomobil yolları və limanlar vasitəsilə Avropa ölkələrinə daşınan məhsulların həcmini artırmağı planlaşdırırdı. Çin mövcud layihə vasitəsilə müxtəlif bölgələrdə “yumşaq gücünü” də artırmış olurdu. Çin müxtəlif ölkələrdən keçən nəqliyyat şəbəkələrinin qurulması layihələrinə 1.4 trilyon dollar xərcləməyi nəzərdə tuturdu. Layihə ümumi əhalisi 4 milyard 400 milyon nəfər olan 64 ölkəni əhatə etməli idi. Bu dünya iqtisadiyyatının 40 faizi deməkdir. Çinin nəzərdə tutduğu vəsait ABŞ-ın İkinci Dünya müharibəsindən sonra Avropa ölkələrinin yenidən bərpası üçün həyata keçirdiyi “Marşal planı”ndan 12 dəfə çoxdur.

Çin eyni zamanda layihənin son məntəqəsi olan Avropa ölkələrində, o cümlədən İtaliyada müxtəlif layihələri maliyyələşdirməyi, o cümlədən strateji limanlarda pay sahibi olmağı planlaşdırırdı. Ancaq Çin öz planını reallaşdırmaq istəyərkən qarşısında iki əngəllə üzləşib. ABŞ və Avropa İttifaqı Çinlə ticarət əlaqələrini davam etdirsələr də, “bir kəmər, bir yol” layihəsinin reallaşmasının əleyhinədirlər. Vaşinqton və Brüssel hesab edirlər ki, Pekin bu layihə vasitəsilə Avrasiya və Avropa qitəsində möhkəmlənməyə çalışır. Vaşiqnton və Brüsselin əngəlləri Çinin Mərkəzi Asiya və Cənubi Qfaqaz bölgəsini ehtiva edən “Böyük İpək yolu” layihəsinə də təhlükə yarada bilər. Çünki bu layihə “bir kəmər, bir yol” layihəsinin tərkib hissədidir. Layihənin bir hissəsinə əngəl yaranacaqsa, digər hissəsi ilə daşınmaların artması da sual altında olacaq.

“Atlas” Araşdırmalar Mərkəzi

Yeni qanunla mübarizə sərtləşəcək

Çin parlamentinin xarici əlaqələr barədə qəbul etdiyi yeni qanun yerli və xarici ekspertlərin diqqət mərkəzindədir. Çünki Çində keçmiş illərdə oxşar qanun qəbul edilməyib. Yeni qanuna görə, Qərbin müxtəlif sanksiyaları ilə üzləşən yerli şirkətlərin maraqları həm ölkə daxilində, həm də ölkə xaricində qorunacaq. Yeni qanun Pekinin ölkənin suverenliyinə və təhlükəsizliyinə artan diqqətindən xəbər verir.

Yeni qanuna görə, Qərb ölkələrinin müxtəlif sanksiyaları ilə üzləşən Çin şirkətlərinə maliyyə və hüquqi dəstək veriləcək. Misal üçün ABŞ Rusiyaya strateji məhsullar satan Çin şirkətlərinə müxtəlif sanksiyalar tətbiq edib. Pekin yeni qanuna görə həmin şirkətləri həm təzyiqdən qorumağa çalışacaq, həm də maliyyə dəstəyi verəcək. Pekin eyni zamanda həmin şirkətlərin Qərb ölkələrində üzləşə biləcəyi hüquqi problemlərin həlli ilə də məşğul olacaq.

Yeni qanun Çində fəaliyyət göstərən xarici şirkətlərə müəyyən çətinliklər yaradacaq. Həmin şirkətlər vaxtilə Asiya bazarında yer tutmaq və ucuz işçi qüvvəsindən istifadə etmək üçün Çində müəssisələrini açmışdılar. Yeni qanunla Pekin Çində fəaliyyət göstərən xarici şirkətlər və satdıqları məhsullar üzərində nəzarəti gücləndirəcək. Bu Pekinlə Çində fəaliyyət göstərən xarici şirkətlər arasında gərginlik yaradacaq. Xarici şirkətlər Çin Kommunist partiyasının direktivləri əsasında fəaliyyət göstərmək istəmirlər. Xarici şirkətlər Çin parlamentinin yeni qanuna tabe olsalar, öz ölkələrində problemlərlə üzləşəcəklər. Oksford Universitetinin professoru Corc Maqnasın fikrincə, Qərb ölkələri Çin parlamentinin yeni qanununu Pekinin aqressiv diplomatiyasının tərkib hissəsi kimi qiymətləndiriblər.

Pekin yeni qanuna ona görə ehtiyac duyub ki, ABŞ-ın sanksiyaları ilə üzləşən Çin şirkətləri dövlətin hüquqi dəstək mexanizmlərinə malik deyil. Yeni qanunla durum dəyişməlidir. Honkonqda nəşr olunan “South China Morning Post” qəzeti Pekinin Vaşinqtonun ssiyasətinə bənzər siyasətə üstünlük verdiyini yazıb. Vaşinton da Amerika şirkətlərini həm ölkə daxilində, həm də ölkə xaricində təzyiqlərdən qoruyur. Pekin da yeni qanunla şirkətlərini yalnız Çində deyil, fəaliyyət göstərdiyi xarici ölkələrdə də dəstəkləyəcək. Ekspertlərin fikrincə, Çin lideri Tsi Cinpin yeni qanunla ölkə təhlükəsizliyini gücləndirməyə çalışır. Yeni qanun Tsi Cinpinin həyata keçirdiyi təhlükəsizlik siyasətinin tərkib hissəsidir.

Beləliklə, Pekin Qərblə mübarizənin yeni mərhələsinə daxil olub. Pekin keçmiş illərdə özünə aid olmayan qlobal problemlərlə və dünya iqtisadiyyatına bağlı  proseslərə qarışmırdı. Hazırda Pekin ona aid olan və aid olmayan bütün qlobal proseslərdə fəal iştirak edir, mövqeyini bildirir. Pekin bu səbəbdən Vaşinqton kimi milli yurisdiksiyasından başqa ölkələrin ərazisində də istifadə edəcək. Pekin bu fəaliyyətə böyük maliyyə ayırmağı planlaşdırıb. Bu fəaliyyət Pekin-Vaşinqton qarşıdurmasını daha da alovlandıracaq.

“Atlas” Araşdırmalar Mərkəzi

 

Xəfiyyələr Almaniyaya tökülüşüblər

Almaniya Kəşfiyyat Xidmətinin yayımladığı son hesabata görə Rusiya və Çin xəfiyyələri Almaniya ərazisində fəallaşıblar. Rusiya və Çin xəfiyyələri əsasən Almaniya Müdafiə Nazirliyindən məlumatlar əldə etməyə çalışırlar. İran xəfiyyələrinin də Almaniyada fəallaşması barədə məlumatlar var. Rusiya, Çin və İran həm Almaniyada məxfi məlumatları əldə etməyə, həm də Almaniya vətəndaşlarını casusluğa sövq etməyə çalışırlar.

Kreml Ukraynaya qarşı içğalçı müharibəyə başladıqdan sonra Rusiyanın Almaniyaya “marağı” daha da artıb. Almaniya digər Qərb ölkələri kimi Rusiyaya qarşı sərt sanksiyalar tətbiq edib. Almaniya eyni zamanda Ukraynaya hərbi dəstəyini artırıb, Kiyevə müxtəlif növ hərbi texnikalar göndərib. Almaniya Bundesveri (Müdafiə Nazirliyi) ukraynalı hərbçilər üçün kurslar təşkil edib. Buna görə də Rusiya Almaniyada xəfiyyə işini gücləndirib. Rusiya Almaniyada keçirilən müxtəlif konfrans və seminarlar barədə də leqal üsullarla məlumatlar toplayır. Bu zaman Rusiya səfirliyinin diplomatlarının xidmətlərindən istifadə edilir.  Bundesverin bir neçə zabiti Rusiyaya casusluq etdiklərinə görə həbs ediliblər. Rusiya Almaniya ərazisindəki NATO mərkəzlərinə də maraq göstərir.

Çin xəfiyyə işində Rusiyadan geri qalmır. Çin 2049-cu ilə qədər supergücə çevrilməyi qarşısına məqsəd qoyub. Pekin buna nail olmaq üçün dünyanın inkişaf etmiş ölkələrindən texnologiyaların oğurluğu ilə məşğuldur. Pekini əsasən müxtəlif dövlətlərin, o cümlədən Almaniyanın elmi naliyyətləri maraqlandırır. Bu sırada aparıcı ölkələrin hərbi-sənaye komplekslərinin yenilikləri də Çinin diqqət mərkəzindədir. Çin əldə etdiyi kəşfiyyat məlumatları əsasında yüksək texnologiyalara yiyələnir və bunun sayəsində sənaye və hərbi istehsalını modernləşdirməyə çalışır.

Almaniya əks-kəşfiyyatı Rusiya, Çin və İran xəfiyyələri ilə mübarizəni gücləndirsə də, təhlükənin qarşısını tam ala bilməyib. Əks-kəşfiyyat xidməti 2022-ci ildə 57 min yoxlama aparıb. Bəlli olub ki, bunlardan mini Almaniyanın təhlükəsizliyi üçün risq təşkil edirmiş.

“Atlas” Araşdırmalar Mərkəzi

 

Haqqımızda

“Atlas” Araşdırmalar Mərkəzi 2003-cü ildə bir qrup siyasi ekspert tərəfindən Bakıda təsis olunub. Mərkəzin rəhbəri siyasi analitik Elxan Şahinoğludur.

Sayğac

Girish
Bugun
Umumi 266014
azAZ