Ay: Oktyabr2023

Makronun Azərbaycana ehtiyacı olacaq

Fransa prezidenti Emmanuel Makronun yaxın zamanda Azərbaycana işi düşəcək. Fransa elektrikə olan tələbatının 80 faizini atom elektrik stansiyalarından əldə edir. Atom elektrik stansiyaların çalışması üçün daima urana ehtiyac var. Fransa uranı Afrika ölkələrindən, əsasən də Nigerdən əldə edirdi. Ancaq Nigerdə çevrilişdən sonra hakimiyyətə gələn qüvvələr Fransaya uran satmaqdan imtina ediblər. Bu vəziyyətdə Paris Nigeri urana malik bir başqa dövlətlə əvəz etmək məcburiyyətində qalıb. Emmanuel Makronun məhz buna görə noyabrın 1-də Qazaxıstana səfərə gedəcək. Qazaxıstan da kifayət qədər uran ehiyatlarına malikdir. Dünya uran ehtiyatının 40 faizi Qazaxıstandadır. Astananın Fransaya uran satmağa hazır olması işin yarısıdır. Uran təhlükəsizlik səbəblərindən hava yolu ilə daşınmır, quru və dəniz yolundan istifadəyə üstünlük verilir.

Qazaxıstan uranının Fransaya quru yolla daşınması üçün iki – Rusiya və Azərbaycan marşrutu var. Ukrayna müharibəsiylə bağlı Fransanın Rusiya ilə münasibətləri gərgindir. Bu səbəbdən Qazaxıstan uranının Rusiya üzərindən Fransaya çatdırılması problematikdir. Emmanuel Makron hakimiyyətə gəldiyi gündən bu yana Azərbaycan əleyhinə siyasət yürüdüb. Bu səbəbdən Qazaxıstan uranının Azərbaycan üzərindən Fransaya daşınmasını da mümkün görünmür. Makron bu vəziyyətdə “Rusiya yoxsa Azərbaycan” sualı ilə üz-üzə qalıb. Əgər Makron Azərbaycan əleyhinə siyasətdən imtina edərsə və ölkəmizlə keçmişdə olan normal əlaqələri bərpası qərarı verərsə Qazaxıstan uranının Azərbaycan üzərindən daşınması ehtimalı arta bilər. Ancaq bunun üçün Makronu Cənubi Qafqaz siyasətini köklü sürətdə korrektə etməlidir.

Fransanı başqa bir problem də gözləyir. Qazaxıstan uranını Çin də alır. Çinin də xeyli atom elektrik stansiyası var və onların da böyük həcmdə urana ehtiyacı var. Çin Qazaxıstanın uran istehsal edən müəssisələrinə böyük yatırımlar qoyub. Çin 2012-ci ildən başlayaraq Qazaxıstanın ən böyük uran alıcısıdır. Əgər Çin həmin ilə qədər Qazaxıstandan 1750 ton uran alırdısa, sonrakı müddətdə bu rəqəm 6 dəfə artıb. Çin 2013-cü ildə Qazaxıstandan 15 min ton uran alıb. Çin Qazaxıstanın bütün uranını almağa hazırdır. Çində 37 işlək nüvə reaktoru var, 20 nüvə reaktoru  tikilməkdədir. Çin 2017-ci il üçün daha 40 nüvə reaktoru inşa etməyi planlaşdırır. Yəni Çin urana doyan deyil. Çin ekoloji baxımdan zərərli olan kömür istehsalından imtina etməyi planlaşdırır. Belə vəziyyətdə Qazaxıstanın Fransaya uran satması Çinin maraqlarına ziddir və Pekin buna mane olmaq qüçün Astanaya təzyiq etməyə çalışacaq.

“Atlas” Araşdırmalar Mərkəzi

Yaxın Şərq dünyanı ikiyə bölüb

Dünya “Həmas” qruplaşmasına münasibətdə ikiyə ayrılıb. Bir qrup ölkə “Həmas”ı terrorçu qruplaşma kimi dəyərləndirərkən, digərləri bu təşkilatı Fələstin uğrunda mübarizə aparan savaşçı qruplaşma kimi qiymətləndirir. “Həmas” qruplaşmasının təmsilçiləri Ankara, Moskva və Pekində görüşlər keçirir, Qətərdən və İrandan maliyyə əldə edirlər.

“Həmas” təşkilatının rəhbər heyəti bugünlərdə Moskvada görüşlər keçirib. İsrail Xarici İşlər Nazirliyi Kremlin bu addımını sərt tənqid edib. Buna cavab olaraq Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Kremlin İsrail-Fələstin münaqişəsinin bütün tərəfləri ilə dialoq apardığını xatırladıb. “Həmas” qruplaşmasının təmsilçiləri Rusiya Xarici İşlər Nazirliyində görüşlər keçiriblər. “Həmas” təmsilçiləri ilə dialoq siyasəti yalnız Rusiyaya aid deyil. “Həmas” qruplaşmasının nümyəndələri tez-tez Türkiyəyə də səfər edərək, türkiyəli diplomatlarla müzakirələr aparırlar. Təsadüfi deyil ki, Türkiyə Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğan “Həmas” üzvlərini mücahidlər adlandırıb. Bundan sonra İsrailin Türkiyə səfirliyindəki diplomatları ölkələrinə geri çağrılıblar.

Pekinin də “Həmas” qruplaşması ilə təmasları mövcuddur. Ümumiyyətlə son hadisələrə qədər Pekin İsraillə Fələstin arasında vasitəçi olmaq istəyirdi. Fələstin lideri Mahmud Abbas Pekinə səfərdən sonra İsrailin baş naziri Benyamin Netanyahu da Çin paytaxtına getməli idi. Ancaq bu baş vermədi. Hazırki şərtlər altında İsrailin Çinin vasitəçiliyinə razılaşacağı çətindir. Digər tərəfdən Pekin də Moskva və Ankara kimi İsrailin Fələstin dövlətini tanınmasının zərurətini bildirib.

Vaşinqton Çinin Yaxın Şərqdə siyasətini korrektə etməsini istəyir. Çin İran neftinin əsas alıcılarındandır. Vaşinqton Pekinin Tehrana təsir etməsini və Yaxın Şərqdəki toqquşmalara müdaxiləsindən kənar olmasını istəyir. “Reuters” agentliyinin məlumatına görə, ABŞ prezidenti Cozef Bayden bu mövzuda Çin lideri Tsi Cinpinlə müzakirə aparmağa çalışır. Pekin özü də ABŞ-la İran arasında qarşıdurmanın baş verməsində maraqlı deyil. Çünki bu halda neftin qiyməti kəskin şəkildə artacaq. Bu isə Çin iqtisadiyyatına mənfi təsir edəcək.

Buna baxmayaraq, Pekin Yaxın Şərqdə gərginliyin azalması üçün böyük səy göstərməyəcək. Pekin uzaqbaşı böyük dövlətlərin Yaxın Şərqlə bağlı ortaq razılaşmasında yer alacaq. Pekinin nə İrana, nə də “Həmas” qruplaşmasına təsir etmək fikri var. Əksinə, Pekin də Moskva kimi onda maraqlıdır ki, ABŞ-ın Yaxın Şərqdə problemləri artsın. Çində nəşr olunan “Global Times” dərgisi bu iddianı təsdiq edib: “ABŞ Çini durdurmaq üçün bütün imkanlardan istifadə etməyə çalışır, bu alınmayacaq”. The Financial Times” dərgisində yayımlanan məqalədə isə İsrailin mülki insanlarının öldürülməsi faktının Çini az maraqlandırdığı bildirilib. Pekin üçün önəmli olan bu hadisələr fonunda ABŞ-ın zəifləməsidir.

“Atlas” Araşdırmalar Mərkəzi

Yeni mübarizə meydanı: Arktika

Böyük dövlətlər müxtəlif qitələrdə öz maraqları uğrunda mübarizə apararkən, soyuq Arktikanı da unutmurlar. ABŞ, Rusiya və Çinin Akrtikaya marağı ildən ilə artır.

Moskva NATO-nun Arktikada hərbi tədbirlərindən narahatdır. Misal üçün Kreml Finlyandiya və İsveçin NATO üzvlüyünə qəbulunu Arktika üçün təhlükə kimi qiymətləndirir. Çünki Moskvada hesab edirlər ki, bu iki ölkə NATO-ya qoşulduqdan sonra NATO Akrtikada hərbi fəallığını artıracaq. Rusiyanın xarici işlər naziri Sergey Lavrov NATO-nun Aktikada iştahının artdığını bildirib. Lavrova Rusiyanın buna adekvat cavab verəcəyini deyib.

Rusiya Akrtikada hərbi varlığını gücləndirib. Rusiya prezidenti Vladimir Putin ölkəsinin Akrtikada müxtəlif layihələr həyata keçirəcəyinin anonsunu verib. Putin bununla bağlı strategiyanı 2020-ci ildə təsdiq edib. Rusiya Aktikanı pilotsuz uçuş aparatlarının çəkilişləri vasitəsilə nəzarətdə saxlamağa çalışır. Dronlar Rusiyanın hərbi gəmilərindən havaya qaldırılır.  Rusiya Aktikada üzə bilən atom buzqıran gəmilərinin sayını artırmağa da qərar verib.

Beləliklə, Rusiya Aktika qitəsində NATO ilə mübarizəyə hazırlaşır. Moskva bu məqsədlə Pekinə əməkdaşlıq təklifi edib. Çin Rusiya ilə Arktikada əməkdaşlıq etməyə hazırdır. Bu barədə Pekində keçirilən “bir kəmər, bir yol” forumda müzakirələr aparılıb. Moskvanın Pekinlə Akrtikada əməkdaşlığının iki əsas məqsədi var.

Birincisi, Moskva bununla Vaşinqtona və NATO-ya mesaj göndərib ki, Rusiya Qərbə qarşı mübarizədə tək deyil, hər yerdə olduğu kimi Artkikada da Çinlə əməkdaşlıq edir.

İkincisi, Moskva Pekini Arktikaya cəlb etməklə “bir kəmər, bir yol” layisənin bir istiqamətinin Şimal Buzlu Okeana yönəlməsinə çalışır. Bununla bağlı Moskva ilə Pekin arasında işçi qrup formalaşacaq. Moskva iddia edir ki, şimal istiqaməti daha ucuz və məsafəsi az olandır.

Reallıq isə fərqlidir. Avropa dövlətləri Çin məhsullarını Arktika üzərindən qəbul etməyə hazır deyillər. Arktikada lazımi infrastruktur mövcud deyil. Çinin özü də hansı istiqamətlərə üstünlük verəcəyini hələ tam müəyyənləşdirməyib, “bir kəmər, bir yol”un müxtəlif istiqamətləri mövcuddur, ancaq heç biri tam gücüylə işləmir.

“Atlas” Araşdırmalar Mərkəzi

Naziri ciddi cəza gözləyir

Çinin müdafiə naziri general Li Şanfunun tutduğu vəzifədən və Dövlət Şurasının üzvlüyündən uzaqlaşdırılması Qərb mətbuatının əsas xəbərlərindəndir. Bu məlumat uzun müddət gizli saxlanılıb. Halbuki, Çinin müdafiə nazirinin aylarla yoxa çıxması onun vəzifəsindən azad edildiyi, hətta həbs olunduğu şübhələrini artırmışdı. Li Şanfu avqustun sonundan bəri ictimaiyyət qarşısına çıxmayıb. O sonuncu dəfə avqust ayında Rusiya və Belarusda səfərdə olub. Ümumçin Xalq Nümayəndələri Konqresinin Daimi Komitəsi müdafiə nazirinin işdən uzaqlaşdırıldığı xəbərini  təsdiq edib.

Qərb mətbuatında yazılanlara görə, Li Şanfunun vəzifədən uzaqlaşdırılması Müdafiə Nazirliyində korrupsiya faktları ilə bağlıdır. “Washington Post” bu iddianı təsdiq edən yazı yayımlayıb. “The Wall Street Journal” nəşri isə keçmiş müdafiə nazirinin həbsxanada saxlanıldığını yazıb.

Müdafiə nazirinin vəzifəsindən azad edilməsinin başqa versiyası da var. “Daily Mail” nəşrinin yazdığına görə Çinin atom sualtı gəmilərindən biri avqustun 21-də dənizdə qəzaya uğrayıb və nəticədə xeyli çinli hərbçi həlak olub. Pekin bu məlumatı təsdiq etməyib. Buna baxmayaraq, ABŞ və Böyük Britaniyanın kəşfiyyat xidmətləri Çinin sualtı gəmisinin qəzaya uğradığına dair məlumatlara malikdir. Yəni Çin hakimiyyəti baş verən qəzaya görə müdafiə nazirini günahlandıra bilərdi.

“South China Morning Post” qəzeti diqqəti ona çəkir ki, Li Şanfun Çində istefaya göndərilən ikinci yüksək rütbəli şəxsdir. Müdafiə nazirindən bir neçə ay əvvəl xarici işlər naziri Tsin Qanq yoxa çıxmışdı. Daha sonra onun da istefaya göndərildiyi xəbəri yayıldı. “Reuters” agentliyinin məlumatına görə, istefaya göndərilən nazirləri vaxtilə ölkənin lideri Tsin Cinpin irəli sürmüşdü. Cinpin onlara inanırdı.

Çində yüksək vəzifələrlərinin korrupsiyaya qurşanması adi haldır. Halbuki, korrupsiyaya görə Çində ömürlük həbs, hətta ölüm cəzası tətbiq olunur. Buna baxmayaraq, bu cür sərt tədbirlər də dövlət aparatında rüşvətin qarşısını almayıb. Çinin artan gəlirləri dövlət qurumlarında çalışanların bir qismini qanunsuz qazanc əldə etməyə həvəsləndirir. Qərb şirkətləri bəzən lazımi müqavilələr əldə etmək üçün çinli məmurlara rüşvət təklif edirlər. Bir sıra hallarda izdivac baş tutur. Görünür, Çinin müdafiə naziri və ona yaxın olan generallar müdafiə sisteminə ayrılan dövlət vəsaitindən “pay götürüblər”, ancaq sonda bu onlara baha başa gəlib. Çinin müdafiə nazirinin korrupsiya faktına görə həbsi xəbəri təsdiqlənərsə, bu Çinin imicinə böyük zərbə olacaq.

“Atlas” Araşdırmalar Mərkəzi

Avropanın imtina etdiyi qazın tək ünvanı var

Pekində işini başa çatdrıan “bir kəmər, bir yol” forumu ikili görüşlər və müxtəlif razılaşmalarla yadda qaldı. Buna baxmayaraq, əsas diqqət Rusiya prezidenti Vladimir Putinin Pekinə gəlişinə və verdiyi açıqlamalara yönəldi. Çünki Kreml sahibi Ukraynaya qarşı işğalçı müharibəyə başladıqdan bu yana xarici ölkələrə səfər etmir. Vaşinqton Putinin Pekinə səfərini və verdiyi açılamaları Qərbə qarşı yönəldiyini bildirdi.

Pekindəki foruma Mərkəzi Asiya ölkələrinin bir qisminin lideri də qatılmışdı. Pekində Qazaxıstanın “QazaqGaz” şirkəti Çinin “PetroChina International” şirkəti ilə saziş imzalandı. Sazişə görə Qazaxıstan 2023-2026-cı illərdə Çinə qazın nəqlini artıracaq. Qazın həcmi barədə əlavə məlumat verilməyib. Qazaxıstan uzun illərdir Çinə qaz satır. Özbəkistan da Çinə satdığı qazın həcmini artıracaq.

Qazaxıstanın və Özbəkistanın Çinə qaz satışını artırması Rusiyanın “Qazprom” şirkətini narahat etməyə bilməz. Çünki Rusiya şirkəti Avropa ölkələrinə sata bilmədiyi qazın tamamını Çinə satmağa çalışır. Çin Rusiyadan qaz alsa da, bir mənbədən asılı olmaq istəmir, Mərkəzi Asiyanın zənginliklərindən də faydalanmağa çalışır.

Bu arada, Pekindəki forumda iştirak edən Qazaxıstan prezidenti Kasım Jomərt Tokayev Çinin uyqur müxtar bölgəsinə də səfər edərək Urumçi şəhərində görüşlər keçirib. Qazaxıstanın Çinin bu bölgəsiylə sıx iqtisadi əlaqələri mövcuddur. Qazaxıstanın Çinlə ticarət əməkdaşlığının 40 faizi uyğur bölgəsiylə əlaqəlidir. Qazaxıstan Çinə uzanan dəmiryolu tikilməsini istəyir.

Pekin Qazaxıstanla iqtisadi-ticarət əməkdaşlığının genişlənməsində maraqlı olsa da, Astanadan ehtiyat edir. Çində əzab görən uyğurların bir qismi Qazaxıstanda məskunlaşıb. Onlar ara-sıra Çin səfirliyi qarşısında etirazlar edirlər. Pekin Astananı cəzalandırmaq üçün sərhəddəki ticarəti minimuma endirmişdi.

“Atlas” Araşdırmalar Mərkəzi

Pekin və Moskva Baydenin təklifini qəbul etməyəcəklər

ABŞ prezidenti Co Bayden deyib ki bəşəriyyətə son 50 ildə mövcud olanı əvəz etmək üçün “yeni dünya nizamı” lazımdır. Bayden qeyd edib ki, yaxın gələcəkdə baş verəcək hadisələrdən çox şey asılı olacaq: “Biz tarixin dönüş nöqtəsindəyik və bu o deməkdir ki, qarşıdakı 4-5 il ərzində verəcəyimiz qərarlar irəlidəki 4-5 onilliyin necə görünəcəyini müəyyən edəcək”.
Yeni dünya nizamı necə formalaşsın ki, Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsini, Yaxın Şərqdəki toqquşmaları durdurmaq mümkün deyil. Vaşinqton da heç nə edə bilmir. Rusiya və Çin “yeni dünya nizamını” belə başa düşürlər: 1.Qərb daxili işlərimizə qarışmasın; 2.Birqütblü dünya çoxqütblü dünya ilə əvəz olunmalıdır; 3. NATO genişlənməməli və bu təşkilata yeni üzvlər qəbul edilməməlidirlər. Vaşinqton və Brüssel isə bunun tərsini deyir və edirlər. Belə olan halda qulağa xoş gələn “yeni dünya nizamı”nın formalaşması perspektivi yoxdur. BMT kimi əsas beynəlxalq təşkilat “dünya nizamı” formalaşdıra bilmirsə, hərə bildiyi kimi hərəkət edirsə, bir və ya bir neçə dövlətin “yeni dünya nizamı” formalaşdırmaq istəyi müsbət nəticə verərmi? Təəssüf ki, bəşəriyyət pis ssenarilərə hazırlaşmaq məcburiyyətindədir.

Birqütblü dünya nə ilə əvəz olunacaq?

Rusiya və Çin “soyuq müharibə”dən sonra Amerika Birləşmiş Ştatlarının formalaşdırdığı birqütblü dünya modelinə son qoymaq istəyirlər. Moskva və Pekin Vaşinqtonla mübarizənin yeni mərhələsinə daxil olurlar. Kremlin vəziyyəti daha ağırdır, Rusiya Ukraynaya qarşı işğalçı müharibəyə görə Qərbin müxtəlif sanksiyaları ilə üzləşib, Kremlin ABŞ və Avropa İttifaqı ölkələrinin əksəriyyəti ilə münasibətləri gərginləşib. Pekinin də Qərblə münasibətlərdə problemləri var. ABŞ Çinin hərbi gücünü artırmasından, qonşularına yaratdığı problemlərdən və Tayvan adasını nəzarətə götürmək istəyindən narahatdır. Vaşinqton Pekini durdurmaq üçün bölgədə müxtəlif siyasi və hərbi bloklar formalaşdırıb. Belə şəraitdə Pekində keçirilən “bir kəmər, bir yol” forumu diqqət mərkəzində olub.

Pekindəki foruma qatılan Rusiya prezidenti Vladimir Putin Rusiya-Çin ticarət mübadiləsinin 200 milyard dollara çatmasından fəxrlə danışıb. Bu rəqəm əsasən Çinin Rusiyanın yeraltı sərvətlərini almasıyla bağlıdır. Çin Rusiyadan hazır məhsul almır. Çünki Rusiyanın istehsal etdiyi məhsullara Çinin ehtiyacı yoxdur. Çin Rusiyadan qaz, neft, taxta və digər məmulatlar alır. Rusiya isə əksinə Çindən müxtəlif hazır məhsullar alır. Qərbin sanksiyalarına görə Rusiyanın Çinin məhsullarına asılılığı artıb. Ancaq bu məhsulların bir qismi keyfiyyət baxımından Qərbin eyni məhsullarından geri qalır.

Rusiya-Çin iqtisadi və ticarət əlaqələrinin həcminin artımı Vaşinqtonu narahat edir. ABÇ-ın əfsanəvi diplomatı Henti Kissincer 50 il əvvəl Çini faktiki ABŞ-ın tərəfdaşına çevirmişdi. Kissincerin digər məqsədi Pekin-Moskva ittifaqına mane olmaq idi. Ancaq Vaşinqtonun son illərdə həm Moskva, həm də Pekinə qarşı sərt siyasəti Rusiya ilə Çini müttəfiqə çevirib.

“The New York Times” nəşrində yayımlanan məqalədə Rusiya prezidenti Vladimir Putinin məqsədinin ABŞ-a qarşı Çinlə ittifaqı gücləndirmək olduğu göstərilib. “South China Morning Post” nəşrində yayımlanan məqalədə isə Çinin Rusiyaya satdığı hərbi texnologiyalar da Vaşinqtonu narahat edir. ABŞ dövlət katibi Entoni Blinken Pekini xəbərdar edib ki, Rusiyaya satılan hərbi texnologiyalar ABŞ-la münasibətlərdə Çinə əlavə problemlər yaradacaq. “Financial Times” nəşrinin məqaləsində isə yazılıb ki, Rusiya Çinlə münasibətlərinin strategiyasını 2030-cü ilə qədər müəyyənləşdirməyi hədəfləyib.

Buna baxmayaraq, Pekin beynəlxalq məsələlərdə Kremldən asılı olmaq istəmir və müstəqil qərarlara üstünlük verir. Misal üçün Çin Rusiya ilə yanaşı Türkmənistandan da qaz alır. Bu Çinə ona görə lazımdır ki, Rusiya enerjisindən asılı vəziyyətə düşməsin. Rusiyadan neft alışında Hindistan Çini üstələyib.

“The New York Times” nəşri Pekindənki forumda Qərb ölkələrindən nümayəndələrin olmamasına diqqət çəkib. Bunun əsas səbəbi odur ki, Qərb liderləri və xarici işlər nazirləri Ukraynaya qarşı işğalçı müharibə aparan Putinlə eyni masada oturmaq istəməyiblər. Avropa liderlərindən toplantıya sadəcə Macarıstan baş naziri Viktor Orban qatılıb. Orban Putinlə ikitərəfli görüş keçirib, ancaq o bu görüşdən məyusluğunun gizlətməyib. Çünki Putin Orbana deyib ki, Ukraynaya qarşı müharibəni dayandırmaq fikri yoxdur.

“Atlas” Araşdırmalar Mərkəzi

Avropa Amerikadan asılı olmadığını sübut etməyə çalışır

Avropa İttifaqı Ukrayna müharibəsinə görə Moskva ilə dialoq aparmazkən,  Brüssel Pekinlə dialoqu davam etdirir. Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə komissarı Jozep Borrel Çinə 3 günlük səfəri zamanı münasibətlərdəki suallara aydınlıq gətirməyə çalışıb. Buna qədər Borrelin Çinə səfəri iki dəfə təxirə salınıb. Birinci dəfə onun səfəri koronavirusun yayılması ilə bağlı olub. İkinci dəfə səfərin təxirə salınması Çinin xarici işlər naziri Tsin Qanın qəfil vəzifəsindən uzaqlaşdırılmasıyla əlaqəli idi.

Borrel Pekində Ukrayna və Yaxın Şərq mövzularını müzakirə edib. Borrel Çin xarici işlər naziri Van Yi ilə görüşdükdən sonra 12-ci Çin-Avropa Strateji Dialoq tədbirində iştirak edib. Borrel “South China Morning Post” nəşrinə verdiyi müsahibədə Pekinin Avropa siyasətini dəyişməsini istəyib. Məsələ burasındadır ki, Pekin Moskva kimi Avropanı ABŞ siyasətindən asılı olduğu qənaətindədir, yəni “Vaşinqton nə deyirsə Brüssel onu edir”.  Borrel isə Pekini inandırmağa çalışıb ki, Avropa qərarlarında müstəqildir və Çin hakimiyyəti siyasətində bunu nəzərə almalıdır. Doğrudur, ABŞ-la Avropanın siyasəti Ukrayna müharibəsinin nümuməsində olduğu kimi üst-üstə düşür. Ancaq Borrel Pekini yenə inandırmağa çalışıb ki, Brüsselin Pekinə yönəlik siyasəti ABŞ-ın təzyiqi altına deyil. Maraqlıdır ki, Borrel Pekini həm tərəfdaş, həm də rəqib adlandırıb. Avropa İttifaqı rəsmisi onu da vurğulayıb ki, rəqiblərin düşmən olması vacib deyil.

Göründüyü kimi, Borrel hər vəchlə Pekini inandırmağa çalışıb ki, Brüsselin Pekinə münasibəti Vaşinqtonun Pekinə münasibətindən daha yaxşı və mülayimdir. Bunu Avropa İttifaqının digər rəsmiləri də açıqlamalarında qeyd ediblər. “Global Times” dərgisində yayımlanan məqalədə, Brüsselin Pekin siyasətinin risqləri ola biləcəyi yazılıb. Dərgi hesab edir ki, Çin sağlam rəqabətin qarşısını alıb. Buna baxmayaraq, Avropa dövlətlərinin bir qismi Çinlə iqtisadi əlaqələrdən imtina etməyiblər. Siyasi münasibətlərdə isə inamsızlıq var. Misal üçün Brüssel Pekinin Ukrayna müharibəsi məsələsində Moskvaya təsir etməsini istəyir. Pekin Moskvaya təsir etmir. Pekin Moskvanın taxıl sazişinə qayıtması üçün də heç nə etməyib.  Pekin Rusiya-Ukrayna müharibəsinin bitməsini istəsə də, müharibənin bitməsi və işğala son qoyulması üçün Kremllə təsir etməyib. Halbuki, Vaşinqtonda və Brüsseldə hesab edirlər ki, Pekin “müharibəni dayandırmaq lazımdır” desə, Kreml dost ölkə adlandırdığı Çinin çağırışını eşidər.

“Atlas” Araşdırmalar Mərkəzi

Bütün yollar San-Fransiskoya aparır

Vaşinqton Pekinlə dialoqu müxtəlif formalarda davam etdirir. ABŞ dövlət katibi Entoni Blinken Çinə səfəri zamanı münasibətlərdəki gərginliyi azaltmaq üçün danışıqlar apardı. Onun ardınca, amerikalı senatorlar Çinə səfər ediblər. Nümayəndə heyətinə demokratların Senatdakı çoxluğunun lideri Şak Şumer başçılıq edib.

Senatorlar Pekində xarici işlər naziri Van Yi və Çin lideri Tsi Cinpinlə görüşüblər. Senatorların səfəri iki ölkə arasındakı münasibətlərdə yeni gərginliklə yadda qalıb. Naməlum şəxs avtomobilini Çinin Amerikanın San-Fransisko şəhərindəki konsulluq binasının üzərinə sürüb. Pekin bu insidentin ciddi şəkildə araşdırılmasını tələb edib. Çinin San-Fransiskodakı konsulluq binasına keçmiş illərdə də hücumlar olub, 2014-cü ildə konsulluq binasını yandırmaq istəyiblər. Problem ondadır ki, San-Fransikoda çinlilərin böyük diasporu mövcuddur və həmin çinlilər kommunsit sisteminə nifrət edirlər. Noyabrın 11-17 tarixlərində isə San-Fransiskoda Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq təşkilatının sammiti keçiriləcək. Həmin tədbirə Çin lideri də dəvətlidir. Vaşinqton həmin tədbirə qədər şəhərdə təhlükəsizlik tədbirlərini gücləndirməlidir.

İki ölkə arasında xəfiyyə qalmaqalları da bitmir. “The New York Times” nəşrinin yazdığına görə, San-Fransiskoda ABŞ vətəndaşı keçmiş yüksək rütbəli hərbçi həbs olunub. Həmin hərbçinin ölkəsinin gizli məlumatlarını Çinə ötürdüyü məlum olub. Həmin hərbçi bir müddət Honkonqda yaşayıb, ABŞ-a geri döndükdən sonra həbs olunub.

Bu arada, “The Washington Post” dərgisində yayımlanan məqalədə, ABŞ prezidenti Co Baydenin Tsi Cinpinlə görüşməyə çalışdığı yazılıb. Blinkenin və demokrat senatorların Pekinə səfərlərinin əsas məqsədini də bu təşkil edib. Bu istəyə baxmayaraq, görüşə mane olan açıqlamalar var. Co Bayden çıxışlarının birində Tsi Cinpini diktator adlandırıb, Çin lideri isə ABŞ-ın imperialist siyasət yürütməkdə ittiham edib.

Yaxın Şərqdəki son qanlı hadisələr də Vaşinqtonla Pekin arasında fikir ayrılığı yaradıb. Vaşinqton hesab edir ki, Pekinin İsrailə hücum edən Həmas təşkilatını əməlini pisləməməsi yanlış idi. Pekinə səfər edən senatorlar bununla bağlı narazılıqlarını bildiriblər. “Mən Çin xalqını İsrailə xalqına dəstək verməyə çağırıram” deyən senator Şumer Pekinin İsraillə Həmas arasında bərabərlik işarəsinin qoyulmasının doğru olmadığını vurğulayıb. ÇİN Xarici İşlər Nazirliyinin bəyanatında Yaxın Şərqdəki problemlərin həlli Fələstinin müstəqil dövlət kimi tanınmasından keçdiyi bildirilib. Bu Vaşinqtonun xoşuna gəlməyib. Pekin Səudiyyə Ərəbistanı ilə İran arasında vasitəçi kimi uğur qazandıqdan sonra eyni uğuru Fələstinlə İsrail arasında danışıqlarda qazanacağını ümid edirdi. Ancaq bu alınmadı.

“Atlas” Araşdırmalar Mərkəzi   

Donald Trampın hədəfləri bəllidir

Dünyada nə neqativ hadisə baş verirsə, keçmiş ABŞ prezidenti Donald Tramp bunda Ağ Evin hazırki sahibi Cozef Baydeni və onun administrasiyasını günahlandırır. Tramp növbəti dəfə prezident seçkisinə hazırlaşdığına görə Ağ Ev administrasiyasını istənilən mövzuda tənqid edir.

Donald Tramp Həmas qruplaşmasının İsarilə hücumunu ABŞ-ın zəifliyi kimi qiymətləndirib. Tramp hesab edir ki, İsrailə hücum dünyada ABŞ-ın gücünə inam azaldığına görə baş tutub. “Bizi zəif kimi görməyə başlayıblar” deyən Tramp ölkəsinin liderinin zəif olduğunu xatırladıb. Tramp bildirib ki, o prezident seçkisində qələbə qazanarsa İsrailə dəstəyini artıracaq, Fələstinə isə heç bir dəstək verməyəcək.

Donald Tramp Rusiya-Ukrayna müharibəsi ilə bağlı da fərqli mövqeyə malikdir. Trampın fikrincə, ABŞ Ukraynanı dəstəkdən imtina etməlidir. Donald Trampın fikrincə, Ukraynaya dəstək Avropa İttifaqının Ukraynaya dəstəyi qədər olmalıdır. “Niyə zəif prezident Cozef Bayden Avropanı Ukraynaya gərəkən maliyyə ayırmağı məcbur edə bilmir” sualını səsləndirən Tramp Rusiya-Ukrayna müharibəsinin maliyyə yükünün Amerikanın üzərindən götürülməsi vacibliyini irəli sürüb. Bu o deməkdir ki, Donald Tramp növbəti seçkidə qələbə qazanarsa ABŞ-ın Ukraynaya maliyyə və hərbi yardımı azala bilər. Bu isə Ukraynanı ağır vəziyyətə sürükləyə bilər. Ona görə də Ukrayna müharibədə dönüş yaratmaq istəyirsə, bunu Cozef Baydenin prezidentlik müddəti bitənə qədər reallaşdırmalıdır.

Donald Tramp Rusiya-Çin ittifaqına görə də Cozef Baydenin və ondan əvvəlki prezident Barak Obamanın məsuliyyət daşıdığını bildirib. Tramp “Just The News” dərgisinə verdiyi açıqlamada, Obamanın və Baydenin yanlış siyasətinin Çin-Rusiya ittifaqına gətirib çıxardığını bildirib. “Mən tarixdən bilirəm ki, Çinlə Rusiya yaxınlaşmasına imkan verəndə ABŞ-ın problemləri artır” deyən Tramp bildirib ki, Vaşinqtonun siyasətinin Moskva ilə Pekinin yaxınlaşmasınin qarşısını almaq üzərində qurulmalıdır: “Rusiya Çinin uzun sərhədi var. Rusiyanın ərazisi böyük, Çininki azdır. Buna görə də bu iki dövlət dost ola bilməz”.

Donald Tramp bu məsələdə haqlıdır. Rusiya-Çin ittifaqı ABŞ-a əlavə problemlər yaradıb. Moskva və Pekin yalnız ittifaqla kifayətlənmir, beynəlxalq məsələlərdə mövqelərini yaxınlaşdırırlar. Moskva və Pekinin çoxqütblü dünya yaratması təşəbbüsləri də ABŞ əleyhinədir. Ancaq bu o demək deyil ki, Donald Tramp prezident seçilərsə Çin-Rusiya ittifaqını zəiflədə biləcək. Donald Tramp prezident olduğu illərdə Çinə qarşı iqtisadi məhdudiyyətlərin təşəbbüskarı olub.

“Atlas” Araşdırmalar Mərkəzi   

Haqqımızda

“Atlas” Araşdırmalar Mərkəzi 2003-cü ildə bir qrup siyasi ekspert tərəfindən Bakıda təsis olunub. Mərkəzin rəhbəri siyasi analitik Elxan Şahinoğludur.

Sayğac

Girish
Bugun
Umumi 264335
azAZ