Ay: Noyabr2023

Ermənistan Çindən də silah almaq istəyir

Çində bir müddət əvvəl 10-cu Pekin Syanşan Forumu keçirildi. Tədbirdə müxtəlif ölkələrin müdafiə nazirləri iştirak edirdi. İştirakçılar arasında Azərbaycanın müdafiə naziri Zakir Həsənov da var idi. Tədbirdə Ermənistan da təmsil olunurdu.

Azərbaycan Çindən hərbi texnika almır. Çünki Çinin hərbi texnikası keçmiş SSRİ-nin hərbi texnikasının oxşarıdır. Azərbaycan öz ordusunu NATO standartlarına əsasən inkişaf etdirir, buna görə də daha modern hərbi texnikaya üstünlük verir. Digər tərəfdən Çin hərbi-sənaye kompleksinin məhsullarını əsasən öz ordusunun təminatı üçün istifadə edir. Buna baxmayaraq, Ermənistan Hindistanla yanaşı Çinlə də hərbi-texniki sahədə əməkdaşlığa çalışır. Çinin Ermənistandakı hərbi attaşesi İrəvanda verdiyi açıqlamalarda iki ölkə arasında hərbi əməkdaşlığın mümkün olduğunu bildirib. Çin Ermənistana silah və hərbi texnika satarsa bu Pekinin Azərbaycanla münasibətlərinə mənfi təsir edə bilər.

Pekindəki forumda iştirak edən Rusiyanın müdafiə naziri Sergey Şoyqu yenə Qərbi ittiham edib. Şoyqu “kollektiv Qərbin” siyasətinin dünya üçün təhlükə yaratdığını bildirib. Bu “məntiqə” görə Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsi beynəlxalq aləmə problem yaratmır, ancaq Qərbin Ukrayanaya hərbi dəstəyi beynəlxalq aləmə problem yaradır. Digər tərəfdən Rusiya Nüvə Sınaqlarının Qadağan edən müqavilədən çıxmağa hazırlaşır. Bunun özü dünya üçün təhlükə yaradır. Sergey Şoyqu ABŞ-ın və onun müttəfiqlərinin Asiya və Sakit Okeanı bölgəsində hərbi fəallaığının artırmasını da tənqid etdi.

Toplantıda çıxış edən Çin təmsilçiləri Rusiyanın yaratdığı təhlükələrdən deyil, “kollektiv Qərbin” adını çəkmədən dünyadakı xaosu rəqiblərinin yaratdığına işarə ediblər. “Bəzi ölkələr digər ölkələrin daxili işlərinə qarışır, sabitliyi pozur və rəngli inqilablar yolu ilə təıxribata baş vururlar” – deyən Çin rəsmisinin Amerika Birləşmiş Ştatlarını nəzərdə tutduğu aydındır. Pekindəki forumda Qərb ölkələri dünyada enerji və ərzaq böhranı yaratmaqda da ittiham edildilər. Rusiya Ukraynaya qarşı işğalçı müharibəyə başlamasaydı, dünyada enerji və ərzaq böhranı indiki səviyyədə olmazdı. Ancaq Pekində buna toxunulmadı.

Beləliklə, Çinlə Rusiya ABŞ-ın dünyada hegemonluğuna son qoymaq üçün birlikdə çalışır və bu məqsədlə müxtəlif forumlar, konfranslar və seminarlar keçirirlər. Bu toplantılarda dünya üçün əsas təhlükənin Amerika Birləşmiş Ştatlarından gəldiyi təlqin edilməyə çalışılır.

“Atlas” Araşdırmalar Mərkəzi

Bayden bu görüşə hazırlaşır

ABŞ prezidenti Cozef Bayden Çin lideri Tsi Cinpinlə görüşə hazırlaşır. Bu xəbəri Çin Xarici İşlər Nazirliyi təsdiq edib. Görüş Amerika Birləşmiş Ştatlarının San-Fransisko şəhərində gerçəkləşəcək. Liderlər San-Fransiskoda Asiya və Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının zirvə toplantısında iştirak edəcəklər. Bayden və Cinpin sammit çərçivəsində ayrıca görüşməyi planlaşdırırlar.

Bundan əvvəl Çin xarici işlər naziri Van Yi və ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan görüşmüşdü. Onlar liderlər arasında hansı mövzuların müzakirə ediləcəyini müəyyənləşdiriblər. Bayden və Cinpin beynəlxalq məsələlərlə yanaşı, İsrail-Fələstin münaqişəsini müzakirə edəcəklər. “Bllomberg” agentliyi iki ölkə arasında münasibətlərdə gərginliyin bir qədər azaldığını yazsa da, Pekinlə Vaşinqtonun bir çox məsələyə baxışı hələ də fərqlidir.

Bu arada, beynəlxalq tədqiqat mərkəzləri Tsi Cinpinin Pekində keçirilən “bir kəmər, bir yol” forumundakı çıxışını analiz edirlər. Yalta və Potsdam konfranslarında müəyyənləşdirilən dünya nizamı artıq yoxdur. Böyük ölkələr arasındakı münasibətlərdə inamsızlıq var, müxtəlif bölgələrdə müharibələr baş verir. Belə vəziyyətdə Cinpin çıxışında dünyada yeni nizamın formalaşdırılması zərurətini bildirib: “Dünyada hər şeyin qaydasında olması Çin üçün də əhəmiyyətlidir. Biz qapılarımızı beynəlxalq aləmə açmışıq. Çin dünyanın 140 ölkəsi ilə ticarət əlaqələri qurub, dünyanın hər yerində yatırımlarımız mövcuddur.  Sülh və əməkdaşlıq nə qədər geniş yayılarsa, bundan hamı faydalanacaq”.

Tsu Cinpin  hamı üçün inkişaf strategiyasını bu şəkildə sıralayıb:

  1. “Bir kəmər, bir yol” üzrə nəqliyyat dəhlizləri genişləndirilməli və əlaqələndirilməlidir;
  2. Dünya iqtisadiyyatı inkişaf etdirilməlidir;
  3. Texnoloji innovasiyalar stimullaşdırılmalıdır;
  4. Mədəni və humanitar əlaqələr gücləndirilməlidir;
  5. Beynəlxalq əməkdaşlıq mexanizmləri təkmilləşdirilməlidir.

Göründüyü kimi, Tsi Cinpin ümumbəşəri prinsilərdən çıxış edir. Ancaq əməldə fərqli siyasət yürüdülür. Misal üçün Çin yeni texnologiyaları əldə edə bilmədikdə, onları xəfiyyələri vasitəsilə əldə etməyə çalışır. Çinin hərbi gücünü artırması da  qonşularını qorxudur. Bundan başqa Pekinin Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsinə seyrçi qalması da Qərbi daima narahat edən mövzulardandır. Buna görə də Tsi Cinpin Cozef Baydenlə müxtəlif mövzuları müzakirə etsə də, tərəflər öz mövqelərində qalacaq və bu dərin fikir ayrılıqlarının ortadan qaldırılmasına kömək etməyəcək.

“Atlas” Araşdırmalar Mərkəzi

Pekin Tacikistanı niyə qoruyur?

Tacikistan Çinlə birgə anti-terror təlimlərinə hazırlaşır. Bununla əlaqədar olaraq Çin lideri Tsi Cinpinlə Tacikistan prezidenti İmaməli Rəhman arasında saziş may ayında imzalanıb. Çinlə Tacikistan ən azı iki ildən bir birgə hərbi təlimlər keçirməyi qərarlaşıblar.

Çin Tacikistanla hərbi əməkdaşlığa və birgə hərbi təlimlərə nədən ehtiyac duyub? Bunun iki səbəbi var.

Birincisi, Çinin Tacikistanda böyük yatırımları və ortaq müəssisələri var. Əfqanıstanı Çinlə birləşdirəcək nəqliyyat yolu Tacikistan ərazisindən keçəcək. Bu yol Əfqanıstan üçün vacibdir. Yəni Pekin həm Tacikistandakı yatırımlarını qoruyur, həm də Əfqanıstanı regional layihələrə qatmaq istəyir.

İkincisi, Çin Əfqanıstanın Taliban rejimi ilə sıx əməkdaşlıq etsə də və Kabildə səfirliyinin fəaliyyəti bərpa olunsa da, Pekin bu bölgədə təhlükəsizlik tədbirlərinin gücləndirilməsində qərarlıdır. Pekin Əfqanıstanın müxtəlif bölgələrindəki radikal islamçı qruplardan ehtiyatlanır. Taliban Çinlə siyasi və iqtisadi əməkdaşlığa üstünlük versə, Əfqanıstandakı bütün silahlı qruplara nəzarət edə bilmir. Pekini narahat edən də budur. Ona görə də Çin Tacikistanla birgə hərbi təlimlər keçirməklə Əfqanıstandakı radikal qruplara xəbərdarlıq mesajı göndərir.

Çin Tacikistan-Əfqanıstan sərhədinin möhkəmləndirilməsi üçün Düşnbəyə maliyyə yardımı da ayırıb. Tackistan bu yardımın hesabına sərhəddə 40 müşahidə postu qurub. Çinin dəstəyi hesabına sərhəddə hərbi mərkəz də tikilib. Bu bazanın tikilməsinə Çin 9 milyon dollar pul xərcləyib. Həmin hərbi mərkəzin bütün gündəlik xərclərini də Çin həyata keçirir. Pekin bundan başqa Düşənbədə terrorla mübarizə mərkəzinin inşasına19 milyon dollar ayırıb.

Çinin Tacikistanla sıx hərbi əməkdaşlığı Kremli narahat etməyə bilməz. Rusiya və Çin strateji tərəfdaşlar sayılsalar da, iki dövlətin Mərkəzi Asiya uğrunda mübarizəsi davam edir. Rusiyanın da Tacikistanda hərbi bazaları mövcuddur. Rusiya bu ölkədə bir başqa dövlətin hərbi varlığını istəmir. Buna baxmayaraq, Çin Mərkəzi Asiyaya yatırımlarla yanaşı hərbi gücüylə də gəlməyə başlayıb.

“Atlas” Araşdırmalar Mərkəzi

Haqqımızda

“Atlas” Araşdırmalar Mərkəzi 2003-cü ildə bir qrup siyasi ekspert tərəfindən Bakıda təsis olunub. Mərkəzin rəhbəri siyasi analitik Elxan Şahinoğludur.

Sayğac

Girish
Bugun
Umumi 264430
azAZ