Ay: Fevral2024

Dehli Rusiyadan neft, Amerikadan silah alır

Hindistanda aprel və may aylarında parlament seçkilər keçiriləcək. Hindistanın baş naziri Narendra Modi hakim “Bharatiya Janata” Partiyasının qurultayındakı çıxışında ölkəsinin beynəlxalq aləmdə mövqelərini gücləndirəcəyini vəd edib. Modi qələbəsinə əmindir. “Bharatiya Janata” Partiyası 2014-cü il seçkisindən bu yana hakimiyyətdədir. Bu patiya 542 nəfərlik parlamentdə 323 mandata sahibdir.

Dehli bundan sonra da həm Qərb, həm də Rusiya ilə əməkdaşlığını davam etdirmək istəyir. Seçkinin aprel və may aylarında keçirilməsinə baxmayaraq, Modi iyul, avqust və sentyabr aylarında müxtəlif dövlətlərə dəvətlidir. Belə çıxır ki, onu dəvət edən dövlətlər də Modinin parlament seçkisinsə qələbəsinə əmindirlər. Münhen Təhlükəsizlik Konfransında iştirak edən Hindistanın xarici işlər naziri Subrahmanyam Jaishankar “necə olur ki, Dehli Rusiyadan neft, eyni zamanda ABŞ-dan hərbi texnika alır” sualına belə cavab verib ki, bu ölkəsi üçün problem deyil. Dehli son illərdə ərəb ölkələri ilə də əməkdaşlığı genişləndirib.

Dehlinin Rusiyadan neft almasına baxmayaraq, Hindistan hərbi əməkdaşlıq məsələlərində Qərb ölkələrinə üstünlük verməyə başlayıb. ABŞ Hərbi Dəniz Qüvvələrinin Donanma Baş Komandanı David Isom Hindistanın ABŞ və onun bütün digər tərəfdaşları və müttəfiqləri ilə əməkdaşlıqda çox mühüm rol oynayacağını vurğulayıb. David Isom bildirib ki, Hindistan bu beynəlxalq ortaqlıqların qorunmasında həqiqətən mühüm rola malikdir. “Münasibətlər böyüməyə davam edir” deyən yüksək rütbəli amerikalı hərbçi ölkəsinin bölgədə Avstraliya ilə də əməkdaşlığını genişləndirdiyini bildirib.

Bu arada, Avstraliya Hərbi Hava Qüvvələrinin rəisi hava marşalı Robert Çipman Hindistan-Avstraliya əlaqələrinin zamanla daha da güclənəcəyini vurğulayıb. O Hind-Sakit Okean haqqında danışarkən, bölgədə gərginlik artdığı üçün Çini  çəkindirmənin təmin edilməsinin vacibliyini bildirib.

Dehlinin önəm verdiyi digər istiqamət Avropadır. Hindistan və Avropa İttifaqı prioritetlər siyahısında birinci yerdə olan ticarət, turizm və müdafiə ilə əlaqələrini dərinləşdirib. Dehlidə keçirilən Raisina Sammitində çıxış edən Avropa İttifaqı Xarici Fəaliyyətlər Xidmətinin baş katibi Stefano Sannino Hindistanla əlaqələri yüksək qiymətləndirib. Sannino bildirib ki, Dehlidəki görüş və müzakirələrin əsas məqsədi iki tərəfin əməkdaşlığını necə inkişaf etdirə və dərinləşdirə biləcəyini müəyyənləşdirməkdir. “Biz azad ticarət sazişi, Hindistan və Avropa İttifaqı arasında investisiya mübadiləsi və dəniz sektoru da daxil olmaqla bir sıra sahələr üzərində işləyirik” deyib Sannino. Avropalı diplomat həmçinin bildirib ki, Avropa İttifaqı üçün Rusiyanın Ukraynaya təcavüzü ekzistensial təhlükədir. “Rusiya postsovet məkanında təsirini bərpa etməyə çalışır” deyən Sannino Avropa Birliyinin Çinlə münasibətlərini idarə etmək üçün Brüsselin strategiyasının hazırlandığını xatırladıb: “Çin rəqibdir və Pekini iqtisadi layihələrdə siyasi müdaxilələrdən çəkindirməyə çalışırıq. Biz iqtisadiyyatımızda riskləri azaltmaq və Çindən asılılığını azaltmaq istəyirik”.

Hindistan xarici siyasətlə yanaşı hərbi gücünün artırmasını da diqqət mərkəzində saxlayır. Buna misal olaraq Dehlinin Hindistanın silahlı qüvvələrinin modernləşdirilməsi və təchiz edilməsi üçün dəyəri 11 milyard dollardan çox olan bir neçə sazişi təsdiqləməsini göstərmək olar. “The Economic Times” qəzetinin məlumatına görə, bu sırada Hindistan Hərbi Dəniz Qüvvələrinə 200-dən çox uzaq mənzilli səsdən sürətli qanadlı raketlərin tədarükü də daxildir.

“Atlas” Araşdırmalar Mərkəzi

Çin hakerləri Qazaxıstanı izləyib

Bir qrup çinli hakerin iki il ərzində Qazaxıstan telekommunikasiya operatorlarının infrastrukturuna giriş əldə etdiyi məlum olub. Bu ilin fevral ayında naməlum şəxslər Çin Təhlükəsizlik Nazirliyinin podratçılarından biri olan infromasiya şirkətindən sızan məxfi məlumatları dərc ediblər. Bu məlumatlara görə, Çində fəaliyyət göstərən və dövlətin sifarişlərini yerinə yetirən haker qrupu son iki ildə Qazaxıstan telekommunikasiya operatorlarının kritik infrastrukturuna tam giriş əldə edib.

“New York Times” qəzetinin yazdığına görə, sızdırılan sənədlərdə, Çin təhlükəsizlik xidmətində müxtəlif ölkələrin hökumətləri və telekommunikasiya şirkətləri barədə məlumatlar toplanıb. Qazaxıstan Çin məxfi xidmətləri üçün xüsusi maraq kəsb edib. Qazaxıstan Rəqəmsal İnkişaf, İnnovasiya və Aerokosmik Sənaye Nazirliyi 20 fevral 2024-cü il tarixində verdiyi açıqlamada, sızdırılan məlumatları təhlil etməyə başladığını bildirib. Çinin haker qrupunun iki ildir Qazaxıstanın dövlət infrastrukturlarında yerləşərək məlumat toplaması aysberqin görünən hissəsidir. Məlumata görə, açıqlanan skrinşotlardan birində Qazaxıstan Müdafiə Nazirliyinin serveri ilə bağlı məlumatlar da var. Qazaxıstanın dövlət aviaşirkəti “Air Astana” haqqında məlumatları özündə əks etdirən fayllar aşkarlanıb.

Çinli hakerlərin marağında başqa dövlətlər də olub. Qırğızıstan, Monqolustan, Pakistan, Malayziya, Nepal, Türkiyə, Hindistan, Misir, Fransa, Kamboca, Ruanda, Nigeriya, Honq Konq, İndoneziya, Vyetnam, Myanma, Filippin və Əfqanıstanla bağlı da məxfi məlumatlar aşkarlanıb. Sızdırılan fayllarda həmçinin Çindəki etnik azlıqların və onlayn qumar şirkətlərinin fəaliyyətinin izlənildiyi də aşkarlanıb.

Bundan başqa sızdırılan məlumatlarda konkret şəxslər barədə məlumatların toplandığı aşkarlanıb. Çinli hakerlər müəyyən şəxslər tərəfindən edilən zəngləri, danışıqları və səyahət yerlərini izləyiblər. Sızma Çin kəşfiyyatının proqram təminatına, Windows, Mac, iOS və Android üçün troyan proqramlarına, sosial şəbəkə istifadəçilərinin anonimləşdirilməsi sistemlərinə, Wi-Fi sındırma avadanlığından istifadə üsullarına da işıq salır. Təhlillər göstərir ki, oğurlanmış məlumatların həcmi kifayət qədər böyükdür və bəzi hallarda terabaytlarla ölçülür.

Məlumatların həcmi və xarakteri Qazaxıstanın informasiya təhlükəsizliyi sistemindəki səhvləri aşkara çıxarıb. Qazaxıstana aid məlumat bazasının sızması Çinin aktiv olduğu ölkələrdə bu cür sistemlərin zəifliyindən istifadə etməsinin nümunəsidir. Çin əksər ölkələrin kompüter sistemlərini sındırmaq üçün davamlı səylərlə məşğuldur.

“Atlas” Araşdırmalar Mərkəzi

Brüssel Rusiya ilə əməkdaşlıq edənləri hədəf götürüb

Avropa Ittifaqı Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib. Brüssel Rusiya ilə yanaşı bu ölkə ilə bu və ya digər formada əməkdaşlıq edən şirkət və şəxslərə qarşı da sanksiyalar tətbiq etməyi qərarlaşdırıb. Bu sırada ilk dəfə Çinin hüquqi və fiziki şəxslər var.

Avropa İttifaqı son ana qədər Rusiya ilə əməkdaşlığıa görə Çini cəzalandırmaqdan çəkinirdi. Ancaq Brüssel siyasətini dəyişdirib. Brüsseldə hesab edirlər ki, Rusiya və Kremlin strateji tərəfdaşları əleyinə qəti addımlar atılmasa Ukrayna məğlub ola bilər. Brüssel Rusiya-Çin əməkdaşlığını hədəf alıb. Sanksiya siyahısında Çinin 7 şirkəti var. Bu say gələcəkdə arta da bilər. Bu şirkətlər Rusiya ilə sıx əməkdaşlıq edirlər. Avropa İttifaqının məmurlarından biri “The Guardian” qəzetinə verdiyi açıqlamada, Kremlin Avropa İttifaqının iqtisadi və ticarət sanksiyalarından qurtulması üçün boşluqlardan istifadə etməyə çalışdığını deyib. Brüssel Rusiyaya sanksiyalardan yan keçməyə imkan verən bütün boşluqların qarşısını almağa qərar verib. Boşluqlardan biri də Rusiyanın müxtəlif ölkələrin şirkətləri vasitəsilə Avropa ölkələri ticarət mübadiləsi aparmasıdır. Rusiyanın keyfiyyətli məhsullara və texnologiyalara ehtiyacı var.

ABŞ və Böyük Britaniya Brüsselin qərarını dəstəkləyiblər. Avropa İttifaqı Pekini Rusiya ilə əməkdaşlıqla bağlı bir neçə dəfə xəbərdar edib. Misal üçün ötən ilin dekabrında Çin lideri Tsi Cinpinlə görüşən Avropa İttifaqının rəhbəri Şarl Mişel bir qrup Çin şirkətinin Rusiyaya sanksiyalardan yan keçməyə kömək etdiyini bildirmişdi. Görünür, Mişel ümid edirdi ki, Pekin bu xəbərdarlığı nəzərə alaraq Çin şirkətlərinin Rusiya ilə müəmmalı əməkdaşlıqdan çəkindirəcək. Bu baş vermədiyinə görə, Brüssel qəti addımlar atmaqa məcbur qalıb.

Pekin Brüsselin qərarını sərt tənqid edib. Pekin Avropa İttifaqının Çir şirkətlərinə qarşı sanksiyalarını beynəlxalq hüquqa zidd adlandırıb. Çin Xarici İşlər Nazirliyi bəyanat yayaraq şirkətlərinin maraqlarını qoruyacağını açıqlayıb. Buna baxmayaraq, Çinin eyni ilə Avropa şirkətlərinə qarşı adekvat addlmlar atacağı barədə qərarı yoxdur. Pekin üçün Brüsselə münasibətləri gərginləşdirmək zərərlidir. 2022-i ildə Çinlə Avropa İttifaqı arasında ticarət mübadiləsinin həcmi 1.6 trilyon dollar təşkil edib. Bu Çinin Rusiya ilə ticarət mübadiləsindən 8 dəfə çoxdur.

“Atlas” Araşdırmalar Mərkəzi

Çin iqtisadiyatının əsas problemləri nələrdir?

Çin iqtisadiyyatında pandemiyadan sonrakı bərpa prosesinin ləng gedişi beynəlxaq aləmin diqqət mərkəzindədir. Çinin pandemiya dövründə tamamən qapanması ölkə iqtisadiyyatına mənfi təsir edib. Statistik rəqəmlər də Çin iqtisadiyyatının zəiflədiyini göstərir. Sənaye və tikinti sektorunda fəallıq xeyli azalıb, məşğulluq indikatoru  aylardır enişdədir. Bu proses 2020-ci ildən başlayaraq bugünə qədər davam edir. Çin dünyanın ən böyük istehlakçısıdır. Ona görə də Çində hazırki iqtisadi vəziyyət dünyadakı xammal və enerji bazarına da mənfi təsir edib.

Çinin üzlədiyi əsas problemlərdən biri ölkədə işsizliyin artmasıdır. Rəsmi rəqəmlər 2023-cü ildə Çin şəhərlərində işsizlik həcminin 5.2 faiz civarında olduğunu göstərsə də, iqtisadi ekspertlər real rəqəmlərin bundan fərqli olduğu qənaətindədirlər. Müxtəlif hesablamalara görə, Çində işsizliyin miqyası ildən ilə artır və 20 faizə yaxınlaşıb. Gənclər arasında işsizliyin miqyası daha böyükdür.  Çində hər il ali təhsil ocaqlarını milyonlarla gənc bitirir, bu qədər gəncə isə iş tapmaq çətindir. Ali təhsilli gənclər zavod və fabriklərdə işləmək istəmirlər və onlar ixtisaslarına uyğun iş tapana qədər valideylərindən asılı olurlar.

Çində 16-24 yaşlı gənclərin 21.3 faizinin işsin olduğuna dair hesablamalar var. Bu pandemiyadan əvvəlki dövrdən bir neçə dəfə çoxdur. Pekin Universitetinin professoru Çjan Dandanın yazdığı elmi məqaləsində Çində gənclərin tən yarısının işsiz olduğu göstərilib. Bunların böyük əskəriyyəti ali təhsillidir. Çin iqtisadiyyatı ölkədəki gənclərin mütləq əksəriyyətinə yeni iş yerləri yarada bilmir. Çində son illər gənclər maliyyə və informasiya texnologiyaları üzrə diplomlar alırlar. Ancaq problem ondadır ki, Çində bu sahələrdə yerlər tutulub və boş vakansiyalar azdır. Ona görə də maliyyə və informasiya texnologiyaları üzrə ixtisaslaşan gənclər ya az maaşlı işlərdə çalışmalı, ya da bir müddət işsiz qalmalıdırlar. 

Çində maaşların aşağı səviyyədə olması da işsizliyin artmasına səbəb olan amillərdəndir. Çində zavod və fabrik işçiləri ilə yanaşı kənd təsərrüfatında çalışanların gəlirləri də aşağı səviyyədədir.

Bu arada, Çinə xarici investisiyaların axını azalıb. 2023-cü ildə Çinə xarici investisiyanın həcmi 1993-cü ildən bu yana ən aşağı səviyyədə olub. Bu Çinin xarici ticarətinin zəifləməsinə gətirib çıxarıb, ixdal və ixrac əməliyyatları azalıb. Mövcud vəziyyət Çinin yürütdüyü xarici siyasətlə də bağlıdır. Çinin regional siyasəti böyük dövlətlərlə yanaşı böyük maliyyə təşkilatlarının da narahatlığını artırıb. Çin hərbi gücünü artırmaq üçün müdafiə sahəsinə hərbi xərcləri artırıb. Qərb ölkələri yüksək texnologiyalar sahəsində Çinlə əməkdaşlıqdan imtina edirlər. Çünki Qərb ölkələri Pekinin həmin texnologiyalardan müxtəlif dövlətlərə qarşı istifadə etdiyindən narahatdırlar. Çin iqtisadiyyatı xarici ticarətə kökləndiyindən bu sahədə azalma Çinin digər sahələrinə də mənfi təsir edir. Xarici investorlar Çini Hindistan, Vyetnam və digər ölkələrlə əvəz etməyə başlayıblar. Xarici maliyyə axını bu ölkələrə yönəlib.

“Atlas” Araşdırmalar Mərkəzi

London Pekinin Tehrana təsir etməsini istəyir

ABŞ və Böyük Britanıyanın Yəməndə husirlərin mövqelərinə zərbələri nəticəsiz qalıb. Vaşinqton və London hesab edir ki, bu zərbələrdən sonra husilər ticarət gəmilərinə hücumlardan imtina edəcəkdlər. Ancaq bu baş vermədi.

Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron Münxen Təhlükəsizlik Konfransında Çinin xarici işlər naziri Van Yi ilə görüşdən sonra çinli həmkarıyla birgə keçirdiyi mətbuat konfransında Pekinin Tehrana təsir etməsini istəyib. Yəni Pekin Tehrana, İran hakimiyyəti isə husilərə təsir etməlidir ki, Qırmızı dənizdə ticarət gərmilərinə hücumlar dayandırılsın. Londonun Pekindən istəyi budur. Vaşinqtonun da Pekindən istəyi oxşardır.

Buna baxmayaraq, Pekin Tehrana təsir etmək fikrində deyil. Əksinə, Çin Rusiya ilə birgə ABŞ və Böyük Britaniyanın Yəməndə husilərin mövqelərinə zərbə endirmələrindən narazıdır. Rusiya və Çinin BMT-dəki nümayəndələri çıxışlarında Təhlükəsizlik Şurasının Yəmənə qarşı hərbi hücumlara icazə vermədiyini xatırladıblar. 

Vaşinqtonun və Londonun mövqeyi dəyişməzdir. Husilərin durdurulması üçün bütün imkanlardan istifadə olunmalıdır. Vaşinqton və London Moskva və Pekinin istədiyi  kimi bu məsələni BMT Təhlükəsizlik Şurasının müzakirəsinə çıxarmaq istəmirlər. Çünki Rusiya və Çin Təhlküəsizlik Şurasında səsvermədə husilərə qarşı güc tətbiqinə veto qoyacaqlar.

ABŞ rəsmiləri İranın 2014-cü ildən başlayaraq husiləri raketlərlə təhciz etdiyini bildiriblər. Husilər ticarət gəmilərinə bu raketlərlə zərbələr endirirlər. Buna görə, Vaşinqton hesab edir ki, husiləri durdurmağın yollarından biri Tehrana təsir etməkdir. Tehranın husilərə təsir etmək fikri yoxdur. Halbuki, Qırmız dənizdə gərgin vəziyyət İranın ticarət tərəfdaşlarına da zərər verir. Bir çox ölkənin ticarət gəmisi Qırmız dəniz və Süveyş kanalından istifad etmək istəmir. Bu da həmin gəmilərin daha uzun məsafə seçməsiylə nəticələnir ki, bu yanacağın və ərzaq məhsullarının qiymət artımına səbəb olur.

“Atlas” Araşdırmalar Mərkəzi

Tokio Trampa yol axtarır

Çin hərbi gəmilərinin Yaponiya adalarına yaxın üzmələri Tokionu ciddi narahat edir. Çin Yaponiya ilə üz-üzə gəlməkdən çəkinmir. Yaponiya Çinlə müharibədə maraqlı deyil. Buna baxmayaraq, Çinlə Yaponiya arasında Sankaku adaları uğrunda mübarizə davam edir. Pekin Tokiodan tələb edir ki, Yaponiyaya məxsis təyyarələr adalar üzərində uçuşlar həyata keçirməsinlər. Bu vəziyyətdə Tokio ABŞ-ın Yaponiyaya hərbi dəstəyini artırmasını arzulayır.

Bu arada, “Reuters” agentliyi Yaponiya siyasətçilərinin Donald Trampla təmasa çalışdıqları barədə xəbər yayıb. Görünür, Tokio hesab edir ki, ABŞ-da bu il keçiriləcək prezident seçkisində Donald Trampın qələbə çalmaq ehtimalı yüksəkdir. Ona görə də Tokio indidən Trampın bölgəyə baxışını öyrənmək istəyir. Tokio ehtiyat edir ki, Tramp prezident seçilərsə, Vaşinqtonun Yaponiyaya hərbi dəstəyi azala bilər və bu Çinin bölgədə hərbi gücünü artırmağa şərait yaradar. Həqiqətən Tramp prezident olduğu illərdə Çinə qarşı sərt ticarət qaydaraları tətbiq etsə də, təhlükəsizlik məsələlərinə o qədər fikir vermirdi. Tramp ümumiyyətlə ABŞ-ın xaricdə təhlükəsizlik məsələlərinə az diqqət yetirilməsinin və buna az pul xərclənməsinin tərəfdarıdır. Tokioni narahat edən də budur. Misal üçün Donald Tramp “prezident seçilsəniz Tayvanı Çindən müdafiə edəcəksinizmi” sualına cavab vermək istəməyib. Tayvanı müdafiə etmək istəməyən Tramp Yaponiyanı müdafiə etmək istəyərmi? Bu sual Tokioda aktuallaşıb. Tokioda onu da unutmayıblar ki, Donald Tramp prezident olduğu illərdə “Yaponiya və Cənubi Koreya təhlükəsizlikləri üçün ABŞ-a daha çox pul ödəməlidirlər” fikrini səsləndirmişdi. Tramp təhlükəsizlik məsələlərinə siyasətçidən çox qazanc əldə etmək istəyən işadamı kimi yanaşır.

Yaponiyanın baş naziri Fumio Kisido aprel ayında Vaşinqtona səfər edərək Ağ Ev sahibi Cozef Baydenlə görüşəcək. Fumio Kisido eyni zamanda hakim partiyanın təmsilçilərini Trampla görüşlərə göndərib. Yaponiya siyasətçiləri eyni zamanda Vaşinqtonda Amerikanın beyin mərkəzlərinin rəhbərləri ilə də görüşürlər. Yaponiyalı rəsmilər və siyasətçilər bu görüşlərdə amerikalı həmkarlarını innandırmağa çalışırlar ki, ABŞ-ın bölgədə siyasi və hərbi fəallığını zəiflətməsi Çinin işinə yarayacaq. Tokio Trampa mesaj göndərir ki, gələcəkdə hər hansı bir məsələylə bağlı Tokio ilə razılaşmağa çalışsa ABŞ-ın bölgədəki strateji müttəfiqi Yaponiyanın maraqları nəzərə alınsın.

“Atlas” Araşdırmalar Mərkəzi

Hindistan Rusiya silahından niyə imtina edib?

Hindistan Rusiyadan silah və hərbi texnika almaqdan tədricən imtina edib. “Reuters” agentliyini bu məlumatı Hindistan hökumətindəki mənbələrə istinadən yayıb. Dehli Moskva ilə münasibətlərini gərginləşdirməməyə çalışsa da, Rusiyadan məsafə saxlamağa çalışır. Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsi Dehlini öz siyasətini korrektəyə məcbur edib.

Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsi həm də hərbi texnikaların nümayişi xarakteri daşıyır. Müxtəlif dövlətlər döyüşən tərəflərin hərbi texnikasını kənardan müşahidə və analiz edirlər. Görünür, Hindistan hökuməti müharibənin gedişatında bu qənaətə gəlib ki, Rusiyanın hərbi texnikasının keyfiyyətində ciddi problemlər mövcuddur. Bu müxtəlif araşdırmalarda da təsdiq olunub. Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu yayımladığı hesabatda göstərilib ki, son 20 ildə Rusiya Hindistanın silah və hərbi texnika ehtiyacının 65 faizini ödəyirdi. Ancaq Rusiya-Ukrayna müharibəsindən sonra durum dəyişib. Hindistan ABŞ istehsalı olan silah və hərbi texnikaya maraq göstərməyə başlayıb. Amerikalı rəsmilər və generallar bu məqsədlə tez-tez hindli həmkarlarıyla görüşür, əməkdaşlığın genişləndirilməsi yollarını müzakirə edirlər. Hindistanın baş naziri Narendra Modi də Vaşinqtonla hərbi-texniki əməkdaşlığı dəstəkləyib. Modi bir müddət əvvəl ABŞ-a 4 günlük səfərində hərbi əməkdaşlığın inkişafı mövzularını da müzakirə etmişdi.

Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu Rusiyanın müxtəlif dövlətlərə, o cümlədən Hindistana hərbi texnika ixracının dəfələrlə azaldığını yazıb. Misal üçün 2018-2022-ci illəri arasında azalma 31 faizdir. Digər tərəfdən Rusiya ona qarşı sanksiya tətbiq edən ölkələrə silah və hərbi texnika sata bilmir. Rusiya o ölkələrə də silah və hərbi texnika satmır ki, alan dövlət həmin silahları sonradan üçüncü dövlətlərə satmağa başlayır.

Bu arada, Rusiya Hindistana neft satmaqda da çətinliklə üzləşib. Rusiyanın neftlə dolu tankerləri bir sıra hallarda Hindistan limanlarına yaxınlaşa bilmirlər. Çünki Rusiyanın neft şirkətləri satdıqları məhsulun əvəzinə rupi almaq istəmirlər. ABŞ-la münasibətləri gərgin olan Rusiya alqı-satqıda dollar tələb edir. Halbuki, Rusiya özü tərəfdaşları ilə razılaşmışdı ki, ticarətdə tədricən dollardan imtina etmək lazımdır. Ancaq bu qaydanı elə Rusiyanın özü pozur.

“Atlas” Araşdırmalar Mərkəzi

Uyğurlara nəzarət gücləndirilib

Əsasən müsəlman etnik qrupların məskunlaşdığı Çinin Sincan əyaləti fevralın 1-dən yeni qaydalara tabe olmağa başlayıb. Çində dini ifadəni əhəmiyyətli dərəcədə məhdudlaşdıran qanun qəbul edilib. Bu qanun hökumətin dini ayinlər üzərində nəzarətini gücləndirib və bu, bölgədə dinə nəzarət etmək üçün daha geniş kampaniyanın bir hissəsidir. Çində 18 yaşına çatmayanların dini aiynlərdə iştirakı və dini təhsili qadağandır. Çində bütün yeni ibadət yerləri “Çin xüsusiyyətlərinə və üslubuna” riayət etməlidir. Məscidlərin görkəmi Çin dizaynına uyğun olmalıdır. Bu qanun, Sincanda dini azadlıqların aşınması ilə bağlı narahatlıqları artırıb. Beynəlxalq təşkilatlar yeni qaydalarla bağlı narahatlıqlarını bildiriblər.

Çin hökuməti 2017-ci ildən bəri Sincanda uyğurlara və digər türk müsəlmanlarına qarşı geniş yayılmış insan haqlarının pozulmasında ittiham olunur. Bunlara məhkəməsiz kütləvi həbslər, işgəncələr, itkin düşmələr, daimi nəzarət, dini və mədəni təqiblər, ailələrin ayrılması, məcburi əmək, cinsi zorakılıq, və məcburi sterilizasiyalar aiddir. Uyğurların “ekstremist” sayılan geyimləri də məhdudlaşdırılıb. Pekin uyğurların toplandığı yerləri “təhsil düşərgələri” kimi qələmə versə də, xarici mənbələr yüz minlərlə insanın həbsdə qaldığı qənaətindədir, çünki xaricdəki uyğurlar ailələri ilə əlaqə saxlamaqda çətinlik çəkirlər. Beynəlxalq qınaqlara baxmayaraq, Çinin uyğurları güc yolu ilə assimilyasiya etməyə yönəlmiş siyasəti dəyişməzdir. Sincan əyalətində internetə də nəzarət gücləndirilib. İnternet üzərindən yazışmalar və onlayn toplantılar yerli idarəetmə strukturları tərəfindən tam nəzarətə götürülüb.

Beləliklə, Çin Kommunist Partiyası Sincan əyalətinin siyasi, sosial və dini həyatını tam nəzarətə götürüb. Pekin qaydaları sərtləşdirməklə əyalətdə yaşayan türk və digər etnik qrupların mümkün etirazlarını qarşısının aldığını düşünür. Pekin hesab edir ki, buna görə beynəlxalq təzyiqlə üzləşməyəcək. Çünki, dövlətlərin əksəriyyətinin Çinlə iqtisadi münasibətlərə ehtiyacı var. Pekin bu amildən daxildə nəzarəti gücləndirməklə öz məqsədləri üçün istifadə edir. Buna baxmayaraq, BMT-nin 2022-ci ildə hesabatında Çin hakimiyyətinin Sincan əyalətində insan haqlarını kobud şəkildə pozduğu və bu insanlığa qarşı cinayət kimi qiymətləndirilib.

“Atlas” Araşdırmalar Mərkəzi

Trampın hədəfində nələr var?

Donald Trampın reytinqi yüksəkdir. Amerikalı ekspertlərin fikrincə, Respublikaçılar Partiyasının prezidentliyə namizədi Donald Tramp olacaq. Bu baş verərsə, ABŞ-ın tarixində ilklərlə yadda qalacaq. Birincisi, ABŞ-da prezidentlər adətən konqresmenlər və ştatların qubernatorları olur. İşadamı olan Tramp nə konqresmen, nə də qubernator olub. Buna baxmayaraq, o populyarlığı hesabına 2017-2021-ci illər arasında ölkəsinin prezidenti seçildi. Donald Tramp yenə prezident seçilərsə, bu ABŞ tarixində başqa ilk olacaq. ABŞ-da prezident seçkisində məğlub olan şəxs adətən sonradan prezidentliyə namizəd olmur. Tramp isə ötən seçkidə məğlubiyyətinə rəğmən, yenidən Ağ Evə qayıtmaq istəyir və onun yüksək reytinqi buna şərait yaradır.

Tramp yenə eyni vədlər verir, “mühacirləri ölkələrinə göndərəcəm”, “sərhədləri gəlmələr üçün qapadacam”, “Ukraynaya hərbi və maliyyə dəstəyi dayandırıb Rusiya-Ukrayna müharibəsinə son qoyacam”. “The Washington Post” qəzetinin yazdığına görə, Tramp prezident seçildiyi halda Çinə qarşı ticarət müharibəsinə də başlayacaq. Məqalədə Trampın Çinə qarşı yeni planının olduğu yazılıb. Bu qlobal ticarət müharibəsinə səbəb ola bilər. Tramp öz müşavirləri ilə Çin məhsullarına 60 faizlik gömrük rüsumunun tətbiqini müzakirə edib. Bundan başqa Tramp Çinlə ticarət əlaqələrinin statusunu azaltmağa çalışacaq.

Donald Tramp prezident olduğu illərdə də Çinə qarşı sərt iqtisadi siyasət həyata keçirib. ABŞ-ın hazırki prezidenti Cozef Bayden Trampın Çinlə bağlı qərarlarını dəyişməyib. Misal üçün Bayden Trampın 2018-ci ildə Çin məhsullarına tətbiq etdiyi rüsumları ləğv etməyib. Tramp Çin yarımkeçiricilərinin idxalını da məhdudlaşdırmışdı. Bayden Trampın bu qərarını da qüvvədə saxlayıb.

 

Donald Tramp seçkiqabağı çıxışlarında Çinə olan münasibətini gizlətmir: “Mən ABŞ tarixində kommunist Çinə qarşı ən sırt siyasət yürüdən prezident idim. Bunun sayəsində yüz milyardlarla dollara qənaət etmiş olduq, o biri prezidentlərin Çinlə münasibətlərinin Amerika üçün heç bir faydası yox idi”.

Tramp prezident seçilərsə, vədlərini yerinə yetirəcəkmi? Tramp bu mənada digərlərindən fərqlənir. O ötən dəfə də prezident seçilən kimi ilk gündən vədlərini yerinə yetirməyə başladı. Ona görə də Trampın Çinlə bağlı söylədikləri sadəcə vəd deyil, onun Ağ Evə sahib olacağı halda Vaşinqtonun Pekinlə münasibətlərinin gərginləşəcəyini ehtimal etmək olar. 2023-cü ilin noyabr ayın üçün Çin ABŞ-ın xarici ticarətində Meksika və Kanadadan sonra üçüncü sırada qərar tutub. Trampın prezident seçiləcəyi halda Çin ABŞ-ın xarici ticarətində yerini başqasına təhvil verəcək.

“Atlas” Araşdırmalar Mərkəzi

Dəniz limanları nəzarətə götürüləcək

Avropa İttifaqı Çinə qarşı yeni həmlə həyata keçirməyə çalışır. Çinin Avropa ölkələrinə yatırımları artıb. Bu sırada Çinin Avropanın müxtəlif dəniz limanlarının nəzarəti ələ keçirməsi də dayanıb. Bu da Brüsseldəki müxtəlif dairələri ciddi narahat etməyə başlayıb.

Avropa Parlamenti Avropanın dəniz təhlükəsizliyi ilə bağlı qətnamə qəbul edib. Bu qətnamədə qitəyə aid olmayan dövlətlərin dəniz limanlarına yatırımlarının məhdudlaşdırılması vacibliyi göstərilib. Aydındır ki, “xarici dövlətlər” dedikdə Çin nəzərdə tutulub. Çünki Avropa limanlarına qitədən kənar ölkələr arasında ancaq Çin maraq göstərir və yatırımlar qoyub. Misal üçün Çinin və dünyanın ən nəhəng dövlət daşıma şirkəti olan COSCO Yunanıstanın Pirey limanının səhmlərinin 67 faizinə sahibdir. Bu o deməkdir ki, həmin limana daşınan mallar və limana yaxınlaşan gəmilər Çinin nəzarətindədir. Brüsseli narahat edən də budur.

Avropanın Çindən artan iqtisadi asılılığını avropalı ekspertlər də vurğulayırlar. Avropa ilə Çin arasında daşımaların əsas hissəsini məhz COSCO şirkəti həyata keçirir. Brüssel xarici yatırımlarda maraqlı olsa da, Çindən artan asılılığın gələcəkdə Avropa üçün siyasi problemlər yaradacağı qənaətindədir.

Avropa Parlamentinin qətnaməsində Çinin yatırımları və dəniz limanlarına nəzarəti vasitəsilə Avropada kəşfiyyat işinin genişləndirəcəyi təhlükəsi barədə də qeydlər var. Avropada ehtiyat edirlər ki, Çin Avropadakı limanlar vasitəsilə hərbi-sənaye kompleksinin inkişafı üçün daşımalar da həyata keçirə bilər. Brüsseldə hesab edirlər ki, Çin iqtisadi yatırımlarını artırdıqdan bir müddətdən sonra Avropaya siyasi istəklərini də diqtə etməyə başlayacaq.

Bu arada, “Politico” nəşri Avropa Komissiyasının üzv ölkələrə xəbərdarlıq göndərdiyini yazıb: Texnologiya sahəsində strateji araşdırmaların nəticələrini Çinlə bölüşməyin! Çünki Avropa Komissiyası hesab edir ki, Pekin həmin nəticələrdən texnologiyalarını inkişaf etdirmək üçün istifadə edəcək. Buna görə də Brüssel Avropada texnoloji araşdırmaların və elmi yeniliklərin bir mərkəzdə cəmləşməsinin tərəfdarıdır. 

“Atlas” Araşdırmalar Mərkəzi

Haqqımızda

“Atlas” Araşdırmalar Mərkəzi 2003-cü ildə bir qrup siyasi ekspert tərəfindən Bakıda təsis olunub. Mərkəzin rəhbəri siyasi analitik Elxan Şahinoğludur.

Sayğac

Girish
Bugun
Umumi 262531
azAZ