Kateqoriya: Açıqlamalar

Rusiyada yeni hədəf kimdir?

Rusiya prezidenti Vladimir Putin 10 il əvvəl xarici jurnalistlərdən birinin “Ukraynanın NATO-ya inteqrasiyasına necə baxırsınız” sualına belə cavab vermişdi ki, bu onu narahat etmir, “Ukrayna müstəqil dövlətdir, istənilən qurumla əməkdaşlıq seçimində sərbəstdir” demişdi. 2014-cü ildə bu sözlərin həqiqəti əks etdirmədiyini gördük, dəyişən Putin məhz “NATO təhlükəsinə” görə Krımı ilhaq etdiyini açıqladı, 8 il sonra isə eyni “arqumentə” görə Ukraynaya qarşı işğalçı müharibə başladı.

Putinin hakimiyyətdə olduğu illərdə dəyişdiyinə dair başqa bir nümunə də var. Deməli, həmin Putin 2009-cu ildə Rusiyanın məktəb dərsliklərinə yazıçı Aleksandr Soljenitsının “Arxipelaq QULAQ” əsərinin daxil edilməsini lazım bilib. Bu əsər ilk dəfə 1973-cü ildə Qərb ölkələrində nəşr olunub. Əsər yazıçının özünün də keçdiyi məşəqqətli yoldan, o cümlədən 1918-1956-cı illər arasında düşərgələrdə incidilən və ölən milyonlarla SSRİ vətəndaşının represiyasından bəhs edir. Əsər SSRİ-də ilk dəfə 1989-cu ildə “yenidənqurma” illərində dərc olunub. Aleksandr Soljenitsının özünə də siyasi sığınacaq tapdığı ABŞ-dan geri qayıtmasına icazə verilib. Vaxtilə Soljenitsını dahi rus yazıçısı hesab edən Putin artıq fikrini dəyişib. Hazırda Kreml sahibini repressiya qurbanlarının acı taleyinin öyrənilməsi deyil, “imperiya sərhədlərinin genişləndirilməsi” düşündürür. Bu səbəbdən Putinin arxasınca gedənlərin qəddar Stalinə rəğbət artıb. Bu “məntiqə” görə faşist Almaniyası üzərində qələbə qazanan Stalin öz vətəndaşlarını öldürməyib, guya hamı hüzur içində yaşayırmış. Təsadüfi deyil ki, Rusiya Dövlət Dumasında hakim partiyanın deputatları Aleksandr Soljenitsının əsərinin məktəb dərsliklərindən çıxarılmasını təklif ediblər. Deputatlar əsərdəki faktların həqiqəti əks etdirmədiyini iddia ediblər. Guya bu əsər yazılmasaydı və tarix kitablarına salınmasaydı, SSRİ-də milyonlarla insanın repressiya qurbanı olduğunu gizlətməkmi mümkündür? Dövlət Duması Ukrayna müharibəsi fonunda tarixi həqiqətləri gənc nəsildən gizlətməyə çalışır. Aydındır ki, sifariş Kremlən – birinci şəxsdən gəlib.

 

Putini dəstəkləmək olmaz!

Qazaxıstan parlamentinin deputatı Azamat Əbildayev yanvarın 18-də verdiyi müsahibədə Rusiya prezidenti Vladimir Putini dəstəklədiyini, o cümlədən Ukraynanı “nasistlərin” idarə etdiyini və dinc əhali arasında itkilərin qarşısını almağın mümkün olmadığını söyləyib. O bu sözlərinə görə həm mandatından, həm də “Ak Yol” Demokrat Partiyasındakı üzvlüyündən məhrum edilib. Bu qərar Qazaxıstan Mərkəzi Seçki Komissiyasının saytında dərc olunub.

Doğru qərardır. Bunun söz azadlığı və ya demokratiya ilə yaxından uzaqdan əlaqəsi yoxdur. İşğalı və işğalçıları dəstəkləyən siyasətçilərin aqibəti belə olmalıdır. Qazaxıstan Rusiyanın strateji tərəfdaşı sayılır. Buna baxmayaraq, Qazaxıstanda belə Putini və Rusiyanın Ukrayna ərazisinin işğalını dəstəkləmək olmaz. Eyni qadağa digər ölkələrdə də tətbiq olunmalıdır. Təəssüf ki, Putin və Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsini dəstəkləyənlər ətrafımızda da var. Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsini dəstəkləməyin Ermənistanın Azərbaycan torpaqlarının işğalını dəstəkləməkdən heç bir fərqi yoxdur, ancaq ətrafımızda bunu anlamayanlar var. Qazaxıstan bunu anlamayanlardan birinin dərsini yaxşı verib.

 

Azərbaycan doğru seçim edib

Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun son hesabatına görə, dünyada silah satışına görə ən yüksək artım nümayiş etdirən iki ölkə – Türkiyə və İsraildir. Hesabatda silah satışıyla məşğul olan 100 şirkətdən üçünün İsrailə, ikisinin Türkiyəyə məxsus olduğu vurğulanıb. Əgər Türkiyənin hərbi istehsalla məşğul olan şirkətləri 2002-ci ildə cəmi 1 milyard dollar civarında hərbi texnika satmışdılarsa, 2021-ci ildə bu göstərici 10 milyard dolları ötüb.

Türkiyə satış bazarını genişləndirib. Buna misal kimi uzaq Filippinin belə Türkiyənin 77 “Atak” helikopterini almasını göstərmək olar. Maraqlıdır ki, son illərdə İsrail şirkətlərinin əsas alıcıları ərəb ölkələri olublar. Halbuki, keçmiş illərdə ərəb ölkələrinin tamamı Fələstin məsələsinə görə İsraili qınayırdı. İndi isə bir qrup ərəb ölkəsi həm İsraillə diplomatik əlaqələr qurub, həm də bu ölkədən modern silahlar alır. Misal üçün Birləşmiş Ərəb Əmirlikləri İsrailin “Barak” adlı hava müdafiə sistemlərinə üstünlük verib. Azərbaycanın Türkiyə və İsraildən aldıqları hərbi texnika bu iki ölkə ilə strateji müttəfiqlik və strateji tərəfdaşlığa əsaslanır. Aldığımız hərbi texnikanın üstün keyfiyyəti özünü İkinci Qarabağ müharibəsində göstərib. Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun hesabatı göstərir ki, Türkiyə və İsraillə strateji tərəfdaş olmayanların da bu iki ölkənin hərbi texnikasına marağı artıb.

 

Paşinyan Davosa niyə getmədi?

Azərbaycan prezidenti İlham Əliyev və Gürcüstanın baş naziri İrakli Qaribaşvili Davos forumunda iştirak edir, paneldə birgə müzakirələrə qatılırlar. Ermənistanın baş naziri Nikol Paşinyan da foruma qatılsaydı, Cənubi Qafqaz ölkəsinin 3 lideri arasında görüş keçirilə bilərdi. Gürcüstan Azərbaycanla Ermənistan arasında vasitəçi olmaq istəyir. İlham Əliyev Qaribaşvilinin bu təklifə müsbət yanaşır və liderlərin Tiflisdə görüşməsinə tərəfdardır. Qaribaşvili bu təklifi Paşinyana da bildirib.

 

Nikol Paşinyan Gürcüstanda görüş təklifinə niyə müsbət cavab vermir? Paşinyan bölgəyə dəxli olmayan Fransanın vasitəçi olmasını istəyir, bölgə ölkəsi, o cümlədən Azərbaycan və Ermənistanla tərəfdaşlıq münasibəti olan Gürcüstanın vasitəçiliyini isə qəbul etmir. Bunun iki səbəbi var. Birincisi, Gürcüstan da Azərbaycan kimi münaqişələrin həllinə ərazi bütövlüyü prinsipindən yanaşır, çünki özünün oxşar problem mövcuddur. İkincisi, Gürcüstanla Azərbaycanı gəlir gətirən müxtəlif regional layihələr birləşdirir, Ermənistanla isə ortaq layihəsi yoxdur. Belə olan halda Paşinyan düşünür ki, o Gürcüstanın vasitəçiliyinə razılaşsa, Tiflis istər-istəməz Azərbaycanın mövqeyini dəstəkləyəcək. Ancaq Paşinyan sülhdən danışarsa, bunun yollarından biri ümumi Cənubi Qafqaz evinin yaradılmasından keçir, yox əgər erməni separatçılığına dəstək davam edəcəksə, nə ümumi ev olacaq, nə də Ermənistanı rahat həyat gözləyəcək.

 

 

Tokayev yeni seçkiyə ehtiyac duyub

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin parlamentin aşağı palatasını buraxmasının arxasındakı səbəblər keçmiş prezident Nursultan Nazarbayev irsindən qurtulmaqla əlaqəlidir. Tokayev parlamentin aşağı palatasıyla yanaşı hakimiyyətin regional strukturlarını da buraxıb. Parlamentə seçkilər bu ilin martın 19-a təyin olunub.  Qazaxıstanda Konstitusiya islahatları nəticəsində yeni seçkilərdə deputatların 70 faizi proporsional əsasda seçiləcək. Bununla Tokayev ölkəsində partiya quruculuğuna və siyasi mübarizəyə şərait yaratmaq istəyir. Buna misal olaraq istənilən partiyanın qeydiyyata alınması üçün əvvəlki kimi 20 min nəfərin deyil, 5 min nəfərin olması kifayətdir. Bunun əsasında Qazaxıstanda qeydiyyatdan keçən partiyaların sayı artıb.

Əslində Qazaxıstanda parlament seçkiləri 2025-ci ildə keçirilməli idi. Ancaq Tokayev ötən ilin sentyabrında açıqlama verərək Konstitusiya dəyişikliklərindən sonra növbədənkənar parlament seçkilərinə ehtiyac olacağını bildirdi. Tokayevin özü ötən ilin noyabrın 20-də növbədənkənar prezident seçkisində 81 faiz səslə qələbə qazanaraq mövqeyini möhkəmlətdi. Yeni Konstitusiyaya görə Qazaxıstan prezidenti iki dəfədən çox dövlət başçısı seçilə bilməz. Bundan başqa prezidentin yaxınlarına dövlət məmuru vəzifəsi tutmaq qadağan edilib. Ayrıca, yeni Konstitusiyada birinci prezident Nursultan Nazarbayevin ismini xatırlayan bəndlər çıxarılıb.

 

 

Sergey Lavrov həm Azərbaycanı, həm də Ermənistanı tənqid etdi

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycanla Ermənistan arasında “balans siyasətini” davam etdirir. Rusiyanın xarici işlər naziri tərəflərdən birini tənqid edərkən, o birisini də tənqid etməyə çalışır.

Sergey Lavrov yanvarın 18-də Moskvada ötən ilin yekunlarıyla bağlı mətbuat konfransı keçirdib. O mətbuat konfransında dedi ki, Laçın dəhlizi 9 noyabr 2020-ci il tarixli razılaşmaya əsasən, yüklərin, vətəndaşların və nəqliyyat vasitələrinin keçidi üçün sərbəst olmalıdır. Yəni Lavrovun sözlərindən belə nəticə çıxırdı ki, guya azərbaycanlıların yoldakı aksiyasına görə bu sərbəstlik indi  yoxdur. Halbuki, Laçın yolu mülki insanlar və ərzaq daşınması üçün açıqdır.

Sergey Lavrov azərbaycanlıların məlumatı əsasında ermənilərin bu yoldan minaların keçirməsiylə bağlı narazılığını bu şəkildə yekunlaşdırdı: “İndi hərbçilərimiz bu məlumatı öyrənirlər”. Lavrov problemi gizlətmək istəyir. Rusiyaya yoldan silahların keçirilməsinə dair məlumat aksiyadan aylar əvvəl verilirdi. Rusiya bu müddətdə yoldan silahın, sursatın və minaların keçirilməsinə mane olmadı. İndi üstündən aylar keçəndən və aksiya başlayandan sonra Lavrov deyir ki, “məsələni araşdıracaqlar”. Minalar keçirilib, müxtəlif istiqamətlərdə basdırılıb, müharibədən sonra minaların partlaması nəticəsində yüzlərlə Azərbaycan vətəndaşı həlak oldu və bu faciələrə şərait yaradan Rusiyanın bölgədəki hərbi kontingenti idi. Bundan sonra Rusiya hərbi kontingenti “araşdırma” apararmı?

Sergey Lavrov mətbuat konfransında Ermənistanı da tənqid etdi. Lavrov dedi ki, İrəvan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının missiyasının Ermənistan-Azərbaycan sərhədinə göndərilməsi barədə sənədi yerinə yetirmək əvəzinə Avropa İttifaqının missiyasına üstünlük verdi. Lavrov bu mövzuda fikirlərini belə yekunlaşdırdı: “Bu əlbəttə ki, Ermənistanın hüququdur. Lakin unutmaq lazım deyil ki, söhbət Azərbaycanla sərhəddən gedir. Yəqin ki, bu missiya Azərbaycanın razılığı olmadan sərhəddə yerləşdiriləcəksə, qeyri-məhsuldar olacaq. Sərhəddə etimadın möhkəmlənməməsi əlavə gərginliklər yarada bilər”.

Lavrov bu məsələdə haqlıdır. Avropa İttifaqının missiyası təmas xəttində monitorinqi uzatmaqla heç nəyə nail olmayacaq, əksinə Brüssel iki mənfi nəticə ilə üzləşəcək. Birincisi, rəsmi Bakı Brüsselin bundan sonrakı vasitəçiliyinə şübhəylə yanaşacaq. İkincisi, Azərbaycan-Ermənistan sərhədinin müəyyənləşməsi uzanacaq ki, bu da əslində Avropa İttifaqının maraqlarına cavab verməməlidir.

 

Rəsmi Bakı erməni separatçılarına hansı tələbləri göndərib?

Rusiyanın xarici işlər naziri Sergey Lavrov yanvarın 18-də Moskvada keçirdiyi mətbuat konfransında dedi ki, bir neçə gün əvvəl Rusiya kontingentinin komandirinin iştirakı ilə Azərbaycan təmsilçisi və separatçıların nümayəndələri arasında görüş keçirilib. Görüş Laçın yolundakı vəziyyətlə bağlı olub. Lavrov yaxın vaxtlarda məsələnin öz həllini tapacağını düşündüyünü bildirib. Yəni Lavrovun fikrincə, bu görüşdən sonra Laçın dəhlizindəki vəziyyət dəyişməlidir. Ancaq vəziyyət belə deyil. Lavrov Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla telefonla danışıb. Ceyhun Bayramov Azərbaycanın tələblərini bir daha Lavrova bildirib. Əsas tələb Qarabağda separatçıların nəzarətində olan mis və qızıl yataqlarında monitorinqin keçirilməsidir. Çünki həmin yataqlar işlər Azərbaycan qanunlarına ziddidir. Yataqların istismarından Azərbaycan faydalana bilmir. Bundan başqa ekoloji məsələlər də var.

Erməni saytları xəbər yaydılar ki, rəsmi Bakı tələblərini Qarabağdakı erməni separatçılarına göndərib. Erməni separatçılarının lideri Araik Arutunyan rəsmi Bakının tələblərini tərəfdarlarına izah edib: 1. Ruben Vardanyan Qarabağı tərk etməlidir; 2. Separatçılar mədənlərindəki işi dayandırılmalıdırlar; 3. Laçın dəhlizinin Rusiya sərhəd-keçid məntəqəsində rentgen skaner cihazları quraşdırılmalı və yüklərə nəzarət edənlər arasında Azərbaycan nümayəndəsi olmalıdır; 4. Separatçılara məxsus ağır hərbi texnika bölgədən çıxarılmalıdır.

Araik Arutunyan və onun separatçı ətrafı rəsmi Bakının bu tələblərini yerinə yetirməyəcəklər. Erməni mənbələrinə görə, Arutyunyanın rəsmi Bakının tələblərinə reaksiyası belə olub: “Rəsmi Bakının tələblərini yerinə yetirsək belə dəhlizin açılacağına və ya açılandan 1-2 həftə sonra yenidən bağlanmayacağına zəmanət yoxdur. Buna cavab olaraq Azərbaycan dünən qazın verilişini bir neçə saatlıq dayandırıb. Ümumiyyətlə, çətin günlər qarşıdadır”.

Həqiqətən, erməni separatçılar üçün bundan da çətin günlər olacaq. Rəsmi Bakının iddia edildiyi kimi Rusiya hərbi kontingenti vasitəsilə separatçılara göndərdiyi tələblər prosesin başlanğıcıdır. Bundan sonra başqa tələblər irəli sürüləcək.

 

 

İşğalçı hər zaman məğlub olur

Rusiya prezidenti Vladimir Putin və onun özü kimi ətrafı “rus dünyasının müdafiəsindən” çox danışırlar, elə Krımın ilhaqı və Ukraynaya qarşı işğalçı müharibənin başlanması səbəbini də bununla izah edirlər. Yəni Putin deyir ki, guya o Ukraynadakı rusları Kiyevdəki “faşist rejimindən” qurtarmaq üçün müharibəyə başlayıb. Bu bəhanədir. Rus dünyasını düşünən birisi Ukraynanın şəhərlərini bombalamaz, mülki insanları qətlə yetirməz. Rusiyanın işğalçı ordusu geri çəkildiyi ərazilərdə qətliamlar törədib, kim zəmanət verə bilər ki, Buçada öldürdükləri insanlar arasında milliyətçə ruslar olmayıb? Və ya Rusiya dünən axşam Ukraynanın Dnepr şəhərini raket atəşinə tutub, böyük bir bina dağılıb, dağıntılardan onlarla cəsəd çıxarılıb. Kim zəmanət verə bilər ki, dağıntılar arasında ölənlər içərəsində rus mənşəli Ukrayna vətəndaşı yoxdur? O biri tərəfdən Kreml sahibi müharibədə gənclərini ölümə göndərir, say 100 mini keçib. Putin ölümə göndərdiyi gəncləri də düşünmür. Rusiyanın müxalifət liderlərindən Qriroqi Yavlinski son müsahibəsində doğru deyib, Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsi SSRİ-nin Almaniyaya qarşı müharibəsinə bənzəmir. Almaniya SSRİ-yə hücum etmişdi, SSRİ işğalçılara qarşı savaşırdı, indi isə tərsinə işğalçı Rusiyadır, işğala qarşı savaşan isə Ukraynadır. İşğalçılar gec və ya tez məğlub olurlar.

 

Separatçılar “seçki” istəyirlər

Qarabağ separatçıları müxtəlif ölkələrə və təşkilatlara «Qarabağ ermənilərinin vəziyyəti ağırdır, bizə kömək edin”  bağırarkən, separatçıların “parlamentinin sədri” Artur Tovmasyan Qarabağda növbədənkənar “prezident və parlament seçkilərinin” keçirilməsini təklif edib. Artur Tovmasyan bunu bölgədə yararan böhranla əlaqələndirib. Belə çıxır ki, yaranan böhranı separatçıların liderləri fərqli şəkildə görürlər. Ararik Arutunyan və Ruben Vardanyan beynəlxalq aləmin Azərbaycana təzyiq etməsini istəyərkən, bunlardan biri “seçki keçirək” təklifi ilə əslində problemin öz aralarında olduğuna eyham vurub. Çünki, növbədənkənar seçkini o zaman tələb edirlər ki, idarə edənlərdən narazılıq var. Görünür, separatçıların “parlamentinin sədrinin” Araik Arutunyandan və Ruben Vardanyandan narazılığı var ki, onların yerinə iddialıdır. Keçmişdə Robert Köçəryanla sıx əlaqəsi olan Artur Tovmasyanın separatçıların “Təhlükəsizlik Şurasının katibi” Vitaliy Balasanyanın istefaya göndərilməsindən də narazıdır. Görəsən Artur Tovmasyanın Nikol Paşinyandan, Araik Arutunyandan və ya Ruben Vardanyandan fərqi nədir ki, “parlamentin sədri” onların çarəsiz qaldıqları durumu separatçıların xeyrinə dəyişəcəyini düşünür? Bir balaca düşüncəsi olan Qarabağ ermənisi bu gün nə Araik Arutunyanın, nə də Ruben Vardanyanın yerində olmaq istəyər. Düşüncə də qalmayıb.

 

Ruben Vardanyan Qarabağı tez tərk etməlidir

Əslində Ruben Vardanyan biz deyəni təkrarlayır, Qarabağ erməniləri üçün 3 yoldan ikisini səsləndirir və bu Azərbaycanın mövqeyini əks etdirir: “Qarabağ erməniləri ya Azərbaycan qanunlarına tabe olmalıdırlar, ya da tabe olmaq istəmirlərsə Qarabağı tərk etməlidirlər”. Bizim bir başqa vəzifəmiz qanunlarımıza tabe olmayan Ruben Vardanyanın Qarabağı tərk etməsini sürətləndirməkdir. Ruben Vardanyanın gəldiyi yerə qayıtması saman çöpündən də yapışmağa cəhd edən erməni separatizminə və separatizmə dəstək verən digər ermənilərə ağır zərbə olacaq. “Əgər Rusiya ilə sıx bağlılığı olan Ruben Vardanyan kimi birisi də Qarabağı tərk etmək məcburiyyətində qalıbsa, biz Azərbaycan qanunlarına tabe olmadan burada necə yaşayacağıq” – bu Qarabağ ermənilərinin özlərinə verməli olan suala çevriləcək. Ruben Vardanyan bölgəni bu il tərk etməsə belə bunu 3 il sonra Rusiya hərbi kontingenti ilə birgə reallaşdırmaq məcburiyyətində qalacaq. Ancaq biz elə etməliyik ki, Ruben Vardanyan daha tez qərar versin ki məsələlərimizin həllini sürətləndirək.

 

Haqqımızda

“Atlas” Araşdırmalar Mərkəzi 2003-cü ildə bir qrup siyasi ekspert tərəfindən Bakıda təsis olunub. Mərkəzin rəhbəri siyasi analitik Elxan Şahinoğludur.

Sayğac

Girish
Bugun
Umumi 257096
azAZ