Kateqoriya: Açıqlamalar

Çin Ukrayna müharibəsindən əziyyət çəkir

Vaşinqton Dehli ilə əlaqələri genişləndirməyə çalışır. ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Cek Sallivanla Hindistan baş nazirinin təhlükəsizlik müşaviri Adcit Dovalla Vaşinqtonda keçirilən görüşündə hərbi əməkdaşlığını genişləndiriməsi yolları müzakirə olunub. Tərəflər super bilgisayarlar və yüksək texnologiyalar sahələrində əlaqələrin genişlədirilməsini vacib olduğunu bildiriblər. ABŞ prezidenti Co Bayden və Hindistanın baş naziri baş nazir Narendra Modi daha əvvəl bu barədə razılığa gəliblər.

“New York Times” qəzetində yayımlanan məqalədə Ağ Evin vaxtilə bu sahələrdə Çinlə əməkdaşlığa üstünlük verdiyi yazılıb. Həmin dövr geridə qalıb. Hazırda Çin və ABŞ yüksək texnologiyalar sahəsində rəqib ölkələrdir. Vaşinqton müxtəlif texnologiyaların istehsalında liderliyi Çindən Hindistana keçməsinə çalışır. Bu asan olmayacaq. Çin yarımkeçiricilərin istehsalında liderliyini qoruyur. Digər tərəfdən Çin az qala dünyanın yarısına 5G texnologiyalarını ixrac edir. Çini bu sahədə sıxışdırmaq çətin olacaq.

Buna baxmayaraq, ABŞ-ın böyük şirkətləri Çindən Hindistana və Vyetnama köçməyə başlayıblar. Ancaq həmin şirkətlər bəzi problemlərlə üzləşiblər. Hindistanda və Vyetnamda istehsalı artırmaq üçün müasir infrastruktur yaradılmalıdır, şirkətlər bürokratik əngəllərlə üzləşməməlidirlər.

ABŞ süni intellektin yaradılması çalışmalarında da Hindistanla əlaqələri genişləndirməyə çalışır. Bundan başqa iki ölkə hərbi texnika üçün birgə mühərrik istehsalına başlamağı nəzərdə tuturlar. Bu işə Amerikanın məşhur “General Electric” şirkəti cəlb olunacaq. ABŞ Hindistan vətəndaşlarınz tətbiq etdiyi viza sistemini yumşaltmalıdır. Çünki hazırki məhdudiyyətlə proqram tərtibatçısı olan hindlilər ABŞ-da çalışa bilmirlər.

Vaşinqton Dehli ilə hərbi əməkdaşlığın qarşılığında Hindistanın Rusiyadan hərbi texnika alışını azaltmasını istəyir. Bunun üçün Hindistan-ABŞ hərbi əməkdaşlığı o səviyyədə genişlənməlidir ki, Dehli eyni adlı hərbi texnikanı ABŞ-dan ala bilsin. Hindistan mikro çiplərin istehsalı məsələsində Amerikadan dəstək gözləyir.

 

Rusiya səfirinin xüsusi missiyası var

Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkinin xüsusi missiyası var. O daima erməni rəsmilərinə xatırladır ki, Ermənistanın müttəfiqi Rusiyadır və İrəvan Kremldən uzaqlaşa bilməyəcək. Kopırkin yenə deyib ki, iki ölkənin bütün sahələrində əməkdaşlıq mövcuddur. Bununla Kreml öz səfiri vasitəsilə baş nazir Nikol Paşinyana mesaj göndərib ki, “Sən istəsən də Rusiyadan qopa bilməyəcəksən”. “Təkcə dövlətlərimiz arasında deyil, həm də xalqlar, insanlar arasında münasibətlər genişdir” – deyən səfir iki ölkə arasında müttəfiqlik münasibətlərində, o cümlədən təhlükəsizlik sahəsində alternativ görmədiyi fikrini də təkrarlayıb.

Buna baxmayaraq, Paşinyan Kremlin istəyinin əleyhinə olaraq avropalı müşahidəçiləri Ermənistanda yerləşdirib. Paşinyanın onlara böyük ümidi var. Bu o deməkdir ki, Kremlin və səfir Kopırkeinin xəbərdarlıqları işə yaramır. Bu gedişlə Kreml Paşinyan hökumətinə qarşı təzyiq alətlərini işə salmaq barədə düşünəcək. Bu alətlərdən ən mükəmməli təbii qazdır. Rusiya Ermənistan üçün qazın qiymətini artıra və ya mavi yanacağın verilməsində kəsintilər yarada bilər. Bu halda Paşinyan Tehrana müraciət edərək İrandan nəql etdiyi qazın həcmini artırmasını istəyəcək. Tehran Paşinyanın xahişinə müsbət cavab verərsə Kremlin planını pozmuş olacaq və bu Rusiya-İran münasibətlərinə suallar yaradacaq.

 

Tehranın səsi çıxmır

Rusiya Avropa İttifaqının missiyasının Ermənistanda fəaliyyətə başlamasına sərt etiraz edir. Bu missiyanın hərbi məqsədləri olduğunu vurğulayan rusiyalı rəsmilər və Kremlə yaxın ekspertlər iki faktoru önə çəkirlər. Birincisi, Brüssel Rusiyanı Ermənistanda sıxışdırmaq istəyir. İkincisi, Brüssel hərbi missiyası vasitəsilə Ermənistan üzərindən Rusiyanın və İranın hərb mərkəzləri barədə kəşfiyyat məlumatları toplamağa çalışır.

Rusiya bu qədər etiraz edərkən, İrandan səs çıxmır, qardaşı Ermənistana xəbərdarlıq etmir. Bu Moskvanı narazı salır. Çünki Moskva Tehranın da hərəkətə keçməsini istəyir. Avropa İttifaqının hərbi missiyası Ermənistanda fəaliyyətini genişləndirdikdən sonra Tehran Moskvaya qoşulmaq məcburiyyətində qalacaq.

 

Qarabağ ermənilərini kim təmsil edəcək?

Prezident İlham Əliyev Münhen Təhlükəsizlik Konfransındakı çıxışında dedi ki, rəsmi Bakı Qarabağın erməni icması ilə dialoq hazırdır, ancaq mümkün danışıqlarda icmanı bölgədə doğulan ermənilər təmsil etməlidirlər, “Rusiyadan ixrac edilən Ruben Vardanyanla təmas olmayacaq”. Ruben Vardanyan ikitərəfli təzyiq altındadır. Onun Qarabağda fəaliyyəti bölgə ermənilərinə də çətinlik yaradır. Odur ki, Ruben Vardanyanın bölgəni tərk edəcəyi ehtimalı var. Belə olan halda rəsmi Bakı erməni icmasından kim və ya kimlərlə dialoq keçə bilər? Separatçıların “lideri” Araik Arutunyan Qarabağda doğulub, ancaq onunla da dialoq mümkün deyil, çünki Azərbaycan bu separatçı haqqında cinayət işi açıb, Gəncənin bombalanmasında rolu olduğunu etiraf edib.

Separatçıların keçmiş “xarici işlər naziri”, hazırda Araik Arutunyanın “müşaviri” David Babayan deyib ki, onları rəsmi Bakı ilə danışıqlarda kimin təmsil edəcəyini özləri müyəyənləşdirəcəklər. David Babayanın sözlərinə görə, onların müəyyənləşdirəcəkləri şəxs Qarabağla yanaşı Azərbaycanı da yaxşı tanıyan biri olmalıdır. David Babayanın sözlərindən anlaşılır ki, o və onun “lideri” də Ruben Vadranyanın Bakı ilə təmas qurması imkanlarının olmadığını etiraf edibər. Ancaq rəsmi Bakının “separatçıların müəyyənləşdirəcəyi şəxslə” danışıqlar aparması da imkansızdır. Biz erməni icması içərisində beyni tam zəhərlənməyən və mövcud reallıqları qəbul etməyə hazır olan şəxsləri axtarmalıyıq. Ancaq belələrini çətinliklə tapsaq da, bilməliyik ki, onlar əli silahlı separatçıların nəzarəti altında olacaqlar və “təlimatlardan” kənara çıxa bilməyəcəklər. Qarabağda 1988-ci ildə separatçılığa başlayanda, bunun yanlış olduğunu anlayan bir neçə erməni var idi, ancaq onların səsini batırdılar və bir müddət sonra müəammalı şəkildə yoxa çıxdılar. Qərbə görüntü lazımdır ki, dialoq mövcuddur. Etiraz etmirik, ancaq şərtimiz də bəllidir: Ermənilər Qarabağda təhlükəsiz şəraitdə yaşamaq istəyirlərsə, Azərbaycan qanunlarını qəbul etməlidirlər, əks halda bölgəni tərk etməli olacaqlar.

 

Bayden Kiyevə niyə gedib?

Co Bayden keçmiş prezident Barak Obamanın kabinetində vitse-prezident olduğu illərdən Ukrayna ilə məşğul olur. Obama Ukraynanı Baydenə tapşırmışdı, o da tez-tez Kiyevə gedər və keçmiş prezident Petro Poroşenko ilə müzakirələr aparardı. Baydenin son ana qədər gizli saxlanılan indiki səfərinin xüsusi əhəmiyyəti var. Birincisi, Bayden Amerikanın Ukraynaya yeni yardımlarını Kiyevdə ikən açıqlamağı lazım bilib. İkincisi, Bayden Rusiyanın genişlənən hücumları fonunda Kreml sahibi Vladimir Putinə mesaj yollayıb ki, ABŞ Ukraynanın məğlub olmasına imkan verməyəcək və Ukrayna prezidenti Volodimir Zelenski əks-hücuma həvəsləndirəcək. Üçüncüsü, Bayden döyüşlərin gərgin olduğu hazırki günlərində Kiyevə getməklə Avropa ölkələrinə Ukraynaya hərbi texnika göndərmək məsələsində Amerika qədər cəsarətli olmağı işarə edib.

 

Vardanyan bölgəni nə zaman tərk edəcək?

Erməni separatçılarının “dövlət naziri” Ruben Vardanyanın bu “vəzifədə” çalışmasının 100 günü tamam olub. Vardanyan bununla bağlı fikirlərini profilində paylaşıb. Vardanyan “dövlət naziri” olduğu dövrün 67 gününü “blokada” şəraitində fəaliyyət göstərdiyini bildirərək, qarşısında duran vəzifələri yerinə yetirdiyini və bölgənin kollapsa yuvarlanmadığını iddia edib. “Xarici təzyiqlə yanaşı daxildəki müxalifət də planlarımızı əngəlləyə bilmədi” – yazan Vardanyanın cümləsinin ikinci hissəsi diqqəti çəkir. Ruben Vardanyan ilk dəfə etiraf edib ki, separatçılar içərisində ona mane olmaq istəyənlər var. Bu adam öz xoşu ilə bölgəni tərk etməyəcək. Vardanyan ya bizim təzyiq altında bölgəni tərk etməlidir, ya Moskva onu geri çağırmalıdır, ya da ona müxalifət olanlar məqsədə çatmalıdırlar.

 

Ermənistanı Kosovo ilə nə birləşdirir?

Ermənistanın baş naziri Nikol Paşinyan və xarici işlər naziri Ararat Mirzoyan Münhen Təhlükəsizlik Konfransında müxtəlif ikitərəfli görüşlər keçiriblər. Diqqətimi Ararat Mirzoyanın Kosovanın xarici işlər naziri Doniko Qervalla görüşü çəkib. Mirzoyan kosovolu həmkarına Laçın yolundakı vəziyyət barədə məlumat verib. Bu mövzu uzaq Kosovonun xarici işlər nazirini nə dərəcədə maraqlandırıb? Mirzoyanın kosovolu həmkarıyla görüşünün yeganə məqsədi “paralellərə” işarə etməkdir. Rəsmi İrəvan keçmiş illərdə Kosovonu misal çəkərək “Dağlıq Qarabağın da müstəqilliyinin” tanınması vacibliyini səsləndirirdilər. Buna baxmayaraq, İrəvan bu məsələdə dərinə gedə bilmədi. Çünki ağası Rusiya Serbiyanın ərazi bütövlüyünü dəstəkləyir, Kosovonun müstəqilliyinin əleyhinədir. Bu səbəbdən Ermənistan da Kosovonun müstəqilliyini tanımadı. Kosovonun müstəqilliyini ilk tanıyan ölkələrdən biri strateji müttəfiqimiz Türkiyədir. Azərbaycan Serbiyanın ərazi bütövlüyünü dəstəkləyir. Azərbaycanın eyni zamanda Kosovo ilə mənəvi bağlantısı olan Albaniya ilə sıx əlaqələri var. Prezident İlham Əliyev bir müddət əvvəl Albaniyaya rəsmi səfər etmişdi. Azərbaycan qazı Albaniyaya da çatdırılacaq. Azərbaycan Kosovonun müstəqilliyini tanımasa belə, albanlarla münasibətlərdə heç bir problemimiz yoxdur.

 

 

Rusiya kanalları Azərbaycanın dostlarını hədəf götürüb

Kabel televiziyalarında Rusiyanın müxtəlif kanalları yayımlanır. Bu kanallar Rusiya hakimiyyətinin ruporlarıdır. Rusiyanın Ukraynaya qarşı işğalçı müharibə fonunda bu kanallarda yalanlar və dezinformasiyalar səngimir. Ən maraqlısı odur ki, kabel televiziyalarında keçmişdə Qərbin bəzi sənədli film kanalları Rusiyanın sənədli film kanalları ilə əvəz olunub. Rusiyanın sənədli film kanalları da təbliğat vasitəsi kimi istifadə edilir. Son bir neçə gündə bu kanallarda izlədiyim iki film birbaşa Rusiyanın imperiya maraqlarına xidmət edirdi.

Birinci sənədli filmdə İkinci Dünya Müharibəsinin başlamasına görə Almaniya ilə yanaşı Polşa da səbəbkar göstərilib. Sənədli filmi hazırlayanların “məntiqinə” görə Almaniyanın 1939-cu ildə Polşanın işğalına Varşavanın siyasəti də səbəb olub. Polşanın tənqidi üzərində qurulan filmdə SSRİ-nin almanlarla birgə 1939-cu ildə bu ölkənin şərqinin işğalından söhbət açılmır. SSRİ generalları imkan varkən paytaxt Varşavanın azad olunmasını gecikdirdilər. Bu barədə də filmdə heç nə yox idi. Halbuki, Varşavada müharibənin sonuna yaxın alman işğalçılarına qarşı polşalı qiyamçılara dəstək verilsəydi,  Polşa paytaxtı daha tez azad oluna bilərdi. SSRİ diktatoru Stalin qəsdən Polşanın azad olunmasını gecikdirib. Stalinin minlərlə polşalı zabiti Rusiya meşərlərində qətlə yetirməsi əmrindən də sənədli filmdə heç nə yox idi.

İkinci – Moldova barədə yayımlanan sənədli filmin məğzi beləydi ki, bu ölkənin Avropa ilə əlaqələrinin gələcəyi yoxdur, Kişinyov Rusiya ilə birliyə çalışmalıdır, əks halda ölkə parçalanacaq.

Bütün bu filmləri bizlərə izlətdirirlər. Tarixi bilənlər bu filmlərdə yalanın miqyasını müəyyənləşdirəcək, digərləri isə deyilənlərə inanancaq. Təhlükə bundadır. Kabel televiziyalarına nəzarət edən dövlət strukturlarının bu məsələlərə diqqət yetirməsinə ehtiyac var. Polşa və Moldova barədə təxribatçı filmlər yayımlayan düşüncə tərzinin Azərbaycan əleyhinə də film yayımlayacağı istisna deyil.

 

Bakı Brüsseli istəyir

Azərbaycan prezidenti İlham Əliyevin fevralın 17-də Münhendə Təhlükəsizlik Konfransı çərçivəsində Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel ilə görüşü münasibətlərdə problemin olmadığına işarədir. Əlbəttə, Avropa İttifaqının Azərbaycanın Ermənistanla təmas xəttinə iki il müddətinə müşahidəçilər missiyası göndərməsi Bakıda suallar yaradıb. Ancaq bu Bakı ilə Brüssel arasındakı münasibətlərin gərginləşməsinə səbəb olmamalıdır. Müşahidəçi missiya təmas xəttində Azərbaycana problem yaratmaq imkanına və statusuna malik deyil. Azərbaycan Avropa İttifaqı ilə enerji əməkdaşlığını genişləndirməkdə maraqlıdır, əsas ticarət tərəfdaşlarımız Avropadadır.

Şarl Mişelin vasitəçiliyi ilə ötən il Azərbaycan prezidenti ilə Ermənistanın baş naziri arasında 4 görüş keçirilib. Beşinci görüşə Fransanın müdaxiləsi səbəb olub. Ancaq Azərbaycan prezidenti Brüsselin vasitəçiliyindən imtina etməyib. Əksinə, İlham Əliyev Azərbaycanın Brüssel sülh prosesini dəstəklədiyini vurğulayıb. Təsadüfi deyil ki, İlham Əliyev Şarl Mişellə görüşdə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması, sülh müqaviləsi üzrə danışıqlar və Brüssel sülh prosesi ətrafında müzakirələr aparılıb. Sadəcə, Şarl Mişeldən tələb olunan Fransa prezidenti Emmanuel Makronu danışıqlar prosesindən kənar tutmaqdır. Ermənistanın mövqeyini müdafiə edən Makron Brüsselin vasitəçiliyinə əngəldir.

 

Minsk Qrupunu zibilliyə kim göndərib?

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın Moskvada keçirdiyi son birifinqdə “Qərb ölkələri Minsk Qrupu formatını tarixin zibilliyinə atıb” ifadəsinin düzəlişə ehtiyacı var. Bəli, cümlənin ikinci hissəsi həqiqəti əks etdirir, Minsk Qrupu formatı tarixin zibillliyinə atılıb. Ancaq qrupu zibiliyyə Qərb atmayıb, bunu Azərbaycan və Rusiya reallaşdırıb. Azərbaycan İkinci Qarabağ müharibəsindəki qələbədən sonra Minsk Qrupundan imtinanı rəsmən bəyan etdi. Tərəflərdən biri həmsədrlik institutundan imtina edibsə, qrup çalışa bilməz. Minsk Qrupu formatına ikinci böyük zərbəni Rusiyanın Ukraynaya qarşı ötən ilin fevralında başladığı işğalçı müharibə vurdu. İşğalçı müharibəyə qədər Moskva Minsk Qrupu formatından imtina etməmişdi. ABŞ və Fransa Rusiyaya qarşı sanksiyalar qəbul etdiklərinə görə, bu 3 ölkənin vahid masada Qarabağ məsələsini müzakirə etməsi imkansız oldu. Rusiyaya qarşı sanksiyalar tətbiq olunmasaydı, bu gün Rusiya ABŞ və Fransa ilə birgə Minsk Qrupu formatının işinə davam etməsini istəyərdi. Ancaq Ukrayna müharibəsi fonunda bu mümkün deyil və müharibə bitsə belə həmsədrlər birgə çalışa bilməyəcəklər. Buna baxmayaraq, İrəvan hələ də Minsk Qrupu formatının dirçələcəyinə ümid edir. Təsadüfi deyil ki, baş nazir Nikol Paşinyan “sülh təkliflərini” Azərbaycanla yanaşı həmsədr dövlətlərə – Rusiya, ABŞ və Fransaya da göndərib.

 

Haqqımızda

“Atlas” Araşdırmalar Mərkəzi 2003-cü ildə bir qrup siyasi ekspert tərəfindən Bakıda təsis olunub. Mərkəzin rəhbəri siyasi analitik Elxan Şahinoğludur.

Sayğac

Girish
Bugun
Umumi 263419
azAZ