Kateqoriya: Analizlər

Xəritədən doğan qalmaqal

Çində yayımlanan xəritə bu ölkənin Rusiya və Hindistanla mübahisəsinə səbəb olub. Çinin Dövlət Xəritəçəkmə Xidmətinin 2023-cü il xəritəsində Bolşoy Ussuriyski adasını ölkənin ən şərq hissəsi kimi qeyd edib. Xəritə Çinin Təbii Sərvətlər Nazirliyi tərəfindən yayımlanıb. Xəritədə həmçinin Cənubi Çin dənizinin böyük hissəsi də Çin ərazisi kimi göstərilib.

Xəritəyə ilk olaraq Hindistanın “Press Trust of India” nəşri diqqət yetirib. 2008-ci il müqaviləsinə əsasən, ada Rusiya və Çin arasında bölünməsinə baxmayaraq, Çin xəritəsində həmin ərazini özünə aid edib. Halbuki, Böyük Ussuriyski adasının şərq hissəsi təxminən 400 nəfər əhalisi olan Ussuriyski kəndi Xabarovsk şəhərinin hüdudlarına daxildir.

Çinin Rusiya adasının tamamına iddiası Moskvada geniş rezonansa səbəb olmayıb. Görünür, Moskvanın indiki həssas məqamda Pekinlə tərəfdaşlığa ehtiyac duyması xəritə məsələsini şişirtməməyi diqtə edir. Halbuki, rusiyalı ekspertlər arasında Çinin Rusiyanın Sibir bölgəsinə olan marağından narazılıq artır.

Hindistan isə xəritəyə seyrçi qalmayıb. Xəritədə Hindistanın Arunaçal-Pradeş əyaləti və sərhəd bölgəsi Aksai Çin də daxil edilib. Hindistanın Xarici İşlər Nazirliyi bununla bağlı Çin etirazını bildirib. “Hindistan Çinin ilk dəfə etdiyi bu cəhdi qəti şəkildə rədd edir. Arunaçal-Pradeş Hindistan ərazisinin ayrılmaz hissəsidir. Adların dəyişdirilməsi cəhdləri bu reallığı dəyişməyəcək”, – deyə Hindistan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Arindam Bağçi bildirib. Hindistanın xarici işlər naziri Subramanyam Cayşankar da sərt şəkildə etirazını səsləndirib. O yerli NDTV televiziya kanalına müsahibəsində deyib ki, xəritədə Hindistan ərazisinə iddia həmin ərazinin Çin ərazisi olması demək deyil. BRİCS təşkilatının Cənubi Afrika Respublikasında keçirilən son sammitində xəritə ilə bağlı etirazını Hindistanın baş naziri Narendra Modi Çin lideri Tsi Cinpinə də çatdırıb.

Çinlə Hindistan arasında sərhəd gərginliyi uzun onilliklərdir davam edir. İki ölkənin Himalay dağlarında demarkasiya edilmiş sərhədin olmaması zaman-zaman qarşıdurmalara səbəb olur. 1959-cu ildə Hindistan Çin tərəfinin Arunaçal-Pradeş əyalətinin bir hissəsini ələ keçirdiyini elan edib. 1962-ci ildə Hindistan-Çin silahlı qarşıdurması nəticəsində Hindistana məxsus təxminən 38 min kvadratmetr ərazi Çinin nəzarətinə keçib. 2020-ci ilin may ayında iki ölkənin sərhədindəki dağlıq Ladax bölgəsində ağır toqquşmalar baş verib. Hindistan və Çin əraziyə ağır artilleriya, tanklar və təyyarələr göndərib. Danışıqlar nəticəsində gərginlik nisbi azalsa da, sərhəd məsələsi çözülməmiş qalıb. Bəlkə elə buna görə Çin lideri Tsi Cinpin Hindistanda keçirilən “böyük iyirmilər”in toplantısına qatılmayıb.

“Atlas” Araşdırmalar Mərkəzi

Böyüklər razılaşmanı necə əldə ediblər?

Hindistanın paytaxtı Yeni Dehlidə “böyük iyirmilər”in (G20) “Bir dünya, bir ailə, bir gələcək” adlı iki günlük sammitinin yekun bəyannaməsinin konsensus əsasında qəbulu toplantının uğuru sayıla bilər. Çünki Qərb ölkələri istənilən toplantıda Ukraynaya qarşı işğalçı müharibə aparan Rusiyaya qarşı sərt sənədin qəbuluna çalışırlar. “Böyük iyirmilər”də Rusiya təmsil olunduğundan bu ölkəni sərt tənqid edən sənədin qəbulu mümkün deyil. Ona görə də toplantıya ev sahibliyi edən Dehli tərəfdaşlarıyla birgə yekun bəyannamədə elə bir formul tapmalıydı ki, onu həm Qərb ölkələri, həm də Rusiya qəbul etsin. Hindistan yekun bəyannamədə inkişaf və geosiyasət məsələləri üzrə konsensusun əldə edilməsinə nail olub.

Liderlər Ukraynayla bağlı yekun bəyannamədə belə bir cümlənin qəbuluna razılaşıblar: “Böyük iyirmilərin” liderləri BMT Nizamnaməsinə riayət etməyə və nüvə silahının tətbiq edilməsindən çəkinməyə çağırış edib”. Yekun bəyannamədə Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsi barədə cümlə yoxdur. Bunun əvəzinə sənəddə vurğulanıb ki, müharibə insanlara əzab gətirib. Kimsə bu cümləyə etiraz etməyib. Maraqlıdır ki, “böyük iyirmilərin” İndoneziyanın Bali adasında keçirilən bundan əvvəlki toplantısında Qərb ölkələri Rusiyaya qarşı sərt bəyanatın qəbuluna çalışmışdılar. Bu səbəbdən həmin toplantı gərgin şəraitdə keçmişdi. Bu dəfə isə Qərb ölkələri vaxt itirməmək üçün Ukrayna məsələsinin üzərində xüsusi dayanmayıblar. Əks halda BRİCS (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikası) ölkələri onsuz da buna imkan verməyəcəkdi. Təsadüfi deyil ki, Hindistanın xarici işlər naziri Subramanyam Cayşankar Bali və Dehli bəyannamələri belə müqayisə edib: “Bali Balidir, Nyu-Dehli Nyu-Dehlidir. Bali bir il öncə olub, o zaman vəziyyət başqa olub. O zamandan çox şeylər baş verib”. “The Times of India” qəzetinin yazdığına görə, Ukrayna ilə bağlı ifadəni razılaşdırmaq üçün görüş iştirakçılarına 150 saat vaxt lazım olub. Ümumilikdə isə ekspertlər Hindistan sammitini təşkilatın tarixində ən çətin sammitlərindən biri kimi qiymətləndiriblər, yekun bəyannamənin razılaşdırılması təxminən iyirmi gün çəkib.

Hindistandakı toplantıda bir məsələyə də diqqət yetirilib və həmin yanaşma yekun bəyannamədə əksini tapıb: “G20 geosiyasi və təhlükəsizlik problemlərinin həlli üçün platforma deyil, hərçənd, bu problemlərin qlobal iqtisadiyyat üçün xeyli nəticələri ola bilər”. Bu cümləni Ukrayna ilə bağlı belə oxumaq olar: “Rusiya-Ukrayna müharibəsini müzakirə etməsək də, bu müharibə qlobal ərzaq və energetika təhlükəsizliyi, tədarüklər zənciri, makromaliyyə sabitliyi, inflyasiyalar üçün neqativ nəticələr yaradıb, bir sıra ölkələr üçün siyasi mühiti mürəkkəbləşdirib”. Bu səbəbdən “böyük iyirmilərin” toplantısında müharibə müzakirə edilmədən “taxıl sazişi” müzakirə predmeti olub. Bəyannamədə Ukrayna və Rusiyadan taxıl, ərzaq məhsulları və gübrələrin təhlükəsiz ixracı üzrə Qara dəniz təşəbbüsünün gerçəkləşdirilməsinə çağırış edilib. Sənəddə vurğulanıb ki, G20 liderləri Türkiyənin bununla bağlı təşəbbüsünü dəstəkləyir, həmçinin “Rusiya Federasiyası və Ukraynadan taxıl, ərzaq və gübrələrin dərhal və maneəsiz tədarükünü təmin etmək üçün tam, vaxtında və effektiv həyata keçirməyə” çağırırlar. Türkiyə Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğan taxıl müqaviləsi çərçivəsində Rusiyanın tələblərini nəzərə almağa çağırıb.

Geosiyasi məsələlərdə razılıq əldə etmək üçün günlər lazım olsa da, iqtisadi və ekoloji mövzularda razılıq əldə etmək çətin olmayıb. Bu mövzularda hamının qayğısı oxşardır. G20 ölkələri “qlobal ərzaq təhlükəsizliyini gücləndirmək” öhdəliyi barədə razılığa gəlib. “Böyük iyirmilər” açıq və ədalətli ticarəti təşviq etmək və ixrac qadağaları tətbiq etməməklə bağlı öhdəliklər götürüb. Bundan əlavə, G20 liderləri yekun sənəddə dünyada, xüsusən də aşağı və orta gəlirli ölkələr üçün etibarlı, yüksək keyfiyyətli vaksinlərə və dərmanlara bərabər çıxışın təmin edilməsinə çağırış ediblər, həmçinin müxtəlif ölkələrin səhiyyə sistemlərinin dayanıqlığının yüksəldilməsinin vacibliyini qeyd ediblər. Onlar həmçinin qadınların hüquqlarının müdafiəsi üzrə yeni işçi qrupunun yaradılması barədə də razılığa gəliblər.

Dehlidəki sammit çərçivəsində müxtəlif ikitərəfli və çoxtərəfli görüşlər də keçirilib. Misal üçün ABŞ, Avropa İttifaqı, Səudiyyə Ərəbistanı və Hindistan yeni Hindistan-Yaxın Şərq-Avropa iqtisadi dəhlizinin yaradılması haqqında razılığa gəliblər. Sənədə əsasən, əsas məqsəd iqtisadi inkişafı stimullaşdırmaqdır. Bundan başqa bu ölkələr Çinin “Bir yol, bir kəmər” layihəsinə alternativ layihə həyata keçirmək istəyilər. Həmin istiqamətin başlanğıcı Hindistan olmalıdır.

“Atlas” Araşdırmalar Mərkəzi

Gerilmənin səbəbi nədir?

“The Wall Street Journal” dərgisində yayımlanan məqaləyə görə, Çinin 40 il ərzində müşahidə olunan iqtisadi yüksəliş tempi yavaşlayıb. Çinin ixracı bu ilin avqust ayında illik ifadədə 8,8 faiz azalmaqla 284,87 milyard dollar təşkil edib. Çinin idxalında 7,3 faizlik kiçilmə qeydə alınaraq göstərici 216,51 milyard dollara düşüb. Məqalə müəlliflərinin fikrincə, Pekinin Qərblə gərgin münasibətləri Çin iqtisadiyyatında geriləməni sürətləndirən əsas səbəblərdəndir.

Kommunist Çin 1970-cı illərin sonlarında yeni iqtisadi modelə keçdi. Buna qədər model sırf kommunist ideologiyası üzərində qurulmuşdu, Bu model Çində inkişafa əngəl olur, kəndlərdə aclıq və səfalətə səbəb olurdu. Çin lideri Mao Tsudunun vəfatıyla ölkənin başına keçənlər kapitalist sisteminin üstünlüklərindən istifadəyə qərar verdilər, ölkədə sahibkarlığa və özəl mülkiyyət əsasında formalaşan müəssisələrin yaradılmasına imkan yaratdılar. Bundan başqa Çin rəhbərliyi Qərb ölkələrinin şirkətlərinə qapılarını açdı. Çində işçi qüvvə uçuz olduğuna görə Qərbin bır sıra böyük şirkətləri Çinin böyük bazarında pay sahibi olmağa qərar verdilər. Nəticədə Çində istehsal sürətlə artdı və Çin məhsulları dünyanı bürüdü.

Çində özəl mülkiyyətə şərait yaradılsa da, siyasi sahədə heç nə dəyişmədi. 1989-cu ildə çinli gənclərin siyasi islahatlar tələbi qana boğuldu, minlərlə insan qətlə yetirildi. Çin Kommunist Partiyası siyasi islahatlara imkan vermədi. Qərb ölkələri bir müddət Pekinlə əməkdaşlığı azaltsalar da, bu Çin iqtisadiyyatına mənfi təsir etmədi. Çinin iqtisadi yüksəlişi 1990-cı illərdə də davam etdi. Ancaq hazırda bu yüksəlişin tempi azalıb.

“The Wall Street Journal” dərgisində yayımlanan məqalədə iqtisadi geriləmənin bir başqa səbəbi kimi Çindəki demoqrafik vəziyyətlə əlaqələndirilib. Ancaq əsas səbəb ABŞ-Çin münasibətlərindəki gərginlikdir. Bu gərginlik Çinə yatırılan investisiyaları təhlükə altına qoyub.

Beynəlxalq Valyuta Fondunun porznozlarına görə, yaxın müddətdə Çinin milli gəliri 4 fazidən aşağı səviyyədə olacaq. Bu 40 il ərzində Çin üçün ən pis göstəricidir. “Politico” nəşrinin yazdığına görə, Pekin bu vəziyyətdən çıxış yolları axtarır. Pekin Çindəki investisiyaların azalmasının qarşısını almalı və Qərb ölkələrindən yeni investisiyaların axınını təşkil etməlidir. Moskva Pekinin strateji tərəfdaşı olsa da, Çinə investisiya yatıracaq gücdə deyil, investisiyalar Rusiyanın özünə lazımdır. Pekin seçim qarşısındadır, Çin hakimiyyəti ya investisiyaları, ya da hərbi gücünün artırılmasını seçməlidir. Qərb ölkələrinin Çinə investisiya axınını təşkil etmək üçün bölgədə hərbi gərginlik yaradan addımlardan yayınmalı, qonşuları Hindistan, Yaponiya və Avstraliya ilə münasibətləri normallaşdırmağa çalışmalıdır.

“Atlas” Araşdırmalar Mərkəzi   

Niyə Bharat və ya G20 yeni adlı ölkədə keçiriləcək?

Hindistan hökumətinin ölkənin keçmiş adı – Bharatı qaytarmağı planlaşdırdığı xəbər agentliklərinin əsas xəbərlərindəndir. “The Economic Times” qəzetində yayımlanan məqalədə bu təkliflə Hindistanın hakim partiyasının bir qrup deputatının çıxış etdiyi yazılıb. Həmin qrup Konstitusiyada “Hindistan” adının çıxarılmasını təklif edib. Təklifi Hindistan hökuməti də dəstəkləyib. Təsadüfi deyil ki, sentyabrın 9-11-də Hindistanda G20 ölkələrinin sammitinə dəvət olunanlara dəvətnamələr “Bharat prezidenti” adından göndərilib. Ölkənin adının dəyişdirilməsi ilə bağlı qətnamə parlamentin sentyabrın 18-dən 22-dək keçiriləcək növbədənkənar iclasında müzakirə olunacaq.

Hindistan adından imtina hansı səbəblə bağlıdır?

Bharat təklifini irəli sürənlər Hindistan adının quldarlıq simvolu olduğunu bildiriblər. Hindistan Böyük Britaniya imperiyasının əsarətində olub. Yeni təkliflə çıxış edənlər Hindistan adının imperialistlər tərəfindən işlədildiyini, hindi dilində isə ölkənin adı Bharat olduğunu vurğulayıblar. Bundan əvvəl Hindistanda bir neçə böyük şəhərin adı dəyişdirilib. 1995-ci ildə Bombey şəhəri Mumbay, bir il sonra Madras şəhəri Çennai, 2001-ci ildə isə Kəlkutta Kolkata adlandırılıb. Hazırda növbə ölkənin adına çatıb.

Bu arada, Hindistan “böyük iyirmilərin” zirvə toplantısına hazırlaşır. Ancaq bu toplantıya heç də bütün liderlər qatılmayacaq. Rusiya prezidenti Vladimir Putin Hindistana getməyəcək. Putin Ukraynaya qarşı işğalçı müharibəyə başladıqdan bu yana xarici səfərlərdən yayınır. Putin həmişəki kimi toplantıya öz əvəzinə xarici işlər naziri Sergey Lavrovu göndərəcək. Çin lideri Tsi Cinpinin də Hindistana getməyəcəyi barədə xəbərlər yayılıb. Türkiyə Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğan isə əksinə Hindistandakı zirvə toplantısına qatılaraq müzakirələrdə iştirak edəcək. Hindistan ev sahibi statusundan istifadə edərək zirvə toplantısına “böyük iyirmilərə” daxil olmayan bir neçə dövlətin liderini də dəvət edib. Bu sırada, Misir, Birləşmiş Ərəb Əmirlikləri, Mavrikiya, Banqladeş, Hollandiya, İspaniya, Sinqapur və Nigeriyanın liderlərini sadalamaq olar. Zirvə toplantısının keçiriləcəyi Dehlidə dəyəri 300 milyon dollar olan konfrans mərkəzi inşa olunub.

“Atlas” Araşdırmalar Mərkəzi

Koreyanı kim durduracaq?

Cənubi Koreya qonşusu Şimali Koreyanın raket sınaqlarının sonunun yaxşı olmayacağı qənaətindədir. Cənubi Koreyanın prezidenti Yun Sok Yol açıq bəyan edib ki, Koreya Xalq Demokratik Respublikası öz məqsədlərinə çatmaq üçün nüvə silahından istifadə edə bilər. Həyəcan üçün ciddi əsas var. Şimali Koreya sentyabrın 2-də Sarı dəniz iqtiqamətində bir neçə qanadlı raket atıb. Şimali Koreyanın diktator lideri Kim Çen İn isə bir neçə gün əvvəl hərbi sursat fabrikinə baxış keçirib. Şimali Koreya nüvə proqramı ilə yanaşı hərbi dəniz qüvvələrinin gücləndirilməsinə çalışır. Bundan başqa Şimali Koreyada hədəflərin məhv edilməsi imitasiyası ilə taktiki nüvə silahlarına zərbələr endirmək üzrə təlimlər keçirilib.

Bu vəziyyətdə Cənubi Koreyanın ABŞ və Yaponiya ilə hərbi əməkdaşlığı genişləndirməkdən başqa alternativi yoxdur. 3 ölkənin lideri ildə ən azı bir dəfə ortaq toplantı keçirməyi qərara alıblar. Liderlərin sonuncu görüşü avqust ayında ABŞ prezidentinin Kemp-Deviddəki rezidensiyasında keçirilib. Maraqlıdır ki, 2015-ci ildən bu yana Kemp-Deviddə qonaqların iştirakı ilə görüşlər keçirilməyib. ABŞ prezidenti Co Bayden Cənubi Koreyanın prezidenti Yun Sok Yol və Yaponiyanın baş naziri Fumio Kisida ilə iki mövzunu müzakirə edib: Şimali Koreyanın hədələri və Çinin durdurulması.

Vaşinqton bununla 3 dövlətdən ibarət yeni koalisiya yaradıb. Bu format Vaşinqton üçün həm də ona görə vacibdir ki, Cənubi Koreya ilə Yaponiya arasında da zaman-zaman fikir ixtilafları yaranır. Bu Amerikanın təhlükəsizlik maraqlarına ziddir. Cənubi Koreya və Yaponiya tarixi mövzularda fərqli yanaşmalar ortaya qoyurlar. Vaşinqtonun məqsədi bu iki ölkəni tarixi mövzulardakı ixtilafdan yayındıraraq diqqəti hazırki qlobal problemlərə yönətlməkdir. Vaşinqton Seulu və Tokionu inandırmağa çalışır ki, üçlük Şimali Koreya və Çinin təhlükəli siyasətlərini durdurmaq üçün aralarındakı ittifaqı gücləndirməlidirlər.

Vaşinqton Çinin bölgədə artan gücündən də narahatdır. Buna baxmayaraq, Vaşinqtonla Pekin arasında dialoq mövcuddur. Doğrudur, bu dialoq problemləri həll etməsə də, tərəflər fikir mübadiləsindən imtina etməyiblər. Vaşinqtonun Şimali Koreya ilə isə dialoqu yoxdur. ABŞ prezidenti Co Bayden Şimali Koreya diktatoruna görüş təklifi versə də, qarşı tərəfdən müsbət cavab almayıb. Şimali Koreya diktatoru Vaşinqtonla dialoq əvəzinə Moskva və Pekinlə strateji tərəfdaşlığı gücləndirməyə qərar verib. Şimali Koreya diktatoru Rusiyaya səfər etməyi planlaşdırıb. Moskva və Pekin Şimali Koreyanın Vaşinqtonla dialoqunda maraqlı deyillər. Moskva və Pekin Şimali Koreyanın nüvə sınaqlarını davam edirməsini istəyirlər ki, Vaşinqton enerjisinin tamamını Rusiya və Çinlə mübarizəyə həsr edə bilməsin.

“Atlas” Araşdırmalar Mərkəzi

 

Kissincer durumu dəyişmək gücündə deyil

ABŞ-la Çin arasında münasibətlər gərgin olsa da, Vaşinqton Pekinlə münasibətlərdə “xalq diplomatiyasının” imkanlarından istifadə etməyə çalışır. ABŞ-ın keçmiş dövlət katibi yaşı 100-ü haqlayan Henri Kissincerin iyul ayında Çinə növbəti səfəri bunun sübutudur. Çin lideri Tsi Cinpin Henri Kissinceri Pekində şəxsən qəbul edib və qocaman amerikalı diplomatı Çinin köhnə dostu adlandırıb.

Tsi Cinpin görüşdə Kissinceri xeyli tərifləyib. Çin lideri Kissinceri Pekin və Vaşinqton arasında münasibətlərin normallaşmasına töhfə verdiyini bildirib. Cinpinin sözlərinə görə, Kissincer fəaliyyətilə iki dövlət arasında münasibətləri normallaşdırmaqla yanaşı dünyanı da dəyişib.

Buna baxmayaraq, Tsi Cinpin görüşdə Amerikadan şikayətini Kissincerin diqqətinə çatdırıb. Çinlə ABŞ-ın yol ayrıcında olduğunu söyləyən Cinpin Vaşinqtonun seçim etməsi gərəkliyini bildirib. Cinpin Vaşinqtonun Çinin maraqlarına hörmətlə yanaşması vacibliyini səsləndirib.

Henri Kissincer 1970-ci illərdə ABŞ-Çin münasibətlərinin normallaşmasının və yaxınlaşmasının memarı sayılsa da, o indiki durumu dəyişmək gücündə deyil. Çinlə ABŞ arasında fikir ayrılıqları prinspial əhəmiyyət kəsb edir. Kissincerin ABŞ-da vəzifədə olduğu dövrdə Çin indiki qədər güclü deyildi, öz problemləri ilə məşğul idi. Bundan başqa o illərdə Kissincer Çinlə keçmiş SSRİ arasında gərgin münasibətlərdən istifadə edərək Vaşinqton-Pekin yaxınlaşmasına nail olmuşdu.  Hazırda isə Pekin Kremlin strateji tərəfdaşıdır. Digər tərəfdən son illərdə Çinlə Rusiya ABŞ və müttəfiqlərinə qarşı, Qərb və müttəfiqləri isə Çinə və Rusiyaya qarşı müxtəlif birliklər yaradıblar. ABŞ-ın bölgədə Çinin rəqibləri ilə strateji tərəfdaşlıq qurması da Pekinlə Vaşinqton arasında münasibətlərin normallaşmasına əngəldir.

Bu arada, ABŞ və Hindistan sentyabr-oktybar aylarında Alyaskada “Yudh Abhyas” adlı birgə hərbi təlimlərə hazırlaşırlar. Ötən il iki ölkə arasında birgə hərbi təlimlər Çinlə sərhəddə yaxın ərazidə keçirilmişdi. Hərbi təlimlərə helikopterlərlə yanaşı pilotsuz uçuş aparatları cəlb edilmişdi.

“Atlas” Araşdırmalar Mərkəzi

 

Qərb Gürcüstandan niyə narazıdır?

Mixail Saakaşvilinin Gürcüstanda prezident olduğu illərdə Tbilisi ilə ABŞ və Avropa İttifaqı ilə strateji münasibətlər qurulmuşdu. Rusiyanın 2008-ci ildə Gürcüstana qarşı təcavüzü Qərbin Tbilisiyə dəstəyini artırdı. ABŞ prezidentləri içərisində ilk dəfə Corc Buşun Gürcüstana səfəri Vaşinqtonun Tbilisyə dəstəyini tərənnüm etdirirdi. Bunlar keçmişdə qaldı.

Bidzina İvanişvili və onun tərəfdarları Gürcüstanda hakimiyyətə yiyələndikdən sonra Tbilisi fərqli siyasət yürütməyə başladı. Gürcüstanın hazırki hakimiyyəti Rusiya ilə diplomatik münasibətləri bərpa etməsə də, bu ölkə ilə iqtisadi və ticarət əlaqələrini genişləndirməkdə davam edir. Bu Vaşinqtonda və Brüsseldə suallar yaradıb. Gürcüstan hakimiyyətinin keçmiş prezident və ağır xəstə olan Mixail Saakaşvilini azadlığa buraxmaması Qərb ölkələrinin Tbilisi ilə münasibətlərində əlavə gərginlik yaradıb.

Qərbin rəsmi Tbilisinin siyasətindən naraza qaldığı daha bir mövzu var: Gürcüstan-Çin strateji tərəfdaşlığı. Gürcüstan hakimiyyəti bir tərəfdən NATO və Avropa İttifaqı üzvlüyünə namizədliyini bəyan edib, digər tərəfdən Çini rəsmən strateji tərəfdaşı elan edib. Bu ikisinin bir arada olması çətindir. Gürcüstanın baş naziri İrakli Qaribaşvili iyul ayının sonunda Çinə səfər etmişdi. Qaribaşvili Pekində strateji tərəfdaşlıq sazişi imzalamışdı.

Gürcüstan hökuməti Çin şirkətləri üçün yeni imkanlar yaradacaqlar. Buna qədər də Çin Gürcüstanın üçüncü ticarət tərəfdaşına çevrilib. Baş nazir İrakli Qaribaşvili Çinin Gürcüstan üçün 1 nömrəli tərəfdaşa çevriləcəyinə əminliyini söyləyib. Bu mümkündür. Çinin Gürcüstanda yatırımlarının miqyası ilbəil artır. Bundan başqa Çin Gürcüstanın Qara dəniz limanlarında paya malikdir. Çin Gürcüstan üzərindən Qara dənizə çıxış imkanı əldə edib. Pekin bununla kifayətlənmək istəmir. İki ölkə arasında imzalanan yeni sənəddə tərəflərin beynəlxalq problemlərin həllində koordinasiyasının gücləndirilməsi, ikitərəfli dövlətlərarası münasibətləri dərinləşdirməsi, bölgədə, eləcə də bütün dünyada sülhü, sabitliyi və inkişafı birgə təşviq edəcəkləri nəzərdə tutulub.

Beləliklə, Çin Mərkəzi Asiyadan sonra Cənubi Qafqazda da möhkəmlənməyə çalışır. Pekin Cənubi Qafqazda Gürcüstanı özü üçün əsas hədəf seçib. Çünki Çin Gürcüstan vasitəsilə Qaradənizə və Aralıq dənizinə çıxış imkanı əldə edir. Digər tərəfdən Pekin Gürcüstanı öz tərəfinə çəkməklə Qərbin Cənubi Qafqazda möhkəmlənməsini əngəllər yaratmağa çalışır ki, bu, taktiki baxımdan Rusiyanın da maraqlarına cavab verir.

“Atlas” Araşdırmalar Mərkəzi

Yeraltı zənginliklər uğrunda mübarizə şiddətlənib

Böyük ölkələr enerji, su və yeraltı qaynaqlar uğrunda mübarizəni gücləndiriblər. ABŞ, Çin, Fransa, Almaniya və Yaponiya kimi ölkələr artan istehsal qarşlığında dünyanın müxtəlif qitələrində və ölkələrində qaynaqlara çıxış imkanı əldə etməlidirlər. Bu baxımdan Afrika ölkələrindəki son çevrilişlər və qiyamlar böyük dövlətləri qorxudub. Çünki qara qitədə hələ çox istifadə edilməyən və ya az istifadə edilən resurslar mövcuddur.

Ən çox qaynağa ehtiyacı olan ölkələrin başında Çin gəlir. Çin öz istehsalını artırmaq üçün yeraltı sərvətlərə çıxış imkanı əldə etməlidir. Çinin bu ilin birinci yarısında xarici ölkələrdə mədənçıxarma və metal istehsalına 10 milyard dollardan çox yatırım qoyduğu açıqlanıb. Bu rəqəm 2022-ci ilin tamamındakı rəqəmdən çoxdur. Çin rekorda göstəriciyə 2018-ci ildə nail olub. Çin həmin il xarici ölkələrdə mədənçıxarma və metal istehsalına 17 milyard dollar yatırım qoyub. Mütəxəssislərin fikrincə, builki rəqəm 17 milyard dolları keçəcək.

“Financial Times” dərgisində yayımlanan məqalədə Çinin xarici ölkələrdə nikel, litium, mis, uran və dəmir filizi yataqlarına maraq göstərdiyi bildirilib. Çin məhz bunlar vasitəsilə maşınqayırma sənayesini və elektromobillər üçün batareya istehsalını artıra bilər. Çinin yealtı zənginliklərə tələbatı son illərdə iki dəfə artıb. Yeraltı zənginliklərdən əldə edilənlər Çinə yüksək texnologiyaların inkişafında və “təmiz enerji” sahəsində də istifadə üçün lazımdır.

Çin yealtı zənginliklərə əsasən Afrika, Asiya və Cənubi Amerika qitələrində əldə etməyə çalışır. Çin üçün “bir kəmər, bir yol” layihəsi məhz bu məqsədlə lazımdır ki, xarici ölkələri mövcud layihəyə cəlb etməklə həmin dövlətlərin resurslarına çıxış imkanı əldə edə bilsin. Ancaq Pekinin yeni layihəsi bəzi ölkələrdə fikir ixtilafına səbəb olub.

Çinə asan deyil, digər böyük dövlətlər də eyni resurslara ehtiyac duyurlar. Rəqabət artıb. Misal üçün dünyada nikelə olan tələbat 40 faiz artıb. ABŞ-ın “Goldman Sachs” investisiya bankının son hesabatına görə böyük ölkələrin Çindən geri qalmaması üçün Qərb ölkələti yearltı zənginliklərin istehsalına hər il ən azı 25 milyard dollar yatırım qoymalıdırlar.

“Atlas” Araşdırmalar Mərkəzi

 

Türk dünyası Mərkəzi Asiyaya yeni imkanlar yaradır

Mərkəzi Asiya ölkələrinin liderləri 14-15 sentyabr tarixlərində bir araya gələcəklər. Qazaxıstan, Özbəkistan, Tacikistan, Qırğızıstan və Türkmənistan dövlət başçıları regional inteqrasiya məsələrini və ötən ilin nəticələrini müzakirə edəcəklər. Toplantıda müxtəlif əməkdaşlıq sazişlərinin imzalanacağı gözlənilir.

Mərkəzi Asiya ölkələri öz aralarında əməkdaşlığı və inteqrasiyanı həm də ona görə gücləndirirlər ki, böyük ölkələrin bu bölgəyə marağı getdikcə artıb. Böyük ölkələr Mərkəzi Asiyanın bütün sahələrdə potensialını yüksək qiymətləndirirlər. Buna misal olaraq son bir ildə Mərkəzi Asiya ölkələrinin iştirakı ilə 5 sammitin keçirildiyini göstərmək olar: ABŞ-Mərkəzi Asiya, Çin-Mərkəzi Asiya, Avropa İttifaqı-Mərkəzi Asiya, Körfəz ölkələri-Mərkəzi Asiya və Mərkəzi Asiya ölkələrinin öz aralarında keçirdikləri toplantı.

Pekin öndə olmağa çalışır. ABŞ və Avropa İttifaqının Mərkəzi Asiya ilə bağlı maraqları oxşardır. Çin və Rusiya isə uzaq ölkələrin Mərkəzi Asiyada  maraqlarına şübhəylə yanaşır. Pekin və Moskva ABŞ və Avropa İttifaqının Mərkəzi Asiyada fəallıqlarını Rusiya və Çinin bölgədən sıxışdırılması kimi qəbul edirlər. Halbuki, Vaşinqton və Brüssel Mərkəzi Asiya ilə əməkdaşlığı genişləndirməklə bu ölkələrin Rusiya və Çindən asılılıqlarını azaltmaq istəyir. Mərkəzi Asiya ölkələrinin özləri də Rusiya və Çinlə sıx əlaqələrə malik olsalar da, Vaşinqton və Brüsselin təşəbbüslərinə “yox” demirlər. Bunun ciddi əsasları var. Pekin və Moskva zaman-zaman Mərkəzi Asiya ölkələrini cəzalandırmağa çalışırlar. Misal üçün Çin ötən il Qazaxıstanla sərhədi qapatmış, idxal-ixrac əməliyyatlarını aşağı səviyyəyə endirmişdi. Bunun nəticəsində Qazaxıstan iqtisadiyyatında problemlər yarandı. Rusiya isə “boru xəttinin təmiri” bəhanəsiylə Qazaxıstan neftinin öz ərazisindən nəqlini minimuma endirmişdi. Türkmənistan da öz qazının əsas hissəsini Rusiya və Çinə nəql edə bilir. Halbuki, Türkmənistan öz qazını Avropaya çatdırmaqda da maraqlıdır. Rusiya və Çin bəzən Mərkəzi Asiya ölkələrini bir-birlərindən incik salmağa da çalışırlar. Misal üçün Rusiya Mərkəzi Asiyada Qazaxıstandan yan keçən nəqliyyat layihəsini dəstəkləyir.

Mərkəzi Asiyanın Azərbaycan və Türkiyə ilə inteqrasiyaya da marağı artıb. Mərkəzi Asiya ölkələri Azərbaycan və Türkiyə üzərindən Avropa bazarlarına çıxış əldə etməyə çalışırlar. Bu həm Mərkəzi Asiya ölkələri üçün faydalıdır, həm də bölgədə türk dünyasının güclənməsinə xidmət edir. Rusiya və Çin Mərkəzi Asiyada ABŞ və Avropa İttifaqı ilə rəqabət halında olsalar da, heç biri bu bölgənin türk dünyası çərçivəsində inteqrasiyasına mane olacaq gücdə deyil.

“Atlas” Araşdırmalar Mərkəzi

BRİCS adını dəyişəcək

BRİCS (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikası) təşkilatının Cənubi Afrika Respublikasının Yohannesburq şəhərində başa çatan toplantısında əsas qərarlardan biri təşkilata yeni üzvlərin qəbulu məsələsi idi. Yeni üzvlərin qəbulu qapalı toplantıda müzakirə edilib.

30 dövlət təşkilata üzv olmaq istəyir. Bunlardan 22 dövlət (Əlcəzair, Argentina, Banqladeş, Bəhreyn, Belarus, Boliviya, Venesuella, Vyetnam, Honduras, Misir, İndoneziya, İran, Qazaxıstan, Kuba, Küveyt, Nigeriya, Birləşmiş Ərəb Əmirlikləri, Fələstin, Səudiyyə Ərəbistanı, Seneqal, Tayland və Efiopiya) üzvlüklə bağlı təşkilata rəsmi müraciət göndəriblər. Hansı dövlətlərin birinci növbədə təşkilata üzv olacağı müəyyənləşdirilməlidir.

Rusiya və Çin təşklata yeni üzvlərinə qəbulunu dəstəkləyirlər. Rusiya gələn il təşkilata sədrlik edəcək. Rusiya prezidenti Vladimir Putin həmin toplantıda yeni üzvlərin qəbulunu rəsmiləşdirmək istəyir. Çin lideri Tsi Cinpin də eyni mövqedədir. Hindistan bir qədər fərqli mövqedədir. Dehli şübhələnir ki, Çin təşkilata yeni üzvlər qəbul etməklə tərəfdaşlarının sayını artırmağa çalışır. Dehli üzvlüyə qəbulun kriteriyalarının müəyyənləşdirilməsinin tərəfdarıdır. Braziliya da bu məsələdə Hindistanla eyni mövqedən çıxış edir. Çin təşkilata ilk növbədə İndoneziya ilə Səudiyyə Ərəbistanının qəbuluna çalışır. Hər iki dövlət son illərdə Çinlə sıx əməkdaşlıq edir.

“Financial Times” qəzetində yayımlanan məqalədə Pekinin yeni üzvlər vasitəsilə Qərbin Çinə qarşı siyasətini zəiflətmək məqsədi güddüyü yazılıb. Moskva və Pekin BRİCS “böyük yeddilərə” alternativ təşkilata çevirmək istəyirlər. Aydındır ki, yaxın bir ildə BRİCS təşkilatının üzvlərinin sayı artacaq. Nəticədə BRİCS təşkilatının adı da dəyişəcək.

“Atlas” Araşdırmalar Mərkəzi   

Haqqımızda

“Atlas” Araşdırmalar Mərkəzi 2003-cü ildə bir qrup siyasi ekspert tərəfindən Bakıda təsis olunub. Mərkəzin rəhbəri siyasi analitik Elxan Şahinoğludur.

Sayğac

Girish
Bugun
Umumi 266051
azAZ