Kateqoriya: Analizlər

Dollardan imtina mümkündürmü?

Rusiya Ukraynaya qarşı işğalçı müharibəyə başladıqdan sonra ABŞ və Avropa İttifaqının sərt sanksiyaları ilə üzləşib. Kremlin qazanc mənbələri və valyuta ehtiyatları azalıb. Kreml bu səbəbdən bir sıra ölkəylə iqtisadi və ticarət mübadiləsində dollardan deyil, milli pul vahidlərindən istifadəni təklif edib. Kreml bu mövzuyla bağlı Pekin, Ankara və digər paytaxtlarla danışıqlar aparıb. Danışıqlarda şifahi razılaşmalar əldə olunsa da, ticarət mübadiləsində dollardan imtina asan məsələ deyil. Dollarla ticarət uzun onilliklərdir formalaşıb.

Buna baxmayaraq, Braziliya prezidenti Lula da Silva da Kermlə qoşularaq beynəlxalq ticarətdə dolların üstünlüyünə qarşı çıxış edib. O ticarəti milli valyutalarda inkişaf etdirmək və yeni maliyyə alətləri yaratmaq barədə təklif irəli sürüb. Braziliyanın solçu prezidenti çıxışlarının birində belə deyib: “Niyə ticarətdə bütün ölkələr dollara bağlanmalıdır? Niyə biz bunu valyutalarımıza bağlaya bilmirik? Ümumiyyətlə, kim belə qərara gəldi ki, qızıl standartından imtina etdikdən sonra valyuta yuan, real və ya peso deyil, dollar olmalıdır?”. Lula da Silva BRICS ölkələri (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika) arasında hesablaşmalarda dollara alternativ üzərində düşünməyi təklif edib. O, bunun çətin və çoxları üçün qeyri-adi olduğunu etiraf edib və bu məsələdə tələsməməyi vurğulayıb.

Braziliya prezidenti dollardan imtina mövzusunu Çinə səfər zamanı da müzakirə edib. Pekin də bu mövzunun müzakirəsində maraqlıdır. Çin Braziliya kimi ticarət mübadiləsində dollardan imtinanın tərəfindədir. Ümumiyyətlə Braziliya prezidenti Çinə səfərindən məmnun qalıb. İki ölkənin enerji şirkətləri arasında əməkdaşlığın vacibliyindən danışan Lula de Silva Pekinlə yanaşı Şanxayda da olaraq böyük şirkətlərin ofislərində görüşlər keçirib. Lula de Silva ilə Çin lideri Tsi Cinpin arasında 13 birgə saziş imzalayıb. İki ölkə arasında kənd təsərrüfatı sahəsində də əməkdaşlıq imkanları araşdırılıb. Çin Braziliyanın kənd təsərrüfatının inkişafında əsas dövlətlərdən biridir. Digər tərəfdən Çin Brazliyanın yenidən sənayeləşməsində əhəmiyyətli rol oynayır. Braziliyanın Çinə ixracı ABŞ və Arvopa İiitfaqına  ixracdan daha çoxdur.

Vaşinqton Braziliya ilə Çinin yaxınlaşmasından, o cümlədən Pekinin dəstəyi ilə bir sıra dövlətin ticarət mübadiləsində dollardan imtina siyasətindən narahatdır. Pekin Rusiya və Braziliya kimi ölkələrlə birgə ABŞ-ın illərdir formalaşdırdığı birqütblü dünyanı zəiflətməyə çalışır. Birqütblü dünyanın zəiflədilməsinin əsas istiqamətlərindən biri ticarətdə dollardan imtinadır.

“Atlas” Araşdırmalar Mərkəzi

Asiya bölgəsində yeni ittifaq yaradılacaq

ABŞ Rusiya və Çinə qarşı qarşıdurmasında qonşusu Kanadanın dəstəyinə də arxalanır. Kanada Asiya bölgəsində NATO-ya bənzər strukturunun yaradılması təklifini irəli sürüb. Söhbət dörd dövlətin – ABŞ, Kanada, Cənubi və Yaponiyanın birliyindən gedir. Bu ABŞ, Asvtraliya, Hindistan və Yaponiya birliyinə bənzəməlidir.

Aydındır ki, Asiyada mövcud olan və planlanan birliklər Çinə qarışıdır. Pekin bu dövlətlərin nəticə əldə etməyəcəklərinə dair onları xəbərdar edib. Kanadanın təklif etdiyi birlik Çinlə yanaşı Rusiyanı da hədəf götürüb. “Kyodo” agentliyinin diplomatik mənbələrə istinadən yaydığı məlumatına görə, Kanadanın yeni birlik barədə təklifi Yaponiyanın baş naziri Fumio Kisidoya 2023-cü ilin yanvar ayında Ottavaya səfəri zamanı təqdim edilib.

Vaşinqton Kanadanın təklifini bəyənib. ABŞ adminstrasiyası son zamanlar Yaponiya ilə Cənubi Koreya arasında artan dialoqdan məmnundur. Cənubi Koreyanın lideri Yun Sok Yol Tokio ilə əməkdaşlığı dərinləşdirməyə çalışır. Bu Yaponiyanın da maraqlarına cavab verir. Halbuki, İkinci Dünya müharibəsindən sonra iki ölkə arasında uzun onilliklər münasibətlər gərgin olub. İkinci Dünya müharibəsi illərində Yaponiya Cənubi Koreyanı işğal etmiş və koreyalılar xeyli itki vermişdilər. İndinin özündə də iki ölkə arasında həll olunmamış məsələlər var. Seul müharibənin ağır nəticələrinə görə Tokiodan kompensasiya tələb edir. Mövcud problemlərə baxmayaraq, iki ölkə arasında dialoq genişlənib. Misal üçün iki ölkə bir neçə il əvvəl kəşfiyyat məlumatlarıyla bölüşmək barədə qərar veriblər.

Yaponiya ilə Cənubi Koreyanın əməkdaşlığa sövq edən iki mail var. Birinci amil Şimali Koreyanın nüvə başlıqlı raketlərin sayını artırması və bölgədə sınaqların sayını artırmasıdır. Bu həm Cənubi Koreyaya, həm də Yaponiyaya ciddi təhlükə yaradır. İkinci amil Çinin bölgədə artan hərbi gücüdür. Cənubi Koreyanın Yaponiya ilə yaxınlaşmasını Vaşinqtonla yanaşı Ottava da dəstəkləyir. May ayında Yaponiyanın Xirosimo şəhərində “böyük yeddilərin” sammiti keçiriləcək. Tokio sammitə Cənubi Koreyanın liderini də dəvət etməyi planlaşdırır. Bu sammitdə Ottava ilə Vaşinqtonun yeni birliyin yaradılması mövzusu da müzakirə olunacaq. Bu təklif dəstəklənsə də, reallaşması üçün zaman lazımdır.

Ottava ilə Pekinin münasibətləri 2018-ci ildən gərginləşib. Həmin ildə Kanadanın Vankuver şəhərində Çinə məxsus “Huawei Technologies” şirkətinin maliyyə direktoru həbs olunub. Çin vətəndaşının ABŞ-ın İrana qarşı sanksiya əleyhinə fəaliyyət göstərdiyi bildirilmişdi. Pekin buna cavab olaraq Kanadanın Çindəki iki iş adamını həbs etdi. Bundan sonra həbs olunan şəxslərin hamısı azad olundu və öz ölkələrinə qayıtdılar. Ancaq bu Kanada ilə Çin arasında münasibətlərin normallaşmasına şərait yaratmadı. Kanada ötən ildən başlayaraq Asiya və Sakit okean bölgəsində Çinə qarşı daha fəal siyasət yürütmənin vacibliyini irəli sürüb. Kanada bölgə ölkələri ilə ticarət əlaqələrini inkişaf etdirməklə yanaşı, Çinə müqavimət göstərən ölkələrə hərbi dəstəyi artırmağı da qərarlaşdırıb.

“Atlas” Araşdırmalar Mərkəzi

Adaların sahibi dəyişməyəcək

Yaponiya İkinci Dünya müharibəsində məğlub olduqdan  sonra ona məxsus Kuril – İturup, Kunaşir, Şikotan adaları keçmiş SSRİ-nin nəzarətinə keçdi. Müharibədən bir müddət sonra Tokio ilə Moskva arasında danışıqlar başladı. 1960-cı illərdə SSRİ-nin o zamankı rəhbərliyi Kuril adalarından ikisini Tokio ilə sülh sazişi qarşılığında Yaponiyaya geri qaytarmağa razı idi. Ancaq daha sonra SSRİ-də hakimiyyət dəyişikliyi baş verdi və Kreml vədini unutdu.

SSRİ dağıldıqdan sonra Tokio müstəqilliyini qazanan Rusiya ilə danışıqlara başladı. Rusiyanın ilk prezidenti Boris Yeltsin adalarla bağlı Tokio ilə razılaşma əldə etməyə yaxın idi. Ancaq Yeltsinin ətrafı buna imkan vermədi. Vladimir Putin prezident seçiləndən sonra Tokio ilə danışıqları davam etdirdi. Ancaq Putin Yeltsindən fərqli olaraq adalar məsələsində güzəştə getməyə hazır deyildi. Danışıqlar nəticə vermirdi. Buna baxmayaraq, Tokio ilə Moskva arasında dialoq davam edirdi, iki ölkə arasında iqtisadi əlaqələr və ticarət genişlənirdi. Rusiyanın Ukraynaya qarşı başlatdığı işğalçı müharibə Yaponiya ilə münasibətlərə də mənfi təsir etdi.

Yaponiya Qərbin Rusiyaya qarşı bir sıra sanksiya qərarlarına qoşuldu, bu iqtisadi və ticarət əlaqələrinə mənfi təsir etdi. Bundan başqa Rusiyada keçirilən referendumda Konstitusiyaya əlavə edilən bəndə görə, torpaq güzəşti qadağan edildi. Bu o demək idi ki, Rusiyanın Yaponiyaya adaları geri qaytarmaq qanuni yolla qadağan edildi. Yəni Putin və digəri bir gün Kuril adalarını Yaponiyaya qaytarmaq istəsə belə, bunu edə bilməyəcək. Konstitusiya prezidentə Kuril adalarını Yaponiyaya qaytarmağı qadağan edir. Bundan sonra Tokio anladı ki, adaların gələcək taleyi ilə bağlı Moskva ilə dialoqun davam etdirilməsi mənasızdır.

Bu arada, Çin də Kuril adalarıyla bağlı mövqeyini Rusiyanın xeyrinə dəyişdi. Çin uzun illər Kuril adaları məsələsində neytral siyasət yürüdürdü. Çinlə keçmiş SSRİ arasında sərhəddə gərginlik 1964-cü ildə baş vermişdi. Pekin həmin ildən başlayaraq Kuril adaları məsələsində Moskvanın mövqeyini dəstəkləməkdən imtina etmişdi. Çinin o zamankı lideri Mao Tsedun faktiki Yaponiyanın adalarla bağlı siyasətinin haqlı olduğunu dəstəkləyirdi. Pekin uzun illər Kuril adalarıyla bağlı mövqe bildirmirdi. Ancaq üstündən 59 il keçdikdən sonra Pekin bu mövqeyini Moskvanın xeyrinə dəyişib. Çin lideri Tsi Cinpin Moskvada Vladimir Putinlı görüşdən sonra Kuril adaları məsələsində bundan sonra Yaponiyanın  mövqeyini  dəstəkləməyəcəyini bildirib.

“Atlas” Araşdırmalar Mərkəzi

Qazaxıstan Azərbaycanla iki mühüm layihəni reallaşdırmalıdır

Azərbaycan-Qazaxıstan münasibətləri strateji müttəfiqlik mərhələsinə keçib. Azərbaycan prezidenti İlham Əliyevin aprelin 10-da Qazaxıstana səfəri bu müttəfiqliyi daha da gücləndirmək məqsədi daşıyırdı. Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev və Azərbaycan prezidenti İlham Əliyev Astanada Ali Dövlətlərarası Şuranın yaradılması haqqında birgə bəyanat və protokol imzaladıblar. Bu Şura ikitərəfli münasibətlərin inkişafını sürətləndirən layihələr üzərində işləməlidir.

İki dövlət arasında hazırki ticarət dövriyyəsinin həcmi 500 milyon dollardır. Ticarət dövriyyəsinin iki dəfə artırılaraq 1 milyard dollara çatdırılması planlaşdırılır. Bunun üçün iki dövlət arasında böyük layihələrin reallaşdırılması vacibdir. Kənd təsərrüfatı sahəsində qarşılıqlı faydalı əməkdaşlıq üçün böyük potensial mövcuddur. Keçən il kənd təsərrüfatı məhsullarının ikitərəfli ticarət dövriyyəsinin həcmi 3 dəfə artaraq 146 milyon dollar təşkil edib.

İki layihə Azərbaycanla Qazaxıstan arasındakı geostrateji əlaqələri daha da gücləndirəcək.

Birinci layihə neftin nəqlidir. Qazaxıstan Azərbaycan vasitəsilə ixrac olunan neftin həcmini artırmaq istəyir. Bu ildən başlayaraq Qazaxıstan nefti Azərbaycan vasitəsilə dünya bazarlarına nəql edilməyə başlayıb. Qazaxıstan nefti tankerlərlə Xəzər dənizi üzərindən Səngəçal terminalına, buradan isə Bakı-Tbilisi-Ceyhan boru xəttinə çatdırılır. Astananın məqsədi aydındır, neftin dünya bazarlarına nəqlini şaxələndirmək istəyir. Qazaxıstan dünya neft ehtiyatının 2 faizinə malikdir, gündə 2 milyon barrel neft istehsal edir. Bu neftin 80 faizi Rusiya ərazisindən Qara dənizdəki Novorosiysk limanına çatdırılır. Ancaq bu marşrut etibarlı deyil.  Rusiyadan keçən boru xəttində tez-tez qəzalar baş verir və buna görə Qazaxıstan neftinin nəqli dayandırılır. Bu zaman Qazaxıstanın gəlirləri azalır. Rusiya bır sıra hallarda Qazaxıstan neftinin nəqlini siyasi səbəblərdən əngəlləyir. Astana Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsini dəstəkləmir. Rusiya Ukraynaya qarşı işğalçı müharibəyə başlayandan sonra bir neçə dəfə Qazaxıstandan neft nəqlini əngəlləyib.

Qazaxıstan neftinin əsas alıcılarından biri Çindir. Ancaq bu ölkəyə neftin nəqlinin daimi olması Qazaxıstan-Çin münasibətlərinin səviyyəsindən asılıdır. İki ölkənin nəqliyyat daşımalarında bir sıra hallarda fasilələr yaranır. Misal üçün Çin bir müddət Qazaxıstanla ixdal-ixrac əməliyyatlarını məhdudlaşdırmışdı. Çin Qazaxıstanla sərhəddə nəqliyyat vasitələrinin girişinə qadağa qoymuşdu. Astana ehtiyat edir ki, bu gərginlik Çinə neftin nəqlinə mənfi təsir edə bilər. Buna görə də Qazaxıstanın siyasi dairələrində hesab edirlər ki, neftin dünya bazarlarına sabit nəqlinin ən münbit yolu Azərbaycan üzərindən dünya bazarlarına çatdırılmasıdır.

Gürcüstanın baş naziri İrakli Qaribaşvilinin aprelin 7-də Azərbaycana səfərinin əsas məqsədlərindən biri məhz Qazaxıstan neftinin nəqli ilə bağlı idi. Azərbaycan Qazaxıstana 2023-cü ildə Bakı-Supsa kəməri ilə 5 milyon ton neftin nəql edilməsini təklif edib. Neft Xəzər dənizinin Qazaxıstan şelfindəki nəhəng Kaşaqan yatağından tədarük ediləcək. Bu məsələnin Gürcüstanla da razılaşdırılmasına ehtiyac var idi. Qazaxıstan neftinin nəqlinin həcminin artırılması Azərbaycanla yanaşı Gürcüstanın da maraqlarına cavab verir. Ümumilikdə Azərbaycan və Gürcüstan üzərindən nəql edilən Qazaxıstan neftinin 6,5 milyon tona çatdırılması nəzərdə tutulub.

İkinci layihə Orta Dəhlizdir. Bu layihə də Azərbaycanla Qazaxıstan biləşdirir. Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun tam gücüylə işləməsi üçün iki ölkə arasında logistika xidmətlərinin təkmilləşdirilməsi, birgə nəqliyyat operatorlarının yaradılması, texniki və tarif şərtlərinin modernləşdirilməsi, inzibati maneələrin aradan qaldırılması lazımdır. Orta Dəhliz marşrutunun inkişafı və istismarına dair 2022-2027-ci illər üçün Yol Xəritəsi var. Bu marşrutla Şərq-Qərb istiqamətində yüklərin sabit və operativ çatdırılması təmin edilməlidir.

“Atlas” Araşdırmalar Mərkəzi

Kremlin “üçlü ittifaq” ideyası niyə alınmadı?

ABŞ və Hindistan yaxın müddətdə birgə hərbi təlimlər keçirəcəklər. Bu təlimlərə Yaponiya da dəvət olunub. Bu təlimlər Çinin Hindistana artan təzyiqi ilə bağlıdır. Vaşinqton Çin-Hindistan qarşıdurmasında Dehlini dəstəkləyir. Bundan başqa Hindistan ABŞ, Avstraliya və Yaponiyanın üzv olduğu “Quad” birliyinin üzvüdür.

Hindistan dünyada ən çox xarici silah və hərbi texnika alan ölkələrdəndir. Buna görə də Hindistan hərbi təlimlərdə aldığı bütün hərbi texnikadan, o cümlədən “Rafael” təyyarələrindən (Fransa sitehsalı) və Su-30 təyyarələrindən (Rusiya istehsalı) istifadə edəcək.

Hindistanla Çin arasındakı sərhəddə gərginlik 1962-ci ildən başlayıb. Toqquşmalar nəticəsində Çin sərhədin 38 min kilometrini nəzarətə götürüb. Hindistan həmin ərazinin işğal edildiyini bildirib. Çinin mərhum lideri Mao Tsedun Hindistanın Tibetdən qaçan Dalay-lamaya sığınacaq verməsindən narazı idi. Sonrakı illərdə münasibətlərdəki gərginlik nisbətən azalsa da, tərəflər sərhədin dağlıq hissəsini aralarında müəyyənləşdirə bilmədilər. Müxtəlif illərdə Çinin hazırki lideri Tsi Cinpin Hindistanda, Hindistanın baş naziri Narendra Modi isə Çində rəsmə səfərlərdə olublar. Ancaq bu səfərlər və aparılan danışıqlar mübahisəni həll etməyib. Sərhədin Himalay dağları hissəsində qoşun biliklərinin sayı artıb. 2020-ci ildə baş verən qarşıdurma zamanı hər iki tərəfdən ölənlər olub. Bundan sonra Hindistanla Çinin birgə iqtisadi layihələri reallaşmayıb.

Çin bölgədə hərbi gücünü artırdığına görə, Dehli müttəfiqləri ilə birgə hərbi təlimlərə üstünlük verir. Buna baxmayaraq, Dehli xarici siyasətdə Vaşinqtondan asılı olmaq istəmir. Dehli balanslı xarici siyasətdən imtina etməyib. “Quad” hərbi blok deyil. Dehli Moskva ilə tərəfdaşlıqdan imtina etməyib. Hindistan Rusiya və Çinlə birgə Şanxay Əməkdaşlıq Təşkilatının, o cümlədən BRİKS-in üzvüdür. Ancaq bu birliklər Çinlə Hindistan arasındakı mübahisələri həll edə bilməyib. Kreml Rusiya-Çin-Hindistan üçlü ittifaqının formalaşmasına çalışsa da, bu alınmadı. Bu ideya Rusiyanın keçmiş xarici işlər naziri Evgeniy Primakova məxsus idi. Dehli Çinlə müxtəlif birliklərdə iştirak etsə də, Pekindən qorunmaq üçün Qərblə əməkdaşlığın inkişafında maraqlıdır.

“Atlas” Araşdırmalar Mərkəzi

Makron Pekindən hansı nəticə ilə qayıdıb?

Fransa prezidenti Emmanuel Makronla Avropa İttifaqının Komissiyasının rəhbəri Ursula Fon der Lyayenin Çinə birgə səfəri başa çatıb. Bu səfərin və aparılan danışıqların nəticələri barədə nə demək mümkündür?

Gözlənildiyi kimi, Pekində əsas mövzu Ukrayna olub. Avropa İttifaqı Çinin Rusiyaya dəstəyindən narahatdır. Daha böyük narahatlıq Çinin İran kimi Rusiyaya silah və hərbi texnika göndərməsi ehtimalı ilə bağlıdır. Daha əvvəl Pekində Avropadan Almaniyanın kansleri Olaf Şolts, İspaniyanın baş naziri Perdo Sanşes və Avropa İttifaqının təhlükəsizlik və xarici siyasət məsələləri üzrə komissarı Jozep Borel olmuşdular.

Pekinin Ukrayna məsələsində mövqeyi dəyişməyib və bu səfərlərin böyük nəticəsi yoxdur. Çin lideri Tsi Cinpin Fransa prezidenti Emmanuel Makronla Pekində keçirilən danışıqlardan sonra birgə bəyannamə qəbul ediblər. Ortaq fikir sadəcə bundan ibarət olub ki, tərəflər Ukrayna məsələsi ilə bağlı danışıqlara başlamalı və problem sülh yolu ilə həll olunmalıdır. Buna baxmayaraq, Çin lideri Rusiyanı qınamaqdan imtina edib. Halbuki, ortaq mətbuat konfransında Fransa prezidenti Çin liderinə müraciət edərək, Rusiyanı işğala son qoymağa çağırıb. Makron Pekində bildirib ki, Avropa Ukrayna torpaqlarının işğalı ilə barışmayacaq və Rusiya heç bir halda Belarusda nüvə silahı yerləşdirməməlidir. Tsi Cinpin Emmanuel Makronun bu çağırışını dəstəkləməyib. Tsi Cinpinin yeganə güzəşti o olub ki, Çin lideri Ukrayna prezidenti Volodimir Zelenskiyə telefon zəngi edəcəyini vəd verib. Ancaq Cinpin bunun nə zaman baş verəcəyini dəqiqləşdirməyib.

Çin lideri əvvəlkitək hesab edir ki, müharibənin başlanmasında NATO günahkardır. Tsi Cinpinin fikrincə, NATO Rusiyanın Ukraynadakı təhlükəsizlik maraqlarını nəzərə almalıydı.

Beləliklə, Fransa prezidentinin və Avropa İttifaqının Komissiyasının rəhbərinin Pekinə səfəri nəticəsiz qalıb. Bu əvvəlcədən də bəlliydi. Belə olan halda Makron və Ursula Fon der Lyayen hansı səbəbdən Pekinə səfər ediblər? Görünür, Avropa təmsilçilərinin bu səfərləri Pekinə xəbərdaqlı əhəmiyyəti daşıyır ki, Çin Rusiyaya hərbi texnika və silah versə, Avropa İttifaqı Çinə qarşı sanksiyalar tətbiq edəcək. Brüssel Pekinin Kremldən Ukrayna məsələsinə görə məsafə saxlamasını istəyir. Çinin Avropa İttifaqı dövlətləri ilə sıx iqtisadi əlaqələri var. İyun ayında Avropa İttifaqı-Çin sammiti planlaşdırılır. Vaşinqtondan fərqli olaraq Brüssel Çinlə iqtisadi əlaqələri zəiflətmək istəmir. Ancaq əgər Pekin Rusiyaya silah və hərbi texnika verərsə Brüssel Pekinlə iqtisadi əlaqələri zəiflətmək məcburiyyətində qalacaq və Çin böyük Avropa bazarını itirəcək.

“Atlas” Araşdırmalar Mərkəzi

Bizimlə dirəşən o birilərlə barışır

İki müsəlman ölkəsini qeyri-müsəlman ölkəsi barışdırıb. İran və Səudiyyə Ərəbistanının xarici işlər nazirləri Çinin paytaxtı Pekində saziş imzalayıblar. İmzalanma mərasimində Çin xarici işlər naziri Qin Gang iştirak edib. Çin ilk dəfədir ki, münaqişə tərəflərini barışdıran məkana çevrilib. Adətən bu rola ABŞ və Avropa İttifaqı iddia edirlər. Bu səbəbdən İranla Səudiyyə Ərəbistanın qəbul etdikləri barışıq planı və bu planda Çinin yer alması Qərb paytaxtlarında və İsraildə ciddi suallar yaradıb.

Bu sazişə görə İran və Səudiyyə Ərəbistanı səfirliklərini və konsulluqlarını yenidən açmaq barədə razılaşıblar. Sazişdə iki ölkənin qarşılıqlı inamı və əməkdaşlığı genişləndirmək, regionda təhlükəsizlik, sabitlik və rifahın yaradılmasının hədəf göstərildiyi yazılıb. İki ölkənin xarici işlər nazirləri bir-birlərinə səfər etmək barədə də razılığa gəliblər. Tehran Səudiyyə Ərəbistanı ilə barışmaqla yanaşı 7 ildən sonra Birləşmiş Ərəb Əmirliklərinə səfirini göndərib.

İranın Səudiyyə Ərəbistanı ilə münasibətləri 2016-cı ildə pozulub. Həmin il Səudiyyə Ərəbistanında şiə din xadimləri terrorçuluq ittihamı ilə edam ediliblər. Bundan sonra Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyinə hücum edilib və iranlı nümayişçilər tərəfindən yandırılıb. Bu təxribata cavab olaraq Səudiyyə Ərəbistanı, Bəhreyn, Küveyt və Sudan İranla diplomatik əlaqələri kəsib, Birləşmiş Ərəb Əmirlikləri isə münasibətlərini müvəqqəti işlər vəkili səviyyəsinə endirib, Tehran isə bu ölkədəki səfirini geri çağırıb.

Tehran nədən ərəb ölkələri ilə barışmağa qərar verib? Məsələ burasındadır ki, İran ətrafında halqa daralıb. Qərbin İrana qarşı sanksiyaları sərtləşib, ölkə daxilində etirazlar dayanmır, iqtisadi və sosial problemlər artıb. Tehran bu qədər problemlə üzləşərkən, o biri problemlərin həllini vacib sayıb. Tehranda anlayıblar ki, ərəb ölkələri ilə problemi özləri yaradıblar və gərginliyi davam etdirməyin İrana zərəri olacaq. Münasibətlərin gərgin olması ərəb ölkələrini İsrail və ABŞ-la anti-İran koalisiyasına sövq edə bilərdi. Bu İranın problemlərini daha da artıracaqdı. Ona görə də Tehran təcili şəkildə ərəb ölkələri ilə münasibətləri normallaşdırmağa qərar verib. Bu normallaşmanın nə qədər uzanacağını söyləmək çətindir. Çünki Tehranın keçmiş illərdə də ərəb ölkələri ilə münasibətləri normal olub, səfirliklər də fəaliyyət göstərib. Ancaq Tehran bu ölkələrin daxili işlərinə qarışdığına görə münasibətlər pozulub. Bunun yenidən təkrarlanacağını və Tehranın ərəb ölkələrinin daxili işlərinə qarışacağını istisna etmək olmaz. Azərbaycan nümunəsində məhz bunu müşahidə edirik. İran öz ətrafında problemlərin sayını azaltmaq məntiqiylə Azərbaycanla da münasibətlərin keçmiş illərdəki nisbətən normal axarına qaytarmağa çalışmalıdır. Əgər Tehran Azərbaycanın ABŞ-la İsrailin anti-İran koalisiyasında yer ala biləcəyindən şübhəlidirsə və naharatdırsa, Səudiyyə Ərəbistanı ilə olduğu kimi Azərbaycanla da münasibətlərin normallaşmasına çalışmalıdır. Ancaq hələ ki, bunun tərsi baş verir. Tehran münasibətlərin gərginləşməsi yolundan imtina etməyəcəyi halda Azərbaycanın anti-İran koalisiyasında yer alması ehtimalı artacaq.

“Atlas” Araşdırmalar Mərkəzi

Şimal-Cənub layihəsi təhlükə altındadır

Rusiya və İran yaxın müddətdə strateji tərəfdaşlıq haqqında saziş imzalayacaqlar. Bu barədə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian bir neçə gün əvvəl Moskvaya səfəri zamanı rusiyalı həmkarı Sergey Lavrovla müzakirə aparıblar. Sazişin yaxın aylarda imzalanacağı planlaşdırılır.

Rusiya ilə İran arasında strateji tərəfdaşlıq sazişi iki ölkə arasında 2001-ci ildə imzalanan əməkdaşlıq sazişini əvəz etməlidir. Bu müddətdə İran Rusiyanın tərəfdaşından strateji tərəfdaşına çevrilib. Ona görə də Moskva və Tehran yeni sazişə ehtiyac duyurlar.

Moskva Qərbə qarşı mübarizədə İran və Çinlə üçlü koalisiya formalaşdırmaq istəyir. Tehran da bu koalisiyada maraqlıdır. İran 2021-ci ildə Çinlə, 2022-ci ildə Venesuella ilə strateji tərəfdaşlıq tərəfdaşlıq sazişi imzalayıb. Venesuella ilə İranı sadəcə anti-Amerika siyasəti birləşdirir. Tehranla Pekini isə anti-Amerikan siyasəti ilə yanaşı dərin iqtisadi və ticarət əlaqələri birləşdirir. Çin yaxın illərdə İrana böyük yatırımlar həyata keçirməlidir. Bundan başqa Çin İrandan ucuz neft almaqda maraqlıdır. Pekinin İranla Səudiyyə Ərəbistanını barışdırmaq çalışmaları da Çinin Avrasiya bölgəsində artan rolundan xəbər verir.

Rusiya ilə İran arasında 2022-ci ildə ticarət nübadiləsi 15 faiz artaraq 5 milyard dollara çatıb. Moskva növbəti mərhələdə İranla Şimal-Cənub nəqliyyat dəhlizini reellaşdırmaq istəyir. Rusiya bu dəhliz vasitəsilə Asiyanın uzaq ölkələri ilə ticarət mübadiləsini artırmağı planlaşdırır. Bu məqsədlə İran ərazisində 2025-ci ilə qədər Rəşt-Astara dəmiryolu tikilməlidir. Ancaq Moskvanın bu planları hazırda təhlükə altındadır. Çünki İranın Azərbaycana qarşı artan təxribatları iki ölkə arasındakı münasibətləri gərginləşdirib. Azərbaycanın İrandakı səfirliyi fəaliyyətini dayandırıb. Tehran Azərbaycanın İsraillə artan əməkdaşlığının əleyhinə açıqlamalar verməkdə davam edir. Bakıda azərbaycanlı deputata qarşı terror aksiyasında İranın adı hallandırılır. Azərbaycan Xarici İşlər Nazirliyinin açıqlamasında terror aksiyasının arxasında İranın olduğu bildirilib.

Belə vəziyyətdə Azərbaycandan da keçəcək Şimal-Cənub nəqliyyat dəhlizinin perspektivi suallar doğurur. Bu layihənin işə düşməsi üçün İran Azərbaycana qarşı təxribatları dayandırmalı və münasibətlərin normallaşdırmasına çalışmalıdır. Ancaq Tehran bunları etmir.

“Atlas” Araşdırmalar Mərkəzi

Büdcə xərclərinin artımı kimə qarşıdır?

ABŞ prezident Co Bayden Konqresdə respublikaçıların büdcəni azaltmaq ideyalarının ölkə istehsalına xələl gətirə və Çinin dünya iqtisadiyyatına hakim olmasına kömək edə biləcəyi qənaətindədir. Ağ Ev sahibi hesab edir ki, ABŞ-ın Çinlə iqtisadi zəmində mübarizə aparması üçün ölkənin effektiv büdcəyə ehtiyacı var. ABŞ-ın demokrat prezidenti respublikaçıların onun siyasətinə etirazının Çini gücləndirəcəyindən ehtiyatlanır. “Büdcədə kəsintiyə getmək innovasiya və texnologiyanın gələcəyini Çinə vermək deməkdir” deyən Bayden ABŞ-ın yaxın illərdə əsas məqsədinin Çinin irəliləməsinin əngəllənməsi olduğunu vurğulayıb.

Bayden administrasiyası Konqresə göndərdiyi büdcədə hərbi xərclərin artırılmasını da nəzərdə tutub. Bu da Çinə qarşıdır və Ağ Ev sahibi bunu gizlətmir. ABŞ Müdafiə Nazirliyinin Baş Qərargah Rəisləri Komitəsinin rəhbəri Mark Milli  hərbi büdcənin artırılmasınə belə izah edib: “Hərbi büdcə Çinlə strateji rəqabəti gücləndirməyə istiqamətlənib”. Mark Milli ABŞ-ın uzun illər üçün təhlükəsizlik probleminin Çin olacağını bildirib. Buna baxmayaraq, Mark Milli ABŞ-ın Çinlə hərbi toqquşmasının mütləq olmadığı qənaətindədir. Halbuki, Mark Milli iki dövlətin bütün istiqamətlərdə maraqların kəsişdiyini də etiraf edib. Pentaqon təmsilçisi Çinin nüvə gücünü artımasına da diqqəti çəkib. Çin qitələrarası ballistik raketlərin istehsalını artırıb. Mark Milli onu da etiraf edib ki, hazırda ABŞ-ın Pekinin nüvə inkişaf proqramını yavaşlatmaq, dayandırmaq və ya məhv etmək üçün əlində aləti yoxdur.

Maraqlıdır ki, Co Bayden və Mark Milli hərbi büdcənin artırılması vacibliyindən danışarkən əsas hədəfin Çin olduğunu vurğulayıblar, Rusiyanın adını çəkməyiblər. Halbuki, Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəni davam etdirməsi Vaşinqtonu daha ciddi narahat etməlidir. Görünür, bu onunla əlaqəlidir ki, Vaşinqton Rusiyanın hərbi imkanlarının həddini özü üçün müəyyələşdirib və Rusiyanın bundan artığına nail olmayacağı qənaətindədir. Çin isə hərbi qüdrətini artırmaqda davam edir. Pekinin xeyrinə daha bir fərq ondan ibarətdir ki,  müharibəni davam etdirən Rusiyanın hərbi resursları tükənir, Çin isə müharibə aparmadığına görə iqtisadi qüdrətini hərbi gücünün inkişafına yönəlib. Buna baxmayaraq, Çin-Rusiya yaxınlaşması Vaşinqtonu ciddi narahat edir. Rusiya və Çin hərbi ittifaq yaratmasalar da, bölgədə birgə keçirdikləri hərbi təlimlər və hərbi texnologiyalarını bir-birləriylə bölüşmək ehtimalı ABŞ-ın problemlərini artıracaq.

Pekin Vaşinqtonun artan təzyiqlərini neytrallaşdırmağa çalışır. Pekin gizlətmir ki, Rusiya ilə hərbi əməkdaşlığı genişləndirməkdə maraqlıdır. Buna misal olaraq Çinlə Rusiyanın müntəzəm olaraq birgə hava və dəniz patrulları həyata keçirməyi planlaşdırdıqlarını göstərmək olar. Bu sırada İran da var. Rusiya, Çin və İranın Oman körfəzində birgə hərbi dəniz təlimləri Amerikada narahatlıq yaradıb.

“Atlas” Araşdırmalar Mərkəzi

Tsi Cinpin Kiyevə niyə getmək istəmir?

Çin lideri Tsi Cinpin iki günlük Moskva səfəri zamanı Rusiya prezidenti Vladimir Putinlə Rusiya-Ukrayna müharibəsini müzakirə etmişdi. Bundan əvvəl isə Çin lideri müharibənin dayandırılması üçün 12 maddəlik təkliflərini irəli sürmüşdü. Pekin Rusiya və Ukrayna arasında vasitəçi olmaq istəyirdi. Buna görə də Tsi Cinpinin Moskva səfərindən sonra “Çin lideri Moskvadan sonra Kiyevə də gedib Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşəcəkmi” sualı aktuallaşdı.

Ukrayna prezidenti Pekinin vasitəçilik təşəbbüslərini rədd etməyib, sadəcə Tsi Cinpinlə üzbəüz görüşüb fikir mübadiləsi aparmaq istəyir. Zelenski Tsi Cinpini Kiyevə səfər dəvət edib. Pekindən cavab yoxdur. Zelenskinin sonuncu dəfə Çin lideri ilə təması müharibədən əvvəl olub. Müharibə başlayandan sonra liderlər görüşməyib.

Çin lideri niyə Kiyevə getmək istəmir?

Birincisi, Tsi Cinpin Moskva ilə siyasi və iqtisadi zəminlərdə strateji tərəfdaşlığı genişləndirməkdə maraqlıdır. O Kiyevə gedib Ukrayna prezidenti ilə görüşməklə Kreml sahibi Vladimir Putinlə tərəfdaşlığına kölgə salmaq istəmir. Pekin Rusiyadan ucuz neft və qaz almaqda maraqlıdır.

İkincisi, Pekin Volodimir Zelenski Vaşinqtonun müttəfiqi sayır. Pekində hesab edirlər ki, Zelenski Vaşinqtonun təlimatları əsasında hərəkət edir. Tsi Cinpin bu səbəbdən də Kiyevə gedib Zelenski ilə görüşmək istəmir.

Tsi Cinpin Zelenski ilə görüşmədən Rusiya ilə Ukrayna arasında vasitəçi ola bilməyəcək. Əslində Pekin vasitəçi olmaq da istəmir, sadəcə Tsi Cinpin Qərbin Çinə qarşı artan təzyiqlərindən qurtulmaq üçün özünü “sülhdə maraqlı olan tərəf” kimi göstərmək istəyir. Ancaq bu alınmır. Pekinin vasitəçiliyinin Rusiyanın xeyrinə olduğunu hamı anlayır. Misal üçün Tsi Cinpin Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini bildirsə də, “Rusiyanın müharibəyə başlama səbəblərini anlayırıq” fikrini bir neçə dəfə səsləndirib. Yəni Tsi Cinpin demək istəyib ki, Rusiya Ukraynaya qarşı işğalçı müharibəyə başlamaqla beynəlxalq hüququ pozmayıb, Kreml “həyati maraqlarından çıxış edib”. Görünür, Tsi Cinpin ona da işarə edib ki, Ukrayna Kremlin tələbi ilə NATO və Avropa İttifaqı üzvülüyndən imtina etməliydi.

Tsi Cinpinin 12 maddəlik təkliflərində Rusiya ordusunun Ukrayna ərazisini tərk etməsi vacibliyi göstərilməyib. Təklifllərin ümumi mahiyyəti budur ki, tərəflər arasında atəşkəs elan olunsun. Qarabağ nümunəsində atəşkəsin nəyə səbəb olduğunu bilirik, bu işğalın rəsmiləşdirilməsinə şərait yaradır. Rusiya-Ukrayna müharibəsində atəşkəs elan olunarsa İkinci Qarabağ müharibəsindən əvvəlki dövrdə – Azərbaycanla Ermənistan arasında aparılan danışıqlarda olduğu kimi Rusiyanın işğalçı qoşunları Ukrayna ərazisini tərk etməyəcək və uzun onilliklər Kiyevlə Moskva arasında nəticəsi olmayan danışıqlar davam edəcək. Bu isə Rusiyanın maraqlarına uyğundur.

“Atlas” Araşdırmalar Mərkəzi

Haqqımızda

“Atlas” Araşdırmalar Mərkəzi 2003-cü ildə bir qrup siyasi ekspert tərəfindən Bakıda təsis olunub. Mərkəzin rəhbəri siyasi analitik Elxan Şahinoğludur.

Sayğac

Girish
Bugun
Umumi 262435
azAZ