Kateqoriya: Analizlər

Kreml Afrika sahillərinə də göz dikib

Rusiya xarici işlər naziri Sergey Lavrovun bir müddət əvvəl bir neçə Afrika ölkəsinə səfəri Qərb mətbuatının diqqət mərkəzində olub. Rusiyanın Ukraynada apardığı işğalçı müharibə fonunda Kremlin Afrikaya diqqət göstərməsi suallar yaradıb. Bu gedişatdan ən çox narahat edən iki ölkə var – ABŞ və Fransa. Bu iki ölkənin Afrika ölkələrində özəl maraqları var. Ona görə də Vaşinqton və Paris Afrikada Rusiya və Çinin fəallaşmasından narahatdır. Misal üçün Burkino-Faso rəhbərliyi Fransa hərbçilərinin ölkəni tərk etməsini istəyib. Bu ölkənin yeni hakimiyyəti Fransanın əvəzinə Rusiya ilə tərəfdaşlığı seçib. Vaşinqton və Paris Afrikada Rusiya ilə maraq mübarizəsini genişləndirməyə hazırlaşırlar.

Vaşinqton və Parisin səylərinə baxmayaraq, Kreml Afrika qitəsində fəallığını azaltmır. Lavrov Afrika turnesi çərçivəsində Cənubi Afrika Respublikasına (CAR) da səfər edib. Cənubi Afrika Respublikası son illər Rusiya və Çinlə əməkdaşlığa əhəmiyyət verir. Cənubi Afrika Respublikası Rusiya və Çinlə birgə BRİKS-in (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikası) üzvüdür. Halbuki, vaxtilə CAR ABŞ-ın Afrikadakı əsas tərəfdaşı idi. Ancaq CAR-da irqi ayrı-seçkilik əsasında  formalaşan “aparteid” rejiminə son verildikdən sonra bu ölkənin xarici siyasətində ciddi korrektələr edilib.

Rusiya Çin və Cənubi Afrika Respublikasıyla birgə hərbi təlimlər planlaşdırıb. Təlimlər CAR sahilinə yaxın sularda gerçəkləşəcək. Hərbi təlimlərin fevral ayının ortalarında keçirilməsi planlaşdırılır. Bu o deməkdir ki, Rusiya və Çin öz sahillərindən uzaq bölgədə birgə hərbi təlimlər keçirəcəklər. Bu ABŞ və Fransanın narazılığına səbəb olub. Vaşinqton və Paris ondan narahatdırlar ki, Rusiya və Çin öz planlarına digər qitələrdəki dövlətləri, o cümlədən Cənubi Afrika Respublikasını cəlb etməyə müvvəfəq olub. Halbuki, CAR Qərb ölkələriylə hərbi təlimlərə maraq göstərmir.

CAR Rusiyanın Ukrannaya qarşı işğalçı müharibəsini pisləməyən ölkələrdəndir. CAR eyni zamanda Qərbin təzyiqlərinə baxmayaraq, Rusiyaya qarşı sanksiyalara da qoşulmayıb.

“Atlas” Araşdırmalar Mərkəzi

 

Vaşinqton yeni ittifaq formalaşdırır

Çinin Tayvan adası ətrafında hərbi təyyarələrinin uçuşlarının və hərbi gəmilərinin sayını artırması Vaşinqtonda narahatlıq yaradıb. Yanvar aynın ortalarında Tayvan ətrafında Çinin 5 hərbi gəmisi qeydə alınıb.

Pekin Tayvana təzyiqi getdikcə artırıb. Bunun nəticəsində Tayvan adanın perimetri boyu yeni zenit-raket qurğuları yerləşdirib. Bundan başqa Tayvanın hərbi təyyarələrinin uçuşları da artıb.

NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussenin fikrincə, müharibə ehtimalı yüksəkdir. NATO-nun keçmiş baş katibi Çinin hücumunun qarşısını almaq üçün Tayvana hərbi yardımın artırılması gərəkliyini bildirib.

Aydındır ki, Tayvana hərbi yardımı edəcək əsas və bəlkə də tək ölkə ABŞ olacaq. Bir çox ölkə Tayvana görə Çinlə müharibəyə qoşulmayacaq. Avropadan həmişəki kimi yerinə yetirilməyən açıqlamalar səsləndiriləcək. Avropa ölkələrinin bir qrupu necə ki, işğala məruz qalan Ukraynaya hərbi yardımı ləngidir, eləcə də Tayvana sözdə dəstək vədi verəcəklər. Misal üçün Rusiya Ukraynaya qarşı müharibəyə başladığı gündən Almaniya Kiyevə “Leopard” tanklarının təhvil veriləcəyini söz verib. Həmin tanklar hələ də Ukraynaya təhvil verilməyib. Kiyev Berlinin verdiyi vədi yerinə yetirməsini istəyir. Çünki hərbi yardımın gecikdirilməsi Ukraynanın Rusiyaya qarşı müqavimət gücünü azaldır.

ABŞ bu dəfə hadisələri qabaqlamağa çalışır. Fransanın “Boulevard Voltaire” dərgisində yayımlanan məqalədə Vaşinqtonun Avropa ölkələri ilə birgə Çinə qarşı ittifaq yaratmağa çalışdığı yazılıb. Yəni Çin Tayvana qarşı müharibəyə başlayarsa Pekinə qarşı ittifaq hərəkətə keçməlidir. Bu ittifaqda Avropa ölkələri ilə yanaşı bölgə ölkələri – Avstraliya, Yaponiya və Hindistan da yer almalıdır. Bütün hallarda bölgədə müharibə başlayarsa əsas yük ABŞ-ın üzərində olacaq.

Bu arada, Vaşinqton Yaponiyaya silahlanmağa və hərbi büdcəsini artırmağa razılıq verib. ABŞ-la Yaponiya arasında hərbi təlimlərin sayı artacaq. Vaşinqton Çini hərbi ritorikadan çəkindirmək üçün Pekinlə dialoqu genişləndirməyi də planlaşdırır. ABŞ dövlət katibi Entoni Blinkenin fevral ayında Pekinə səfəri planlaşdırılıb. Blinken Pekini Tayvana qarşı hərbi gücdən istifadədən çəkindirməyə çalışacaq.

“Atlas” Araşdırmalar Mərkəzi

 

Vardanyan iki səbəbə görə Qarabağdadır

Ruben Vardanyan Moskvadan Xankəndinə ötən ilin sentyabr ayında gəlib. O bu 5 ayda dünyanın müxtəlif televiziya kanallarına, nəşrlərinə, agentliklərinə və saytlarına onlarla müsahibə verib. Araik Arutunyan illərdir Qarabağ separatçılarının lideridir, ancaq onun bu müddətdə bircə müsahibəsini xatırlamaq çətindir, Vardanyan isə hər gün dayanmadan müsahibə verir. Vardanyanın nə danışmasından asılı olmayaraq o beynəlxalq medianın diqqətini çəkib və bu hal Azərbaycan üçün təhlükə mənbəyinə çevrilib. Çünki Vardanyan Azərbaycana qarşı informasiya müharibəsinin başlıca fiquruna çevrilib.

Vardanyanı Qarabağa Kreml göndərib. Ancaq Kreml Vardanyan vasitəsilə istəyinə nail olmadı, rəsmi Bakı onunla təmasdan imtina etdi. Kreml sahibi Vladimir Putin Vardanyanı Rusiya vətəndaşlığından məhrub edib. Demək Ruben Vardanyan Qarabağı tərk edəcəyi halda başqa ölkələrdən birində məskunlaşmalıdır. Vardanyan o ölkələrdən birini seçəcək ki, Putinlə yaxınlığına görə ona qarşı sanksiya tətbiq edilməsin.

Vardanyanın Rusiyadakı “Troyka Dialoq” bir çox ofşor şirkətin təsisçisidir. Vardanyan bu şirkətlər vasitəsilə Rusiyanın tanınmış şəxslərinə pullar köçürüb. Bu sırada Vladimir Putinin yaxın dostu Sergey Rolduqinin də adı var. Vardanyan şirkətləri vasitəsilə 5 milyard dollara yaxın pulu müxtəlif şəxslərin hesablarına köçürülüb. Dünyadakı imkanlı ermənilərin tətbiq etdiyi texnologiyadır. Vardanyan açıqlamalarında kriminal dairələrlə heç bir əlaqəsinin olmadığını idda etsə də, 1990-cı illərin Rusiyasında təmiz pul qazanmaq mümkün deyildi. Milyardı olan biznesmen kriminal dairələrdən və məmurlardan qorunmaq üçün onlarla bölüşməli idi. Ruben Vardanyanın rəhbəri olduğu şirkətin 2000-ci illərin başlanğıcında Nyu-York və Londonda ofisləri  açılıb. Vardanyan eyni zamanda haqqında danışmağı sevmədiyi Panama və Virgin adalarında da ofşor şirkətləri yaradıb. Ruben Vardanyan Dmitri Medvedyevin Rusiya prezidenti olduğu illərdə “Skolkovo” yüksək texnilogiyalar layihəsinin təsisçilərindən olub. Vardanyan bununla Medvedyevin yaxnlığa çalışıb. Çünki “Skolkovo” keçmiş prezidenti Dmitri Medveyvevin əsas layihəsi idi və Kremlin keçmiş sahibi bu layihə vasitəsilə ABŞ-ın “Silikon vadisindəki” texnoloji şirkətlərinə rəqib olacağını planlaşdırırdı.

Beləliklə, Ruben Vardanyan ABŞ və Avropada təhsilini bitiridiyi 1990-cı illərdən bəri maliyyə, bank işi, müxtəlif iqtisadi layihələrlə məşğul olub. O bu illərdə siyasət barədə düşünməyib. Vardanyan siyasətçi olmadığı qədər, hərbçi də deyil. Buna baxmayaraq, böyük şirkətləri və milyardları idarə edən Vardanyan Qarabağa köçməyə razılaşıb. Birincisi, o bu yolla milyardlarını Rusiyaya qarşı tətbiq edilən sanksiyalardan qorumağa çalışıb, ikincisi, erməni separatçılarının “dövlət naziri” kimi Avropa stukturlarıyla ilə əlaqə vasitəsilə gələcəkdə işinin başına qayıtmaq istəyib. Təsadüfi deyil ki, Qarabağa köçdükdəın sonra Fransaya səfər edib və indi də Parisdəki dostlarıyla əlaqərini davam etdirir. Vardanyan BBC-yə son müsahibəsində “Qarabağdan getməyəcəyini” bildirib. Bunu reallaşdırmaq Azərbaycanın əlindədir. Azərbaycan üçün həlledici olacaq 2023 və 2024-cü illərdə Vardanyan yola salınmalıdır.

 “Atlas” Araşdırmalar Mərkəzi

 

Rusiya Mərkəzi Asiyaya “yol xəritəsi” təklif edib

Rusiya Avropanın enerji bazarına alternativ axtarmaqda davam edir. Kreml anlayır ki, keçmiş illərdə olduğu kimi Avropa ölkələrinə qaz sata bilməyəcək. Keçmiş illərdə müxtəlif boru xətləriylə Rusiyadan qaz alan Almaniya bu ildən başlayaraq bu asılılıqdan qurtulub. Belə olan halda Rusiya Almaniya kimi ölkələrə sata bilmədiyi qazı başqa istiqamtələrə yönətlmək məcburiyyətindədir.

Rusiyanın “Qazprom” şirkətinin rəhbəri Aleksey Miller yanvarın 18-də Qazaxıstan baş nazirinin müavini Roman Sklyarla görüşüb. “Qazprom” şirkəti Qazaxıstanla qaz sahəsində “yol xəritəsi” müəyyənləşdirib. Qazaxıstan kifayət qədər qaz ehtiyatlarına malik olsa da, Rusiya qazının üçüncü ölkələrə nəqlində maraqlıdır. Bu Qazaxıstanın tranzit imkanlarını artıracaq.

Rusiya Özbəkistanı da qaz nəqli məsələsində inandırmağa çalışır. Qazaxıstan qaz ehtiyatlarına görə Özbəkistanı üstələyir. Buna görə də Özbəkistan ehtiyaclarını ödəmək məqsədilə Rusiyadan müəyyən həcmdə qaz alır. Özbəkistanın iqtisadi imkanları artdıqca qaza ehtiyacı artacaq.

Qazaxıstan hər il Çinə 10 milyard kubametr qaz nəql edir. Ancaq Qazaxıstanın özünün də qaza ehtiyacı artıb. Buna görə də Astana Rusiya qazının Qazaxıstan üzərindən Çinə nəqlinin əleyhinə deyil. Moskva bölgədə Qazaxıstan və Özbəkistanla birgə qaz ittifaqı yaratmağa çalışır. Astana və Daşkənd Moskvanın bu təklifinə ehtiyatla yanaşırlar. Qazaxıstan və Özbəkistan Rusiya qazından asılı duruma düşmək istəmirlər. Vaxtilə Avropa Rusiyadan asılı vəziyyətə düşdü.

Rusiya Ukraynaya qarşı işğalçı müharibəyə başladıqdan sonra Avropa dövlətlərinin Rusiya qazından imtinası ağrılı prosesə çevrildi. Qazaxıstan və Özbəkistan Avropa dövlətlərinin səhvini təkrarlamaq istəmirlər. Qazaxıstanın Qərb bazarına da ehtiyacı var. Qərbin böyük enerji şirkətləri Qazaxıstanda neft və qaz çalışmaları aparırlar.

Rusiyanın əsas hədəfi Çindir. Rusiya bir tərəfdən Mərkəzi Asiyanın qaz bazarında hegemon rola malik olmaq istəyir, o biri tərəfdən Mərkəzi Asiya üzərindən yeni boru xətləri vasitəsilə Çinə qaz nəqlini artırmaqda maraqlıdır. Çin Rusiya qazının artan həcmindən imtina etmir. Buna baxmayaraq, Çin Mərkəzi Asiya ölkələrindən – Qazaxıstan və Türkmənistandan da qaz almağa davam etmək istəyir. Çin eyni ilə Avropa ölkələri kimi Rusiyanın enerji resurslarından asılı vəziyyətə düşmək istəmir.

“Atlas” Araşdırmalar Mərkəzi

 

Ukraynadan Ermənistana silah daşına bilərmi?

Ukrayna Erməniləri İttifaqının icraçı direktoru Hovakim Arutyunyanın açıqlaması Azərbaycan mediasında geniş əks-səda doğurub. Hovakim Arutyunyan bunları deyib: “Biz  (Ukrayna erməniləri) Ermənistana kəşfiyyat məqsədilə istifadə olunan pilotsuz uçuş aparatlarını göndərmişik. Mən təyyarələrlə göndərənləri tanıyıram. Bu hərbi texnika Varşava-İrəvan reysi ilə aparılır. Buradan, Ukraynadan ordumuza çoxlu kömək göndərilir. Təsəvvür edin, bizdə müharibə var. Amma bizim ermənilər Ermənistana kömək edə bilir, Ukrayna tərəfindən vuruşan hərbçilərmiz Ermənistandakı qardaşlarına pilotsuz uçuş aparatları göndərə bilirlər”.

Rusiya ilə müharibə aparan Ukraynadan Ermənistana pilotsuz uçuş aparatları göndərilə bilərmi?

Ukraynanın daha çox pilotsuz uçuş aparatlarına ehtiyacı var. Ukraynanın bu aparatları əsas tədarük etdiyi ölkə Türkiyədir. İki ölkə arasında pilotsuz uçuş aparatlarının birgə istehsalıyla bağlı razılaşma var. Ukrayna ABŞ-dan da pilotsuz uçuş aparatları əldə edir. Ukrayna prezidenti Volodimir Zelenski bütün açıqlamalarında Qərb ölkələrindən hərbi texnika istəyir. Çünki Ukraynanı hərbi texnikası və döyüş sursatları azalır, pilotsuz uçuş aparatlarının bir hissəsi döyüşdə neytrallaşdırılır. Bunların yeri doldurulmalıdır. Digər tərəfdən Ukraynanın Azərbaycanla tərəfdaşlıq münasibətləri var. Kiyev Ermənistanı Rusiyanın strateji müttəfiqi kimi qiymətləndirir. Bu baxımdan Ermənistana silah və ya pilotsuz uçuş aparatları göndərmək Ukraynanın milli və təhlükəsizlik maraqlarına ziddir.

Buna baxmayaraq, Ukrayna Erməniləri İttifaqının icraçı direktorunun açıqlaması araşdırılmalıdır. Ukraynada müharibə başlayana qədər təxminən 500 min erməni yaşayırdı. Ukraynada yaşayan bir qrup erməni böyük maliyyə imkanlarına malik idi. Həmin ermənilərin korruspiya yoluyla Kiyevdə hansısa məmurları ələ alaraq Ermənistana pilotsuz uçuş aparatları göndərməsi istisna deyil. Ukraynadakı ermənilərin ən tanınmış nümayəndəsi uzun illər daxili işlər naziri işləmiş Arsen Avakovdur. O hazırda dövlət vəzifəsi tutmasa da, əlaqələri genişdir.

Ukraynadan pilotsuz uçuş aparatlarının Ermənistana çatdırılması üçün bir neçə mərhələ keçilməlidir. Birinci mərhələdə həmin aparatlar anbarlardan oğurlanmalıdır. İkinci mərhələdə oğurlanan aparatlar gizli yolla Ukrayna-Polşa sərhədindən keçirilməlidir. Üçüncü mərhələdə isə oğurlanan və Polşaya gizli yollarla çatdırılan aparatlar yenə gizli yolla Varşava-İrəvan təyyarı reysrlərinə yüklənməlidir.

Azərbaycan Xarici İşlər Nazirliyi xətti ilə Kiyevə və Varşavaya müraciət edilməli, Ukrayna və Polşa rəsmilərinin məsələyə münasibəti öyrənilməlidir. Ukrayna kimi Polşa da Azərbaycanın tərəfdaşıdır və Ermənistana silah göndərmək Polşanın da milli və təhlükəsizlik maraqlarına ziddir.

Ukrayna Erməniləri İttifaqının icraçı direktorunun “biz Polşa üzərindən Ermənistana silah göndəriririk” açıqlaması informasiya müharibəsinin tərkib hissəsi də ola bilər. Məqsəd Azərbaycanın tərəfdaşları olan Ukrayna və Polşa ilə münasibətlərini gərginləşdirməkdir. Ukrayna erməniləri hipotetik olaraq Ermənistana pilotsuz uçuş aparatları göndərirlərsə, məntiqlə bunu açıqlmamalıdırlar. Çünki bu açıqlamadan sonra Ukraynadan Ermənistana dronların çatdırılması ya mümkün olmayacaq, ya də xeyli çətinləşəcək. Yəni “biz Ermənistana pilotsuz uçuş aparatları göndəririk” açıqlamasının ermənilərə zərəri faydasından çoxdur. Ermənistan hakimiyyətinin, Qarabağ separatçılarının və dünyadakı erməni lobbisinin məqsədi Azərbaycanın müxtəlif dövlətlərlə münasibətlərini gərginləşdirməkdir. Bunun qarşısını yalnız fəal diplomatiya və təxribat xarakterli məlumatların vaxtında dəqiqləşdirilməsi ilə almaq mümkündür.

“Atlas” Araşdırmalar Mərkəzi

 

Çinin əhalisi niyə azalıb?

Çinin əhalisi 2022-ci ildə bir il əvvəlki illə müqayisədə 850 min nəfər azalıb. Çində ölkə əhalisinin sayının azalması son 60 ildə ilk dəfə baş verib. Çində 2022-ci ildə 9,56 milyon insan doğulub, 10,41 milyon nəfər ölüb. Bununla Çində ilk dəfə ölənlərin sayı doğulanların sayını üstələyib.

Çində azalma niyə baş verib?

Bunun bir neçə səbəbi var.

Birincisi, Çində əhalinin azalmasına pandemiya səbəb olub. Koronavirus Çində qeydə alındıqda ölənlərin sayı çox deyildi. Pekin sərt qapanma qərarı verdi. Nəticədə dünyada koronavirus geniş yayılarkən, Çində virus nəzarət altına alındı. Ancaq 2022-ci ilin sonundan başlayaraq koronavirus Çinə yenidən qayıtdı. Bəlli oldu ki, sərt qapanma  virusu yox etmədi. Pekin yenidən sərt qapanma qərarı verdi, ancaq bu dəfə çinlilər etiraza başladılar. Pekin etirazların artacağından ehtiyat edərək sərt qapanma siyasətindən imtina etdi. Bu isə öz növbəsində pandemiyanın bu il Çində əvvəlkindən də geniş yayılmasına şərait yaratdı. Bəzi ekspertlərin fikrincə, Çin əhalisinin yarıdan çoxu virusa yoluxub və il ərzində ölənlərin sayı 1 milyona yaxınlaşacaq.

İkincisi, Çin 1980-ci illərdən başlayaraq “bir ailə, bir uşaq” siyasəti həyata keçirib. Bir uşaqlı ailələrə müxtəlif sosial dəstəklər nəzərdə tutulmuşdu. Pekin bu siyasətə ona görə üstünlük veriridi ki, artan əhalinin problemləri də artırdı ki, onları həll etmək lazım idi.

Çinin sonrakı illərdə iqtisadi imkanları və maliyyə gəlirləri artdıqca əhalinin artan sayı artıq problem yaratmamamağa başladı. Buna görə də Pekin 2015-ci ildə ailələrə əvvəlcə iki, 2021-ci ildə isə üç uşaq dünyaya gətirməyə icazə verdi. Bunun bir səbəbi də Çin əhalisinin qocalmasıdır. Yaşlı insanların sayı artdıqca işçilərin sayı azalır, dövlətin sosial ödəmələri artıb. İşçi qüvvəsinə ethiyac var. Buna görə də Pekin ailələrə nə qədər uşaq dünyaya gətirmək tövsiyyəsindən imtina edib.

Bu arada, Hindistanın əhalisi artıb. Hindistanın əhalisi 2022-ci ilin sonuna kimi 1,417 milyard nəfər təşkil edib. Bəziləri bu sayın çox ola biləcəyi ehtimalını irəli sürüb. Çünki Hindistanda kəndlərdə ev təsərrüfatlarında bir sıra hallarda doğuşlar qeydə alınmır, bu da əhalinin sayının daha çox olması ehtimalını artırıb.

Bu gedişlə Hindistan əhalisi Çin əhalisini üstələyəcək. Hindistan əhalisinin yarısı 30 yaşdan aşağıdır. Bu amil Hindistanın dünyanın ən sürətlə böyüyən iqtisadiyyatı olacağı ehtimalını artırıb.

“Atlas” Araşdırmalar Mərkəzi

 

Daha bir dövlət nüvə silahı istəyir

Şimali Koreyanın nüvə başlıqlı raketlərinin sayını artırması qonşu Cənubi Koreyanın narahatlığını artırıb. Cənubi Koreyanın prezidenti Yoon Suk-yeol ölkəsinin nüvə silahına yiyələnməsi istəyini səsləndirib. Cənubi Koreya Xarici İşlər Nazirliyi qonşu ölkələri qorxutmamaq üçün məsələyə aydınlıq gətirərək prezidentin nüvə silahıyla bağlı fikrinin hipotetik məna daşıdığını açıqlayıb. Ancaq prezidentin açıqlaması artıq işini görüb.

Beləliklə, Cənubi Koreya “nüvə klubuna” daxil olmaq istəyir. Seulun istəyi anlaşılandır. Qonşu Şimali Koreyada diktatura mövcuddur və bu ölkə istənilən an qonşu ölkəni raket atəşinə tuta bilər. Həmin raket isə nüvə başlığı daşıya bilər. Cənubi Koreya prezidenti nüvə silahına yiyilənmək üçün iki yol göstərib. Birinci yol Cənubi Koreyanın nüvə silahını öz imkanları ilə əldə etməsidir. Cənubi Koreyanın maliyyə və elmi imkanları yüksəkdir, qısa müddətdə çalışmalara başlayıb nüvə silahı əldə edə bilər. İkinci yol müttəfiq dövlətlərdən birinin Cənubi Koreya ərazisində nüvə silahı yerləşdirməsidir. Müttəfiq dövlət dedikdə böyük ehtimalla Amerika Birləşmiş Ştatları nəzərdə tutulub.

ABŞ-ın keçmiş prezident Donald Tramp Cənubi Koreyada nüvə başlıqlı raketlərin yerləşdirilməsinin əleyhinə idi. Tramp bunun əvəzinə Şimali Koreya diktatoru ilə dialoqa üstünlük verirdi. Ancaq bu dialoq nəticə vermədi. Şimali Koreya nüvə başlıqlı raketlərin istehsalından imtina etmədi.

Əslində Cənubi Koreyada bir-biri əvəz edən liderlər nüvə silahı məsələsiylə bağlı keçmiş illərdə də açıqlamalar verirdilər. Misal üçün Çənubi Koreyanın 1970-ci illərdəki lideri Pak Çjon Hi nüvə silahı əldə etmək üçün alimlərə tapşırıq vermişdi, çalışmalar başlamışdı. Ancaq Vaşinqton Seula təzyiq etdi və çalışmalar dayandırıldı. Cənubi Koreya 1975-ci ildə “nüvə silahının yayılmaması barədə müqaviləyə” imza atdı. Ancaq hazırda vəziyyət fərqlidir. Şimali Koreya nüvə başlığı daşıya bilən raket istehsalını artırır və Seul buna seyrçi qalmaq istəmir.

Cənubi Koreya prezidentinin nüvə silahıyla bağlı açıqlaması bir çox ölkənin diqqətini çəkib. ABŞ Cənubi Koreyanın müttəfiqi kimi hazırki şərtlər daxilində Seula nüvə silahı əldə etməyə qadağan edə bilməyəcək. Cənubi Koreyanın nüvə silahına yiyələnməsi Rusiya və Çinin xoşlarına gəlməyəcək. Moskva və Pekin buna etiraz edəcəklər. Ancaq Moskva və Pekin Şimali Koreyanın nüvə başlıqlı raketlərdən imtina etməsi üçün heç nə etmədilər. Əksinə Moskva və Pekin Şimali Koreyanın ABŞ və Yaponiyanı raketlərlə hədələməsindən məmnundurlar.

Son aylarda Şimali Koreyanın pilotsuz uçuş aparatları tez-tez Cənubi Koreyanın hava məkanına daxil olurlar. Cənubi Koreyanın havadan müdafiə sistemləri həmin dronları heç də hamısı zərərsizləşdirə bilməyib. Bu da Seulda belə bir fikir formalaşdırıb ki, bir gün Şimali Koreya Cənubi Koreya ərazisini raket atəşinə də tuta bilər. Bundan qorunmağın yeganə yolu Cənubi Koreyanın nüvə başlığı daşıya bilən raketlərlə təhciz olunmasıdır.

“Atlas” Araşdırmalar Mərkəzi

 

Avropa Parlamenti bir-birinə zidd iki qətnamə qəbul edib

Avropa Parlamentində yanvarın 18-də bir qrup deputatın təşəbbüsü ilə Azərbaycan əleyhinə sənəd qəbul olunub. Erməni separatçılarının mövqeyini müdafiə edən həmin sənəddə Azərbaycandan Laçın yolunu açmaq tələb olunub. Sənəddə Rusiya hərbi kontingentinin bölgədəki fəaliyyəti tənqid olunaraq onun ATƏT-in sülhməramlı qüvvələrlə əvəz edilməsi gərəkliyi bildirilib. Məgər ATƏT-in sülhməramlı qüvvələri mövcuddur? Sənəddə başqa ziddiyyət də var, Azərbaycan  Ermənistanın Qarabağdakı ermənilərlə  “nəqliyyat, energetika və kommunikasiya əlaqələrini pozmamağa” çağırılıb.

Bu Avropanın özünün qəbul etdiyi prinsiplərə ziddir. Çünki Avropa Parlamentinin haqqında danışdığı kommunikasiya xətləri Azərbaycanın ərazi bütövlüyü və qanunları pozularaq çəkilib. Bu kommunikasiya xətləri Azərbaycan qanunlarına uyğunlaşdırılmalıdır. Bu ona bənzəyər ki, Fransanın hansısa əyaləti Parisin icazəsi olmadan Almaniyadan qaz və elektrik nəql edir.

Maraqlıdır ki, Avropa Parlamenti öz qərarlarına hörmət etmir. Avropa Parlamenti təxminən 4 il əvvəl, 2018-ci ilin dekabr ayında “Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik sahəsində ümumi siyasəti barədə” qətnamə qəbul edib. Sənəddə tərəfdaş ölkələrin ərazisində dondurulmuş münaqişələrin, beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq nizamlanmasının zəruriliyi vurğulanıb. Bundan başqa, qətnamə münaqişə nəticəsində doğma yurdlarından didərgin düşmüş şəxslərə dəstəyi gücləndirməyə, tərəfdaş ölkələrin ərazisində vəziyyətin destabilizasiyası məqsədilə üçüncü tərəflərin müdaxilə cəhdlərinin qarşısını almağa çağırıb. Yəni həmin qətnamə faktiki Qarabağ məsələsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini dəstəkləyib. Yeni sənədin heç bir bəndində isə yazılmayıb ki, Qarabağda yaşayan ermənilər Azərbaycan qanunlarına tabe olmalı və Azərbaycanın ərazi bütövlüyü əleyhinə təxribatlara yol verməməlidirlər.

Diplomatlarımız Avropa Parlamentinin iki qətnaməsi arasındakı ziddiyyəti avropalı deputatların diqqətinə çatdırmalıdırlar. Birində münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli vacibliyi vurğulanıb, digərində separatizmə dəstək ifadə olunub. Qoy izah etsinlər ki, eyni qurum bir-birinə zidd iki sənədi necə qəbul edə bilər? Avropa Parlamenti bir neçə il əvvəl müstəqil olmaq istəyən katalonlara yox dedi, İspaniyanın ərazi bütövlüyünü dəstəklədi, tərəfdaşları Ukraynanın, Gürcüstanın və Moldovanın da ərazi bütövlüyünü dəstəkləyir, Azərbaycana gəldikdə isə sanksiya qəbul etdikləri Rusiyaya bağlı olan erməni separatçılarına dəstək verirlər. Diplomatlarımız Avropa Parlamentində Azərbaycan əleyhinə sənəd qəbul edənlərdən bunun izahını tələb etməlidirlər.

“Atlas” Araşdırmalar Mərkəzi

 

Pekin Brüsselə hansı mesajı göndərib?

“Financial Times” dərgisində yayımlanan məqaləyə görə, Rusiya prezidenti Vladimir Putin Ukraynaya qarşı işğalçı müharibə barədə vaxtilə dostu Çin lideri Si Tsinpinin əvvəlcədən məlumatlandırmayıb. Dərgiyə bu haqda məlumatı Pekindəki rəsmi mənbələr veriblər. Rusiya və Çin liderləri müharibədən 20 gün əvvəl 2022-ci ilin fevralın 4-də bir araya gəliblər. Bundan sonra Moskvadan Pekinə mesajlar göndərilib ki, Ukrayna hakimiyyətini cəzalandırmaq istəyirlər. Pekində düşünüblər ki, Rusiya müharibəyə başlayarsa bu qısamüddətli və məhdud miqyaslı qarşıdurma olacaq. Dərginin yazdığına görə, Pekin ilkin ehtimalının yanlış olduğunu anlayıb.

Pekin işğalçı müharibə dövründə Moskva ilə ittifaqı daha da gücləndirib, iki dövlət arasında ticarət mübadiləsi əvvəlki illərlə müqayisədə artıb. Bu o deməkdirmi ki, Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsi Pekinə mane olmur? Pekin ərazi bütövlüyü məsələsinə həssas yanaşmalıdır. Çünki özünün də oxşar problemləri var. Digər tərəfdən Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəi davam etdirməsi Pekinin Qərlə münasibətlərinin normallaşmasına əngəldir.

Müharibənin uzanması Pekinə Avropa ölkələri ilə münasibətlərdə əlavə problemlər yaradıb. Pekinin Kremli dəstəkləməsi Qərb ölkələrində neqativ qarşılanıb və bu amil Çinin bu ölkələrlə iqtisadi münasibətlərinə və yeni layihələrin reallaşmasına maneə yaradır. Pekin Kremlin siyasətinin qurbanı olmaq istəmir. “Financial Times” dərgisində yayımlanan məqalədə bir qrup çinli rəsminin Rusiya prezidenti Vladimir Putinin siyasətindən narazı qaldığı göstərilib. Misal üçün Çinin xarici işlər naziri vəzifəsinə bu ölkənin ABŞ-dakı səfiri təyin olunub. Halbuki, nazir vəzifəsinə Rusiya ilə əlaqələrə cavabdeh olan bir başqa diplomatın təyinatı gözlənilirdi. Nazir vəzifəsinə elə bir diplomat təyin edilib ki, o Qərblə münasibətləri yenidən normmalşdırmağa çalışmalıdır.

Pekin iki istiqamətdə xarici siyasət fəaliyyətini genişləndirməlidir. Birinci istiqamət Vaşinqtonla münasibətlərin normallaşdırılmasıdır. Bu çətin vəzifədir. Çünki iki ölkə arasındakı münasibətlər yalnız Çin-Rusiya ittifaqına görə mürəkkəbləşməyib. Çinin Tayvan adasıyla bağlı siyasəti Vaşinqtonun narazılığına səbəb olub. Ona görə də münasibətlərin normallaşması üçün Pekin ilk növbədə Tayvan siyasətinə yenidən baxmalıdır. İkinci istiqamət Avropadır.  Pekin Avropa dövlətləri ilə ortaq iqtisadi layihələr reallaşdırmaq istəyir. Pekindən Brüsselə belə bir messj göndərilib ki, Çin hakimiyyəti Rusiya-Ukrayna müharibəsinin əleyhinədir. Ancaq bu azdır. Brüsselin Pekindən əsas istəyi Çin hakimiyyətinin Kremlin siyasətinə təsis etməsidir. Bu baş verməyincə, Pekinin Brüssellə münasibətlərini normallaşdırmaq çətin olacaq.

“Atlas” Araşdırmalar Mərkəzi

 

24 ssenaridə nələr var?

Çin Kommunist Partiyasının ötən ilin oktyabr ayındakı qurultayında bu ölkənin lideri Si Tsinpin Tayvan probleminin həllini bu şəkildə göstərmişdi: “Tayvan məsələsini danışıqlar yolu ilə həll etməyə çalışacağıq, bu alınmadıqda güc yolundan istifadəni də istisna etmirəm”. Qərb ölkələri Si Tsinpinin bu açıqlamasını müharibə xəbərdarlığı kimi anladılar.

Si Tsinpinin açıqlamasına baxmayaraq, Pekində müharibə tərəfdarları çox deyil. Çinin Tayvan məsələsi üzrə rəsmisi Ma Syaoqan bildirib ki, adanın nümayəndələri ilə təmasları genişləndirməyə hazırdırlar. Bu açıqlama Vaşinqtonda müsbət qarşılanıb. Təsadüfi deyil ki, ABŞ-ın Tayvan adası ətrafındakı hərbi dəniz qüvvələrinin fəallığı nisbətən azalıb.

Bu arada, ABŞ dövlət katibi Entoni Blinken Pekinə səfər hazırlaşır. Tayvanda keçirilən seçkilərdə müxalifətdə olan Qomindan Partiyası qələbə qazanıb. Qələbə qazanan partiya isə Pekinlə praqmatik danışıqların tərəfdarıdır. Tayvan adasının keçmiş hakimiyyəti Pekinlə dialoqun əleyhinə idi. Vəziyyəti mürəkkəbləşdirən ABŞ Konqresi Nümayəndələr Palatasının keçmiş sədri Nensi Pelosinin Tayvana səfəri oldu. Bu səfər Pekinin hərbi ritorikasını sərtləşdirdi. Pelosinin Ermənistana səfəri heç bir nəticə vermədiyi kimi, onun Tayvana səfəri də bölgədəki gərginliyin azalmasına xidmət etmədi. Tayvanda hakimiyyət dəyişdiyi kimi Nensi Pelosi də bu gün Nümayəndələr Palatasının sədri deyil.

Müharibə nə Çinin, nə Tayvanın, nə ABŞ-ın, nə də bölgə ölkələrinin maraqlarına cavab verir. Buna baxmayaraq, Çin bölgədə hərbi gücünü artırmaq siyasətindən imtina etməyib. Pekin Tayvanı Çinə birləşdirmək çalışmalarını genişləndirəcək. Vaşinqton danışıqların tərəfdarı olsa da, Çinin bölgədə hərbi gücünün artırmasına seyrçi qalmayacaq. Vaşinqton bölgədəki müttəfiqləriylə birgə Çinin artan gücünün qarşısını almağa çalışacaq.

“Bloomberg” agentliyinin məlumatına görə, bu il ABŞ-ın Tayvan adası ətrafında müttəfiqləriylə birgə bir neçə hərbi təlimi nəzərdə tutulub. Tayvan ətrafında vəziyyətin inkişafına dair 24 ssenari mövcuddur. Bu ssenarilərin bir hissəsində ABŞ və bölgədəki müttəfiqlərinin Çinlə hərbi qarşıdurması yazılıb. Hərbi ssenarilər tərəflərin böyük itkisinə səbəb olacaq. Mümkün müharibənin Tayvan iqtisadiyyatına dağıdıcı zərbəsi olacaq. Entoni Blinken elə ona görə Pekinə səfərə hazırlaşır ki, ssenarilərin ən pis variantı reallaşmasın. Seçim Pekinindir.

“Atlas” Araşdırmalar Mərkəzi

 

Haqqımızda

“Atlas” Araşdırmalar Mərkəzi 2003-cü ildə bir qrup siyasi ekspert tərəfindən Bakıda təsis olunub. Mərkəzin rəhbəri siyasi analitik Elxan Şahinoğludur.

Sayğac

Girish
Bugun
Umumi 252468
azAZ