Day: February 9, 2023

The ambassador spoke on behalf of Armenia

İrəvanda bir neçə gün əvvəl Ermənistan-Rusiya münasibətlərinə dair dəyirmi masa keçirildi, budəfə isə Ermənistan-İran münasibətlərinə dair müzakirələr təşkil edilib. Birinci dəyirmi masada erməni ekspertlər Rusiyanın siyasətindən narazılıqlarını ifadə edir, Moskvanın Ermənistanı lazım qədər müdafiə etmədiyini bildirirdilər. İranla bağlı dəyirmi masadan isə erməni ekspertləri razı qalıblar.
Çünki dəyirmi masada İranın Ermənistandakı səfiri Abbas Badahşan Zahuri ermənilərin eşitmək istədiklərini deyib.

Birincisi, səfir deyib ki, İran və Ermənistan Zəngəzur dəhlizinin əleyhinədirlər. İranlı diplomat bu sözləriylə dəhlizin açılmamasının Ermənistanın da maraqlarına zidd olduğunu iddia edib. Halbuki, Ermənistan baş naziri Nikol Paşinyan eyni gündə açıqlama verib ki, Azərbaycana uzanan nəqliyyat yollarından istifadənin əleyhinə deyil, sadəcə bu dəhlizin statusu ətrafında fikir ayrılığı mövcuddur.

İkincisi, səfir deyib ki, sərhədlər dəyişdirilməməlidir. Yəni iranlı diplomat Azərbaycanın Ermənistanla təmas xəttində mövqelərinin möhkənlənməsindən Tehranın narazılığına işarə edib. Bəllidir ki, azərbaycanlı hərbçilər təmas xəttindəki yüksəklilərdən Ermənistanı İranla birləşdirən yollara nəzarət etmək imkanına malikdir. Azərbaycanın təmas xəttindən geri çəkilməsi Ermənistanla yanaşı İranın da imkanı xaricindədir.

Üçüncüsü, səfir deyib ki, yaxın müddətdə Ermənistanın Təbrizdə konsulluğu açılmalıdır. Tehran uzun illər Təbrizdə Azərbaycan konsulluğunun açılmasına icazə vermədi, xeyli ləngimədən sonra fəaliyyətə başladı, indi isə Azərbaycan şəhərində Ermənistan konsulluğunun açılmasını sürətləndirmək istəyir. Rəsmi İrəvanın Azərbaycan şəhərində Ermənistan konsulluğunun onlar üçün faydalı olacağını hesablamasına ehtiyac var.

 

Does the Shah's son have a promise to the Azerbaijanis?

İranın devrilmiş şahının oğlu Rza Pəhləvi yenə fəallaşıb. O Vaşinqtonda İran rejiminə müxalif olan qüvvələri bir araya toplamağa çalışır. Dünyanın müxtəlif ölkələrinə səpələnən şah tərəfdarları Rza Pəhləvinin xeyrinə imza kampaniyası təşkil ediblər. Rza Pəhləvi hakimiyyətə iddia etmədiyini vurğulasa da, İranda keçid hökuməti yaradıb azad və demokratik seçki keçirə biləcəyi qənaətindədir. Yəqin şahın oğlu hesab edir ki, 1979-cü il inqilabında Xomeyni sığınacaq tapdığı Parisdən Tehrana qalib kimi qayıtdığı kimi o da bu ssenari ilə İranın paytaxtına qayıda bilər.

Rza Pəhləvinin atası da hakimiyyətdə olduğu illərdə yağlı vədlər verir, İranın inkişafını sürətləndirəcəyini bildirirdi. Nəticə bugünkü İrandır. Şahın oğlu düşünür ki, İranda rejimə qarşı mübarizəyə rəhbərlik edə bilər. Məsələ burasındadır ki, İrandakı etiraz xaotikdir, müxtəlif şəhərlərdə küçələrə çıxanların təşkilatı və liderləri yoxdur. Bu mümkün də deyil, rejim etirazı təşkil edən təşkilatı və lideri dərhal məhv edər. Şahın oğlu bu vəziyyətdə hərəkata xaricdən rəhbərlik edəcəyini planlaşdırır. Ancaq kürd qrupları çıxmaq şərtilə İrandakı digər etnik qrupların Pəvləhi sülaləsinə inamı yoxdur. Fars millətçiliyi baxımından Pəhləvi sülaləsinin indiki rejimdən fərqi yoxdur.

Pəhləvi və indiki rejimin azərbaycanlılara münasibəti oxşardır. Azərbaycanlıların assimliyasiyası və sıxışdırılması siyasəti Pəhləvi sülaləsinin hakimiyyəti gəldiyi illərdən başlayıb, indikilər davam etdirir. Bu səbəbdən Qərb ölkələrindəki güney azərbaycanlı fəalların Rza Pəhləvi ilə eyni platformada yer alması çətin görünür. Əlbəttə, rejimin dəyişdirilməsi və keçid hökumətinin formalaşdırılması ideyası pis deyil. Ancaq Rza Pəhləvi İranın gələcək quruluşu və ən böyük etnik qrup olan azərbaycanlılara hansı haqlar verəcəyi mövzularına toxunmur. Vəd verilsə belə yerinə yetirləcəyinə zəmanət yoxdur. İndiki rejim də hakimiyyətə yiyələnə kimi xeyli vəd vermişdi, islamçılar vədlərini unutmaqla yanaşı şahın devrilməsində rol oynayanları qısa zamanda neytrallaşdırdılar. Ona görə də haqları uğrunda mübarizə aparan azərbaycanlılar indiki rejimdən narazı olduqları kimi şahın Amerikadakı oğlunun arxasınca getməyə də üstünlük verməyəcəklər. Güneyli fəallar rejimə qarşı mübarizədə optimal yol axtarışındadırlar.

"Atlas" Research Center

 

About us

"Atlas" Research Center was founded in Baku in 2003 by a group of political experts. The head of the center is political analyst Elkhan Sahinoglu.

Counter

Login
Today
Umumi 269335
en_USEN