Month: December 2023

Bu ölkə uğrunda gərgin mübarizə gedir

Çinin qonşu ölkələrlə münasibətlərindəki gərginliyi davam edir. Yaponiya, Hindistan, Avstraliya və digər dövlətlər Çinin bölgədə artan hərbi gücündən narahatdırlar. Vyetnamın da Çinin siyasəti ilə bağlı sualları az deyil. Buna baxmayaraq, Çində olduğu kimi Vyetnamda da hakimiyyətdə Kommunist Partiyasıdır və bu amil iki ölkə arasında dialoqu mümkün edir.

Çinin xarici işlər naziri Van Yinin bir neçə gün əvvəl Vyetnama səfəri əməkdaşlığı gücləndirmək məqsədi daşıyırdı. Çin bu məqsədlə Vyetnama maliyyə yatırımlarını artırıb. Pekinin Vyetnama diqqətinin artırmasının məqsədi ABŞ və Yaponiyanın Hanoyla təmaslarını intensivləşdirməsidir. ABŞ və Yaponiya Vyetnamın onların tərəfinə keçməsinə çalışırlar. Bu Pekini ciddi narahat edir.  “Reuters” agenliyinin yaydığı xəbərdə Çinlə Vyetnam arasında 1979-cu ildə silahlı qarşıdurmanın olduğu xatırladılır. “Global Times” dərgisində yayımlanan məqalədə isə Vyetnamın Yaponiya strateji tərəfdaşlığı daha üst səviyyəyə qaldırdığı yazılıb.

Vyetnam prezidenti Vo Van Thuong bir müddət əvvəl Yaponiyaya səfər etmişdi. O Tokioda Yaponiyanın baş naziri Kişida Fumio ilə görüşmüşdü. Rəsmi “Kyodo” agentliyinin məlumatına görə, 40 dəqiqə davam edən görüşdə iki lider Yaponiya və Vyetnam arasında dəniz təhlükəsizliyi sahəsində əməkdaşlığı inkişaf etdirmək barədə razılığa gəliblər.

Yaponiya ilə yanaşı Vyetnamın da dənizlərdə Çinlə adalarla bağlı sərhəd mübahisələri mövcuddur. Tokio məhz bu amildən istifadə edərək Vyetnamla strateji tərəfdaşlığı gücləndirməyə çalışır. Digər tərəfdən Tokionun məqsədi Çini tərk etməyi planlaşdıran xarici şirkətləri Vyetnama istiqamətləndirməkdir. Həqiqətən Vyetnam xarici investorlar üçün münasib şərtlər təklif edir.

Vaşinqton Yaponiya-Vyetnam ittifaqını dəstəkləyir. Bu səbəbdən Pekin Vyetnamın müstəqil xarici siyasətindən narazıdır. Çindəki siyasi dairələr hesab edirlər ki, Vyetnam Qərb ölkələrinə qapılarını açıb. ABŞ prezidenti Cozef Baydenin bu ilin sentyabr ayında Vyetnama səfəri Pekində diqqətlə izlənilirdi. Yaponiya kimi ABŞ da Vyetnamla əməkdaşlığı strateji tərəfdaşlıq səviyyəsinə qaldırıb. ABŞ Vyetnama hətta müasir silahlar təklif edib. Beləliklə, böyük dövlətlərin Vyetnam uğrundakı mübarizəsi yeni mərhələyə qədəm qoyub.

"Atlas" Research Center

Bu ölkədə nazirlər yoxa çıxırlar

Qərb və Rusiya mətbuatında Çinin xarici işlər naziri Tsin Qanın öldüyü barədə məlumatlar yayılıb. İlkin ehtimallara görə, o ya işgəncə nəticəsində ölüb, ya da özünə qəsd edib. Bu Çində siyasi xadimlərdən birinin növbəti müəmmalı ölüm faktıdır. Bundan əvvəl keçmiş baş nazir Li Ketsyanın evində cansız bədəni aşkarlanmışdı.

Tsin Qan çox az müddət ərzində xarici işlər naziri vəzifəsində çalışıb, onu 2023-cü ilin yayında qəfil istefaya göndəriblər. O istefadan əvvəl yox çıxmış, onun iştirakı ilə nəzərdə tutulan bir sıra rəsmi görüş ləğv olunmuşdu. “Politico” nəşrinin yazdığına görə, Tsin Qan vaxtilə ölkə lideri Tsi Cinpinin tərəfdarı idi. Tsi Cinpin 2014-2018-ci illərdə xarici siyasət məsələlərini və xarici həmkarlarıyla görüşlərini Tsin Qanla razılaşdırırdı. Tsi Cinpin Tsin Qanı 2021-ci ildə ABŞ-a səfir təyin edib, cəmi 6 ay sonra onu Vaşinqtondan Pekinə çağıraraq xarici işlər naziri vəzifəsinə gətirib. Ancaq onun nazirlik müddəti çox çəkməyib. Tsi Cinpin Tsin Qanı istefaya göndərdikdən sonra keçmiş xarici işlər naziri Van Yini yenidən köhnə vəzifəsinə qaytarmaq məcburiyyətində qalıb. Bəs nə baş verdi ki, böyük ümidlər bəslənilən Tsin Qan qısa müddətdə istefaya göndərildi?

Qərb mətbuatının yazdığına görə, Tsin Qanın Böyük Britaniyada təhsil alan çinli xanım tələbədən nigahdankənar övladı olub. Doğulan körpənin isə ABŞ vətəndaşlığı barədə xəbərlər yayılıb. Bu xəbərin yayılması Pekində qalmaqala səbəb olub. Ona görə də Çin rəhbərliyi Tsin Qanın siyasi karyerasına son qoymağa qərar verib. Bununla yanaşı “Politico” nəşri Tsin Qanın ölkənin keçmiş hərbi rəhbərliyi ilə korrupsiya əlaqələri barədə də xəbər yayıb. Tsin Qandan sonra Çinin müdafiə naziri və bir çox güc naziri də istefaya göndərilib. Yüksək rütbəli hərbçilər korrupsiya əməllərindən günahkar biliniblər. Onları da sakitcə vəzifələrindən uzaqlaşdırıblar. Bundan sonra keçmiş müdafiə naziri Li Şanfu da yoxa çıxıb. Onun sonrakı taleyi barədə məlumat yoxdur. Daha bir şübhə ondan ibarətdir ki, Çinin keçmiş nazirləri ölkənin nüvə silahları və raket qüvvələri haqqında məxfi məlumatları Qərb ölkələrinin kəşfiyyat xidmətlərinə ötürürmüşlər.

Qərb ekspertləri Çində baş verən müəammalı ölümlərin hakimiyyətdə təmsil olunan digər siyasi xadimləri qorxutduğunu bildirirlər. Hakimiyyətin siyasi kursu ilə razılaşmamaq təhlükəlidir.

"Atlas" Research Center

Yeni sədr sammitdə münaqişə istəmir

“Böyük iyirmilər”ə sədrlik Hindistandan Braziliyaya keçib. “Böyük iyirmilər”in növbəti zirvə toplantısı gələn ilin noyabrında Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək. Braziliya prezidenti Luis de Silva sədrlik müddətində ölkəsi qarşısında əsas hədəfləri müəyyənləşdirib. Birinci hədəf sosial inteqrasiyanı gücləndirmək, aclıq və kasıblıqla mübarizəni təşkil etməkdir. İkinci hədəf iqlim dəyişikliyinin müzakirəsi və alternativ enerji mənbələrinin inkişafına nail olmaqdır. Braziliyanın “böyük iyirmilər”ə sədrliyi dövründə üçüncü hədəfi qlobal idarəetmə istitutlarının islahatına çalışmaqdır. Böyük hədəflərdir. Bu haqda illərdir danışılır, ancaq real nəticə yoxdur.

Braziliya prezidenti ədalətli dünya uğrunda fəaliyyət göstərəcəyini açıqlayıb. Braziliya “böyük iyirmilər” çərçivəsində iki operativ məsləhət qrupu yaradacaq. Braziliya 2030-cü ilə qədər dünyadakı aclıq son qoymağı hədəfləyib. Ancaq bunun üçün bəyanat vermək azdır, yeni resurslara və texnologiyalara ehtiyac var. Braziliya prezidentinin digər hədəfi inkişaf etməkdə olan ölkələrin Dünya Bankının və Beynəlxalq Valyuta Fondunun idarəetməsinə daha fəal cəlbini təmin etməkdir.

Braziliya prezidenti “böyük iyirmilərin” zirvə toplantısında fikir ixtilafı yaradan mövzuların müzakirəsinin əleyhinədir. Əgər 2024-cü ildə də Rusiya-Ukrayna müharibəsi davam edərsə, Braziliya “böyük iyirmilər”in toplantısında bu mövzunun müzakirəsinin əleyhinə olacaq. Rəsmi Dehli də bu mövzununu Hindistandakı toplantıda müzakirəsinə imkan vermədi. Çünki bu halda Qərb ölkələri ilə Rusiya arasında qarşıdurma yaranacaq və yekun bəyanat qəbul edilməyəcəkdi. Ona görə də Dehli yekun bəyanatı elə formada hazırladı ki, həmin sənəd yekdilliklə qəbul edildi.  Braziliya da eyni siyasətə sadiq qalacaq.

Əsas suallardan biri də bu olacaq: Rusiya prezidenti Vladimir Putin Braziliyadakı zirvə toplantısına qatılacaqmı? Bunun üçün Putin gələn ilin mart ayında keçiriləcək prezident seçkisində qələbə qazanmalıdır. Bu çoxlarında şübhə doğurmur. Putin Hindistandakı toplantıda iştirak etmədi. Putinin Braziliyaya səfər edəcəyi də problematikdir. Çünki Hindistandan fərqli olaraq Braziliya Putinin həbsinə qərar verən Beynəlxalq Cinayət Məhkəməsinin Roma statutuna imza atıb.

Buna baxmayaraq, Vladimir Putin internet üzərindən beynəlxalq tədbirlərdə çıxışlar edir. Misal üçün Putin bir müddət əvvəl Hindistanın təşkil etdiyi “böyük iyirmilər”in virtual sammitində çıxış etmişdi. Həmin sammitə ABŞ prezidenti Cozef Bayden və Çin lideri Tsi Cinpin qatılmadılar. Görünür, Bayden virtual sammit olsa belə Putinlə birgə iştirak etmək istəmədi. Halbuki, Vaşinqton Dehlini özünün strateji tərəfdaşı sayır. Tsi Cinpin isə ölkəsinin Hindistanla sərhəd məsələsinə görə sammitə qatılmadı. Putin Hindistanın təşkilatçılığı ilə keçirilən virtual sammitdə Braziliyaya yeni sədrlikdə uğurlar arzulamışdı. Əgər Putin Braziliyadakı sammitə qatılmasa, bu ölkə Hindistan kimi zirvə toplantısından sonra virtual toplantı da keçirə bilər ki, bu halda Kreml sahibi internet üzərindən çıxışa hazırlaşacaq.

"Atlas" Research Center   

5 bəndlik həll planı müharibəni dayandıra bilərmi?

Amerika Birləşmiş Ştatları Yaxın Şərqdə müharibəni dayandırmaq üçün diplomatik fəallığını artırsa da, hələ ki, nəticə yoxdur. ABŞ dövlət katibi Entoni Blinken İsraillə Həmas arasında müharibə başladıqdan bu yana Yaxın Şərqə 4 dəfə səfər edib.

Vaşinqton əvvəlcə İsrailin Həmas qruplaşmasına qarşı savaşı birmənalı şəkildə dəstəkləyirdi, ancaq bombardmanlar nəticəsində Qəzzada ölənlərin sayı artdıqca ABŞ administrasiyasının mövqeyi dəyişdi. Vaşinqton atəşkəsə və danışıqlara üstünlük verir. Entoni Blinken “The Washington Post” qəzetində yayımlanan məqaləsində mülki insanların qorunması zərurətini bildirib. Blinken Qəzzaya humanitar yardımların, tibbi ləvazimatların və yanacağın çatdırılmasının vacib olduğunu vurğulayıb.

Buna baxmayaraq, ABŞ-ın indiki administrasiyasının müharibənin ilk günündən yanlış qərar vediyini deyənlər də var. Keçmiş prezident Barak Obamanın milli təhlükəsizlik üzrə müşaviri olmuş Ben Rouds “The New York Times” qəzetində yayımlanan məqaləsində Vaşinqtonun beynəlxalq hüquq və normalarına müxtəlif yanaşmasını yazıb. Əslində bunun adı “ikili standartlardır”. Bunu Azərbaycanla bağlı siyasətdə də görmək olar. Vaşinqton illər uzunu Azərbaycan ərazilərinin işğal altında qalmasına etiraz etmədi, torpaqlar azad olunan kimi Azərbaycanı “etnik təmizləmədə” ittiham etməyə başladılar.

Beynəlxalq birlik Qəzzada ölümlərin artmasından narahatdır. “NBC News” televiziya kanalı rəsmi mənbələrə istinad edərək Vaşinqtonun Yaxın Şərq siyasətinin yalnız İsrailə dəstək üzərində qurulmasının Amerikanın beynəlxalq ləmdə imicinə zərbə vurduğu xəbərini yayıb. Vaşinqton İsrailin özünümüdafiə haqqını hər zaman dəstəkləyir, ancaq eyni zamanda bu mübarizədə “qırmızı çizgilərin” aşılmasının əleyhinədir. Buna baxmayaraq, İsrailin baş naziri Benyamin Netahyahu Vaşinqtonun istəklərini yerinə yetirməkdə həvəsli deyil.

Bu arada, Avropa İttifaqında da İsrailin siyasətiə ilə bağlı narazılıq artıb. Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik komissarı Jozep Borrel “Financial Times” dərgisində yayımlanan məqaləsində müharibənin dayandırılmasının vacib olduğunu bildirib. Pekin də eyni mövqedədir.

Çin Xarici İşlər Nazirliyi Fələstin probleminin həlli ilə bağlı 5 maddədən ibarət plan təklif edib. Pekinin ilk şərti tərəflərin davamlı atəşkəs elan etmələridir. Planın ikinci maddəsi mülki insanların təhlükəsizliyinin təminat altına alınmasıdır. Üçüncü bənd bölgəyə humanitar yardımların çatdırılmasıdır. Planın dördüncü bəndi diplomatik vasitəçiliyin artırılmasıdır. Pekin məsələnin həllində BMT Təhlükəsizlik Şurasına əhəmiyyət verilməsini lazım bilir. Planın beşinci bəndi münaqişənin “iki xalqa iki dövlət” prinsipi üzrə həllini təmin etməkdir. Pekin bu məqsədlə beynxalq konfransın təşklinin vacib sayır.

Pekin Yaxın Şərqdəki vəziyyətin normallaşmasında Vaşinqtondan geri qalmaq istəmir. Pekin bölgədə Fələstin dövlətinin yaradılmasını dəstəkləyir. Pekinin bölgədə iqtisadi maraqları var. Müharibə Çinin Yaxın Şərqdəki iqtisadi layihələrinə təhlükə yaradır. Ona görə də Pekin vasitəçilik fəallığını artırıb. Ancaq Pekinin təkliflərinin reallaşacağı problematikdir. Birincisi, İsrail və ABŞ münaqişənin həllində Fələstin dövlətinin yaradılmasını zəruri hesab etmirlər. İkincisi, Çinin vasitəçiliyinə Pekinin Moskva ilə yaxınlığı mane olur. Misal üçün Pekin Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəni dayandırması üçün fəallıq nümayiş etdirmir. Odur ki, Pekinin 5 maddəlik təkliflər planın reallaşacağı problematikdir.

"Atlas" Research Center

Rusiya Asiyadan niyə narahatdır?

Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəyə başlamasının əsas səbəblərindən biri Kiyevin NATO ilə yaxınlaşması idi. Halbuki, Ukraynanın NATO üzvlüyünə qəbulunun mürəkkəbliyi bəllidir. Buna baxmayaraq, Moskva “NATO-nun Rusiya sərhədlərinə yaxınlaşmasına yol vermək olmaz” bəhanəsiylə Krımı ilhaq etdi. Rusiya Ukraynaya qarşı müharibəyə başlamaqla NATO-nu sərhədindən uzaqlaşdıra bilmədi, tam tərsi baş verdi, qonşusu Finlyandiya Şimali Atlantika Blokuna qəbul olundu.

Kreml indi də NATO-nun Asiyaya daxil olmağa çalışdığını iddia edir. Rusiya prezidenti Vladimir Putin Çin Xalq Respublikasının Mərkəzi Hərbi Şurasının sədr müavini Çjan Yuxia ilə görüşdə deyib ki, NATO öz coğrafi miqyasını genişləndirməyə və Asiyaya daxil olmağa çalışır. Putinin məqsədi aydındır. Kreml sahibi müxtəlif məkanlarda NATO ilə mübarizə aparmaq gücündə deyil. Rusiya Ukrayna ilə müharibəni davam etdirərkən, tərəfdaşı Çinin də Şimali Atlantika Bloku üzvləri ilə Asiyada mübarizə aparmasını istəyir. Misal üçün Rusiya prezidenti Pekinin xoşuna gəlsin deyə, “ABŞ Asiya-Sakit okean regionunda gərgin vəziyyət yaradır” fikrini tez-tez işlədir. Kremlı sahibinin sözlərinə görə, ABŞ NATO ölkələrini Asiya-Sakit okean regionunda gərgin vəziyyət yaratmaqla yanaşı həmin bölgədə yeni hərbi-siyasi ittifaqlar formalaşdırır.

Əslində Kreml sahibi bu açıqlamalarla Rusiya-Çin hərbi ittifaqına və Asiyada tez-tez keçirdikləri birgə hərbi təlimlərə haqq qazandırır. Rusiya ilə Çin arasında keçirilən birgə hərbi təlimlər bölgə ölkələrini ciddi narahat edir. Öz nəvbəsində ABŞ Asiya bölgəsindəki müttəfiqlərinə hərbi dəstəyi artırmaqla məşğuldur. “The American Conservative” dərgisində yayımlanan məqalədə ABŞ hərbi-sənaye kompleksinin müttəfiqləri gərəkli hərbi texnika ilə təhciz etmək üçün tam gücüylə çalışdığını yazıb, müqavilələrin sayı artıb. ABŞ Tayvanı silahlandırmaqda davam edir.

Buna baxmayaraq, ABŞ administrasiyası yeni müharibələrin əleyhinədir. ABŞ prezidenti Cozef Baydenin “The Washington Post” qəzetində yayımlanan  məqaləsində Ukrayna və Yaxın Şərqdəki müharibələrdən sonra dünya üçün sabitlik imkanlarının açılacağını yazıb. Ağ Ev sahibinin optimizminin nəyə əsaslandığını söyləmək çətindir. Çünki müharibələr bir-birini əvəz edir. Hər halda Vaşinqton Pekinlə dialoqdan imtina etmir. Bu dialoq Vaşinqtona ona görə lazımdır ki, Asiya və Sakit Okean bölgəsində vəziyyət nəzarətdən çıxmasın. Buna baxmayaraq, ABŞ-la Çinin bir-birinə inamları yoxdur, kiçik olay böyük qığılçıma səbəb ola bilər.

"Atlas" Research Center 

About us

"Atlas" Research Center was founded in Baku in 2003 by a group of political experts. The head of the center is political analyst Elkhan Sahinoglu.

Counter

Login
Today
Umumi 263930
en_USEN