Month: January 2024

Çinin öz “Vagner”i olacaq

ABŞ Qırmızı dənizdəki ticarət gəmilərini qorumaq məqsədilə formalaşdırdığı ittifaqa daha çox dövləti cəlb etməyə çalışır. ABŞ bu ittifaqda hətta münasibətləri soyuq olan ölkələri də görmək istəyir. Çünki söhbət bir çox dövlətə aid ticarət gəmilərin təhlükəsizliyindən gedir.

Çin də Qırmızı dəniz üzərindən idxal-ixrac əməliyyatları həyata keçirir. Buna baxmayaraq, Pekin ABŞ-ın Qırmızı dənizdə formalaşdırdığı ittifaqa qoşulmayıb. Çinin hərbi gəmiləri Qrımızı dənizdə patrul xidməti göstərmirlər. Çinin Baş Qərargah rəisi Lyu Çjenli əksinə ABŞ administrasiyasına məsləhət görüb ki, Çinlə bağlı açıqlamalarında diqqətli olsunlar. Çinli general amerikalı rəsmilərin Tayvan və Çinin artan hərbi gücü barədə açıqlamalarından narazı qalıb.

Buna baxmayaraq, Pekinin Vaşinqtondan xahişi də olub. Pekin Çinin Arktikada qazın nəqli ilə məşğul olan iki şirkətinin sanksiya siyahısından çıxarılmasını xahiş edib. Həmin iki şirkət ABŞ layihələrində də iştirak edirdilər.

Bu arada, “South China Morning” dərgisində yayımlanan məqalədə Çinin özəl mühafizə şirkətlərin yaratmaq istəyi göstərilib. Çin bu şirkətlər vasitəsilə dünyanın müxtəlif ölkələrindəki yatırım qoyduğu müəssisələrini qorumaq istəyir. Söhbət Çinin Afrika və Latın Amerikası ölkələrindəki yatırımlarından gedir. Pekini bu qərara gəlməyə məcbur edən səbəblər arasında Rusiya-Ukrayna müharibəsi və Yaxın Şərqdəki gərginlik göstərilib. Çinin mühafizə şirkətləri xarici ölkələrdə çalışan çinliləri, həm də avadanlıqları qorumalıdır.

Dünyanın müxtəlif ölkələrində Çin kaptialına bağlı 47 min şirkət fəaliyyət göstərir. Bu şirkətlər əsasən enerji, infrastruktur tikintisi, istehsal və faydalı qazıntılar sahələrində ixtisaslaşıblar. Gərginliklər Mərkəzi Asiyadakı birgə müəssisələrdə də tez-tez qeydə alınır. Bəzu hallarda yerli işçilərlə gəlmə çinlilər arasında toqquşmalar baş verir. Ancaq Mərkəzi Asiya ölkələrinin öz ərazilərində Çinin mühafizə şirkətlərinə fəaliyyət göstərmələrinə icazə verməsi çətindir. Çünki yerli işçilər Çinin mühafizə şirkətlərinin əməkdaşları ilə də toqquşa bilər. Bu isə daha böyük gərginlik yaradacaq. Latın Amerikası ilə Afrika ölkələrinin də Çinin mühafizə şirkətlərinə yaşıl işıq yandıracaqları sual doğurur.

"Atlas" Research Center

 

“Monro doktrinası” yenidən canlanır

ABŞ-ın keçmiş prezidentlərindən Ceyms Monronun adını daşıyan “Monro doktrinası” 1823-cu ildə qəbul olunub. Həmin doktrinanın 200 ili tamam oldu. Konqresin vaxtililə təsdiq etdiyi bu doktrina Avropa müstəmləkəçiliyinin Şimali və Cənubi Ameika qitələrindən uzaqlaşdırılması mahiyyətini daşıyırdı. “Monro doktrinası” əsasən Cənubi Amerikada müstəmləkələri olan İspaniyanı hədəf seçmişdi. “Monro doktrinası”nda dünyanın Amerika və Avropa sistemlərinə bölünməsi prinsipi elan edilir, ABŞ-nin Avropanın daxili işlərinə qarışmayacağına təminat verilir, eyni zamanda Avropadan Amerika qitəsi dövlətlərinin daxili işlərinə qarışmamaq tələb olunurdu. “Monro doktrinası” Qərb yarımkürəsində ABŞ-nin nüfuz dairəsini genişləndirmək imkanını artırırdı.

Vaşinqton “Monro doktrinası”ndan faktiki Birinci Dünya müharibəsi illərində imtina etdi və Avopada başlayan müharibədə iştirak etdi. ABŞ bu müharibədən sonra yenidən Avropadakı toqquşmalardan uzaq qalmağa çalışsa da, Vaşinqton İkinci Dünya müharibəsindən də kənarda qala bilmədi. Çünki Yaponiyanın ABŞ-ın hərbi bazasına hücumu Vaşinqtona başqa seçim qoymadı. ABŞ-ın keçmiş prezidenti Donald Tramp “Monro doktrinası”nı dəstəkləyirdi. O Ağ Evə sahiblik etdiyi illərdə hesab edirdi ki, ABŞ yaxın ərazidəki problemlərin həlli ilə məşğul olmalıdır. Misal üçün Tramp üçün Meksika ilə sərhəddə divar inşa etmək digər qlobal məsələlərdən öndə gəlirdi.

Buna baxmayaraq, ABŞ-ın siyasi və ekspert dairələri “Monro doktrinası”nın mahiyyətini itirdiyi qənaətindədirlər. Bu mərkəzlər ABŞ-ın dünyadakı gücünün qorunması üçün aktivliyini azaltmamasını bildirirlər. Misal üçün “Monro doktrinası”na görə ABŞ nə Rusiya ilə savaşan Ukraynaya, nə də “Həmasla” mübarizəni davam etdirən İsrailə dəstək verməliydi. Ancaq Vaşinton belə etsəydi, beynəlxalq aləmin əsas problemlərindən kənarda qalacaq. Bu halda isə beynəlxalq aləmdəki liderlik ABŞ-ın rəqibləri Rusiya və Çinin əlinə keçəcək. Bu isə ABŞ-ın təhlükəsizlik maraqlarına ziddir.

Çin nəinki Avrasiya bölgəsində və Afrikada fəallığını artırıb, Cənubi Amerika ölkələri ilə də sıx əlaqələr qurub. Bunun özü “Monro doktrinası”nın prinsiplərinə ziddir. Çünki həmin doktrinaya görə Çin Cənubi Amerikadan uzaq saxlanılmalıdır. Halbuki, “Monro doktrinası” qəbul edəndə Çinin nə vaxtsa güclü dövlət olacağı və Cənubi Amerika qitəsinə nüfuz edəcəyi kimsənin ağlına gəlməzdi. Vaşinqton üçün problem ondadır ki, Cənubi Amerikanın bir sıra ölkəsi Çinlə tərəfdaşlığa can atır. Misal üçün Cənubi Amerikanın əsas ölkələrindən biri Braziliya Çinlə birgə BRİCS (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikası) təşkilatının üzvüdür.

Bu arada, Rusiya və Çindəki ekspertlər iki ölkənin oxşar “Monro doktrinası”nın hazırlanması təklifini irəli sürüblər. Moskva və Pekində irəli sürülən “doktrinaya” görə ABŞ-ın Avrasiya bölgəsindəki fəallığının azaldılmasına çalışılmalıdır. Bu “doktrinaya” görə ABŞ Avrasiya ölkələrinin bir çoxunda hərbi bazalarını qapatmalıdır. Aydındır ki, bu “doktrinanın” reallaşması ehtimalı azdır. ABŞ Avrasiya bölgəsini tərk etməyəcək.

"Atlas" Research Center

Adaya iki seçim verilib

Tayvan adasında yanvarın 13-də prezident və parlament seçkiləri keçiriləcək. Beynəlxalq aləm bu seçkiləri diqqətlə izləyəcək. Çünki seçkinin nəticələri bölgədəki durumun hansı istiqamətdə inkişafını müəyyənləşdirəcək.

Pekin Tayvandakı seçkilərin nəticələrinə təsir etməyə çalışır. Çindən yayımlanan bəyanatlarda və açıqlamalarda Tayvan seçicilərinin doğru qərar verməsi istənilir. Pekin Tayvanda yaşayan çinliləri inandırmağa çalışır ki, Tayvanın müstəqilliyini dəstəkləyən qüvvələr seçkidə qələbə qazanarsa bu, bölgədə müharibə risqini artıracaq və bundan Tayvan sakinləri əziyyət çəkəcəklər. Pekin Tayvanın iqtisadi imkanlarını məhdudlaşdıracağına və ada ilə bütün iqtisadi əlaqələrini kəsəcəyinə işarə edib.

Buna baxmayaraq, adanın müstəqilliyini dəstəkləyən Demokratik Proqressiv Partiyası və bu partiyanın prezidentliyə namizədi Uliyam Lay sorğularda liderliyini qoruyur. Müxalif mövqeyindəki “Qomindan” Partiyasının lideri Hou Yui rəqibi ilə arasındakı fərqi azaltmağa çalışır. “Qomindan” Pekinlə dialoqun tərəfdarıdır. Bu mənada Pekin seçkidə məhz bu partiyanın qələbəsini arzulayır. Yaponiyanın “Nikkei” qəzetində yayımlanan məqalədə yazılıb ki, Çinlə iqtisadi əlaqələri olan Tayvan şirkətlərinin işçilərinə “Qomindan” partiyasının namizədlərinə səs vermək məsləhət bilib. Demokratik Proqressiv Partiyasının üzvləri Çini adanın daxili işlərinə qarışmaqda ittiham edirlər.

ABŞ Demokratik Proqressiv Partiyasını dəstəkləyir. Çünki bu partiya Vaşinqtonla strateji müttəfiqliyin tərəfdarıdır. Partiya liderinin ada administrasiyasına rəhbər olduğu 8 ildə Tayvanla Pekin arasında dialoq dondurulub. ABŞ Nümayəndələr Palatasının keçmiş sədri Nensi Pelosinin adaya səfərini də məhz Demokratik Proqressiv Partiyasının lideri təşkil etmişdi. 2022-ci ilin avqustunda gerçəkləşən  səfər Vaşinqtonla Pekin arasında onsuz da gərgin olan münasibətləri daha da gərginləşdirdi. Halbuki, Ağ Ev adminisrasiyası da Pelosinin səfəri əleyhinə idi.

Pekin Tayvan sakinlərinə iki seçim verib: Ada sakinləri Demokratik Proqressiv Partiyası səs versələr, müharibə ilə üzləşəcək, “Qomindana” səs versələr isə sülhə, dialoqa və Çinlə birləşməyə üstünlük verəcəklər. Çinin hazırki lideri Tsi Cinpin də Tayvan sakinlərini tez-tez xəbərdar edir. Cinpin ötən il Çin Kommunist Partiyasının qurultayında açıq dedi ki, Pekinin danışıqlar yolu ilə Tayvanı Çinlə birləşdirməsi alınmasa, başqa üsullardan istifadə ediləcək, yəni ada Çinə güc yolu ilə birləşdiriləcək. Cinpin bu yanaşmasını ötən ilin dekabrın 26-da Çinin qurucu lideri Mao Tsedunun anadan olmasının 130 illiyində də təkrarlayıb: “Vətən birləşməlidir və bu bütün hallarda baş verəcək”.

"Atlas" Research Center

Azərbaycan neftinə tələbat artıb

Rusiya 2024-cü ildə də Ukraynaya qarşı işğalçı müharibəni davam etdirəcək. Bunu Rusiya prezidenti Vladimir Putinin və digər rusiyalı rəsmilərin açıqlamalarından müəyyənləşdirmək olar. Müharibənin səngiyəcəyinə və tərəflər arasında danışıqların başlayacağına dair heç bir əlamət yoxdur.

Rusiya müharibə şəraitində əsas ixrac məhsulu olan neft və qazının davamlı satışı üçün bazarlar uğrunda mübarizəni davam etdirəcək. Rusiya Avropa bazarını itirdikdən sonra enerji resurslarını əsas iki istiqamətə – Çin və Hindistana yönəldib. Ancaq bu iki bazar Rusiya üçün böyük Avropa bazarını tam əvəz edə bilmir. Nəticədə Rusiyanın 2023-cü ildə qaz satışı əvvəlki illərlə müqayisədə xeyli azalıb. Bu Rusiyanın gəlirlərinin azalmasına gətirib çıxarıb. Çin Rusiya qazını almaqda davam etsə də, Pekin mavi yanacağı Mərkəzi Asiya ölkələrindən də almaqda davam edir. Çin qazın alışında Rusiyadan asılı olmaq istəmir.

“Financial Times” dərgisində yayımlanan məqalədə Çinin Rusiya neftini rekord həcmdə aldığı yazılıb. Bu Çinə imkan verir ki, başqa ölkələrdən aldığı neftin qiymətini ucuzlaşdırsın. Ukrayna müharibəsinə qədər Çin neftin əsas həcmini Səudiyyə Ərəbistanından alırdı. Ancaq iqtisadi ekspertlər bu gedişatın müvəqqəti olduğunu qənaətindədirlər. Ekspertlərin fikrincə, Çinin Səudiyyə Ərəbistanından neft alışını azaltması müvəqqəti xarakter daşıyır.

Bu arada, “Reuters” agentliyinin yaydığı məlumata görə, Hindistan Rusiyadan aldığı neftin həcmini azaldıb. Hindistanın neft naziri bildirib ki, ölkəsinin Rusiyadan neft alışını azaltması qeyri-münasib qiymətlərlə bağlıdır. Nazir bildirib ki, Dehli Hindistanın neftayırma zavodlarının qərarlarına qarışmır. Nazirin sözlərinə görə, neftayırma zavodları hansı ölkədən neft almaq məsələsini müstəqil həll edirlər, hökumətin onlardan yeganə tələbi ölkədə yanacağın münasib qiymətlərlə satılmasını təmin etməkdir.

Hindistan Rusiyadan gündəlik 1.5 milyon barel neft alır. Hindli nazirin sözlərindən belə çıxır ki, əgər Rusiya qiymətdə endirim etməsə Hindistan başqa ölkələrdən daha çox neft almağa başlayacaq. “Bloomberg” agentliyi ötən ilin dekabrında belə bir xəbər yaymışdı ki, Rusiyanın neft daşıyan 6 tankeri Hindistan limanlarında qəbul olunmamışdı. Bu Rusiya üçün yeni çətinliklər yaradır.

Hindistan Rusiyadan neft alışını azaldarsa başqa ölkələrlə yanaşı Azərbaycandan da  neftin alışını artıra bilər. Hindistan 10 ay ərzində Azərbaycandan 500 milyon dollar dəyərində neft alıb. Bu göstəriciyə görə, Hindistan Azərbaycanın neft alıcıları sırasında üçüncü sırada qərar tutub. Azərbaycan neftinin əsas alıcısı İtaliyadır, ikinci sırada isə İsraildir.

"Atlas" Research Center

Birləşmə necə gerçəkləşəcək?

Çinin Tayvanla birləşməsi qaçılmazdır. “Reuters” agenrtliyinin yaydığı məlumata görə, bu barədə Çinin lideri Tsi Cinpin Yeni il təbrikində deyib. Vətənin birləşməsinin tarixi zərurət oluğunu bildirən Cinpin Tayvan boğazının hər iki tərəfindəki həmvətənlərin birlşməsindən başqa alternativinin olmadığını vurğulayıb.

Göründüyü kimi, Tayvan mövzusu 2024-cü ildə də aktuallığını qoruyacaq. Pekin Tayvanı Çinə birləşdirmək siyasətini gücləndirəcək. Tsi Cinpin hakim Kommunist Partiyasının son qurultayında deyib ki, Tayvanı danışıqlar yolu ilə Çinə birləşdirməyə çalışacaq: “Ancaq əgər danışıqlar nəticə verməsə, başqa üsullardan da istifadə edilə bilər”. Tayvanın güc yolu ilə Çinə birləşdirilməsi bölgədə hərbi toqquşmaya səbəb olacaq və ABŞ müdaxilə etməyə məcbur qalacaq.

ABŞ-ın məhşur “NBC News” televiziya kanalı belə xəbər yayıb ki, Tsi Cinpin bir müddət əvvəl ABŞ prezidenti Co Baydenlə San-Fransiskoda son görüşü zamanı Ağ Ev sahibinə Tayvanı Çinə birləşdirmək planları barədə danışıb. Tsi Cinpin Baydeni inandırmağa çalışıb ki, Pekin müharibə istəmir, ancaq Pekin Tayvanı Çinə birləşdirmək siyasətindən də imtina edən deyil. Bununla Cinpin Baydenə bu məsələdə qətiyyətini nümayiş etdirməyə çalışıb. Yayılan xəbər görə, Cinpin Tayvanı Çinə birləşdirəcək tarixi də göstərib. Bu ya 2025, ya da 2027-ci ildə baş verəcək.

Cinpin Baydeni inandırmağa çalışıb ki, ABŞ Tayvanı müstəqil dövlət kimi tanımaqdan imtina etsin. Bayden Cinpinin bu təklifini qəbul etməyib. İki liderin söhbətində Tayvanda 2024-cü ildə prezident seçkiləri də müzakirə edilib. Cinpin bir qisim namizədin açıqlamalarından narahat olduğunu Baydenə bildirib. Ağ Ev sahibi isə Tayvan seçicilərinin qərarına hörmətlə yanaşılması vacibliyini bildirib.

Cinpin anlayır ki, Vaşinqton Tayvanın Çinə birləşdirilməsinə mane olacaq. Ona görə də Cinpin Çin silahlı qüvvələrinin modernləşdirilməsinin sürətləndirilməsinə qərar verib. Vaşinqton Pekinin planlarından narahatdır. “Reuters” agentliyinin məlumatına görə, ABŞ Tayvana əlavə olaraq 300 milyon dollar ayırıb. Bu maliyyə Tayvanın müdfiə sistemlərinin gücləndirilməsinə xərclənəcək.

ABŞ “vahid Çin” konsepsiyasının əvvəlki kimi dəstəkləsə də, Tayvanın zorla Çinə biləşdirilməsinin əleyhinədir. ABŞ Konqresi Nümayəndələr Palatasının keçmiş spikeri Nensi Pelosinin 2022-ci ildə Tayvana səfəri bölgədə vəziyyəti daha da gərginləşdirmişdi. Bu gərginlik azalmayıb.

"Atlas" Research Center

About us

"Atlas" Research Center was founded in Baku in 2003 by a group of political experts. The head of the center is political analyst Elkhan Sahinoglu.

Counter

Login
Today
Umumi 263326
en_USEN