Month: March 2024

Dehli Sülh Forumunda iştirak edəcəkmi?

Ukraynanın xarici işlər naziri Dmitri Kulebanın Hindistana iki günlük səfəri başa çatıb. O Dehliyə hindli həmkarı Subrahmanyam Jaishankarın dəvətiylə səfər edib. Bu Dmitri Kulebanın xarici işlər naziri vəzifəsində Hindistana ilk səfəridir. Dəyişən Ukrayna xarici işlər nazirləri 7 il ərzində Hindistana səfər etməyiblər. Hazırki səfərin məqsədi Hindistan-Ukrayna münasibətlərini gücləndirməkdir. Təsadüfi deyil ki, Kuleba Ukraynanın Hindistanı güclü beynəlxalq səsi olan mühüm qlobal güc adlandırıb. Hindistanın son illərdə ABŞ və Avropa ölkələri ilə artan əməkdaşlığı Kiyevin diqqətini çəkib. Kiyev Hindistanın hərbi texnikasına da maraq göstərir.  

Kuleba səfərdən əvvəl verdiyi açıqlamada Kiyevin iki ölkə arasında münasibətlərə  önəm verdiyini söyləmişdi. “Ukrayna-Hindistan əməkdaşlığı Kiyev üçün vacibdir” deyən Kuleba əlaqələri canlandırmağa çalışacağını vurğulayıb. Kuleba bu zaman Ukrayna prezidenti Volodimir Zelenski ilə Hindistanın baş naziri Narendra Modi arasında dialoqa əsaslanıb. Narenda Modi qısa müddətdə telefonla həm Ukrayna prezidenti Volodimir Zelenski, həm də Rusiya prezidenti Vladimir Putinlə telefonla danışıb. Bu Dehlinin tərəflərdən bərabər məsafədə qalmasına işarədir.

“Financial Times” dərgisinin yazdığına görə, Kuleba Dehlidəki görüşləri zamanı Hindistanı Ukraynanın mövqeyini dəstək verməyə çağırıb. Kulebanın fikrincə, Rusiya-Hindistan münasibətləri keçmiş SSRİ dövrünün ənənəsinə dayanıb və bunu dəyişmək lazımdır. Kuleba Dehlini Moskva ilə Pekin arasında artan əməkdaşlığa diqqət etməsi gərəkliyini bildirib. Bu zaman Kuleba Hindistanla Çin arasında sərhəddə tez-tez baş verən insidentlərə istinad edib. Kuleba Ukraynanın Hindistana kənd təssərrüfatı məhsulları ixrac etməyə hazır olduğunu bildirib. Bundan başqa Kuleba Ukraynadakı infrastrukturun bərpası üçün Hindistanın yatırımlarına ehtiyac olduğunu da bildirib.

Hindistan Rusiya-Ukrayna müharibəsində balanslı mövqeyini qorumağa çalışacaq. Doğrudur, baş nazir Narendra Modinin baş nazir olduğu dövrdə Dehli Vaşinqton və Brüssellə əməkdaşlığı inkişaf etdirib. Digər tərəfdən Dehli Qərb ölkələrinin Rusiyaya qarşı sanksiyalarını nəzərə almağa başlayıb. Misal üçün Hindistanın şirkətləri son aylarda Rusiyadan neft alışını azaldıblar. Bundan başqa Dehli Rusiyanın Çinlə strateji tərəfdaşlığı gücləndirməsindən də narahatdır. Buna baxmayaraq, Dehli Moskva ilə münasibətləri gərginləşdirmək də istəmir. Misal üçün Dehli müharibəyə görə Rusiyanın tənqid etməkdən çəkinir. Dehli müharibəyə son qoymaq üçün diplomatiya və dialoqun vacibliyi fikrindədir. Hindistan rəsmiləri eyni zamanda sülh səylərinə töhfə verməyə hazır olduğunu bildiriblər.

“Bloomberg” и “Reuters” agentliklərinin məlumatlarına görə, Kuleba Dehlini Sülh Forumunda iştiraka dəvət edib. Ukrayna ilə bağlı Forum yayda İsveçrədə keçiriləcək. Kiyev daha çox dövlətin bu Foruma qatılmasına çalışır. Dehli bu Forumda iştirakla bağlı qərar verməyib. Çin həmin Forumda iştirak etməyəcəyini əvvəlcədən bildirib. Pekin Rusiyanın iştirak etmədiyi Forumun keçirilməsinin əleyhinədir. Dehli Kiyevə oxşar irad bildirməsə də, Forumda iştirakın Rusiya ilə münasibətlərə mənfi təsir edəcəyindən ehtiyat edir. Buna baxmayaraq, Dehli Ukraynaya humrnitar yardım göndərməkdə davam edəcək.

"Atlas" Research Center

Washington is forming a new alliance

ABŞ prezidenti Cozef Baydenin təklifi ilə aprelin 11-də Vaşinqtonda Yaponiya baş naziri Fumio Kişida və Filippin prezidenti Ferdinand Markosla üçtərəfli görüş keçiriləcək. Bu görüşdə üçtərəfli iqtisadi əməkdaşlığın inkişafı yolları, yeni texnologiyalar və təhlükəsizlik mövzuları müzakirə ediləcək. Əslində Vaşinqton yeni üçlü ittifaqı Çinə qarşı formalaşdırmağa çalışır. Hər 3 ölkənin Çinin siyasəti ilə bağlı narahatlığı var.

Aprel ayında Vaşinqtona yalnız Yaponiya baş naziri Fumio Kişidanın səfəri nəzərdə tutulmuşdu. Ancaq daha sonra Ağ Ev Filippinin prezidentini də eyni gündə Vaşinqtonda görmək istədi. Tokio buna etiraz etmədi, əksinə üçlü müzakirənin ümumi işin xeyrinə olacağını qəbul etdi. 

Üçlü ittifaqın Çinə qarşı olacağı rəsmi şəkildə elan edilməyib. Ancaq Vaşinqton son illərdə Çin ətrafında müxtəlif ittifaqlar formalaşdırıb, siyasi ekspertlər ABŞ-Yaponiya-Filippin üçlüyünün də bunlardan biri olacağı qənaətindədirlər. Dövlət katibi Entoni Blinken martın 19-da Filippinə səfəri zamanı əsas müzakirəni Çinin siyasəti ətrafında aparıb.

Filippinlə Çin arasında gərginlik hərbi gəmilərin dənizlərdə bir-birinə yaxınlaşmasıyla əlaqəlidir. Filippin hərbçiləri ötən il Çini Cənubi Çin dənizində “təhlükəsiz olmayan hərəkətlərə” son qoymağa çağırmışdılar. Çin hərbi gəmisi Filippin hərbi gəmisini sıxışdırıb yolunu dəyişdirməyə məcbur etmişdi. Çin bütövlükdə Cənubi Çin dənizinə nəzarət etmək istəyir. Çünki dənizin bu hissəsində hər il 3 trilyon dollardan çox dövriyyənin olduğu gəmilər yük daşıyırlar. Filippin Çinin dənizin tamamına iddiasını qəbul etmir.

Filippin prezidenti Ferdinand Markos ölkəsində ABŞ-a məxsus hərbi bazaların yerləşməsinə şərait yaradıb. Bu, iki ölkə arasında hərbi ittifaqı gücləndirib. ABŞ Filippinə yatırımlarını artırıb, bu ölkədə texnoloji sənaye müəssisələrinin açılmasına dəstək verib. Filippin prezidenti Ferdinand Markos ötən il Vaşinqtona səfər edib. Apreldəki səfər zamanı hərbi əməkdaşlığın inkişafına təkan verməlidir. Tokio da Cənubi Çin dənizindəki durumdan narahatdır. Yaponiya baş naziri hesab edir ki, bu gün Ukraynada baş verənlər yaxın müddətdə Şərqi Asiyada da baş verə bilər.

"Atlas" Research Center

ABŞ çip uğrunda mübarizəyə qoşulur

Amerika Birləşmiş Ştatları bir sıra ölkə kimi çip istehsalına əhəmiyyət verməyə başlayıb. Bu məqsədlə ABŞ prezdenti Cozef Bayden Intel-i ölkə boyu kompyuter çipi zavodları üçün 8.5 milyard dollar birbaşa maliyyə və 11 milyard dollar kreditlə təmin edən razılığı alışlayıb. Ağ Ev sahibi bu sərmayəni Amerikanın gələcəyi üçün vacib adlandırıb.

ABŞ-ın hədəfi 2030-cu ilə qədər çip istehsalındakı qlobal payını sıfırdan 20 faizə yüksəltməkdir. ABŞ hazırda çipləri müxtəlif ölkələrdən idxal edir ki, bu da Amerika üçün böyük qüsur sayılır. Çip istehsalına malik olmaması Amerika üçün təhlükəsizlik riski kimi dəyənləndirilir. Dünya çip istehsalında lider ölkələrdən biri Çindir. Vaşinqton isə Çinin əsas təhlükəsizlik təhdidi kimi qiymətləndirir və bu ölkənin çip ixracına mane olmağa çalışır.

Bu arada, Bayden administrasiyası telekommunikasiya nəhəngi olan “Huawei Technologies Co” şirkəti ilə əlaqəli bir sıra Çin yarımkeçirici şirkəti qara siyahıya salmağı düşünür. Vaşinqton bununla Pekinin süni intellekt və yarımkeçirici ambisiyalarını məhdudlaşdırmaq istəyir. “Bloomberg” agentliyinin xəbərinə görə, Vaşinqtonun qara siyahıya salacaq şirkətlər arasında “Qingdao Si’En”, “SwaySure”, “Shenzhen Pensun Technology Co” var.

Vaşinqton Çinin çip istehsalçılarına qarşı sanksiyaların tətbiqini də planlaşdırır. Çünki Vaşinqtonda hesab edirlər ki, Çinin yarımkeçiricilər istehsalı ilə məşğul olan şirkətlər “Huawei”in məhdud avadanlıq əldə etməsinə kömək etmək üçün proksi kimi çıxış edirlər.

ABŞ hökuməti Hollandiya, Almaniya, Cənubi Koreya və Yaponiya da daxil olmaqla müttəfiqlərinə Çinin yarımkeçirici texnologiyasına girişinə məhdudiyyətləri daha da sərtləşdirmək məqsədilə təzyiqləri artırıb. “Huawei” bu kampaniyanın, eləcə də Pekinin Qərb texnologiyasından asılılığını azaltmaq səylərinin mərkəzində dayanan şirkətlərdən biridir. Beləliklə, beynəlxalq aləmdə çip istehsalı və bazarı uğrunda mübarizə getdikcə sərtləşir.

"Atlas" Research Center

Azərbaycan nəqliyyat dəhlizinə görə bu hərbi ittifaqa qoşulmayacaq

Rusiya, İran və Çinin Oman körfəzində keçirdiyi birgə hərbi təlimlər 3 ölkə arasında hərbi əməkdaşlığın güclənməsinə işarədir. İran dəniz qüvvələrinin admirallarından biri açıqlama verərək, Hind okeanının şimalında yeni alyansın formalaşdığını bildirib.

3 ölkənin hərbi dəniz qüvvələri arasında birgə hərbi təlimlər 2018-ci ildən keçirilir. Bu hərbi təlimlər Kreml üçün Ukrayna müharibəsi fonunda daha böyük əhəmiyyət kəsb etməyə başlayıb. Bununla Kreml Qərbə mesaj göndərir ki, onun bölgədə hərbi müttəfiqləri də var.

Çinin birgə hərbi təlimlərdə raketlərlə təhciz olunmuş 6 gəmisi iştirak edib. Bu təlimlərdə Çinin Afrikanın Cibuti dövlətindəki hərbi bazasındakı gəmilər də iştirak edib. Hərbi gəmilər dəniz quldurlarına qarşı birgə mübarizəni və girovların azad edilməsini məşq ediblər. Bundan başqa təlimlərdə İran və Çinin xüsusi təyinatlıları da iştirak edib. Pekin Moskvadan fərqli olaraq birgə hərbi təlimlərin Qərbə qarşı yönəlmədiyini göstərmək istəyib. Çinli rəsmilər birgə hərbi təlimləri sadəcə dənizlərdə təhlükəsizlik tədbirləri kimi dəyənləndirməyə çalışıblar. Ancaq buna inanan azdır. Qərb ölkələri Rusiya-İran-Çin birgə təlimlərini bölgədə yeni üçlü ittifaq kimi qiymətləndiriblər. ABŞ və Böyük Britaniya hərbi gəmilərinin Qırmızı dənizdə ticarət gəmilərinə hücum edən husilərə qarşı mübarizəsi davam edərkən,  Rusiya, İran və Çinin hərbi təlimlərini husilərlə mübarizə aparanlara qarşı qiymətləndirənlər var. Misal üçün Çin bugünə qədər husilərin ticarət gəmilərinə hücumunu pisləyən bəyanat yayımlamayıb. Halbuki, “Reuters” agentliyinin məlumatına görə, Çin mallarının Süveyş kanalı üzərindən Avropaya idxalı azalıb.

 “The New York Times” yayımlanan məqalədə Rusiya-İran-Çin strateji yaxınlaşmasının ideya müəllifinin Kreml olduğu iddia edilib. Məqalə müəllifinin fikrincə, Avropa ölkələrinin Rusiyaya qarşı sanksiyaları sərtləşəndən sonra Kreml Asiya bazarlarına çıxış əldə etməyə çalışır. Rusiya həm quru, həm də dəniz yollarıyla Asiya ölkələriylə ticarəti genişləndirmək istəyir. Hərbi təlimlərin əsas məqsədi də məhz budur.

Şimal-cənub nəqliyyat dəhlizinin işə düşməsi Azərbaycanın maraqlarına cavab verir. Rəsmi Bakı Çindən və Hindistandan Avropaya uzanan nəqliyyat dəhlizlərinin Azərbaycandan keçməsinə çalışır. Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin Çinə son səfərinin əsas qayəsini bu təşkil edirdi. Bakının nəqliyyat mövsuzuyla bağlı Dehli ilə də dialoqu mövcuddur. Buna baxmayaraq, rəsmi Bakı Rusiyanın İran və Çinlə formalaşdırmağa çalışdığı regonal hərbi ittifaqda yer almayacaq. Bu Azərbaycanın təhlükəsizlik maraqlarına ziddir.   

"Atlas" Research Center

Pekin üçün 2024 həlledici ildir

Rusiya-Ukrayna və İsrail-Həməs müharibəsi davam edərkən Tayvanla bağlı narahatlıq da azalmayıb. Qərb ölkələrində hesab edirlər ki, Pekin Tayvanı Çinə birləşdirmək üçün plan hazırlayıb. Bu planın reallaşdırılması bölgədə yeni müharibəyə səbəb olacaq.

“Reuters” agentliyinin məlumatına görə, Pekinin Tayvana təzyiqi artıb. Oktyabrın 1-də Çin Xalq Respublikasının quruluşunun 75 illiyi qeyd ediləcək. Bəzi ekspertlərin fikrincə, Pekin həmin tarixə qədər Tayvanla bağlı yekun qərar vermək istəyir. Pekin 2024-ü Tayvan məsələsində həlledici il kimi qəbul edir. Çin Kommunist Partiyasında ikinci şəxs sayılan Van Xunin Tayvanı Çinə birləşdirmək üçün qəti addımlara ehtiyac olacağını bildirib. Van Xunin Çin Kommunist Partiyasında Pekinin Tayvan siyasətinə məsuldur.

Vaşinqton mövcud vəziyyətlə bağlı narahatlığını ABŞ-ın Çindəki səfiri Nikolas Berns vasitəsilə səsləndirib. Berns deyib ki, Tayvan ətrafında gərginlik ikinci Ukraynaya çevrilə bilər. Səfir bildirib ki, Pekin Ukraynakı müharibəni öz məqsədləri üçün istifadə etməyə çalışır. Görünür, amerikalı diplomat onu nəzərdə tutub ki, beynəlxalq aləmin başı Ukraynaya qarışmışkən, Çin Tayvan adasını əlnə keçirməyə çalışacaq. Vaşinqton Pekinin Ukrayna müharibəsinə neytral mövqeyinə də inanmır. Vaşinqtonda hesab edirlər ki, Çin Rusiya hərbi-sənaye kompleksinin güclənidirlməsinə xidmət edən avadanlıqlar göndərir. 

Çin lideri Tsi Cinpin bir müddət əvvəl ABŞ prezidenti Cozef Baydenlə görüşmüşdü. Bu görüşdən sonra iki ölkə arasında gərginliyin azalacağı ehtimal edilirdi. Ancaq Pekin Tayvanla bağlı planlarından imtina etməyib.

Bu arada, Çin Tayvanda tərəfdar qrupları formalaşdırmağa çalışır. Həmin qruplar Tayvanın Çinə birləşdirilməsini dəstəkləyirlər. Həmin qrupların üzvlərini tez-tez Pekinə dəvət edirlər. Pekin çalışır ki, müharibə olmadan da Tayvanın Çinə birləşdirilməsini təmin etsin. Bunun üçün Tayvan əhalisinin bir hissəsi Çinə birləşməni dəstəkləməlidir.

"Atlas" Research Center

Çip istehsalında liderlik hansı ölkəyə keçəcək?

Dünyada çip istehsalının çox hissəsi Çin, Tayvan və Cənubi Koreyada cəmlənsə də, Hindistan yaxın illərdə bu sahədə böyük paya sahib olacaq. Hindistan hökuməti yarımkeçirici çiplərin istehsalında özünü təmin etmək üçün iddialı bir plan həyata keçirməyə başlayıb. Bu strategiyada ən son mərhələ 29 fevral 2024-cü ildə üç yeni yarımkeçirici istehsalı müəssisəsi üçün təkliflərin təsdiqi olub. Bu, vacib komponentləri hazırlamaq üçün yerli sənaye yaratmaq üçün böyük planın tərkib hissəsidir. Hər üç obyektin tikintisinə yaxın aylarda başlanacaq.

Dehlinin məqsədi aydındır. Müasir texnologiyaların hazırlanmasında yarımkeçiricilərin rolu böyükdür və çiplər çox az ölkədə istehsal olunur. Belə ölkələrdən biri də Çindir. Ancaq ABŞ Avropadakı müttəfiqləri ilə Çinə çip istehsalında lazım olan komponentləri satmaqdan imtina ediblər. Bu da Çində çip istehsalını çətinləşdirib. Buna görə də Hindistan yaranan boşluğu doldurmağa qərar verib.

Hindistanda yarımkeçiricilərin istehsalına başlamaq üçün mühüm məqam dövlətin təşviq etdiyi özəl sənayenin bu işə cəlb edilməsidir. Hindistan tədricən bu sahədə liderliyi ələ almaq istəyir. Dehli Hindistanın çip istehsalında böyük imkanlara malik olduğu qənaətindədir. İlk zavod Hindistanın “Tata Electronics” şirkəti tərəfindən Tayvanın “Powerchip Semiconductor Manufacturing” şirkəti ilə birgə Qucarat ştatının Dholera şəhərində tikiləcək. Bu istehsala sərmayə təxminən 11 milyard dollar təşkil edəcək. Zavod avtomobil, məişət elektronikası və müdafiə sənayesində istifadə oluna bilən 28 nanometr ölçülü və daha böyük çiplər istehsal edəcək.

ABŞ da yarımkeçiriclərin istehsalında Hindistanla əməkdaşlıq etməkdə maraqlıdır.  Hindistan hökuməti ABŞ-ın “Micron” şirkətinin Qucarat ştatının Sanand şəhərində yarımkeçirici qurğu tikmək təklifini təsdiq edib. Hindistan hökuməti “Micron” ilə əməkdaşlıq da daxil olmaqla, bir neçə yeni yarımkeçirici istehsal müəssisələri üçün ümumi məbləği 7 milyard ABŞ dolları məbləğində maliyyə stimulları elan edib. Hindistan bu sənaye sahəsini gücləndirmək üçün yerli mühənsidlər komandası formalaşdırıb. Bu məqsədlə 20 illik plan hazırlanıb.

ABŞ-la yanaşı İsrail də Hindistanda çip istehsalına maraq göstərir. İsrailin çip istehsalçısı olan “Tower Semiconductor” şirkəti Hindistanda 8 milyard ABŞ dolları dəyərində zavodunun təsdiqlənməsinin son mərhələsinə yaxınlaşıb. Hindistan hökuməti bu təklifi qarşıdan gələn ümumi seçkilərə qədər təsdiq etməyi hədəfləyib.

Beləliklə, Hindistan çip istehsalında qonşusu və siyasi, o cümlədən iqtisadi rəqibi Çini sıxışdırmağa çalışır. Çin bazarını tərk edən Qərb şirkətləri müəssisələrinin bir hissəsini Hindistana köçürürlər.

"Atlas" Research Center

Amerikanın qadağası domino effekti yaradacaq

ABŞ Nümayəndələr Palatasının ölkə ərazisində “TikTok” qısa video xidmətinin qadağan edilməsini nəzərdə tutan qanunun qəbuluna səs verməsi Vaşinqtonun Pekinlə münasibətlərində əlavə gərginlik mənbəyi yaradıb. “TikTok” Amerika bazarına 2016-cı ildə daxil olub.

ABŞ siyasi sistemində adətən prezidentlə partiyalar və Konqres arasında dərin fikir ayrılıqları olur. Ancaq Çin şirkətinə məxsus video xidmətin Amerikaya təhlükəsizlik problemi yaratdığı məsələsində Vaşinqtondakı siyasi mərkəzlər arasında həmrəylik var. ABŞ prezidenti Cozef Bayden Respublikaçı və Demokrat partiyalarından olan konqresmenlərin “TikTok”u qadağan etmək məsələsindəki mövqelərini dəstəkləyir. Nümayəndələr Palatasının spikeri Mayk Conson kommunist Çini Amerikanın ən böyük geosiyasi düşməni adlandırıb. O bu fikirdədir ki, Pekin “TikTok” texnologiyasından Amerikanın iqtisadiyyatını və təhlükəsizliyini sarsıtmaq üçün istifadə edir. Bu mövqeyi konqresmenlərin əksəriyyəti bölüşür. ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi də eyni mövqedədir. Bu təşkilat hesab edir ki, Çin “TikTok” vasitəsilə Amerika cəmiyyətini bölməyə çalışır. Mərkəzi Kəşfiyyat İdarəsinin analitiklərinin fikrincə, Pekin “TikTok” platforması vasitəsilə Amerika vətəndaşları barədə məlumatlar toplayır və onlardan öz məqsədləri üçün istifadə edir.

“TikTok”a məxsus olan Çinin “ByteDance” şirkəti qanun layihəsinə qarşı mübarizəyə başlayıb. Çünki şirkət anlayır ki, qanun layihəsi qəbul olunub imzalanarsa bu, istifadəçi sayı 170 milyon olan böyük bazarın itirilməsi olacaq. Pekin öz şirkətinə dəstək verərək, ABŞ-ın rəqabət prinsiplərini pozduğunu iddia edib.

Vaşinqton vəziyyətdən çıxış yolu kimi “TikTok” platformasının Çinə məxsus olmayan şirkətə təhvil verilməsində görür. Ancaq bu alınmasa platforma qadağan olunacaq. “The New York Times” qəzetində yayımlanan məqalədə platformanın sahibinin dəyişdirilməsinin problemi həll etməyəcəyi bildirilib. Çünki platformanın alqoritmi dəyişməyəcək. Alqoritmin kodları Pekində hazırlanıb. Bu şəkildə platformanın satılması mühərriki olmayan maşının satılmasına bənzəyir.

Maraqlıdır ki, “TikTok” yaradan şirkət bu platformanı Çinin xaricində yayıb. Bu platforma Çində çalışmır. Belə çıxır ki, Pekin Çində icazə vermədiyi platformanı başqa ölkələrdə yaymağa çalışır. ABŞ-ın ardınca digər dövlətlər də “TikTok” platforması qadağan edə bilərlər.   

"Atlas" Research Center

Avropa Rusiya neftini necə alır?

Avropa İttifaqı ölkələri Ukrayna müharibəsinə görə Rusiyaya qarşı sanksiyalar tətbiq etsələr və bu ölkədən birbaşa neft almasalar da, enerji əməkdaşlığı başqa formada davam edir.

Rusiya öz neftinin əsas hissəsini Çin və Hindistana satır. Avropa ölkələri Rusiyanın neft məhsullarının bir hissəsini Hindistan üzərindən alırdılar. Ancaq ABŞ sanksiyaları və Qırmızı dənizdə gərgin vəziyyət Avropa ölkələrinin Hindistanla enerji əməkdaşlığına mənfi təsir edib. Hindistan Rusiyadan aldığı neftin həcmini azaldıb.

Avropa İttifaqı 2023-cü ildə Hindistan üzərindən Rusiya neftinin idxalını 115 faiz artırmışdı. Rusiya Hindistana gündəlik 1.75 milyon barel xam neft satırdı. Hollandiya, Fransa, Rumıniya, İtaliya və İspaniya həmin nefti Hindistandan alırdılar. Bu Hindistana əlavə gəlir gətirirdi. Hindistan Rusiya neftini ucuz alır və müəyyənləşdirdiyi qiymətə Avropaya satırdı. Bunun hesabına Hindistan Səudiyyə Ərəbistanından sonra Avropanın ikinci neft ixraçatcısına çevrilmişdi.

“Bloomberg” agentliyinin məlumatına görə bu vəziyyət dəyişməkdədir. ABŞ sanksiyalarına görə, Hindistanın neft emalı zavodları Rusiyadan neft alışını azaldıblar. Hindistan hökuməti neft emalı zavodlarının hansı ölkədən neft alması qərarına qarışmırlar. Misal üçün Hindistanın nəhəng “İndian Oil” neftayırma zavodu Rusiya ilə uzunmüddətli sazişlərdən imtina edib. “Bharat Petroleum” və “Hindustan Petroleum” şirkətləri eyni qərarı veriblər. Hindistanın neftayırma zavodları Səudiyyə Ərəbistanı ilə əməkdaşlığa üstünlük verməyə başlayıblar. Hindistan Azərbaycan neftinin də əsas alıcılarındandır. Bundan başqa Hindistanın neftayırma zavodları neft alışında Yaxın Şərq və Qərbi Afrika ölkələrinə üstünlük verirlər. Hindistan iqtisadiyyatı sürətlə inkişaf etdiyindən bu ölkənin özünün də neft və neft məhsullarına ehtiyacı artıb. Bundan sonra Avropa ölkələri Hindistandan ucuz qiymətə neft məhsulları ala bilməyəcəklər. 2024-cü ildən Qırmız dənizdə davam edən gərginlik də Hindistanla Avropa ölkələri arasında enerji əməkdaşlığına mane olur. Hindistan Qırmız dəniz üzərindən Avropaya neft məhsullarının ixracını xeyli azaldıb. Bu vəziyyət Avropa ölkələrində yanacaq qiymətlərinin artımına səbəb ola bilər.

"Atlas" Research Center

Türkmənistan türk ailəsinə qayıdır

Türkmənistan lideri Qurbanqulu Berdiməhəmmədov ölkəsinin Türk Dövlətləri Təşkilatının tamhüquqlü üzvlüyünə qərar verib. O bu haqda Antalya Diplomatiya Forumunda elan edib. Aşqabad doğru qərar verib. Türkmənistan buna qədər təşkilatın toplantılarına müşahidəçi kimi qatılırdı. Aşqabad türk inteqrasiyasından kənarda qalmamağa üstünlük verib.

Aşqabad eyni zamanda Avropa ölkələri ilə də əməkdaşlığı gücləndirmək istəyir. Misal üçün Türkmənistan və ATƏT il ərzində 37 birgə layihənin reallaşmasına qərar veriblər. May ayında Aşqabadda ATƏT Parlament Assambleyasının regional toplantısı keçiriləcək. ATƏT Aşqabadda ofisini 2023-cü ildə açıb. Bu ildən başlayaraq Türkmənistanla ATƏT arasında təmaslar genişlənib.

Türkmənistanla əməkdaşlığa Avropa İttifaqı da maraq göstərir. Brüssel Mərkəzi Asiyanın enerji resurslarının Rusiyadan yan keçməklə Avropaya nəqlinə çalışır. Bu səbəbdən Brüsselin Orta dəhliz layihəsinə marağı artıb. Bu layihənin reallaşmasında Azərbaycan da iştirak edir.

Moskva və Pekin Türkmənistanın Avropa ilə yaxınlaşmasından narahatdırlar. Aşqabad Rusiya və Çindən asılılığını azaltmaq istəyir. Misal üçün Türkmənistanın rəsmi mətbuatında Çin artıq “strateji tərəfdaş” kimi tədim edilmir. Bunun əvəzinə Aşqabadın ABŞ, Avropa, Yaponiya və Cənubi Koreya ilə əməkdaşlığına dair məqalələr yayımlanır. Beləliklə, Aşqabad Çinə alternativ formalaşdırır. Halbuki, Çin son illərdə Mərkəzi Asiyada, o cümlədən Türkmənistanda möhkəmlənməyə çalışır. Mərkəzi Asiya ölkələri bunun təhlükəli olduğunu anlayıblar.

Bu arada, Aşqabad Türkmənistan-Çin qaz boru xəttinin genişləndirilməsi layihəsinin reallaşdırılması yubadır. Aşqabad Türkmənistan qazını fərqli bazarlara yönətlməyə və Çin bazarından asılılığını azaltmağa çalışır. Qurbanqulu Berdiməhəmmədovun Aşqabada gələn Çin nümayəndə heyətini qəbul etmək istəmədiyi də diqqəti çəkib. 

Türkmənistan üçün alternativ istiqamətlərdən biri də türk dövlətləri ilə inteqrasiyanı gücləndirməkdir. Türkmənistanın Türk Dövlətləri Təşkilatına qaydışı bu ölkənin Azərbaycanla da əməkdaşlığının gücləndirilməsinə səbəb olacaq. İki ölkə arasında birgə iqtisadi və enerji layihələrin reallaşdırılması türk dövlətləri arasında inteqrasiyanı gücləndirəcək. Türkmənistan Azərbaycan üzərindən Avropa bazarlarına çıxış imkanı əldə edəcək. Türkiyə də bunu istəyir. Türkmənistan qazının Türkiyəyə nəqli ya İran, ya da Azərbaycan üzərindən mümkündür. İkincinin reallaşması üçün Xəzərin dibi ilə boru xətti tikilməlidir. Ankara 2 milyard kubmetr türkmən qazının idxalını təşkil etməyə hazırdır.

"Atlas" Research Center

Yarımkeçiricilər uğrunda mübarizə şiddətlənib

«Associated Press» agentliyinin məlumatına görə, ABŞ Yaponiya və Hollandiya ilə razılaşma əldə edərək bu iki ölkə ilə birlikdə Çinin yarımkeçiricilərlə bağlı ixracat məhdudiyyətlərini genişləndirməyə çalışacaq. ABŞ, Yaponiya və Hollandiyanın birgə məqsədi Çinə çiplərin istehsalına şərait yaradacaq avadanlıq və məhsulların satışını məhdudlaşdırmaqdır.

ABŞ 2022-ci ilin oktyabrından başlayaraq Çinin süni intellekt və özünü idarə edən avtomobillər, eləcə də yüksək texnologiyalı silahlar kimi texnologiyalar üçün əsas hesab edilən yarımkeçiricilərə çıxışını məhdudlaşdırmaq üçün geniş ixrac məhdudiyyətləri tətbiq edib. Yaponiya və Hollandiya Vaşinqtonun göstərişi ilə eyni addımı atmağa qərar veriblər. Buna baxmayaraq, qadağalara daxil olmayan məhsulların, əsasən orta səviyyəli və yüksək səviyyəli çip istehsalı avadanlıqlarının Çinə daşınması kəskin şəkildə artıb. Bu, Vaşinqtonu təşvişə salaraq, Amerika bu sahədə əsas oyunçu olan iki ölkənin daha sərt tədbirlər görməsini tələb edib.

Mövcud məhdudiyyətlər 10-14 nanometr və ya daha kiçik diapazonda yarımkeçiricilərin ixracının qarşısını almalıdır. Yaponiyanın şirkətləri bu sahədə aparıcı mövqelərə malikdirlər. Ona görə də Vaşinqtonun Tokiodan tələbi budur ki, Yaponiya şirkətləri çip istehsal edən kimyəvi maddələrin Çinə satışına imkan verməsinlər. Bundan sonra Yaponiya şirkətləri ultrabənövşəyi litoqrafiya üçün fotorezisti ixrac etmək üçün hökumətin icazəsini almalıdırlar. Yarımkeçirici istehsalçıları arasında Hollandiyanın ASML şirkəti də var. Vaşinqton Hollandiya hökumətinin də Çinə çipqayırma avadanlığının satılmasını və onlara xidmət göstərilməsini dayandırması istəyib. “Bloomberg” agentliyinin məlumatına görə, ABŞ Almaniya və Cənubi Koreyanın da Çinə çip istehsalına imkan verən komponentlərin tədarükünü dayandırmağa çağırıb.

Çinin çip istehsalını artırmağa çalışması qonşu Hindistanı da narahat edir. Çünki Vaşinqton kimi Dehli də hesab edir ki, Çin çiplərdən hərbi gücünü artırmaq üçün istifadə edir. Ona görə də ABŞ-ın Yaponiya və Hollandiya ilə birgə Çinə çip istehsalına şərait yaradan məhsulların satışını qadağan etməsi Hindistanın da maraqlarına cavab verir.

Bu arada, Hindistanın xarici işlər naziri Subrahmanyam Caişankarın Yaponiyaya 3 günlük səfəri diqqəti çəkib. Tokiodakı görüşlərdə iki ölkə arasında əməkdaşlığın genişlədirilməsi mövzuları müzakirə olunub. Dehli və Tokio bu əməkdaşlığı “strateji dialoq” kimi qiymətləndirirlər. Hindistanla Yaponiya arasında strateji tərəfdaşlığın məqsədlərindən biri Çinin bölgədə artan hərbi gücünə qarşı ittifaq formalaşdırmaqdır.

"Atlas" Research Center

About us

"Atlas" Research Center was founded in Baku in 2003 by a group of political experts. The head of the center is political analyst Elkhan Sahinoglu.

Counter

Login
Today
Umumi 125818
en_USEN